Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-02-28 00:03:39
Baxış sayı : 2898

Metalların  texnologiyası  üzrə  Azərbaycanda  ilk  mütəxəssislərdən  biri, mühəndis –metallurq Neymətulla bəy Baxşəli  ağa   oğlu  Şahtaxtinski  haqqında  bəzi  qeydlər. 

 

Azərbaycan  xalqıının  tarixində  çox  mühüm  rol  oynamış  bir  sıra   tanınmış  soyadlar  vardır ki, onlardan biri də Şahtaxtinskilərdir.İsa Şahtaxtinski, Məmmədağa  Şahtaxtinski, Əbülfət Şahtaxtinski, Baxşəli ağa Şahtaxtinski, Həbibulla Şahtaxtinski, Neymətulla  Şahtaxtinski, Həmid bəy Şahtaxtinski, Behbud bəy Şahtaxtinski, Elmira  xanım Şahtaxtinskaya,Toğrul Şahtaxtinski, Aleksis Şahtaxtinski  və  başqaları   bu   soyadın  tanınmış  nümayəndələrindəndir. Bu məqalə Azərbaycanda texniki-peşə təhsilinin təşkilində,müxtəlif texniki peşələrə yiyələnmiş milli  kadrların hazırlanmasında  müəyyən  rolu və  xidməti olmuş Neymətulla Baxşəli ağa  oğlu Şahtaxtinskiyə  həsr  edilmişdir.

Mühəndis-metallurq Neymətulla Şahtaxtinski metalların texnologiyası üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri olmuşdur. Neymətulla Şahtaxtinski haqqında məqaləni hazırlayərkən bəzi ilkin tarixi məlumatları əldə etməkdən ötrü mövcud ensiklopediyalara, o cümlədən Azərbaycan sovet, Azərbaycan Xalq Cümhuriyyəti, “Bolşaya Sovetskaya Ensiklopediya»sının müvafiq cildlərinə və Naxçıvan Ensiklopediyasına müraciət etdim.  Lakin həmin mənbələrdən Neymətulla Şahtaxtinski haqqında hər hansı bir  məlumat aşkar  etmək mümkün olmadı. Çox gümanki, Neymətulla Şahtaxtinskinin həyat və fəaliyyəti bu  günədək kifayət qədər öyrənilmədiyi üçün onun haqqında məlumatlar mövcud elmi-kütləvi  nəşrlərə daxil edilməmişdir.

Neymətulla  Şahtaxtinski  haqqında   bəzi  məlumatları  Azərbaycan  Respublikasının  Dövlət  Arxivi  və Dövlət  Tarix  Arxivinin  müvafiq  fondlarında   saxlanılan  arxiv  sənədlərindən  və  Milli  Arxiv  İdarəsinin Elmi-məlumat  kitabxanasındakı  mənbələrdən  aşkar  etmək  mümkün  oldu.  Arxiv  sənəd  və  materiallarından  aşkar  etdiyim  məlumatlar  əsasında   Neymətulla  Şahtaxtinski  haqqında  hazırladığım  bu  məqaləni  milli  təhsil  tariximizin  hər  bir  səhifəsinə  böyük  hörmət  və  ehtiram  əlaməti  olaraq  hörmətli  oxucularımızın diqqətinə  çatdırıram:

Neymətulla  ağa   Şahtaxtinski  1887-ci  ildə  Naxçıvan  qəzasında, indiki  Kəngərli rayonunun  Şahtaxtı  kəndində, öz  dövrünün  ziyalılarından  olan Baxşəli  ağa  Şahtaxtinskinin  ailəsində  anadan  olmuşdur. Bakı  Politexnik  məktəbinin  direktoru  L.S.Brjostovskinin  1919-cu ilin  avqustunda  Bakı  qəza-şəhər  Barışıq   məntəq-əsinin   müdirinə    göndərdiyi      648 №li  məktubda  Bakı   şəhəri   Stanislavskaya-46  ünvanında  (indiki  Azadlıq  prospekti- R.S.)  yerləşən  Bakı  Politexnik  məktəbinin binasında  yaşayan  müsəlmanların  siyahısı  qeyd  edilmişdi. Həmin  siyahıda   Nemətulla  bəyin  32, İsmayıl  Şıxəhməd  oğlunun  isə  35  yaşı  olduğu  qeyd  edilirdi. Siyahıdakı  bu  məlumata  əsaslanaraq  Neymətulla  bəyin  doğum  tarixinin  1887-ci  il  olduğunu  qeyd  etmək  mümkündür.  N. Şahtaxtinskinin  doğum  tarixini   digər  mənbələr  üzrə    dəqiqləşdirmək   mümkün  olmadı.

Neymatulla   Şahtaxtinski   ali  təhsilini  Petroqrad  Politexnik  İnstitutunda  almışdır. O,həmin  İnstitutun   kurslarını  bitirdiyi  haqqında    1918-ci  il    martın  23-də  ­315№li   vəsiqə  almışdır. Neymətulla  Şahtaxtinskinin  Petroqrad  Politexnik  İnstitutunun  məzunu  olduğu  haqqında  məlumatlar  bir  sıra sənədlərdə   öz  əksini  tapmışdır. Məsələn, həmin  sənədlər  sırasında  Xalq  Maarif  Nazirliyinin Dəftərxanasının  direktor  müavi  M.Kondratyevin  Ticarət  məktəbinin  direktoruna  göndərdiyi  məktubu, həmçinin  Bakı  Politexnik  məktəbində  çalışan  qulluqçularan  1918-1919-cu  il üzrə  dərs  bölgüsü  siyahısını  qeyd  etmək  olar.  

Xalq  Maarif  Nazirliyinin  rəisi  Həmid  bəy  Şahtaxtinskinin  1919-cu  il  aprelin  30-da  imzaladığı     168№li  əmrlə  mühəndis – metallurq  Neymətulla  Şahtaxtinskiyə   icazə  verilirdi  ki, 1919-cu  il  mayın  1-dən  etibarən  Bakı  Politexnik  məktəbinin  emalatxanasının  müdiri  vəzifəsini   icra  etsin. Məktəbin  direktoru  L.S.Brjostovski  1919-cu  il  mayın  3-də  Dövlət  Nəzarəti  İdarəsinə  202№li  məktub göndərərək  Neymətulla  Şahtaxtinskinin     Bakı  Politexnik  məktəbinin  emalatxanasının  müdiri  vəzifəsini  icra  etdiyi  haqqında  məlumat  vermişdir.

Bakı  Politexnik  məktəbinin  yaranma   tarixi  haqqında   qeyd  edirik  ki, Qafqaz  Tədris  dairəsinin  26  aprel  1888-ci  il  tarixli  sərəncamı  ilə  1888-ci  ilin  iyulunda  Bakıda  şəhər  sənət  məktəbi   açılmışdı. Həmin  məktəb 1896-cı  il  sentyabrın  1-dən  yenidən  təşkil  edilərək  Bakı  ibtidai  mexanika-kimya-texnika  məktəbi; 1901-ci  ilin  iyulunda  isə  məktəbin  kimya  bölməsi  əvəzinə  inşaat  bölməsi  yaradılaraq  İbtidai mexanika-inşaat  texniki  məktəb”  adlandırıldı. Məktəb  1905-ci  il  yanvar  ayından  etibarən   yenidən  təşkil  edilərək  orta  mexanika-inşaat  texniki  məktəb, 1913-cü  ildə  isə   bu  məktəbin  adında  yenidən  dəyişiklik  edilərək  “Bakı  Alekseev   orta  mexanika - inşaat  texniki  məktəbi” adlandırılmışdır. Məktəb qısa  müddətdə  texniki  fikrin  cəmləşdiyi, yaradıcı  və  texniki  ziyalıların  bir  yerə  toplandığı  bir  məkana  çevrilmişdir.  Məktəbin  başlıca vəzifəsi  Bakı  və  bütün  Qafqaz  bölgəsinin    sənaye  və  texniki  sahələri   üzrə  ixtisaslı  mütəxəssislərin,  ustaların  və  texniklərin  hazırlanmasından  ibarət  idi.  Məktəb  Ticarət  və  sənaye  nazirliyinin  tabeçiliyində  idi.  Qafqaz  Tədtis  dairəsinin  3  may  1908-ci  il  tarixli  sərəncamı  ilə  1909-cu  ilin  yanvarından  etibarən  məktəbin  nəzdində  heykəltaraşlıq - daşyonma  sənəti  üzrə  məktəb  yaradıldı. Bu  Rusiyada daşyonma  sənəti  üzrə  yaradılmış  ilk  məktəb  idi. 1911-ci  ildə  məktəbin  nəzdində  sürücülər  kursu  və  1916-cı ildən  isə  tikinti  işləri  üzrə  briqadirlər  (desyatniklər) məktəbi  açıldı. Məktəb 1917-ci  il  mayın  30-dan  etibarən    üç  bölmədən-neft  sənayesi, elektromexanika  və  memarlıq-inşaat  bölmələrindən  ibarət  politexnikuma  çevrilərək  “Bakı  politexnik  məktəbi”  adlandırıldı.

Bakı  Politexnik  məktəbinin  15 sentyabr  1919-cu il  tarixli  572; 580 №li  vəsiqələrində  qeyd  edilirdi  ki, riyaziyyat  və  fizika  kurslarının  həcminə  görə  Bakı  Politexnik  məktəbinin  1- ci  sinifi  gimnaziya və  real  məktəbinin   6-cı  sinifinin  kurslarına  bərabər  tutulur. Real  məktəbinin  əlavə  sinifini  bitirmiş  şagirdlər  Bakı   Politexnik  məktəbinin  1-ci  sinifinə  imtahansız  qəbul  oluna  bilərdi. 

Xalqımızın  böyük  oğlu, tanınmış  maarifpərvər   xeyriyyəçi  H.Z.Tağıyev  Bakı  Politexnik  məktəbinin  yaradıcısı  və  20  ildən  artıq  bir  müddətdə   fəxri  qəyyumu  olmuşdur. 

1918-ci  il  oktyabrın  22-də  Bakı  Politexnik  məktəbinin  direktor  müavini   L.S.Brjostovski  məktəbin  dəzgah  və  alətlərinin  müsadirə  edilməsinin  qarşısının  alınması  haqqında   H.Z.Tağıyevə  məktubla  müraciət  etmişdir. Onun   H.Z.Tağıyevə  ünvanladığı  məktubda  qeyd  edirdi: ”Dünən  oktyabrın  21-də  axşam   saat  4-də  polkovnik  Həsən  Fəhmi  avtomobil  zavodunun  müdiri   ilə  birlikdə  məktəbin  emalatxanalarına  gələrək  Bakı  Politextik  məktəbinə  məxsus  dörd  ədəd yeni  tokar  dəzgahını, bir ədəd  yeni  dişaçan  dəzgahı, üç  ədəd  təmir  olunmuş  tokar  gəzgahlarını, 100  ədəd  çilingər  məngənəsini  və  alətləri   müsadirə  etdiklərini  bildirdilər. Dəzgah  və  alətlərin  müsadirə  edilməsi   məktəbdə  şagirdlərə  peşələrin   lazımi səviyyədə    öyrədilməsini  qeyri-mümkün   edir. Həmin  əmlak   məktəbin  xeyrinə  ödənilmiş   ianələrin  hesabına  əldə  edilmişdir.

Hacı,  sizə  müraciət  edərək  acizanə  xahiş  edirəm  ki, imkanınız  daxılində  məktəbi   onun dəzgah   və  alətlərinin   müsadirə  edilməsindən  qoruyun  və  bununla  da  siz  məktəbi  qoruyub  saxlamış  olarsınız.”

1919-cu  il  yanvarın  30-da  Bakı  politexnik  məktəbinin  direktoru  l.S. Brjostovski  müsadirə  edilmiş  əmlakın  geri qaytarılması  və  onun  məktəbin  emalatxanalarına  çatdırılmasına  yardım  edilməsi  haqqında   Ticarət  və  sənaye  naziri  M.b.Əsədullayevə   məktibla  müraciət  edərək  bildirirdi  ki,  “...Politexnik  məktəbinə  məxsus  dəzgahlar, məngənələr, kəmərlər  və  alətlər  müsadirə  edilmişdir. Bunların  hamısı  Kopiloviç  zavoduna göndərilmiş  və  orada  quraşdırılmışdır, hazırda  isə Biçeraxovun  dəstəsinin  avtomobil  zavodundadır. Məktəbin  emalatxanasından  çoxlu  sayda  dəzgah  və  alətlərin  müsadirə  edilməsi   şagirdlərin  uğurlu   təhsilinə   öz  mənfi  təsirini  göstərməklə  yanaşı  hökumət  təşkilatlarının, Poçt  və  teleqraf  nazirliyinin, sənaye  təşkilatlarının  sifarişlərinin  icra  edilməsini  də  qeyri-mümkün  edir.

Yuxarıda  qeyd  olunanlara  əsaslanaraq...  xahiş  edirəm  ki, Biçeraxovun  dəstəsinin  avtomobil  zavodundan  məktəbin  müsadirə  edilmiş  əmlakının  qeri  qaytarılması  və yük  maşınları  ilə  məktəbin  emalatxanasına  çatdırılması  üçün  müvafiq  göstəriş  verəsiniz... dəzgah  və  alətlərin  siyahısını  əlavə  edirəm.”

Bakı  politexnik  məktəbinin  direktorunun  Ticarət  və  sənaye  nazirliyinə  təqdim  etdiyi  siyahıda  bir  çox  alətlərlə  yanaşı  yerli  istehsal  olan  revolver dəzgahı   (təkmilləşdirilmiş  tokar  dəzgahı) ingiltərə  tipli  tokar  dəzgahı, alman  tipli  “Rapid” və fransız  tipli  “Prefekt” tokar  dəzgahları  da  qeyd  edilirdi. Bakı  Politextik  məktəbinin  direktorunun   Böyük  Britaniyanın  gərargah  idarəsinə , polkovnik  Valtona  ünvanladığı  9  may  1919-cü  il   tarixli  209№li  məktubda   qeyd  edilirdi  ki, “Bakı  Politexnik  məktəbindən  müsadirə  edilmiş  dəzgah, alət  və  ləvazimatlar  hazırda  Nijne-Priyutski (indiki  Süleyman  Rəhimov  küçəsi-R.S)   küçəsində    yerləşən  Kopileviç  zavodundadır. Siyahıda  qeyd  olunan Politexnik  məktəbinə  məxsus  əmlakın  geri  qaytarılması  haqqında  müvafiq  şərəncam  verməyinizi  sizdən  xahiş  edirəm”. Bakı  Politexnik  məktəninin  direktoru  tərəfindən  mahiyyətçə  oxşar  məktub  1919-cu  il  martın  6-da  Bakıda  Müttəfiq  qüvvələrin  komandanı  gen. Tomsona  da  göndərilmişdir. Bakı  Politextik  məktəbinin   əmlakının  geri  qaytarılması  məsələsinin  tənzimlənməsi  məqsədilə   Azərbaycan  Respublikası   Rabitə  yolları  nazirliyi  tərəfindən   komissiya  təşkil  edilmiş  və  həmin  komissiyada  Neymətulla  Şahtaxtinski  Bakı  Politexnik  Məktəbinin  nümayəndəsi  təyin  edilmişdir. Bu  haqda  N. Şahtaxtinskiyə  1919-cu  il  mayın  14-də  217 №li  vəsiqə  verilmişdir. Neymətulla  bəy  Bakı  Politextik  məktəbinə  məxsus  əmlakın  məktəbə  qaytarılması  üzrə  yaradılmış  komissiyanın  işində  fəal  iştirak  etmişdir.  Əmlakın  məktəbə  qaytırılması  məqsədilə  komissiyanın  keçirdiyi  baxış  zamanı  N.b.Şahtaxtinski    dəzgahların  tanınması  üçün Yevgeniy  Petroviç  Kuznetsov, İvan  Spiridonoviç  Derevenko  və  Mixail  Petroviç  Karpovu  şahid  kimi  gətirib  çıxarmış  və  müəyyən  edilmişdir  ki, dəzgahlar   həqiqətən  də  Bakı  Politexnik  məktəbinə  məxsusdur. Bakı  Politexnik  məktəbinin  Rabitə  yolları   nazirliyinin  avtobazasında  olan  əmlakının  qaytarılması  haqqında  akt  tərtib  edilərək  komissiya  üzvləri  və  şahidlər   tərəfindən  imzalanmışdır.

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  25  avqust  1919-cu  il  tarixli  qərarı  ilə Neymətulla  Şahtaxtinski   1919-cu il avqustun  14-dən  etibarən  Xalq  Maarif  Nazirliyinin  peşə  təhsili   şöbəsinin  rəisi  vəzifəsinə  təyin  edilmişdir. Neymətulla  Şahtaxtinskinin      azərbaycanlı  müsəlman  gənclərin  peşə  təhsilinə  cəlb  olunması  və  onların  peşə  ixtisaslarına  yiyələnməsi  istiqamətində  müəyyən  rolu  və  xidmətləri  olmuşdur. Qeyd  edirik  ki, 1919-cu  ildə  Bakı  Politexnik  məktəbinin  elektro-mexanika; neft –sənaye; memarlıq-inşaat  şöbələrində  təhsil  alan  cəmi  347  şagirddən   44-ü  müsəlman, Bakı  Politexnik  məktəbinin  nəzdindəki  peşə  məktəbinin  çilingərlik, xarratlıq; heykəltəraşlıq –daşyonma; pərçimləmə  və  minalama  işləri  şöbələrində  isə   təhsil  alan  cəmi 108  şagirddən   11-i  müsəlman  idi. Şagirdlərə   peşələrin  lazımi səviyyədə    öyrədilməsində  Neymətulla  Şahtaxtinskinin   rəhbərlik  etdiyi  məktəb emalatxanalarının  böyük  rolu   olmuşdur.

Xalq  Maarif  Nazirliyi  Bakı  şəhərində  4 sinifli  qadın  peşə  məktəbinin  açılması  və  1919-cu  ildə  onun  təchiz  edilməsi  və  saxlanılması  haqqında  qanun  layihəsini,  qanun  layihəsinə  dair  izahatnaməni,  məktəbin  təchiz  edilməsi   və  saxlanması  xərclərinin  ümumi  smetasını  hazırlayaraq  baxılmaq  üçün  1919-cu  ilin  oktyabrında  Nazirlər  Şurasının  sədrinə  təqdim  etmişdir. Xalq  Maarif  Naziri  R. Kaplanov  və  nazirliyin  peşə  təhsili  üzrə  idarəsinin  rəisi  Neymətulla  Şahtaxtinski  tərəfindən  imzalanmış  qanun  layihəsinin  izahatnaməsində  qeyd  edilirdi: “..hamıya  aydındır  ki, qadın  əhlinin  böyük  əksəriyyəti  iqtisadi  və  məişət  səraitinə  görə  nəinki  orta  və  ali, hətta  ibtidai  məktəbə  belə  yol  tapa  bilmir. Qadın  əhlinin    məhz  bu  hissəsi  üçün   təhsil  müddəti  az  olan, çörək  qazanmağa  imkan  verən   praktik  yönümlü  əlçatan  məktəbin    açılmasını  təklif  edirəm... Müsəlman  qadını  çoxdandır  ki, köləlikdə  yaşayır. Onlar indi  başa  düşüblər  ki, vətənin   qadın  işçilərə  ehtiyacı  vardır. Qadınlar  öz  üzərindən  hüquqsuz  kölə  rolunu  atmağa  və  ərinin  zəhmətinə  şərik, onun dostu və köməkçisi  olmağa  çalışır. Artıq  onlar  xalqın  tərəqqəsi  yolunda  fəaliyyətsiz  qalmaq,  kişi  əhlinin  qüvvə  və  bacarıqlarını  özlərinin  maddi  rifahının  yaxşılaşdırılmasında  istifadə  etmək  istəmirlər. Onların  çağırışına  səs  verməsəm  cinayətkarcasına  hərəkət  etmiş  olaram. Ona  görə  də  bu  qanunu  və  ona  əlavə  edilmiş  izahat  vərəqəsinin  dərc  edilməsini  məqsədə uyğun  hesab  edirəm.”

Qanun  layihəsində  qeyd  edilirdi  ki, Bakı  şəhərində  4  sinifli  qadın  peşə  məktəbinin  açılması  üçün  dövlət  xəzinəsindən  cəmi  396.583  rub. 32  qəp.  

vəsaitin  ayrılması  tələb  olunur  ki,  onun  da  262.000 rublu  məktəbin  avadanlıqla  təmin  edilməsinə, 134.583 rubl  32 qəp.   məktəbin  saxlanılması  üçün  nəzərdə  tutulur. Qanun  layihəsi   Hökumət  tərəfindən  bəyənildikdən   sonra  baxılmaq   üçün   Parlamentin  maliyyə-büdcə  komissiyasına  ötürülmüşdür. Qanun  layihəsinə  maliyyə-büdcə  komissiyasının  20  noyabr  1919-cu  il  tarixli  iclasında  baxılmışdır. Həmin  iclasda  Xalq  Maarif  Nazirliyinin  nümayəndəsi  kimi  nazirliyin  peşə  təhsili  üzrə  idarəsinin  rəisi  Neymətulla  Şahtaxtinski  iştirak  etmişdir. İclasda  qanun  layihəsi  təfsilatı  ilə  müzakirə  edildikdən   sonra qərara  alınmışdır  ki, Xalq  Maarif  Nazirliyinin  hazırladığı  layihəyə   və  xahiş  olunan  məbləğın  miqdarına  dair  komissiyanın  etirazı  yoxdur. Bundan  əlavə  komissiya  hesab  edirdi  ki, şəxsi  heyət  üçün  xərclər  qanun  layihəsi   Parlament  tərəfindən  təsdiq  edildiyi    vaxtdan  etibarən  təmin  olunmalı, cari  ildə   məktəbin  təchiz  edilməsi  və  saxlanılması  üçün  çəkilmiş  xərclər  Xalq  Maarif  Nazirliyinin  1919-cu  ilin  smetasının  artıq  qalıqları  hesabına  yazılmalıdır. Cari  ildə  məktəbin  təchiz  edilməsi  üçün  yerinə  yetirilməmiş  xərclər  isə  1920-ci  ilin  smetasına  daxil  edilməlidir.

Cümhuriyyət  hökumətinin  4  fevral  1920-ci  il  tarixli  qərarı  ilə  Xalq  Maarif  Nazirliyinin  peşə  təhsili   şöbəsinin  rəisi  Neymətulla  bəy  Şahtaxtinski  Dövlət  Nəzarəti  Nazirliyinin  Dəftərxanasının  direktoru  vəzifəsinə  keçirilmişdir.

Neymətulla  Şahtaxtinski  Azərbaycan  Respublikasında  sovet  hakimiyyəti  qurulduqdan  sonra  da  təhsil  işçisi  kimi  fəaliyyətini  davam  etdirmişdir. Azərbaycan  SSR  Xalq  Maarif  Komissarının  24  may  1920-ci  il  tarixli  31№li  əmri  ilə  Neymət  Şahtaxtinski  Xalq  Maarif  Komissarlığının  məktəb  şöbəsinin  peşə  təhsili  sektorunun  müdiri  təyin  edilmişdir. Bir  qədər  sonra  Azərbaycan  SSR  Xalq  Maarif  Komissarlığının  13  avqust  1922-ci  il  tarixli  297№li  əmri ilə  Nemət  Şahtaxtinski  Xalq  Maarif  Komissarlığı  Baş  peşə  təhsili  üzrə  müfəttişliyin  tərkibinə  daxil  edilmiş, Xalq  Maarif  Komissarlığının  14  avqust  1922-ci  il  tarixli  əmri  ilə  isə  mühəndis  Nemət  Şahtaxtinski  avqustun  15-dən  etibarən  Texnikii-peşə  mədəniyyəti  evinin  kitabxanasının  müdiri  təyin  edilmişdir.

Azərbaycan  İnqilab  Komitəsinin   sədri  N. Nərimanov  və  Xalq  Maarif  Komissarı  D. Büntadzadənin  imzaladığı   16  noyabr  1920-ci  il  tarixli  dekretlə  Bakı  Politexnik  məktəbi  yenidən  təşkil  olunaraq   beş  fakultədən - neft  sənayesi, elektromexanika, inşaat  mühəndisliyi, kənd  təsərrüfatı  və  iqtisadi  fakultələrdən  ibarət  ali  təhsil  ocağına- Əzizbəyov  adına Bakı  Politexnik  İnstitutuna  çevrildi. Politexnik  məktəbinin  binası  və  avadanlığı, həmçinin  Rus  texniki  cəmiyyətinin  kimyəvi  laboratoriyası  Politexnik  İnstitutunun  sərəncamına  verildi. İnstitutun  maddi-texniki  bazasının  və  pedaqoji  kollektivin  tərkibinin  möhkəmləndirilməsi  məqsədilə  dövlət  qurumları  tərəfindən  maliyyə  vəsaiti  ayrılaraq  bina  yenidən  quruldu və  avadanlıqlarla  təchiz  edilmişdir. 1930-cu  il  mayın  29-da  Azərbaycan  Politexnik  İnstitutu  Azərbaycan  Neft  İnstitutu  adlandırıldı. 1931-ci  ildə  İnstitutun  bazasında  Gəncədə, Qroznıda, Ufada  və  İşimbayda  şöbələri  olan  Azərbaycan  Qiyabi  Neft  İnstitutu  adlandırıldı. Neymət  Şahtaxtinski   Azərbaycan  Qiyabi  Neft  İnstitutunun  dosenti  olmuşdur. N.Şahtaxtinskinin  Azərbaycan  Qiyabi  Neft  İnstitutunun  energetika  fakultəsinin  tələbələri  üçün “ metalların  texnologoyası” kursu  üzrə  hazırladığı  və  1940-cı  ildə  nəşr  olunmuş  proqpam  və  yoxlama  işləri  hazırda  Milli  Kitabxananın  müvafiq 

fondunda  saxlanılır. Tarixi  mənbələr  təsdiq edir ki, Azərbaycan təh­sili  həqiqətən  də  zəngin tarixi inkişaf yolunu keçmişdir. Azərbaycanda  təhsil, maarif  və  mədəniyyətin  inkişaf  etdirilməsində  rolu  və  xidməti  olmuş  şəxslərin  fəaliyyəti  xalqımız  tərəfindən unudulmur,  böyük  hörmət  və  ehtiramla  yad  edilir.  Maarif  fədailərinin  fəaliyyəti  daima  araşdırılaraq  öyrənilməli,  tədqiq  edulməli  və  gənc  nəslin  pedaqoji  biliyinin  artırılmasında  istifadə  edilməlidir. Çünki, Azərbaycan təhsil tarixinin zənginliyini, onun nai­liy­yət­lərini  dərindən  öyrənmədən  hazırki  dövrdə milli məktəb  quruculuğunun inkişaf prespektivlərini doğru müəyyən etmək  çətin  olardı. Akademik  H.Əhmədov qeyd et­di­yi kimi:” “Xalqımızın zəngin milli və ümumbəşəri elmi-pedaqoji dəyərlərini tədqiq et­mək, onları üzə çıxarmaq, onlara yeni nəfəs vermək, gənc nəslin elmi-pedaqoji bi­li­yi­nin artırılması işində ondan istifadə etmək bütün zamanlarda olduğu kimi bu gün də aktualdır.”

  1. 12. 2015-сü il.       Fotolar Azərbaycan Respublikası Kino-Foto Sənədlər Arxivindəndir

 

 

 

                                                                                                                                                                                                                                                                        Rafiq     Səfərov  

AR Milli Arxiv  İdarəsinin Sənədlərin  nəşri 

                                                                                                                                                             və  istifadəsi şöbəsinin baş  məsləhətçisi                                                                                                                                                                                                                              

                                                        

 

 

                    Istifadə  edilmiş  mənbə və  ədəbiyyatın  siyahısı: 

[1]. ARDTA  f.314   siy.1  iş  473 v.54

  1. ARDTA f.314 siy.1  iş  469 (cild.1)  v.164-164 (arxa  üzü)
  2. ARDTA f.314 siy.2  iş 128 v.6.
  3. ARDTA f.314 siy.1  iş  469 cild 1   v.128-128 (arxa üzü)
  4. ARDTA f.314 siy.2  iş 128 v.2.
  5. ARDTA f.314 siy.2  iş 128.v.3.
  6. ARDTA f.314 siy.1  iş 6     v.1;  ARDTA f.314 siy.1  iş 375 v.23
  7. ARDTA f.314 siy.1  iş 161 v.1-7  iş. 77 v.1-2.
  8. ARDTA f.314 siy.1  iş  77  v. 51-52
  9. ARDTA f.314 siy.1 iş174  v.20; iş.375.v.42
  10. ARDTA f.314 siy.1 iş115  v.3; ARDTA.f.314 siy.1  v.2- 4
  11. ARDTA f.314 siy.1 iş 362 v.2
  12. ARDTA f.314 siy.1 iş 468 v.23
  13. ARDTA f.314 siy.1 iş 468 v.21
  14. ARDTA f.314 siy.1 iş 477 v.93; ARDTA.f.314.siy.1 iş 477 v.97
  15. ARDTA f.314 siy.1 iş 465 v.25
  16. ARDTA f.314 siy.1 iş 465 v.46
  17. ARDTA f.314 siy.1 iş 465 v.54
  18. ARDTA f.314 siy.1 iş 465 v.52
  19. ARDTA f.314 siy.1 iş 465 v.1-1 (arxa üzü)
  20. ARDA f.51 siy.1  iş.  32   v.9; Вестник  правительства  Азербайджанской  Республики.1020.14 февраля №11
  21. ARDTA f.314 siy.2 iş 128 v.4
  22. ARDTA f.314 siy.1 iş 465 v.55

     24.Yenə  orada.

  1. ARDA f. 51 siy.1     iş 33   v.300
  2. ARDTA f.314 siy.1 iş 475 v.67-67 (arxa üzü)
  3. ARDA f. 51 siy.1     iş 29   v.1
  4. ARDA f. 51 siy.1     iş 29   v.19-19(arxa  üzü).
  5. ARDA f. 51 siy.1     iş 29   v  3
  6. 30. ARDA 51 siy.1     iş 29   v.17
  7. 31. ARDA 51 siy.1     iş 32   v. 9

32.ARDA    f. 57   siy.13   iş 1     v. 30

33.ARDA    f. 57   siy.13   iş 16   v.104

  1. ARDA f. 57 siy.13   iş 16   v.109
  2. Декреты Азревкома ( 1920-1921гг.). Сборник документов.Баку,1988.ст. 391-392.   


Bugün: 466
Dünən: 835
Bu həftə: 3743
Son həftə: 4759
Bu Ay: 13574
Son Ay: 20754
Bu İl: 78875
Ümumi: 1099296
1099296