Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin və tabeliyindəki təşkilatların 2017-ci ildə fəaliyyəti barədə H E S A B A T

Son Yenilənmə : 2018-02-09 04:43:32
Baxış sayı : 4955

Bu hesabat "Açıq hökümətin təşviqinə dair 2016-2018-c illər üçün

Milli Fəaliyyət Planı"nın tələblərinin icrası məqsədilə dərc edilir.

               

2017-ci ildə Azərbaycan Respublikası  arxiv təşkilatlarının fəaliyyəti ilk növbədə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından və onların icrası barədə ali hakimiyyət və icra orqanlarının müvafiq fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəldilmişdir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunundan, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması haqqında”, “Dövlət və bələdiyyə orqanlarında dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanlarından, o cümlədən Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət verilmişdir. Eyni zamanda  dövlət arxivlərinin illik iş planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi arxiv təşkilatlarının diqqət mərkəzində olmuşdur.

Hazırda Azərbaycan Respublikası dövlət arxiv xidməti sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri və bir təsərrüfat hesablı İdarə Sənədlərini Qaydaya Salan Mərkəz daxildir. Dövlət arxiv təşkilatlarının ştat vahidinin sayı bütövlükdə 526-dır. Onlardan Milli Arxiv İdarəsi və onun strukturuna daxil olmayan tabeliyindəki təşkilatlarda 453 ştat vahidi (bundan 20 ştat vahidi İdarə Sənədlərini Qaydaya Salan Mərkəz, 100 ştat vahidi rayon dövlət arxivləri üzrədir) və Naxçıvan MR Dövlət Arxiv İdarəsində 73 ştat vahidi vardır.

2017-ci il üçün Milli Arxiv İdarəsi aparatının büdcə xərcləri 507729 manat, respublika tabeliyində olan arxiv təşkilatlarının büdcə xərcləri 4 138136 manat, yerli büdcədən maliyyələşdirilən rayon dövlət arxivlərinin xərcləri isə 713249 manat olmuşdur. Hesabat dövründə büdcə vəsaitinin səmərəli xərclənməsi təmin olunmuşdur. Aidiyyəti dövlət orqanlarına maliyyə vəsaitindən istifadə olunmasının uçotu və statistikası barədə müəyyən olunmuş qaydada hesabatlar təqdim edilmişdir.

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli  Sərəncamının 2.2-ci yarımbəndinin tələbinə əsasən Milli Arxiv İdarəsinin əmri ilə Açıq Hökumətin təşviqinə dair 2017-cı il üçün  Milli Fəaliyyət Planı üzrə proqram təsdiq edilmişdir.

“Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Milli Arxiv İdarəsinin göstərdiyi elektron xidmətlərin işi daha da yaxşılaşdırılmışdır. Belə ki, elektron xidmətlərdə aparılan mütamadi təkmilləşdirmə işləri çərçivəsində, həmçinin qanunvericilikdə aparılan dəyişikliklərlə əlaqədar olaraq “Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə İnzibati Reqlament”də,  “Elmi-tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə İnzibati Reqlament”də müvafiq dəyişikliklər edilmiş və qanunauyğun şəkildə “Hüquqi aktların dövlət reyestri”nə daxil edilmişdir. İdarə tərəfindən hazırlanan “Milli Arxiv fondunun məzmunu və tərkibi haqqında məlumatların verilməsi” üzrə yeni elektron xidmət Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli, 468 nömrəli qərarı ilə “Elektron xidmət növlərinin Siyahısı”na yeni məzmunda 40.3-cü bənd olmaqla əlavə edilmişdir. Həmin xidmətin “”Elektron Hökumət” Portalına inteqrasiyası tamamlanmaq üzrədir. Bundan əlavə yuxarıda qeyd olunan xidmətlərin və sözügedən yeni elektron xidmətin inzibati reqlamentləri Ədliyyə Nazirliyi tərəfindən “Hüquqi aktların dövlət Reyestri”nə daxil edilmişdir. Bununla da, Milli Arxiv İdarəsinin göstərdiyi elektron xidmətlərin sayı 3-ə çatdırılmışdır. Yeni Elektron Hesabatlar Sistemi (EHS), həmçinin  Elektron Sənəd Dövriyyəsi Sistemi cari ildən istifadəyə verilmişdir. 

 Milli Arxiv İdarəsinin təqdim etdiyi dövlət xidmətləri üzrə xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin “ASAN Xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının tətbiqi ilə əlaqədar İdarənin əsas inzibati binasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin, həmçinin onların müraciətlərinin qəbulu üzrə “Bir pəncərə” Sistemi yaradılmışdır. “Bir pəncərə” elektron növbə sistemi ilə təchiz edilmiş, informasiya texnologiyalarının son nailiyyətləri tətbiq edilmişdir. Məlumat üçün bildiririk ki, “Bir pəncərə” sistemi vasitəsilə cari ildə 6000-dən çox vətəndaşa şəffaf, nümunəvi arxiv xidməti göstərilmiş, onlardan 4800 nəfərdən çoxuna hüquqmüəyyənedici arxiv arayışı, arxiv çıxarışı və ya arxiv sənədlərinin təsdiq edilmiş surətləri, həmçinin müvafiq rəsmi cavablar verilmişdir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 912-VQD nömrəli Qanunu və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci 1 dekabr tarixli Fərmanına əsasən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun 2018-ci il 1 yanvar tarixindən tətbiqi ilə əlaqədar aidiyyəti təşkilatı tədbirlər həyata keçirilməkdədir.

Arxiv işi sahəsində sahibkarların qarşılaşdıqları problemlərin həlli, onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, müvafiq tədbirlərin görülməsi məqsədi ilə İdarənin Apellyasiya Şurası fəaliyyətini davam etdirir. Sahibkarlıq subyektlərinin müraciətlərinə daha həssas yanaşılmasına dair dövlət arxivlərinə mütəmadi tapşırıqlar verilmiş və bu istiqamətdə onların işinə nəzarət olunmuşdur.

Milli Arxiv İdarəsinin  rəsmi internet səhifəsi (www.milliarxiv.gov.az) yenidən işlənilmiş və müvafiq dövlət orqanına təqdim edilmişdir. Milli Arxiv İdarəsinin sosial  şəbəkələrdə - Facebook (https://www.facebook.com/milliarxiv/) və Twitterdə (https://twitter.com/AzNatArchives)  açılmış rəsmi səhifəsinin fəaliyyəti davam etdirilmişdir.

 Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyun 2012-ci il tarixli, 654 nömrəli Fərmanının icrası məqsədilə Milli Arxiv İdarəsinin Mərkəzi Aparatının, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının rəsmi elektron poçt ünvanları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilmiş, bu istiqamətdə müvafiq milliarxiv.gov.az domenli elektron poçt resursları alınaraq qeydiyyatdan keçirilmiş və hər bir istifadəçiyə təqdim edilmişdir. Cari ildə də bu məsələnin icrasına İdarə tərəfindən ciddi nəzarət olunub və bu nəzarət gələcəkdə də davam etdiriləcəkdir.

2017-ci ildə Milli Arxiv İdarəsinin əməkdaşlarının və rəhbər arxiv işçilərinin elektron imza ilə təmin olunması prosesi davam etdirilmişdir. Bu məqsədlə istifadə müddəti bitmiş e-imza sertifikatı yenilənərək istifadəçilərə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi bu ildə diqqət mərkəzində saxlanılmış və xidmət tam olaraq elektron hökümət portalına inteqrasiya edilmişdir.

  Sözügedən Fərmanın və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarının aidiyyəti hissələrinin tələbləri yerinə yetirilmişdir. Sözügedən normativ aktın tələblərinə əsasən Milli Arxiv İdarəsi tərəfindən göstərilən elektron xidmətlər tam tərkibdə Elektron hökümət portalına inteqrasiya edilmişdir. Hal hazırda fəaliyyətini uğurla davam etdirir.

 Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə vaxtaşırı müvafiq qurumlarla birlikdə zəruri texniki təhlükəsizlik tədbirləri görülür.

Dövlət informasiya ehtiyatı olan “Elektron Arxiv Məlumat Sistemi (EAMS)” üzrə fond siyahılarının elektron versiyalarının yaradılması üzərində iş davam edir. Bu sistemin daxilində Respublika dövlət arxivləri, dövlət arxivinin filiallarında mühafizə edilən bütün fondlar haqqında müfəssəl məlumat mövcuddur. Cari ildə dəyişən tərkibli rayon dövlət arxivlərində də mühafizə edilən fondların və fondların tərkibində olan arxiv siyahılarında yer alan məlumatların bu sistemə əlavə edilməsi plan üzrə davam etdirilmişdir. 

 “Elektron Arxiv Sistemi (EAS)” üzrə fəaliyyət 2017-cı ildə də İdarənin daxili imkanları hesabına davam etdirilmişdir.  Belə ki, Dövlət Tarix Arxivində, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində və Dövlət Arxivinin Bakı filialında mühafizə edilən arxiv sənədləri xüsusi skan avadanlığı ilə skan edilərək elektron daşıyıcılarda yerləşdirilməsi və həmin sənədlərin hər birinə aid olan arxiv məlumatları müvafiq proqram təminatı vasitəsilə elektronlaşdırılması davam etdirilmişdir.  2018-ci ilin yanvar ayının 1-nə olan məlumata əsasən 2017-cı il ərzində  380 saxlama vahidi üzrə 9231 vərəq arxiv sənədi EAS üzrə elektron daşıyıcılara köçürülmüşdür.

        “Elekron Arxiv” yaradılması, həmçinin xüsusi məlumat bazalarının hazırlanması istiqamətində işlərin kompleks və sürətli həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam edir. Bu istiqamətdə müvafiq icraçı şirkətlə birlikdə MAİ-nin tabeliyində fəaliyyət göstərən bütün arxivlərdə mühafziə edilən sənədlərin “Elektron Arxiv Sistemi”nə daxil edilməsi və müvafiq informasiya sistemlərinin  yaradılması məqsədilə layihələr hazırlanaraq, aidiyyəti dövlət orqanlarına təqdim edilmişdir.

        Qeyd etmək lazımdır ki, MAİ-nin “Elektron Xidmətlər” sahəsində fəaliyyəti cari ilin son rübündə növbəti dəfə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar agentliyi tərəfindən monitorinq olunaraq yoxlanılmışdır.  Yoxlamanın nəticəsi olaraq, İdarənin göstərdiyi elektron xidmətlər elektronlaşma və əlaqəlilik səviyyəsi, informasiya açıqlığı və əldəolunma səviyyəsi və istifadə rahatlığı səviyyəsi üzrə mümkün 26 baldan 20 bal, həmçinin 100% nəticədən 76.92 % nəticə toplanmış və “yaxşı” qiymətləndirilmişdir. 

        Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN Xidmət” Mərkəzlərinin Bakı şəhəri üzrə 5, Sumqayıt, Gəncə, Qəbələ, Sabirabad,Bərdə, Quba, Masallı “ASAN Xidmət” mərkəzlərində MAİ-nin “Arxiv arayışlarının verilməsi” xidməti öz fəaliyyətini uğurla davam etdirir.     

            Cari ilin son hesabat dövrünə kimi “ASAN Xidmət” Mərkəzlərindən cəmi 3551 sorğu daxil olmuşdur. Ümumilikdə isə “ASAN Xidmət”in fəaliyyətə başlamasından 2017-cı ilin son hesabat dövrünə qədər 20566 sorğu qəbul edilərək icra olunmuşdur.

2017-ci ildə  Milli arxiv fondu sənədlərinin qorunub saxlanması üzrə işlər arxiv təşkilatlarının qarşısında duran əsas vəzifələrdən olmuşdur. İl ərzində 54 mindən artıq işin qutulaşdırılaraq etibarlı saxlanması təmin edilmişdir. Sənədlərin bərpası və cildlənməsi işləri davam etdirilmiş,  50 minə yaxın vərəq bərpa olunmuş, 55 mindən artıq iş cildlənmişdir. Sənədlərin fiziki cəhətdən korlanmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Belə ki, 360 minə yaxın kağız əsaslı işlər və 36 mindən artıq kinofotofono sənədləri xüsusi yoxlamadan keçirilmiş, 7 minə yaxın foto və fono sənəd konservasiya-profilaktiki cəhətdən xüsusi maddələrlə işlənmişdir.  

Milli arxiv fondu sənədlərinin dövlət uçotu, onlara elmi-məlumat aparatının yaradılması və daha da  inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, dövlət mühafizəsinə idarə və təşkilatlardan qəbul olunmuş 42446 saxlama vahidi və 12680 şəxsi mənşəli sənəd  dövlət uçotuna alınmışdır. 19 mindən artıq iş və sənədin elmi təsviri aparılmış, onların siyahısı müəyyən olunmuş qaydada təsdiq edilmişdir. 64 mindən artıq işin siyahısı təkmilləşdirilmiş yaxud yenidən işlənmiş, müxtəlif növdən olan kataloqlara 95 minə yaxın kartoçka daxil edilərək daha da zənginləşdirilmişdir.

2017-cı ildə respublika dövlət arxivlərinə yeni fondların və sənədlərin qəbulu, onların elmi və əməli dəyərinin ekspertizası, dövlət arxivlərinin komplektləşmə mənbəyi olan nazirlik, komitə, idarə və təşkilatlarda sənədlərin mühafizəsinə nəzarət dövlət arxiv xidməti təşkilatlarının əsas vəzifələrindən olmuşdur. 37 min kağız əsaslı iş, 1500 elmi-texniki sənəd,  2900 kinofoto sənəd, 130 fonovideo sənəd, cəmi 41530 saxlama vahidinin  qəbulu hesabına  Milli arxiv fondu daha da zənginləşmişdir.   Belə ki, hesabat ilində Səhiyyə, Ədliyyə nazirliklərinin, Dövlət Neft Şirkətinin, Bakı Musiqi Akademiyasının, rayon, şəhər icra hakimiyyətlərinin, bələdiyyələrin və digər təşkilatların sənədləri dövlət mühafizəsinə qəbul edilmişdir. Tanınmış mədəniyyət və  incəsənət xadimlərindən  Xəlil Rza, Süleyman Rəhimov, Rəfiq Zəka Xəndan, Firəngiz Əhmədova, Fuad Poladov, Ağahüseyn Cavadov və digər mədəniyyət və incəsənət xadimlərinin şəxsi fondlarından 12680 şəxsi mənşəli sənədlərinin də dövlət mühafizəsinə qəbulu təmin olunmuşdur.

2018-ci il yanvarın 1-nə respublikamızın dövlət arxivlərində mühafizə olunan Milli arxiv fondu sənədlərinin həcmini 3,7 milyona yaxın  saxlama vahidi təşkil edir.

Hesabat ilində arxiv sənədlərinin tərkibini yaxşılaşdırmaq məqsədilə dövlət arxivlərində 27 mindən artıq saxlama vahidinin elmi və əməli dəyəri ekspertizadan keçirilərək siyahıları yenidən işlənmiş və Milli Arxiv İdarəsinin Mərkəzi Ekspert Yoxlama Komissiyasında baxılaraq təsdiq edilmişdir. O cümlədən dövlət arxivlərində yaradılan Ekspert yoxlama komissiyalarının iclaslarında idarə və təşkilatlardan təqdim olunan 69 mindən artıq  saxlama vahidinin siyahısı təsdiq edilmişdir.

   İdarəyə daxil olan yazılı və şifahi müraciətlər əsasında dövlət orqanlarına, idarə müəssisə və təşkilatlara arxiv xidməti göstərilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında  Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Beynəlxalq Bankı, “Standart Bank”a arxiv işinin təşkilində elmi-metodiki köməklik göstərilmiş, Azərbaycan Respublikası Maliyyə, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Konstitusiya Məhkəməsi, Bakı şəhər İcra Hakimiyyəti, Təhsil İdarəsi və digər dövlət və qeyri-dövlət təşkilatlarına sənədlərin elmi-texniki cəhətdən qaydaya salınması sahəsində əməli köməklik göstərilmişdir. Hesabat dövründə 152 mindən artıq  saxlama vahidinin elmi-texniki cəhətdən qaydaya salınması təmin edilmiş, 2785 daimi, 3000 şəxsi heyətə aid işlərin siyahıları hazırlanaraq təsdiq üçün aidiyyəti dövlət arxivlərinə təqdim edilmişdir. Dövlət arxivlərinin komplektləşdirmə mənbəyi olan təşkilatlarında arxiv işinin təşkili vəziyyətinin öyrənilməsi və nəzarətin təşkili üçün 600-dən artıq idarə arxivində yoxlamalar keçirilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Azal”QSC, C.Cabbarlı adına Azərbaycan Dövlət Kinofilm Studiyası, Azərbaycan Dövlət Musiqili Teatrı, Bakı Xoreoqrafiya Akademiyası, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu və digər təşkilatlara iş nomenklaturalarının, sahə siyahılarının hazırlanmasında elmi-metodiki köməklik göstərilmişdir.

Respublika arxiv təşkilatlarının komplektləşdirmə mənbəyi olan 40-dan artıq təhsil və səhiyyə müəssisələrində arxiv işinin təşkili və sənədlərin saxlanma vəziyyətinin öyrənilməsi üçün yoxlama-baxışlar keçirilmiş, yoxlama-baxışların nəticələri təhlil edilərək  ümumiləşdirilmiş və mövcud vəziyyətlə bağlı arayış hazırlanaraq aidiyyəti nazirliklərə göndərilmişdir.

 2017-ci ildə respublika dövlət arxivlərinin qarşısında duran başlıca vəzifələrdən biri də Milli arxiv fondu sənədlərindən istifadə və onların nəşri olmuşdur. Vətəndaşların, idarə və təşkilatların 38 mindən çox sosial-hüquq xarakterli sorğuları, müxtəlif nazirlik və təşkilatların 340-dan çox tematik sorğuları icra olunmuşdur. Arxivlər öz sənədləri əsasında müvafiq təşkilatlara müxtəlif məsələlərə aid 21 məlumat xarakterli məktub hazırlayıb göndərmişlər. Həmçinin 23 teleradio verilişi, 15 sənəd sərgisi təşkil edilmişdir. Elmi-tədqiqat işlərində də arxiv sənədlərindən istifadə olunmuş, il ərzində 50-ə yaxın tədqiqatçı dövlət arxivlərinə müraciət etmişdir.

Elmi-nəşriyyat işləri İdarənin və dövlət arxivlərinin diqqət mərkəzində olmuşdur.

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən sənədlər əsasında Azərbaycan dilinə çevirərək nəşr edilmiş  Sürəyya Ağaoğlunun müəllifi olduğu “Bir ömür belə keçdi” kitabının Milli Arxiv Idarəsində təqdimatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Milli Arxiv İdarəsi tərəfindən hazırlanmış Tədbirlər Planında kitab və foto sərgilərin təşkili, “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil siyasəti. 1918-1920-ci illər” toplusunun və   “Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları” adlı portret-oçerklərin nəşri,  Azərbaycan Xalq Cumhuriyyəti dövrünə aid tematik siyahıların hazırlanması, Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə aid arxiv sənədlərindən ibarət səyyar, stasionar və virtual sərgilərin təşkili, məqalələrin yazılması nəzərdə tutulmuşdur. Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə aid arxiv sənədləri əsasında 20-yə yaxın məqalə İdarənin rəsmi saytında və  dövri mətbuatda dərc edilmişdir. Dövlət arxivlərində 2 külliyyat üzərində işlər davam etdirilmişdir: “AXC hökumətinin iqtisadi siyasəti. 1918-1920-ci illər” (sənədlərin arxeoqrafik cəhətdən işlənilməsi davam etdirilir, EMA hazırlanır, redaktə işləri aparılır), “AXC dövründə səhiyyənin inkişafı tarixindən. 1918-1920-ci illər” (sənədlərin arxeoqrafik cəhətdən işlənilməsi davam etdirilir). Bundan əlavə, 10 sənəd siyahısı hazırlanıb: “Bakı-Şollar su kəmərinin tikintisinin tarixindən”, “Azərbaycanda idman və bədən tərbiyəsinin inkişafı tarixindən. 1930-1960-cı illər”, “Bakı Texniki komitəsi”, “İnqilaba qədərki Bakının idman cəmiyyətləri”, “Bakının Gürcü cəmiyyəti və ittifaqları”, “Müəllim və maarifçi A. O. Çernyayevski (1840-1897)”, “Naxçıvan və Ordubad əyalətlərinin kameral siyahıları. 1831-1886-cı illər”, “Bakı-Batum neft kəmərinin tikintisi tarixindən”, “Neft və kimya sənayesi obyektlərinin layihə və tikintisi tarixindən. 1930-1945-ci illər”, “Azərbaycan alimlərinin beynəlxalq əməkdaşlığı tarixindən”.

Hesabat dövründə  arxiv işi sahəsində qanunvericilik aktlarının, normativ hüquqi sənədlərin təkmilləşdirilməsi və hazırlanması sahəsində işlər görülmüşdür. Belə ki,  “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat” İdarənin kollegiya iclasında təsdiq edilərək Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilmiş, “Dövlət arxivlərində şəxsi mənşəli sənədlərlə işin təşkilinə dair Metodiki Göstəriş” və “Dövlət arxivlərinin struktur bölmələri haqqında nümunəvi Əsasnamə” təsdiq edilərək dövlət arxivlərinin istifadəsinə verilmişdir. Həmçinin “Dövlət arxivlərinin Ekspert Yoxlama Komissiyalarının Nümunəvi Əsasnaməsi” əsasında  dövlət arxivlərinin, filialların EYK-larının Əsasnamələrinin yenidən işlənilməsinə elmi-metodiki köməklik göstərilmiş və İdarənin MEYK-da baxılaraq təsdiq edilməsi təmin olunmuşdur.  Bundan başqa “Dövlət arxivlərində yerinə yetirilən əsas iş növlərinin vaxt və istehsal normaları”nın layihəsi müzakirəyə çıxarılmış və daxil olan təkliflər nəzərə alınaraq təkmilləşdirilmişdir, hazırda vəsaitin təsdiqə təqdim edilməsi nəzərdə tutulur.

2017-ci ildə arxiv təşkilatlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Belə ki, Azərbaycan Respublikası və Qazaxıstan arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında 2017-ci il aprelin 3-də imzalanmış Saziş Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1501 nömrəli Fərmanı ilə təsdiq olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi,  Özbəkistan Respublikası Nazirlər Kabineti yanında “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin yekun mətnləri qarşı tərəflərə razılaşdırılmaq üçün göndərilmiş, Bolqarıstan, Hindistan və Qırğızıstanla Saziş yaxud Əməkdaşlıq Memorandumunun layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilir, Bosniya və Hersoqovina ilə əməkdaşlıq Memorandumunun bağlanması ilə əlaqədar danışıqlara başlanılmışdır. Hesabat ilində Milli Arxiv idarəsində  bir sıra xarici ölkələrin, o cümlədən Tatarıstan, Yunanıstan, Bosniya və Hersoqovina arxiv xidməti təşkilatlarının rəhbərləri ilə görüşlər təşkil olunmuş,  əməkdaşlıq perspektivləri haqqında danışıqlar aparılmış, Serbiya Respublikasının Azərbaycandakı səfiri, Gürcüstan İctimai Televiziyasının, Rusiya Fedarasiyası Tatarstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinın əməkdaşları İdarəyə müraciət edərək müvafiq dövlət arxivlərinin sənədlərindən istifadə etmişlər.

Hesabat ilində xarici ölkələrə ezamiyyətlər davam etmişdir.  İdarənin bir əməkdaşı Ukraynanın arxiv işi və sənədşünaslıq elmi-tədqiqat institutunun təşkilatçılığı ilə Kiyev şəhərində “Müasir dünyada arxivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda, digər əməkdaşı isə Rusiya Federasiyasının Federal Arxiv Agentliyi və Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Moskva şəhərində  “Elektron sənədlərin idarə olunmasının aktual problemləri” mövzusunda keçirilən XXIV Beynəlxalq  Konfransda, Dövlət Arxivinin direktoru Türkiyənin İstanbul şəhərində Türkiyə Respublikası Dövlət Arxivləri Baş İdarəsi ilə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Mülkiyyətin Kadastrı Baş İdarəsi tərəfindən təşkil olunan “II Osmanlı Coğrafiyası Beynəlxalq Arxiv Konqresin”də  iştirak etmişlər.  Bundan əlavə, Milli Arxiv İdarəsi əməkdaşlarının yerli və beynəlxalq qurumlar tərəfindən keçirilən seminar və treninqlərdə iştirak etməklə peşə biliklərinin artırılması təmin edilmişdir.                 Milli Arxiv İdarəsinin əməkdaşları Azərbaycanın dövlətçilik tarixi ilə bağlı keçirilən müxtəlif tədbirlərdə iştirak etmişlər. Ümummilli lider Heydər Əliyevin məzarı vəfatının 14-cü ildönümündə Fəxri xiyabanda ziyarət edilmiş, İdarədə 20 yanvar və Xocalı faciəsilə bağlı anım tədbirləri keçirilmişdir.  

Kadrlarla aparılan işlər, o cümlədən onların ixtisasının artırılması, əmək intizamı, iş şəraitinin yaxşılaşdırılması üzrə işlər 2017-ci ildə də davam etdirilmişdir. Bu məqsədlə, idarənin tədbirlər planına uyğun olaraq Dövlət Tarix Arxivində, ARDA-nın Bakı, Füzuli, Lənkəran filialları və əməli cəhətdən onlara tabe olan dəyişən tərkibli rayon dövlət arxivlərinin fəaliyyəti kompleks yoxlanılmış, həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən məcburi köçkün düşmüş Qubadlı, Şuşa, Zəngilan rayon dövlət arxivlərində arxiv işinin təşkili vəziyyəti yoxlanılmış və nəticələri kollegiya iclaslarında müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlər keçirilmişdir. Seminar-məşğələlərdə arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə-arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışlar və  müzakirələr aparılmışdır.  Ümumiyyətlə hesabat ilində Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının ilin yekunlarına həsr olunmuş 1 geniş kollegiya iclası və dövlət arxivləri və filialların fəaliyyətlərinin kompleks yoxlanılmasının nəticələrinə, normativ sənədlərin təsdiqinə və digər məsələlərə həsr olunan 5 kollegiya iclası keçirilmişdir.

2018-ci ildə dövlət arxiv xidməti təşkilatlarının qarşısında duran başlıca vəzifə Milli arxiv fondu sənədlərinin  mühafizəsini, onun elmi tutumlu sənədlərlə komplektləşdirilməsini,  sənədlərin dəyərinin ekspertizasını, cəmiyyətin və vətəndaşların retrospektiv informasiyaya olan tələbatına uyğun onların istifadəsini təmin etməkdən, habelə arxiv işində informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv sənədlərinin vahid məlumat baza sisteminin yaradılması və onlardan istifadə üçün işin müasir informasiya cəmiyyətinin tələblərinə uyğun təşkilindən, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından və Nazirlər Kabinetinin müvafiq sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər planında nəzərdə tutulan işlərin həyata keçirilməsindən ibarət olacaqdır.  



Bugün: 112
Dünən: 658
Bu həftə: 770
Son həftə: 4913
Bu Ay: 12542
Son Ay: 22161
Bu İl: 57089
Ümumi: 1077510
1077510