Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-03-01 06:34:13
Baxış sayı : 3458

Azərbaycan ordusu və diplomatiyasının şanlı tarixi.

Cəfər bəy Rüstəmbəyovu tanıyaq

 

Azərbaycan tarixində iz qoymuş tanınmış soyadlardan biri də  Rüstəmbəyovlardır. Azərbaycanın istiqlalını bəyan etmiş Azərbaycan Milli Şurasının ilk  tarixi iclasında iştirak etmiş tanınmış ictimai-siyasi xadimlərdən biri də Şəfi bəy Rüstəmbəyov olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, jurnalist, hüquqşünas, Daxili İşlər Nazirinin müavini, Himayəetmə Nazirliyinin  qaçqınların işləri  üzrə baş müvəkkili, rus dilində nəşr edilən "Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyov, eləcə də ayrı-ayrı vaxtlarda müxtəlif vəzifələrdə, o cümlədən hökumətin qərarı ilə Azərbaycanın Kuban, Krım, Don hökumətləri nəzdində diplomatik nümayəndəsi, Kubandan Bakıya qayıtdıqdan sonra isə Cümhuriyyət hökumətinin qərarı ilə Ticarət, sənaye və ərzaq nazirinin müavini işləmiş, Azərbaycan sovetləşdirildikdən  sonrakı  dövrlərdə, o cümlədən, 1922-ci il  martın 12-də Zaqafqaziya Sosialist  Federativ Sovet Respublikası yaradıldıqdan sonra  Zaqafqaziya  dövlət ticarəti kollegiyasının üzvü, həbsindən əvvəl  Zaqafqaziya dəmir yolunda səhiyyə  şöbəsinin müdiri vəzifələrində çalışmış Cəfər bəy Rüstəmbəyov bu soyadın tanınmış  nümayəndələrindəndir.  Əvvəlki dövrlərdə işıq üzü görmüş kütləvi nəşrlərdə və ensiklopediyalarda yuxarıda adı çəkilən şəxslər haqqında məlum səbəblər ucbatından kifayət qədər məlumatlar dərc edilmədiyindən, onlar haqqında  bilgilər demək olar ki, yox səviyyəsində olmuşdur. Yalnız 1991-ci ildə,  Azərbaycan Respublikası yenidən öz müstəqilliyini əldə edərək,  Azərbaycan Xalq Cümhuriyyətini özünün varisi elan etdikdən sonra həmin dövrün tarixi geniş şəkildə  tədqiqata cəlb edilərək, öyrənilməyə başlandı. Artıq işıq üzü görmüş Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında və digər elmi-kütləvi nəşrlərdə Cümhuriyyətin bir çox ictimai-siyasi və dövlət  xadimləri  və onların  silahdaşları haqqında ətraflı məlumatlar dərc edilmişdir. Hazırkı dövrün  kütləvi nəşrlərində Şəfi bəy Rüstəmbəyovun həyat və fəaliyyəti  haqqında müəyyən həcmdə məlumatlar dərc edilmiş olsa da, onun böyük qardaşı Cəfər bəy Rüstəmbəyov haqqında  hər hansı bir  məlumat demək olar ki, dərc edilməmiş və yaxud dərc edilmiş  məlumatlar  olduqca  qısa və natamam olmuşdur. Tariximizin  hər  bir  səhifəsinə  dərin hörmət  və  ehtiramla yanaşaraq, arxiv sənəd və materialları, həmin dövrün  mətbuatı və digər mənbələr əsasında,  Cəfər bəy Rüstəmbəyov haqqında hazırladığım məqaləni hörmətli oxucularımızın diqqətinə  çatdırıram. 

 

 Denikinə qarşı çıxır 

Cəfər bəy Rüstəmbəyov 1884-cü ilin sentyabrında dünyaya gəlmiş və Gəncə quberniyasının Ərəş qəzasının Mamaylı kəndində qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin f.1775, "Azərbaycan SSR Ali İnqilabi Tribunal” adlı fondunda digər sənədlərlə yanaşı, 1920-ci il, avqustun 14-də Cəfər bəy Rüstəmbəyovun adına tərtib edilmiş  692№-li həbs vərəqi  və 35№-li həbs anketi qorunub saxlanılır. Həmin sənədlərdə Rüstəmbəyovun Nuxa Fövqəladə Komissiyası tərəfindən həbs edildiyi, 36 yaşında, ali təhsilli həkim, evli, həkimlər ittifaqına üzv olduğu və həbsindən əvvəl isə Bakı şəhərində Parapet-12 ünvanında (indiki Nizami-Fəvvarələr meydanı-müəl.) yaşadığı haqqında məlumatlar qeyd edilmişdir. Cəfər bəy ali təhsilini 1910-u ildə  Xarkov  Universitetində  başa  vuraraq, həkim  peşəsinə yiyələnmişdir. O, 1905-1910-cu illərdə  eser (sosialist-revolyusiner)  partiyasının üzvü olmuş, 1911-ci ildə hərbi həkim kimi   səfərbər edilmişdir. Cəfər bəy Rüstəmbəyov I Cahan müharibəsinin  başlanması ilə əlaqədar  xidmətə çağırılmış, əvvəlcə 58-ci piyada polkunda, sonra isə 1917-ci ilə qədər lazaretdə (hərbi xəstəxanada) həkim işləmişdir. O, 1917-ci ildən 18  fevral 1918-ci ilədək Krımda şəhər lazaretində həkim vəzifəsində çalışmışdır. 

      Rüstəmbəyov  "Əksinqilab, spekulyasiya, sabotaj  və vəzifə cinayətləri ilə  mübarizə”  üzrə Azərbaycan Fövqəladə Komissiyasında yazdığı izahatnamədə qeyd edir ki, Almanlar 1919-cu ilin  yanvarında Krımı tərk etdikdən sonra Denikinin  qoşunları  dərhal oranı zəbt edərək, səfərbərlik elan etmişdir. Denikinin basqınlarından sonra Rüstəmbəyov da daxil olmaqla, Krımın müsəlman ziyalıları könüllülər ordusuna və  onun  elan etdiyi səfərbərliyə qarşı təşviqata başlamışdılar. Krımın müsəlman ziyalıları Könüllülər ordusuna qarşı apardıqları təşviqata görə, Denikin  casuslarının yoxlanışlarına məruz qalmış, onlardan bəziləri saxlanılaraq  aradan götürülmüş, bəziləri isə Krımdan qaçmağa nail olmuşdular. Cəfər bəy Krımdan Bakıya gəlmişdir. Bakıya qayıtdıqdan sonra buradakı tanışları onu, Azərbaycanın xeyrinə  olaraq Krım hökuməti nəzdində  Azərbaycanın nümayəndəliyi  vəzifəsini qəbul  etməyə vadar etmişlər. Rüstəmbəyov AzFK-dakı ifadəsində həmçinin qeyd edirdi kionun Kubandakı rolu Azərbaycan vətəndaşlarınıDenikinin elan etdiyi səfərbərlikdəazad olunması üçüonlara şəxsiyyəvəsiqələrinin verilməsindəvəKubankazaklarınıdağıstanlılaraqarşı göndərilməsi ilə bağlı Kuban hökumətinə yazılı və şifahi etirazlarıgöndərilməsindəibarətolmuşdurLakin onun ifadəsində həmçinin təəssüflə qeyd edilirdi kietirazlarısəhradakı tənha insanıeşidilməyəncavabsı çağırışlarına bənzəyirdi. Çünki oradakı operativ hissəyə Denikinin qərargahı rəhbərlik edirdi və oDağıstan və Azərbaycana ədavətlə yanaşırdı”.

 

 Kuban və Krım dadiplomatik nümayəndə və ticarəmüvəkkilikimi

 Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb tarixi bir şəraitdə, keçmiş Rusiya İmperiyasının dağıntıları içərisindən yaradılmışdır. Həmin dövrdə təkcə Azərbaycan deyil, bütün Qafqaz bölgəsi həm böyük dövlətlərin, həm də Rusiyada  hakimiyyət uğrunda amansız vətəndaş müharibəsi  aparan nəhəng  siyasi qruplaşmaların - bir tərəfdən Kolçak  və Denikin  qoşunları, digər tərəfdən isə sovet hökumətinin  maraqlarının qarışdığı meydana  çevrilmişdir. Belə bir mürəkkəb tarixi şəraitdə istiqlaliyyətini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinə qarşı  təhlükə ilk  növbədə şimaldan gözlənilirdi. Azərbaycan şimal-qərbdən  Kolçak və Denikinin "könüllülər ordusu”nun, şimal-şərqdən isə Rusiya  bolşeviklərinin   təcavüzü  təhlükəsi qarşısında  dayanmışdı. Mövcud vəziyyətin çətinliyi  həm də onunla  izah  olunurdu  ki,  hər  iki qüvvə - istər Sovet  hökuməti, istərsə də Kolçak və Denikinin " könüllülər  ordusu”  bir-birinə qarşı apardıqları mübarizədə Azərbaycanı müttəfiq  qismində  özünə  tərəf kimi  çəkməyə cəhd  göstərirdilər. Bununla bağlı 15 fevral 1919-cu il  tarixli  "Azərbaycan” qəzetində qeyd edilirdi: ”... keçmiş  Rusiya  imperiyasında  öz  müqəddəratlarını təyin etmiş xalqların işləri ya bolşeviklərlə, ya da "könüllülər ordusu” ilə  olurdu”. Lakin istər " könüllülər ordusu”,  istərsə də bolşevizm rəhbərliyi  bir qayda olaraq, yeni yaranmış müstəqil dövlətləri aşkar surətdə yıxmağa cəhd göstərirdilər. Bu səbəbdən də, öz istiqlaliyyətini təyin etmiş xalqlar dövlət quruculuğunda heç  bir halda bolşevik Rusiyasına arxalana bilmirdilər. Denikinin "könüllülər ordusu”na  gəlincə isə  yarandığı ilk andan açıq- aşkar monarxiya rənginə boyanmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın daxili işlərinə qarışmayaraq,  oradakı  vətəndaş müharibəsinə  münasibətdə neytral mövqedə dayandı. İstiqlalını yenicə bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Rusiyadakı vətəndaş müharibəsinə  neytral mövqe nümayiş etdirməsi heç də onun özünü təcrid etməsi demək deyildi. Azərbaycanın 1-ci hökumət kabinetinin sədri F.X.Xoyski 1918-ci ilin dekabrında  Parlamentin iclasındakı çıxışında qeyd edirdi: "Azərbaycan istiqlaliyyəti ondan ibarət  deyil ki, özümüzlə özgə dövlətlər arasında bir divar yapaq. Aşkardır ki, müstəqil  Azərbaycan hökuməti özgə dövlətlər ilə rabitəyə girməyə çalışacaqdır. Bu rabitə əvvəlcə qonşu Rusiyada təşkil olunan məmləkətlər və Rusiyanın özü  ilə də olacaqdır. Özgə məmləkətlər ilə olacaq rabitə bir tək hökumətin vəzifəsi olmayıb, sizin qüvvəniz və göstərdiyiniz yol ilə hasil olacaqdır. Bu istiqlaliyyətin hamımız üçün əziz və sevgili olduğuna əminiz”. 

 

Azərbaycan hökumətinin 1918-ci il 23 oktyabr tarixli qərarı ilə Krım hökuməti nəzdində diplomatik nümayəndəliyin təşkil edilməsi xarici işlər nazirinə  tapşırılmışdı. Həmin tapşırıq yerinə yetirildikdən sonra Nazirlər Şurasının sədri və xarici işlər naziri  F.X. Xoyskinin 1919-cu il  aprelin  3-də  imzaladığı əmrlə Cəfər bəy Rüstəmbəyov  martın 19-dan etibarən ayda 4 min rubl  məvaciblə Azərbaycanın  Kubanda  diplomatik nümayəndəsi təyin edilmiş və ona yol xərcləri üçün təhtəlhesab  50 min rubl  ayrılmışdır. Rüstəmbəyovun hökumətin qərarı ilə Azərbaycan Respublikasının Kuban və Krımda diplomatik nümayəndə və ticarət müvəkkili təyin edilməsi haqqında məlumat   23 mart 1919-cu il tarixli 61№-li "Azərbaycan” qəzetində də dərc edilmişdir. Qeyd edirik ki, "Könüllülər  ordusu”nun  müstəqil  Azərbaycan Respublikasına qarşı təcavüzündən  qorunmasında və  Qafqazda  baş verə biləcək  qırğın  və yanğının  qarşısının  alınmasında  Azərbaycan  hökumətinin, onun ordusunun  və  diplomatiyasının  böyük rolu və xidməti olmuşdur. Bu sahədə  Azərbaycanın Kuban, Krım və  Don hökumətləri nəzdindəki diplomatik  nümayəndəsi Cəfər bəy Rüstəmbəyovun rolu və  xidməti də  danılmazdır. 

 

Denikinlə ermənilər arasında gizli saziş 

1919-cu ilin əvvəllərində " könüllülər ordusu” Şimali Qafqazda bir sıra qələbələrə  nail oldu və general Denikin Dondan  Vladiqafqazadək ərazidə rus ordu  komandanlığını qəbul  etdi. 1919-сu il, fevralın 11-də general  Denikin  Vladiqafqazı və Qroznını zəbt  etdi, martın  əvvəllərində isə  Simali  Qafqaz Dağlı Respublikasının hüdudlarına soxularaq,  bu respublikanın  hökumətinə  hakimiyyətdən  və respublikanın  işlərini  idarə  etməkdən  imtina  etməsini təklif  etdi. Denikin  qoşunlarının 1919-cu  ilin  əvvəllərindən başlayaraq Şimali Qafqaza etdikləri basqınlar Azərbaycan Respublikasının ciddi narahatlığına səbəb  olmuşdur. Azərbaycan Respublikasının nazirlər  şurasının sədri  və xarici işlər naziri F.X. Xoyskinin  1919-cu il martın 6-da  müttəfiqlər  qoşunlarının  Bakıdakı baş  komandanı general Tomsona  göndərdiyi  notada  qırğının və bütün Qafqazı bürüyə  biləcək yanğının qarşısını almaq məqsədilə  Denikin ordusunun  Qafqaz Dağlı respublikasına  qarşı törətdikləri təcavüzün dərhal  dayandırılması və denikinçilərin həmin respublikanın hüdudlarından çıxarılması üçün qəti tədbirlərin görülməsi xahiş  edilirdi. Lakin hökumətin təqdim etdiyi notaya rəğmən, Antanta qoşunlarının Bakıdakı baş komandanlığı tərəfindən Denikin   ordusunun  Dağlı Respublikasının ərazisindən çıxarılması  istiqamətində hər hansı bir tədbir  görülmədi. Tarixi mənbələr təsdiq edir  ki, Antanta  dövlətləri istər ağqvardiyaçıların, istərsə də  müstəqilliyini  yeni  elan  etmiş  dövlətlərin  hökumətləri ilə  əlaqələrini  kəsməyərək,  hər iki  tərəfi  özündən asılı  vəziyyətdə  saxlamağa  və həmin  vəziyyətdən  özlərinin  maraqlarına uyğun  istifadə  etməyə  çalışırdılar. 1918-ci ilin noyabrında  və 1919-cu ilin aprel ayında  keçirilmiş  Zaqafqaziya konfransında bir çox məsələlərə yanaşı,  Denikin təhlükəsi məsələsi də  müzakirə  edilmişdi. Şimaldan gələn təhlükə Azərbaycan və Gürcüstan Respublikalarını eyni  səviyyədə narahat etdiyi üçün konfransda  onlar  bu məsələdə həmrəy olduqlarını bildirdilər. Konfransda iştirak edən erməni nümayəndələri isə Denikinin könüllərinə  öz münasibətlərini birbaşa bildirməkdən çəkindilər. Tarixi mənbələr təsdiq  edir ki,  Azərbaycan və Gürcüstandan fərqli olaraq,  Ararat Respublikasının Denikin təhlükəsi ilə bağlı  öz planları olmuşdur. Bu planların böyük bir qismi İ.Şaxdinin 1931-ci ildə Tiflisdə çap edilmiş "Daşnaksutyun  Qafqazda rus ağqvardiyaçılarının və ingilis komandanlığının  xidmətində” kitabında öz əksini tapmışdır. Həmin kitabda sənədlərə istinadən göstərilir  ki, Könüllü ordu ilə Ermənistan hökuməti arasında gizli saziş mövcud idi. Həmin sazişə görə, Denikin ordusu  Azərbaycana və Gürcüstana hücum etdiyi zaman Ermənistan ağqvardiyaçılara köməklik  göstərməli idi. Könüllü  ordu isə öz növbəsində,  Şimaldan  bu respublikalara hücum etdiyi zaman Ermənistanın  Azərbaycana  və Gürcüstana  olan ərazi iddialarını silah yolu  ilə  həll etmək  üçün ermənilərə  əlverişli  şərait  yaratmalı  idi. Arxiv sənədləri təsdiq edir ki,"Könüllülər ordusunun” vəzifəli şəxsləri  və ermənilər  açıq-aşkar bəyan edirdilər  ki, Ermənistan və onun ordusu Azərbaycanla mübarizədə "Könüllülər ordusunun” avanqardıdır. Denikinin Azərbaycanı və Gürcüstanı  blokadaya aldığı vaxtlarda Ermənistan Novorossiysk və Batumi vasitəsilə özlərinə çörək gətirirdi. Bundan əlavə, rus hərbi gəmisi  erməniləri hərbi  mərmi və güllələrlə təmin edir, Ermənistan isə öz  növbəsində  həmin  hərbi sursatı ilk növbədə Azərbaycan və Gürcüstana qarşı yönəldirdi. Həmin dövrdə ermənilərin Qarabağda və Zəngəzurda göstərdikləri misli görünməmiş azğınlıqlar bunu bir daha təsdiq edirdi.  

 

Azərbaycanın maraqlarını qətiyyətlə qoruyub 

Denikin ordusu 1919-cu  ilin  may ayına Petrovsk və Dərbənd də daxil  olmaqla, demək olar ki, bütün Şimali Qafqazı zəbt edərək Azərbaycan Respublikasının sərhədlərinə daha da yaxınlaşdı. Azərbaycan  real təhlükə qarşısında qaldı. Yaranmış vəziyyəti  müzakirə etmək üçün  Azərbaycan parlamentinin  26 may və 5 iyun  1919-cu  il  tarixdə fövqəladə iclasları keçirildi. Parlamentin  26 may tarixli  iclasındakı  çıxışında M.Ə.Rəsulzadə qeyd  etdi ki, son  zamanlar  Azərbaycan  əhalisinin  həyəcanlı vəziyyətdə  olmasının  səbəbi  "könüllər  ordusu”nun  Petrovsk və Dərbəndi  zəbt  etməsidir: "Müstəqilliyimizin  müdafiə  edilməsinin  vacibliyi  aşkardır. Dağıstan  Azərbaycanın  qapısıdır və orda oturan düşmənlər Azərbaycanın və bütün  yeni  yaranmış dövlətlərin  düşmənləridir...Ona  görə də biz hökumətə  sual ilə  müraciət  edirik  ki, bizim  müstəqilliyimizin  qorunması  üçün  hansı  tədbirlər  görülmüşdü?” 

Parlamentin  5 iyun tarixli iclasında Nazirlər Sovetinin sədri Nəsib bəy Yusifbəyov bildirmişdi  ki, "könüllülər ordusu”nun Azərbaycanın müstəqilliyinə  baxışı  respublikamız üçün qəbuledilməzdir. O, həmçinin ingilis qüvvələrinin Qafqazdakı  komandanı general Q.N. Kori ilə görüşdüyünü  bildirərək, qeyd etmişdi  ki, Dağlı Respublikasında törədilən hadisələrdən  sonra Azərbaycan artıq ona edilən  vədlərə deyil, yalnız  öz qüvvəsinə  inanır: "Biz ingilis komandanlığından çoxlu  vədlər  almışıq, lakin  təkrar edirəm ki, verilən vədlər heç də həmişə özünü  doğrultmamışdır, ona  görə də  rifahımızı  vədlər  üzərində  qurmağa  bizim heç  bir  əsasımız  yoxdur. Qonşuya ümid  olan şamsız qalar. Yeganə  etibarlı ümidimiz öz  qüvvəmizdir  və  istənilən  düşmənin  kobud  çağırışını bu  qüvvəyə  arxalanaraq  qarşılamalıyıq. Düşmənlərimizin  iştahası  hədsiz, niyyətləri  isə  məkrlidir”.  

Parlamentin həmin  iclasında "Müsavat” və sosialistlər  fraksiyalarından daxil olmuş ümumi qətnamədə qeyd edilirdi: "Denikin  təhlükəsi haqqında  hökumət başçısının məruzəsini  dinlədikdən sonra Azərbaycan Parlamenti uca səslə  bildirir  ki,  Denikinin  bizim  dövlətçiliyimizə  qarşı niyyəti  köhnə  çar generallarının  kiçik xalqların məhkum  edilməsinə və azadlıqsevən  demokratiyanın  məhvinə  yönəlmiş  imperialist  cəhdlərinin  nəticəsidir, ona  görə  də qərara alınır: dövlətin  müdafiəsi məqsədi ilə hazırkı  hökumətin  tərkibindən xüsusi orqan ayrılsın və ona müdafiə sahəsində təcili  tədbirlərin görülməsi: ümumi səfərbərliyin elan edilməsi, ölkədə  və yaxud onun  ayrı-ayrı bölgələrində  fövqəladə  hərbi  və yaxud mühasirə vəziyyətinin elan edilməsi, qüvvədə olan qanunların müvəqqəti ləğvi və yaxud dəyişdirilməsi, könüllü  dəstələrin yaradılması, qeyri-məhdud kreditlərin təltəlhesab  xərclənməsi üzrə müstəsna səlahiyyətlər  verilsin”. 1919-cu il, iyunun  9-da Cümhuriyyət  hökumətin  qərarı ilə  tərkibi baş nazir Nəsib bəy Yusifbəyov, hərbi nazir S.S.Mehmandarov, xarici işlər naziri M.Y.Cəfərov, rabitə yolları  naziri X. Məlik-Aslanov və əmək naziri A.Səfikürdski  daxil olmaqla,  beş nəfərdən ibarət  Dövlət Müdafiə  Komitəsi yaradıldı. Ölkədə ümumi  səfərbərliyin, hərbi-müdafiə vəziyyətinin  elan  edilməsi  və  müdafiə  üzrə fövqəladə  tədbirlərin   görülməsi  hüququ  həmin  Komitəyə  verildi. Digər tərəfdən, hökumət hərbi  qoşunların  Dağıstan  cəbhəsinə  doğru çəkilməsinə qərar verdi. Azərbaycanın  səsinə  qonşu  Gürcüstan  da səs  verdi. Denikinin  müharibə təhlükəsinə  qarşı Gürcüstanla hərbi  konvensiya bağlamaq məqsədi ilə  Azərbaycanın  hökumət başçısı N.b.Yusifbəyov  və  hərbi  nazir S.b.Mehmandarov Bakıdan Tiflisə yola düşdülər. 1919-cu il iyunun 16-da Tiflisdə Azərbaycan və Gürcüstan Respublikaları arasında hərbi-müdafiə  müqaviləsi imzalandı. Qeyd edək ki, Zaqafqaziya konfransı tərəfindən,  müstəqilliyinə  və ərazi bütövlüyünə  təhlükə yarandığı  vaxt birgə mübarizə aparmaq üçün üç  respublikanın hərbi-müdafiə ittifaqı yaradılması ilə bağlı təklif irəli sürüləndə Azərbaycan və Gürcüstan bu təklifi qəbul edərək, müqaviləni imzaladılar. Ermənistan isə bundan imtina etdi. Bunun səbəbi "könüllülər ordusu ilə Ermənistan arasındakı gizli sazişin mövcudluğu idi.

Azərbaycan respublikasının Cənubi Rusiya silahlı qüvvələrinin komandanlığı ilə rəsmi münasibətləri yox idi. Denikinin Bakıdakı nümayəndəsi polkovnik Lazarev ingilis  komandanlığı nəzdində, Azərbaycanın Yekaterinodardakı nümayəndəsi Cəfər bəy Rüstəmbəyov isə Kuban hökuməti nəzdində fəaliyyət göstərmişdi. C.b.Rüstəmbəyov tutduğu həmin vəzifədə Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində və Denikinlə bağlı mümkün ola biləcək  toqquşmanın  və  yaxud  münaqişənin  qarşısının  alınmasında  böyük  rolu  olmuşdur C.b.Rüstəmbəyov "könüllülər  ordusu”nun  Azərbaycanla  qarşılıqlı  münasibətləri  məsələləri  ilə bağlı  dəfələrlə  Denikinin  komandanlığı  nəzdindəki  Britaniya  hərbi  missiyasının  başçısı,  general Briqqslə, həmçinin Cənubi Rusiya hərbi  qüvvələrinin ali baş komandanı  general Denikinlə görüşmüşdür. O, keçirdiyi bütün görüşlərdə Azərbaycanın maraqlarını qətiyyətlə qorumağa çalışmış və vəzifəsinin öhdəsindən lazımınca gəlmişdir. 

 

Ağqvardiyaçılar tərəfindən  həbs  olunma  təhlükəsi

Cəfər bəy 1919-cu il,  iyunun  7-də Yekaterinodar şəhərindən  Azərbaycanın xarici  işlər naziri  M.Y. Cəfərova  göndərdiyi 105№-li  məktubda həmin görüşlər  haqqında ətraflı  məlumat  təqdim  etmişdir. "Könüllülər  ordusu”nun  komandanlığı  ilə  diplomatik münasibətlərin  təyin edilməsinə  dair  hökumətin mənfi  münasibətini  və  neytral mövqeyini saxlamaq  haqqında  xarici işlər nazirinin  müavini Adil xan Ziyadxanovun  Azərbaycanın Kubandakı  nümayəndəsi  C.b. Rüstəmbəyova göndərdiyi  26 iyun  1919-cu il tarixli 1846 №-li  təcili  diplomatik  məlumatda (depeşada) qeyd edilirdi: "Rusiyanın  düzəngahında mübarizə aparan qüvvələrə münasibətdə  bizim  tutduğumuz bitərəfliyin  gözlənilməsi mövqeyi  doğrudur. "Könüllülər ordusu”  ilə Azərbaycan arasında diplomatik  nümayəndəliklərin mübadiləsi məsələsi hökumət tərəfindən mənfi  olaraq həll edilmiş, lakin eyni  zamanda, "könüllülər  ordusu”nun komandanlığı ilə müxtəlif məsələlər üzrə danışıqların aparılmasına ehtiyac olduğu hallarda, belə danışıqların aparılmasının əleyhinə deyilik. Eləcə də "könüllülər  ordusu” lazımi hallarda  Azərbaycan hökuməti ilə  danışıqların  aparılmasını ingilis  komandanlığı  nəzdindəki nümayəndəsinə - general Lazarevə  həvalə  edə bilər”. 

24 sentyabr  1919-cu il tarixli "Azərbaycan” qəzetində dərc olunmuş məlumatda bildirilirdi ki, Azərbaycan Respublikasının  Kuban və Don hökumətləri nəzdindəki  diplomatik nümayəndəsi  C.b.Rüstəmbəyov   Azərbaycanın  maraqlarını  müdafiə  etmək üçün Cənubi Rusiya Silahlı Qüvvələrinin  ali  baş komandanlığında  Azərbaycan Respublikasının  nümayəndəsi  təyin edilir. Denikin bolşeviklərə qarşı apardığı mübarizədə nə Azərbaycanı,  nə də Gürcüstanı müttəfiq qismində özünə tərəf çəkməyə nail  ola bilmədi. Buna cavab olaraq Denikin 1919-cu il, noyabrın 19-da Zaqafqaziyanın iqtisadi blokadaya alınması haqqında əmr imzaladı. Bu addımı general Denikinin  diplomatik  təzyiqinin  sonluğu kimi qiymətləndirmək də mümkündür. Denikinin  Azərbaycana və Gürcüstana qarşı elan etdiyi iqtisadi blokada  nəticəsiz qaldı. Denikin nə hərbi-siyasi yolla, nədə ki, iqtisadi blokada metodu  ilə həmin dövlətləri istila  edə bilmədi. C.b.Rüstəmbəy ağqvardiyaçılar tərəfindən  həbs  olunma  təhlükəsi qarşısında qaldığı üçün 1919-cu ilin  noyabrın sonlarında Novorossiysk  vasitəsilə Bakıya qayıtmalı oldu. 

C.b.Rüstəmbəyovun Fövqəladə  Komissiyada  yazdığı izahatnaməsində  qeyd  edirdi  ki, o, 1920-ci ilin fevralında ticarət, sənaye və ərzaq naziri  M.H.Hacinskinin təklifi ilə həmin nazirlikdə nazir müavini  təyin edilmişdir. Arxiv sənəd materiallarının  araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də C.b. Rüstəmbəyov  hökumətin 11 fevral 1920-ci il tarixli qərarı ilə ticarət, sənaye və ərzaq nazirinin  müavini  vəzifəsinə təyin  edilmişdir. Həmin  məlumat Cümhuriyyət  hökumətinin  rəsmi mətbu orqanı olan 18 fevral 1920-ci il tarixli 12№-li "Вестник Правительства Азербайджанской Республики” qəzetində dərc edilmişdir.  

 

1924-cü ildə Azərbaycan Milli Mərkəzini yaradıblar

 1920-ci ilin  əvvəllərində Rusiyada  gedən vətəndaş müharibəsinin  bütün cəbhələrində  köklü  dəyişikliklər  baş verdi. Yanvar ayında Krasnoyarskda Kolçakın 60  minlik ordusu  təslim oldu. Sovet ordusu yanvarın 2-də Tsaritsanı, 8-də isə Rostovu  ələ keçirərək Cənub cəbhəsində Denikinin  qoşunlarını  sıxışdırmağa nail oldu. Yuxarıda adı çəkilən generalların  bolşeviklərə  qalib gələ bilməyəcəyi  artıq açıq-aşkar  bəlli  idi. Lakin qonşu Rusiyada  vətəndaş müharibəsi hələ davam edirdi. Oradakı qeyri-stabil vəziyyət  yenə Azərbaycan hökumətini  narahat  edirdi. Həmin vaxtlar "Azərbaycan ”qəzetində qeyd edilirdi: "Biz çox məmnun olardıq ki, tezliklə Rusiyada hüquq qaydası hökm sürsün,  lakin elə hüquq  qaydası ki, bizim üzərimizə nə ağ, nə qırmızı, də ki, qara at üzərində işğalçı  göndərməsin”. 

Azərbaycanda  sovet hakimiyyəti  qurulduqdan sonra  C.b. Rüstəmbəyov sovet hakimiyyətinə qarsı millətçi əhval-ruhiyyəli ziyalıların bazası əsasında 1924-cü ildə yaranmış Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. Həmin Mərkəzə türk  ziyalıları, o cümlədən Müsavat  hökumətinin  üzvləri, keçmiş nazirlər və əksinqilabi müsavat və ittihad partiyasının nümayəndələri rəhbərlik edirdilər. Milli Mərkəzin  əsas məqsədi sovet hakimiyyətini yıxaraq, müstəqil  Azərbaycan Demokratik Respublikasını  yaratmaq olmuşdur. 1931-ci il, 5 sentyabr tarixdə Azərbaycan milli mərkəzinin 53 nəfər üzvünə qarşı ittiham irəli sürülmüşdür.  Azərbaycan milli mərkəzinin üzvlərinin, o cümlədən C.b. Rüstəmbəyovun  çox acı taleyi olmuşdur. Onların bəziləri güllələnmiş, bəziləri həbs olunmuş, bəziləri isə  doğma yurd-yuvalarından sürgün edilərək  məşəqqətli həyat tərzi keçirmişlər. Cümhuriyyət dövrünün bir sıra tanınmış ictimai-siyasi xadimləri  kimi C.b.Rüstəmbəyov da qırmızı terrorun qurbanı olaraq, 1938-ci ildə  vəfat etmişdir.

                                                                                                                                                                                                           

                                                                                                                                                                                             Rafiq Səfərov

                                                                                                                                                           Milli Arxiv İdarəsinin baş məsləhətçisi            

 

 

                                İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:

      1. Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика.Баку. 1998.с.619

      2. Вестник Правительства Азербайджанской Республики.1920.18 февраля 1920 г. №12.

      3. «Зеркало». 25 октября.1997. №42(527)

      4. ARDA  f.1775  siy.2  iş 320 v.2.

      5. Ədalət Tahirzadə.” Ali təhsil tariximizdən” Nərmin xanım Tahirzadənin (1921-2012)  müqəddəs ruhuna bağışlayıram.    Azərbaycan qəzeti. 3 fevral                2012. №5.

     6.  ARDA  f. 1775  siy.2  iş 320.

     7.  ARDA  f. 1775  siy.2  iş 320.

     8.  Азербайджан 1919 15 февраля.

     9.  Azərbaycan  Xalq Cümhuriyyəti(1918-1920). Parlament.cild I. səh.122

   10.  Собрание узаконений.ст.267.с.87

          Азербайджанская Демократическая Республика(1918-1920).Законодательные акты.Баку.1998  с. 246

   11.  ARDA.f.970.siy.2.iş.120. v.1.

         Азербайджанская Демократическая Республика (1918-1920).Внешняя политика. Баку.1998  с.196.

   12 . Азербайджан.1919.23 март. № 61.

   13. Азербайджан.1919, 9 марта.

   14Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика. Баку. 1998.с.96-98.

   15. Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика. Баку. 1998.с.198-199.

   16. Азербайджанская Демократическая Республика (1918-1920). Парламент. Баку-1998. с.421

   17. Азербайджанская Демократическая Республика (1918-1920). Парламент. Баку-1998. с.446

   18. Азербайджанская Демократическая Республика (1918-1920). Парламент. Баку-1998. с.452.

   19. Азербайджанская Демократическая Республика (1918-1920). Армия. Баку.1998. с.104-105.

   20. Азербайджанская Демократическая Республика (1918-1920). Парламент. Баку-1998. с.451

   21.  ARDA f.894 siy.10 iş 112 v.9-16.

   22. Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика. Баку.1998. с.269-271.

   23. ARDA  f.970  siy.2  iş 120. v.1.

   24. ARDA  f.970  siy.1  iş   89  v.9-10.

         Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика. Баку.1998. с.254-257.

   25. ARDA  f.970 siy.1  iş 89 v.37-38.

   26. Азербайджан.1919.24 сентября .

         Азербайджанская Демократическая Республика (1918-1920). Внешняя политика. Баку.1998.с.301.

   27Вестник Правительства Азербайджанской Республики.1920.18 февраля 1920 г. №12.

         Азербайджан.1920.,16 января.

   28Азербайджан.1920.,16 января.

 

   29. Z.M. Bünyadov. Azərbaycan  tarixi  sənədlər  və  nəşrlər  üzrə. Bakı.1990. s.265-270.



Bugün: 909
Dünən: 895
Bu həftə: 909
Son həftə: 7962
Bu Ay: 27837
Son Ay: 27515
Bu İl: 126183
Ümumi: 1035356
1035356