Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-04-06 02:29:09
Baxış sayı : 2227

BAKINI NECƏ QORUDULAR

 

(Tariximizin təhlükəli anlarından bir soraq)

 
Rusiyada çarizm süquta uğradıqdan sonra Zaqafqaziyada yaranmış vəziyyət Azərbaycanı və azərbaycanlıları böyük təhlükə qarşısında qoydu. Bir tərəfdən, S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin əsasən erməni daşnaklarından ibarət ordusu, yaranmış şəraitdən istifadə edərək Bakı, Quba, Şamaxı, Salyan, Kürdəmir və b. şəhər və qəsəbələri dağıdıb viran qoyaraq Gəncəyə doğru hərəkət edir; digər tərəfdən isə Zəngəzuru işğal edib Qarabağa hücum edən Andranik də Gəncəyə hücuma hazırlaşırdı. Bununla bağlı M.Ə.Rəsulzadə yazırdı: «Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə bir çarə vardı – TÜRKİYƏ. Ümidlər həp oraya dikilmişdi: «O qardaş millət gələcək, bizi düşmən əlindən qurtaracaq». Xalqın bundan başqa bir ümidi qalmamışdı».

Hələ 1918-ci il mayın 1-də toplaşan Zaqafqaziya Seymi müsəlman fraksiyalarının birgə iclasında Trabzonda keçirilmiş sülh konfransı haqqında Seymin üzvü M.Hacınski mə’lumat verərkən bildirir ki, orada Ənvər Paşa və başqaları ilə söhbətlərdən mə’lum oldu ki, «Azərbaycana geniş şəkildə kömək göstərmək üçün Türkiyə ciddi addımlar atır. Bu günlərdə Ənvər paşanın qardaşı Nuru paşa 300 nəfər tə’limatçı ilə Təbrizdən keçərək Gəncəyə gəlməlidir». 

Həqiqətən də həmin il mayın sonlarında Nuru paşa 300 nəfər tə’limatçı ilə Gəncəyə gəlir. M.Ə.Rəsulzadə yazırdı: «O zaman müdhiş bir anarxiyaya mə’ruz, digər tərəfdən də, bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi qarşılamışdı».

Nuru paşa qısı müddətdə Gəncədə ciddi qayda-qanun yarada bildi. 

1918-ci il iyunun 4-də Batumda istiqlaliyyətini yenicə e’lan etmiş Azərbaycan Cümhuriyyəti ilə Osmanlı hökuməti arasında bağlanmış müqavilənin 4-cü maddəsində deyilirdi ki, «ehtiyac olduğu təqdirdə, Osmanlı hökuməti qayda-qanunu və ölkənin təhlükəsizliyini tə’min etmək üçün Azərbaycan Cümhuriyyətinə silahlı qüvvələrlə yardım etməyi» öhdəsinə götürür.

Bu elə bir zaman idi ki, Gəncəyə həm Bakıdan hərəkət edən Q.Korqanovun başçılıq etdiyi və əksəriyyəti ermənilərdən ibarət sovet ordusu, həm də Zəngəzur və Qarabağ istiqamətində hərəkət edən Andranikin nizami quldur dəstələri təhlükə altına almışdılar. Azərbaycan Cümhuriyyətinin və Azərbaycan xalqının ölüm-dirim məsələsi həll ounurdu. Belə bir vaxtda F.X.Xoyski hökumət adından Türkiyə dövlətinə müraciət edərək, real hərbi kömək göstərməyi xahiş edir. Sonradan, Azərbaycan parlamentinin birinci iclasında Fətəli xan bu haqda demişdi: «May ayının 28-də Azərbaycan İstiqlaliyyətini e’lan edərək, öz hökumətini yaratdısa da, bu hökumət qanun və qayda yaratmaq, ölkənin müdafiə işində aciz idi. Çünki heç bir hərbi qüvvəmiz və silahımız yox idi. Türkiyə ilə bağladığımız müqaviləyə əsasən, Azərbaycan Türkiyədən bir qədər əsgəri yardım ala bilərdi. Hökumət bu haqda Türkiyə hökumətinə müraciət etdi… Özünüz bilirsiniz ki, Türkiyə öz borcunu yerinə yetirdi». 

Türkiyənin iki qrupdan ibarət 5-ci Qafqaz diviziyası Gümrü-Dilcan – Qazax istiqamətində Azərbaycana doğru hərəkət etdi. Birinci qrup iyunun 11-də, ikincisi isə iyunun 12-də Qazaxa çatdı. Burada azərbaycanlılar türk ordusunu görünməmiş bir sevinc və səmimiyyətlə qarşıladılar. Sonra Karpat cəbhəsindən 15-ci Çanaxqala diviziyası da Gəncəyə gəldi. Nuru paşanın komandanlığı altında, Azərbaycan korpusu ilə birləşən bu hissələr Qafqaz İslam Ordusunu (QİO) yaratdılar.

İyul ayının əvvəllərində bu ordu Göyçay ətrafında, əsasən, ermənilərdən ibarət Bakı Sovetinin hərbi qüvvələri ilə döyüşə girib, onu məğlub edir və Bakı istiqamətində hərəkət edir. S.Şaumyanın hərbi yardım haqqında Lenindən xahişilə Bakıya göndərilən Q.Petrovun dəstələri də Qafqaz İslam Ordusunun qarşısında dayana bilmir. Artıq iyulun sonunda Azərbaycan-Türkiyə hissələri Bakı ətrafına çatır və S.Şaumyanın hakimiyyəti süqut edir. Bakıda «Sentrokaspi» diktaturası yaranır və o, ingilislərə müraciət edərək hərbi yardım alır. Lakin bu da QİO-nun hücumunun qarşısını ala bilmir. Gərgin döyüşlərdən sonra, 1918-ci il sentyabr ayının 15-də – Qurban bayramı günü – Azərbaycan-Türkiyə ordu birləşmələri Bakını azad edir.

Əlbəttə, bu döyüşlər qurbansız başa gəlmədi. Bizdə olan mə’lumata görə, Türkiyədən göndərilən hərbi hissələrdə 10 min nəfərə yaxın əsgər və zabit olmuş, Azərbaycanın azadlığı uğrundakı döyüşlərdə onlardan min nəfərə yaxını canını qurban vermişdi (Hüseyn Baykara. Azərbaycan İstiqlal mübarizəsi tarixi). 

Türklərin bizim azadlığımız uğrunda bu fədakarlığına ən yüksək qiyməti M.Ə.Rəsulzadə vermişdir: «Sonra mənhuz bir ixtilal nəticəsində məzarları unudulmuş qalan Anadolu məhəmmədcikləri Bakıdakı şəhadətləri ilə türklüyə yeni bir siyasi vücud əta ediyorlardı. Məddətən unudulmuş, fəqət mə’nən bütün qəlblərdə dəfn edilmiş bu qəhrəman Şəhidlər yalnız Bakıdamıdırlar? Naxçıvandan, Qarabağdan, Şamaxıdan, Gəncədən ta Bakıya qədər bir yer varmı ki, orada böylə bir fədakar yatmasın!..»

1918-ci il oktyabrın 30-da Böyük Britaniya ilə Türkiyə arasında bağlanmış Mudros sazişinə görə, türk orduları Azərbaycanı tərk etməyə məcbur olur. General Tomson başda olmaqla müttəfiq orduları Bakıya gəlir.

Bakı uğrunda həlak olmuş türk və azərbaycanlı əsgərləri Çəmbərəkənd qəbiristanlığında (indi Şəhidlər xiyabını olan Dağüstü parkda) dəfn edilmişdilər. 1919-cu il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını azad etməsinin birinci ildönümü münasibətilə Çəmbərəkənd qəbiristanlığında şəhidlərin xatirələrini yad etmək üçün böyük mərasim keçirilmişdi. Mərasim zamanı Bakı Xeyriyyə Cəmiyyəti şəhidlərə Xatirə abidəsinin təməlini qoymuşdu.

Elə o gün Azərbaycan parlamentinin tam bir iclası Bakının azad edilməsinin birinci ildönümünə həsr edilmişdi. Təntənəli iclası açan parlament sədri Həsənbəy Ağayev demişdi: «Bugünkü bayramın nə qədər şərəfli, nə qədər tarixi olduğunu hər kəs düşünür və anlayır. Bu bayram münasibətilə türklük və islamçılıq yolunda şəhid düşən türk igidlərini yad etmək üçün rica edirəm ki, cümləniz qiyam edəsiniz (hamı ayağa qalxır)».

Öz çıxışında Azərbaycanın azadlığı uğrunda mübarizədə türk əsgərlərinin tarixi rolundan bəhs edən H.Ağayev deyirdi: «Möhtərəm əfəndilər! Bu gün düz bir ildir ki, Azərbaycanın milli mərkəzi hesab olunan Bakı düşmənlər əlindən, zalımlar əlindən xilas olmuşdur. Bizim güclü vücudumuzu açmaq və bədənimizi parçalamaq istəyən və hüququmuzu çeynəmək istəyən düşmənlər keçən il Kürdəmir stansiyasından başlayaraq, igid türklər tərəfindən qovulub Bakıya soxulmuşlar və sonra dənizə tökülmüşlər. Beləliklə, ən müqəddəs hesab etdiyimiz paytaxtımız Bakını alıb bizə vermişlər. Mayın 28-də İstiqlalımız e’lan edilmişdir. Sentyabrın 15-də isə haqq yerinə varmış Bakı geri alınmışdır».

Həsən bəy, xalqımıza öz qanı bahasına qardaşlıq yardımı göstərdiyi üçün Azərbaycan xalqı adından türk qardaşımıza təşəkkürünü bildirərək deyirdi ki, onlar «türklük və islamlıq uğrunda şəhidlər vermişlər. Vətənimizi xilas edən türk igidlərini yad etməklə bərabər, onu da əlavə edirəm ki, biz azəri türkləri qardaşımız olan türklərin bu cənfəşanlıqlarını heç bir vaxt unutmayacaq və çətinliklə, qan bahasına alınmış və bizə bəxş olunmuş istiqlalımızı müdafiə etməyi öhdəyə alıb, hər şeydən müqəddəs tutaraq son muradımıza nail olacağıq». 

Sonra H.Ağayev parlament üzvlərini Cəmiyyəti-Xeyriyyənin Bakının azad edilməsi yolunda canını fəda etmiş türk şəhidlərinin xatirəsinə ucaldacağı abidənin təməlinin qoyulması tədbirlərində iştirak etmək üçün birlikdə Çəmbərəkənd qəbiristanlığına getməyə də’vət etmişdi.

Türk əsgərlərinin abidəsi üçün möhtəşəm bir maket hazırlanmışdı. Lakin 1920-ci il aprel çevrilişindən sonra bu abidə nəinki tikilmədi, həm də Bakının azadlığı uğrunda şəhid olmuş türk və azərbaycanlı əsgərlərin məzarları da dağıdılaraq yerlə yeksan edildi. Yerində isə Kirova abidə ucaldıldı. Ancaq xalq əsgərlərin bu fəkarlığını heç vaxt unutmadı, xatirələrini daim öz ürəyində yaşatdı. Xaricdə yaşayan Azərbaycan mühacirləri isə bu xatirəni daim yad etmiş, bu haqda mühacir mətbuatında yazılar vermişlər. 

Azərbaycan istiqlalı uğrunda şəhid düşən türk məhəmmədcikləri üçün müstəqil Azərbaycan Cümhuriyyəti tərəfindən 1919-cu ildə təməli qoyulmuş «Bakıda şəhidlər abidəsi»nin maketi müxtəlif məcmuələrdə bir neçə dəfə dərc edilmişdir. Onlardan birincisi 1928-ci ildə «Türk yurdu» məcmuəsinin AXC-nin 10-cu ildönümünə həsr edilmiş 9-cu sayında, ikincisi isə Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü ilə əlaqədar «Azərbaycan» yurd bilgisi məcmuəsinin 1933-cü il 21-22-ci birləşmiş sayında dərc edilmişdir. Həmin maketin birinci dərc edilmiş surətini hörmətli oxuculara təqdim edirik.

Əziz yurddaşlar, bu gün – istiqlalımızı yenidən əldə etdiyimiz bir vaxtda o zaman qoyulması nəzərdə tutulan belə abidələrin gerçəkləşdirilməsi vaxtı çatmayıbmı? Əlbəttə, çatıb. Unutmayaq ki, bu, şəhidlərimizə qədirdanlıqdan başqa, iki qardaş türk arasında e’tibar və sədaqətin artmasına da böyük kömək göstərərdi.
«HƏFTƏ» qəzeti 

11 sentyabr 1998-ci il, № 25

ATAXAN PAŞAYEV