Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib

Tədbirdə İdarənin mərkəzi aparatının, o cümlədən dövlət arxiv xidməti təşkilatlarının rəhbər şəxsləri iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr – Zəfər Günü kimi qeyd edilir.

Əsgər Rəsulov vurğuladı ki, xalqımız müasir dövlətçilik tariximizin ən qürurverici hadisəsi olan, Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərin altıncı ildönümünü torpaqlarımızın işğaldan azad olunmasının və əzəli yurd yerlərinə əbədi qayıdışın sevincini və qürurunu yaşayaraq qeyd edir.

Əsgər Rəsulov bildirdi ki, tarixi Qələbə asanlıqla qazanılmayıb, möhtəşəm Zəfərə gedən yol çətin və keşməkeşli olub. SSRİ-nin mövcudluğunun son illərindən özünü daha geniş şəkildə büruzə verən erməni separatizminə yönəlmiş meyllər və ona havadarlıq etmiş sovet rəhbərliyinin siyasəti nəticəsində müstəqilliyin ilk illərində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olundu, 1 milyondan çox vətəndaşımız məcburi köçkün düşdü. Qərbi Azərbaycanda, indiki Ermənistan Respublikasında yaşayan minlərlə soydaşımız yenidən deportasiyaya məruz qaldı.

Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə işğal altında olan torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində məqsədyönlü addımlar atıldı, Zəfərimizin təməli qoyuldu. İşğal olunmuş torpaqlarımız Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində azad olundu.

İdarə rəisi vurğuladı ki, Milli Arxiv İdarəsi və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatları və onların əməkdaşları da azad olunmuş torpaqlarımızın bərpasında yaxından iştirak edir. Dövlət arxiv xidməti təşkilatlarında daimi mühafizə edilən minlərlə arxiv sənədi bu istiqamətdə istifadə olunub.

 İdarə rəisinin müavini Həsən Həsənov çıxış edərək bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi müstəqillik illərində milli maraqlara əsaslanan qətiyyətli siyasətin məntiqi nəticəsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri, Zəfərimizin davamı, dövlətimizin qüdrətinin və xalqımıza bağlılığının növbəti təzahürüdür. Bir zamanlar dağıdılmış ərazilərdə yeni şəhərlər və kəndlər salınır, yollar, məktəblər, xəstəxanalar, sənaye və infrastruktur obyektləri inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır, həyat yenidən canlanır. Bu, yalnız fiziki bərpa deyil, həm də tarixi yaddaşın, milli kimliyin və mənəvi bağlılığın bərpasıdır.

Həsən Həsənov qeyd etdi ki, 8 Noyabr sadəcə hərbi Qələbənin ildönümü deyil, Azərbaycan xalqının onilliklər boyu qəlbində yaşatdığı ədalət arzusunun gerçəkləşdiyi, milli ləyaqətimizin bərpa olunduğu, dövlətimizin gücünün və xalqımızın yenilməz iradəsinin bütün dünyaya nümayiş etdirildiyi tarixi gündür.

 


Bugün: 751
Dünən: 838
Bu həftə: 1589
Son həftə: 5584
Bu Ay: 7906
Son Ay: 36091
Bu İl: 501216
Ümumi: 2195141
2195141