Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-04-06 03:27:56
Baxış sayı : 2919

ERMƏNİ MƏKRİ TƏKCƏ AZƏRBAYCANA DEYİL BƏŞƏRİYYƏTƏ TƏHLÜKƏDİR

Ermənilər tarix boyu həmişə məkrli siyasət yürütmüşlər. Onlar öz niyyətlərini həyata keçirmək üçün hər cür vasitələrdən istifadə etmişlər. İstədiklərinə nail olmaq üçün heç bir vasitədən-hiylədən, kələkdən, aldatmaqdan, yalandan, şərdən, böhtandan bir sözlə mümkün olan və mümkün olmayan digər yollardan istifadə etməkdən çəkinməmişlər.

Güney Qafqazda 1917-ci il Rusiya inqilabından, xüsusilə həmin ilin oktyabrında baş vermiş bolşevik çevrilişindən sonra ermənilər vaxt və imkan var ikən «Böyük Ermənistan» yaratmaq yolunda bu regionda fəal fəaliyyətə keçirlər və nə qədər mümkünsə torpaq tutmağa çalışırlar. Bunun üçün onlar Birinci Dünya müharibəsinin, xüsusilə bolşevik Rusiyasının bu müharibədən çıxması şəraitindən məharətlə istifadə edərək nə qədər mümkündürsə sürətlə silahlanır, torpaq tutmaq üçün Azərbaycana və azərbaycanlılara qarşı siyasi təcavüzə hazırlaşırlar. Güney Qafqazda üç əsas Qafqaz xalqlarının federasiyası və seyminin yaranmasından, Bakıda S.Şaumyan başda olmaqla demək olar ki, ermənilərdən ibarət Bakı Xalq Komissarları Sovetinin təşkilindən, Zəngəzur və Qarabağda türk xalqlarının qatı düşməni Andronikin silahlı quldur dəstələrinin ağalıq etdiyi bir şəraitdən məharətlə istifadə edən ermənilər çalışırdılar ki, bu ərazilərdə daha çox torpaq ələ keçirsinlər. Bu məqsədlə azərbaycanlılara qarşı hər yerdə böyük qırğınlar və talanlar törədirdilər.

Güney Qafqazda üç müstəqil – Azərbaycan, Gürcüstan və Ermənistan Cümhuriyyətlərinin yarandığı ilk gündən isə ermənilər digər iki Cümhuriyyətə qarşı sözün əsil mənasında səlib yürüşü yolunu tutdular. Ermənistan Cümhuriyyəti yaranarkən onun ərazisi cəmi 400 min əhalisi olan iki qəzadan – İrəvan və Eçmiadzindən ibarət idi. 1918-ci ilin axırlarında Almaniya ilə bərabər Birinci Dünya müharibəsində məğlub olan Türkiyə, İngiltərə ilə bağladığı Mudros sazişinə əsasən Güney Qafqazı tərk etdikdən və ingilislər buraya gəldikdən sonra ermənilər müttəfiq dövlətlərdən Qars vilayətini, keçmiş İrəvan quberniyasının bütün torpaqlarını alaraq Ermənistanın ərazisini 17.500 kvadrat milə və əhalisini isə 1.510 min nəfərə çatdırırlar.1 Bu əhalinin isə 595 min nəfəri erməni, 575 min nəfəri isə müsəlmanlar (azərbaycanlılar – A.P.) və 140 min nəfəri isə başqa millətlərin nümayəndələri idi.

Bunlara qane olmayan daşnaklar Gürcüstan Cümhuriyyətinə daxil olan Lori, Axalkalaki və Borçalını, Azərbaycanın isə Zəngəzur, Naxçıvan və Qarabağ torpaqlarına iddia irəli sürürlər. Hətta onlar əslən Azərbaycan torpaqları olan Lori və Borçalı zorla Ermənistana birləşdirmək məqsədi ilə 1918-ci il dekabrın ortalarında Gürcüstana qarşı rəsmi müharibə elan edirlər. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 aylıq hakimiyyəti dövründə Ararat respublikası Azərbaycana rəsmən müharibə elan etməmişdisə də bu dövr ərzində ermənilərin Azərbaycana qarşı apardıqları uzun müddətli və qanlı qırğınlar nəticəsində Azərbaycanın mübahisəli hesab edilən ərazilərinin əhalisi 30 faizə qədər azalmışdır. Bəzi yaşayış məntəqələri isə sözün həqiqi mənasında tamamilə yer üzündən silinmişdi.2

Müttəfiq qoşunları adından Güney Qafqazda fəaliyyət göstərən ingilis komandanlığının Paris Sülh Konfransının mübahisəli ərazilər haqqında qərar qəbul edəcəyi barədə vədlərini eşidən ermənilər bu qərar qəbul edilənə kimi nə qədər mümkündürsə bu ərazilərdə torpaqlar, xüsusilə Azərbaycan torpaqlarını ələ keçirmək və həmin ərazilərdən azərbaycanlıları təmizləyərək sülh konfransı iştirakçılarını həyata keçirilmiş fakt qarşısında qoymağa çalışırdılar. Yəni, həmin ərazilərdə azərbaycanlı yoxdursa, deməli həmin ərazilər Azərbaycan torpaqları və Azərbaycan əraziləri də ola bilməz. Ona görə də Azərbaycan Cümhuriyyəti hökumətinin bu ərazilərin əhalisinə Azərbaycan hökumətinə tabe olmaq haqqındakı çağırışını həmin ərazilərdə yaradılmış və o ərazilərin erməniləri adından çıxış edən Erməni Milli Şuraları qulaq ardına vururdular. Özü də bunu onlar şüurlu surətdə qəsdən və bilərəkdən edirdilər. Onlar çalışırdılar nə qədər ki, vaxt var bu torpağları ələ keçirsinlər, həmin yerləri azərbaycanlılardan təmizləsinlər və beləliklə sülh konfransında müzakirə zamanı həmin ərazilərdə azərbaycanlıların və qeyri-millətlərin olmadığını bəhanə edərək həmin torpaqların Ermənistana birləşdirilməsini reallaşdırmaq üçün zəmin hazırlayırdılar.

Ermənilərin əsrlər boyu öz əllərinə keçirmək istədikləri belə ərazilərdən biri də Zəngəzur və Dağlıq Qarabağ torpaqları idi. Bu ərazilər Çar hakimiyyəti dövründə Yelizavetpol (Gəncə) quberniyasına daxil idi və bu ərazilər Gəncə qubernatoru tərəfindən idarə olunurdu. Azərbaycanda Cümhuriyyət hökuməti yarandığı vaxtlar ölkənin durumunun həm iqtisadi və həm də hərbi baxımdan zəif olmasından, Gəncə qubernatorunun bu ərazilərlə zəif əlaqəsindən istifadə edən mükəmməl surətdə silahlanmış ermənilər bu əraziləri Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək üçün zəmin hazırlayırdılar. Bunun üçün Dağlıq Qarabağda yaradılmış Qarabağ ermənilərinin Milli Şurası Azərbaycana tabe olmadıqlarını bildirir və özlərinin müstəqilliklərini elan edirlər.

Başlıca məqsəd də gələcəkdə Ermənistanla birləşmək idi. Məhz ermənilərin bu niyyətlərinin qarşısını almaq məqsədilə Azərbaycan Cümhuriyyəti hökuməti ermənilərin bu hərəkətlərinə qarşı əks tədbirlər görməyə məcbur olur.

Beləki, 1919-cu ilin yanvarında Azərbaycan Cümhuriyyəti hökumətinin daxili işlər naziri Xəlil bəy Xasməmmədov bu məsələ ilə bağlı rəsmən Cümhuriyyət hökumətinə məruzə ilə müraciət edir. Məruzədə bildirilirdi ki, Rusiyadakı inqilabi çevrilişdən sonra Zaqafqaziya hökuməti yaranandan Zəngəzur, Şuşa və qonşu qəzaların erməni əhalisi daşnak təbliğatının təsiri altında ayrılaraq, özlərinin iri inzibati-ərazi vahidlərini yaratmağa təşəbbüs göstərməyə başlayıblar. Buna görə də onların Azərbaycanın hakimiyyət orqanlarına tabe olmamaq haqqında bəyanatları tez-tez təkrar olunur. Qərəzli adamların təsiri altında bu ərazinin müsəlman hissəsinə qarşı ehtiraslar da süni surətdə qızışdırılır. Azərbaycan Güney Qafqaz Federasiyasından ayrıldıqdan sonra daşnakların daha da güclənmiş təbliğatı altında həmin dağlıq hissənin erməni əhalisinin Azərbaycandan ayrılmaq təşəbbüsü daha açıq şəkil almışdır. Onlar Azərbaycan Cümhuriyyətindən ayrılaraq yeni yaranmış Ararat Cümhuriyyətinə birləşmək istəyirlər.

Məruzədə deyilirdi ki, yerlərdə hakimiyyət strukturlarının dağılması, anarxiyanın hökm sürməsi, daşnak təbliğatçılarına imkan verirdi ki, bu istiqamətdə tam sərbəst hərəkət edib fəaliyyət göstərsinlər.

Yeni yaranmış Azərbaycan Cümhuriyyəti hökumətinə ilk vaxtlar hətta özünün paytaxtında belə çox böyük çətinliklərlə qayda-qanun yaratmaq lazım gəlirdi. Təbiidir ki, buna görə də Şuşa, Qaryagin, Cavanşir və Zəngəzur kimi uzaq qəzalarda baş verən hərəkətlərə diqqət yetirmək üçün təkcə fiziki qüvvələri deyil, həm də adicə imkanları çatışmırdı. Bunun nəticəsində də Azərbaycanın göstərilən qəzalarının erməni əhalisinin çox hissəsi Azərbaycan hökumətini tanımır və bu hökuməti tanıyan azərbaycanlılara qarşı düşmən münasibət bəsləyirdilər. Məruzədə göstərilirdi ki, Andronikin başçılığı ilə erməni hərbi dəstələrinin bu yerlərə gəlişi vəziyyəti daha da gərginləşdirmişdir. Andronik açıq şəkildə öz «hərbi əməliyyatlarında» məqsədinin bu əraziləri Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək olduğunu bildirir. Bu məqsədlə yerli erməni əhalisi çetniklər (silahlı hərbi dəstələr – A.P.) düzəldirlər. Bu hərbi dəstələr yerli müsəlman əhalisinə qarşı güc işlətmək, onların əmlakını talan və özlərini isə məhv etməkdən belə çəkinmirdilər. Andronikin təşkil etdiyi erməni silahlı dəstələri tərəfindən «150-yə yaxın müsəlman kəndi dağıdılmış və qarət olunmuşdur. Həmin ərazilərdə olan azərbaycanlı əhali kütləvi surətdə Ağdam və başqa yerlərə qaçmaqla canlarını qurtarmışdılar». Məruzədə daha sonra göstərilirdi ki, bu qaçqınların çoxu sözün əsil mənasında ac-yalavac və çılpaqdırlar. Onların arasında baş verən yoluxucu xəstəliklər başqa ərazilərin əhalisi arasında da sürətlə yayılmaqdadır. Bu ərazilər Gəncə quberniyasına tabe olduğu və quberniya mərkəzi bu ərazilərdən uzaq olduğu üçün ermənilər tərəfindən törədilən və həllinin tezliklə yerinə yetirilməsi tələb olunan məsələyə qarşı təcili tədbirlər görülə bilmir. Ona görə də bu ərazilərdə mərkəzi hökumətə tabe olan hakimiyyət orqanı strukturunun yaradılması çox vacibdir.

Daxili işlər naziri bu məqsədlə mərkəzi Şuşa şəhəri olmaqla Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının ərazilərində müvəqqəti general-qubernatorluq vəzifəsinin təsis edilməsi və onun aparatının yaradılmasının vacibliyinə diqqəti cəlb edərək tezliklə belə bir inzibati-idarə orqanının yaradılmasını təklif edir. Yeni yaradılacaq bu inzibati-idarə qurumuna həmin ərazidə yerləşən məhkəmə orqanları və dövlət nəzarətinin nümayəndəsindən başqa bütün idarələr və vəzifəli şəxslər tabe etdirilməli idi.

Yeni yaradılacaq müvəqqəti general-qubernatorluq qarşısında bu ərazidəki ermənilərin Azərbaycan hökumətinə və xalqına qarşı törətdikləri hərəkətləri ləğv etmək, həmin qəzaların ərazilərində tam şəkildə qayda-qanun yaratmaq, yerlərdə inzibati-idarə orqanlarının işini təşkil etmək, qaçqınlara ümumi köməkliklər göstərmək və onları ərzaqla təmin etmək, həm qaçqınlar, həm də köklü yerli əhali arasında yoluxucu xəstəliklərə qarşı mübarizə aparmaq və nəhayət qaçqınları sakitləşdirərək onların öz doğma yerlərinə qaytarılmamasını təmin etmək vəzifələri qoyulurdu.3

Azərbaycan Cümhuriyyəti hökuməti 1919-cu il yanvar ayının 15-də keçirmiş iclasında daxili işlər naziri X.Xasməmmədovun yuxarıda göstərilən məruzəsini dinləyərək ətraflı müzakirə edir. Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları ərazilərinin hüdudlarında müvəqqəti general-qubernatorluq vəzifəsini təsis etmək və məruzədə göstərilən hüquq və vəzifələrin yerinə yetirilməsi vəzifəsinin də ona həvalə olunması barədə qərar qəbul edir. Müvəqqəti general-qubernator vəzifəsinə namizəd tapmaq, habelə general-qubernatorluq və onun yanında xalq milisinin saxlanılması üçün lazım olan vəsait xərclərinin smetalarının layihələrini hazırlamaq işi də daxili işlər nazirliyinə həvalə olunur.4

Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti general-qubernatoru vəzifəsi əslən Qarabağdan olan, bu əraziyə və onun əhalisinə yaxşı bələd olan Azərbaycan Cümhuriyyətinin ilk yaradıcılarından və onun birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanova təklif edilir. Əvvəlcə o, bu təklifdən imtina edir. Bu vəzifəyə ikinci namizəd əslən Şimali Qafqazdan olan çar ordusu və inzibati-idarə sistemində uzun illər işləmiş rotmister Qud Qudyeviç olur. Lakin Azərbaycan dilini bilmədiyi üçün bu namizəddən də imtina olunaraq yenidən X.Sultanova müraciət edilir və nəhayət onun razılığı alınır.

 

Azərbaycan Cümhuriyyəti hökumətinin 1919-cu il yanvar ayının 29-da keçirilən iclasında Xosrov bəy Sultanov Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının müvəqqəti general-qubernatoru təyin olunur. Qubernatorluğun ştatını və 600 nəfərdən ibarət atlı dəstə təşkil etmək məqsədi ilə həmin iclasda Xosrov bəyin sərəncamına bir milyon manat vəsait ayırmaq haqqında qərar da qəbul olunur.5

Azərbaycan Cümhuriyyəti hökumətinin 1919-cu il 1 fevral tarixli qərarı ilə rotmistr Qud Qudyeviç Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları müvəqqəti general-qubernatorunun müavini təyin olunur.6

Azərbaycan Cümhuriyyəti hökuməti özünün 1919-cu il 7 mart tarixli iclasında daxili işlər nazirliyi tərəfindən təqdim olunmuş Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti general-qubernatorluğu üçün ştat vahidlərini təsdiq etmiş, onların saxlanılması üçün general-qubernatorun sərəncamında olan vəsaitdən istifadə etməsi haqqında göstəriş verilmişdir.7

Artıq 1919-cu il fevral ayının 5-də Xosrov bəy Sultanov daxili işlər nazirliyinə müraciət edərək, göstərilən 4 qəzanın Gəncə quberniyasının ərazisindən ayrıldığı haqqında Gəncə qubernatoruna məlumat verməyi xahiş edir və general-qubernatorluq ərazisində yaradılacaq xalq milisi rəisləri üçün zabit heyətinin ştat vahidlərini də təqdim edir.8

Həmin il fevralın 22-də Azərbaycan Cümhuriyyəti hökumətinin işlər müdiri Pərviz Mirzənin imzası ilə daxili işlər nazirinə məruzə etmək məqsədi ilə İngilis komandanlığının Şuşa şəhəri və ətraf ərazilər üçün təyin olunmuş xüsusi missiyasının rəhbəri mayor Monk Mezona verilmiş təlimatın surəti də əlavə edilməklə daxili işlər nazirliyinə məktub göndərilmişdir.9

Britaniyanın Bakıdakı ordularının baş qərargah rəisi tərəfindən imzalanmış həmin təlimatla Şuşadakı ingilis missiyası qarşısında bu ərazidə qanun-qaydaları qorumaq, qaçqınları harada və necə yerləşdirməyi əvvəlcədən müəyyən etmək, Yevlaxdan həmin ərazilərə ərzağı necə çatdırmaq vəzifəsi qoyulurdu. Onlar təlimatlandırılırdılar ki, «siz kimə lazımdırsa izah etməlisiniz ki, heç bir siyasi represiyaya yol verilməyəcək, hər hansı partiyanın güc tətbiq etmək istəyininin Bakıdakı Britaniya komandanlığı tərəfindən qətiyyətlə qarşısı alınacaq. Qarabağ və Zəngəzurun Azərbaycana və ya Ermənistana aidiyyatı məsələsi yerlərdə həll edilə bilməz. Doktor X.Sultanov bu vilayətə general-qubernator təyin olunub. Onun vəzifəsi vilayəti güc tətbiq etmədən idarə etmək, ərazi iddiaları qaldırmaq məsələsindən imtina etməkdir. Siz ona öz vəzifəsini həyata keçirmək üçün hərtərəfli yardım göstərin. İki erməni nümayəndəsi Şuşaya gəlir və sizə hər cür köməklik göstərəcəklər. Siz general Andranikə öz ordusunu buraxmaq üçün təlimat verin. Onun ordusunun Yevlağa aparılması üçün lazımi sərəncam verin. Orada onlar tərkisilah edildikdən sonra dəmir yolu ilə Ermənistana göndəriləcəklər. Siz həm də bu yaz qaçqınların da öz vətənlərinə qaytarılması üçün sərəncam verməlisiniz.

Siz kimə lazımdır hamıya başa salmalısınız ki, Sizin missiyanın fəaliyyətinə heç cür Qarabağ və Zəngəzur ərazilərinin bu və ya başqa tərəfə aidiyyatı məsələsinə dəxli yoxdur. Bu məsələ sülh konfransı tərəfindən həll ediləcəkdir».10

1919-cu il fevral ayının 18-də Gəncə qubernatoru M.Vəkilov daxili işlər nazirinə müraciət edərək bildirir ki, Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları ərazisində müvəqqəti general-qubernatorluq yarandıqdan sonra da qəza rəislərindən qəza idarələrinə təyinat haqqında mənə müraciətlər olunur. Xahiş edirəm məlumat verin ki, həmin məsələləri mən özüm həll edim, yoxsa onları müvəqqəti general-qubernatorun sərəncamına göndərim.

Daxili işlər nazirliyi tərəfindən Gəncə qubernatoruna göndərilmiş cavab məktubunda göstərilən qəzalarla əlaqədar bütün məsələlərin həllini müvəqqəti general-qubernatorun sərəncamına göndərmək tövsiyyə olunurdu.

Həmin il aprel ayının 2-də X.Sultanov Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda müvəqqəti general-qubernatorluğun ərazisində olan hərbi hissələrin də onun tabeliyinə verilməsi haqqında məsələ qaldırır. Aprelin 4-də hökumətin sədri müvəqqəti general-qubernatorun bu xahişi barədə öz hökumətinin iclasında məlumat verir. Lakin hökumət X.Sultanovun xahişinə razılıq vermir. Hökumətin həmin məsələyə dair qəbul etdiyi qərarda deyilirdi ki, general-qubernatorluq öz ərazisindəki hərbi hissələrin Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları general-qubernatoruna tabe olunması general-qubernator hərbi şəxs olmadığı üçün qəbul edilə bilməz. Qərarla yalnız fövqəladə vəziyyətlərdə ona qanunda nəzərdə tutulmuş hallarda hərbi hissələrin köməyindən istifadə etmək hüququ verilirdi.11

Hökumətin bu qərarına etiraz əlaməti olaraq X.Sultanov aprelin 6-da yenidən daxili işlər nazirinə göndərdiyi məktubunda yazırdı: «Ermənilərin hər hansı çıxışı zamanı hökumətlə əlaqə saxlamadan hərbi qüvvələrin köməyindən istifadə etmək mümkün deyil. Teleqrafın nasaz olduğu bir vaxtda teleqramların vaxtında çatdırılmaması çətinlik törədir. Qanunla general-qubernatorun vəzifəsi o hərbi şəxs olmasa da hərbi rəhbərliyin vəzifəsi ilə bərabərləşdirilir və general-qubernatorluq ərazisindəki hərbi hissələr də ona tabe edilməməlidir».12

1919-cu il aprelin 19-da Nazirlər Kabinetinin növbəti iclasında baş nazir N.Yusifbəyov Qarabağ general-qubernatorunun həmin qubernatorluq ərazisindəki ordu hissələrinin ona tabe etdirilməsi haqqındakı əlavə xahişi barədə məlumat verir və qərara alınır ki, 4 aprel tarixli qərara əlavə olaraq Qarabağ general-qubernatorluğu ərazisindəki hərbi hissələr müvəqqəti general-qubernatorun icazəsi və razılığı ilə hərəkət edir. Həm də o, bu hərbi hissələrdən istifadə edilməsi üçün verdiyi bütün sərəncamlara görə məsuldur.13

Azərbaycan hökuməti tərəfindən 1919-cu il yanvarın 15-də Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında müvəqqəti general-qubernatorluq yaradılması ilə əlaqədar olaraq Dağlıq Qarabağ erməniləri etiraz aksiyaları keçirir və Ermənistan Cümhuriyyəti hökuməti həmin ilin yanvarında Azərbaycan hökumətinə etiraz notası göndərir. Öz notasında Ermənistan hökuməti belə bir qurumun yaradılmasını Ermənistanın ərazi hüquqlarına qarşı yönəldilmiş qəsd kimi qiymətləndirir. Ona cavab olaraq yanvarın 31-də Azərbaycan Cümhuriyyəti hökumətinin xarici işlər naziri əvəzi A.X.Ziyadxanov Ermənistan Cümhuriyyəti hökumətinin xarici işlər nazirliyinə göndərdiyi cavab notasında bildirirdi ki, Ermənistan hökumətinin belə bir nota verməyə heç bir hüquqi əsası və mənəvi haqqı yoxdur. Çünki bu ərazilər əzəldən Azərbaycanın mübahisəsiz və ayrılmaz hissəsi olmuşdur. Ona görə də Azərbaycan hökumətinin təkcə hüququ cəhətdən deyil, həm də mənəvi cəhətdən vəzifəsi həyati tələb olaraq bu ərazilərdə milliyyətindən və dinindən asılı olmayaraq öz vətəndaşlarının həyatını, şərəfini və əmlakını məsuliyyətsiz şəxslərin özbaşınalığından qorumaqdır. Ona görə də bizim hökumətin bu əraziyə general-qubernator təyin etməsi heç vaxt Ermənistanın ərazi hüquqlarına qəsd ola bilməz. Sizin hökumətin bu barədəki etirazınıza isə bizim suveren hüquqlarımıza müdaxilə və daxili işlərimizə qarışmaq kimi baxıla bilər.14

 

X.Sultanovun Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında yaradılmış müvəqqəti general-qubernatorluğa general-qubernator təyin edilməsinə ermənilər xüsusilə daha kəskin əks reaksiya verirlər. Onlar buna etirazlarını açıq şəkildə bildirir, yeni qubernatoru tanımayacaqlarını elan edirdilər. Əlbəttə ermənilərin bu etirazlarının əsas səbəblərindən biri də bu şəxsin Andronik ordularını Zabux dərəsində böyük məğlubiyyətə uğratmış Sultan bəy Sultanovun qardaşı olması idi. Ermənilərin etirazlarına baxmayaraq X.Sultanov ona tapşırılmış ərazidə ciddi surətdə işə girişir və orada lazımi qayda-qanun yaratmağa başlayır.

Bu elə bir vaxt idi ki, Ararat Respublikası ərazisində yüzlərlə azərbaycanlı kəndləri dağıdılıb yerlə yeksan edilir, yüz minlərlə azərbaycanlı əhali öz doğma yurd-yuvasında məhv edilir və yaxud bütün əmlakı əlindən alınaraq qovulurdu. Azərbaycan Cümhuriyyəti hökumətinin bu məsələ barədə dəfələrlə Ermənistan hökumətinə verdiyi notalara cavablarda Ermənistan hökuməti bu faktları qəti surətdə təkzib edir, bütün vasitələrdən istifadə edərək bu vəziyyəti beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışırdı. Belə bir şəraitdə 1919-cu il iyunun 4-də ermənilərin Şuşa şəhərində törətdikləri silahlı qiyama etiraz əlaməti olaraq Şuşa qəzasının ermənilərdən ibarət Qeybalı kəndində müsəlmanlar erməni evlərini dağıdaraq bir qismini yandırır, əhalinin bir hissəsini isə qətlə yetirirlər. Bu hadisədən əllərinə fürsət düşmüş ermənilər, bütün dünyada Azərbaycana və azərbaycanlılara, müvəqqəti general-qubernator X.Sultanova qarşı böyük təbliğat kampaniyasına başlayırlar. Bu hadisə ilə bağlı ermənilər hər yerdə mitinq və küçə yürüşləri keçirirdilər.

«Naşa vremya» qəzetinin 1919-cu il 13 iyun tarixli 106-cı nömrəsində verdiyi məlumata görə həmin il iyunun 8-də Tiflisdə keçirilən ermənilərin çoxminli mitinqində elə qələmə verilirdi ki, guya Şuşada Azərbaycanın nizami ordusu tərəfindən silahsız mülki erməni əhalisinin üzərinə hücum edib. Guya bu cür düşmənçilik aktları ilə Azərbaycan hökuməti erməni Qarabağını ələ keçirməyi və Qarabağın erməni əhalisini daim təzyiq altında saxlayıb qanını tökmək istəyir. Mitinq iştirakçıları Güney Qafqazda müttəfiq ölkələrin missiyalarına müraciət edərək tələb edirdilər ki, Qarabağda qan tökülməsinin qarşısını alsınlar və erməni xalqını onları gözləyən yeni və daha təhlükəli bədbəxtliklərdən qorusunlar. Mitinqin qətnaməsində deyilirdi: «Ölkədə qayda-qanun və sakitlik yaranması üçün daimi təhlükə olan tanınmış Türkiyə agenti və Azərbaycanın general-qubernatoru Sultanov və bütün Azərbaycan hərbi qüvvələri erməni Dağlıq Qarabağının (!!!) ərazisindən kənarlaşdırılsınlar. Erməni Dağlıq Qarabağı Azərbaycan hakimiyyətinin təsir dairəsindən çıxarılsın».

«Naşe vremya» qəzetinin elə həmin nömrəsində (13 iyun, 1919, № 106) Qarabağdan verdiyi digər xəbərdə isə deyilirdi ki, bu hadisədən sonra Qarabağ Erməni Milli Şurası möhkəmləndirilmiş tərkibdə Şuşa şəhərindən ətraf kəndlərə çıxmış və Dağlıq Qarabağda bütün hakimiyyəti öz əllərinə götürmüşlər. Şəhərdə birinci gün baş verən toqquşma zamanı guya erməni ordu hissələri ətraf kəndlərdən şəhərə doğru hərəkət edir, yalnız ingilis komandanlığının işə qarışması nəticəsində Milli Şuranın göstərişi ilə ordu dəstələri şəhərə daxil olmamışdılar.

“Azərbaycan” qəzetinin 1919-cu il 21 iyun tarixli 127-ci nömrəsində verilmiş məlumatda isə deyilirdi ki, Qarabağda baş verən hadisələrlə bağlı həyacana gəlmiş minlərlə erməni İrəvanda parlament binası qarşısında toplaşaraq öz etirazlarını bildirirlər. Onlar erməni ziyalıları başda olmaqla musiqi orkestrinin müşayiəti ilə hökumət sədrinin igamətgahına doğru hərəkət edirlər. Hökumət sədri bildirir ki, bu gün mən ingilis missiyasının rəhbəri leytenant Çerkasla bərabər Tiflisə gedərək oradakı ingilis komandanlığı ilə danışıq aparacağam. O, söz verirdi ki, həyəcana gəlmiş xalqın tələbini ödəyəcək, erməni Qarabağının məsələsini həll etmək üçün qəti və ciddi tədbirlər görəcəkdir. Fürsətdən istifadə edən hökumətin sədri mitinq iştirakçılarına müraciət edərək erməni xalqının müqəddəs hüquqlarını silah gücünə qorumaq üçün mitinq iştirakçılarını orduya yazılmağa çağırır.

Həmin il iyunun 26-da Azərbaycan Cümhuriyyəti hökumətinin Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinski Xarici İşlər Nazirliyinə göndərdiyi teleqramda bildirirdi ki, mən 1919-cu il iyun ayının 25-də Ermənistan Xarici İşlər Nazirliyinə nota verərək bildirdim ki, X.Sultanov Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə bu il yanvar ayının 15-də Azərbaycanın mübahisəsiz və ayrılmaz hissəsi olan Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarında yaradılmış general-qubernatorluğa general qubernator təyin edilmişdir. Ona görə də Ermənistan hökuməti X.Sultanovun hərəkətlərinə və göstərilən qəzalarda Azərbaycan ordularının olmasına qarşı heç bir etiraz edə bilməz və Ermənistanın bu hərəkəti Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışmaqdır. General-qubernator çox ciddi tədbirlər görərək Şuşa qəzasında lazımi qayda yarada bilmiş və bu ərazidə həyat artıq öz normal axarına düşmüşdür.15

Yuxarıda deyilənlərdən göründüyü kimi mayaları yalan məkr və xəyanətlə yoğrulmuş ermənilər 1919-cu ilin əvvəllərində Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzaları ərazisində müvəqqəti general-qubernatorluq yaradılarkən və Vosrov bəy Sultanov oraya general-qubernator təyin olunarkən buna qəti etirazlarını bildirmiş, X.Sultanovun ünvanına olmazın böhtan və uydurmalar yağdırmışlar. Lakin həmişə Gəncə qəzasına daxil olmuş Erkeç, Yuxarı Ağcakənd və Qaraçinar kənd icmalarına daxil olan 10-12 erməni kəndini 1919-cu ilin ikinci yarısında müvəqqəti Qarabağ general-qubernatorluğunun Cavanşir qəzası ərazisinə qatmaq üçün ermənilər üçün çox geniş təşkilatı kampaniyaya başlayırlar və bu işdə onlar hətta nifrət etdikləri müvəqqəti Qarabağ general-qubernatoru X.Sultanovun köməyindən də bəhrələnməyə çalışmışlar. Burada ermənilərin başlıca məqsədi əgər Paris sülh konfransının qərarı əsasında Dağlıq Qarabağ Ermənistana verilərsə bu ərazilərdə Ararat Respublikası ilə birləşdirməkdən ibarət idi. Məlumdur ki, həmin vaxtlar Parisdə sülh konfransında iştirak edən Ermənistan nümayəndə heyəti bu sahədə çox gərgin iş aparır, həmin ərazilərin Azərbaycana aid olmadığı haqqında konfrans iştirakçısı olan dövlətlər, xüsusilə konfransın işinə əsas istiqamət verən müharibədə qalib gəlmiş iri dövlətlərin nümayəndələri arasında dəridən-qabıqdan çıxaraq Azərbaycana qarşı çox gərgin təbliğat işi aparırdılar. Hətta 1919-cu ilin avqust ayında keçirilən Dağlıq Qarabağ ermənilərinin 7-ci qurultayı qərarlarına əsasən Paris sülh konfransı tərəfindən həmin məsələnin qəti şəkildə həllinə qədər Dağlıq Qarabağ Erməni Milli Şurası Azərbaycan Cümhuriyyəti hökumətinə tabe olmaq barədə 1919-cu il avqust ayının 26-da Azərbaycan hökuməti ilə müqavilə də imzalanmışdır. Bundan istifadə edən ermənilər vaxt var ikən yuxarıda göstərilən kənd icmalarının da Qarabağ general-qubernatorluğunun Cavanşir qəzasına birləşdirilməsinə kömək etmək üçün general-qubernator X.Sultanovla danışıq aparır və hətta onun razılığını da ala bilirlər. Nəticədə həmin ilin sentyabr ayından cidd-cəhdlə öz ideyalarının reallaşdırılması işinə girişirlər. Bu məsələ ilə bağlı arxivlərimizdə çoxlu tarixi sənədlər qorunub saxlanılır. Tarixi ardıcıllıqla indi onlardan bəzilərini nəzərdən keçirək.

 

1919-cu il sentyabr ayının 11-də Gəncə qubernatoru Xudadat bəy Rəfibəyov daxili işlər nazirinə məktubla müraciət edərək bildirirdi ki, hökumətin bu il 15 yanvar tarixli qərarı ilə Gəncə quberniyasına daxil olan Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzaları ərazisində müvəqqəti general-qubernatorluq yaradılmışdır. General-qubernatorun müavininin teleqramından və ermənilərin özlərinin məktublarından görünür ki, Gəncə qəzasının 3-cü polis şöbəsinə daxil olan 10-12-yə qədər kəndi əhatə edən Erkeç, Yuxarı Ağcakənd və Qaraçinar kənd icmaları Qarabağ Erməni Milli Şurasının qərarı ilə özlərini Qarabağ rayonu ərazisinə daxil edilmiş və beləliklə də Qarabağ general-qubernatorluğuna daxil olunmuş hesab edirlər.

Gəncə qubernatoru öz məktubunda bildirirdi ki, ermənilərin bu tələbi hökumətin müvəqqəti general-qubernatorluq yaradılması haqqındakı qərarında göstərilən sərhədlərlə tamamilə ziddiyyət təşkil edir və yuxarıda göstərilən kənd icmalarının Qarabağ general-qubernatorluğuna daxil edilməsi barədə hökumətin yeni bir sərəncamı olmadığı üçün xahiş edirəm mənə məlum edəsiniz ki, bu kəndlərin idarəsini kim həyata keçirməlidir və onlarda əhali tərəfdən qayda-qanun pozulduqda kim buna məsul olmalıdır.

Xudadat bəy sonra bildirirdi ki, bütün bunlarla yanaşı göstərilən kəndlər həmişə Gəncə qəzası ərazisinə daxil olmuş və yerli müsəlman əhalisi üçün həm iqtisadi və həm də məişət şəraiti nöqteyi-nəzərindən mühüm rol oynamışdır. Təkcə o faktı qeyd etmək lazımdır ki, bu kəndlərin Gəncə qəzasından ayrılması yerli müsəlman əhalinin yaylaqlara hərəkəti üçün böyük çətinliklər törədəcək. X.Rəfibəyov məktubunun sonunda daxili işlər nazirinə həmin ərazilərin onun rəhbərlik etdiyi quberniyaya tabe olan Gəncə qəzasının 3-cü polis şöbəsindən çaxarılmaması haqqında sərəncam verilməsini xahiş edirdi.16

Qarabağ general-qubernatoru müavininin imzası ilə 1919-cu il sentyabrın 5-də Gəncə qubernatoruna göndərilmiş teleqramda deyilirdi ki, Qarabağ ermənilərinin 7-ci qurultayı komissiyasına daxil olmuş məlumata görə Erkeç və Aşağı Ağcakənd kəndləri sizin quberniyanın hakimiyyət orqanları tərəfindən tarkisilah edilmişlər. Göstərilən kəndlər Carabert (Cavanşir – A.P.) qəzasına daxildir ki, o da Qarabağ məsələsinin sülh yolu ilə həll edilmə maddəsinə daxil edilmişdir və Qarabağ ermənilərinin 7-ci qurultayı komissiyasının təklifi ilə hökumət tərəfindən hər iki millətdən olan əhalinin tərkisilah edilməsi işi müvəqqəti olaraq dayandırılmışdır. Xahiş edirik tərkisilah işini dayandırasınız, çünki bu iş Dağlıq Qarabağın, xüsusilə Cavanşir qəzasının əhalisini çox narahat edir.17

1919-cu il avqustun 29-da Carabert qəzası 4-cü polis şöbəsinin pristavı Yuxarı Ağcakənddən Gəncə qəza rəisinə təcili olaraq aşağıdakı məzmunda belə bir cavab vermişdir: “Sizin bu ilin 27 və 28 avqust tarixli təqtimatınıza cavab olaraq bildirirəm ki, hazırda mənə tabe olan polis şöbəsində kəndxudaların köhnə müavinləri yoxdur, yeni müavinlərdi ki, onlar da Qarabağ hakimiyyətinə tabedirlər və göstərilən hakimiyyət orqanının icazəsi olmadan onların danışıq üçün Çaykəndə sizin yanınıza gəlməyə qanuni hüquqları yoxdur. Biz Gülüstan rayonunun bütün kəndlərinin nümayəndələri ilə birlikdə danışıqaparmaq üçün Çaykəndə sizin yanınıza gəldik. Təəssüflər olsun ki, sizi görə bilmədik və bizə dedilər ki, siz iki saat əvvəl getmişsiniz. Məlumat üçün Carabert rayonu rəisinin 28 avqust tarixli 88 nömrəli sərəncamını və Gülüstan rayonu əhalisi nümayəndələrinin ümumi yığıncaq protokolunun surətini də sizə göndərirəm.18

Carabert və Gülüstan rayonları rəisinin 1919-cu il 28 avqust tarixli 88 №-li sərəncamında deyilirdi: “Carabert rayonu 4-cü polis şöbəsi pristavına – Sizin məlumatınıza cavab olaraq bildirirəm ki, Şuşa şəhərində keçirilən Qarabağ ermənilərinin general-qubernator X.Sultanovun da iştirak etdiyi 7-ci qurultayı belə bir qərar qəbul etmişdi. Qurultayın qərarları haqqında Carabert şurasının üzvü bu il avqust ayının 31-də Ağdərədə keçiriləcək Carabert qurultayında ətraflı məıruzə edəcək. VII qurultay bütün əməkçi erməni xalqının arzularını yerinə yetirmişdir. Əməkçi ermənilərin bu istək və arzularını həyati cəhətdən bir-birləri ilə bağlı və dost Azərbaycan və Qarabağ xalqları qardaşlıqda yaşamışıq. Biz əməkçi kəndlilər bunu dərk edir və əldə silah bütün avantüralara qarşı mübarizə aparırıq. Bu gün hakimiyyət də həmin xalqın əlindədir. Azərbaycan xalqı və bütün inzibati idarə orqanları erməni xalqının qabaqcıl ziyalılarına imkan verməlidir ki, Qarabağ ermənilərinin VII qurultayı qərarlarının həyata keçirilməsini təşkil və icra etsinlər.

Yelizavetpol (baxın yuxarıda Qarabağdakı Azərbaycan hakimiyyətinə mədhnamə oxuyan ermənilər Yelizavetpol adının dəyişdirilib Gəncə adlandırılmasını tanımaq belə istəməmişlər _ A.P.) qəza rəisinə xəbər verin ki, onun hərəkətləri VII qurultayın qərarlarına ziddir. Tam əminəm ki, hər hansı cəhətdən məsələnin gərginləşdirilməsi Azərbaycan Cümhuriyyəti və bütün ermənilər üçün (!) məqsədə müvafiq deyil. Mənim məktubumun bütün məzmununu Bəhram bəyə və bizim nümayəndələrə xəbər verə bilərsiniz. Təkrar edirəm bu il avqustun 31-də Ağdərədə qurultay olacaq. Çalışın ki, hər kənddən buraya 50 ev hesabı ilə bir nəfər nümayəndə gəlsin. Şuranın (Qarabağ erməni Milli Şurası nəzərdə tutulur – A.P.) məruzəsi olacaq və yeni inzibati rəhbərlər seçiləcək və onlar təsdiq üçün cənab general-qubernator X.Sultanovun hüzuruna göndəriləcəklər. Əslini Carabert və Gülüstan rayonları rəisi Mirzəbekov imzalamışdır. Carabert qəzası 4-cü polis şöbəsinin pristavı (imza) 29 avqust 1919-cu il”.19

Gülüstan kəndində keçirilən Gülüstan rayonu nümayəndələrinin ümumi yığıncağı adından da Gəncə qəza rəisinə aşağıdakı məzmunda cavab məktubu göndərilmişdir. Məktubda deyilirdi: “Sizin Qaraçinar kəndxudasına bu il 27 avqust tarixli sərəncamınıza və sözlü təkliflərinizə əsasən Erkeç kənd icmasının nümayəndlərinin guya özbaşına Qarabağ qubernatorluğuna keçməsi ilə bağlı bildiririk ki, Gülüstan rayonu nümayəndələrinin ümumi yığıncağı məhz Qaraçinar, Yenikənd, Qaxtut, Xarxaput, Gülüstan, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Erməni Borisi, Erkeç, Manaşid, Buzluq, Armavir və Qarabulaq kəndlərinin nümayəndələri məsələni müzakirə edərək aşğıdakı nəticəyə gəlmişlər: Biz faktiki olaraq Qarabağ Erməni Milli Şurasına tabe edilmişik, bununla bərabər bizim rayon tarixən və etnoqafik cəhətdən Qarabağla bağlıdır və onun ərazisinin ayrılmaz hissəsi təşkil edir. Qarabağ Erməni Milli Şurası Qarabağ məsələsini Azərbaycan Cümhuriyyəti hökuməti ilə sülh yolu ilə həll etmək qərarına gəlib və ermənilərin Qarabağ ermənilərinin 7-ci qurultay tərəfindən qəbul edilmiş qərarla bu məcburi surətdə bizə də aid edilib. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq sizdən xahiş edirik ki, Azərbaycan Cümhuriyyəti hökumətinin hakimiyyətini tanımaq barədə bütün diplomatik danışıqları hər kəndin hörmətli ağsaqqalları ilə deyil, Qarabağ Erməni Milli Şurası və yaxud hakimiyyət nümayəndələri ilə aparasınız”.20

Qarabağ ermənilərinin 7-ci qurultayından, xüsusilə Qarabağ Erməniləri Milli Şurası ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında bağlanılmış sülh müqaviləsindən sonra bu sülh müqaviləsində Carabert qəzasından da söhbət getdiyindən özlərinin də dediyi kimi Rus inqilabından sonra millətlərin öz müqəddəratını təyin etməsi ideyasından istifadə edən Qarabağ erməniləri özlərini müstəqil elan edir və Azərbaycan Cümhuriyyəti hökumətinə tabe olmadıqlarını bildirirlər. Həmişə Gəncə qəzasına daxil olmuş Gülüstan rayonunun erməniləri də bu vəziyyətdən istifadə edərək özbaşına özlərinin Qarabağın Cavanşir qəzası ilə birləşdiklərini elan edirlər.

 

1919-cu il sentyabr ayının 10-da Gəncə qəzasının Gülüstan, Ağcakənd və Erkeç kənd icmalarına daxil olan 13 kəndin kəndlilərinin qurultayı keçirilir və orada yekdil səslə qərara alınır ki, Qarabağ ermənilərinin qurultayı şəxsində Qarabağın Dağlıq hissəsinin erməni əhalisi ilə Azərbaycan hökuməti arasında bağlanmış müvəqqəti sazişə əsasən bütün hökumət və ictimai təşkilatlar qarşısında xahiş edilsin ki, çevrilişə qədər Rusiya hökuməti tərəfindən süni surətdə xalqın mənafei nəzərə alınmadan Qarabağdan qoparılaraq Yelizavetpol qəzasına birləşdirilmiş Gülüstan rayonu Qarabağın mübahisəsiz ərazisi kimi tanınsın. Bundan əlavə bu cür müraciətlər Gülüstanın hər bir kəndi tərəfindən də ayrılıqda xüsusi sülh sazişi ilə də qaldırılmışdır. (Əslində kəndlərdə bütün sülh sazişi bu tarixdən sonra qaldırılmışdı – A.P.). Biz aşağıda imza edən müvəqqəti Qarabağ general-qubernatoru yanındakı şura üzvləri Gülüstanın erməni əhalisinin yuxarıda göstərilən xahişi ilə tanış olaraq və həmin əhalinin verdiyi səlahiyyətə əsasən qərara aldıq ki, aşağıda göstərilən əsaslara görə Gülüstanlıların xahişini Azərbaycan hökuməti qarşısında müdafiə edək:

1. Tarixən Gülüstan həmişə Qarabağ torpağı olmuş, Qarabağın mərkəzi hakimiyyətinin həm siyasi, həm də dini hakimiyyəti oraya da şamil edilmişdir. O, beş məlikliyin – “Xəmsə”nin tərkibinə daxil olmuşdu. Bunun üçün aşkar sübüt odur ki, hətta ruslar gələndən sonra 60-cı illərə qədər də Gülüstanın o vaxt bütün Qarabağı əhatə edən Şuşa qəzasının bir hissəsi hesab olunurdu. (Əgər qəza quberniya və s. bu kimi ərazi bölgüləri ruslar Qafqazı işğal etdikdən sonra yaranmaşdısa onda Gülüstan Şuşa qəzasına necə daxil ola bilərdi – A.P.). Yalnız 60-cı illərdə Rusiya hökuməti hansısa özünə məlum olan səbəblər üzündən Gülüstanı Qarabağdan qopararaq Yelizavetpol qəzasına birləşdirir, məlumdur ki, bu bölgülərdə Rusiya hökuməti əhalinin mənafeindən başqa nəyi istəsəniz əldə rəhbər tuturdu.

2. Gülüstan Qarabağla – daha doğrusu onun bir hissəsi olan Cavanşirlə daha çox əlaqədədir, nəinki Gəncə qəzası ilə. Gülüstan kəndliləri Cavanşir qəzasına torpaq bəcərməyə gedirlər. Cavanşirin köçəri maldarları öz yaylaqlarına Gülüstan ərazisindən keçib gedirlər, nəhayət Tərtər bazarı yeganə bazardır ki, gülüstanlılar onlara lazım olan məhsulu orada həm ala və həm də sata bilirlər. Gülüstanın Cavanşirlə bu cür sıx iqtisadi əlaqədə olması, tələb edir ki, Gülüstan Cavanşirlə inzibati cəhətdən də əlaqədə olsun.

Təhriri məruzədə sonra deyilirdi ki, tarixən və iqtisadi cəhətdən Qarabağla əlaqədə olan Gülüstan çevrilişindən sonra tezliklə özünün Yelizavetpolla əlaqələrini kəsərək nəzərlərini Qarabağa yönəltdi və həm də onunla siyasi münasibətlərə də girdi. Bütün onun idealı və arzuları Qarabağ ermənilərinin arzuları ilə eyni idi. Qarabağla birlikdə Gülüstan da son illərin bütün müsibətlərini yaşamışdır. Qarabağın erməni əhalisi qonşu xalqlarla qardaş qırğınına son qoymaq qərarına gəlmiş və sülh şəraitində yaradıcı əməyə başlamışdı. Gülüstanlılar da bu qərarı danışıqsış qəbul etdilər və hesab edirlər ki, onların iştirakı bütün Qarabağ ermənilərinin iştirak etdiyi qərarla həll edilməlidir.

Bu cür mülahizələri əldə rəhbər tutan Gülüstanlılar Qarabağ ermənilərinin bütün qurultaylarına, o cümlədən Qarabağın dağlıq hissəsi haqqında qəti qərar qəbul edən 7-ci qurultayına da öz nümayəndələrini göndərmişlər.

Yuxarıda göstərilən vəziyyəti nəzərə alaraq biz müvəqqəti Qarabağ general-qubernatoru yanında olan Şuranın üzvləri hesab edirik ki, Gülüstan camaatının xahişinin yerinə yetirilməsi məqsədə uyğundur və Cümhuriyyət quruluşunun tələblərinə cavab verir.21

Onu qeyd edək ki, Qarabağ general-qubernatoru yanında 6 nəfərdən ibarət şura var idi. Şuranın üzvlərindən 3 nəfəri erməni, 3 nəfəri isə azərbaycanlı idi. Görünür 3 nəfər erməni qalan 3 nəfər azərbaycanlını da bu işin “ədalətliyinə” elə məharətlə inandıra bilmişlər ki, təhriri məruzədən də göründüyü kimi azərbaycanlılar da belə bir qərarın qəbuluna razı olmuşdular. Ermənilərə inanıb bu cür təkliflərə asanlıqla razılaşmağımızın, hər şeyi güya çalışıb sülh yolu ilə həll etməyə səy etməyimizin nəticəsi idi ki, ermənilər bundan məharətlə istifadə edərək bu günə qədər başımıza bu münasibətləri açıblar. Təəsüflər olsun ki, hələ də ayılmamışıq.

Həmin sənədin sonunda belə bir arayış da var: “1919-cu il oktyabrın 17-də 22 nömrə ilə həmin təhriri məruzə göstərilən məsələ barədə iclas protokolları ilə birlikdə hökumət qarşısında məsələ qaldırmaq üçün cənab Qarabağ general-qubernatoruna təqdim edilmişdir”.

Göstərilən təhriri məruzə ilə bərabər Qarabulaq, Quşçu Armavir, Manaşid, Buzluq, Erkeç, Qaraçinar, Gülüstan, Yuxarı Ağcakənd, Xarput, Yeni kənd kəndlilərinin guya ümumi yığıncaqlarında qəbul olunmuş sülh sazişləri də bütün kəndlilərin imzası ilə müvəqqəti Qarabağ general-qubernatoru cənab X.Sultanovun ünvanlna göndərilmişdir.

Gülüstan rayonunun bütün kəndlərində qəbul edilmiş sülh müqavilələrinin məzmunu eyni idi: “Biz özümüzü Qarabağ ermənilərinin ayrılmaz hissəsi hesab edir və buna görə də Qarabağ ermənilərinin 7-ci qurultayının qərarlarını öz fəaliyyətimiz üçün əsas götürür və yalnız bütün Qarabağ ermənilərinin qəbul etdiyi şərtlərlə Azərbaycana qoşulmağa razıyıq”.22

1919-cu il sentyabr ayının 10-u ilə 20-si arasında yuxarıda göstərilən kənd icmalarına daxil olan bütün kəndlərin yüzlərlə kəndlilərinin iştirak etdiyi ümumi yığıncaqlarında yuxarıda göstərilən məzmunda qərarlar qəbul edilir. Bu yığıncaqların hamısında Yuxarı Ağcakənd sakinləri Levon bəy ter-Minasovu və Qriqori Ter-Martirosovu onların bu sülh müqavilələrini Qarabağ Erməni Milli Şurasına təqdim etmək üçün nümayəndə seçdikləri bildirilirdi. 23

Bütün yuxarıda gətirilən faktlardan da görünür ki, Dağlıq Qarabağ ərazisindəki bütün erməni kəndlərinin əhalisinin hamısı bir mərkəzdən Qarabağ Ermənilərinin Milli Şurası tərəfindən məharətlə idarə olunurdu. Şura isə Ermənistan Respublikasının daşnal xislətli rəhbərləri və daşnaksütyun partiyası tərəfindən idarə olunurdu. Bir sözlə bütün bu sənədlərdən onların qısa müddətdə çox mütəşəkkil şəkildə hazırlanmasından da aşkar görünürdü ki, erməni millətçiləri hər işi necə dəqiq, vaxtında, inadkarlıqla, məharətlə və həyasızlıqla həyata keçirirdilər. Ermənilərə öz işlərində bu günə qədər də uğur qazandıran əsas səbəb onların hər hansı bir məsələ ilə bağlı bu qədər yüksək səviyyədə təşkilatlanmalarıdır. Onların müvəffəqiyyətlərinə başlıca səbəb ən alçaq və ağ yalanlarını bu cür yollarla həyata keçirmələri olmuşdur. Onların bu günə qədər qazandıqları bütün uğurlarını, milli məsələdə belə birlik nümayiş etdirmələrində, təşkilatlanmalarında və təşkilatlandırılmalarında axtarmaq lazımdır.

1919-cu il sentyabr ayının 23-də daxili işlər naziri əvəzi general-mayor Ağabəyov Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının müvəqqəti general-qubernatoru X.Sultanova ünvanladlğı məktubla yuxarıda bəhs edilmiş sənədlərin surətlərini də göndərməklə həmin sənədlərdə qaldırılan məsələlərə münasibətdə genaral-qubernatorun fikri soruşulurdu.24

Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarının müvəqqəti general-qubernatoru X.Sultanov göstərilən məktuba cavab verməyə tələsmir. Məhz cavabı gecikdirdiyi üçün Ağabəyov həmin il oktyabr ayının 28-də yenidən ona müraciət edərək Gəncə qəzası 3-cü polis şöbəsinə daxil olan Yuxarı Ağcakənd, Erkeç və Qaraçinar kənd icmalarına daxil olan 10-12 kənd haqqında məlumat verməyi tələb edir.25

1919-cu il noyabrın 18-də Gəncə qubernatoru X.Rəfibəyov yenidən daxili işlər nazirinə müraciət edərək bildirirdi ki, bu il sentyabrın 11-də Erkeç, Yuxarı Ağcakənd və Qaraçinar kənd icmalarının Gəncə qəzası tərkibinə daxil edilməsi barədə məsələ ilə bağlı göndərdiyim məktuba əlavə olaraq yeni sənədləri də göndərirəm. Onu da bildirirəm ki, orada Gülüstan rayonuna daxil olan bütün kənd icmaları haqqında deyil, yalnız həmişə Gəncə qəzasına daxil olmuş üç kənd icması barəsində söhbət gedir. Yuxarıda göstərilən kənd icmalarının əhalisi Qarabağa birləşmək barədə öz tərsliklərində inad edir, yaranmış asayişin pozulması şəraitini nəzərə almaq istəmirlər. Aran yerlərdə yaşayan müsəlman əhalisindən şikayətlər daxil olur ki, dağlıq hissənin erməniləri yay vaxtı bilərəkdən suyu başqa səmtlərə yönəltmişlər və nəticədə müsəlmanların əkin sahələri sudan məhrum olmuş və onları məhsulsuzluq təhlükəsi gözləyir.26

Gəncə qubernatorunun bu məktubuna cavab olaraq daxili işlər nazirliyi dəftərxanası rəisi Ü.Ağasıbəyov özünün 1919-cu il 3 dekabr tarixli 1229 №-li məktubu ilə bildirirdi ki, sizin bu il 11 sentyabr tarixli 12601 №-li məktubunuzda qaldırdığınız məsələ barədə Qarabağ general-qubernatoruna sorğu göndərilmiş, lakin bu günə qədər qubernatordan cavab alınmamışdır.

Dəftərxana elə həmin gün Şuşa, Cəbrayıl Cavanşir və Zəngəzur qəzaları müvəqqəti general-qubernatoruna da eyni məzmunda məktub göndərilərək bu məsələ ilə bağlı tezliklə cavab verməsi xahiş olunurdu.27

1919-cu il noyabr ayının 1-də Gəncə qubernatoru X.Rəfibəyov Gəncə qəza rəisinə göndərdiyi məktubla Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzur qəzaları ərazisində müvəqqəti general-qubernatorluq yaratmaq haqqında Azərbaycan Cümhuriyyəti hökumətinin 1919-cu il 15 yanvar tarixli qərarının və müvəqqəti general-qubernatorunun 1919-cu il 21 oktyabr tarixli 7135 №-li məktubunun surətlərini göndərərək təklif edirdi ki, Erkeç, Yuxarı Ağcakənd və Qaraçinar kənd icmalarına elan edin ki, özlərinin bütün işləri barədə onlar Cavanşir qəzasının deyil Gəncə qəzasın