26 Oktyabr 2026 11:37 XƏBƏRLƏR Baxış sayı : 98
Müşavirədə Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, o cümlədən İdarənin və dövlət arxiv xidməti təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov müşavirəni açıq elan edərək bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqi yeni dövrün tələblərinə cavab verən strateji yol xəritəsidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra dövlət başçısı tərəfindən müəyyənləşdirilən prioritetlər ideoloji təhlükəsizliyin gücləndirilməsinə, sosial rifahın artırılmasına və dayanıqlı inkişafa hədəflənib.
YAP Milli Arxiv İdarəsi Ərazi Təşkilatının sədri Yeganə Cabbarlı VIII Qurultaydan irəli gələn vəzifələrin icrasına dair geniş məruzə ilə çıxış edib. Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurət olduğunu qeyd edən Y. Cabbarlı bildirib ki, tarixi Zəfərlə suverenliyini təmin edən ölkəmiz üçün dövlət başçısının müəyyən etdiyi yeni yol xəritəsi ideoloji təhlükəsizliyin qorunmasını və dayanıqlı inkişafı əsas məqsəd kimi qarşıya qoyur.
Qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm yer tutan hadisələrdən biri olduğu, partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi, təkcə görülmüş işlərin yekunlaşdırılması deyil, həm də Azərbaycanın növbəti illər üçün strateji inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxış edərək, YAP-ın VIII Qurultayının partiya həyatında, eləcə də ölkənin ictimai-siyasi inkişafında mühüm tarixi mərhələ olduğunu bildirib. Prezident İlham Əliyevin qurultaydakı nitqinin dövlətin gələcək inkişaf istiqamətlərini, iqtisadi, sosial və ideoloji sahələrdə qarşıda duran əsas vəzifələri aydın şəkildə müəyyənləşdirdiyini vurğulayıb. Dövlət başçısının irəli sürdüyü tapşırıq və tövsiyələrin hər bir partiya üzvü üçün fəaliyyət proqramı olduğunu deyən K. Qafarov bu vəzifələrin yerlərdə vaxtında və yüksək səviyyədə icrasının təmin olunmasının vacibliyini diqqətə çatdırıb. K. Qafarov əldə olunmuş nailiyyətlərin qorunub gələcək nəsillərə ötürülməsinin, milli-mənəvi dəyərlərin yaşadılmasının, ideoloji işin daha da gücləndirilməsinin zəruriliyini xüsusi qeyd edib. O, müasir qloballaşma və informasiya müharibəsi şəraitində gənclərin zərərli informasiya təsirlərindən qorunmasının, onların milli ruhda, Vətənə sevgi və dövlətə sədaqət ruhunda yetişdirilməsinin hər birimizin ümumi məsuliyyəti olduğunu bildirib.
YAP Binəqədi Rayon Ərazi Təşkilatının sədri Vüsar İsmayılov çıxışında milli-mənəvi dəyərlərin qorunmasının cəmiyyətin sabitliyi və birliyi üçün həlledici rol oynadığını söyləyib. O, gənclərin milli-mənəvi ruhda tərbiyəsinin vacibliyini, yad ideoloji təsirlər ilə mübarizədə onların daha qabarıq formada önə çıxdığını bildirib. Sözügedən yad ideoloji təsirlərin ölkəmizin inkişafına mənfi təsir etdiyini bildirən V.İsmayılov müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsal savadlılığının artırılmasının, internet məkanında təhlükəsiz davranış qaydalarına əməl edilməsi, yalan, zərərli məlumatları ayırd edə bilmə bacarığının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Müşavirənin sonunda Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov informasiya məkanında yayılan zərərli ideoloji təsirlərə qarşı maarifləndirmə işinin gücləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasını və bu prosesdə cəmiyyətin fəal iştirakının əhəmiyyətini xüsusi vurğulayıb.
| Bugün: | 476 |
| Dünən: | 782 |
| Bu həftə: | 1258 |
| Son həftə: | 5681 |
| Bu Ay: | 32393 |
| Son Ay: | 43519 |
| Bu İl: | 489612 |
| Ümumi: | 2183537 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az