Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-04-06 03:22:23
Baxış sayı : 2470

ERMƏNİLƏRİN ƏRAZİ İDDİALARI NECƏ YARANMIŞDIR?

(SƏNƏDLƏRİN İZİ İLƏ)

Hələ erkən orta əsrlərdə öz dövlətçiliklərini tamamilə itirərək bütün dünyaya dağılmış ermənilər o vaxtdan başlayaraq min beş yüz ilə yaxın bir dövrdə zaman-zaman öz dövlətçiliklərini bərpa etməyə cəhd göstərsələr də heç bir müvəffəqiyyət əldə edə bilməmişlər. Yalnız XX əsrdə birinci dünya müharibəsi, keçmiş Çar Rusiyasının süqutu və onun yerində yeni Sovet imperiyasının yaranması ermənilər üçün belə bir əlverişli şans yaratdı. 

XVIII əsrdən Qafqazı, o cümlədən Güney Qafqazı ələ keçirmək üçün geniş hərbi fəaliyyəti başlayan Çar Rusiyası artıq XIX əsrin birinci yarısında öz istəklərinə tamamilə nail ola bildi. Çar Rusiyası ilə İran arasında gedən müharibələr nəticəsində bağlanan 1813-cü il 12 oktyabr tarixli Gülüstan və 1828-ci il 10 fevral tarixli Türkmənçay müqavilələri nəticəsində Güney Qafqaz tamamilə Rusiyanın əlinə keçdi. 

Ermənilərin Güney Qafqazda çoxalması və möhkəmlənməsinin əsas səbəbi rus çarizminin bu ərazidə yeritdiyi xristianlaşdırmaq siyasətinin nəticəsi idi. Rus çarizminin bu siyasətindən bəhs edən P.İ.Şavrov özünün «Güney Qafqazda rus işinin yeni təhlükəsi» adlı kitabında yazırdı: «Biz Güney Qafqazda müstəmləkəçilik fəaliyyətimizi oraya rusları köçürməklə deyil, başqa dindən olanları köçürməklə başladıq… 1826-1828-ci illərdə iki il davam etmiş müharibə qurtardıqdan sonra 1828-1830-cu illərə kimi Güney Qafqaza İrandan 40 mindən yuxarı, Türkiyədən isə 84600 nəfər köçürdük və onları Yelizavetpol (keçmiş Gəncə – A.P.) və İrəvan quberniyalarının erməni əhalisinin çox cüzi olduğu ən yaxşı dövlət torpaqlarında yerləşdirdik». 1

N.İ.Şavrov sonra qeyd edirdi ki, erməniləri yerləşdirmək üçün 200 min desyatindən çox dövlət torpaqları ayrılmış, habelə müsəlmanlardan 2 milyon manatdan yuxarı xüsusi torpaqlar da pulla alınaraq ermənilərə paylanmışdır. 

N.İ.Şavrovun yazdığından da göründüyü kimi gəlmə ermənilər keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisi ilə yanaşı həm də Yelizavetpol quberniyasında Qarabağ və Zəngəzurun dağlıq bölgəsində və Göyçə gölünün sahillərindəki səfalı yaylaqlarda yerləşdirilmişlər. N.İ.Şavrov yazırdı ki, rəsmi köçürülmüş 124 min nəfər erməni ilə yanaşı 10 minlərlə erməni ailələri də qeyri-rəsmi surətdə Güney Qafqaza axışmışlar. O, qeyd edirdi ki, «XX əsrin əvvəllərində Güney Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali olmayıb Rusiya hakimiyyət orqanları tərəfindən buraya köçürülənlərdi». 2 

Güney Qafqazda Rusiyanın köməyi ilə ermənilər özlərinə yer elədikcə əl-qol açmağa, dünən qabaqlarında müti qul kimi dayandıqları qonşularına qarşı ərazi iddialarına başladılar. Onlar Türkiyənin Şərq əyalətlərində və Güney Qafqazın azərbaycanlılar yaşadığı torpaqlarda özlərinin sərsəm «Böyük Ermənistan!» yaratmaq xülyalarını reallığa çevirmək yoluna qədəm qoydular. 

Qərbi Avropa ölkələri və Rusiyadakı inqilabi yüksəlişlərin təsiri altında ermənilər də artıq XIX əsrin 80-90-cı illərində siyasi cəhətdən təşkilatlanmağa başlayırlar. 

Hələ 1887-ci ildə bir qrup erməni millətçisi Cenevrədə «Hnçak» («zəng») adlı partiya yaradırlar. 1890-cı ildə isə Tiflisdə «Daşnaksütyun» («İttifaq») adında qatı burjua-millətçi erməni faşist partiyası meydana gəlir. Bu partiyaların XIX əsrin axırlarından başlayaraq başqa millətlərə xüsusilə türk soyundan olan millətlərə qarşı törətdikləri qanlı cinayətlər öz coğrafi əhatəsinə və qəddarlıq dərəcələrinə görə tarixdə bu qəbildən olan hadisələr sırasında xüsusi yer tutur. Erməni millətçi partiyalarının, xüsusilə «Daşnaksütyun» partiyasının terror və təxribat xarakterli əməlləri bütün Güney Qafqazı, Osmanlı imperiyasının Anadolu və Avropa hissəsini, İranın Azərbaycan türklərinin yaşadığı əraziləri əhatə edirdi. 

1909-cu il aprel ayının 15-də «Daşnaksütyun» partiyasının fəaliyyəti ilə əlaqədar Qafqaz canişini dəftərxanasından Bakı şəhər rəisinin adına göndərilmiş mə’lumatda bu qatı millətçi qrup haqqında ətraflı məlumat verilirdi. Orada deyilirdi ki, «Daşnaksütyun» «Azad böyük Ermənistanı» bərpa etmək məqsədi güdərək öz istəyinə çatmaq üçün əsas üsullardan biri kimi öz proqramında ümumi silahlı üsyan və özünün nizami ordusunu yaratmaq yolunu seçib. «Daşnaksütyun» zinvorlardan (əsgərlərdən – A.P.) ibarət öz ordusunu yaratmaq işinin əsasını hələ 16 il bundan əvvəl, 1892-ci ildə özünün birinci qurultayı zamanı qoyub. Partiyanın vəsaiti hesabına bu orduya zinvorlar cəlb etmək və onları silahlandırmaq işi bu günə qədər də müntəzəm surətdə davam etdirilir».3 

Rusiya və Türkiyə ermənilərinin vahid, ümumi vətəni – «Böyük Ermənistan» yaradılması kimi sərsəm ideyalar mövqeyindən çıxış edən «Daşnaksütyun» səylə öz qüvvələrini erməni millətinin bütün zümrələri arasında millətçilik meyillərini qızışdırmağa, ermənilərdə başqa millətlər, xüsusilə türklərə qarşı düşmənçilik və nifrət hissi aşılamağa yönəldilmişdir. Bu işdə «Daşnaksütyun» partiyası ən iyrənc mübərizə və təbliğat üsullarından belə çəkinmirdi. 

Erməni millətçiləri XIX əsrin 90-cı illərinin axırlarında Türkiyənin Sasun və digər vilayətlərində fitnəkar çıxışlar təşkil edirlər. Rusiyanın Van və Ərzurumdakı baş konsulu V.Mayevskinin, erməni keşişi T.Geğemyansın və başqalarının verdikləri mə’lumatlara görə bu ərazilərdəki milli qırğınların təşəbbüskarları həmişə erməni millətçiləri, xüsusilədə Rusiyadan Türkiyəyə gedən ermənilər olmuşlar. Ən maraqlı fakt odur ki, həm V.Mayevski həm də T.Geğemyans ermənilər arasında millətçilik təbliğatının yayılmasında erməni ruhanilərinin və erməni kilsələrinin rolunu xüsusi vurğulamışlar. V.Mayevski yazırdı: «Onların (erməni keşişlərinin – A.P.) dini fəaliyyəti olduqca cüzidir. Lakin bunun əvəzində onlar həmişə millətçilik ideyalarını himayə etmək zəminində əlindən gələni əsirgəmədən səylə çalışırlar… Ermənilər arasında millətçilik ideyaları yüz illiklər ərzində bir-birindən uzaq, lakin saysız-hesabsız monastırların himayəsi altında olmuşdur». 4 

Maraqlıdır ki, Yelizavetpol qubernatoru A.Kalaçov 1907-ci il avqustun 9-da «Daşnaksütyun» partiyasının fəaliyyəti ilə bağlı Qafqaz Canişini qraf İ.Vorontsov-Daşkovun tapşırığı ilə hazırladığı geniş məlumatda 5 bu partiya, onun ermənilər arasında millətçilik təbliğatının əsas daşıyıcısı olması, sosial-demokratiya ideyalarına onun münasibəti, Qafqazda o cümlədən də Yelizavetpol quberniyasında «Daşnaksütyun» partiyasının özəkləri və onların fəaliyyəti ətraflı işıqlandırılmışdır. Onu da qeyd edək ki, Yelizavetpol qubernatorunun bu məlumatından həm Qafqaz canişini dəftərxanası xüsusi şöbəsində, həm də Rusiya daxili işlər nazirliyi polis deportamentində hazırlanmış arayış və oçerklərdə geniş istifadə edilmişdir. 6 

Yelizavetpol qubernatoru yazırdı: «Millətçilik erməni xalqının çox dərinlərdən gələn başlıca milli xüsusiyyətidir. Hər bir erməni özünü hamıdan - rusdan, gürcüdən, tatardan (azərbaycanlıdan – A.P.) yüksək, ağıllı, bic, xeyirxah və bacarıqlı hesab edir… Millətçilik, öz dininə, dilinə sədaqət, acgözlük, ehtiyatlılıq, hər şeyə qadir pula inam, var-dövlət və kapital qarşısında səcdanı kult dərəcəsinə qaldırmaq – bax budur erməni xislətinin başlıca xüsusiyyətləri». 7 

Yelizavetpol qubernatoru qeyd edirdi ki, buna görə də hər hansı bir təlim və təbliğatın ermənilər arasında müvəffəqiyyət qazanması üçün o ermənilərin yuxarıda göstərilən milli ruhuna söykənməlidir. Beləki 1903-cü il iyunun 12-də Eçmiədzin kilsəsinə məxsus əmlakın müsadirəsinə dair rus çarı tərəfindən qəbul edilmiş fərman daşnakların güclü millətçilik təbliğatı üçün göydəndüşmə bəhanə olur. Çar fərmanında «kilsə əmlakı və kapitalından» gələn gəlirin yalınız kilsənin ehtiyacları üçün istifadəsinə dövlətin nəzarət edəcəyinə dair qəti göstərişi uzun əsrlər boyu Eçmiədzin kilsəsinin bütün sərvəti və əmlakını istədikləri kimi istifadə etmiş erməni ruhaniləri tərəfindən qəzəb və hiddətlə qarşılanır. «Daşnaksütyun» bu narazılıqdan məharətlə istifadə edir. Yelizavetpol qubernatoru yazırdı ki, «Daşnaksütyun» sinfi mənsubiyyətindən asılı olmayaraq bütün erməni xalqını – kəndliləri, mülkədarları, sərmayədarları, fəhlələri, tələbələri, ruhaniləri və erməni millətindən olan dövlət qulluqçularını öz ətrafında birləşdirir. Bu illər Güney Qafqazda Rusiyaya və ruslara qarşı elə bir alçaq hərəkət yox idi ki, ermənilər onu alqışlamasınlar, Rusiyaya qarşı təbliğatda zəhmət və pul sərf etməsinlər. Hər cür avara, quldur, başkəsən, adam öldürən əgər Rusiyanın əleyhinə idisə o erməni varlısının imarətində, yoxsulunun isə kasıb komasında, monastırların küncündə ən əziz qonaq kimi qəbul edilirdi. 

1903-cü ildə Güney Qafqazda erməni zinvorları tərəfindən yüzlərlə cinayətlər törədilir. Onlar bir sıra ucqar bölgələrdə hakimiyyəti ələ keçirir, qatarları, dəmir və şosse yollarını, körpüləri partladır, yüksək rütbəli dövlət məmurlarını, polis və jandarm nümayəndələrini, nüfuzlu ictimai xadimləri, hətta jurnalistləri belə terror yolu ilə qətlə yetirirdilər. Bir-birinin ardınca general Əlixanov, qubernatorlar Nakaşidze, Andreyev, polkovniklər Bıkov, Saxarov və onlarla başqa hökumət mə’murları erməni terrorunun qurbanı olur. Yelizavetpol qubernatoru yazırdı ki, özü də bu qətillər «ağlagəlməz dərəcədə həyasızlıqla, izdihamlı və müxtəlif zümrədən olan erməni güruhunun gözləri qarşısında həyata keçirilirdi. Lakin onların arasında heç vaxt qatili ifşa edə biləcək bir nəfər də olsun belə şahid tapılmırdı».8 Nəticədə çox vaxt erməni mətbuatı özlərinin təşkil etdiyi bu sui-qəsd hərəkətlərinin günahını həyasızcasına azərbaycanlıların üzərinə atmağa çalışır, hadisə yerində zinvorların öldürülməsini isə daşnak təbliğatı «bədbəxt erməni millətinin növbəti faciəsi» kimi qələmə verir, göz yaşı axıdırdılar. 

Respublika Dövlət Tarix Arxivində ermənilərin təkcə azərbaycanlılara qarşı deyil həm də Güney Qafqazdakı çar hakimiyyət orqanlarına qarşı tətbiq etdiyi bu cür xəbis «mübarizə üsullarını» sübut edən çoxlu sənədlər qorunub saxlanılır. Onlardan yalnız birini 1905-ci ilin mayında Bakı polismeysterinə göndərilmiş və polismeyster tərəfindən isə Bakının müvəqqəti general-qubernatoruna istiqamətləndirilmiş intibahnaməni oxucuların nəzərinə çatdırmaq istərdik. Bu Erməni İnqilabi Federasiyasının Qafqaz Məsul Komitəsi tərəfindən mətbəə üsulu ilə çoxaldılaraq Güney Qafqazda olan inzibati-idarə işçiləri arasında vahimə yaratmaq üçün yayılmış intibahnamədir. Orada deyilirdi: «Erməni İnqilabi Federasiyası bununla bütün qorodovoylara, strajniklərə, məhəllə nəzarətçilərinə, sahə pristavlarına, qəza rəislərinə, polismeysterlərə, jandarm və axtarış polisinə və yuxarıların əmrlərini yerinə yetirən bütün başqalarına elan edir ki, bundan sonra Güney Qafqazda hər hansı erməni əhalisindən silahları almaq məqsədilə axtarışlar aparmağa və həbs etməyə təşəbbüs göstərsələr amansızlıqla və rəhimsizcəsinə məhv ediləcəklər. Qoy onların hər biri bu cür hərəkət etməzdən əvvəl Bakı qubernatoru Nakaşidzeni, Yelizavetpol vitse-qubernatoru Andreyevi, qəza rəisləri – Boquslavskini, Şmerlinqi, Naşşanskini, Pavlovu, polismeyster Saxarovu, pristavlar – Cavaxovu, Şumakeviçi, məhəllə nəzərətçisi – Ter-Saakovu, qorodovoy Sergeyevi, dalandar Şeqonu və çoxlu-çoxlu başqalarını yada salsınlar. Rəisdən 25 rubl mükafat, yaxud inqilabçıdan güllə – baxın nəyin arasında seçim etməlisiniz. Canişin zərərçəkənlərin ailələrini təmin etməyə söz verir. Bu bizim üçün daha yaxşı, çünki günahı olmayan ailəni köməksiz qoymaq haqqında fikir inqilabçının əlinin əsməsinə səbəb ola bilərdi – indi bu maniədə aradan qalxmışdır». 9 

Bu intibahnamə bir daha sübut edir ki, ermənilər öz məqsədlərinə çatmaq üçün necə çirkin əməllərə, qəddar üsullara əl atırlar. Onlar dünya mətbuatında törətdikləri rəzalətləri başqalarının üzərinə atmağa çalışsalar da buraxdıqları bu cür intibahnamələrlə bir daha özlərinin əsil erməni sifətlərini göstərmişlər. Bu intibahnamə hələ XX əsrin əvvəllərindən ermənilərin terror yolunu tutduğunu, bu gün törətdikləri terror hərəkətlərinin təsadüfi olmadığını sübut edir. Onu sübut edir ki, bəlkə də dünya tarixində «Daşnaksütyun» yeganə partiyadır ki, yarandığı ilk gündən öz nizamnaməsində terroru siyasi mübarizə metodu səviyyəsinə qaldırmış, terrordan gen-bol istifadə etmişdir. 

Bu illər erməni millətindən olan çar məmurları yalnız çox böyük təziqlər altında öz vəzifələrini yerinə yetirirdilər. Ermənilər Rusiya hökumət adamları və idarələrinə hər hansı şikayət və xahişlə müraciətdən demək olar tamamilə imtina etmişdilər. Ermənilərə aid bütün məsələlərin həlli danışıqsız olaraq «Daşnaksütyun» partiyasının nümayəndələri tərəfindən həyata keçirilir və həmin partiyanın kassasına varlıların minlərlə manatı, yoxsulların isə qəpik-quruşu sel kimi axırdı. 

Yelizavetpol qubernatoru yazırdı ki, çar hökumətinin gördüyü bir sıra tədbirlər nəticəsində erməniləri inandıra bilir ki, hökumət heç də erməniləri pravoslav kilsəsinə itaət etməyə, öz dillərini unutdurmağa məcbur etmək istəmir. Vəziyyət getdikcə sabitləşir. Hökumət nümayəndələrinə qarşı sui-qəsd halları səngiyir, «Daşnaksütyun» partiyasının xəzinələrinə pullar artıq könüllü surətdə verilmir, güclə yığılmağa başlanır. «Daşnaksütyun» nümayəndələri cəmiyyətdə əvvəlki kimi rəğbətlə qarşılanmır, partiyanın vəziyyəti ağırlaşır, partiyanın xəzinəsinə pul vəsaiti əvvəlki kimi yığılmır. «Zaqafqaziya hüdudlarında əsasən Türkiyədən qaçmış ermənilərdən və yerli başkəsənlərdən ibarət əlindən adam öldürmək və zor işlətməkdən başqa heç bir iş gəlməyən, lakin partiya hesabına yüksək maaş alan (ən aşağı rütbəli zinvorlar ildə 300 rubl) yüz min nəfərlik zinvorlar ordusunun saxlamaq işi çətinləşir». 10 

«Daşnaksütyun» bu vəziyyətdən çıxmaq üçün yollar axtarır. Rusiyada inqilabi hərəkatın yüksəlməsi ilə əlaqədar sosial-demokratların nüfuzunun artığını görən «Daşnaksütyun» bu şəraitdən məharətlə istifadə edərək onlarla yaxınlaşır. Ermənilər arasında sosial-demokratiya ideyalarını yaymaqla «Daşnaksütyun» öz nüfuzunu qoruyub saxlamağa çalışır. 

«Daşnaksütyun»un bu işdəki ikiüzlü siyasətini çox gözəl anlayan Yelizavetpol qubernatoru yazırdı ki, hər bir erməni ilk əvvəl özünün milli ideologiyasına, sonra isə hər hansı partiyanın ideologiyasına xidmət edə bilər. Sosial-demokratlara qoşulmaqla ermənilər bu partiyanın millətlərin deyil siniflərin bərabərliyi ideologiyasına xəyanət etmiş olurlar. O, yazırdı: «Millətçilik – erməni üçün elə başlıca xüsusiyyətdir ki, hətta qısa bir müddətə də olsa onların bundan imtina edə biləcəklərini təsəvvürə belə gətirmək mümkün deyil… Ermənini inandırmaq ki, tatar (azərbaycanlı – A.P.) proletarı ona ideyaca daha yaxındır, nəinki istismarıçı erməni burjua nümayəndəsi, sadəcə olaraq ağlasığmazdır». 11 

«Daşnaksütyun» təşkilatının fəaliyyəti haqqında 1909-cu il aprelin 15-də Qafqaz canişini dəftərxanası tərəfindən Bakı şəhər rəisinə göndərilmiş digər məlumatda bildirilirdi ki, Rusiyada inqilabi hərəkatın tezliklə yatırılması nəticəsində ermənilərin «Böyük Ermənistanın» bərpası niyyətləri baş tutmadı. Belə olduqda onlar Güney Qafqaziyada azərbaycanlılara qarşı geniş təbliğat kompaniyasına başladılar. 1905-ci ilin fevralında Bakıda ermənilər tərəfindən qızışdırılan erməni-azərbaycanlı münaqişəsi tezliklə bütün Güney Qafqazı bürüdü və erməni-azərbaycanlı qırğınına çevrildi. Bu Güney Qafqaziyada rus istilasından sonra ermənilər tərəfindən törədilmiş ilk iri miqyaslı açıq erməni-azərbaycanlı qırğını idi. Özləri tərəfindən törədilməsinə baxmayaraq «Daşnaksütyun» başda olmaqla Güney Qafqazdakı erməni mətbuatı azərbaycanlılara qarşı geniş təbliğat kompaniyasına başlayır və azərbaycanlıların ünvanına tarixdə eşidilməmiş böhtanlar yağdırır. Guya ki, Türkiyənin təhriki, panislamizm və pantürkizm ideyaları ilə silahlanmış azərbaycanlılar çalışırlar ki, atəş və qılıncla bütün xristian erməniləri yaxıb-yıxsınlar və yer üzərindən tamamilə silsinlər. Erməni mətbuatı artıq bu gün bizə yaxşı tanış olan və ermənilərə məxsus bütün iyrənc üsullara əl atır. Onlar rus və qərb mətbuatında azərbaycanlıların erməni qadın və uşaqlarının kütləvi şəkildə qırmaları, erməni kilsələrini təhqir etmələri və s. barədə saysız-hesabsız yazılar dərc etdirirdilər. Nəticədə zinvor dəsətələrini saxlamaq, onlara yeni silahlar almaq üçün yenidən qızıl və pul «Daşnaksütyun» partiyasının xəzinəsinə sel kimi axmağa başlayır. «Daşnaksütyun» yenidən qol-qanad açır, zinvorlar yenə də hər bir erməni ailəsinin əziz qonağına çevrilirlər. Lakin bu qırğının başlanmasından bir il keçəndən sonra erməni xalqı «Daşnaksütyun» partiyasının bu avantürasının mənasızlığını da dərk edir və daşnak liderlərindən üz döndərilir. 12 

Erməni-azərbaycanlı qırğını ilə əlaqədar Qafqaz Canişini dəftərxanası xüsusi şöbəsində hazırlanmış məlumatda deyilirdi ki, bu qırğından ermənilər hər halda öz xeyirlərinə müəyyən qədər istifadə edə bildilər. Beləki onlar Güney Qafqaziyada ermənilərlə-azərbaycanlılar yaşayan torpaqlar arasında müəyyən qədər sərhədlər - bufer zonalar yarada bildilər və çox vaxt öz torpaqlarını azərbaycanlıların torpaqları hesabına genişləndirdilər. Münaqişə nəticəsində azərbaycanlıların boşaltdıqları torpaqlarda isə Türkiyədən və qismən də İrandan gələn erməniləri yerləşdirirdilər. 13 

Rusiya Xarici İşlər Nazirliyi polis deportamentinin məlumatında isə göstərilirdi ki, Yelizavetpol, İrəvan quberniyaları və Qars vilayətində müsəlmanların qaçaraq canlarını qurtarması nəticəsində boşaltdıqları torpaqlarda 5-6 il ərzində Türkiyədən və qismən isə İrandan gəlmiş yarım milyona yaxın erməni yerləşdirilmişdir ki, onlardan da 200 mindən yuxarısı artıq Rusiya təbəəliyini qəbul etmişdir. 14 

Yuxarıda göstərildiyi kimi erməni-azərbaycanlı qırğını dayandırıldıqdan sonra yenidən ermənilərin «Daşnaksütyun» partiyasına münasibəti dəyişir və partiya xəzinəsinə pul axını yenə də dayanır. Partiya yenə də yüz minlik ordusunu maaşla təmin edə bilmir. Maaşsız qalan və əllərindən quldurluq, baş kəsmək və adam öldürməkdən başqa bir iş gəlməyən daşnaksütyun zinvorları pozqunlaşır, ayrı-ayrı quldur dəstələri təşkil edirlər. Onlar «Daşnaksütyun» bayrağı altında quldurluq və soyğunçuluqla məşğul olmağa başlayırlar. Hətta iş o yerə çatır ki, onlar öz ermənilərini belə soymağa başlayırlar. Nəticədə ermənilər «Daşnaksütyun»dan üz döndərməyə başlayırlar. Zinvorların bu hərəkətləri nəticəsində özlərinin ermənilər arasında tamamilə nüfuzlarını itirə biləcəklərindən qorxuya düşən «Daşnaksütyun» rəhbərliyi özü soyğunçu zinvorları təqib etməyə başlayır. Daşnak rəhbərləri həm də qorxurdular ki, zinvorların bu hərəkətitndən narazı qalan Rusiya hökuməti təkcə erməni zinvorlarına qarşı deyil eləcə də bütün ermənilərə qarşı repressiya siyasəti tətbiq etsin. Ona görə də «Daşnaksütyun» özünün 1907-ci ildə keçirdiyi qurultayda Rusiya hökumətinə qarşı qəbul etdiyi hücum taktikasından əl çəkir, soyğunçu zinvorların təqibində Rusiya hökumətinə köməklik göstərməyə başlayır. Onlar «Daşnaksütyun» bayrağına sadiq qalan zinvorlardan ibarət partiyanın xüsusi «yaşıl qvardiyalar»ını yaradaraq onlardan quldurluq və soyğunçuluqla məşğul olan silahlı zinvor dəstələrini zərərsizləşdirmək üçün istifadə edirlər. Öz nüfuzlarını qaldırmaq üçün «Daşnaksütyun» partiyası 1907-ci ildə keçirdiyi IV qurultayında qəbul etdiyi partiyanın yeni proqramına əsasən «vahimə təşkilatları» («Orqanizaüii ustraşeniə») yaradırlar. Qurultayın qərarlarına tabe olmaqdan imtina edən zinvorların hərbi diktatura rəhbərlərinə, rəislərinə və sıravi zinvorlarına qarşı amansız terror elan edilir və onlar üçün ölüm hökmü çıxarılır və yerindəcə icra edilirdi. Bununla yanaşı partiyanın yerli təşkilatlarına da əmr verilmişdir ki, quldur və talançılıqla məşğul olan zinvorları tutaraq onlara aman vermədən üzərlərində məhkəmə qurub məhv etsinlər. 1907-ci il boyu partiyanın qərarı ilə bütün erməni zinvorlarından ibarət çoxlu qiyamçı quldur dəstələri məhv edilir. Qiyam yatırılır. 1909-cu ilin aprelində canişin dəftərxanasından verilmiş məlumatda göstərilirdi ki, «Daşnaksütyun» partiyası tərəfindən zinvorlardan ibarət qaçaq və quldurlar indiyə qədər də tutulduqca məhv edilirlər. 15

Ancaq bu o demək deyildir ki, «Daşnaksütyun» öz çirkin əməllərindən və «Böyük Ermənistan!» yaratmaq ideyasından əl çəkmişdir. «Daşnaksütyun» öz ordusunu yenidən qurur və daşnak ideologiyasına sadiq qalmış zinvorları ora cəlb edirdi. Onlar öz hərəkətlərinin istsqamətini əsasən Türkiyəyə xüsusilə Anadolunun Şərq əyalətlərində iğtişaşlar törətməyə yönəldirlər. Bunun üçün onlar hərbi məktəblər təşkil edirlər. 

Bolqarıstanda təşkil edilmiş erməni hərbi məktəbinin 1907-ci ildə ilk buraxılışı olur. Oranı 53 daşnak zabiti bitirir. Amerikanın hərbi məktəblərində də «Daşnaksütyun» orduları üçün zabitlər hazırlanırdı. 16 Onlar bütün qüvvələrini yeni döyüşlərə hazırlayırdılar. Bütün imkanlardan istifadə edərək Qafqazda azərbaycanlıları zəiflətməyə, onlara qarşı daşnak siyasətinə məxsus yaramazlıqlar törətməyə çalışırdılar. Beləki 1913-cü il oktyabrın 15-də Cenevrədə keçirilən «Daşnaksütyun» partiyasının növbəti qurultayında, partiyanın Şərq bürosunun müvəkkili Berlin sakini Avetis Aqaronyanın təklifi ilə qəbul edilmiş bir qərarda deyilirdi ki, «Panislamist emissarları adı altında Qafqaza öz adamlarımızı göndərməliyik. Həmin adamlar təbliğat yolu ilə müsəlman əhalisi arasında Rusiyaya qarşı narazılıqlar yaratsın və onları üsyana təhrik etsin. Bunun nəticəsində Rusiya hökuməti onlara qarşı repressiya tətbiq edər və müsəlman kütlələri zəifləyər. Belə olarsa «Daşnaksütyun» Qafqazda özünün gələcək fəaliyyətində müsəlmanların müqaviməti ilə rastlaşmayacaq. Digər tərəfdən ermənilərə qarşı Qafqaz müsəlmanları ilə Anadolu türklərinin birgə fəaliyyət göstərməsi təhlükəsi aradan qalxar». 17 

Yuxarıda gətirilən çoxlu faktlardan məlum olur ki, Rusiya xəfiyyə orqanlarının «Daşnaksütyun» partiyasının proqramında Rusiyaya, habelə Güney Qafqazdakı müsəlmanlara, xüsusilə azərbaycanlılara qarşı məkrli siyasətlərindən çox yaxşı xəbərdar idi. Elə isə onlar ermənilərə qarşı nəyə görə ciddi cəza tədbirləri görmürdülər? İlk növbədə ona görə ki, Türkiyəyə qarşı işğalçılıq siyasəti yeridən Rusiya ermənilərindən istənilən vaxt və istədikləri kimi istifadə edə bilərdilər. Buna görə də Rusiya hökuməti ermənilərin tək azərbaycanlılara qarşı deyil habelə çar hakimiyyətinin özünə qarşı yönəldilmiş düşmənçilik hərəkətlərini görməməzliyə vurur, onların bütün şıltaqlıqlarına dözürdü. Birinci dünya müharibəsi zamanı Qafqaz cəbhəsində Türkiyə ilə Rusiya ordusu arasında vuruş zamanı rus ordusu sıralarında xidmət edən ermənilərin törətdikləri vəhşiliklər bunu bir daha sübut etdi. Maraqlıdır ki, ermənilərin bütün bu «xidmətlərinə» baxmayaraq birinci dünya müharibəsi və 1917-ci il oktyabr çevrilişənə qədər həm Qərb ölkələri və həm də Rusiya onlardan həmişə istifadə etmiş, lakin son anda onların əsas istəklərini, yəni «Vahid Ermənistan!» yaratmaq ideyasını həyata keçirilmələrinə imkan verməmişlər. Yalnız 1918-ci ildə yaranmış Ararat Respublikası və 1920-ci ilin noyabrında Ermənistanda Sovet hakimiyyətinin qələbəsindən məharətlə istifadə edən ermənilər əsrlər boyu arzusunda olduqları Ermənistan dövləti yaratmaq ideyalarını reallaşdıra bildilər. Bundan sonra Sovet hakimiyyətinin onlara qarşı isti münasibətindən ruhlanan ermənilər Azərbaycan torpaqları hesabına açıq və gizli şəkildə öz ərazilərini getdikcə genişləndirmişlər. 1988-ci ilin sonlarından isə avantürist M.Qorbaçovun «yenidənqurma» siyasətindən istifadə edən ermənilər ölkəmizə qarşı ərazi iddiası ilə açıq təcavüzkar işğalçılıq siyasətinə başladılar. Nəticədə onlar öz havadarlarının köməyi ilə ərazimizin 20 faizindən çoxunu işğal etmiş, 1 milyondan yuxarı soydaşımızı öz yurdunda qaçqına çevirmişlər.

 

ATAXAN PAŞAYEV



1 N.İ.Şavrov. «Güney Qafqazda rus işinin yeni təhlükəsi», səh. 59.
2 N.İ.Şavrov, göstərilən əsəri, səh. 60-61.
3 ARDTA: f. 524, siy. 1, iş 57, vər. 7.
4 Rusiyanın Van və Ərzurumdakı baş konsulu V.Mayevskinin xatirələri. Bakı, 1994-cü il, səh. 11.
5 RFDTA: f. 841, siy. 7, iş 290, vər 38-49.
6 ARDTA: f. 524, siy. 1, iş 57, vər. 3-9; «Дашнаки (из материалов депортамента полиции)», Bakı, 1990-cı il.
7 RFDTA: f. 841, siy. 7, iş 290, vər. 238.
8 Yenə orada, vər. 38.
9 ARDTA: f. 484 siy. 3, iş 4, vər. 209.
10 RFDTA: f. 841, siy. 7, iş 290, vər. 39.
11 Yenə orada, vər. 41.
12 Yenə orada, vər. 40.
13 ARDTA: f. 524, siy. 1, iş 57, vər. 3.
14 «Дашнаки», Bakı, 1990-cı il, səh. 11.
15 ARDTA: f. 524, siy. 1, iş 57, vər. 8.
16 «Дашнаки», Bakı, 1990-cı il, səh. 20.
17 ARDTA: f. 524, siy. 1, iş 58, vər. 2.