Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

AZƏRBAYCAN RESPUBLİKASINDA ARXİV QURUCULUĞU TARİXİNDƏN

Son Yenilənmə : 2022-02-10 02:45:28
Baxış sayı : 27457

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və onun həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 

XX əsrin əvvəlində qurulmuş Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tarixin mirası olan sənədlərin toplanması və qorunması istiqamətində xeyli işlər görmüşdür. 1917-1918-ci illərdə baş verən mürəkkəb hadisələr dövlət və hökumət idarələrinin, sahibkarlara məxsus fabrik, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanması işini çətinləşdirmişdir. Bu vəziyyət Cümhuriyyət Hökumətinin nəzərindən yayınmamışdır. Azərbaycan Hökumətinin Tiflisdə yaradılması, bir müddət orada fəaliyyətdən sonra Gəncəyə köçürülməsi, nəhayət, Bakıda fəaliyyətinin davam etdirilməsi, yeni-yeni formalaşmaqda olan dövlət hakimiyyəti orqanlarının kargüzarlıq sənədlərinin mühafizəsində müəyyən çətinliklər yaratmasına baxmayaraq, həmin illərdə dövlət orqanlarında kargüzarlıq və arxiv işinin sistemli şəkildə təşkili işində ilkin zəruri addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin “Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”sində Nazirliyin dəftərxanasının tərkibində sənədlərin toplanması və mühafizəsi funksiyasını həyata keçirən arxivin yaradılması vəzifəsi qoyulmuşdur. Həmin arxivdə Azərbaycanda baş verən mühüm hadisələrə dair aktlar və sənədlər, habelə qaytanlanan kitablar, o cümlədən nazirliyin bütün struktur bölmələrinin fəaliyyətində yaranan sənədlərin mühafizəsi və onların sistemləşdirilməsi nəzərə alınmışdı.

AXC Hökumətinin ölkədə kargüzarlıq xidmətinin və arxiv işinin vahid sistem kimi təşkili üçün atdığı mühüm addımlardan biri də, Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər nazirinin  13 oktyabr 1919-cu il tarixli 59 nömrəli əmri ilə  rus imperiyasının Azərbaycandakı siyasətini əks etdirən arxiv sənədlərinin toplanması üçün Xüsusi Komissiyanın yaradılması olmuşdur. Xüsusi Komissiyanın 14 oktyabr 1919-cu ildə keçirilmiş ilk iclasında ölkədə bu sahədə görülməsi vacib hesab edilən bir sıra məsələlər ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə komissiyanın qarşısında qoyulmuş vəzifələr, vəzifələrin həlli üçün müəyyən olunan müddət,  tədqiq və araşdırılmalı olan idarə arxivləri, arxivlər üzrə işlərə (sənədlərə) baxılması qaydaları,  tədqiqat işlərinin açıq və ya gizli aparılması,  arxiv sənədlərinin surətlərinin çıxarılması və saxlanılması qaydaları, komissiyanın tərkibi, xərcləri, arxivlərdən alınmış sənəd və materialların istifadəsi  və sair məsələlərə münasibət bildirilmişdir.

Xüsusi Komissiya, ilk növbədə, Bakı və Gəncə quberniyalarında yerləşən İdarələrdə saxlanılan Zaqafqaziya müsəlmanlarının maariflənməsi və mədəniyyətinə qarşı, onların dini zəmində sıxışdırılması, sünni və şiələr, erməni və tatarlar arasında dini və milli zəmində düşmənçiliyin qızışdırılması, müsəlman əhalisinin silahsızlaşdırılması, hərbi mükəlləfiyyət  və müsəlmanlara qarşı iqtisadi siyasət  və digər məsələlərə dair rus siyasətini özündə əks etdirən sənədlərin toplanılmasını zəruri hesab etmişdir. Komissiya həmçinin birinci mərhələdə 1900-cu ildən Azərbaycanın müstəqilliyi elan olunduğu dövrə qədər (28 may 1918-ci ilədək) olan materialların, sonrakı mərhələdə isə Qafqazın ruslar tərəfindən ilhaq edildiyi dövrdən başlayaraq sənədlərin toplanılmasını qarşısına məqsəd qoymuşdu. Xüsusi Komissiya ilkin mərhələdə sənədlərin toplanması işinin gizli aparılmasını, bütün idarə arxivlərinə baxdıqdan sonra isə müvafiq arayışla əhalinin məlumatlandırılması, xüsusi əhəmiyyətli məlumatlar daşıyan sənədlərin arxivə geri qaytarılmadan xüsusi komissiyada saxlanılması, toplanmış sənədlərin sistemləşdirilməsi və surətlərinin çıxardılması və sair məsələlər barədə qərarlar qəbul etmişdir. Komissiya qısa müddətdə yuxarıda qeyd olunan təşkilatlardan xeyli sayda arxiv materialları toplamağa nail olmuşdur. Toplanılan arxiv sənədləri əsasında 1919-1920-ci illərdə “Əyalətlərdə rus siyasətinə dair oçerklər” (“Qçerki russkoy politiki na okrainax”)  adlı iki toplu çap etdirərək parlament fraksiyalarının rəhbərlərinə, xarici ölkələrin diplomatik missiyalarının nümayəndələrinə və elm ictimaiyyətinə təqdim edilmişdir. Bununla da Cümhuriyyət Hökuməti ölkəmizin XIX-XX əsr tarixini özündə əks etdirən sənədlərin talan olunaraq xaricə aparılmasının və kütləvi surətdə məhv edilməsinin qismən də olsa qarşısını ala bilmişdir. AXC Hökumətinin süqutuna qədər fəaliyyət göstərmiş Komissiya ölkənin quberniya idarələrində saxlanılan arxiv sənədlərinin araşdırılması ilə məşğul olmuş və xüsusi əhəmiyyət kəsb edən sənədlərin mühafizəsi üçün zəruri addımlar atmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradan Xüsusi Komissiya öz fəaliyyəti ilə Azərbaycanda arxeoqrafiya elminin əsasını qoymuş,  vətən tarixinin ilkin mənbələrə istinad edərək elmi şəkildə tədqiqinə başlamaqla arxeoqrafik nəşrlər çap etdirmiş, həmçinin arxiv işinin mərkəzləşdirilməsi istiqamətində ilk mühüm addımlar atılmışdır.

Arxiv işi Azərbaycan Sovet Respublikası hökuməti tərəfindən davam etdirilmişdir. 1920-ci ilin may ayında Azərbaycan Sovet Respublikasının Xalq Maarif Komissarlığının abidələrin mühafizəsi şöbəsi, əvvəldən mövcud olan layihə əsasında respublikamızda arxiv işinin təşkili və xüsusi arxiv orqanının yaradılması məsələsini müzakirəyə çıxarmış və həmin dövrün ali dövlət hakimiyyəti orqanı olan Azərbaycan İnqilab Komitəsinin Rəyasət Heyətinə təqdim etmək üçün arxiv işi haqqında xüsusi layihənin hazırlanmasını qərara almışdır. Dövrün tanınmış tarixçi alimləri və arxivçilərin fəal iştirakı ilə hazırlanmış “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin təşkili haqqında” layihə 6 dekabr 1920-ci ildə  Azərbaycan İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılır və təsdiq olunur. İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanan Dekret 15 dekabrda rəsmi “Kommunist” qəzetində dərc edilir. Beləliklə, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda Mərkəzi Dövlət Arxivi (MDA) yaradılır. Arxiv işinə mərkəzləşdirilmiş dövlət nəzarəti təmin edilir, arxiv sənədlərinin idarələrdə mühafizəsi və istifadə olunması kimi qapalı sistem ləğv edilərək, onları xalqın ümumi sərvətinə çevirir. Bütün dövlət idarələrinin və ictimai təşkilatların arxivlərində saxlanılan sənədlər əsasında respublikamızın vahid dövlət arxiv fondu təşkil olunmur, fondun tərkibinə sənədlərin daxil edilməsinin qaydaları müəyyən edilmişdir.

Həmin dekretə əsasən Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və sonrakı dövrlərdə fəaliyyət göstərən  bütün idarə, müəssisə və təşkilatların arxiv sənədləri vahid  dövlət arxiv fonduna daxil edilir və xüsusi əsasnamə ilə idarələrdə müvəqqəti saxlanmaq üçün müəyyən olunmuş müddətlər başa çatdıqdan sonra Azərbaycan Xalq Maarif Nazirliyi yanında yaradılan Mərkəzi Dövlət Arxivinə təhvil verilməsi tələb olunurdu. Dekret Azərbaycanda arxiv işinin mərkəzləşmiş qaydada təşkilinin təməlini qoymaqla, həm də  bu sahədə mövcud olan pərakəndəliyi aradan qaldırdı və sənədlərin Mərkəzi Dövlət Arxivinin razılığı olmadan məhv edilməsinin qarşısını aldı.

Vahid dövlət arxiv fondunun yaradılması ilə Azərbaycanda arxiv sənədlərinin mərkəzləşmiş qaydada komplektləşdirilməsinin, mühafizəsinin, uçotunun, cəmiyyətin və dövlətin maraqları üçün hərtərəfli istifadə olunmasının başlanğıcı qoyuldu.

Vahid dövlət arxiv fondu yaranma vaxtından və yaradılması formasından asılı olmayaraq ölkəmizin ərazisində yaranan sənədlərin elmi, tarixi, əməli əhəmiyyət kəsb edən hissəsinin məcmusu kimi təşkil edildi. Dövlət arxiv fonduna dövlət hakimiyyəti və idarəetmə orqanlarının aktları, idarə, müəssisə və təşkilatların təşkilati, sərəncamverici sənədləri, plan, hesabat sənədləri, rəsmi və şəxsi yazışmalar, texniki sənədlər, bədii və yaradıcılıq əsərlərinin əlyazmaları, memuarlar, gündəliklər, kino və foto sənədlər, səsyazıları və digər kateqoriyadan olan sənədlərin daxil edilməsi qərara alındı.

Azərbaycan Respublikası vahid dövlət arxiv fondunun təşkil olunduğu ilk illərdə onun tərkibinə ölkəmizin ərazisində fəaliyyət göstərmiş dövlət və hakimiyyət orqanlarının, məhkəmə və prokurorluq orqanlarının, hərbi idarələrin, dini idarələrin, sənaye və kənd təsərrüfatı sahələrinə aid dövlət və şəxsi müəssisələrin, elm, təhsil, mədəniyyət, xeyriyyəçilik cəmiyyətlərinin, ictimai-siyasi təşkilatların, habelə 1918-1920-ci illərdə qurulmuş ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə dair qiymətli sənədlər daxil edilmişdir. Bundan başqa dövlət arxiv fonduna elmi-tarixi və mədəni dəyərə malik kino, foto sənədlər və səsyazıları, dövri çap nəşrləri və digər əhəmiyyət kəsb edən yazılı sənəd nümunələri daxil edilmişdir.

Qiymətli arxiv sənədlərinin məhv edilməsinin qarşısını almaq məqsədi ilə 1922-ci ilin iyun ayında Azərbaycan SSR MİK “Keçmişdə və indi fəaliyyət göstərən dövlət idarələrinin, ictimai təşkilatların və sənaye-ticarət müəssisələrinin arxivlərinin mühafizəsi haqqında” dekret qəbul edir. 1922-ci ilin avqustundan Mərkəzi Dövlət Arxivi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin nəzarəti və tabeliyinə keçir, bu da arxiv orqanın nüfuzunun artmasına imkan verir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin arxiv işi ilə bağlı ardıcıl olaraq 1923-cü il 27 fevral və 7 sentyabr tarixlərində qəbul edilmiş qərarları Mərkəzi Dövlət Arxivinin fəaliyyətinin gücləndirilməsinə və onun rolunun artmasına müsbət təsir etdi. Ali hakimiyyət orqanlarının arxiv işi ilə bağlı qəbul edilən qərarları arxiv sənədlərinin qeyri-qanuni məhv edilməsinin qarşının alınmasına, bu sahədə pozuntulara yol vermiş  şəxslərin məsuliyyətinin artırılmasına  yönəldilmişdi. Cəzaların sərtləşdirilməsi nəticəsində, təkcə 1922-ci ilin avqust ayında Mərkəzi Dövlət Arxivinə qiymətli sənədlərdən ibarət 26 arxiv fondu qəbul edilərək uçota alınmışdı.

Azərbaycanda sovet hakimiyyətinin ilk illərində arxiv sənədlərinin toplanması və komplektləşdirilməsi ilə Mərkəzi Dövlət Arxivi ilə yanaşı, digər təşkilatlar, Əmək Muzeyi, Oktyabr İnqilabının və Kommunist partiyası tarixinin öyrənilməsi üzrə Komissiyanın Azərbaycan Bürosu məşğul olmuşdur. Lakin Əmək Muzeyinin inqilab tarixi şöbəsinə daxil olan sənədlərin uçota alınması və onların məhv edilməsinə razılığın verilməsi  Mərkəzi Dövlət Arxivi tərəfindən həyata keçirilirdi. Muzeyin İnqilab tarixi şöbəsinə yalnız MDA təlimat və qaydalarından istifadə etməklə  Azərbaycandakı inqilabi hərəkatın tarixinin öyrənilməsi üçün arxiv sənədlərindən elmi məqsədlərlə istifadə olunması tapşırılmışdı. Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin 1921-ci il dekabr tarixli qərarı ilə yaradılan “Azərbaycan Partiya Tarixi Bürosu (Azistpart)  isə respublikamızda inqilabi hərəkatın tarixinin öyrənilməsi üçün arxiv sənədlərindən geniş istifadə etməklə yanaşı, həm də onların toplanması, sistemləşdirilməsi və qaydaya salınmasında fəal iştirak edirdi. Lakin sonradan MDA ilə Partiya tarixi bürosunun fəaliyyət istiqamətləri dəqiqləşdirilərək müəyyən edildi ki, arxiv sənədlərinin toplanması və mühafizəsi ilə yalnız Mərkəzi Dövlət Arxivi məşğul olmalı, AK(b)P  MK yanında yaradılan Partiya Tarixi Bürosu  isə  dövlət arxivlərinin topladığı materiallardan elmi məqsədlər üçün istifadəni həyata keçirməlidir. (AK(b)PMK yanında Partiya Tarixi Bürosunun adı 1929-cu ildən dəyişdirilərək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutu, daha sonra 1956-cı ildən Partiya Tarixi İnstitutu, SSRİ dağıldıqdan sonra 1991-ci ildən Baş Arxiv İdarəsinin tərkibində Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi adlandırıldı, 21 iyun 2007-ci ildən bu arxiv AR Prezidentinin Sərəncmaı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilmişdir. 1923-cü ildə MDA  AK(b)P MK qarşısında Mərkəzi Dövlət Arxivinin tərkibində Azərbaycanın inqilabi hərəkatı tarixinə dair bütün sənədlərin toplanıldığı  şöbənin yaradılması məsələsini qaldırdı. AK(b)P MK belə bir şöbənin MDA-nin tərkibində yaradılmasını məqsədə uyğun hesab etdi və Muzeyin İnqilab tarixi şöbəsində saxlanılan sənədlərin MDA-ya təhvil verilməsi barədə qərar qəbul etdi. 1925-ci ildə həmin sənədlərin bazasında Mərkəzi Dövlət Arxivində inqilab tarixi şöbəsi yaradıldı.

Bu dövrdə  MDA-nın qarşılaşdığı cətinliklərdən biri də məhv olmaq təhlükəsi ilə üzləşməsi səbəbindən kütləvi olaraq arxivə mühafizə üçün qəbul edilmiş sənədlərin qaydaya salınması, xronoloji ardıcıllıqla sistemləşdirilməsi məsələsi olmuşdur. Azərbaycan Mərkəzi Dövlət Arxivi 1923-cü ildə “Azərbaycan dövlət arxivində sənədlərin seçilməsi  və işlərin siyahısı haqqında Əsasnamə”ni təsdiq etdi. Həmin Əsasnaməyə görə arxiv sənədləri onların yaranma tarixlərinə uyğun beş bölmə (“Antik” dövr 1813-ci ilədək, “Rus” dövrü fevral 1917-ci ilədək, “Zaqafqaziya” dövrü mart 1917- aprel 1918-ci ilədək, “Müsavat” dövrü may 1918 - aprel 1920-ci illər, “Sovet” dövrü aprel 1920-ci ildən sonra) üzrə qruplaşdırılır və hər bir bölmə daxilində isə 7 alt bölmə (siyasi, iqtisadi, hüquqi, mədəni-maarif, hərbi-dəniz, inqilab-tarixi və nominal) üzrə sistemləşdirilməsi qərara alınmışdı. Şübhəsiz, arxiv materiallarının bu cür qruplaşdırması fondların bölünməzliyi prinsipinə uyğun gəlmirdi və bu qayda bir neçə dəfə dəyişdirilərək 1925-ci ilədək tətbiq edilmişdir.

Azərbaycanda arxiv quruculuğu sahəsində mühüm hadisələrdən biri də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 6 may 1925-ci il tarixli qərarı ilə “Arxiv işi haqqında”  dekretin qəbul edilməsi  olmuşdur. Bu dekretə əsasən bütün idarələr öz arxiv materiallarını qaydaya salmaqla arxiv siyahıları əsasında MDA-ya təhvil verilməsinə məcbur edilirdi. Həmçinin iri idarələrdən (2000-dən artıq işi olan) texniki və metodiki cəhətdən  MDA tabe olan arxivçi ştatı yardılması tələb olunurdu. 6 may 1925-ci il tarixli dekret MDA ilə idarələr arasındakı işgüzar münasibətlərin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, həm də idarələrin öz arxiv materiallarının vəziyyəti və qorunması ilə bağlı məsuliyyətlərini müəyyən etdi. 1923-25-ci illərdə MDA tərəfindən sənədlərin uçotu, elmi-texniki cəhətdən qaydaya salınması, dəyərinin ekspertizası, şəhər və qəza arxivlərində yoxlamaların aparılması və sair sahələr üzrə işlərin təşkili metodikasını müəyyən edən təlimatlar, əsasnamələr hazırlamışdır ki, həmin sənədlərin ölkəmizdə arxiv quruculuğunun inkişafında  böyük əhəmiyyəti olmuşdur.

Respublikamızda arxiv quruculuğunun ilk illərində görülən mühüm işlərdən biri də qonşu ölkələrin arxivlərində saxlanılan  Azərbaycanla bağlı sənədlərin Mərkəzi Dövlət Arxivinə gətirilməsi işinin təşkili olmuşdur. 1925-ci ildə Tiflisdə Zaqafqaziya Mərkəzi Dövlət Arxivlərinin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda həm RSFSR, həm də Zaqafqaziya respublikalarının arxivlərində saxlanılan sənədlərin tərkibindən hər bir ölkənin ona aid olan sənədlərinin götürülməsi məsələsi müzakirə olunur. Nəticədə təkcə 1925-ci ildə Gürcüstan dövlət  arxivlərindən Azərbaycanla bağlı 5000 iş seçilmiş və 2000-dən artıq iş (AXC Hökumətinin diplomatik missiyası, Qafqaz Canişinliyi, Azərbaycan quberniyalarındakı  bəy komissiyaları və digər fondlar üzrə)  Azərbaycan MİK-nın Mərkəzi Dövlət Arxivinə gətirilmişdir, lakin sonradan müxtəlif iqtisadi  və siyasi səbəbindən həmin işlərin davam etdirilməsi mümükün olmamışdır.

1925-ci ildə Vahid Dövlət Arxiv Fondunun (VDAF) təşkili qaydalarında dəyişikliklər edilərək, yuxarıda qeyd etdiyimiz sənədlərin sistemləşdirilməsi (beş qrup üzrə) prinsipi ləğv olundu. VDAF aid arxiv materiallarının yarandığı tarixlərə və yerə  görə iki qrupa,  inqilaba qədərki dövrə aid sənədlər ( tarix arxivləri) və inqilabdan sonrakı dövrə aid sənədlər (Oktyabr inqilabı arxivləri) qrupuna bölünməklə sistemləşdirilməsi, həmçinin   mərkəzi və yerli əhəmiyyətli sənədlər qrupuna ayrılması qərara alındı. Həmin  bölgüyə müvafiq olaraq, həm də MDA-nın strukturunda dəyişikliklər edildi. 1920-25-ci illərdə inqilaba qədərki dövrə aid sənədlərin MDA-nə konsentrasiyası işi başa çatdırıldı, onların qaydaya salınması və  təsviri işlərinin həyat keçirilməsinə başlanıldı, həmçinin arxiv sənədlərindən elmi məqsədlər üçün istifadə olunmasında ilkin addımlar atıldı. Əgər 1926-ci ilə qədər arxivlərə inqilaba qədərki dövrə aid sənədlər daxil olurdusa,1926-ci ildən sonra arxivə sovet dövründə yaradılan idarələrin fəaliyyətində yaranan sənədlər daxil olmağa başlandı. MİK-nin 6 iyun 1925-ci il tarixli dekreti dövlət arxivinə sənədlərin qaydaya salınmış vəziyyətdə və siyahılarla  birlikdə təhvil verilməsini bir mənalı olaraq tələb edirdi ki, bu da MDA fəaliyyətində müəyyən irəliləyişə imkan verirdi. Arxiv işinin təşkili və təkmilləşdirilməsi məsələsi hökumət tərəfindən daimi olaraq diqqətdə saxlanılırdı.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 17 iyul 1926-cı il tarixli “İnqilab tarixinin öyrənilməsi üçün əhəmiyyətli olan kino və foto sənədlərin neqativlərinin Azərbaycan SSR Mərkəzi Dövlət Arxivinə təhvil verilməsi haqqında” qərarı bunu bir daha təsdiq edir. Həmin qərarın  respublikamızda arxiv işinin inkişafında xüsusi əhəmiyyəti olmuş, ölkəmizin ictimai-siyasi və mədəni-tarixi ilə bağlı bütün qiymətli foto sənədlərin və kino lentlərin neqativlərinin VDAF tərkibinə daxil edilməsi təmin edilmiş və bütün təşkilatlara bu növ sənədlərin qısa müddətdə Mərkəzi Dövlət Arxivinə təhvil verilməsi tapşırılmışdı. Qərara uyğun olaraq MDA kino lentlərin və foto sənədlərin neqativlərinin dövlət mühafizəsinə qəbulunu təmin etmək üçün xüsusi təlimat hazırladı və həmin ildən spesifik sənədlərin arxivə qəbuluna başlanıldı. 1926-cı ildə bütövlükdə respublikamızda fəaliyyət göstərən arxivlərə elmi-metodiki yardım göstərilməsi məqsədilə xüsusi əhəmiyyətə malik  qaydalar, təlimatlar və digər metodiki xarakterli vəsaitlər hazırlanaraq  çap edildi.

1926-ci ildə Mərkəzi Dövlət Arxivi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi qarşısında bütün təşkilatlarda saxlanılan inqilaba qədərki dövrə aid dövri ədəbiyyatın dövlət arxivinə təhvil verilməsini təmin edən qərarın qəbul edilməsi məsələsini qaldırdı. Azərbaycan SSR MİK 30 oktyabr 1926-cı ildə bu məsələyə baxdı və “Köhnə dövri ədəbiyyatın arxivə təhvil verilməsi barədə” xüsusi qərar qəbul etdi. Həmin qərara əsasən bütün təşkilatlarda saxlanılan inqilaba qədərki dövrə aid dövri ədəbiyyatın bir ay müddətində dövlət arxivinə təhvil verməsi tələb olunurdu. MDA bu qərara istinad edərək öz fəaliyyətini təşkil etdi və artıq 1929-cu ildə arxivin məlumat kitabxanasına  15000 kitab, 700 jurnal, 325 dəst qəzet qəbul edilərək mühafizə olunurdu. Bütün bunlar  MDA-nin sənəd bazasını genişləndirməklə elmi-tədqiqat müəssisələri ilə əlaqələrinin möhkəmlənməsinə  və arxiv materiallarından elmi-tədqiqat məqsədi ilə istifadə olunmasına yeni imkanlar yaratdı, həm də  MDA əməkdaşları tərəfindən arxiv sənədləri əsasında elmi məcmuələrin, publikasıyaların  hazırlanması və nəşrinə  təkan verdi.

22-27 fevral 1927-ci ildə Bakıda keçirilən maarif işçilərinin VI qurultayında digər məsələlərlə yanaşı, respublikamızda arxiv işinin təşkili vəziyyəti də müzakirə olundu və qurultayın qətnaməsində MDA əməkdaşlarının tarixi sənədlər əsasında hazırladığı materialların Xalq Maarif Komissarlığı tərəfindən çapa başlanılması təklif olundu. Qısa müddətdə MDA-nın əməkdaşları tərəfindən arxiv sənədləri əsasında hazırlanmış və respublikamızın həyatında baş vermiş vacib ictimai-siyasi hadisələri əks etdirən məqalələr, elmi nəşrlər, toplular çap edildi. 1927-1928-ci illərdə arxiv sənədlərinin orijinalları əsasında çap olunan elmi nəşrlər, kitablar, məqalələr respublikamızın elmi ictimaiyyətinin böyük marağına səbəb olmaqla yanaşı, həm də arxiv materiallarının elmi əhəmiyyətinin  geniş ictimaiyyətə çatdırılmasında müstəsna rolu oldu.

1928-1929-cu illərdə Azərbaycanın arxiv quruculuğunda qazanılmış ən böyük nailiyyətlərindən biri də respublikamızın qəzalarında arxivlərin təşkil edilməsidir. Naxçıvan MİK-nın qərarı ilə 13 dekabr 1925-ci ildə Naxçıvan MR Mərkəzi Dövlət Arxivi yaradılır. Həmin ildə Azərbaycan SSR MDA qəzalarda fəaliyyət göstərən arxivlərə baxış keçirir  və yerlərdə arxiv orqanının yoxluğu səbəbindən sənədlərin nəzarətsiz qalması və qanunsuz olaraq məhv edilməsi barədə faktları aşkar edir. MDA-nın 10 dekabr 1927-ci il tarixli Kollegiya iclasında respublikamızın qəzalarında arxivlərin yaradılması məsələsi müzakirə edilir və Azərbaycan SSR Xalq Komissarlar Soveti qarşısında qəza icraiyyə komitələrinin yanında arxiv bürolarının yaradılması  təklif olunur. MDA həmçinin qısa müddətdə qəza arxiv büroları haqqında əsasnamənin layihəsini hazırlayaraq Azərbaycan SSR XKS-nə təqdim edir.

Azərbaycan SSR Xalq Komissarlar Sovetinin  25 iyul 1928-ci il tarixli iclasında MDA-nin təqdim etdiyi Əsasnamənin layihəsinə baxılır və iclasın qərarı ilə təsdiq edilir. Əsasnaməyə görə qəza arxiv büroları Mərkəzi Dövlət Arxivinin yerlərdəki şöbələri hesab edilir, icraiyyə komitələrinin rəyasət heyətlərinə tabe olmaqla onlar tərəfindən maliyyələşdirilirdi. Qəza arxiv bürolarına MDA kollegiyası ilə razılaşdırılaraq yerli icraiyyə komitələri tərəfindən təyin olunan arxivçi rəhbərlik edirdi. Qəza arxivlərinə VDAF məxsus inqilaba qədərki və sovet dövrünə aid sənədlərin ərazi prinsipi üzrə qəbulu həvalə olunurdu. 1929-cu ildə IV sovetlər qurultayında respublikamızın  inzibati-ərazi bölgüsündə dəyişikliklər edilərək vilayət, diyar və kənd sovetlərinin yaradılması barədə qərar qəbul edilir və həmin qərara uyğun olaraq ölkəmizin ərazisində cəmi 7 vilayətin yaradılması nəzərdə tutulur. MDA yaranmış vəziyyəti nəzərə alaraq yerlərdə vilayət arxivlərinin təşkili ilə bağlı Azərbaycan SSR XKS-yə müraciət edir. Xalq Komissarları Soveti Rəyasət Heyətinin 1929-cu il 9 sentyabr tarixli iclasında bu məsələyə baxılır və  vilayət arxiv büroları haqqında əsasnamə  təsdiq edilir. Vilayət arxiv bürolarının əsas funksiyası ümumi vilayət üçün əhəmiyyətli olan idarələrin sənədlərinin arxivə komplektləşdirilməsi, sənədlərin makulatura üçün seçilməsi və ekspertizası məqsədilə komissiyaların yaradılması və s. məsələlərlə bağlı idi. 1930-cu ildə respublikamızın inzibati-ərazi quruluşu işində aparılan yeni dəyişikliklərə əsasən rayonlar yaradılır və rayon icraiyyə komitələrinin tərkibində arxiv bürolarının yaradılması qərara alınır. Həmçinin yerli arxiv orqanları tərəfindən toplanılmış arxiv materiallarının elmi-tarixi əhəmiyyətini və tərkibini müəyyən etmək üçün Mərkəzi Dövlət Arxivinin nəzdində Mərkəzi Ekspert Yoxlama Komissiyası (MEYK) təşkil edilir. Mərkəzi Ekspert Yoxlama Komissiyasının tərkibinə arxiv əməkdaşları ilə yanaşı, iri təşkilatların nümayəndələri və görkəmli tarixçi-arxivçi alimlər daxil edilir. 1928-29-cu illərdə idarə və təşkilatların arxivlərində keçirilən ictimai baxışlar,  təhqiqatlar, araşdırmalar nəticəsində xeyli sayda qiymətli sənədlər aşkar edilərək VDAF daxil edilir, yerli arxiv orqanlarının, idarə arxivlərinin işinə nəzarət güçləndirilir.

Arxiv quruculuğunun ilk dövrlərində baş vermiş hadisələrdən biri də 19 may 1929-cu ildə Bakıda Zaqafqaziya dövlətləri Mərkəzi Arxivləri nümayəndələrinin iştirakı ilə I müşavirəsinin keçirilməsi olmuşdur. Həmin  müşavirədə  Zaqafqaziyanın mərkəzi arxiv orqanı olan Zaqafqaziya Mərkəzi Arxivləri Sovetinin yaradılması barədə qərar qəbul edilmişdi.  Zaqafqaziya Mərkəzi Arxivləri Sovetinin ilk iclası 26 iyul 1929-cu ildə Tiflisdə çağırılmışdır. İclasda Mərkəzi arxivlərin maliyyə və ştat məsələləri müzakirə edilmiş, həmçinin Mərkəzi Arxivlər Sovetinin əsasnaməsi təsdiq olunmuşdur.

1928-1930-cu illərdə arxivlərin fəaliyyət dairəsinin genişlənməsi onların idarə olunması işinin təkmilləşdirilməsinə zərurət yaradır və bu məqsədlə  19 aprel 1930-cu ildə ASSR MİK-nin Rəyasət Heyəti Mərkəzi Dövlət Arxivinin yenidən təşkili barəsində qərar qəbul edir. Həmin qərarla  Azərbaycan SSR Mərkəzi Arxiv İdarəsi (MAİ) yaradılır və onun  Əsasnaməsi təsdiq edilir. Azərbaycan SSR Mərkəzi Arxiv İdarəsinin üzərinə ölkəmizin Vahid Dövlət Arxiv Fonduna rəhbərlik, arxiv quruculuğu sahəsi ilə bağlı normativ hüquqi sənədlərin layihələrinin hazırlanması və qanunvericilik orqanlarına təqdim edilməsi, respublika ərazisində fəaliyyət göstərən bütün arxiv təşkilatlarının işinə ümumi nəzarətin təşkili, arxiv sənədlərinin (o cümlədən foto neqativlərin, kino lentlərin) cəmləşdirilməsi, mühafizəsi, uçotu, eyni zamanda elmi-tədqiqat işlərinin və arxiv materiallarından sosial-iqtisadi və mədəni quruculuq vəzifələrinin yerinə yetirilməsində kömək üçün istifadənin təşkili, sənədlərin qanunsuz məhv edilməsinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi vəzifələri  qoyulurdu. MAİ-ə  Azərbaycan SSR MİK Rəyasət heyətinin təyin etdiyi müdir rəhbərlik edirdi və onu yanında tərkibi MİK tərəfindən təsdiq edilən Kollegiya fəaliyyət göstərirdi. 1930-cu ildə təsdiq edilmiş “Azərbaycan SSR Mərkəzi Arxiv İdarəsinin Əsasnaməsi”nə uyğun olaraq  Mərkəzi Dövlət arxivinin bazasında Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi və Mərkəzi Dövlət Tarix Arxivi yaradılır. Mərkəzi Dövlət Tarix Arxivində 1917-ci il Oktyabr inqilabına qədərki dövrə aid, Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivində isə 1917-ci ildən sonrakı dövrə aid sənədlər, həmçinin elmi-tarixi əhəmiyyətə malik kino və foto sənədlərin neqativlərinin mühafizəsi nəzərdə tutulurdu. 1943-cü ildən isə Mərkəzi Dövlət Arxivinin fotosənədlər şöbəsinin bazasında Azərbaycan SSR Mərkəzi Dövlət Kinofotofono sənədlər arxivi təşkil edilir. Bununla da dövrün siyasi və ideoloji əsaslarına uyğun olaraq dövlət arxiv fondunun sovet dövrünədək və sovet dövrü kimi təsnif olunmasına başlanılır.

Mərkəzi Arxiv İdarəsinin yaradılması Azərbaycanda arxiv quruculuğu sahəsində əsaslı dönüşə səbəb oldu, onun dövlət idarəetmə sistemində əhəmiyyətini artırdı və arxiv təşkilatlarının fəaliyyətinə müsbət təsir etdi. 1930-cu illərdə MİK arxiv işinin müxtəlif sahələrinə dair (sənədlərin mühafizəsi üçün binaların ayrılması, kadr təminatı, rayon dövlət arxiv bürolarının işinin təşkili) qərarlar qəbul edir. MİK-in 19 may 1931-ci il tarixli qərarı ilə ictimai-siyasi, elmi-tarixi əhəmiyyət kəsb edən bütün foto-kino sənədlərin VDAF daxil edilməsi təmin olunur. 1931-ci ildən etibarən dövlət arxivlərində planlı şəkildə sənədlərin  elmi məlumat aparatının yaradılmasına, fondların adlı və tematik göstəricilərinin hazırlanmasına və arxivin ilk çap orqanı olan “ASSR Mərkəzi Arxiv İdarəsinin büllüteni”nin nəşrinə başlanılır.

Bütövlükdə 1920-1930-cu illər Azərbaycanın arxiv quruculuğu tarixinə sənəd materiallarının toplanılması, qaydaya salınması və onlardan istifadənin  təşkili dövrü kimi daxil olmuş, bu dövrdə xalqın milli sərvəti olan dövlət arxiv fonduna elmi, tarixi və əməli əhəmiyyətə malik sənədlərin komplektləşdirilməsi işi müntəzəm şəkildə davam etdirilmişdir.

1930-cu illərin ortalarından etibarən arxivlərdən və arxiv sənədlərindən dövrün siyasi və ideoloji əsaslarına uyğun olaraq istifadə olunmasına yönəlmiş ittifaq miqyaslı yeni qərarlar qəbul edilməyə başlanılır. SSRİ Ali sovetinin 1938-ci il 16 aprel tarixli  qərarı ilə  Mərkəzi Arxiv İdarəsi  Xalq Daxili İşlər Komissarlığının (NKVD) tabeliyinə  verilir. Bu qərarla bütün Sovet İttifaqında olduğu kimi, Azərbaycanda da arxivlər tam olaraq siyasiləşdirlmiş quruma çevrilir. Arxiv sənədlərindən siyasi məqsədlər üçün, xüsusi ilə də kütləvi repressiyalarda maksimum effektiv şəkildə istifadə edilməyə başlanılır. Arxivlərin Xalq Daxili İşlər Komissarlığının tərkibinə daxil edilməsi onu qapalı təşkilata çevirməklə yanaşı, həm də elmi-tədqiqat müəssisəsi statusunu qismən itirməsi ilə nəticələnir.

1940-1980-cı illərdə SSRİ hökuməti tərəfindən dövlət arxiv fondu və dövlət arxivi şəbəkələrinin fəaliyyəti  barədə  bir sıra normativ sənədlər, müharibə dövründə dövlət arxivlərinin və arxiv fondu sənədlərinin mühafizəsinin təşkili, arxivlərin müharibə dövrü  sənədləri ilə komplektləşdirilməsi, müharibə zamanı əldə edilmiş sənədlərin arxiv fondlarına daxil edilməsi və s. barədə  xüsusi qərarlar qəbul edir. Azərbaycan SSR  Nazirlər Soveti 17 iyul 1940-cı ildə “ASSR-də arxiv işinin vəziyyəti haqqında” xüsusi qərar qəbul edir. Həmin qərarda iki ay müddətində arxiv kadrlarının tərkibinə baxılması, onların siyasi cəhətdən hazırlıqlı şəxslərlə əvəz olunması, İcraiyyə  Komitələrində dövri olaraq arxiv rəhbərlərinin hesabatlarının dinlənilməsi, tarixi-siyasi əhəmiyyət kəsb edən arxiv materialları əsasında fabrik və zavodlarda, tədris müəssisələrində kütləvi təbliğat-təşviqat işlərinin aparılması və s məsələlər əhatə olunur.1941-ci ilin avqustunda “ Dövlət arxivlərinin hərbi dövrdə mühafizəsi haqqında” SSRİ Daxili İşlər nazirinin əmrinə uyğun olaraq Azərbaycan arxivlərinin zərurət yarandığı halda evakuasiyası barədə plan təsdiq olunur. Alman ordusunun Bakıya can atması bu sahədə işləri daha da sürətləndirir. Azərbaycan arxivlərində mühafizə olunan sənədlərin bir hissəsinin Qazaxıstana Qızıl Ordaya köcürülməsi, digər hissəsinin Bakı ətrafı rayonlarda yerləşdirilməsi barədə xüsusi plan hazırlanır. Sovet alman müharibəsi illərində Azərbaycan arxivləri öz işlərini müharibə şəraitinə uyğun yenidən qurmaqla yanaşı, həm də Sovetlər Birliyinin müxtəlif şəhər və vilayətlərindən (Rostov, Stavropol, Krasnodar və s.) köçürülmüş arxiv materiallarının müvəqqəti mühafizəsi işini təşkil etmiş, xüsusi ilə Şimali Qafqazın arxiv təşkilatlarına  böyük köməklik göstərmişlər.

Müharibədən sonrakı illərdə qəbul edilmiş qərarlar, xüsusi ilə 13 avqust 1958-ci  ildə təsdiq edilmiş “SSRİ-nin Dövlət arxiv fondu və dövlət arxivləri şəbəkəsi haqqında” Əsasnamə bütövlükdə sovetlər birliyində dövlət arxivlərinin və dövlət arxiv fondunun formalaşdırılmasının əsas prinsiplərini müəyyən etmişdir. Həmin Əsasnamədə bir mənalı olaraq qeyd olunurdu ki,  Dövlət arxiv fondu sənəd materiallarının mərkəzləşmiş şəkildə hesaba almaq, saxlamaq və əməli cəhətdən istifadə etmək üçün təşkil olunmuşdur. Sənədli materialların mühafizəsi və uçotu arxiv fondları daxilində aparılır. Arxiv fondu idarə, müəssisə, təşkilat və fiziki şəxslərin fəaliyyəti nəticəsində yaranan elmi, tarixi və əməli əhəmiyyətə malik sənədlərin məcmusundan təşkil olunur. Arxiv fondu bölünmür və bir arxivdə saxlanılır.

1960-cı ildə SSRİ-nin daxili işlər orqanın fəaliyyətinin yenidən təşkili ilə əlaqədar dövlət arxivlərinin  DİN tabeliyindən  Nazirlər Sovetinin tabeliyinə verilməsi barədə qərar arxivlərin fəaliyyətində yeni mərhələsini başlatdı.  28 iyul 1961-ci ildə “Dövlət arxiv fondu və dövlət arxivlərinin şəbəkəsi haqqında” Əsasnamə, 1962-ci ildə isə “Dövlət arxivlərinin əsas iş qaydaları” təsdiq edildi. Əsasnaməyə görə Arxiv İdarəsinin Elmi şurası yaradıldı. Respublikamızın arxiv təşkilatlarının fəaliyyəti nəticəsində yaranan elmi-metodiki məsələlərə baxılması məqsədilə metodiki komissiya təşkil olundu, elmi-məlumat kitabxanası qiraət zalı ilə birləşdirildi, sənədlərin saxlanmaq üçün ayrılması və saxlamalı olmayan sənədlərin məhv edilməsi məsələlərinə baxılmaq üçün ekspert-yoxlama komissiyası təşkil edildi.  Bununla da arxiv işi ilə bağlı 1938-1960-cı illərdə qəbul edilmiş 35-ə yaxın normativ sənəd öz hüquqi qüvvəsini itirdi. Arxiv işinə və arxiv sənədlərindən  elmi-tədqiqat məqsədilə istifadə olunmasına diqqət artırıldı, dövlət arxivləri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi işinə start verildi.

ASSR Nazirlər Sovetinin 1965-1969-cu illərdə arxiv işi ilə bağlı qəbul etdiyi qərarların ölkəmizdə arxiv işinin inkişafı və təşkilati strukturunun təkmilləşdirilməsində, dövlət arxivləri şəbəkəsinin genişləndirilməsində müstəsna əhəmiyyəti olmuşdur. ASSR Nazirlər Sovetinin 17 iyul 1965-ci il tarixli qərarı ilə yaradılmış Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi 1966-cı ilin yanvarından fəaliyyətə başladı. Arxivin vəzifə və funksiyalarına  görkəmli mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, yaradıcı təşkilatların, teatr, muzey, nəşriyyat, qəzet və jurnal redaksiyalarının sənədlərinin aşkar edilməsi, arxivə komplektləşdirilməsi, qaydaya salınması, mühafizəsi və istifadəsi işinin təşkili  daxil edilir.

ASSR Nazirlər Sovetinin 5 sentyabr 1967-ci il tarixli qərarı respublikamızda arxiv sənədlərinin mühafizəsi şəraitinin yaxşılaşdırılmsı, onlardan elmi-tədqiqat məqsədi ilə istifadəsi işinin səmərəli təşkili,  dövlət arxivləri şəbəkəsinin və arxiv təşkilatlarının strukturunun təkmilləşdirilməsi  məqsədilə  rayon (şəhər) dövlət arxivlərinin bazasında Oktyabr İnqilabı və Sosializm quruculuğu Mərkəzi Dövlət Arxivinin 15 filialının yaradılması, digər rayon dövlət arxivlərinin dəyişən tərkibli sənəd materiallarının mühafizə olunduğu arxivlər kimi fəaliyyətinin təşkili məsələsinin həllini təmin etdi. Naxçıvan MSSR Nazirlər Soveti yanında Arxiv İdarəsi və Dağlıq Qarabağ Muxtar Vilayəti İcrayyə Komitəsinin nəzdində Arxiv İdarəsi fəaliyyətə başladı.  Həmçinin respublika və yerli əhəmiyyətli idarə müəssisə və təşkilatların sənədlərinin qaydaya salınması və dövlət mühafizəsinə təhvil vermək üçün hazırlanması işinin səmərəli təşkili məqsədi ilə dövlət arxivlərinin tərkibində təsərrüfat hesablı qrupların yaradılması barədə Mərkəzi Arxiv İdarəsinin təklifi Nazirlər Soveti tərəfindən təsdiq olundu.

ASSR Nazirlər Sovetinin 5 aprel 1968-ci il tarixli qərarı ilə vətənimizin ictimai-siyasi həyatını, tarixini, elmini və mədəniyyətini özündə əks etdirən bəduu və audio-video sənədlərinin mühafizəsi işinin yaxşılaşdırılması məqsədilə Azərbaycan SSR Mərkəzi Dövlət Səs Yazıları Arxivi yaradıldı. Arxivin qarşısında dövlət elm və incəsənət xadimlərinin çıxışlarının, müxtəlif səs və video daşıyıcılarda olan yazıların, müharibə və əmək veteranlarının, ölkəmizə qonaq gələn xarici ölkələrin dövlət və ictimai xadimlərinin       çıxışları, söhbətləri və müsahibələri əks olunmuş səs və video yazılarını toplayıb, daimi dövlət mühafizəsini təmin etmək vəzifəsi qoyuldu.

ASSR Nazirlər Sovetinin 24 iyul 1969-cü il tarixli qərarı ilə respublikamızın elm-texnika sahəsindəki inkişafını özündə əks etdirən elm, texnika və tibb sənədlərinin mühafizəsini təmin etmək, həmçinin bu növ materialların hərtərəfli istifadəsini təşkil etmək məqsədilə ASSR Dövlət Elm, Texnika və Tibb Sənədləri Arxivi  yaradıldı. Arxivin üzərinə respublika və sahə əhəmiyyətli elmi-tədqiqat, layihə, konstruktor təşkilatlarının, ali təhsil müəssisələrinin kafedra və labarotoriyalarında hazırlanan elmi-tədqiqat materiallarının, hesabatların, habelə tibbi müəssisələrinin elmi əhəmiyyətli sənədlərinin komplektləşdirilməsi vəzifəsi tapşırılır.

23 aprel 1973-cü ildə ASSR Nazirlər Sovetində respublikamızda arxiv işinin təşkilinin daha da yaxşılaşdırılması məqsədi ilə Nazirlər Soveti yanında Arxiv idarəsinin  Baş Arxiv İdarəsi adlandırılaraq yenidən təşkili barədə qərar qəbul edilir. Arxiv işi sahəsində  ardıcıl olaraq qəbul edilən qərarlar, aparılan kompleks tədbirlər, respublikamızda arxiv işinin təşkilati formalarının, dövlət arxivləri şəbəkəsinin, onun strukturunun təkmilləşdirilməsi xalqımızın mədəni-tarixi irsinin qorunması, ictimai elmlər üçün mənbəşünaslıq bazasının genişləndirilməsi sahəsində  arxiv təşkilatlarının məsuliyyətini və vəzifələrini bir daha artırdı. Dövlət arxivləri sənəd materiallarının dərc olunması sahəsində respublikamızın qabaqcıl elmi müəssisələrinə çevrildi. 1959-cu ildən nəşr olunan Arxiv İdarəsinin orqanı ”Elmi məlumat büllüteni” 1962-ci ildən “Azərbaycan SSR arxivlərinin xəbərləri” jurnalı, 1969-cu ildən isə “Azərbaycan arxivi” jurnalı kimi nəşr edilməyə başladı.

ASSR Nazirlər Sovetinin 1980-cı il 15 avqust tarixli qərarı ilə  Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin yeni Əsasnaməsi təsdiq edilir. Əsasnaməyə əsasən Baş Arxiv İdarəsi dövlət idarəçiliyində ittifaq-respublika əhəmiyyətli orqan hesab olunur, təşkilati-hüquqi cəhətdən ASSR Nazirlər Sovetinə və SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə tabeliyi təsbit edilir. ASSR Baş Arxiv İdarəsinin əsas vəzifəsi SSRİ dövlət arxiv fondu haqqında əsasnamənin tələblərinə uyğun olaraq, ASSR dövlət arxiv fondunun mühafizəsi, dövlət arxivlərinin komplektləşdirilməsi və onlarda saxlanılan sənədlərin istifadəsinin təşkilidir. Həmin illərdə qəbul edilmiş  “SSRİ dövlət arxiv fondu haqqında” yeni Əsasnamədə  göstərilirdi ki, SSRİ Dövlət arxiv fondu SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin sərəncamındadır. Artıq dövlət arxivlərinin fəaliyyəti barədə hesabatlar respublika hakimiyyət orqanlarına deyil, ittifaq təşkilatlarına verilir və onlara əməli rəhbərlik ittifaq orqanları tərəfindən həyata keçirilirdi. Bu fakt bir daha göstərir ki, SSRİ-nin tərkibində olan müttəfiq respublikaların heç biri, o cümlədən Azərbaycan özünün mənəvi sərvəti olan arxivlərin tam sahibi deyildi. Buna baxmayaraq, Azərbaycan arxivçiləri  cəmiyyət tarixinin müasir mərhələsində yaranan sənədlərin saxlanması, istifadəsi və arxivşünaslıq, sənədşünaslıq sahəsində  elmi tədqiqatların aparılması işində üzərinə düşən vəzifələri şərəflə yerinə yetirirdilər. Bu dövrdə Respublikamızın arxiv təşkilatları sənədlərin dövlət uçotu, elmi-məlumat aparatının daha da yaxşılaşdırılması, elmi ictimaiyyəti dövlət arxivlərində saxlanılan sənədlərin tərkibi və məzmunu haqqında məlumatlarla təmin etmək üçün məlumat kitabçaları, göstəricilər  çap edərək arxiv işinin inkişafına xüsusi töhfələr vermişlər.

O dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  birinci katibi vəzifəsində işləyən ümummilli lider Heydər Əliyev partiyanın  XXVIII qurultayındakı dərin məzmunlu nitqində ölkəmizdə ictimai elmlərin qarşısında duran vəzifələri geniş təhlil etmiş, cəmiyyətin aktual problemlərinin tədqiqi, onların nəzəri səviyyəsinin yüksəldilməsi və ictimai elmlərin inkişafı üçün  mənbəşünaslıq bazasının yaradılmasının vacibliyini xüsusi olaraq vurğulamışdır. Ulu öndərin gələcəyə çağırış xarakterli bu nitqi Azərbaycan arxivçilərini ruhlandırmış və daha böyük nailiyyətlər əldə etməyə sövq etmişdir.

Azərbaycanda arxiv işinin təşkilində, arxivşünaslıq və arxeoqrafiya elminin təşəkkül tapmasında, xalqın milli sərvəti olan çoxəsrlik sənəd irsinin qorunması və daha qiymətli sənədlərlə zənginləşdirilməsi sahəsində bir çox şəxsin əvəzsiz xidmətləri olmuşdur. Rüsiya imperiyasının Cənub Qafqazda yaşayan müsəlman xalqlarına qarşı törətdiyi irticaçı siyasətini subut edən arxiv sənədlərinin toplanılması məqsədilə Azərbycan Xalq Cümhuriyyəti Hökumətinin Xarici İşlər Nazirliyi yanında yaradılan Xüsusi Kommissiyanın üzvləri Aslan bəy Kriçinski, Məhəmməd bəy Ağayev, Kərəm Sulkeviç, Əli Yusif və digərləri  ölkəmizdə arxiv işinin və arxeoqrafiya elminin ilk təməl daşlarını qoymuş şəxslərdir. Məhz həmin şəxslərin təşəbbüskar ideyalarından bəhrələnmiş Azərbaycan MİK Xalq Maarif Komissarlığının təlim-tədris şöbəsinin müdiri işləmiş və Azərbaycan MİK  Mərkəzi Dövlət Arxivinin ilk direktoru olmuş A.L.Popovun, daha sonra həmin vəzifədə onu əvəz etmiş A.Subhanverdiyevin vahid dövlət arxiv fondunun yaradılması haqqında dekretin hazırlanmasında, Azərbaycan SSR Mərkəzi Dövlət Arxivinin fəaliyyətinin təşkilində və dövlət arxiv fondunun formalaşdırılmasında böyük xidmətləri olmuşdur.

Eyni zamanda, dövlət arxiv fondu sənədlərinin elmi şəkildə təşkili, sistemləşdirilməsi, təsviri, habelə tarixi keçmişimizi əks etdirən  sənədlərdən elmi məqsədlər üçün istifadə etməklə respublikamızda arxeoqrafiya elminin inkişafına xüsusi töhvələr vermiş, arxivlərdə işləyərək öz mənalı həyatlarının böyük bir hissəsini bu şərəfli peşəyə sərf edən, onun inkişafı üçün fədakarlıq göstərən şəxslərin siyahısına Ə.Qubaydulin, F.Şahtaxtinski, A.Talışınski, İ.Şeyxzadə, F.Blaqovidov, R.Şabanov, V.Xuluflu, M.Yerevanlı, M.Şəkinski, M.Babayev, A.Paşayev, A.Cəfərov, Ş.Haşımov, N.Fişşeva, H.Mədətov, M.Teymurov və digərlərinin adlarını daxil etmək olar.

Azərbaycan xalqı özünün milli-mənəvi sərvəti olan arxiv sənədlərinə yalnız 1990-cı illərdə Respublikamız öz müstəqilliyini tam bərpa etdikdən, xüsusən Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra sahib olmuşdur.

1983-cü il Vyana Konvensiyası arxiv fondlarının bütövlüyünün qorunub saxlanılması və onlarda olan məlumatların hər bir dövlət üçün müstəsna əhəmiyyətini nəzərə alaraq, dövlət arxivlərinə münasibətdə dövlətlərin varisliyi prinsiplərini ehtiva edən normaları müəyyən etmişdir.  Həmin Konvensiyanın müddəalarına görə dövlət bir neçə müstəqil dövlətə parçalandığı halda, əvvəlki dövlətin arxivlərinin varis dövlətin normal idarə edilməsi üçün zəruri olan və həmin dövlətin ərazisinə bilavasitə aidiyyəti olan hissəsinin varis dövlətə keçməsi tələbi qoyulur. 1991-ci ilin sonlarında SSRİ-nin dağılmasından sonra dövlət arxivlərinin varisliyi məsələsi aktuallaşır. İttifaq dövlətləri arasında imzalanmış 1992-ci il 6 iyul tarixli Saziş dövlət arxivlərinin varisliyi məsələsini nizama salmışdır. Sazişə görə yeni yaranmış müstəqil dövlətin ərazisində olan arxivlər həmin dövlətin mülkiyyətinə  keçmiş və hər bir dövlətə başqa dövlətin ərazisində olan arxiv sənədlərinin  özünə aid hissəsinin surətlərini əldə etmək hüququ verilmişdir. Həmçinin hər bir dövlət digər dövlətin rəsmi arxiv idarəsi tərəfindən verilmiş  arxiv arayışlarının hüquqi qüvvəsinin tanınması barədə hüquqi öhdəlik  imzalamışdır. Sazişin şərtlərinə uyğun olaraq respublikamızın arxivlərində saxlanılan sənədlər xalqın həqiqi milli sərvətinə çevrilmiş və həmin sənədlərin üzərində mülkiyyət və sərəncam vermək hüququ Azərbaycan dövlətinin müstəsna səlahiyyətinə  keçmişdir.

90-cı illərin ortalarından etibarən Azərbaycan dövləti arxiv sənədlərinin mühafizəsi, komplektləşdirilməsi və istifadəsi sahəsində qanunvericilik bazasının ciddi şəkildə təkmilləşdirilməsi işinə başladı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  27 iyul 1999-cu il tarixli 168 nömrəli  Fərmanı ilə təsdiq olunmuş “Milli arxiv fondu haqqında”  Azərbaycan Respublikası Qanunu bu sahədə ilk mühüm addım oldu. Qanun Respublikamızda arxiv işi sahəsində fəaliyyətin təşkili və tənzimlənməsinin hüquqi normalarını müəyyən etdi.

Ümummilli liderin 2002-ci il 2 dekabr tarixində imzaladığı “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında“ Fərmanın ölkəmizdə dövlət arxiv xidmətinin statusu və strukturunun müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə uyğunlaşdırılmasında, habelə dövlət arxiv xidməti təşkilatlarının fəaliyyətlərinin yenidən qurulmasında müstəsna əhəmiyyəti oldu. Həmin Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında mərkəzi icra hakimiyyəti orqanı hüquqi statusunda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi (MAİ) yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamə təsdiq edildi. Əsasnamədə Milli Arxiv İdarəsinin vəzifələri, funksiyaları,  səlahiyyətləri müəyyən edilmiş, həmçinin  dövlətin arxiv siyasətinin formalaşdırılması və həyata keçirilməsində MAİ-nin iştirakı məsələləri  əks olunmuşdur.

“Milli arxiv fondu haqqında” Qanundan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  2000-ci il 06 mart tarixli 32 saylı Qərar qəbul edərək bir sıra mühüm normativ hüquqi sənədləri təsdiq etmişdir. Həmin qərarla təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə”, həmçinin “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası”, “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”, “Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydası”, “Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydaları”, “Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydası”  kimi son dərəcə mühüm normativ hüquqi sənədlər arxiv xidməti sahəsində işin təşkili qaydalarını və icra mexanizmini  müəyyən etməklə, bu istiqamətdə arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini təmin etdi.

Bununla yanaşı, Milli Arxiv İdarəsinin qərarları ilə təsdiq edilmiş bir sıra normativ hüquqi sənədlər, metodiki göstərişlər, təlimatlar ölkəmizdə arxiv işinin daha səmərəli təşkili və arxiv fondu sənədlərinin etibarlı mühafizəsi üçün hüquqi və metodiki bazanı formalaşdırdı. Son 15 ildə Milli Arxiv İdarəsinin Kollegiyası və Elmi şurasının qərarları ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının dövlət arxivlərinin əsas iş qaydaları”, “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanması müddələri göstərilməklə nümunəvi Siyahı və onun tətbiq olunmasına dair Göstəriş”, “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və  müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”, həmçinin arxiv sənədlərindən elmi-tədqiqat və vətəndaş müraciətlərinin cavablandırılması məqsədi ilə istifadəsi sahəsindəki fəaliyyəti tənzimləmək üçün  hazırlanmış inzibati reqlamentlər  bu sahədə mövcud olan normativ hüquqi bazanı daha da genişləndirdi.

Müstəqillik illərində Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturu və tabeliyindəki təşkilatların şəbəkəsi yenidən təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2011-ci il tarixli 57 nömrəli qərarı ilə  Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı müəyyən edilmişdir. Bu gün Azərbaycan Respublikasının arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti statusundakı Milli Arxiv İdarəsinin tabeliyində 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 58 dəyişən tərkibli rayon və şəhər dövlət arxivi, MAİ yanında İdarə sənədlərini qaydaya salan mərkəz fəaliyyət göstərir. Milli Arxiv İdarəsində sənədlərin bərpası və cildlənməsi üzrə mərkəzi laboratoriya, eləcə də mərkəzi elmi kitabxana vardır. Bundan başqa ölkəmizdə dövlət idarəetmə orqanlarının strukturunda müvafiq normativ hüquqi aktlara uyğun olaraq yaradılan spesifik sənədlərin saxlandığı xüsusi və sahə arxivləri, o cümlədən idarə arxivləri şəbəkəsi mövcuddur.

Hazırda respublikamızın dövlət arxivlərində 17000-ə yaxın fond, 4 milyona yaxın saxlama vahidi kağız əsaslı, eləcə də kino, foto və fono sənəd  mühafizə edilir və onların sayı ildən-ilə artır. Hər il arxivlərin oxu zallarından yüzlərlə tədqiqatçı istifadə edir, dövlət arxivləri fiziki və hüquqi şəxslərdən daxil olan 50 mindən artıq sosial-hüquq xarakterli sorğunu arxiv sənədləri əsasında icra edir. Respublikamızın sahə və idarə arxivlərində MAF-a məxsus 1.800.000 yaxın saxlama vahidi arxiv sənədi müvəqqəti mühafizə olunur və qanunla müəyyən olunmuş müddət başa çatdıqca həmin sənədlərin daimi dövlət mühafizəsinə qəbulu təmin edilir. Arxiv xidməti təşkilatları ölkəmizin mədəni-tarixi irsinin tərkib hissəsi olan arxiv fondlarının və sənədlərinin etibarlı mühafizəsi,  səmərəli istifadə edilməsi və dövlət arxivlərinin fuksional vəzifələri üzrə əhaliyə göstərilən arxiv xidmətlərinin elektronlaşdırılması məqsədi ilə arxiv fondlarının və sənədlərinin rəqəmsallaşdırılması və real vaxt rejimində istifadə etmək imkanına malik elektron sənəd surətlərinin yaradılması istiqamətində davamlı olaraq işlər aparır.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və dövlət arxivləri beynəlxalq arxiv təşkilatları və ayrı-ayrı ölkələrin arxiv xidməti orqanları ilə əməkdaşlıq edir. Milli Arxiv İdarəsi 1996-cı ildən YUNESKO yanında Beynəlxalq Arxiv Şurasının tam hüquqlu üzvü statusunu almışdır. BAŞ 1996-cı ildə dünya arxivçilərinin Etik Davranış Kodeksini qəbul etmişdir ki, həmin kodeksin əsas müddəaları “Azərbaycan Respublikasının dövlət arxivlərinin əsas iş qaydaların”da öz əksini tapmışdır.

2000-ci ildə Müstəqil Dövlətlər Birliyi ölkələrinin arxiv xidməti təşkilatlarının əsas baza təşkilatı olaraq iştirak etdiyi BAŞ-ın “Avroasiya“ bölməsi yaradılmışdır. Respublikamızın arxiv əməkdaşları “Avroasiya“ tərəfindən keçirilən elmi konfranslarda, təlim və seminarlarda müntəzəm iştirak edir, dünya ölkələrinin bu sahədəki qabaqcıl təcrübəsini öyrənir  və qarşılıqlı təcrübə mübadiləsi həyata keçirirlər.

SSRİ dağıldıqdan sonra İttifaq respublikalarının dövlət arxivlərinə münasibətdə varislik məsələsi 1992-ci il 6 iyul tarixli Sazişlə nizama salınmışdır. Həmin Sazişə görə hər bir varis dövlətin ərazisində olan arxivlər həmin dövlətə keçir və hər bir dövlətə başqa dövlətin ərazisində olan arxiv sənədlərinin surətlərini əldə etmək hüququ verilir.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi müstəqillik illərində  10-na yaxın ölkə ilə ikitərəfli əməkdaşlıq sazişi imzalamış və bu proses hazırda davam etdirilir. Həmin sazişlər arxiv təşkilatları arasında elmi-mədəni əməkdaşlıq və təcrübə mübadiləsi aparılmasına geniş imkanlar açmış, bu ölkələrin arxivlərində saxlanılan Azərbaycanla bağlı sənədlərin aşkar edilməsi və surətlərinin ölkəmizə gətirilməsi üçün müvafiq hüquqi  baza təmin etmişdir.

Azərbaycanın arxiv təşkilatları Cənubi Qafqazda yaradılan ilk dövlət arxiv qurumları olaraq yüz illik inkişaf yolu keçmiş, bu müddətdə öz xalqına və dövlətinə şərəflə xidmət etmişdir. Tarixin müxtəlif mərhələlərindən üzüağ çıxan arxivlər xalqımızın başına gələn müxtəlif hadisələri, onun diplomatiya tarixini, milli təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərini, sosial-iqtisadi, mədəni-tarixi nailiyyətlərini, elmi tərəqqisini  özündə əks etdirən 300 illik tarixi dövrü əhatə edən sənədlər kompleksini bu günə kimi şərəflə qorumuş, ölkəmizdə tarix, arxiv işi, arxivşünaslıq, sənədşünaslıq, o cümlədən digər humanitar sahələr üzrə elmi tədqiqatların aparılması üçün zəngin mənbəşünaslıq bazasını yaratmışdır.

 



Bugün: 411
Dünən: 658
Bu həftə: 1069
Son həftə: 4913
Bu Ay: 12841
Son Ay: 22161
Bu İl: 57388
Ümumi: 1077809
1077809