İstedadlı qələm sahibi, publisist, jurnalist və ictimai xadim, ğörkəmli mollanəsrəddinçi, Ömər Faiq Nemanzadə XX əsr Azərbaycan milli mətbuatının inkişafında , xalqımızın milli dirçəlişi və xoşbəxt gələcəyi uğrunda mübarizədə yaxından iştirak etmiş və ictimai-fikir tariximizdə öz dəst-xətti ilə tanınmış mütərəqqi ziyalılarımızdan biridir.
Ö.F. Nemanzadə “mollanəsrəddinçilər” adlı fikir cərəyanının rəhbəri Cəlil Məmmədquluzadənin sədaqətli məslək yoldaşı olmuşdur. C.Məmmədquluzadə əvvəlcə “Şərqi-Rus”da, sonra isə “Qeyrət” mətbəəsində birgə fəaliyyəti ərzində Ömər Faiqi istedadlı qələm sahibi və öz əqidəsinə uyğun mətbuata ehtiyacı olan bir mühərrir kimi tanımışdı. Ömər Faiq Nemanzadənin fəaliyyətinin daha məhsuldar dövrü XX əsrin əvvəllərinə təsadüf edilir. Ö.F. Nemanzadə mühərrirlik fəaliyyətinə Məmmədağa Şahtaxtlının sahibi və redaktoru olduğu türkcə dərc olunan “ Şərqi-Rus” qəzetində başlamışdır. O, 1903-1905-ci illərdə “ Şərqi-Rus”la əməkdaşlıq etmişdir. Həmin qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da Tiflisdə çap olunmuşdu. Ö.F. Nemanzadə türkcə "Şərqi - Rus" adlı qəzetinin çıxmasını böyük sevinclə qarşılamışdı. "Şərqi - Rus" qəzeti əvvəllər həftədə üç dəfə buraxılmış, 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilmişdi. Əyalətlərdə gördüyü rəzalətləri, cahilliyi qələmə almaq, ürəyini boşaltmaq üçün "Şərqi - Rus" qəzeti Ö.F.Nemanzadəyə imkanlar yaratmışdır. Qəzetin rəsmi redaktoru M. Şaxtaxtinski olsa da, əsas mühərrirləri C. Məmmədquluzadə və Ömər Faiq idi. "Şərqi - Rus" qəzeti XX əsrin ilk gündəlik Azərbaycan qəzeti kimi tarixə daxil olmuşdur. Qəzetin cəmi 392 nömrəsi çıxmış, sonuncu nömrəsi isə 1905-ci il yanvarın 15-də cap edilmişdir. “Şərqi-Rus” fəaliyyətini dayandırarkən Ömər Faiq, Cəlil Məmmədquluzadə və Məşədi Ələsgər Bağırov qəzetin mətbəəsini birgə alaraq 1905-ci ildə müstəqil “Qeytət” adlı nəşriyyat təsis etmişdilər. Bu Azərbaycan mədəniyyəti tarixində ilk milli müəssisə olmuş və adından göründüyü kimi qələmi, imkanı və bacarığı olan insanları xalqa onun doğma ana dilində doğru söz deməyə, milli dirçəliş və tərəqqi uğrunda qeyrət göstərməyə çağırmışdı. “Qeyrət” nəşriyyatının buraxdığı ilk kitab Ömər Faiqin “ Dəvət” əsəri olmuşdur. Ö.F.Nemanzadənin 1905-ci ildə həmin mətbəədə çap etdirdiyi “ Dəvət” adlı kitabı da oxucuları məhz belə qeyrətə dəvət idi. Bir qədər sonra bu mətbəədə məşhur “ Molla Nəsrəddin” jurnalı nəşr olunmağa başladı. Ö.F.Nemanzadə 1906-cı ildən etibarən “Molla Nəsrəddin” jurnalının nəşrində fəal iştirak etmişdir. O, 1906-cı ildən 1917-ci ilə qədər jurnalın məsul katibi və yaxud C. Məmmədquluzadədən sonra 2-ci redaktoru , Mirzə Cəlil olmayanda “ jurnalın məzmunu barəsində” sahibi ixtiyar kimi fəaliyyət göstərirdi. “Molla Nəsrəddin” - həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı olmuşdu. Jurnalın birinci nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə çapdan çıxmışdır. Jurnal 1906 - 1907-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922 - 1931-ci illərdə Bakıda nəşr olunmuşdur. Dərc olunduğu 25 il ərzində yurnalın 748 nömrəsi işıq üzü görmüşdü ki, onların da 340 -ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda çıxmışdır. Bu jurnalın ətrafında XX əsrdə tənqidi-realist ədəbiyyatın əsas təmsilçiləri toplaşmışdır. “ Molla Nəsrəddin” də Ömər Faiq Nemanzadə, M.Ə. Sabir, Ə. Haqverdiyev, Ə. Nəzmi, Ə. Qəmküsar, M. S. Ordubadi, Mirzəli Möcüz və digər şair, yazıçı və jurnalistlər, habelə O. Şmerlinq, İ. Rotter, Əzim Əzimzadə kimi tanınmış rəssamlar fəaliyyət göstərirdilər. Cəlil Məmmədquluzadə Əliqulu Qəmküsarın ölümünün beşilliyi münasibətilə yazdığı məqaləsində qeyd etdirdi ki, “ Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil, “ Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın əsərlərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam.” Satirik gülüş dərin məzmunlu yumor jurnaldakı yazıların əsasını təşkil edirdi. Jurnalın ilk nömrələri Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin gücünə çap olunurdu. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində yeni bir üslub yaradan “Molla Nəsrəddin” ümumən ədəbiyyatın inkişafında bir dönüş nöqtəsi oldu. Bütün Müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M.Ə. Rəsulzadə “Molla Nəsrəddin” məcmuəsini Azərbaycan məzacının xəlq etdiyi bir şah əsər adlandırmışdır.[1]
Mirzə Cəlil mürgüləməkdə olan məzlum Şərqə üz tutub mənalı bir tərzdə deyirdi:” Ey mənim müsəlman qardaşlarım. Zəmani ki, məndən bir gülməli söz eşidib, başladınız gülməyə, o vədə elə guman etmiyəsiniz ki, Molla Nəsrəddinə gülürsünüz. Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və baxınız camalınıza.” “Molla Nəsrəddin” əsl xalq jurnalı idi. 1906-cı ilin 10-cu nömrəsindən başlayaraq “Molla Nəsrəddin” öz oxucularına epiqraf şəklində bildirirdi: “ İdarəyə göndərilən məktub və məqalələr açıq türk dilində yazılmış olmasalar, çap olunmayacaqlar.” Jurnalın kəskin siyasi felyotonları, inqilabi ruhlu şerləri, həqiqətpərəstlik və ifşaçılığı çar hökuməti, yerli burjuaziya və din xadimlərinə qarşı ardıcıl mübarizə aparması onun senzura izləməsinə, təhdid və təkfir edilməsinə səbəb olurdu. Görkəmli şair, nasir və publisist M.S.Ordubadi-“Hərdəmxəyal”;Ö.F.Nemanzadə-“Ümidvar”; şair Əli Razi – “Dabanıçatdaq xala”, “Heyvərə”; Əli Məhzun –“Yetim cücə”; Bayraməli Abbaszadə - “Hammal”; Salman Mümtaz – “Xortdan bəy” imzaları ilə yazır və “Molla Nəsrəddin” səhifələrində öz satirik əsərləri ilə fəal iştirak edirdilər. Əsasən Molla Nəsrəddin təxəllüsü ilə yazıb-yaradan Mirzə Cəlil qismən də “Lağlağı”, “Dəli”, “Dəmdəki”, “Cırcırama”, “Hərdəmxəyal” və s. Imzalarla jurnalda çıxış edirdi.
«Molla Nəsrəddin» Yaxın və Orta Şərqdə milli-azadlıq və inqilabi-demokratik hərəkata ciddi təsir göstərmiş, beynəlxalq əhəmiyyətə malik jurnal olmuşdur. Sovet hakimiyyəti illərində ciddi təzyiq və qadağalara baxmayaraq jurnal öz mütərəqqi ənənələrini davam etdirmişdi. İctimai tərəqqiyə, elmin, mədəniyyətin inkişafına maneçilik törədən qüvvələri satira atəşinə tutmuşdur. Həmin dövrdə Ə. Haqverdiyev, Ə. Əzimzadə, Cəfər Cabbarlı, Əliağa Vahid, B. Talıblı və digər başqa ziyalılar bu jurnalla əməkdaşlıq edirdilər. Azərbycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin kitabxanasında jurnalın 1906-1913 və 1922 -1931-ci illərdə nəşr olunan nüsxələri, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasında isə jurnalın 1910, 1923, 1925-1930-cu illərdə nəşr olunmuş bir sıra nüsxələri qayğı ilə qorunub saxlanılır. Tədqiqatçılar, alimlər, Azərbaycanda mətbuatın inkişaf tarixi ilə maraqlanan tarixçilər Milli Arxiv Fondu sənədlərindən istifadə edilməsi qaydalarına riayət etməklə həmin kitabxanalara müraciət edərək bu jurnallardan istifadə edə bilərlər. Yeri gəlmişkən qeyd edirik ki, Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevin rəhbərliyi ilə 2009-cu ildə “Molla Nəsrəddin jurnalının nəşri tarixindən” adlı sənədlər məcmuəsi Milli Arxiv İdarəsi tərəfindən hazırlanaraq nəşr olunmuşdur. Həmin sənədlər məcmuəsi Azərbaycan mətbuatı tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tarixində yeni dövr açmış, təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərq ölkələrində siyasi satiranın ilk qaranquşu olan “Molla Nəsrəddin” jurnalı və onun nəşri tarixinin öyrənilməsində olduqca əhəmiyyətlidir. Nəşr üçün sənədlər Gürcüstan, Azərbaycan və Rusiya arxivlərindən toplanmışdır.
Ömər Faiq “Molla Nəsrəddin”inlə yanaşı “Həyat”, “Tərcüman”, “İrşad”, “Tərəqqi”, “ İqbal”, “Yeni iqbal”, “ Açıq söz”, “Qardaş köməyi”, “Azərbaycan” və s. mətbuat orqanlarında “Ömər Faiq”, “Ümidvar”, “Dərdmənd”, “Lağlağı”, “Cəhrəçi xala” və başqa imzalarla dövrün aktual problemlərinə dair kəskin məqalələrlə çıxış etmişdi. Qeyd edilən məqalələrində ( “Dərdimiz və dərmanımız”, ”Nə üçün haqqımızı istəmiriz?”, “ Ağacı qurd içindən yeyər.”, “Mən kiməm?”, “ Molla Nəsrəddin” bağlandı, “Məzlum ən böyük zalımdır”,” Alınan azadlığı nə cür saxlamalı“ , ”İşığımız sönməyəcək”, “Çinovniklərimiz”, “Milli məsələlərimizin vaxtımı?”, “Həsən əminin şikayəti”, “Milliləşmək”, “Yazımız, dilimiz, “İkinci ilimiz”, “Dilimiz və imlamız”, “Müəllimlərimiz nə üçün Bakıya qaçırlar” və s.) çarizmin müstəmləkəçilik siyasətini ifşa etmiş, xalqımızın ictimai-siyasi mübarizəsini və mənəvi inkişafını, zülm və istismara, cəhalətə, fanatizmə qarşı mübarizəsini əks etdirmişdi. Ö.F. Nemanzadənin 18 oktyabr 1906-cı il tarixli 245№li “İrşad” qəzetində dərc etdirdiyi “ Məzlum ən böyük zalımdır” məqaləsində xalqın zülm altında inləməsinin başlıca səbəbinin məhz onun zülmə, həqarətə, döyülməyə, əziyyətə, qorxağlığa səbr və adət etməsində, zalımlara, müstəbidlərə ziyadə itaət etməsində görürdü. O, qeyd edirdi ki, “əsil zalım və günahkar zülm edənlər deyil, bəlkə zülmə, həqarətə səbr edənlərdir.”...Bəsdir bu qədər səbr, bəsdir çəkdiyimiz bu qədər həqarət.Vaxtdır ki, cümləmiz ittifaq edib tələb edək: Cənablar, biz öz dilimizlə oxuyub dilimizi, milliyyətimizi bilmək istəyrik. Biz öz dilimizə,dinimizə məxsus olan məktəblərimizi özümüz idarə etmək istəyiriz. Biz öz xahişimizlə rusca, firənkcə, nemescə oxuyub mərifətli, mədəniyyətli olmaq istəyirik, biz istəyirik ki, bir para milli işlərimizi özümüz idarə edib bizim adətimizdən bixəbər olan cahil və zalım qululuqçular bizim başımıza bəla olmasınlar…Bəli vaxtdır, biz də tərpənək, hüququmuzun mühafizəsinə çalışaq, haqq və musavat yolunda tökülən qanların səmayə əks edib süni şəfəqlər təşkil edən belə həngamələrdə aciz və miskinlər kimi qafilanə yatmayaq... ”
Azərbaycanın digər mütərəqqi ziyalıları kimi Ömər Faiq Nemanzadəni hidlətləndirən məsələlərdən biri də Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması idi. Onun 1917-ci ilin mayında “ Qardaş köməyi” məcmuəsində dərc etdirdiyi “Mən Kiməm” məqalələsində qeyd edirdi: “ Ey qafqazlı türk, sən çoxdan islam qeyrətini çəkirsən və bu qeyrətlə, hətta öz adını da itirmişdin. Sən islam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən... Zamanamızda, yəni din və əbudiyyətdən, cins və millətlərin hökm sürdüyü böylə bir çağda insan öz soy və millətini tanımamaq, daha döğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir... məhkum millətlərin öz varlıqlarıı, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası, dərin düşünülürsə, qarayaradan da, onun çibanından da daha acılı və daha zəhərlidir... Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilmiyiriz.” Ömər Faiq Nemanzadə daha sonra qeyd edir: “Ey türk, sənin başına çox işlər gəlmişdi, çox əqidələr dolmuşdur. Çox şeylər bilirsən və bu gün də çox cahil deyilsən! Bir çox ədiblərin, müəllimlərin, mühəndislərin, doktorların, advokatların, məktəblərdə yüzlərcə tələbələrin var!... Ancaq, ancaq bircə xüsusda cahilsən. O barədə heç bir zad bilməyirsən... Sən hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı- yəni özünü bilmək istəmirsən, niyə varlığından öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm. Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra da türk qalacaqsan? Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünnü, babı, şeyxi adları yox ikən sən var idin.... Ey özündən bixəbər türk! Mədəniyyət əsrləri, nizam idarə və əsayiş üsulu “yasaq” qanunları hənuz Bağdad,Şam, Paris və Londonda yox ikən, sənin yurdunda var idi. Sən öz dadlı dilini cığırından çıxarıb bügünkü acınacaqlı hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi. Ey özünü itirir, unudur dərəcədə müsafirpərvərlik, özgələrə hörmət göstərən türk, yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığın hənuz sənin özundə ikən sən bu günki kimi dilsiz, yazısız yəni milli nişanəsiz deyildin.” Omər Faiq Nemanzadə millətpərvərlik əqidəsini yüksək qiymətləndirərək qeyd edirdi :”... Bu gün eynidən-eyniyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir. Millətpərəstlik əqidəsi özgə ıqidələrin mərhələsi, keçididir...Bu halda ki, mövqeyimizə, elmimizə, ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır...”
Xalqın savadlandırılmasını azadlıq yolunda, özünü dərk və milli oyanış yolunda əsas şərtlərdən biri hesab edən Ö.F. Nemanzadə qeyd edirdi:” Bu gün bizim üçün heç bir məsələ, heç bir ehtiyac yoxdur ki, müəllimlərimiz qədər əhəmiyyətli olsun.” Onun xalqın savadlandırılması və maarifləndirilməsi məsələlərinə həsr etdiyi və 5 may 1904-cü il tarixli 52№li “ Şərqi-Rus” qəzetində dərc edilmiş “ Nə üçün haqqımızı istəmiriz?” məqaləsində qeyd edirdi:”... bu gün bizim ölüm-dirim məsələmiz maarifdir. Öylə maarif ki, bu gün dava kimi ən nazik və dəqiqəsi milyonlar qiymətində olan bir vaxtda belə müharib dövlətlərin hər ikisi də bir tərəfdən onu da əldən buraxa bilmirlər...Zaman təqazası dəyişdi. Biz də buna görə dəyişməli, hərəkət etməliyik...Bir çox şəhərlərdəki sənət ziraət və şəhər məktəblərinin xərcinin bir qismini, bəlkə böyük bir hissəsini biz müsəlmanlar veririz. Nüfusa, pula nisbətlə ildə bir neçə uşağımızın pulsuz oxudulmağı da nizam daxilindədir. Halbuki cəmaətimizin göz yummasından, məhəlli qazılarımızın, böyüklərimizin diqqətsizliyindən o kimi yerlərimizi, haqqımızı özgələr zəbt etməkdədir. Bu kimi yerlərdə dörd göz olub millət balalarımızın rus məktəblərinə getmələrinə çalışmalıyıq. Bu yolda camaatı alışdırmalı, təşviq etməliyik. Çünki zəmanəmizdə rus məktəblərindən ürkmək, ictinab etmək maarif bağçamıza gələcək ən qüvvətli bir su arxını kəsmək deməkdir. Balalarımızı bir tərəfdən rus məktəblərinə göndərməklə bərabər buralara gedəmiyənlər üçün də hər şəhərdə, hər böyük kənddə xüsusi məktəblər açmalıyıq. Üsuli-cədid məktəblərimizi çağlatmalıyız. Xərab olan mədrəsələrimizi canlandırmalıyız...Hər şəhərdə mütləq və mütləq ucuz qiymətli, hətta pulsuz qiraətxanələr açmalı, ...gözümüzün önündəki milli, vacibli hallarımıza-fürsətdən vaxtında istifadə edib-çarələr axtarmalıyız. Nə üçün lazımi məsələlərə çalışmayırız, nə üçün haqqımızı istəməyiriz?” Cəlil Məmmədquluzadə Ömər Faiqlə birlikdə “Molla Nəsrəddin”də dil məsələsinə necə ciddi yanaşdıqlarını və jurnalın bu sahədə mövqeyini nece düzgün müəyyənləşdirdiklərini “Xatiratım” əsərində belə izah etmişdir: “Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq. Birinci nömrəmizin baş məqaləmizdə yazmışıq ki, “ Açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir, çünki yazanın savadının azlığına dəlalət edir” Arif oxucular, söz yox ki, xatiratdakı bu qeydlərin kinayə ilə yazıldığına və “utanmaz” mollanəsrəddinçilərin dil məsələsi kimi böyük məsələni düzgün həll etdiklərinə inanmışdılar. “Meymunlar” (1906) felyetonunda ədib həm məktəblərdə ana dilinin öyrədilməsinə yol verməyən hökuməti, həm də ana dilinə xor baxan yerli dövlətliləri başa salıb ayıltmaq üçün təkidlə belə suallar verirdi: “Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bizi hökumət qoymur. Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?… Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizlə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?”
Ömər Faiq maarif və mədəniyyəti inkişaf etdirməyin ən birinci şərtini kitab və qəzetlərdə, mətbuatda görürdü. Onun fikrincə “ hər millətin mədəniyyət və qüvvəti mətbəələrin sayı ilə mütənasibdir”. Ömər Faiq 3 iyun 1908-ci il tarixli ” İrşad” qəzetində yazdığı “ Mətbuat” adlı məqaləsində qeyd edirdi: ” Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatlarıdır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı, hüfuzlu mətbuat var isə ən mütərəqqi və mədəni məmləkət də oradır. Mətbuatı olmayan millətin mövcudiyyəti-istiqbalı qətiyyən yoxdur.” Onun fikrincə ədalət, inqilab, hürriyyət mətbuatla sıx bağlıdır: “ Mətbuatı olmayan millətin nə məhəbbəti, vətəniyyəsi, nə qeyrəti-milliyyə və insaniyyəsi və nə də idareyi - məşrutəsi ola bilər.” Ö.F.Nemanzadənin 4, 6, 11 aprel 1903-cü il tarixli 3,4,5 №li “Şərqi-Rus” qəzetində dərc etdirdiyi ” Dərdimiz və dərmanımız” adlı məqaləsində qeyd edirdi:” Nuh zamanında deyiliz. Zəmanənin halı və təsiri ilə tərəqqi nişanəsi olaraq bizim aramızda iş görən fazillərimiz, kitab, qəzet yazan mühərrirlərimiz var. Amma çoxluğumuza görə heç! Kitab, qəzet yazan əksərən müştəri bulamadıqlarından kağız pulunu, basmaxana xərcini belə çıxara bilməyirlər.Yüz ildə bir zühur edən həmiyyətlilərimiz pək böyük məşəqqətə, fədakarlığa düçar olurlar. İştə bunlardan biri olan qiymətli, əziz “Tətcüman”ımız min həfdədir fəryad edir, qayət hakimanə bir məsləklə milləti səlamətə, mərifətə qoğru sövqə çalışır... Amma illərcə cəhalət qaranlığında qalan bir millət üçün 20 ildə kiçik bir qəzet çox azdır. İki milyon erməni qonşularımızın 7-8 qəzeti, minlərcə kitabları var. Heyf ki, 15-20 milyon biz müsəlmanların həftəlik kiçik bir qəzeti də çox görülür. Oxucularımız çox az, qizlətməyəlim. Üləmamızın, böyüklərimizin çoxu lazımınca hümmət göstərmirlər... Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, bir millət mərifət ilə yaşar, cəhalət ilə yox olar. Mərifətin birinci vasitəsi, xətibi, vaizi isə məcmuələr, qəzetlərdir. Qəzet aləmin güzgüsüdür. Qəzet zamənənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur, qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet bir millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamısı, vəkili, advokatıdır. Şükr Xudaya, biz də də dövri-tərəqqiyə girəcəyimizi bildirən əsərlər, şahidlər çox gec də olsa zühür etməkdədir. İştə çoxdan bəri görülən bir nöqsan və ehtiyacımızı ikinci bir türk qəzetimiz olsa zühur etməkdədir. İştə çoxdan bəri görülən bir nöqsan və ehtiyacımızı ikinci bir türk qəzetimiz ikmil üçün möhtac olduğumuz “Şərqi-Rus” adında Tiflisdə nəşr olunmağa başladı. Qəzet sahibi özünə düşən əhəmiyyət və millətpərvərliyini göstərdi. Görəlim! Biz camaat da özümüzə düşən müaviniyyət və kömək etmək vəzifeyi-milliyə və insaniyyətimizi göstərib təzə çıxan bu işığa rövnəq verəcəkmiyiz?”
Ömər Faiq Nemanzadənin tədqiqatçılarından biri olan professor Şamil Qurbanov əvvəlki nəşr əsasında 2006-c ildə tərtib edərək nəşrə hazırladığı “ Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri” kitabında istedadlı publisist, jurnalist və ictimai xadim Ömər Faiqin XX əsrin əvvəllərində Azərbaycan xalqının ictimai-siyasi mübarizəsini, mənəvi inkişafını, özünü dərk etmə prosesini əks etdirən məqalələri,felyotonları və xatirələri toplanmışdır. Toplanmış həmin materiallar Ömər Faiq Nemanzadənin yaradıcılığında milli ruh, milli özünü dərk məsələsinin və azərbaycançılıq ideyasının aparıcı istiqamətlərdən biri olduğunu təsdiq edir. İstedadlı publisist və ictimai xadim Ömər Faiq Nemanzadənin yaratdığı zəngin irs “ Yatmışları oyadır, xalqı xalqın özünə tanıdırdı. Məmmədəmin Rəsulzadə, Ə.Topçubaçov, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə,Ö.F.Nemanzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və başqaları illər boyu yaratdıqları əsərləri ilə xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmiş və böyük xidmətlər etmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını demək olar ki, birlikdə təşkil etmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. 1918 -ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan xalqı özünün çoxəsirlik tarixində müstəqil dövlətini yaratdı, ictimai-siyasi quruluşun müvafiq modelini qurdu.”. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, istiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz bu tarixi addımı atdılar. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur.
Ömər Faiq Nemanzadənin 30 aprel və 3 iyun 1919-cu il tarixli “ Azərbaycan” qəzetində dərc edilmiş “ Hazır ol!” məqaləsi xalqı Müsəlman Şərqində yenicə yaradılmış gənc demokratik respublikamızın müstəqilliyinin qorunub saxlanmasına, qarşılaşdığı təhlukələrdən qorunmasına hazır olmağa səsləyirdi: “ Hazır ol cəngə əgər istər isən sülh və səlah...Bu hazırlıq isə mütləq tüfəng və topla deyil. Hazırlıq mütləq qan tökmək üçün deyil, bəlkə qan tökdürməmək üçün bir vasitədir...Qafqazda əksəriyyət məhəlliyəni təşkil edən türk yerləri birər-birər əlimizdən çıxır. Yəkə üç yüz minlik Qars oblastı getdi. Naxçıvan, Sürməli və Şəruru qeyb etdik. Cənubi-islam məmləkətlərilə rabitəmiz kəsildi. İştə böylə qızdırmalı və xəstə bir vaxtda bütün mövcudiyyərimizə zərbə endirmək istəyən Denikin qüvvəti yuxarıdan və şimaldan üstümüzə çökür. Vətənimizdə sülh və səlah deyil, vətənimizin özü təhlükəyə düşür. Buna görə “ cəngə “ adi surətdə deyil, bütün mövcudiyyatımız ilə hazırlaşmalıyız. Həm top, tüfəng və xəncərlə hazırlaşmalıyız. Ey azərbaycanlı! Yaxşı bil ki, üstünə gələn yırtıcı ayılardan daha yırtıcıdır. Vəhşilərdən daha vəhşidir...Ey Azərbaycan! Ey hər kəsin gözü düşən nazənin vətən! Yatma, yatma ki, birdən-birə “ ürəyin” üstünə çəkmək, hərarəti-həyatiyyəni söndürməyə qəsd ediyorlar.Ey azərbaycanlılar, ey böyük və şanlı cahangir nəvələri! ...Təkrarən fəqan ediyorəm:” Vətənin hər yandan təhlükə içindədir! Onu təhlükədən qurtaracaq yalnız və yalız sənin silahındır, sənin qüvvətindir. Burasını da eyi bil ki, sən özgəsini, özgə torpağını qurtarmırsan, özünü,öz evini, öz balalarını qurtarırsan! Çünki vətən-sən, sən vətənsən...”
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə Ömər Faiq Nemanzadənin yaradıcılığına yüksək qiymət verərək ona həsr etdiyi “Yanar ürək” adlı məqaləsində Ömər Faiqin əsərlərində vətən və xalq üçün, onun taleyi üçün alışıb yanan, Mirzə Cəlillərin, Sabirlərin, Hadilərin ürəyi ilə bir vuran bir ürək gördüyünü deyd edirdi. Türk dünyasının böyük söz ustadı Bəxtiyar Vahabzadə yazırdı:” Bu ürəyin bircə amalı var: Xalqı düşdüyü vəziyyətdən xilas etmək, onu dünyanın ən mədəni xalqları ilə eyni səviyyədə görmək! “ Bunun üçün nə lazımdır?” deyə Ömər Faiq düşünür. İlk növbədə xalqın gözünü açmaq, ona nəyin ağ, nəyin qara olduğunu başa salmaq, əlindən tutub ona yerimək oyrətmək! “Bəs bunun üçün nə lazımdır?” deyə yenə düşünür, işığa yol axtarır : Elm! Xalqın savadlanması!” Xalq şairi B. Vahabzadə Ö.F. Nemanzadəni “Bütün varlığı ilə vətənə bağlı olan, xalqın ciyərləri ilə nəfəs alan, Ömər Faiqin vətən sevgisini sevginin ən yüksək qatı hesab edərək onu öz vətən sevgisindən doğulmuş bir mücahid, bir qəhrəman kimi qiymətləndirirdi.
Azərbaycanın digər xalq yazıçısı Elçin Əfəndiyevin Ömər Faiq Nemanzadənin yaradıçılığı haqqında yazdığı “О işıq əslа sönməz “ adlı məqaləsində ona yüksək qiymət verərək qeyd edirdi :” Ömər Faiq Nemanzadə ( 1872-1938) Azərbaycan mədəniyyətinin o tarixi simalarından biridir ki, onlar bütün ömürlərini xalqın inkişafı naminə heç nədən çəkinməyən, yorulmaq bilmədən fəaliyyətə, böyük hərfli Mütəfəkkir – Vətəndaş fəaliyyətinə həsr etmişlər və bu böyük fəaliyyət nə qədər ali, işıqlı olmuşsa, şəxsi həyat bir o qədər acı, uğursuz və etibarsız olmuşdur.” Ömər Faiq Nemanzadə 1907- ci ildə “Molla Nəsrəddində” çap etdirdiyi vətəndaş qayəli yazılarına görə çar hakimiyyəti tərəfindən həbs olunarkən M.Ə. Sabir “Molla Nəsrəddin“ jurnalının mühərrirlərindən olan Ö.F.Nemanzadənin hökumət tərəfindən tevqif olunması münasibətilə Bəhlul məcmuəsindəki şeirə nəzirə olsun qərək deyə “ Töhmət” şeirini yazır:
Soldumu gülzarın, ey Faiq Neman pəsər?
Laləyi-nemanların oldumu xunin cigər?
Sinənə dəsti-qəza çəkdimi sixi-kədər?
Nərkisi-şəhlalərən jaləçəkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?
Söyləmədimmi sənə rahət otur heyfsən?
Çəkmə bu millət qəmin, çək özünə keyf sən!
Xana deyildir sənin, getməlisən, zeyifsən!
Eyləmədin etina qissə haman oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?
Fayidə verməz dedim etdiyin əfqan sənə,
Halına yandıqların eyləməz ehsan sənə,
Məskən olur aqibət, guşəyi-zindan sənə,
Guşəyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?
Mən demədimmi sənə başda otur tac tək,
Durma müqabil, bəla tirinə amac tək,
"Dad məni tutdular" söyləmə dürrac tək,
Balü-pərin nagəhan, tirə nişan oldumu
Şimdi sənə mən deyən mətləb əyan oldumu?
Mən demədimmi sənə girmə işə canilən,
Xovf elə sallaşma çox, bəylərilən, xanilən
Olmagilən həm rəviş, məclisi-iranilən,
Məclisi-İranda bir şevkətü-şan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?
Mən demədimmi sənə, həzrəti-zişanları
Eyləmə dəvət əbəs, birliyə işanları,
Sən ki, yıxa bilməsən, bunca pərişanları,
Məsələyi-ittihad həllü-bəyan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?
Görkəmli Azərbaycan ədəbiyyatşünas Abbas Zamanovun 1979-cu ildə çap olunduğu "Əməl dostları" adlı elmi monoqrafiyasında qeyd etdiyi kimi Ö.F.Nemanzadənin mətbuat tariximizdəki yüksək xidməti uzun müddət layiqincə qiymətləndirilməmişdir. Nəhayət ki, 1983-cü ildə Azərbaycanın ictimai-mədəni həyatında əhəmiyyətli hadisə baş verdi. Professor Şamil Qurbanovun Sahib Rzayevlə birlikdə tərtib etdiyi və professor Karan Məmmədovun redaktorluğu ilə Ö. F. Nemanzadənin “ Əsərləri” ( “Yazıçı”, 1983) nəşr olundu. Nəşr olunan bu kitabda ilk dəfə olaraq Ömər Faiqin publisistikasından nümunələr bir yerə toplanaraq səliqə ilə və böyük rəğbətlə müasir oxucuya təqdim olunmuşdur. Ö.F.Nemanzadənin yaradıcılığını əks etdirən həmin materiallar görkəmli mollanəsrəddinçi, istedadlı publisist, jurnalist və ictimai xadimin istedadı, əqidəsi və fəaliyyəti haqqında geniş təsəvvür yaradır. Bu kitab eyni zamanda bir daha sübut etdi ki, həyatını xalqının mənafeyi naminə yaşamış qələm sahibi heç vaxt unudulmur və unudula bilməz.
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin Sənədlərin nəşri
və istifadəsi şöbəsinin baş məsləhətçisi
_________________________________________
[1].S.Süleymanova.”Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin XX yüzilliyin əvvəlləri). Bakı.1999. səh.37; Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. İctanbul,1923.səh.24.
İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:
[1].“Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri”.Bakı.2006. səh. 4.
2.Cəlil Məmmədquluzadə.Felyetonlar,məqalələr,xatirələr,məktublar.Bakı,1961.səh.896.
3.Mir Cəlal.Firidun Hüseynov. “XX əsr Azərbaycan Ədəbiyyatı”.Baki.1982.səh.214.
4..S.Süleymanova.”Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin XX yüzilliyin əvvəlləri). Bakı.1999. səh.37; Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. İctanbul,1923.səh.24.
5..Mir Cəlal. Firidun Hüseynov. XX əsr Azərbaycan Ədəbiyyatı.səh.25.
6.Mir Cəlal. Firidun Hüseynov. XX əsr Azərbaycan Ədəbiyyatı.səh.27.
7. Yenə orada. Səh.30-31
8.http://presarxiv.gov.az/
9..Azərbaycan Respublikası Dövlət Arxivləri məlumat kitabı. Bakı.2003.
10. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı.2005, cild II. Səh.280-281.
11.”İrşad”.18 oktyabr 1906.№245.
12.“ Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri”.Bakı.2006. səh. 233- 234.
13. “ Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri”. Bakı.2006. səh. 238- 239.
14.Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri”.Bakı.2006. səh.233-241.
15.”İrşad”.13 aprel 1906.
Sevda Süleymanova.”Azərbaycanda ictimai-siyasi hərəkat.( XIX yüzilliyin sonu XX əsrin əvvəlləri ). Bakı.1999.səh.31.
16. ”Şərqi-Rus” qəzeti, 5 may 1904, №52
Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri”.Bakı.2006. səh.32-35. 17.https://celilmemmedquluzade.wordpress.com/yaradiciligi-2/.
18. S.Süleymanova.”Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin XX yüzilliyin əvvəlləri). Bakı.səh.37.” İrşad”1908.3 iyun.
19. Yenə orada.
20.”Şərqi-Rus” qəzeti, 4,6,11 aprel 1903, №3,4,5.
“Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri”.Bakı.2006. səh. 22-28. 21.http://www.azerbaycanli.org/az/page47.htm.
22.“Azərbaycan” qəzeti, 1991, 25 oktyabr, səh.3.
23. B. Vahabzadə “ Yanar ürək”Ədəbiyyat və incəsənət qəzeti.23 dekabr 1983.
24.”Əməl dostları”.1979.səh.194.
25. Ömər Fаiq Nеmanzаdənin yаrаdıcılığı һаqqındа] /Elçin // Ədəbiyyаt və incəsənət.- 1983.- 11 nоyаbr.
Bugün: | 912 |
Dünən: | 895 |
Bu həftə: | 912 |
Son həftə: | 7962 |
Bu Ay: | 27840 |
Son Ay: | 27515 |
Bu İl: | 126186 |
Ümumi: | 1035359 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az