az | ru | en
 
  ГЛАВНАЯ   MİLLİ ARXİV
  ARXİV İŞİ   ARXİV ŞƏBƏKƏSİ   BEYNƏLXALQ ƏMƏKDAŞLIQ   QANUNVERİCİLİK   QALEREYA   ƏLAQƏ
  NÜMUNƏVİ SİYAHI
  





MƏKTUB YAZ
QƏBUL GÜNLƏRİ
MENU
Mərkəzi Ekspert-Yoxlama komissiyası
Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi
Nəşrlər
Linklər
E L A N L A R
HAQQIMIZDA

 

 

 

TARİXİMİZİN  BÖYÜK  HİMAYƏDARI 

«Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki,
bu xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, 
tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir». 

 

HEYDƏR  ƏLİYEV 

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında unudulmaz xidmətlərindən biri də onun xalqımızın tarixinə, mədəniyyətinə, böyük övladlıq məhəbbəti idi.O, yaxşı başa düşürdü ki, hər bir xalqın həqiqi tarixi yalnız ilk mənbələr olan arxiv sənədləri əsasında yazıldıqda daha dəyərli, dəqiq mükəmməl və inandırıcı olur. 

Böyük zəka sahibi olan Ümummilli Liderimiz hansı sahəyə müraciət etmişsə orada böyük müvəffəqiyyətlər qazanmışdır. Onun qarşısında fəth edilə bilməyəcəyi bir zirvə, öhdəsindən gələ bilməyəcəyi iş yox idi. Çoxları bunun səbəbini bu dahi şəxsiyyətin nadir fitri istedadında görürlər. Bu həqiqətən də belədir və təkzib olunmaz faktdır. Ancaq Heydər Əliyevin iş üslubuna yaxından bələd olanlar bu dahi şəxsiyyətin həyatda qazandığı bu qədər nəhəng müvəffəqiyyətlərin səbəblərini onun ilahi tərəfindən verilmiş böyük fitri istedadı ilə yanaşı onun əməksevərliyində, özünə qarşı hədsiz tələbkarlığında və daim öz üzərinldə gərgin işləməsində görürlər. 

Hər hansı bir ümumdövlət əhəmiyyətli məsələ hazırlayarkən o, həmin məsələyə aid müxtəlif mənbələrdən mümkün qədər çoxlu sənəd və materiallar toplatdırırdı. Onların üzərində ətraflı iş gedirdi. Əldə olunmuş nəticələri kompüter dəqiqliyi ilə işləyən fikir süzgəcindən keçirir və irəli sürdüyü hər hansı fikrin məntiqi müqabilində müsahibinə alternativ söz deməyə yer qoymurdu. 

Uzun illər bu dahi şəxsiyyətin sənədlərdən istifadə üslubu ilə tanış olan bir şəxs kimi Heydər Əliyevin tarixə, arxiv sənədlərinə münasibəti ilə bağlı bəzi faktlara toxunmaq istərdim. Onların ən mühümlərindən biri də ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi departasiya və soyqırımı tarixinə münasibət məsələsi idi. 

«Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən imzalanmış 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları xalqımıza qarşı sovet hökumətinin qəbul etdiyi ən ədalətsiz qərarlarından biri idi. İ.Stalinin imzaladığı bu qərarlar bir ölkə daxilində yaşayan və konstitusiya qanunu ilə bərabər hüquqlu hesab edilən iki xalqdan birinin xeyrinə başqasına qarşı tətbiq edilmiş deportasiya xalqımıza qarşı əsil repressiya siyasəti idi. 

Tamamilə gizli saxlanılan həmin qərarları biz 1990-cı ildə keçmiş SSRİ-nin mərkəzi arxivlərindən çox çətinliklə də olsa əldə edərək respublikamıza gətirmişdik.Tezliklə bu barədə respublikanın rəhbər partiya və sovet orqanlarına geniş məlumat vermiş, bu barədə qəzetlərdə məqalələr dərc etdirmişdik. Təəssüflər  olsun ki, ermənilərin xalqımıza qarşı yenidən başladığı ərazi iddiası və azərbaycanlıların Ermənistandan kütləvi surətdə qovulduğu bir vaxtda sovet hökumətinin xalqımıza qarşı apardığı bu cür ayrı seçkilik siyasətini əks etdirən  sənədlərə yuxarılarda heç bir reaksiya verilmədi.

Böyük siyasətçi bu cür sənədlərin mahiyyətini dərindən dərk edən Ümummilli Liderimiz 1997-ci ildə bu barədə məlumat əldə etdikdə o, həmin məsələyə çox kəskin reaksiya verdi. 1997-ci il may ayının 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 79-cu ildönümünə həsr olunmuş təntənəli iclasda öz nitqinin əhəmiyyətli bir hissəsini o, bu məsələyə həsr etdi. Sovet hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı edilmiş ədalətsizliklərdən bəhs edən Heydər Əliyev öz çıxışında demişdi: «Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947-1948-ci illərdə Azərbaycan xalqına qarşı sovet hakimiyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəssüflər olsun ki, tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da və indi də xüsusilə, dövlət müstəqilliyimizi əldə edəndən sonra da doğru-düzgün qiymət verə bilməmişik». 

Bu məsələlər barədə geniş təhlil verən Ümummili Liderimiz həmin nitqini belə yekunlaşdırmışdı: «Təəssüflər olsun ki, biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bü ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar». 

Bax bu idi böyük siyasətçi Heydər Əliyevin hadisələrə münasibəti, verdiyi analitik qiymət, onlardan nəticə çıxararaq lazımi tədbirlər görmək yol göstərmək bacarığı. Məhz Ümummilli Liderimizin bu nitqindən sonra respublikamızda məsələyə münasibət kökündən dəyişildi. Elə həmin il dekabr ayının 18-də Heydər Əliyev «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» Azərbaycan Respublikası Prezidentinin fərmanını imzaladı.  

Bu fərmanda həm çar Rusiyası və həm də sovet hakimiyyəti illərində Güney Qafqazda xalqımıza qarşı törədilmiş ədalətsizliyə qarşı siyasi qiymət verilir. Fərmanda oxuyuruq: «Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gercəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir». 

Fərmanda erməni şövinist dairələrinin və M.S.Qorbaçov başda olmaqla keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı törətdikləri cinayətkar siyasətlə yanaşı, o illərdə Azərbaycana rəhbərlik edənlərin öz xalqının taleyinə biganəliyi və zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da kəskin tənqid olunurdu. 

Heydər Əliyev tərəfindən 1998-ci il mart ayının 26-da imzalanmış «Azərbaycanlıların soyqırımı haqqında» fərman da demək olar ki, yuxarıda göstərilən fərmanın davamı olmaqla bərabər orada irəli sürülmüş məsələləri daha dərindən təhlil və ətraflı əks etdirirdi.  

Ümummilli Liderimizin imzaladığı bu fərmanlar öz vətənlərində xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasəti tarixləri ilə bağlı məsələlərin öyrənilməsi və ifşası üçün təhlilə geniş stimul yaratdı və istiqamət verdi. 

Ümummilli Liderimizin həyata keçirdiyi mühüm tədbirlərdən biri də xalqımızın milli oyanışı tarixində cəmi 23 ay fəaliyyət göstərmiş və xalqımızın milli azadlıq tarixində əvəzsiz rolu olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. 1998-ci il yanvar ayının 30-da Heydər Əliyev «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyini keçirmək haqqında» fərman imzaladı. Xalqımız müstəqillik əldə etdikdən sonra Arxiv İdarəsi və Dövlət Arxivlərinin əməkdaşları tərəfindən uzun illər «burjua-mülkədar müsavat rejimi» adı altında gizli saxlanılan və demək olar ki, istifadəsi qadağan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə müxtəlif fəaliyyət sahələrinə aid yaranmış sənədlər məcimuələr şəklində nəşr üçün hazırlanmışdı. Uzun müddət müxtəlif yuxarı təşkilatlara etdiyimiz müraciətlərə baxmayaraq bu sənəd məcmüələrini nəşr etdirə bilmirdik. Fərman elan edildikdən sonra hazırladığımız bu məcmuələr barəsində biz Prezident Aparatı Humanitar Siyasət Şöbəsinə məlumat verdik. Həmin sənəd məcmüələri barədə cənab Prezidentə məlumat çatdırıldıqda və o, bu materialları əyani şəkildə gördükdə həmin məcmuələrin yubiley proqramına daxil edilməsi və nəfis şəkildə nəşri barədə göstəriş verir. Nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünə aid ümumi həcmi 300 müəllif vərəqindən yuxarı olan altı adda və yeddi cilddə ən yüksək poliqrafik keyfiyyətdə sənədlər toplusu nəşr olundu. Bunlar «Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin protokolları və stenoqrafik hesabatları» (iki cild Azərbaycan və bir cild rus dilində), «Azərbaycan Xalq Cümhuriyyətinin Qanunvericilik aktları», «Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti», «Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu» və «Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyskinin həyat və fəaliyyəti»nə aid sənəd və materiallar toplusu idi. 

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənmək üçün tədqiqatçıların sərəncamına verilmiş əvəzsiz mənbə olan bu sənəd məcmuələri ümummilli liderimizin Azərbaycan Xalq Cümhuriyyəti tarixinə və onun xadimlərinə qoyduğu ilk və ən möhtəşəm abidədir. İkinci əyani abidəni isə o,  2003-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibəti ilə verdiyi fərmanla müəyyən etmişdi. 

Ümummilli Liderimiz H.Əliyev ümumxalq və ümumdövlət əhəmiyyətli hər hansı bir tədbirin həyata keçirilməsi ilə bağlı məsələləri çox ciddi və əsaslı şəkildə hazırlatdırırdı. Bunun üçün ilk növbədə onu əsaslandıran sənəd və materiallarla tanış olurdu. Bu işdə arxivlərdən həmin məsələ ilə bağlı sənəd və materialların toplanılmasına xüsusi fikir verirdi. O, arxivlərdən tez-tez belə sənəd və məlumatları tələb edirdi. Bununla kifayətlənməyən cənab Prezident həmin məsələlər barədə ayrıca olaraq arxivdən də arayış və həmin arayışda göstərilən faktları rəsmən təsdiq edən sənəd və materialların surətlərini də istəyirdi. İki faktı xüsusilə qeyd etmək istəyərdim. Onlardan biri Səməd Vurğunun 90 illiyi münasibəti ilə keçirilən təntənəli iclas, ikincisi isə müstəqil Azərbaycanın ilk Konstitusiyasında dil məsələsinə aid maddə ilə bağlı idi. 

Respublika sarayından Səməd Vurğunun 90 illiyi ilə əlaqədar təntənəli iclas televiziya vasitəsi ilə canlı yayımla translyasiya olunurdu. Cənab Prezident də orada iştirak edirdi. Bu vaxt arxivə zəng etdilər ki, təcili olaraq Azərbaycanda xalq şairi fəxri adı nə vaxt və hansı fərmanla təsis olunduğu barədə məlumat tapıb Prezidentin çıxışı üçün bizə bildirin. Məlumdur ki, Azərbaycanda xalq şairi adı ilk dəfə Səməd Vurğuna verilmişdi. Bunu cənab Prezident də gözəl bilirdi. Lakin dəqiqliyi sevən Prezident həmin adın təsis edildiyi vaxtı bir daha dəqiqləşdirirdi. Həmin məlumat tezliklə tapılaraq lazımi şəxslərə çatdırııldı və cənab Prezidentin nitqində bu fakt öz əksini tapdı.  

Başqa bir misal. Ümumxalq müzakirəsi üçün dərc olunmuş müstəqil Azərbaycanın konstitusiya layihəsi geniş müzakirə olunurdu. Bu müzakirələrdə çox mübahisəyə səbəb olan məsələlərdən biri də orada Azərbaycanın dövlət dili məsələsi idi. Konstitusiyada türk, ya azərbaycan dilinin adı təsbit olunsun. Prezidentin göstərişi ilə bizə bildirdilər ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründən SSRİ-nin süqutuna qədər Azərbaycan arxivlərində olan dövlət dilinin adı haqqında qanunvericilikdə təsbit olunmuş hüquqi sənədlər barədə (qanun, fərman, dekret, qərar və s.) təcili arayış hazırlayın və oradakı faktlara aid sənəd və materiallarla ilə birlikdə təqdim edin. Biz sənəd və materialları hazırladıq, vaxt darlığına görə arayışı isə başa çatdıra bilmədik. Nəticədə bitməmiş arayış, seçilmiş sənədlərlə birlikdə Prezidentə təqdim olunmuş və o, təxminən yarım saat ərzində bu materiallarla tanış olmuşdu. Sonra isə göstəriş vermişdi ki, həmin məsələ ilə bağlı Prezident aparatında keçiriləcək müzakirədə Arxiv İdarəsinin rəisi şəxsən məlumat versin. Prezidentin sədrlik etdiyi və çox gərgin mübahisə şəraitində keçən müzakirədə bu barədə məlumat verərkən doğrusu mən öz təəccübümü gizlədə bilmədim. Təxminən yarım saat ərzində bu qədər müxtəlif məzmunlu sənədlərlə ötəri tanış olmuş cənab Prezident oradakı fikir ardıcıllığını necədə dəqiqliklə tuta bilmişdi. Mən haradasa, nəyisə yaddan çıxaran kimi, canab Prezident o dəqiqə müdaxilə edərək mənə istiqamət verirdi. Sonralar qəzetlərdə dərc edilmiş həmin iclasın stenoqrafik hesabatı ilə diqqətlə tanış olarkən bir daha cənab Prezidentin yaddaşına, bu qədər müxtəlif illərə aid müxtəlif sənədlərdən nəticə çıxarmaq bacarığına valeh olmamaq mümkün deyildi. Məhz bu müzakirənin nəticəsi olaraq konstitusiyada Azərbaycan dili dövlət dili statusunu qazandı. 

Ümummilli Liderimizin sənədlərə münasibəti, onlara böyük əhəmiyyət verməsi faktı ilə bir daha 1999-cu ilin iyulunda Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 30 illiyi münasibətilə idman-konsert kompleksində təşkil olunmuş sərgidə rast gəldim. Bu illərdə əldə edilmiş müvəffəqiyyətləri əks etdirmək üçün hər respublika təşkilatına iki stend ayrılmışdı. O cümlədən Arxiv İdarəsinə də. Kompleksdə stendlər həddindən çox idi. Bizi əvvəlcədən xəbərdar etmişdilər ki, öz stendləriniz barədə Prezidentə yarım, ən çoxu isə bir dəqiqə müddətində qısa məlumat verərsiniz. Əksər stendlər qarşısından ötəri keçən cənab Prezident Arxiv İdarəsinin stendi qarşısında 6-7 dəqiqə dayandı. Burada göstərilən sənədlərlə maraqlandı. Stenddəki materiallar arasında başqa sənədlərlə yanaşı 1983-cü ildə Moskvada siyasi büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə işləyərkən SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin yeni rəisinin təyini zamanı onu kollektivə təqdimi edərkən H.Əliyevin çıxışının mətnini də qoymuşduq. Bu onun diqqətindən yayınmadı. Həmin çıxışı görən kimi orada baş verənləri yada saldı. SSRİ-nin arxiv orqanları üçün qısa bir vaxtda xeyli köməklik göstərdiyini qeyd etdi. Bu məsələ ilə bağlı onu da deyim ki, həmin təqdimatdan sonra Azərbaycandan Moskvaya Baş Arxiv İdarəsinə yolu düşən hər bir şəxsdən oranın əməkdaşları ilk olaraq Heydər Əliyevin arxiv işçisi olub-olmamasını soruşurdular. Danışıqlarından belə hiss olunurdu ki, onlar əyalətdən gəlmiş Heydər Əliyevdən də o dövrün siyasi və dövlət rəhbərlərinə xas olan çıxış gözləyirmişlər. Yəni o, ya yazılmış hazır mətni üzündən oxuyacaq, yaxud da partiya boslarına məxsus partiya adından pafosla ümumi göstərişlər verəcəkdir. Heydər Əliyev isə bunların əksinə olaraq heç bir hazır mətndən istifadə etməyərək yığıncaqdakıların dili ilə desək «ölkədə arxiv işindəki nöqsanları da göstərməklə İttifaq arxiv orqanları rəhbərlərinə ağıllı-başlı dərs keçmişdi».

Ümummilli Liderimizlə təxminən iki saat davam edən son görüşüm 2002-ci il dekabr ayının 2-də «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» fərman imzalandığı gün olub. İki saat ərzində bu böyük şəxsiyyətin tövsiyyələrini dinləmək, xalqımızın tarixinə, arxivlərinə və arxiv işinə münasibətini öz dilindən eşitmək həyatımın ən yadda qalan dəqiqələri idi. Bu görüş və orada onun imzaladığı fərmanın xalqımızın mənəvi sərvəti olan arxivlərə ümummilli liderimizin son töhfəsi və tövsiyyələri olduğunu o vaxt heç ağlıma da gətirə bilməzdim. 

Yenidən öz müstəqilliyimizi əldə etdikdən sonra Respublikamızda başqa sahələrdə olduğu kimi arxiv işi sahəsində də müstəqil dövlətə məxsus yeni qanunvericilik və normativ aktlar yaranmalı idi. Milli Məclis tərəfindən qəbul olunmuş və ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1999-cu il iyun ayının 22-də imzalanmış «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanunu bu işlərin həyata keçirilməsi üçün əsas dövlət sənədidir. Onu da qeyd etmək lazımdır ki, keçmiş SSRİ məkanında arxiv işinə aid heç vaxt qanun qəbul edilməmişdir. Arxiv işi sahəsində normativ aktlar yalnız SSRİ Nazirlər Soveti tərəfindən təsdiq olunmuş «SSRİ Dövlət arxiv fondu haqqında Əsasnamə» ilə tənzimlənirdi.  

Respublikamızda  arxiv quruculuğunun gələcək istiqamətlərini, yəni arxivlərimizin fəaliyyət strategiyasını müəyyənləşdirən beş fəsil və 23 maddədən ibarət olan bu Qanun Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin ümumi fəaliyyəti ilə bağlı bütün münasibətləri tənzimləyir. 

1999-cu il iyul ayının 27-də «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmanda Qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Respublika Nazirlər Kabineti və digər İcra hakimiyyəti strukturları qarşısında konkret vəzifələr qoyulmuşdur. 

Bu qanuna əsasən Milli arxiv fondunun dövlətə məxsus hissəsi dövlət mülkiyyətinin obyekti kimi mühafizə olunur. Yəni dövlət mülkiyyətində olan sənədlər alqı-satqı, yaxud mülkiyyət formasının dəyişdirilməsini nəzərdə tutan müqavilələrin obyekti ola bilməz və yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydalarla istifadə oluna bilər. 

Göstərilən qanunla müəyyənləşdirilmişdir ki, dövlət mülkiyyətində olan arxiv fondlarının sənədləri, dövlət arxivlərinin, onların filialları, rayon və şəhər dövlət arxivlərinin binaları, onların yerləşdiyi torpaq sahələri və avadanlıqlar özəlləşdirilə bilməz.             

«Milli arxiv fondu haqqında» Qanuna əsasən mülkiyyət formasından və mühafizə olunduğu yerdən asılı olmayaraq Milli arxiv fonduna daxil olan sənədlər Milli Arxiv İdarəsi tərəfindən dövlət qeydiyyatına götürülür. 

Dövlət müstəqilliyimizin nəticəsi kimi qəbul olunmuş «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanunu ölkənin dövlət arxivlərində qiymətli tarixi sənədlərin intensiv şəkildə toplanılması, onlardan siyasi, iqtisadi, elmi, mədəni və digər məqsədlər üçün istifadə işinin təşkilinə geniş imkanlar yaradır. 

Bütün sahələrdə olduğu kimi müstəqillik əldə etdikdən sonra arxiv quruculuğu sahəsində də işlər asanlıqla başa gəlməmişdir. Sovetlər birliyinin süqutu və iqtisadi əlaqələrin kəsilməsi başqa sovet respublikalarında olduğu kimi Azərbaycanda da iqtisadiyyatın dağılmasına səbəb olmuşdu. Səriştəsiz adamların ölkədə rəhbərliyə gəlməsi nəticəsində yaranmış hərc-mərclik və Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüz nəticəsində yaranan çətinliklər onsuzda sovet hakimiyyəti illərində o qədər də fikir verilməyən arxivlərdən də yan keçmədi. Dövlət arxivləri üçün tikintisinə başlanılmış binanın tikintisinin uzun illər yubadılması və başa çatdırılmaması, habelə əlavə binaların ayrılmaması arxivlərin işini daha da çətinləşdirmişdi. Maddi çətinliklər üzündən mövcud binaların təmirinin mümkün olmaması, arxivlərin müasir tipli avadanlıqlarla təchizi, sənədlərin mühafizəsi və onlardan istifadə işində ciddi çətinliklər yaratmışdı. 

Bu işlərin müvəffəqiyyətlə həlli üçün Ümummilli Liderimizin 2002-ci il dekabr ayının 2-də imzaladığı «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816№-li fərmanının müstəsna əhəmiyyəti oldu. Fərmanda arxiv işi sahəsində müsbət nəticələr qeyd olunmaqla yanaşı bu sahədəki nöqsan və çatışmamazlıqlar da göstərilirdi. Göstərilirdi ki, arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə cavab vermir. Arxiv işi sahəsində indiyə qədər vahid informasiya bazasının yaradılmaması, elektron-informasiya daşıyıcılarının imkanlarından lazımınca istifadə olunmaması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının müasir standartlara cavab verməməsi, bu sahədə problemlər yaradır. Fərmanda arxiv binalarının yararsız vəziyyətdə olması, yerlərdəki müəssisə, idarə və təşkilatlarda kargüzarlıq və arxiv işinin lazımi səviyyədə olmaması vurğulanırdı. 

Xalqımızın tarixinin ilk mənbələr əsasında öyrənilməsində idarə və müəssisələrin, habelə vətəndaşların informasiyaya olan gündəlik tələbatlarının ödənilməsində milli arxiv fondunun böyük əhəmiyyətini nəzərə alaraq arxiv işinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər kabineti yanında Baş Arxiv İdarəsinin bazası əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradıldı. Həmin fərmanla arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması məsələləri öz əksini tapmışdır. 

Fərman Respublikamızda arxiv işinə, arxivlərin maddi-texniki tələbatlarının öyrənilməsində əsaslı dəyişikliklər yaratdı.  

Onun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 16 fevral tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş proqramının tədbirlər bölməsində arxiv xidməti təşkilatlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının lazımi binalarla təmin olunması, mövcud binaların əsaslı təmir və bərpa işləri nəzərdə tutulmuşdur.       

Bu fərmanla Arxiv İdarəsinin statusunu artıran cənab Prezident arxivlər üçün lazım olan hər şeyi edəcəyinə və bütün şəraiti yaradacağına söz verdi. Əcəl bunları onun özünün yerinə yetirməsinə aman vermədisə də Ümummilli Liderimiz öz yerinə işlərini davam etdirəcək elə bir şəxsiyyət hazırlayıb ki, o, onun ideyalarını müvəffəqiyyətlə həyata keçirir.  

                          

AZƏRBAYCANDA  ARXİV  İŞİNİN  YARANMASI  HAQQINDA


İyirminci əsrin əvvəllərinə qədər Azərbaycanda dövlət idarəçiliyinin əsas atributlarından olan və hər bir xalqın mənəvi sərvətini təşkil edən arxiv olmamışdır.Ölkəmizdə arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu. 

Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol Quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər.

1922-ci ilin avqustunda mərkəzi dövlət arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır.

1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır. Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə həmin ilin aprelində 1920-ci ildə yaradılmış mərkəzi arxivin bazasında Respublikamızda iki mərkəzi dövlət arxivi: Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi (kino-foto şöbəsi ilə) və Mərkəzi Dövlət Tarix Arxivi yaradılır.

Otuzuncu illərdə yerlərdə arxiv sənədlərinin mühafizəsi və istifadəsi məqsədi ilə respublikanın bir sıra şəhər və rayonlarında arxiv büroları yaradıldı ki, onlar da sonralar şəhər və rayon dövlət arxivlərinə çevrildilər. 

1938-ci ildə bütün Sovetlər birliyində olduğu kimi Azərbaycanda da arxiv təşkilatları xalq daxili işlər komissarlığının tabeçiliyinə verilir. 1960-cı ilə qədər arxivlərin daxili işlər komissarlığı orqanlarına tabe edilməsi demək olar ki, arxivləri qapalı təşkilatlara çevirir, bu da arxivlərdə elmi-tədqiqat işlərinin aparılmasına və arxiv sənədlərindən istifadəyə böyük əngəllər törədirdi. 

1960-cı ildə keçmiş SSRİ-nin başqa respublikalarında olduğu kimi arxiv təşkilatları Respublikamızda da daxili işlər nazirliyinin tabeliyindən Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyinə verilir. Bundan sonra arxiv işinə və arxiv sənədlərindən istifadəyə diqqət artırılır, dövlət arxivləri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi işinə başlanır. 1966-cı ildə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, 1968-1969-cu illərdə isə Azərbaycan SSR Mərkəzi Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Dövlət Elm,Texnika və Tibb Sənədləri Arxivi, 15 şəhər və rayon mərkəzlərində Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivinin filialları yaradılır, 50 rayon dövlət arxivi isə sənədlərin müvəqqəti mühafizəsini həyata keçirən dəyişən tərkibli arxivlərə çevrilir. 

Bu gün Azərbaycan Respublikasının arxiv sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri daxildir. 

Milli Arxiv İdarəsi sistemində sənədlərin bərpası, cildlənməsi, qiymətli və nadir sənədlərin sığorta fondunun yaradılması üçün xüsusi Laboratoriya da fəaliyyət göstərir. 

Azərbaycan müstəqillik əldə edənə qədər Respublika dövlət arxivləri barədə söhbət gedərkən burada bir məsələyə xüsusi diqqət yetirməliyik. 1922-ci ildə SSRİ-nin yaranması ilə əlaqədar ayrı-ayrı respublikaların xarici və daxili siyasət sahəsindəki nisbi sərbəstlikləri başqa sahələrdə olduğu kimi arxiv işi sahəsində də tədricən məhdudlaşdırılmağa başlanır. Əgər N.Nərimanovun dekreti ilə Azərbaycan SSR-də vahid dövlət arxiv fondu yaradılmışdısa da sonralar bu səlahiyyətlər müttəfiq respublikaların əlindən alınaraq arxiv təşkilatları ittifaq-respublika tabeli orqana çevrilir, onların işinə məhz Moskvadan rəhbərlik edilməyə başlanılır. Artıq arxivlər öz işləri haqqında Respublika hakimiyyət orqanları qarşısında deyil ittifaq təşkilatları qarşısında əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Arxiv İdarəsi sonra isə SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə hesabat verir, onlara əməli rəhbərlik də bu təşkilat tərəfindən həyata keçirilirdi. 

Bunun üçün hüquqi baza isə SSRİ Xalq Komissarlar Sovetinin 1920-30-cu illərdə qəbul etdiyi arxiv işinə aid bir sıra qərarları və 1958-ci il avqust ayının 13-də SSRİ Nazirlər Soveti tərəfindən təsdiq olunmuş «Sovet İttifaqının dövlət arxiv fondu haqqında əsasnamə» idi. Həmin Əsasnamədə deyilirdi: «Sovet İttifaqının Dövlət arxiv fondu sənəd materiallarını mərkəzləşdirilmiş şəkildə hesaba almaq, saxlamaq, elmi və əməli cəhətdən istifadə etmək üçün təşkil olunmuşdur. Sovet İttifaqının Dövlət arxiv fondu yarandığı vaxtdan nə kimi texnika və üsulla istehsal olunduğundan asılı olmayaraq, Sovet dövlətinə məxsus olan elmi, siyasi və əməli əhəmiyyətli sənəd materiallarının məcmusunu təmsil edir». 

1980-cı il aprel ayının 4-də SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilmiş Dövlət arxiv fondu haqqında yeni Əsasnamədə isə bütün yuxarıda göstərilənlərə bu da əlavə edilmişdir ki: «SSRİ Dövlət Arxiv Fondu SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin sərəncamındadır.» Göründüyü kimi bütün ittifaq ərazisindəki arxivlər mərkəzə – SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə tabe edilmişdir. Yəni başqa müttəfiq respublikalar kimi Azərbaycan da faktiki olaraq özünün mənəvi sərvətləri olan arxivlərinin tam hüquqlu sahibi deyildi. 

Azərbaycan xalqı öz mənəvi sərvəti olan arxivlərinə yalnız 1991-ci ildə keçmiş SSRİ dağıldıqdan sonra sahib oldu. Özünün tam müstəqilliyini əldə etmiş Respublikamızın ərazisində olan bütün arxivlər Azərbaycan xalqının həqiqi mənəvi sərvətinə çevrildi. Bu sənədlər üzərində sahiblik hüququ Azərbaycan xalqına məxsus oldu. İllərlə yeddi qıfıl arxasında gizlədilmiş bu sənədlərdən tariximizin tədqiqində geniş şəkildə istifadə olunmağa başlandı. 

Yenidən müstəqilliyini əldə etmiş Respublikamızda başqa sahələrdə olduğu kimi arxiv işi sahəsində də müstəqil dövlətə məxsus yeni qanunvericilik və normativ aktlar yaranmalıydı. «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanunu bu işin həyata keçirilməsi üçün demək olar ki, məhək daşıdır. Onu da qeyd etmək lazımdır ki, keçmiş SSRİ məkanında arxiv işinə aid heç vaxt qanun qəbul edilməmiş, arxiv işi sahəsində normativ aktlar yalnız SSRİ Nazirlər Sovetinin təsdiq etdiyi «SSRİ Dövlət arxiv fondu haqqında Əsasnamə» ilə tənzimlənmişdir. SSRİ dağıldıqdan sonra keçmiş Sovetlər İttifaqı ərazisində yaranmış respublikaların hamısında arxiv işinə aid yeni qanunlar qəbul edilmişdir. 

Milli Məclisin 1999-cu il yaz sessiyası dövründə bu qanunun layihəsinə baxılması və onun müzakirəsi işi intensiv şəkildə davam etdirilmiş və həmin ilin iyununda Milli Məclis «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının Qanununu qəbul etmiş və Prezident tərəfindən o 1999-cu il iyun ayının 22-də imzalanmışdır. 

1999-cu il iyul ayının 27-də isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalanmışdır.

Respublikamızda arxiv quruculuğunun gələcək istiqamətlərini, yə’ni arxivlərimizin strategiyasını müəyyənləşdirən beş fəsil və 23 maddədən ibarət olan bu Qanun Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir. 

İlk dəfə olaraq bu Qanunla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında dövlət, ictimai, dini və digər təşkilatlar, vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş qaydalarla arxiv yaratmaq hüququna malikdirlər. Yaradılmış bu arxivlər küll halda Azərbaycan Respublikasının milli arxiv fondunu təşkil edir. 

Göründüyü kimi «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası qanunu ölkəmizdə arxiv işi və onun inkişafı ilə bağlı bütün məsələləri əhatə edərək onun strategiyasını, gələcək işlərimizin başlıca istiqamətlərini müəyyənləşdirmişdir. 

Əldə etdiyimiz Dövlət Müstəqilliyi, «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanunu respublikamızın dövlət arxivlərində qiymətli sənədlərin intensiv şəkildə cəmləşdirilməsi, onlardan siyasi, iqtisadi, elmi və mədəni məqsədlər üçün istifadə işinin təşkilinə geniş imkanlar yaradır. 

Düzdür bütün sahələrdə olduğu kimi ölkəmizdə arxiv quruculuğu sahəsində də işlər asanlıqla başa gəlmir. Sovetlər birliyinin süqutu və iqtisadi əlaqələrin kəsilməsi başqa Sovet respublikalarında olduğu kimi Azərbaycanda da iqtisadiyyatın dağılmasına səbəb olmuşdu. Ölkə daxilində yaranmış hərc-mərclik və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaranan çətinliklər onsuzda Sovet hakimiyyəti illərində o qədər də fikir verilməyən arxivlərdən də yan keçmədi. 1972-ci ildə Dövlət arxivləri üçün tikintisinə başlanmış binanın uzun illər yubadılması və başa çatdırılmaması habelə əlavə binaların ayrılmaması arxivlərin işini daha da çətinləşdirmişdir. Nəticədə arxivlər bu günə qədər də nazirlik, komitə, idarə, təşkilat və müəssisələrdə saxlanan işləri qəbul edə bilməmişlər. 

Maddi çətinliklər üzündən arxivlərimizin müasir avadanlıqlarla təchizi və sənədlərin mühafizəsi işində də ciddi çətinliklər yaranmışdır. Bu işlərin müvəffəqiyyətlə həlli üçün Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin 2002-ci il dekabr ayının 2-də imzaladığı «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında»kı 816 N-li fərmanının müstəsna əhəmiyyəti var. Prezident fərmanında göstərilir ki, xalqımızın əvəzsiz mənəvi sərvəti olan arxiv sənədlərinə müntəzəm müraciət olunur. Dövlət hakimiyyəti orqanlarının, idarə və müəssisələrin informasiyaya olan gündəlik tələbləri ödənilir, respublikanın və xarici ölkələrin yüzlərlə alimi öz elmi tədqiqatlarında, monoqrafiya və dərsliklərin yazılmasında arxivlərimizin sənədlərindən geniş istifadə edirlər. Arxivlər tərəfindən sənədlər külliyyatları nəşr olunur, radio və televiziya verilişləri hazırlanır, sənədlər dövri mətbuatda dərc edilir. Respublikamızın və xarici ölkə vətəndaşlarının sosial-hüquq xarakterli ərizə və sorğuları icra olunur. 

Bununla yanaşı fərmanda qeyd olunmuşdur ki, arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə tam cavab vermir. Arxiv işi sahəsində indiyə qədər vahid informasiya bazasının yaradılmaması, elektron-informasiya daşıyıcılarının imkanlarından lazımınca istifadə olunmaması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının müasir standartlara uyğun gəlməməsi bu sahədə problemlər yaradır. Fərmanda arxiv binalarının yararsız vəziyyətdə olması, arxiv işinin bəzi sahələrində pərakəndəlik hallarının meydana çıxması, yerlərdəki müəssisə, idarə və təşkilatlarda kargüzarlıq və arxiv işinin lazımi səviyyədə olmaması nəzərə çatdırılır.

Azərbaycan xalqının tarixinin ilk mənbələr əsasında öyrənməsində idarə və müəssisələrin, habelə vətəndaşların informasiyaya olan gündəlik tələbatının ödənilməsində Milli arxiv fondunun böyük əhəmiyyətini nəzərə alaraq arxiv işinin təkmilləşdirilməsi məqsədi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini yaratmaq barədə qərar qəbul edir.

Göstərilən Fərmanla Prezident Azərbaycan Respublikası Nazirlər Kabinetinə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Əsasnaməsinin layihəsini hazırlayaraq təsdiq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etməyi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi aparatının say həddini təsdiq etməyi tapşırır. 

Habelə həmin fərmanla arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə müvafiq proqram tərtib edərək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır. 

Prezidentin bu fərmanında Respublikanın İqtisadi İnkişaf Nazirlyinə, şəhər və rayon icra hakimiyyəti başçılarına dövlət arxivinin yerlərdəki filiallarını, şəhər və rayon dövlət arxivlərinin sənədlərinin saxlanılması üçün yararlı binalarla təmin edilməsi tapşırılmışdır. 

Göründüyü kimi Respublika Prezidentinin arxiv işinin təkmilləşdirilməsi haqqındakı bu fərmanı ölkəmizdə arxiv işi sahəsində geniş prespektivlər açdı. Bu fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə arxivlərimiz xalqımızın tarixinə, xüsusilə müstəqillik dövrü tarixinə aid sənədlərin toplanması, mühafizəsi və onlardan hərtərəfli istifadə işinin təşkili sahəsində əsil məxəz funksiyasını müvəffəqiyyətlə yerinə yetirməkdədirlər. 

                      

                              Azərbaycan  Respublikası

Milli  Arxiv  İdarəsinin  rəisi 

                 ATAXAN  PAŞAYEV

  

Elektron Xidmətlər

Milli Arxiv İdarəsi Beynəlxalq Arxivlər Şurasının üzvüdür.

Erməni təcavüzü tarixi sənədlərdə

ÜNVAN 

Bakı şəh., Ziya Bünyadov  pr. 3

 Mətbuat pr. 593-cü məhəllə

Telefon: 562 94 31 

Faks:  562 97 56