facebook logo    Twitter bird logo 2012.svg

Elmi-məlumat kitabxanasının qısa tarixi

AZƏRBAYCAN RESPUBLİKASI

MİLLİ ARXİV İDARƏSİNİN ELMİ-MƏLUMAT KİTABXANASI


Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanası 1927-ci ildə Arxiv İdarəsinin nəzdində yaradılmışdır. Kitabxananın zəngin qəzet, jurnal və kitab fondunda XIX əsrin II yarısından bu günə qədər böyük tarixi dövrü əhatə edən nəşrlər mühafizə olunur. Həmin nəşrlər Azərbaycanın, keçmiş Rusiya imperiyasının və Sovet dövlətinin ictimai-siyasi, iqtisadi və mədəni həyatını əks etdirir.

Kitabxananın qısa tarixi

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanası arxivşünaslıq, sənədşünaslıq və elmin müxtəlif sahələri üzrə kitab, qəzet, həmçinin digər nəşrlərin mərkəzi ixtisaslaşdırılmış mühafizəxanasıdır. MAİ elmi-məlumat kitabxanasının əsas istifadəçiləri idarənin və dövlət arxivlərinin əməkdaşları, müxtəlif elm sahələri, xüsusilə, Azərbaycanla bağlı elmi araşdırmalar aparan yerli və əcnəbi təqdiqatçı alimlər və magistrlərdir. Elmi-məlumat kitabxanasının əsas fəaliyyət istiqaməti elmi araşdırmalara analitik-informasiya təminatını həyata keçirməkdən ibarətdir.

MAİ elmi-məlumat kitabxanasının yaradılması ideyasının formalaşması hələ 1925-ci ilin əvvəllərinə təsadüf etsə də bəzi texniki səbəblərdən bu proses ləngiyirdi. 1925-ci il iyun ayının 6-da Azərbaycanda arxiv işinin inkişaf etdirilməsi və tənzimlənməsini təsbit edən “Azərbaycan SSR-də arxiv işi” barədə daha bir qərar qəbul edilir. Azərbaycan  MİK və Azərbaycan SSR XKS-nin bu dekreti arxivlərə olan etinasız münasibətin dəyişdirilməsinə nəzarətin gücləndirilməsini və ölkə ərazisində milliləşməyə qədərki və sonraki dövrlərdə fəaliyyət göstərən bütün idarə və müəssisə arxivlərinin fondlarının Vahid Dövlət Arxivi fondunun tabeçiliyinə verilməsini tələb edir. Həmin qərara müvafiq olaraq 1926-ci il oktyabrın 30-da isə Azərbaycan MİK-in köhnə dövrü ədəbiyyatların Dövlət Arxivinə verilməsi ilə bağlı sərəncam çıxır. Həmin sərəncamda qeyd edilir ki, Azərbaycanın mədəniyyəti, fəhlə hərəkatı, ictimai-siyasi cərəyanları və xüsusi ilə Azərbaycanın İnqilab tarixi ilə bağlı qiymətli material hesab olunan köhnə dövrü ədəbiyyat qorunması məqsədi ilə Azərbaycan SSR-in bütün dövlət və ictimai təşkilatları bir ay müddətində özlərində olan inqilaba qədərki dövrə dair bütün ədəbiyyatları, həmçinin fevral inqilabı, I Kommunna, Sentrokaspi diktaturası və Müsavatla bağlı Azərbaycanın sovetləşməsinə qədərki dövrə dair bütün nəşrlər Dövlət Arxivinə təhvil verilsin. Həmin sərəncam MİK-in sədr müavini Məşədi-Hüseynin imzası ilə çıxır və 25 noyabrda “Bakinskiy raboçiy” qəzetinin 274-cü sayında dərc edilir. Qeyd etmək lazımdır ki, hələ Dövlət Arxivi yaranarkən onun fondunda xeyli miqdarda çap məhsulları mövcud idi. Yuxarıda göstərilən sərəncamın verilməsi isə bu işlə əlaqəsi olan bütün təşkilatları hərəkətə gətirdi. Nəşriyyatlar, poliqrafiya müəssisələri, redaksiyalar və s. yerlərdən Arxivə xeyli miqdarda ədəbiyyat daxil olmağa başladı. Bu işin tənzimlənməsi isə Dövlət Arxivinin yeni bir struktur bölməsinin – Arxiv kitabxanasının yaradılmasını zəruri edirdi. Beləliklə, kitabxana 1927-ci ilin noyabr ayından fəaliyyətə başlayır. Kitabxana Xalq Daxili İşlər Komissarlığı yanında arxiv şöbəsində arxiv-məlumat kitabxanası adı ilə keçirdi.

1940-cı ildə XDİK yanında arxiv şöbəsinin arxiv-məlumat kitabxanası SSRİ MİK 27 mart 1934-cü il tarixli “kitabxana işi haqqında” qərarına əsasən Bakı şəhəri Voroşilov (indiki Səbail) rayonunun siyasi-maarif şöbəsində qeydə alınır və kitabxanaya qeydiyyat vəsiqəsi-pasport verilir. 1943-cü ildə kitabxana bölünür və inqilaba qədərki kitablar Mərkəzi Dövlət Tarix Arxivinə verilir, dövrü mətbuat isə Dövlət Oktyabr İnqilabı və Sosialist quruculuğu Arxivində qalır. 1957-ci ildə isə hər iki kitabxana birləşdirilərək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Arxiv İdarəsinin, 1960-cı ildən isə Azərbaycan SSR Nazirlər Kabineti yanında Arxiv İdarəsinin “vahid elmi-məlumat kitabxanası”na çevrilir. Kitabxana İdarənin arxivlərinə arxiv sənədləri ilə birlikdə verilmiş kitab fondu bazası əsasında müstəqil surətdə təşkil edilir. İlk fəaliyyətə 8000 kitab, 700 jurnal və 325 cild qəzet komplekti ilə başlayan elmi-məlumat kitabxanasının hazırki fondunu 41600 nüsxə kitab, 18340 nüsxə jurnal, 9740 cild qəzet komplekti təşkil edir.

Kitabxananın fondunu təşkil edən çap məhsulları xronoloji baxımdan XVII əsrin əvvəllərindən bügünə qədərki dövrü əhatə edir. Oxucuların informasiya tələbatı daha çox XIX - XX əsrin əvvəllərinə dair ədəbiyyatlar və dövrü nəşrlərlə bağlıdır. Daha çox tələb olunan nəşrlər əsasən statistik göstəricilər, tarixi aktlar, qanunvericilik aktları, ünvan təqvimlər, soraqçalar, diyarşünaslığa dair toplular, neft hasilatı və mədən sənayəsi ilə bağlı müxtəlif ədəbiyyat, həmçinin hesabatlar, icmallar və sairdir.

Kitabxanamız xüsusiyyətinə görə arxiv kitabxanası olduğundan fondumuzun dəyəri böyük, mühafizəsi isə daha məsuliyyətlidir. Fondumuzda Azərbaycanın keçmişi ilə bağlı tarixi dəyər baxımından qiymətli məlumat mənbəyi hesab edilən nadir nəşrlər vardır. Belə xüsusi əhəmiyyətli nəşrlərin qorunub saxlanılması məqsədi ilə onların informasiya daşıyıcılarına köçürülməsi və mikrofilmləşdirilməsi işinə başlanılmışdır.

MAİ elmi-məlumat kitabxanasının bir neçə fondu vardır ki, onlar da çap məhsulunun formasına və xronologiyasına görə təşkil edilmişdir. Fondlar aşağıdakılardır:

1. Kitablar

  • inqilaba qədərki ədəbiyyat (rus dilində);
  • sovet dövrü ədəbiyyatı (rus dilində);
  • Azərbaycanşünaslıq (rus dilində);
  • İnqilaba qədərki Azərbaycan ədəbiyyatı fondu (əski azərbaycan əlifbasında);
  • Azərbaycan ədəbiyyatı fondu (azərbaycan dilində);
  • Arxivşünaslıq (arxiv işinə dair bütün materiallar rus dilində);
  • xüsusi fond (kitab və jurnallar rus dilində);

Ardı davam edən nəşrlər:

a) jurnallar

  • İnqilaba qədərki dövr (rus dilində);
  • Sovet dövrü Azərbaycan jurnalları;
  • Sovet dövrü (rus dilində);

b) qəzetlər

  • İnqilaba qədərki dövr (azərbaycan dilində);
  • İnqilaba qədərki dövr (rus dilində);
  • sovet dövrü (azərbaycan dilində);
  • sovet dövrü (rus dilində);
  • müstəqillik dövrü (azərbaycan və rus dillərində);
  • xarici ölkə nəşrləri (türk, fransız, ingilis, alman dillərində).

MAİ elmi-məlumat kitabxanasının fondunu eks etdirən kataloq və kartoteklar bunlardır:

  • əlifba kataloqu;
  • sistemli kataloq;

Kartotekalar:

  • dövrü nəşrlər (jurnal və qəzetlər);
  • hüquqi-informasiya;
  • mövzu;
  • sahəvi.

Fondun əsasını bilavasitə, Azərbaycanın keçmişi və həyatı ilə bağlı ədəbiyyatlar, digər mətbu nəşrləri təşkil edir. Keçmiş Rusiya imperiyası ilə, Qafqazla bağlı nəşrlər xüsusilə əhəmiyyətli yer tutur.

Tarixi dəyər baxımından sanballı mənbə hesab olunan «Kavkazkiy kalendar» (1846-1917), 12 cildlik «Aktı Kavkazskiy arxeoqrafiçeskoy komissii» (1802-1856), «Kavkazskiy sbornik»  (1884), «Sbornik svedeniy o Kavkaze» (1871), çoxcildli «Sbornik materialov dlə spisaniy mestnostey i plemen Kavkaza» (1889) və s. nəşrlərdə bütün Qafqazda, onun quberniyaları və əyalətlərində tütünçülük, ipəkçilik, üzümçülük, çayçılıq, balıqçılıq, neft sənayesi, nəşriyyat işi, o cümlədən Qafqazın yaşayış yerləri, ərazisi və əhalisi, həmçinin burada baş vermiş müəyyən tarixi hadisələrlə bağlı məlumatlar geniş şəkildə əks olunmuşdur.

S.Qlinkonun «Opisanie pereseleniə armən azerbaydjanskix v peredelı Rossii» (1835), V.L.Veliçkonun «Kavkaz. Russkoe delo i mejduplemennıe voprosı» (1904), S.Esadzenin 2 cilddən ibarət «İstoriçeskaə zapiska ob upravlenie Kavkaza» (1907) və s. nəşrlər tariximizlə bağlı maraqlı faktlarla zəngindir.

Azərbaycanda neft sənayesi tarixinin ilkin mərhələlərində neft sənayesinin inkişafında xüsusi nüfuza malik olan, dünyanın nəhəng neft firmalarının sahibkarları – Nobel qardaşlarının Bakıdakı fəaliyyətlərini işıqlandıran yubiley kitabları fondumuzun nadir sayılan nüsxələrindəndir.

82 cildlik «Brokqauz-Efron» (1904) ensiklopedik lüğətləri də keçmişlə bağlı sorğulara cavab tapmaqda olduqca maraqlıdır.

İnqilabdan əvvəlki illərdə Bakı şəhərinin ictimai-siyasi və mədəni mühitindən xəbər verən «Vesti Baku» (1908), «Ejeqodnik Baku i eqo rayonı» (1906-1914) tipli ünvan kitablarında və soraqçalarda Bakı şəhərinin büdcəsi, neft hasilatı, Bakının, Abşeron yarımadasının, neft mədənlərinin plan və xəritələri, ayrı-ayrı reklam xarakterli vərəqlər və s. məlumatlar var.

1897-ci il Ümumrusiya siyahıya alınmasının yekunları kimi Bakı, Yelizavetpol, Tiflis quberniyalarını əhatə edən statistik məcmuələr («Perepiski Bakinskoy qubernii» və s.), o dövrdə Bakıda fəaliyyət göstərən neft kompaniyalarının icmal və hesabatları da fonda mühafizə olunur. «Neftəno delo» (1899-1920) məcmuəsi Azərbaycan neft sənayesinin inkişaf tarixindən, «İzvestiə Bakinskoy Qorodskoy Dumı» (1913-1917) nəşri isə o zamankı siyasi mühitdən xəbər verən mənbələrdəndir.

Rusiya imperiyasının qanunlarının əks etdirən 3 variantdan ibarət «Polnoe sobranie zakonov Rossiyskoy imperii» (1649-1825; 1842-1857; 1881-1912), «Polnıy svod zakonov Rossiyskoy imperii» (1857-19881) və digər toplular da fondda xüsusi yer tutur.

Elmi-məlumat kitabxanasının qəzet fondu da Azərbaycanın dünəni və bu gününün ictimai-siyasi və ədəbi mühiti işıqlandıran, qəzet komplektləri ilə zəngindir. Azərbaycanın ilk nəşrlərindən sayılan S.Ünsizadənin redaktorluğu ilə nəşr olunan «Ziya» (1879), redaktoru M.Şahtaxtlı olan «Şərqi-Rus» (1903-1905), həmçinin «İrşad» (1906-1909), «İqbal» (1912-1914), əvvəlcə Rəsulzadə, sonralar isə Orucov qardaşlarının nazirlik və redaktorluq etdikləri «Açıq söz» (1915-1918), Azərbaycan Xalq Cümhuriyyəti dövründə əvvəl Gəncədə, sonralar isə Bakıda nəşr olunan «Azərbaycan» (1918-1920) qəzetləri xüsusilə qiymətlidir.

Həmin dövrdə rus dilində çıxan «Bakinskie qubernskie vedomosti» (1908-1916), «Kavkaz» (1894-1910), «Baku» (1905-1917), «Kaspiy» (1907-1918) və s. nəşrlər tədqiqatçılar tərəfindən bu gün də maraqla müraciət edilən mənbələrdəndir.

Kitabxananın jurnal fondu da məzmun baxımından əhatəlidir. Burada o zamankı ədəbi mühiti canlandıran «Dəbistan» (1906-1908), «Fiyuzat» (1906-1907), «Zəmbur» (1910), «Molla Nəsrəddin» (1910-1928), «Babayi-Əmir» (1915), «Əkinçi» (1923-1925), «Russkie arxivı» (1876-1877), «Russkaə starina» (1876-1903), «İstoriçeskiy vestnik» (1906-1917) və s. yüzlərlə belə nəşrlər də qorunub saxlanır.

MAİ elmi-məlumat kitabxanası qapalı tipli olduğundan yalnız arxiv əməkdaşlarına və idarəyə ünvanlanmış rəsmi məktublar əsasında müraciət edən yerli və əcnəbi tədqiqatçılara, magistrlərə, istisna hallarda isə şəxsi müraciətlərlə bağlı oxuculara xidmət göstərir.

MAİ elmi-məlumat kitabxanasının tədqiqatçılara xidmət üçün 34 yerlik elmi zalı və ona bitişik növbətçi xidmət otağı vardır. 01 yanvar 2014-cü il tarixə olan statistik göstəriciyə görə oxucuların sayı 186 nəfərdir. Onlardan 79 nəfəri arxiv əməkdaşları, 107 nəfəri isə tədqiqatçılardır. Elmi-məlumat kitabxanasında oxucu göstəriciləri hər ay daxil olan müraciətlər əsasında dəyişir.

Milli Arxiv İdarəsi elmi-məlumat kitabxanası Yasamal rayonu Mətbuat prospekti 593-cü məhəllə, Milli Arxiv İdarəsi inzibati binasının 2-ci mərtəbəsində fəaliyyət göstərir. Elmi-məlumat kitabxanasına buraxılış tədqiqatçılar üçün hazırlanmış xüsusi vəsiqələrlə mümkündür.

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı



LİNKLƏR