facebook logo    Twitter bird logo 2012.svg

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və tabeliyindəki təşkilatların

2016-cı ildə fəaliyyəti haqqında

H E S A B A T

 

 

Bu hesabat "Açıq hökümətin təşviqinə dair 2016-2018-c illər üçün

Milli Fəaliyyət Planı"nın tələblərinin icrası məqsədilə dərc edilir. 

 

  

2016-cı ildə Azərbaycan Respublikası dövlət arxiv təşkilatlarının işi “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, ali hakimiyyət orqanlarının tapşırıqlarına, Milli Arxiv İdarəsinin 2016-cı il üzrə arxiv işinin inkişaf planına və dövlət arxivlərinin iş planlarına müvafiq olaraq təşkil edilmişdir.

Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması haqqında”, “Dövlət və bələdiyyə orqanlarında dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanlarından, o cümlədən Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət verilmişdir.

2016-cı il üzrə dövlət arxiv təşkilatlarının ştat vahidinin sayı bütövlükdə 526-dır. Onlardan Milli Arxiv İdarəsi və onun strukturuna daxil olmayan tabeliyindəki təşkilatlarda 453 ştat vahidi (bundan 20 ştat vahidi İdarə Sənədlərini Qaydaya Salan Mərkəz, 100 ştat vahidi rayon dövlət arxivləri üzrədir) və Naxçıvan MR Dövlət Arxiv İdarəsində 73 ştat vahidi vardır.

2016-cı il üçün Milli Arxiv İdarəsi aparatının büdcə xərcləri 494 339 manat, respublika tabeliyində olan arxiv təşkilatlarının büdcə xərcləri 4 057 239 manat, yerli büdcədən maliyyələşdirilən rayon dövlət arxivlərinin xərcləri isə 680 441 manat olmuşdur.

Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üzrə Fəaliyyət Planına əsasən (bölmə 8 – Korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi; maddə 8.6) “ASAN  Xidmət”  Mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Milli Arxiv İdarəsində vətəndaşların və onların müraciətlərinin qəbulunun “bir pəncərə” prinsipi əsasında aparılması, elektron növbə rejiminin və digər müasir sistemlərin tətbiqi, həmçinin “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydası”nın (maddə 1.5.) tələblərinə uyğun olaraq mərkəzləşdirilmiş kargüzarlıq sisteminin qurulması, Elektron Sənəd Dövriyyəsi Sistemindən istifadə etməklə işin daha da təkmilləşdirilməsi məqsədilə cari ildə fəaliyyətə başlanılmışdır və müvafiq tədbirlərin, avadanlığın, sistemin qurulması üçün işlər növbəti ildə də davam etdiriləcəkdir.  

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqlara əsasən Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılmışdır. Şuranın Əsasnaməsi və tərkibi müvafiq qaydada təsdiq edilmiş və bu barədə İdarənin rəsmi internet saytında məlumat verilmişdir.  Həmçinin, Apellyasiya Şurası haqqında saytda xüsusi bölmə yaradılmışdır.

            “Açıq hökümətin təşviqinə dair Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin (maddə 2.4) icrası məqsədilə cari ildə Milli Arxiv İdarəsinin sosial  şəbəkələrdə - Facebook (https://www.facebook.com/milliarxiv/) və Twitterdə (https://twitter.com/AzNatArchives)  rəsmi səhifələri açılmış və onların aktiv fəaliyyəti təmin edilmişdir. Bundan əlavə, İdarənin rəsmi saytı vasitəsilə istifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə elektron xidmətlərin təqdim edilməsi, respublikada arxiv həyatına dair məsələlərin işıqlandırılması, Azərbaycanın tarixi, iqtisadiyyatı, elmi və s. sahələrinə aid olan arxiv sənədlərinin geniş ictimaiyyətə çatdırılması işi davam etdirilmişdir. Bu məqsədlə rəsmi sayt vasitəsilə üç virtual sərgi təşkil edilərək istifadəçilərin ixtiyarına verilmişdir.

            İnformasiyanın daha rahat əldə edilməsi, müasir İKT avadanlıqlarının köməyi ilə daha əlçatan olması və prosesin sadələşdirilməsi üçün cari ildə Milli Arxiv İdarəsində İP Telefoniya sistemi istismara verilmişdir ki, bu da istifadəçilərin tələb etdikləri informasiya mənbələrinə vaxt itkisinə yol vermədən, rahatlıqla və birbaşa çıxmalarına şərait yaradacaqdır. 

            İdarə Aparatının və respublika dövlət arxivlərinin internet əlaqəsinin təmin edilməsi məqsədilə xüsusi ayrılmış kanallar vasitəsilə Xüsusi Dövlət Mühafizə Xidmətinin  internet seqmenti üzərindən beynəlxalq internet şəbəkəsinə çıxış tam təmin edilmişdir. Yüksək sürətli və təhlükəsizlik qaydaları çərçivəsində istifadəçilərin  internetdən istifadə etmələri məqsədilə xüsusi texniki tədbirlər həyata keçirilmişdir.

            Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyun 2012-ci il tarixli, 654 nömrəli Fərmanının icrası məqsədilə Milli Arxiv İdarəsinin Mərkəzi Aparatının, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının rəsmi elektron poçt ünvanları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilmiş, bu istiqamətdə müvafiq milliarxiv.gov.az domenli elektron poçt resursları alınaraq qeydiyyatdan keçirilmiş və hər bir istifadəçiyə təqdim edilmişdir. Cari ildə də bu məsələnin icrasına İdarə tərəfindən ciddi nəzarət olunub və bu nəzarət gələcəkdə də davam etdiriləcəkdir.

            2016-ci ildə Milli Arxiv İdarəsinin əməkdaşlarının və rəhbər arxiv işçilərinin elektron imza ilə təmin olunması prosesi davam etdirilmişdir. Bu məqsədlə, istifadə müddəti bitmiş 26 ədəd e-imza sertifikatı yenilənərək istifadəçilərə təqdim edilmişdir.

            Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi bu il də diqqət mərkəzində saxlanılmış və xidmət tam olaraq elektron hökümət portalına inteqrasiya edilmişdir.

        Sözügedən Fərmanın və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarının aidiyyəti hissələrinin tələbləri yerinə yetirilmişdir. Sözügedən normativ aktın tələblərinə əsasən Milli Arxiv İdarəsi tərəfindən göstərilən elektron xidmətlər tam tərkibdə Elektron hökumət portalına inteqrasiya edilmişdir.

        Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə vaxtaşırı müvafiq qurumlarla birlikdə zəruri texniki təhlükəsizlik tədbirləri görülür.

        “Açıq hökümətin təşviqinə dair Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin (maddə 1.1.) icrasının təmin edilməsi məqsədilə cari ildə tərəfimizdən təkmilləşdirilmiş və texniki imkanları daha da  genişləndirilmiş dövlət informasiya ehtiyatı olan “Elektron Arxiv Məlumat Sistemi (EAMS)” Elektron hökumət portalına inteqrasiya edilmiş  və istifadəyə verilməsi üçün müvafiq quruma rəsmi müraciət edilmişdir. Qeyd etmək lazımdır ki, Milli Arxiv İdarəsinin müraciətinə əsasən RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən EAMS Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrinə daxil edilmiş və ona İE152601001 reyestr nömrəsi verilməklə sistem rəsmi çıxarışla təmin edilmişdir. Bundan əlavə, hazırda EAMS üzrə fond siyahılarının elektron versiyalarının yaradılması üzərində iş davam edir. Bu sistemin daxilində respublika dövlət arxivlərində, dövlət arxivinin filiallarında mühafizə edilən bütün fondlar haqqında müfəssəl məlumat mövcuddur. Dəyişən tərkibli rayon dövlət arxivlərində də mühafizə edilən fondların və fondların tərkibində olan arxiv siyahılarında yer alan məlumatların bu sistemə əlavə edilməsi cari ildə plan üzrə davam etdirilmişdir.  

            Bununla yanaşı, Milli Arxiv İdarəsində cari ildə dövlət arxivləri üzərində elektron idarəçiliyin tətbiq edilməsi, idarəetmə imkanlarının çevikliyi, məlumat mübadiləsinin elektronlaşdırılması məqsədilə yeni bir layihə - “Elektron Hesabatlar Sistemi (EHS)” işlənilərək yekunlaşdırılmışdır. Yuxarıda sözügedən EAMS və EHS-nin “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin (maddə 1.1.) icrası məqsədilə e-gov.az portalına inteqrasiya edilməsi üçün rəsmi müraciət edilmişdir.

        “Elektron Arxiv Sistemi (EAS)” üzrə fəaliyyət 2016-cı ildə də davam etdirilmişdir. Belə ki, Dövlət Tarix Arxivində, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində və Dövlət Arxivinin Bakı filialında mühafizə edilən arxiv sənədlərinin xüsusi skan avadanlığı ilə skan edilərək elektron daşıyıcılarda yerləşdirilməsi və həmin sənədlərin hər birinə aid olan arxiv məlumatlarının müvafiq proqram təminatı vasitəsilə elektronlaşdırılması davam etdirilmişdir.  2017-cı il yanvar ayının 1-nə olan məlumata əsasən 2016-ci il ərzində 437 saxlama vahidi üzrə 37091vərəq arxiv sənədi EAS üzrə elektron daşıyıcılara köçürülmüşdür.

        “Elekron Arxiv” yaradılması, həmçinin xüsusi məlumat bazalarının hazırlanması istiqamətində işlərin kompleks və sürətli həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam edir. Bu istiqamətdə müvafiq icraçı şirkətlə birlikdə MAİ-nin tabeliyində fəaliyyət göstərən bütün arxivlərdə mühafizə edilən sənədlərin “Elektron Arxiv Sistemi”nə daxil edilməsi və müvafiq informasiya sistemlərinin  yaradılması məqsədilə layihələr hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilmişdir.

        Qeyd etmək lazımdır ki, MAİ-nin “Elektron Xidmətlər” sahəsində fəaliyyəti cari ilin son rübündə növbəti dəfə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinq olunaraq yoxlanılmışdır. Yoxlamanın nəticəsi olaraq, İdarənin göstərdiyi elektron xidmətlər elektronlaşma və əlaqəlik səviyyəsi, informasiya açıqlığı və əldəolunma səviyyəsi və istifadə rahatlığı səviyyəsi üzrə mümkün 26 baldan 19 bal, həmçinin 100% nəticədən 73% nəticə toplanmış və  “yaxşı” qiyməti ilə qiymətləndirilmişdir.

        Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN Xidmət” Mərkəzlərinin Bakı şəhəri üzrə 5 mərkəzində və Sumqayıt, Gəncə “ASAN Xidmət” mərkəzlərində MAİ-nin əməkdaşları öz fəaliyyətlərini davam etdirirlər. Mərkəzlərə ezam edilmiş 16 əməkdaşdan  2 nəfəri dövlət qulluğunun yardımçı vəzifəsində qulluq keçənlər, digərləri isə arxiv əməkdaşları arasından seçilmişdir. Sabirabad və Bərdə ASAN Xidmət Mərkəzlərinə, həmçinin cari ildə açılmış Qəbələ və Masallı “ASAN” Xidmət mərkəzlərinə isə əməkdaş ayrılması imkan xaricində olmuşdur. Bu məqsədlə VXSİDA öz kontingentindən mərkəzlərin hər birinin “Arxiv arayışı verilməsi” bölməsinə iki nəfər işçi ayırmışdır. Həmin işçilərə MAİ tərəfindən lazımı metodiki, nəzəri və praktiki kurs keçirilmişdir. 

        Cari ilin son hesabat dövrünə kimi “ASAN Xidmət” Mərkəzlərindən cəmi 3551 sorğu daxil olmuşdur. Ümumilikdə isə “ASAN Xidmət”in fəaliyyətə başlamasından 2016-ci ilin son hesabat dövrünə qədər 18497 sorğu qəbul edilərək icra olunmuşdur.

2016-cı ildə  Milli arxiv fondu sənədlərinin mühafizə şəraitinin optimallaşdırılması, onların etibarlı qorunması dövlət arxivlərinin qarşısında duran başlıca məsələ olmuşdur. Bu məqsədlə dövlət arxivlərində, o cümlədən Naxçıvan Dövlət Arxivində 64 minə yaxın vərəq bərpa edilmiş, 56 mindən artıq iş cildlənmiş, 41 mindən artıq iş qutulaşdırılmış, 418 mindən artıq kağız əsaslı işin mövcudluğu yoxlanılaraq fiziki-kimyəvi vəziyyəti qiymətləndirilmiş, 7 mindən artıq audiovizual sənədlərin texniki vəziyyəti öyrənilməklə müvafiq qaydada bərpa-konservasiya tədbirləri görülmüşdür.

Hesabat ilində Milli arxiv fondu sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotu, onlara elmi-məlumat vasitələrinin yaradılması və onların təkmilləşdirilməsi sahəsində plana uyğun olaraq işlər görülmüşdür. 2016-cı ildə 56 mindən artıq iş və sənədin qanunla müəyyən olunmuş qaydada dövlət uçotu aparılmış, 22 mindən artıq iş və sənədin elmi təsviri aparılmış, tərtib olunan siyahılar müəyyən olunmuş qaydada təsdiq edilmişdir. 64 mindən artıq işin siyahıları təkmilləşdirilmiş, yaxud yenidən işlənmişdir. Dövlət arxivlərinin informasiya-axtarış imkanlarının genişləndirilməsi məqsədilə 17 mindən artıq işə baxılaraq 55 500 kataloq vərəqi tərtib edilərək sistemləşdirilmişdir.

2016-cı ildə tarixi tədqiqatlar üçün qiymətli mənbə olan yeni sənədlərlə Milli arxiv fondunun komplektləşdirilməsi işi davam etdirilmişdir. Sənədlər Azərbaycan Respublikası İqtisadiyyat, Ədliyyə, Mədəniyyət və Turizm Nazirliklərindən, Satınalmalar üzrə Dövlət Agentliyindən, “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən, Azərbaycan Dəmiryolçuları və Aviasiya Həmkarlar İttifaqı Respublika Komitələrindən, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azdövləttikintilayihə” İnstitutundan, həmçinin görkəmli elm və incəsənət xadimlərinin şəxsi arxivlərindən, o cümlədən digər dövlət və yerli icra hakimiyyəti orqanlarından, idarə və müəssisələrdən, vətəndaşlardan qəbul edilmişdir.

2017-ci il yanvarın 1-nə respublika dövlət arxivlərində 3.7 milyona yaxın saxlama vahidi mühafizə olunur.

Hesabat ilində arxiv sənədlərinin optimal tərkibini müəyyən etmək məqsədilə 30 mindən artıq saxlama vahidinin elmi və əməli dəyəri ekspertizadan keçirilmiş, ekspertizanın nəticələri üzrə hazırlanmış sənədlər Milli Arxiv İdarəsinin Mərkəzi Ekspert Yoxlama Komissiyasında baxılaraq təsdiq edilmişdir. O cümlədən dövlət arxivlərində yaradılan Ekspert yoxlama komissiyalarının iclaslarında 68 minə yaxın işin arxiv siyahıları təsdiq edilmişdir.

2016-cı ildə dövlət arxivlərinin komplektləşdirmə mənbəyi olan, o cümlədən komplektləşmə mənbəyi olmayan yüzlərlə təşkilata, hüquqi şəxslərə, arxiv sənədlərinin təşkili, elmi-texniki cəhətdən qaydaya salınması sahəsində xidmət göstərilmişdir.    

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Maliyyə, Mədəniyyət və Turizm, Fövqəladə Hallar, Səhiyyə, Kənd Təsərrüfatı Nazirliklərinin, Satınalmalar üzrə Dövlət Agentliyinin, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin, Bakı şəhər və rayon icra hakimiyyətlərinin, Bakı şəhər Təhsil İdarəsinin, Bakı Dövlət Universitetinin və digər dövlət və qeyri-dövlət təşkilatlarının 176 mindən artıq saxlama vahidinin elmi-texniki cəhətdən qaydaya salınması təmin edilmişdir, 5 mindən artıq daimi və uzunmüddətli saxlanılan işləri seçilərək onların dövlət mühafizəsinə qəbulu üçün siyahıları hazırlanmışdır. Həmçinin təşkilatların idarə arxivlərində saxlanılan elmi-tarixi və əməli əhəmiyyət kəsb etməyən və saxlama müddətləri başa çatmış 56 minə yaxın işin uçotdan xaric edilməsi təmin olunmuşdur. Dövlət arxivlərinin komplektləşdirmə mənbəyi olan təşkilatlarında arxiv işinin təşkili vəziyyətinin öyrənilməsi və nəzarətin təşkili üçün 600-dən artıq idarə arxivində yoxlamalar keçirilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, “Azərsu” ASC, Bakı Dövlət Universiteti və digər təşkilatlara iş nomenklaturalarının, sahə siyahılarının hazırlanmasında elmi-metodiki köməklik göstərilmişdir.

2016-cı ildə dövlət arxivlərində sənədlərdən hərtərəfli istifadə işi davam etdirilmişdir. Vətəndaşların, idarə və təşkilatların 37 mindən çox sosial-hüquq xarakterli sorğuları, müxtəlif nazirlik və təşkilatların 300-dən çox tematik sorğuları icra olunmuşdur. Arxivlər öz sənədləri əsasında müvafiq təşkilatlara müxtəlif məsələlərə aid 32 məlumat xarakterli məktub hazırlayıb göndərmişlər. Həmçinin 36 teleradio verilişi, 16 sənəd sərgisi təşkil edilmişdir. Elmi-tədqiqat işlərində də arxiv sənədlərindən istifadə olunmuş, il ərzində 190-a yaxın tədqiqatçı dövlət arxivlərinə müraciət etmişdir.

Elmi-nəşriyyat işləri İdarənin və dövlət arxivlərinin diqqət mərkəzində olmuşdur. 2016-ci ildə Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevin “Tarixi yaddaşımızın etibarlı saxlanc yeri” adlı yeni kitabı işıq üzü görmüşdür. Kitabda arxivşünas-alimin elmi fəaliyyətini əhatə edən üç böyük istiqamətə-Azərbaycan Xalq Cümhuriyyəti, erməni vəhşilikləri və “Molla Nəsrəddin” jurnalına dair arxiv sənədlərinə istinadən müxtəlif illərdə qələmə aldığı məqalələrdən, eləcə də kitablara və arxiv sənədləri toplularına yazdığı müqəddimələrdən seçmələr toplanmışdır. Bundan başqa Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan sənədlər əsasında musiqişünas Firudin Şuşinskinin “Azərbaycanın musiqi xəzinəsi” adlı əsəri əvvəlki nəşrlərdən fərqli olaraq təkmilləşdirilmiş şəkildə çap edilmiş, həmçinin görkəmli dövlət və ictimai xadim Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma yazdığı məktubları ərəb qrafikasından çevrilmiş, “Sevgi məktubları” adı ilə nəşr olunaraq oxuculara təqdim edilmişdir. Dövlət arxivlərində 3 külliyyat üzərində işlər davam etdirilmişdir: “AXC hökumətinin təhsil siyasəti. 1918-1920-ci illər” (EMA hazırlanır), “AXC hökumətinin iqtisadi siyasəti. 1918-1920-ci illər” (sənədlərin arxeoqrafik cəhətdən işlənilməsi davam etdirilir), “AXC dövründə səhiyyənin inkişafı tarixindən. 1918-1920-ci illər” (sənədlərin aşkar edilməsi davam etdirilir). Bundan əlavə, 10 sənəd siyahısı hazırlanıb: “Azərbaycan mülki aviasiya tarixindən. 1936-1941-ci illər”, “Azərbaycanda məscid və kilsə tikintisi tarixindən”, “Azərbaycanda gömrük xidmətinin fəaliyyəti tarixindən. 1920-1950-ci illər”, “1896-cı ildə Kommersiya məktəbinin yaradılmasının 120 illiyi”, “Bakı qəzasında kənd məktəblərinin yaradılmasının və fəaliyyəti tarixi haqqında”, “İnqilabaqədərki Bakıda fotoqraflar və fotoqrafiya emalatxanaları haqqında”, “Azərbaycanda dəniz neft-qaz yataqlarının aşkarlanması və işlənilməsi tarixindən. 1950-1973-cü illər”, “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında elmi-texniki nailiyyətlərin tətbiq olunması tarixindən.1930-1960-cı illər”, “Xəzər dənizi sularının mühafizəsi və onların istehsalatda tətbiq olunması. 1933-1972-ci illər”, “Naxçıvan qəzasının kameral siyahısı. 1831-1886-cı illər” (Naxçıvan əyaləti üzrə) kompüterdə yığılması işi davam etdirilir.

Hesabat dövründə Nazirlər Kabinetinin tapşırığına əsasən “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısı və onun tətbiq edilməsinə dair göstəriş” yenidən işlənilərək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin edilmiş, həmçinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsində, dövlət arxivlərində və dövlət orqanlarında yaradılan ekspert-yoxlama və ekspert komissiyalarının qanunvericiliyə uyğun olaraq nümunəvi əsasnamələri, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Soraq-məlumat fondu haqqında Əsasnamə hazırlanaraq təsdiq edilmişdir. Bundan başqa, “Arxiv işi sahəsinə aid xidməti vəzifələr haqqında təlimat” hazırlanmış və dövlət arxivlərinin istifadəsinə verilmişdir. Hazırda “Dövlət arxivlərində yerinə yetirilən əsas iş növlərinin vaxt və istehsal normaları”nın təkmilləşdirilməsi davam etdirilir, “Statistik hesabat formalarının doldurulması qaydası”nın üzərində tamamlama işləri aparılır.

2016-cı ildə arxiv təşkilatlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikası və Qazaxıstan arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanmaq üçün müvafiq vaxtda qarşı tərəfə təqdim olunacaq, Bolqarıstan, Hindistan və Qırğızıstanla Saziş, yaxud Əməkdaşlıq Memorandumunun layihəsi üzərində iş davam etdirilir.

İdarənin bir əməkdaşı 2016-cı ildə Belarus Respublikasının paytaxtı Minsk şəhərində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin növbəti Məşvərət Şurasında, üç əməkdaşı isə Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilən Beynəlxalq Arxiv Şurasının növbəti Konqresində və Konqres çərçivəsində təşkil edilən “Sənədlərin və arxivlərin idarə olunması Proqramında” iştirak etmişlər. Bundan əlavə, Milli Arxiv İdarəsi əməkdaşlarının yerli və beynəlxalq qurumlar tərəfindən keçirilən seminar və treninqlərdə iştirak etməklə peşə biliklərinin artırılması təmin edilmişdir.

Hesabat ilində Respublikanın mərkəzi dövlət arxivlərində mühafizə edilən fondlarda Naxçıvan Muxtar Respublikasının qədim dövlətçilik mədəniyyət tarixi ilə bağlı sənədlərin araşdırılması, seçilməsi və qanunvericiliyə müvafiq olaraq surətlərin çıxarılması işinin təşkili üçün Muxtar Respublikanın dövlət arxivi əməkdaşları ilə birlikdə işçi qrupu yaradılmış və qeyd olunan sənədlərin surətlərinin və elektron nüsxələrinin Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilməsi təmin edilmişdir.

Azərbaycanın dövlətçilik tarixi ilə bağlı Milli Arxiv İdarəsində müxtəlif tədbirlər keçirilmişdir, o cümlədən ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır...H.Əliyev” adlı virtual sərgi təşkil edilmişdir. Bundan başqa 20 yanvar və Xocalı faciəsilə bağlı anım tədbirləri, müstəqilliyimizin 25 illiyi ilə əlaqədar, həmçinin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsilə əlaqədar Milli Arxiv İdarəsində rayon YAP təşkilatı ilə birgə “Azərbaycanda multikulturalizm dövlət  siyasətidir və həyat tərzidir” mövzusunda  tədbirlər keşirilmişdir. Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda keçirilən respublika elmi-nəzəri konfransında Dövlət və Tarix arxivlərinin əməkdaşları məruzə ilə çıxış etmişlər. “Multikulturalizm ili” çərçivəsində Dövlət Tarix Arxivinin əməkdaşının “Azərbaycan almanlarının arxiv sirləri” adlı kitabının təqdimetmə mərasimi keçirilmişdir.

          Kadrlarla aparılan işlər, o cümlədən onların ixtisasının artırılması, əmək intizamı, iş şəraitinin yaxşılaşdırılması üzrə işlər 2016-cı ildə də davam etdirilmişdir. Bu məqsədlə, idarənin tədbirlər planına uyğun olaraq Dövlət Ədəbiyyat və İncəsənət arxivində, ARDA-nın Ağdam, Gəncə, Şəmkir filiallarında və onların tabeliyində olan 12 dəyişən tərkibli rayon dövlət arxivində kompleks yoxlamalar aparılmış, nəticələr kollegiya iclasında müzakirə edilmiş, mövcud vəziyyətlə bağlı yerli icra hakimiyyəti orqanları məlumatlandırılmışdır. Həmçinin, əməkdaşların peşə biliklərinin artırılması məqsədilə yerlərdə zona seminarlar keçirilmişdir. Ümumiyyətlə hesabat ilində Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının ilin yekunlarına həsr olunmuş 1 geniş kollegiya iclası və dövlət arxivləri və filialların fəaliyyətlərinin kompleks yoxlanılmasının nəticələrinə, normativ sənədlərin təsdiqinə və digər məsələlərə həsr olunan 9 kollegiya iclası keçirilmişdir.

2017-ci ildə dövlət arxiv xidməti təşkilatlarının qarşısında duran başlıca vəzifə Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsinin, dövlət arxivlərini keyfiyyətli sənədlərlə komplektləşdirməklə xalqın mədəni-tarixi irsi olan Milli arxiv fondunun informasiya potensialının genişləndirilməsinin, ali hakimiyyət və icra orqanlarının, nazirlik, idarə və təşkilatlarının, kütləvi informasiya vasitələrinin, vətəndaşların sənəd informasiyasına olan tələbatlarının təşkil və təmin edilməsindən, habelə arxiv işində informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv sənədlərinin vahid məlumat baza sisteminin və onlardan istifadə üçün müvafiq şəraitin yaradılmasından ibarət olacaqdır.        

            

VİRTUAL QARABAĞ
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi

Ətraflı

ERMƏNİ TƏCAVÜZÜ
tarixi sənədlərdə

Ətraflı