Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi sistemindəki təşkilatların 2020-ci ildə fəaliyyəti haqqında H E S A B A T

Son Yenilənmə : 2021-09-30 04:07:43
Baxış sayı : 1045

 

 Bu hesabat "Açıq hökümətin təşviqinə dair 2020-2022-c illər üçün 

Milli Fəaliyyət Planı"nın tələblərinin icrası məqsədilə dərc edilir

 

 

2020-ci ildə Azərbaycan Respublikası  arxiv təşkilatlarının fəaliyyəti ilk növbədə  Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından və onların icrası barədə ali hakimiyyət və icra orqanlarının müvafiq fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəldilmişdir.

Hesabat ilində “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından, “Milli arxiv fondu haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması  haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş normativ-hüquqi sənədlərdən, həmçinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”,“Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”, “Dövlət və bələdiyyə orqanlarında dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanlardan, o cümlədən Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət verilmişdir. Eyni zamanda  dövlət arxivlərinin illik iş planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi arxiv təşkilatlarının diqqət mərkəzində olmuşdur.

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq İdarənin və dövlət arxivlərinin fəaliyyəti təşkil edilmişdir. Hesabat ilinin əvvəlindən “ASAN Xİdmət” mərkəzlərində həyata keçirilən arxiv xidmətlərinin  (arxiv arayışı, arxiv çıxarışı və arxiv sənədlərinin surətlərinin verilməsi) bu xidmət mərkəzlərinin mövcud olduğu inzibati ərazi vahidlərində yerləşən yalnız sözügedən mərkəzlərdə həyata keçirilməsi təmin edilmişdir.

Arxiv işi ilə bağlı sahibkarların problemlərinin həlli, onların təkrar müraciətlərinə baxılmasını təmin etmək məqsədi ilə İdarənin Apellyasiya Şurasının fəaliyyəti təmin olunmuşdur. Həmçinin, sahibkarlıq subyektlərinin müraciətlərinə daha həssas  yanaşılması barədə  dövlət arxivlərinə mütəmadi tapşırıqlar verilmiş və bu istiqamətdə onların işinə nəzarət olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan tədbirlərin icrası diqqətdə saxlanılmış və arxiv sahəsində göstərilən xidmətlərin tam olaraq elektron hökümət portalına inteqrasiyası təmin edilmişdir.

 Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyun 2012-ci il tarixli, 654 nömrəli Fərmanının icrası məqsədilə Milli Arxiv İdarəsinin Mərkəzi Aparatının, respublika dövlət arxivlərinin, Dövlət Arxivinin filiallarının rəsmi elektron poçt ünvanları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilmiş, milliarxiv.gov.az domenli elektron poçt resurslarının fasiləsiz və aktiv fəaliyyəti təmin edilmiş və İdarə tərəfindən onların işlənməsinə nəzarət təmin olunmuşdur. Dövlət arxivləri ilə Bakı şəhərində yerləşən “Asan xidmət” mərkəzlərində fəaliyyət göstərən arxiv bölmələrinin vahid şəbəkə daxilində Elektron Sənəd Dövriyəsi sisteminə inteqrasiyasını təmin etməklə bu sahədəki fəaliyyətin onlayn həyata keçirilməsinə başlanılmışdır.

Hesabat ilində Milli Arxiv İdarəsində qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ-hüquqi sənədlərin layihələrinin müzakirəsinə, dövlət arxiv xidməti təşkilatlarının illik planlarının layihəsinin müzakirəsinə və digər məsələlərə həsr olunan 9 kollegiya iclası keçirilmişdir. Bundan başqa dövlət arxivlərindən, ARDA filiallarından daxil olan rüblük məlumatların təhlili aparılmış, nəticələri barədə dövlət arxivlərinin rəhbər işçiləri məlumatlandırılmışdır. Hesabat ilində Milli Arxiv İdarəsinin və arxiv xidməti təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə  “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasına həsr olunan  müşavirə keçirilmiş, müşavirədə 12 fevral 2020-ci il tarixində təsdiq edilən Dövlət Proqramının məqsədinin arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun və arxivçi peşəsinin nüfuzunun artırılmasını, Azərbaycan Respublikasının maddi-mənəvi sərvəti olan Milli arxiv fonduna aid sənədlərin toplanılmasını, sistemləşdirilməsini, dövlət mühafizəsinə daimi qəbulunu, qeydiyyatını və onlardan səmərəli istifadəni təmin etməkdən ibarət olduğu qeyd olunmuşdur. 

2020-ci ildə arxiv təşkilatlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi,  Özbəkistan Respublikası Nazirlər Kabineti yanında “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin yekun mətnləri qarşı tərəflərə razılaşdırılması, Bolqarıstan və Qırğızıstanla Saziş yaxud Əməkdaşlıq Memorandumunun layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilir.

2020-ci il üçün Milli Arxiv İdarəsi aparatının büdcə xərcləri 828.112 manat, respublika tabeliyində olan arxiv təşkilatlarının büdcə xərcləri 4.805.574 manat, yerli büdcədən maliyyələşdirilən rayon dövlət arxivlərinin xərcləri isə 1.016.347 manat proqnozlaşdırılmışdır.

Büdcə vəsaitlərindən iqtisadi təsnifata uyğun xərclənməsi və bu sahədə hesabatlılıq təmin edilmişdir.

            Azərbaycan Respublikası dövlət arxiv xidməti sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri və bir təsərrüfat hesablı İdarə Sənədlərini Qaydaya Salan Mərkəz daxildir. Dövlət arxiv təşkilatlarının ştat vahidinin sayı bütövlükdə 526-dır. Onlardan  Milli Arxiv İdarəsi və onun strukturuna daxil olmayan tabeliyindəki təşkilatlarda 453 ştat vahidi (bundan 20 ştat vahidi İdarə Sənədlərini Qaydaya Salan Mərkəz, 100 ştat vahidi rayon dövlət arxivləri üzrədir) və Naxçıvan MR Dövlət Arxiv İdarəsində 73 ştat vahidi vardır.

Qeyd etmək lazımdır ki, 2020-ci il Azərbaycan cəmiyyəti, o cümlədən arxivçilər üçün bir sıra hadisələrlə yadda qalan olmuşdur. Dünyada tüğyan edən koronavirus infeksiyasının təsiri ölkəmizdən də yan keçməmişdir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə infeksiyanın başladığı ilk günlərdən qlobal həmrəylik nümayiş etdirərək, bu bəlaya qarşı zəruri tədbirlər görmüş, pandemiyanın təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilmiş, ölkə üzrə karantin rejimi tətbiq etməklə vətəndaşların infeksiyaya yoluxma riskinin azalmasına, iqtisadi, sosial layihələr həyata keçirməklə iqtisadi sabitliyin və əhalinin sosial müdafiəsinin təmin edilməsinə nail olmuşdur. Şübhəsiz tətbiq edilən məhdudiyyətlər ölkədə, o cümlədən arxiv sahəsində iqtisadi fəallığın azalmasına, bəzi hallarda qarşıya qoyulmuş vəzifələrin bütövlükdə icrasına  və yaxud icra tempinə mənfi təsir göstərmişdir.  Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan Milli Arxiv İdarəsində karantin qaydalarına ciddi riayət edilməsi üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Milli Arxiv İdarəsində və Dövlət Arxivlərində xüsusi əmək rejimi tətbiq edilmiş və əməkdaşlar əmək haqları saxlanılmaqla  ödənişsiz məzuniyyətə göndərilmiş, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun fəaliyyətin təşkili, sanitar-epidemioloji tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. İdarənin rəisi cənab Əsgər Rəsulov COVİD-19-la bağlı AZƏRTAC-a açıqlamasında karonovirus pandemiyasının ölkəmizdə yenidən yayılmasına yol verilməməsi üçün dövlətimiz tərəfindən qoyulan bütün tələblərə, həmçinin şəxsi qiqiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, vətəndaşların ünsiyyəti zamanı məsafə saxlanılması kimi qaydalara ciddi əməl edilməsinin vacibliyini qeyd  etmiş, dövlətimizin atdığı önləyici addımlara uyğun olaraq,rəhbərlik etdiyi qurumda zəruri tədbirlər həyata keçirməklə infeksiyaya yoluxanların  sayının minimuma endirməyə nail olmuşdur.

 Cari ilin əlamətdar hadisələrindən biri də Azərbaycanda arxiv quruculuğunun 100 ilinin tamam olmasıdır. Bununla bağlı tədbirlər planı hazırlanmış və təsdiq edilmiş tədbirlər planına uyğun olaraq  İdarənin rəsmi saytında “Azərbaycan arxivi-100” bölməsi yaradılmış, “Azərbaycanda arxiv quruculuğu tarixinin 100 illik xronologiyası” soraq- məlumat vasitəsi,  “Arxivçilərimizin arxivdə qalan izləri” adlı videoçarx, məqalələr  hazırlanaraq İdarənin rəsmi saytında yerləşdirilmişdir.  Azərbaycan Respublikası Dövlət Tarix, Səs Yazıları, Ədəbiyyat və İncəsənət arxivlərində saxlanılan sənədlər əsasında məlumatverici kitablar, məqalələr hazırlanaraq nəşr edilmək üçün təqdim edilmiş, müxtəlif KİV-də, qəzet və jurnallarda mövzu ilə bağlı materiallar çap olunmuşdur.

100 illik tariximizlə bağlıİdarə rəisi Əsgər Rəsulovun, rəis müavini Həsən Həsənovun, MAİ-nin baş məsləhətçisi R.Səfərovun, DTA-nın şöbə müdiri Y.Cabbarlının, Şabran rayon dövlət arxivinin direktoru L.Əliyevanın və başqaların qələmə aldıqları məqalələr rəsmi qəzetlərdə, saytlarda dərc olunmuşdur.

Hesabat ilində həmçinin“Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi aparatının əməkdaşları – Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Abasova Cəmilə Rüstəm qızı və Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Quliyeva Leyla Anatoliyevna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.

Bu il həm də Şanlı Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə doğma Qarabağ torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi ilə əlamətdar olmuşdur. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun apardığı 44 günlük müharibə Azərbaycan xalqına qələbə sevincini bəxş etmişdir. Üçrəngli bayrağımızın Qarabağ torpaqlarında dalğalanması ölkə əhalisini, o cümlədən arxivçilərimizi yeni-yeni nailiyyətlərə ruhlandırmış, onlarda gələcəyə inam yaratmışdır.

Hesabat ilində müxtəlif məzmunlu məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq ümumilikdə Milli Arxiv İdarəsi bütün sahələr üzrə  öz fəaliyyətini davam etdirilmişdir. İlk növbədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında qarşıya qoyulmuş tapşırıqların icrasına xüsusi diqqət verilmişdir. Dövlət Proqramının Tədbirlər planı hissəsinin 6.1.1; 6.4.1; 6.4.2 və 6.4.3-cü yarımbəndlərində nəzərdə tutulan tapşırıqların icrası məqsədi ilə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda, “MAF haqqında Qanunun tətbiqi haqqında” Fərmanda, “Azərbaycan Respublikası Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də, “İnzibati Xətalar Məcəlləsi”ndə, “Mülki Məcəllə”də, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda müvafiq dəyişikliklərin və əlavələrin edilməsi haqqında qanunvericilik aktlarının layihələri hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış və baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edilmişdir. Eyni zamanda həmin Dövlət Proqramının 6.2.2-6.2.10 və 6.3.1 yarımbəndlərinin icrası ilə bağlı əsaslandırılmış təkliflər layihəsi hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur. İqtisadiyyat Nazirliyi ilə birlikdə yerlərdə rayon dövlət arxivləri üçün binaların müəyyən edilməsi işi həyata keçirilmişdir. MAF sənədlərinin rəqəmsallaşdırılmasını təmin etmək məqsədilə birgə icraçılar olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Dövlət Agetliyinin əməkdaşları ilə birlikdə zəruri texniki-təşkilatı işlərin həyata keçirilməsinə başlanılmışdır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq və xarici ölkələrin arxivlərində saxlanılan Azərbaycan tarixi ilə bağlı sənədlərin aşkar edilərək ölkəmizə gətirilməsi üçün XİN-nə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstanın dövlət arxivlərinə rəsmi müraciətlər edilmiş və bu istiqamətdə ilkin nəticələr əldə edilmişdir.  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq sərəncamlarına uyğun olaraq İdarədə İctimai Şuranın formalaşdırılması, Vətən müharibəsi iştirakçılarının elektron informasiya resurslarının yaradılması məqsədiləarxiv məlumatlarının toplanılması və sistemləşdirilməsi istiqamətində işlər davam etdirilir.

2020-ci ildə Milli arxiv fondu sənədlərinin qorunub saxlanılması üzrə işlər arxiv təşkilatlarının qarşısında duran əsas vəzifələrdən biri olmuşdur. Hesabat ilində 59 mindən artıq işin qutulaşdırılaraq etibarlı mühafizəsi təmin edilmişdir. Sənədlərin bərpası və cildlənməsi işləri davam etdirilmiş, 64 mindən artıq vərəq bərpa olunmuş, 61 mindən artıq iş cildlənmişdir. Dövlət Arxivində və Dövlət Kino-Foto Sənədləri Arxivində sənədlərin mövcudluğunun yoxlanılması və nəticələrinin rəsmiləşdirilməsi istiqamətində işlər plan üzrə davam etdirilmişdir.

Sənədlərin fiziki cəhətdən korlanmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 250 mindən artıq kağız əsaslı iş və 15 mindən artıq kinofotofono sənədin fiziki-kimyəvi və bakterioloji vəziyyəti xüsusi yoxlamadan keçirilmiş, 9 mindən çox kino və fono sənəd konservasiya-profilaktiki cəhətdən xüsusi maddələrlə işlənmişdir. 42 mindən artıq kağız əsaslı sənədə və 1550 fotofonovideo sənədə sığorta fondu yaradılmışdır.

Milli arxiv fondu sənədlərinin dövlət uçotu, onlara elmi-məlumat aparatının yaradılması və daha da inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir.

Dövlət mühafizəsinə qəbul olunmuş 41 minə yaxın saxlama vahidi və 15197 şəxsi mənşəli sənəd dövlət uçotuna alınmışdır. 28 minə yaxın iş və sənədin elmi təsviri aparılmış, onların siyahısı tərtib olunaraq müəyyən olunmuş qaydada təsdiq olunmuşdur. 71 mindən çox işin siyahısı təkmilləşdirilmiş yaxud yenidən işlənmiş, onların informasiyavermə imkanları xeyli artırılmışdır. Müxtəlif növlərdən olan kataloqlara 42 mindən artıq yeni kartoçka daxil edilərək arxiv fondlarının elmi-məlumat aparatı daha da zənginləşdirilmişdir.

2020-ci ildə respublika dövlət arxivlərinə yeni fondların və sənədlərin qəbulu, onların elmi və əməli dəyərinin ekspertizası, dövlət arxivlərinin komplektləşmə mənbəyi olan nazirlik, komitə, idarə və təşkilatlarda sənədlərin mühafizəsinə nəzarət dövlət arxiv xidməti təşkilatlarının əsas vəzifələrindən olmuşdur. Hesabat ilində respublikamızın dövlət arxivlərinə, filiallara və rayon dövlət arxivlərinə (Naxçıvan Muxtar Respublikasının dövlət arxivləri istisna olmaqla) idarə, müəssisə, təşkilatlardan (o cümlədən ləğv olunmuş) və vətəndaşlardan 25 mindən artıq kağız əsaslı sənəd, 20 kino, 2217 foto, 179 fono, 301 video sənəd qəbul edilmişdir.Sənədlər Azərbaycan Respublikasının Təhsil Nazirliyindən, Maliyyə Nazirliyindən, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutundan, yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən və digər təşkilatlardan müvafiq dövlət arxivlərinə qəbul edilmişdir.Eyni zamanda xalq artisti Səidə Quliyevanın, professor Malik Ramazanzadəninvə digər görkəmli elm və incəsənət xadimlərinin şəxsi mənşəli sənədləri dövlət mühafizəsinə qəbul edilmişdir.

2020-ci ildə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi MEYK-nın fasiləsiz fəaliyyəti təmin olunmuşdur. Dövlət arxivlərindən təqdim olunmuş arxiv sənədlərinin siyahılarına və aktlarına, komplektləşdirmə mənbəyi olan təşkilatların siyahılarına baxılaraq təsdiq edilmişdir. MEYK-in 2 iclası keçirilmiş, 1911 işin siyahıları təsdiq edilmişdir.

Dövlət mühafizəsində olan arxiv sənədlərinin elmi tutumunun artırılması məqsədilə Dövlət Arxivinin Göyçay, Mingəçevir, Salyan və Yevlax filiallarında sənədlərin dəyərinin ekspertizası işləri həyata keçirilmiş, nəticədə 1160 daimi, 751 şəxsi heyət üzrə işlərin siyahıları yenidən işlənmiş və MEYK-da təsdiq edilmişdir.

2020-ci ildə Azərbaycan Respublikası dövlət arxivlərinin və Dövlət Arxivi filiallarının EYK-nın fəaliyyətinə mütəmadi olaraq nəzarət edilmiş, dövlət mühafizəsinə qəbul edilən sənədlərin elmi-məlumat aparatının (siyahılarının) “Dövlət arxivlərinin əsas iş qaydaları”na uyğun tərtib olunmasına, işlərin düzgün tərtib və təsvir olunmasına xüsusi diqqət verilmişdir. Hesabat dövründə dövlət arxivlərinin və Dövlət Arxivi filiallarının  (Naxçıvan Muxtar Respublikasının dövlət arxivləri istisna olmaqla) EYK-da idarə, müəssisə və təşkilatlardan təqdim edilən, həmçinin arxivin əməkdaşları tərəfindən hazırlanan 40 mindən artıq daimi, 10 mindən artıq şəxsi heyət üzrə işlərin siyahılarına baxılaraq təsdiq edilmişdir.

2020-ci il yanvarın 1-ə respublikamızın dövlət arxivlərində  3,7 milyondan artıq  saxlama vahidi mühafizə olunur.

Respublikamızın idarə, müəssisə və təşkilatlarında saxlanılan MAF sənədlərinin dövlət mühafizəsinə təhvil verilmək üçün hazırlanması məqsədilə AR MAİ yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəz tərəfindən idarələrə zəruri köməklik göstərilmiş, idarə və müəssisələrdən daxil olan yazılı müraciətlər əsasında arxiv işinin təşkili, sənədlərin elmi-texniki cəhətdən işlənilərək siyahılarının hazırlanması, elmi-məlumat aparatının yaradılması sahəsində arxiv xidmətlərinin göstərilməsi təmin olunmuşdur. Hesabat ilində Mərkəz tərəfindən 70-dən çox təşkilatın (AR Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ali Məhkəmə və s.) sənədləri elmi-texniki cəhətdən qaydaya salınmışdır. Nəticədə 800-dən artıq daimi saxlama müddətli işin, 1700-dən artıq şəxsi heyət üzrə işin siyahıları hazırlanmış, mövcud qanunvericiliyə əsasən saxlanma müddətibaşa çatmış 130 mindən çox işin məhv edilməsi barədə aktlar tərtib edilmişdir.

2020-ci ildə respublika dövlət arxivlərinin qarşısında duran başlıca vəzifələrdən biri də Milli arxiv fondu sənədlərindən istifadə olunması və onların nəşri olmuşdur. Azərbaycan və xarici ölkə vətəndaşlarının,  idarə və təşkilatların 32 mindənçox sosial-hüquq xarakterli sorğusu, müxtəlif nazirlik və təşkilatların 670-dənçox tematik sorğusu icra olunmuşdur. Arxivlər öz sənədləri əsasında müxtəlif təşkilatlara müxtəlif məsələlərə aid 67 məlumat xarakterli məktub hazırlayıb göndərmişlər. 30 teleradio verilişi hazırlanmışdır

Hesabat ilində arxiv sənədlərinin sosial-mədəni əhəmiyyətini geniş ictimaiyyətə çatdırılması, əhalinin keçmiş tariximizlə bağlı informasiyaya olan tələbatının ödənilməsi və dövlət mühafizəsində olan nadir sənədlərlə tanış olmaq imkanının artırılması məqsədilə İdarə rəisinin 13 yanvar 2020-ci il tarixli 05 ə/f nömrəli əmri ilə “Görkəmli şəxslərlə görüş və nadir sənədlərlə tanışlıq” lektoriyası yaradılmışdır. Bu məqsədlə il ərzində dövlət arxivlərində keçiriləcək tədbirlərin planı hazırlanaraq təsdiq edilmişdir. Milli Arxiv İdarəsinin və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivlərinin əməkdaşlarının iştirakı ilə keçirilən həmin tədbirlərin birinə əməkdar incəsənət xadimi Baba Vəziroğlu və xalq artisti Mübariz Tağıyev dəvət olunmuş, həmin  görüşdə arxivlərin əhəmiyyətindən danışılmış, şəxsi mənşəli fondlar və sənədlərin dövlət mühafizəsinə verilməsi haqqında  fikir və mülahizələr bildirilmiş, əməkdar incəsənət xadimi Baba Vəziroğlu sənədlərinin dövlət mühafizəsinə təqdim etmək üçün Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi ilə müvafiq akt imzalamışdır.

Eyni zamandaarxiv sənədlərindən digər mədəni- maarifçilik məqsədləri üçün də geniş istifadə olunmuşdur. Belə ki, müasir dövr üçün aktual olan mövzularda 33 sənəd sərgisi təşkil olunmuş, o cümlədən Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanan xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə,Görkəmli teatr və kino xadimi Ələsgər Ələkbərovun anadan olmasının 110 illiyi münasibətilə,S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin və Dövlət Tarix Arxivin fondlarında daimi mühafizə edilən sənədlər  əsasında  Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 135 illiyi münasibətilə hazırlanmış “Üzeyir Hacıbəyov 135” adlıvirtual sərgilər,9 iyun Beynəlxalq Arxivlər Günü münasibətilə hazırlanmış “Arxivçilərimizin arxivlərdə qalan izi” adlı videolayihə və   Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanan “Küçələrə su səpmişəm" adlı sənədli film istifadəçilərin ixtiyarına verilmişdir. Sözügedən videolayihə XX əsrin 50-80-ci illərində Azərbaycan arxivlərində çalışmış qocaman arxivçilərimizə ithaf olunmuş, "Küçələrə su səpmişəm" adlı sənədli filmdə isə xalq mahnısının yaranması, məşhur xanəndələr tərəfindən ifa edilməsi və onun Azərbaycan Xalqının mənəvi varidatı olmasını sübut edən ARDSYA-da mühafizə edilən fono və video sənədlər barəsində məlumat verilir. Hesabat ilində Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər mərkəzi tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında qabaqcıl azərbaycanlı xanımlara həsr olunmuş “İlkin azərbaycanlı xanımlar” adlı video çarx hazırlanmışdır.

Hesabat ilində Milli Arxiv İdarəsi Şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş bölgələrimiz haqqında arxiv sənədləri əsasında silsilə xarakterli "Qarabağ Azərbaycandır!" adlı layihə həyata keçirilmiş, azad edilmiş torpaqlarımıza həsr olunan videoçarxlar istifadəçilərin  ixtiyarına verilmişdir.

Bundan əlavə İdarənin və dövlət arxivlərinin elmi-nəşriyyat  sahəsi üzrə fəaliyyətinə xüsusi diqqət verilmişdir. Belə ki, silsilə xarakter daşıyan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə aid olan sənədlər əsasında növbəti  “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti” (1918-1920)” sərlövhəli sənədlər toplusu üzərində iş başa çatdırılmış və nəşriyyat üçün hazır vəziyyətə gətirilmişdir. Arxiv quruculuğunun 100 illiyinə töhfə olaraq Dövlət Tarix Arxivi Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətinə dair sənədləri aşkar edərək İdarə ilə birlikdə “H.Z.Tağıyevin Azərbaycan təhsilinin inkişafındakı xeyriyyəçilik fəaliyyətindən bəzi səhifələr”, Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə olunan şəxsi mənşəli arxiv fondları əsasında 24 alim-həkimin elmi yaradıcılıq fəaliyyətini əks etdirən “Hipokrat andı içənlərin arxiv sənədləri” adlı məlumat kitabı, Dövlət Səs Yazıları Arxivi “Dan Ulduzu Ansamblı” kollektivinin rəhbəri və ifaçılarının yaradıcılığını əks etdirən materiallardan ibarət sənədlər toplusu hazırlayaraq çap üçün təqdim edilmiş,Dövlət Ədəbiyyat və İncəsənət Arxivi tərəfindən hazırlanan “Görkəmli yazıçılar arxivimizin fondlarında” adlı biblioqrafik göstəricivə “Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyənin inkişafı tarixindən (1918-1920) sərlövhəli toplu üzərində işlər yekunlaşmaq üzrədir (sənədlərin seçimi, arxeoqrafik işlənilmə başa çatmaq üzrədir). Cari ildə dövlət arxivlərimizdə müxtəlif mövzularda 10-dan çox tematik  siyahı hazırlanaraq istifadə üçün təqdim edilmiş,  fərqli mövzular üzrə xülasələrin, fond göstəricilərininhazırlanması istiqamətində işlər davam etdirilmiş, dövrü mətbuatda, elektron resurslarda müxtəlif mövzularda 50-ə yaxın məqalə  dərc edilmiş, arxiv əməkdaşlarının iştirakı ilə teleradio verlişlər hazırlanmışdır.

Beləki, yuxarıda qeyd olunduğu kimi, arxiv quruculuğunun 100 illiyi ilə bağlıhazırlanan  və 2020-ci il 27 noyabr tarixli “Respublika” qəzetində            dərc edilən İdarənin rəisi Əsgər Rəsulovun və rəis müavini Həsən Həsənovun həmmüəllifi olduqları “Ölkədə aparılan irimiqyaslı sosial-siyasi islahatlar, yüksəliş və inkişaf arxiv işi sahəsində də özünü göstərir” sərlövhəli məqaləsində qurucu və islahatçı liderlər, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizdə arxiv quruculuğunun inkişafındakı müstəsna xidmətlərindən bəhs edilmiş,  arxiv işi sahəsinə aid  qanunvericiliyin formalaşdırılmasında, onun  təkmilləşdirilməsində, maddi texniki bazasının möhkəmləndirilməsində  iki dahi şəxsin əvəzsiz rolundan danışılır, məqalədə həmçinin ölkədə aparılan islahatların, xüsusilə  ordu quruculuğunda əldə olunan uğurların nəticəsi olaraq Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı şanlı qələbənin nəticələrindən danışılır.Məqalədə arxiv quruculuğunun tarixi haqqında geniş məlumat verilir, müstəqilliyin ilk illərində digər sahələrdə olduğu kimi, Azərbaycan arxivlərinin də böyük çətinliklərlə üzləşdiyi, onun maddi-texniki təçhizatı, sənədlərin mühafizəsi işində ciddi problemlərin yarandığı, bu problemlərin Azərbaycana yenidən rəhbərlik edən müdrik dövlət xadimi Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti ilə öz müvəffəqiyyətli həllini tapdığı və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin inkişaf strategiyasının və siyasi kursunun uğurla davam etdirildiyi  bildirilir.  Məqalədə 2020-ci ildə arxiv quruculuğunun 100 ilinin tamam olduğu qeyd olunur. Yubiley ilində ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nda arxivlərin qarşısında icrası vacib olan yeni tapşırıqların qoyulduğu və onun növbəti altıillik inkişaf istiqamətlərinin müəyyən edildiyi qeyd olunur.

Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənovun 9 iyun 2020-ci il tarixli “Respublika" qəzetində dərc edilmiş"9 iyun Beynəlxalq Arxivlər Günüdür - Azərbaycan arxivlərinin 100 illik inkişaf yoluna qısa nəzər" sərlövhəli məqaləsi"ində Arxivlər gününün beynəlxalq səviyyədə qeyd olunmağın əhəmiyyətivə Azərbaycan arxivlərinin 100 illik inkişaf yolu, onun uğurları və prespektivləri haaqında  məlumat verilir.  Bunu da qeyd etmək lazımdır ki, müstəqil media ekspertlərinin mətbuat üzərindən apardıqları monitorinqin nəticələrinə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənovun “Respublika” qəzetinin 2019-cu il 17 noyabr tarixli, 254 (6581) nömrəli sayında dərc edilmiş "Arxiv sənədləri unikal informasiyaya malik mədəniyyət sərvətimizdir" sərlövhəli məqaləsi 2019-cu il üzrə “İlin ən yaxşı məqaləsi” nominasiyasının qalibi olmuş və “Lider+”  jurnalında dərc edilmişdir. Bundan əlavə da arxiv quruculuğunun 100 ili  ilə əlaqədar Dövlət Tarix Arxivinin şöbə müdiri Y.Cabbarlının “Tarixi məlumat irsimizi qoruyan ünvan”  məqaləsi “Azərbaycan” qəzetində /05.02.20/, Şabran rayon dövlət arxivinin direktoru L.Əliyevanın “Keçmişdən gələcəyə əmanət” sərlövhəli məqaləsi “Ədalət“ qəzetində (19.09.2020) dərc edilmiş, İdarənin əməkdaşı R. Səfərovun  mövzu ilə bağlı araşdırmaları idarənin rəsmi saytında yerləşdirilmişdir.

Eyni zamanda 2020-ci ildə  dövrü mətbuatda arxiv sənədləri əsasında  müxtəlif mövzularda məqalələr dərc olunmuşdur. Bunlardan “Pedaqoq, maarifçi, müsuqişünas. Dahi bəstəkarın  həyat  yoldaşı Məleykə xanım Hacıbəyovanın bioqrafiyasından bəzi qeydlər” /07.03. 20/, “Zaqafqaziya dəmiryolunun tarixi və ya Azərbaycan Respublikasının inkişafında rolu” /19.09.20/  misal gətirmək olar. İdarənin rəsmi internet saytında da arxiv sənədləri əsasında hazırlanmış məqalələr yerləşdirilmişdir. Bunlardan Əziz Şərifin 125 illiyinə həsr olunan “Məni xatırlayarsınız”, Əziz Mirəhmədovun 100 illik yubileyi münasibətilə yazılan “Milli ədəbiyyatşünaslığımızın salnaməsi”, Fərhad Ağazadənin 140 illik yubileyi münasibətilə yazılan “Azərbaycanda əlifba islahatında Fərhad Ağazadənin rolu” və digərlərini göstərmək olar.

2020-ci ildə Dövlət arxivlərinin fəaliyyətində avtomatlaşdırılmış texnologiyaların tətbiqinə üstünlük verilmi, əməyin səmərəliliyinin monitorin qiymətləndirilməsi sistemi hazırlanmış, bir neçə dövlət arxivlərinin  elektron sənəd dövriyyəsinə inteqrasiyası təmin edilmiş, Milli Arxiv İdarəsinin göstərdiyi elektron xidmətlərin işi daha da yaxşılaşdırılmışdır. Belə ki,  elektron hökümət üzərindən fəaliyyətdə olan 3 xidmət üzrə təkmilləşdirilmiş, həmçinin digər informasiya sistemləri üzərində yenilənmələr aparılmışdır. 

Milli Arxiv İdarəsinin təqdim etdiyi dövlət xidmətləri üzrə xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin “ASAN Xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının tətbiqi ilə əlaqədar İdarənin əsas inzibati binasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin, həmçinin onların müraciətlərinin qəbulu üzrə yaradılmış “Bir Pəncərə” Sistemi üzrə  müvafiq hesabat ilində 987 vətəndaşa şəffaf, nümunəvi arxiv xidməti göstərilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı mart ayının 19-dan etibarən vətəndaçların birbaşa qəbulu dayandırmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamlarına uyğun olaraq, cari ilin may ayının 1-dən etibarən isə arxiv arayışı, arxiv çıxarışı və arxiv sənədlərinin surətlərinin verilməsi xidməti “ASAN Xİdmət” Mərkəzlərinin fəaliyyət göstərdiyi inzibati ərazi vahidlərində yalnız sözügedən mərkəzlərdə həyata keçirilməsi təmin edilmişdir.

Arxiv işi ilə bağlı sahibkarların problemlərinin həlli, onların təkrar müraciətlərinə baxılmasını təmin etmək məqsədi ilə İdarədə Apellyasiya Şurası fəaliyyət göstərir. Həmçinin, sahibkarlıq subyektlərinin müraciətlərinə daha həssas  yanaşılması barədə  dövlət arxivlərinə mütəmadi tapşırıqlar verilir və bu istiqamətdə onların işinə nəzarət olunur.

Hesabat ilində Milli Arxiv İdarəsinin rəsmi internet səhifəsinin, həmçinin sosial  şəbəkələrdə olan rəsmi hesablarının aktivliyi təmin edilmişdir.

Bundan əlavə, İdarənin rəsmi saytı vasitəsilə istifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə elektron xidmətlərin təqdim edilməsi, respublikamızda arxiv işi sahəsində həyata keçirilən tədbirlərin işıqlandırılması, Azərbaycanın tarixi, iqtisadiyyatı, elmi və s. sahələrinə aid  arxiv sənədləri əsasında hazırlanmış məqalə və sərgilərin  geniş ictimaiyyətə çatdırılması işi davam etdirilmişdir.

    2020-ci ildə Milli Arxiv İdarəsinin əməkdaşlarının və rəhbər arxiv işçilərinin elektron imza ilə təmin olunması prosesi davam etdirilmişdir. Bu məqsədlə istifadə müddəti bitmiş e-imza sertifikatı yenilənərək istifadəçilərə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi bu il də diqqət mərkəzində saxlanılmış və xidmət tam olaraq elektron hökümət portalına inteqrasiya edilmişdir.

  Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə vaxtaşırı müvafiq qurumlarla birlikdə zəruri texniki təhlükəsizlik tədbirləri görülür.

Dövlət informasiya ehtiyatı olan “Elektron Arxiv Məlumat Sistemi (EAMS)” üzrə fond siyahılarının elektron versiyalarının yaradılması üzərində iş davam etdirilmişdir. Bu sistemin daxilində Respublika dövlət arxivləri, dövlət arxivinin filiallarında mühafizə edilən arxiv fondlarının tərkibi, həcmi və əhatə olunduğu dövrlə bağlı  müfəssəl məlumat mövcuddur. Hesabat ilində dəyişən tərkibli rayon dövlət arxivlərində də mühafizə edilən fondların və fondların tərkibində olan arxiv siyahılarında yer alan məlumatların bu sistemə əlavə edilməsi plan üzrə davam etdirilmişdir. 2020-ci ildə arxivlər tərəfindən 274 fond üzrə 56.411 saxlama vahidinin elektron versiyası yaradılmışdır.

 “Elektron Arxiv Sistemi (EAS)” üzrə fəaliyyət davam etdirilmişdir. Dövlət Arxivinin Bakı filialında mühafizə edilən arxiv sənədlərinin elektron daşıyıcılarda yerləşdirilməsi və həmin sənədlərin hər birinə aid olan arxiv məlumatları müvafiq proqram təminatı vasitəsilə elektronlaşdırılması davam etdirilmişdir.  2020-ci il ərzində 400.000 vərəqədək sənəd elektron daşıyıcılara köçürülmüşdür (2500 saxlama vahidi). Rəqəmsallaşdırılan sənədlərin 250.000-nin EAS-da indeksasiyası aparılmışdır. “Elekron Arxiv” yaradılması, həmçinin xüsusi məlumat bazalarının hazırlanması istiqamətində işlərin kompleks və sürətli həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam edir.       

Hesabat ilində beynəlxalq əməkdaşlıq çərçivəsində bir neçə onlayn tədbirlər keçirilmişdir.   Belə ki, Qırğızıstan Respublikasının Bişkek şəhərində MDB ölkələrinin arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının videokonfrans formatında keçirilmiş iclasında İdarənin rəisi, professor Əsgər Rəsulov iştirak etmişdir. Konfransda  2020-ci ilin yekunları, 2021-ci ilin iş planları və digər məsələlər müzakirə olunmuşdur. Özbəkistan Respublikasının Arxiv Agentliyi “Uzarxiv” tərəfindən “Müstəqil Özbəkistanın arxivləri: nailiyyətlər və problemlər” mövzusunda və Moskva şəhərində “İnformasiya cəmiyyətində sənədlər: informasiya texnologiyaları və sənəd idarəetməsi qlobal problemlər şəraitində” mövzusunda keçirilən elmi-praktiki onlayn konfranslarda isə İdarənin iki əməkdaşı iştirak etmişlər. Bundan əlavə İdarənin əməkdaşları Bakı şəhərində keçirilən “Asan xidmət” indeksi üzrə qiymətləndirmənin nəticələrinə həsr olunan onlayn konfransda və “Gender məsul şəxslərin vəzifələri və gender məsələlərin təhlili” adlı onlayn təlimlərdə də iştirak etmişlər. Həmçinin “Rəqəmsal Macarıstan” elmi irsin rəqəmsallaşdırılmasına həsr olunmuş ADA universitetinin və Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Macarıstanın elm günləri çərçivəsində keçirilmiş tədbirdə İdarənin şöbə müdiri Natiq Eminov iştirak etmişdir.

Milli Arxiv İdarəsində İdarənin rəhbərliyi, şöbə müdirləri, Respublika dövlət arxivlərinin rəhbərlərinin iştirakı ilə  20 yanvar şəhidlərinin və Xocalı soyqırımı qurbanlarının növbəti anım tədbirləri keçirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, tədbir iştirakçıları çıxışlar etmiş, “Qanlı Yanvar Şahid Sənədlər” adlı sənədli film-xronika nümayiş etdirilmişdir. 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım tədbiri Dövlət Arxivində də İstiqlal muzeyinin birgə təşkilatçılığı və tədbirə dəvət olunan qonaqların iştirakı ilə keçirilmişdir. Xocalı soyqırımına həsr olunan anım tədbirində Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında hazırlanan “Xocalı...unutmadıq...”adlı video çarx barədə məlumat verilmişdir.

2021-ci ildə dövlət arxiv xidməti təşkilatlarının qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunan Dövlət Proqramında qarşıya qoyulan tədbirlərin mərhələli olaraq icrasından, Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsinin, dövlət arxivlərini keyfiyyətli sənədlərlə komplektləşdirməklə xalqın mədəni-tarixi irsi olan Milli arxiv fondunun informasiya potensialının genişləndirilməsinin, ali hakimiyyət və icra orqanlarının, nazirlik, idarə və təşkilatlarının, kütləvi informasiya vasitələrinin, vətəndaşların sənəd informasiyasına olan tələbatlarının təşkil və təmin edilməsindən, İdarənin rəsmi internet saytında virtual sərgilərin təşkilindən, tematik siyahıların hazırlanmasından, fotosənədlərin elektron versiyasının yaradılmasından, habelə arxiv işində informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv sənədlərinin vahid məlumat baza sisteminin və onlardan istifadə üçün müvafiq şəraitin yaradılmasından ibarət olacaqdır.         

 

 



Bugün: 155
Dünən: 658
Bu həftə: 813
Son həftə: 4913
Bu Ay: 12585
Son Ay: 22161
Bu İl: 57132
Ümumi: 1077553
1077553