Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-04-06 02:04:22
Baxış sayı : 1625

ŞAMAXI  QIRĞINLARI

 

1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olmuşdur. Təəssüflər olsun ki, bu günə qədər 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edərkən nədənsə onların Şamaxıda törətdikləri vəhşiliklərin ifşası kölgədə qalmışdır. Ermənilərin toplu halda yaşadıqları yerlərdən tamamilə uzaqda, yüzlərlə azərbaycanlı kəndinin əhatəsindəki cəmi 6 erməni kəndi və Şamaxı şəhərindəki azlıqda qalan bir ovuc erməni əhalisinin bu ərazidə azərbaycanlıların başına açdığı müsibətlərlə tanış olduqda adam dəhşətə gəlir. Ancaq təkzib olunmaz faktdır ki, bir ovuc erməni onlarla Azərbaycan kəndlərini tar-mar etmiş, on minlərlə günahsız əhalini qətlə yetirmişlər. Bu fakt bir də onu sübut edir ki, ermənilər olduqca təhlükəli düşməndirlər. Onlar həmişə zərbəni gözlənilməz yerdən vurmağı çox gözəl bacarırlar. Ona görə də onlara inanıb heç yerdə nəzarətsiz buraxmaq olmaz. Yeri gəlmişkən 1918-ci il Şamaxı hadisələrinin törədilməsində S.Şaumyan və onun əlaltılarının rolunu da diqqətdən qaçırmaq olmaz. O, özü 1918-ci ilin aprelin 13-də Sovet Rusiyası Xalq Komissarlar Sovetinə göndərdiyi məktubda Şamaxıya artilleriya və pulemyotları olan «yeni dəstələr» göndərdiyini etiraf edirdi.

Bu dəstələrə S.Şaumyanın yaxın silahdaşlarından olan və Şamaxı qırğınının əsas təşkilatçısı, xalqımızın qəddar düşmənlərindən biri daşnak  S.Lalayev rəhbərlik etmişdir.

Ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərində törətdikləri cinayətləri ifşa edən çoxlu arxiv sənədləri qorunub saxlanılır. Bu sənədlər arasında 1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti ədliyyə nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi,2həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ haqqında komissiya sədrinə məruzəsi,3 bu işdə günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Fövqəladə Təhqiqat Komissiyasının1919-cu il 12 iyul tarixli qərarı4 və s. vardır.

Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanılmış materiallar ermənilərin burada törətdikləri vəhşiliklər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə zərərdidə və şahid ifadələri, dindirmə protokolları, ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili və mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir.

Bu işdə Ə.Xasməmmədovun ədliyyə nazirinə təqdim etdiyi məruzəyə xüsusilə diqqət yetirməliyik. Komissiyanın ilkin istintaq nəticəsində əldə etdiyi mə’lumatlar həmin məruzədə şərh olunurdu. Məruzədə deyilirdi ki, Şamaxı şəhəri iki hissədən ibarətdir. Yuxarı və ya erməni hissəsi, aşağı və ya müsəlman hissəsi. Birincidə əsasən ermənilər və malakanlar, müəyyən qədər də müsəlmanlar, ikincidə isə yalnız müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti müsəlmanlardır. Erməni və malakanlar hərəsi 6 kənddə yaşayırlar. Həm şəhərli və həm də kəndlərdən olan müsəlmanlar ermənilərlə və malakanlarla keçmiş zamanlardan sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, onları incitməmiş, daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışlar. Hətta 1905-ci ildə Zaqafqaziyanın bir çox şəhər və kəndlərində ermənilərə qarşı çıxış ediləndə də Şamaxı şəhəri və Şamaxı qəzasında müsəlmanlar ermənilər üzərində zorakılıq etməmiş, onlara qarşı düşmənçilik hərəkətləri törətməmişdir. Buna baxmayaraq Şamaxı şəhəri və Şamaxı qəzasının erməniləri həmin vaxtda zərər çəkmiş erməni qardaşları ilə həmrəylik xatirinə müsəlmanlara qarşı gizlində düşmənçilik hissi bəsləyir və 1905-ci ildə incidilmiş ermənilərin hayıfını çıxmaq üçün əlverişli məqam gözləyirmişlər. 1918-ci il martın 18-də qaliblər kimi şəhərin müsəlman hissəsinə soxulan ermənilər: «Biz bu günü on iki ildir ki, gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özünüzün müqəddəs Həzrət Abbasınızı çağırın»  deyə qışqırırmışlar.

Həkim Sazonov 1918-ci il martın 19-u gecəsi Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhmsiz zorakılıqlar işlətməkdə günahlandırdıqda o, ermənilərdən belə bir cavab almışdır: «Müsəlmanlara heç bir rəhm etmək yoxdur, onların hamısı məhv edilməlidir».

Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ birinci dünya müharibəsi başlandığı vaxtlardan özünü biruzə verməyə başlamışdır. Azərbaycanlılara qarşı onlar özlərini çox təkəbbürlü aparır, onların milli və dini heysiyyətlərini açıqca təhqir edirdilər. 1917-ci il fevral çevrilişindən sonra ermənilər daha cəsarətlə hərəkət etməyə başlayırlar. Ermənilər çar hakimiyyəti orqanlarının yerli komandası oradan getdikdə gizli surətdə silah anbarını ələ keçirib bu haqda nə qəza komissarına, nə də yerli müsəlman Milli Şurasına heç bir məlumat verməmişdilər. Onlar ermənilərdən və malakanlardan ibarət hərbi qarnizon təşkil edib oraya müsəlmanları buraxmamışlar. Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, onları təhqir edir və incidirdilər. Elə bu vaxtlar ermənilər öz kəndlərinə müxtəlif yollarla silah və sürsat gətirib, sürətlə silahlanmağa başlayırlar. Silahı əsasən cəbhədən qayıdan əsgərlər gətirirdilər. Onların hərəsi özü ilə bəzən üç tüfəng gətirmişlər. Ermənilərin bu hərəkətləri azərbaycanlıları bərk vahiməyə salır. Həm Şamaxı şəhərində, həm də qəzanın kəndlərində azərbaycanlılar görürdülər ki, ermənilər onlara qarşı sürətlə silahlanırlar. Müsəlmanlar bütün qüvvələrini sərf edirdilər ki, ermənilərlə dil tapsınlar və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Altdan-altdan sürətlə silahlanan ermənilər üzdə özlərini elə göstərirdilər ki, guya müsəlmanlara qarşı heç bir düşmənçilik hissləri bəsləmirlər. Şamaxı şəhərindən 6 verst aralı Mədrəsə erməni kəndində gizli surətdə Zaqafqaziyanın digər qəzalarından erməni əsgərləri toplanmağa başlayırlar. Martın birinci yarısında mə’lumat alınır ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi sürsat, top və pulemyotlarla silahlanmış üç minədək Bakıdakı bolşevik hakimiyyəti adından erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman və ermənilərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə görüşü malakan kəndi Qozlu-Çayda (Xilmili) olur. Dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar bundan qəti imtina edir və bildirirlər ki, onların başlıca məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verirlər. Martın 15-də dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə hücum etdiyini güman edib atəş açırlar. Dəstə də cavab atəşi açır. Tezlikdə bütün şəhəri atışma bürüyür. Bu atışma nəticəsində hər iki tərəfdən tələfat olur. Lakin axşama yaxın şəhərdə tam sakitlik yaradılır. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxının bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içirlər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Bunu eşidən Kürdəmir kəndi sakinlərin müsəlmanları incitməməyi ermənilərdən xahiş etmək üçün Şamaxıya gəlmiş, erməni rəhbərlərinə müsəlmanlarla sülh şəraitində yaşamağı təklif etdikdə və erməni yepiskopunun verdiyi andı xatırlatdıqda ermənilərdən bu cür cavab almışlar: «Müsəlman  ruhaniləri erməni ruhaniləri ilə barışa bilər, lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə onu İngiltərə müdafiə edəcək».

1918-ci il mart ayının 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oynayırlar. Evlərindən çıxarkən görürlər ki, şəhər cənubdan ermənilər, şimali-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tuturlar. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz idi. Yuxarıda qeyd etdiyimiz kimi ondan bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içərək söz vermişdilər. Müdafiəyə hazırlaşmamış azərbaycanlılar əvvəlcə müdafiə olunmağa təşəbbüs etsələr də, lakin top və pulemyot atəşləri altında dayana bilməyib geri çəkilirlər. Ermənilər və malakanlar həmləyə başladıqlarından bir neçə saat sonra artıq şəhərin azərbaycanlılar yaşayan və şəhərin erməni hissəsi ilə sərhəd olan «Piran-Şirvan» bölməsinə soxula bilirlər. Onlar öz hərəkətləri zamanı hər addımları azərbaycanlıların evlərinin talan edilməsi, yandırılması və mülki əhalinin qəddarlıqla qətlə yetirilməsi ilə müşahidə olunurdu. Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərinə od vurulurdu. Ermənilərin qarət və yandırdığı evlər arasında Şıxıyevlərin, Həsənovların, Cəbrayılovların, qəza müftisinin, Hüseynbəyovun, Əlimirzəyevin, Əfəndiyevin, Babayevlərin, Məhərrəmovların, Veysovların, Böyük bəy Hüseynovun, Hacı Vahab Ələkbərovun və başqalarının mülkləri də var idi. Ermənilər və malakanlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirdilər. Ermənilər evlərə soxulur, onların sakinlərini qətl və qarət edir, sonra isə yandırırdılar. Gecə müsəlmanlar təslim olmaq barədə qalib ermənilərin yanına nümayəndələr göndərir və sülh xahiş edirlər. Lakin atəş dayandırılmır. Yanğınlar bütün bölgəyə yayılır və səhərə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır. Yandırılmış evlərdən qaçaraq canını qurtarmaq istəyən sakinlərin – kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları açıqcasına, yaxud tinlərdən atəşə tuturlar. Adamları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirirlər. Şəhərin küçələrində meyidlərdən qalaqlar yaranır. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağıla sığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Öldürmək və evlərini yandırmaq hədəsi ilə ermənilər azərbaycanlılardan onların pul və qiymətli şeylərini alır, lakin çox vaxt pul və qiymətli şeyləri vermələri belə azərbaycanlıları ölümdən və evlərini yandırılmaqdan xilas edə bilmirdi. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyidləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla təhqir olunmuşlar. Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyidləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlak araba və furqonlarla erməni və malakan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam edir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin Şamaxıya köməyə gəlməsi ilə qorxuya düşən ermənilər və malakanlar Şamaxı qəzasının Qozlu-çay malakan kəndinə çəkilirlər. Azərbaycanlı silahlı dəstələri onları təqib edir. Lakin onlara mə’lum olur ki, ermənilər və malakanların qüvvələri onlarınkından qat-qat üstündür. Ona görə də strateji mülahizələrlə dörd gündən sonra azərbaycanlı silahlı dəstələr şəhəri tərk etməyə məcbur olurlar. Gəncədən olan silahlı dəstələrlə Şamaxının demək olar ki, əksər müsəlman əhalisi şəhəri tərk edir. Ancaq çox tələsik olduğu üçün onlar hətta özləri ilə vacib əşyalarını belə götürə bilməyərək onları talein hökmünə buraxırlar. Çoxlu şəhər sakini xüsusilə yoxsullar, xəstələr, qocalar, qarılar və uşaqlar şəhərdə qalır. Gəncədən olan silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra erməni və malakan quldur dəstələri geri qayıdaraq ikinci dəfə Şamaxını tuturlar. Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıq, qəzəb və qaniçənliklə həyata keçirilir. Şəhərdə qalan azərbaycanlı əhali uşaqlar, qadınlar, qocalar da daxil olmaqla tamamilə məhv edilmişdir. Küçələr, həyətlər, evlər, məscidlər meyidlərlə dolu idi. Şəhərdə azərbaycanlıların bütün hərəkət edən əmlakı qarət edilərək erməni və malakan kəndlərinə aparılmışdı. Şəhərin bütün azərbaycanlı hissəsi oda tutulmuşdur. Şəhərdəki bütün məscidlər (on iki məhəllə və təkcə ibadət yeri olmayıb 800 illik tarixi olan böyük arxitektura abidəsi olan «Cümə məscidi»), onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Bir sözlə şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələri tamamilə xarabazarlığa çevrilmiş, bir dənə də olsa azərbaycanlı evi sağ qalmamışdır.

Ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı bir neçə min azərbaycanlı qətlə yetirilmişdir. Onların arasında təkcə Şamaxıda deyil bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Onlardan məşhur axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşlər. Ermənilər əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişlər. Ermənilərin qəddarlıqla öldürdüyü şəhərin nüfuzlu azərbaycanlı şəxsiyyətləri arasında şəhər hakimi Teymur bəy Xudaverdov, birinci dövlət dumasına Şamaxıdan deputat seçilmiş Məmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül Xəlil Əhmədov, Hacı Əbdül Hüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seidov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Hacı Əbdül-Qasım Qasımov, Əyyubağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa Ağalarov, Məhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlu və bir çox başqaları da var idi.

Ermənilər xilas olmaq üçün Hacı axund Cəfərqulunun evinə və həyətinə pənah gətirmiş çoxlu qadın və uşaqları da öldürmüş və ya diri-diri yandırmışlar. Hacı axundun tamamilə yandırılmış evinin həyətində fövqəladə təhqiqat komissiyasının üzvləri çoxlu xırda insan sümükləri aşkar etmişlər. Meyidlərin iri sümüklərini isə türklər 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən yığıb basdırmışlar. Komissiya üzvlərinin 1918-ci ilin oktyabr-noyabrında bu barədə hazırladığı məruzədə qeyd olunurdu ki, həyətdə hələ indi də çürümüş meyidlərin iyi qalmaqdadır. Habelə yandırılmış digər evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümükləri də aşkar edilmişdir.             Məruzədə göstərilirdi ki, bir neçə məscidin, evin və mağazaların xarabazarlıqlarının, habelə insan sümüklərinin 45 ədəd foto şəkilləri də çəkilmişdir. Fövqəladə təhqiqat komissiyasının digər məruzələrindən birində deyilirdi ki, erməni hərəkatının rəhbərlərindən biri Bakıda öz tanışları qarşısında lovğalanaraq demişdir ki, Şamaxı hadisələri zamanı bu şəhərdə 10 nəfər müsəlman qızını əvvəlcə zorlamış, sonra isə onları öz şəxsi tapançası ilə güllələmişdir.5

Məruzədən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur. Şamaxı şəhərinə hücum, onun dağıdılması, dinc azərbaycanlı əhaliyə – qadına, qocaya, uşağa qəddarcasına divan tutulması yalnız ermənilərin azərbaycanlılara qarşı milli intiqam və milli düşmənçilik hissindən irəli gəlir və ikili məqsəd daşıyırdı. Bir tərəfdən azərbaycanlıları kütləvi surətdə qırmaq, digər tərəfdən isə onların hesabına var-dövlət əldə edib varlanmaq. Şamaxını talan edən erməni quldur dəstələri bu ideyadan ilham alırdılar: Öldürüb talamaq! Talayıb öldürmək!

Şamaxı üzərinə hər iki hücum zamanı yanğınlar, talanlar, qətillər bilavasitə illərlə Şamaxıda sülh şəraitində yaşamış, azərbaycanlılardan daim hörmət görmüş Şamaxıdan olan nankor yerli ermənilərin rəhbərliyi ilə daşnaklar tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdir. Bu əməliyyatlara Stepan Lalayev, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Petrosyants, ata və oğul İvanovlar, dəllək Avanesov, Şuşalı Aqamalov və b. rəhbərlik etmişdir. Rəhbərlik etməklə yanaşı bu şəxslər quldur dəstələrinin digər üzvləri ilə birlikdə və onlarla bərabər azərbaycanlı evlərini yandırmaq, talan etmək və dinc əhalinin qətillərində də bilavasitə iştirak etmişlər. Yüzlərlə şahidlər və zərərçəkənlər dindirilərkən bu qatillərin adlarını çəkmiş, qətl və qarətdə bilavasitə iştirak etdiklərini təsdiq etmişlər. Onlar yerli ermənilərdən keçmiş qəza rəisinin müavini Qavril Karaoğlanovun, keçmiş Şamaxı poçta-teleqraf kontorunun rəisi Arşak Gülbəndiyanın, Şamaxı erməni kilsəsinin hami-ktikoru Mixail Arzumanovun, Şamaxıda məşhur tacir E.İvanyantsın, dəllək Samvel Dolievin və b. bu kimi hadisələrin şəxsən iştirakçısı və icraçısı olduqlarına şəhadət vermişlər.

Toplanılmış çoxlu əşyayi dəlillər, zərərçəkənlərin və şahidlərin ifadələri əsasında fövqəladə təhqiqat komissiyasının üzvü A.Novatski həmin komissiyanın sədrinin adına yazdığı məruzədə dinc azərbaycanlı əhaliyə qarşı eşidilməmiş cinayətlər törətmiş həmin şəxslərə qarşı cinayət işi qaldırmağı təklif edir.6

1919-cu il iyul ayının 12-də Azərbaycan Cümhuriyyəti hökuməti yanında Fövqəl’adə təhqiqat komissiyası Şamaxı şəhərinin dağıdılması və bu şəhərin azərbaycanlı əhalisi üzərində zorakılıq halları barədəki təhqiqat işi haqqında komissiyanın üzvü A.Novatskinin məruzəsini dinləyərək şahidlərin və zərərçəkənlərin ifadələri, törədilmiş cinayətlərin təhqiqi, yandırılıb dağıdılmış yerlərə baxış və s. əsasında Şamaxı şəhərində törədilən cinayətlərdə əslən Şamaxıdan olub Bakı şəhərində yaşayan Stepan Lalayevin, Şamaxı şəhərinin sakinləri Qavril Karaoğlanovun, Arşak Gülbəndyanın, Mixail Arzumanovun, Karapet Karamanovun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail Xaçaturovun və başqalarının (cəmi 31 nəfərin) Şamaxı qırğınlarının başlıca caniləri olduqları göstərilir. Komissiyanın bu məsələ ilə bağlı qəbul etdiyi qərarda deyilirdi ki, bu cəlladlar Azərbaycan xalqına qarşı ədavət əsasında milli və dini zəmində əvvəlcədən öz aralarında razılaşaraq bir neçə min nəfər erməni qüvvələrini öz ətraflarında birləşdirərək top, pulemyot, tüfəng, tapança və xəncərlə silahlanaraq öz qarşılarında Şamaxı şəhərində olan azərbaycanlı əhalini qırmaq, əmlaklarını qarət və məhv etmək məqsədi qoymuşdular. Bunun üçün də 1918-ci il martın 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlılar yaşayan hissəsinə hücuma keçirlər. Bir neçə gündə bir neçə min dinc azərbaycanlı əhalini – kişi, qadın, uşağı qətlə yetirmişlər. Özü də bü qətillər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Belə ki, qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş,gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, çox böyük əziyyətlərlə öldürülmüşlər. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatlıqdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan «Cümə məscidi» yandırılmışdır. Fövqəladə təhqiqat komissiyası bu vandalizmin başlıca təşkilatçıları haqqında cinayət işi qaldırmaq, onları məsuliyyətə cəlb etmək və istintaq işinə başlamaq haqqında qərar qəbul edir.7

Şamaxı şəhəri kimi Şamaxı qəzasının nə az, nə çox 86 azərbaycanlılar yaşayan kəndi də ermənilərin xaincəsinə qəfil hücumlarına məruz qalmışdır.

Martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstliyində olan Əngəxaran kəndinə də qəfil hücum olur. Müdafiəsiz kəndə soxulan düşmən Əngəxaranda  ermənilərin  törətdikləri  vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən ermənilərin böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var.8 Əngəxarana soxulan düşmən ermənilər və malakanlar kəndi mühasirəyə alaraq oradakı əhalini qırır, kəndi qarət edir, yandırır və sağ qalan əhalini isə əsir alır. Əsir alınmış Əngəxaran sakinlərinin uşaqları azərbaycanlı kəndi olan Məlhəmə aparılıb orada saxlanılır. 88 kişini isə malakan kəndi Çuxuryurda aparırlar. Kəndə çatmamış onlar əsirləri bağda saxlayaraq bir neçə nəfərini güllələyirlər. Qalan 76 nəfəri isə əsir kimi Mədrəsə kəndində yerləşən erməni qərargahının sərəncamına göndərirlər. Yolda iki nəfəri də güllələyirlər. Mədrəsə kəndinə cəmi 74 nəfər sağ azərbaycanlı gəlib çıxır. Gəncədən gələn silahlı dəstələr Şamaxıya girdikdə Əngəxaran kəndindən olan nümayəndələr Mədrəsəyə aparılmış qohumlarının taleindən xəbər tutmaq üçün Mədrəsə kəndinə gəldikdə onlar kəndin kənarında əngəxaranlı əsirlərin hamısının öldürüldüyünü və meyidlərinin eybəcər hala salındığının görürlər. Meyidlərin qulaqları, burunları, əlləri və ayaqları kəsilmiş, bir çox ölülərin döşlərində yanıq izləri aşkar edilmişdir. Bu da sübut edirdi ki, hələ onlar sağ ikən ermənilər onların sinələri üzərində od qalamışlar. Bundan başqa dağıdılmış kənddən qaçıb canını qurtara bilmiş Əngəxaran sakinlərinin çoxu aclıqdan, soyuqdan və xəstəlikdən tələf olmuşlar. Komissiyanın məruzəsində göstərilirdi ki, qısa bir vaxtda Əngəxaran əhalisi yarıbayarı azalmışdır.

Respublikamızın dövlət arxivlərində saxlanılan yüzlərlə sənəd Şamaxı qəzasının azərbaycanlı kəndlərində ermənilərin törətdikləri vəhşilikləri də əyani şəkildə ifşa edir. Təəssüflər olsun ki, Şamaxı şəhəri və Şamaxı qəzasındakı qətllər və dağıntılarla bağlı fövqəl’adə təhqiqat komissiyası tərəfindən aparılan təhqiqat və araşdırma işləri tamamilə başa çatdırılaraq yekun sənədlər və mə’lumatlar hazırlanmadığı üçün Şamaxı şəhəri və Şamaxı qəzasındakı azərbaycanlı kəndlərinə dəymiş ümumi zərərin miqdarı və öldürülmüş, yaralanmış əhalinin ümumi sayı haqqında əlimizdə dəqiq məlumat yoxdur. Lakin həmin komissiya tərəfindən toplanılmış və əlimizdə olan çoxlu ilkin mə’lumatlar əsasında Şamaxı qəzasının kəndlərində azərbaycanlılara dəymiş zərər, öldürülən və yaralananlar haqqında hesablamalar aparmaq mümkündür.

1919-cu il aprel ayının 3-də Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyi Şamaxı   qəza  rəisinin   Fövqəladə   təhqiqat   komissiyasına  həmin  qəzanın 3 polis  sahəsi (Qəbristan, Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərin siyahısı göndərilmişdir. Həmin siyahıya Qəbristan polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin (cəmi 86 kəndin) adı daxil edilmişdir.9 Fövqəladə təhqiqat komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatların – şahid ifadələri, zərərçəkənləri dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatlar, ölən və yaralananların siyahısı və s. əsasında 53 kənd üzrə tərtib edilmiş yekun aktlarında ayrı-ayrıkəndlər üzrə ölənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu kəndlərdən bir neçəsində ölənlərin sayı və dəymiş zərərin ümumi məbləği aşağıdakı kimidir: Nəvahi kəndində cəmi 995 nəfər azərbaycanlı öldürülmüşdür ki, onlardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər 60 milyon manat olmuşdur; Yəhyalı kəndində 922 nəfər öldürülmüşdür ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri qadın və  150 nəfəri uşaq idi, kəndə dəymiş ümumi maddi zərər 22 milyon manat olmuşdur; Qubalı Baloğlan kəndində 553 nəfər öldürülmüşdür ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 135 nəfəri uşaqlar idi, kəndə dəyən ümumi maddi zərər 90 milyona yaxın olmuşdur; Kalva kəndində 500 nəfər öldürülmüşdür ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 100 nəfəri uşaq idi, kəndə dəyən ümumi zərər 24 milyon manat olmuşdur; Ağsu kəndində 500 nəfər öldürülmüşdür ki, onlardan 200 nəfəri kişi, 300 nəfəri qadın olmuşdur, kəndə dəyən ümumi maddi zərər 36,5 milyon manat olmuşdur; Tircan kəndində 360 nəfər öldürülmüşdür ki, onlardan da 300 nəfəri kişi, 40 nəfəri qadın və 20 nəfəri uşaq idi. Kəndə dəyən ümumi maddi zərər 21 milyon manata yaxın olmuşdur; Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olmuşdur, kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur. Qalan bütün kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda göstərilən qayda üzrə aparılmışdır. Bütün aktlar fövqaladə təhqiqat komissiyasının üzvləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişlər. Bu aktlarda olan rəqəmlər üzrə bizim hesablamamıza görə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Hesablamamıza görə bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat olmuşdur.10 Dəymiş maddi zərərlər yandırılmış və dağıdılmış yaşayış evləri və digər tikililərin, qovulub aparılmış və ya məhv edilmiş iri və xırda buynuzlu mal-qaranın, oğurlanmış və yandırılmış ev əşyalarının, aparılmış və ya  məhv  edilmiş kənd  təsərrüfatı  alətlərinin,  taxılın,   mal-qara  üçün yemin, qırılı        dağıdılmış üzüm, tut və meyvə bağları və s. üzrə hesablanırdı. Ermənilərin azərbaycanlıların evlərinə, mal-qara, əkin sahələrinə münasibətdə törətdikləri hərəkətlər sözün əsil mənasında vandalizmin, vəhşiliyin əsil nümunəsi idi. Onlar tutduqları yerlərdə ilk növbədə evləri qarət edib yandırır, mal-qaranı isə sürüb aparırdılar. Bu vəhşilər mal-qaranı sürüb aparmağa imkan tapmadıqda tövlələrə od vurub dilsiz-ağızsız heyvanları belə diri-diri yandırırdılar. Üzüm, meyvə və tut bağlarındakı ağac və meynələri vəhşiliklə doğrayırdılar. Bir sözlə onlar özlərindən sonra heç nə qoymurdular. Ona görə də Şamaxı şəhərinin və Şamaxı qəzasında ermənilərin dağıdıb məhv etdikləri azərbaycanlı kəndlərinin sağ qalmış əhalisi sözün əsil mə’nasında dilənçilərə çevrilmiş, Azərbaycanın başqa rayonlarına və Bakı şəhərinə pənah gətirmişlər. Təəssüflər olsun ki, Sovet hakimiyyəti illərində xalqımıza edilmiş bu zülm unudulmuş, Stepan Lalayevə bəraət verilmiş, bu işin əsas təşkilatçısı olan S.Şaumyan o vaxtlar Şamaxı qəzasına daxil olmuş rayonlarda ən əziz adam kimi yad edilmişdir. Onun adına küçələr, kolxozlar qoyulmuş, şəkilləri idarələrimizdə ən görkəmli yerlərdən asılmışdır. Bu unutqanlığımız isə bizə çox baha başa gəldi. Minlərlə say-seçmə oğullarımızı, ərazimizin 20 faizini itirdik, 1 milyon soydaşımız öz ölkəsində qaçqına çevrildi.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi

ATAXAN PAŞAYEV

 


  1. S.Şaumyan, seç. əsər., 2-ci cild, səh. 261.
  2. ARDSPİHA, f. 277, siy. 2, iş 16, vər. 9-14.
  3. ARDA, f. 1061, siy.1, iş 108, vər. 8-10.
  4. Yenə orada, iş 105, vər. 1.
  5. ARDSPİHA: f. 227, siy. 2, iş 16, vər. 18.
  6. ARDA: f. 1061, siy. 1, iş 108, vər. 10.
  7. Yenə orada, vər. 5.
  8. Yenə orada, iş 100, vər. 19-24.
  9. Yenə orada, iş 85, vər. 1-3.
  10. Yenə orada, iş 85, 87, 100 və s.