Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xatirələrdə yaşayacaq arxiv fədaisi - Şahsuvar Qaraş oğlu Haşımov

 

          Azərbaycan Respublikasının arxiv ictimaiyyətinə böyük itki üz vermişdir. Şərəfli ömrünün 60 ilini ölkəmizdə arxiv işinin inkişafı və təkmilləşdirilməsinə sərf etmiş veteran arxivçi, Əməkdar mədəniyyət işçisi, Dövlət Elm və Texnika Sənədləri Arxivinin sabiq direktoru Şahsuvar Qaraş oğlu Haşımov ömrünün 85-ci ilində haqq dünyasına qovuşmuşdur.

          Şahsuvar Qaraş oğlu Haşımov 1936-ci ildə Qubadlı rayonunun Əyin kəndində kəndli ailəsində dünyaya göz açmış, həmin rayonun Çardaqlı kəndində 7 illik təhsil aldıqdan sonra  Qubadlı qəsəbəsində orta məktəbi bitirmişdir. O, 1955-ci ildə  Bakı Dövlət Univerisitetinin (keçmiş –S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 1960-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Təhsil aldığı illərdə Universitetin ictimai işlərində fəal iştirak edən Ş.Haşımov tələbə-gənclər təşkilatının üzvü, fakültə qəzetinin redaktoru olmuşdur. Onun təşkilatçılıq fəaliyyəti, bacarığı və elmə olan marağnı nəzərə alan Universitet rəhbərliyi, Şahsuvar müəllimi təhsil aldığı elm ocağında işləmək üçün saxlamışdır.

       Ş. Haşımov 1960-1962-ci illərdə Univerisitetin qiyabi şöbəsində katib  vəzifəsində işləmiş, eyni zamanda həmin dövrdə fəaliyyət göstərən V.İ.Lenin adına Mərkəzi Muzeyin Bakı filialında elmi işçi kimi çalışmış, muzey işinin təbliği istiqamətində məzmunlu məruzələri ilə müxtəlif auditoriyalarda çıxışlar etmişdir.

       Ş.Haşımov 1962-ci ildən öz həyatını arxiv işinə bağlamışdır. O,1962-ci ildən Azərbaycan SSR Nazirlər Söveti yanında Arxiv İdarəsində  Rayon (şəhər) dövlət arxivlərinə nəzarət şöbəsində baş inspektor, daha sonra İdarənin Təşkilat-metodika şöbəsində baş metodist kimi əmək fəaliyyətini davam etdirmişdir. Ş. Haşımov bu vəzifələrdə çalışarkən nəzarətində olan rayon (şəhər) dövlət arxivlərində uzun müddət dağınıq halda saxlanılan sənədlərin texniki baxımdan işlənilməsində, tərkibi pərakəndə halında olan  arxivlərin sənədlərinin istifadə üçün yararlı hala salınmasında, dövlət arxivlərinin elmi-metodiki bazasının, uçot-qeydiyyatı sənədlərinin, elmi-məlumat aparatının yaradılması və təkmilləşdirilməsində, rayon dövlət arxivlərinin daxili təchizatının möhkəmləndirilməsində, tanınmış şəxslərə məxsus arxiv fondlarının (sənədlərinin) toplanılmasında xüsusi əmək sərf etmiş, xalqımızın milli sərvəti olan arxivlərin və arxiv sənədlərinin qorunması, toplanması işinin təşkilində xüsusi əməyi ilə seçilmişdir. Çalışdığı sahəyə böyük marağı olan Ş. Haşımov peşə biliyinin və ixtisasının artırılması  məqsədilə Moskva şəhərində fəaliyyət göstərən İttifaq tabeli Elm və Texnika Komitəsində, SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsində təşkil olunan kurslarda təhsil almaqla, həm də  SSRİ miqyasında peşəkar arxivçi kimi tanınmışdır. Onun təklifləri bir çox hallarda İttifaq səviyyəsində arxiv işi üzrə elmi-metodiki vəsaitlərin hazırlanmasında  nəzərə alınmış və işdə tətbiq edilmişdir.  Xüsusilə elm və texnika sənədlərinin elmi-tarixi əhəmiyyətini nəzərə alaraq onların arxivləşdirilməsi metodikası barədə təklifləri İttifaq miqyasında müzakirələrdən sonra bəyənilmiş və praktik olaraq digər İttifaq respublikalarında tətbiqinə razılıq verilmişdir.

       Azərbaycanın elm və sənaye müəssisələrində zəngin elmi-texniki sənədlərin olması və bu sənədlərin arxivləşdirmə metodikasının işlənib hazırlanmasını nəzərə alan İttifaq Hökuməti Azərbaycanda elmi-texniki və tibb sənədləri arxivinin yaradılmasına razılıq  vermiş və ASSR Nazirlər Sovetinin 1969-cu il 24 iyul tarixli 338 nömrəli qərarı ilə Dövlət Elmi-Texniki və Tibbi Sənədləri Arxivi yaradılmışdır. Maraqlısı odur ki, elm-texnika sənədlərinin vahid bir məkanda toplanması, müəyyən olunmuş qaydada işlənilməsi və istifadəsi kimi cox mühüm vəzifələri həyata keçirmək məqsədilə yaradılan Azərbaycan Respublikası Dövlət Elmi - Texniki və Tibb Sənədləri Arxivi keçmiş SSRİ məkanında Rusiya və Belarusiyadan sonra üçüncü belə bir dövlət təşkilatı olmuşdur. Məhz 1969-cu ildə SSRİ kimi nəhəng bir ölkədə  Azərbaycanda belə bir arxivin yaradılmasına icazə verilməsi, ölkədə bunu zəruri edən sosial-iqtisadi amillərin və bu sahəni idarə edə biləcək mütəxəssislərin mövcudluğu ilə  izah oluna bilər. 

          S.Haşımovun arxiv işi sahəsində təşkilatçılıq və metodiki bacarığını nəzərə alan Baş Arxiv İdarəsinin rəhbərliyi onu 1969-cu ildə Respublika Hökumətinin müvafiq qərarı ilə yenicə təşkil olunmuş Dövlət Elmi – Texniki və Tibbi sənədləri arxivinin direktoru vəzifəsinə təyin etmiş və onun qarşısına qısa müddətdə  həlli tələb olunan mühüm vəzifələr qoyulmuşdu. Bildiyimiz kimi, Azərbaycan zəngin neft ölkəsi olmaqla bərabər,  həm də neft  hasilatı, emalı, neft maşınqayırması, geologiya  sahələrində xarici ölkələrin elmi təşkilatları ilə əməkdaşlıq edən  çoxsaylı elmi-tədqiqat müəssisələrinin mövcud olduğu respublika idi. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın neft sənayesində, tikinti, memarlıq, energetika, nəqliyyat, suvarma texnologiyası, tibb sahələridə aparılan işlər bu sahədə çalışan dünya şöhrətli alimlərimizin, mühəndislərimizin fəaliyyətində yaranmış qiymətli və nadir sənədlərin vahid bir məkanda cəmləşdirilməsini zəruri edirdi. SSRİ müqyasında peşəkar arxivçi kimi tanınan Şahsuvar Haşımovun başçılığı ilə fəaliyyətə başlayan arxivin kollektivi qısa müddətdə böyük işlərin öhdəsindən layiqincə gələ bildi və bugün həmin fədakar kollektivin əməyi nəticəsində ölkəmizdə elm-texnika sahəsində yaranan çox qiymətli və nadir sənədlərin toplandığı böyük bir xəzinə mövcuddur.  Sənəd tərkibi və iş metodikası mürəkkəb olan bu sənəd xəzinəsinin yaradılmasında və işinin müasir səviyyədə qurulmasında Ş.Haşımovun müstəsna əməyi olmuşdur. Ş. Haşımovun bilavasitə rəhbərliyi və təşkilatçılığı ilə arxivə toplanılan və elmi cəhətdən təsvir olunaraq qorunub saxlanılan bu sənədlər ölkəmizdə sənayenin ayrı-ayrı sahələrinin, xüsusilə neft hasilatı, neft maşınqayırma, neftayırma, neft kimya, energetika, nəqliyyat, su təsərrüfatı, tikinti və memarlıq, ərzaq sənayesi,   tibb sahəsinin inkişaf tarixinin öyrənilməsi üçün əvəzsiz tarixi mənbə,  fundamental elmlər üçün sanballı tədqiqat materialıdır. Ş. Haşımov bacarıqlı təşkilatçı, təcrübəli rəhbər kimi həm də gənc kadrların arxivçi kimi yetişməsində öz əməyini əsirgəməmiş, bu gün dövlət arxivlərimizdə, o cümlədən müxtəlif təşkilatların arxivlərində çalışan onlarla arxivçinin peşəkar mütəxəssis kimi yetişməsində onun böyük əməyi olmuşdur.

           Ş.Haşımov arxiv sahəsində çalışmaqla yanaşı həm də ictimai-siyası fəaliyyətlə məşğul olmuş, geniş ictimaiyyət arasında, elmi təşkilatlarda, idarə və müəssisələrdə çalışan əməkdaşlar arasında  dövlət siyasətinin təbliği və əhalinin maarifləndirilməsi işində yaxından iştirak etmişdir. O, 30 il müddətində Respublika “Bilik” Cəmiyyətində mühazirəçi qismində çalışmış, dərin məzmunlu elmi məruzələri ilə müxtəlif auditoriyalarda çıxışlar etmiş, arxiv işinin nəzəri və praktik əsaslarına dair çox saylı məqalələrin, metodiki tövsiyələrin müəllifi olmuşdur. Əhalinin maarifləndirilməsi işində, ictimai müzakirələrdə  fəal iştirak edən Ş. Haşımov Respublika “Bilik” Cəmiyyətinin çox saylı təltiflərinə, mükafatlarına layiq görülmüşdür.

             Şahsuvar Haşımovun əmək və ictimai fəaliyyəti daim dövlət orqanlarının  diqqət mərkəzində olmuşdur. O, 1968-ci,1981-ci illərdə ASSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları, 1986-cı ildə SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin “Arxiv işi əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

            Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 dekabr tarixli Sərəncamı ilə ona “Əməkdar mədəniyyət işcisi” fəxri adı verilmişdir.

            Həyatını xalqın mədəni dəyərlərinin tərkib hissəsi olan arxiv sənədlərinin toplanması, qorunması və istifadəsi işinə, gənc arxivçi kadrların yetişdirilməsinə sərf etmiş, veteran arxivçi Şahsuvar Qaraş oğlu Haşımovun xatirəsi  əbədi olaraq arxivçilərin qəlbində yaşayacaq, onun adı daim böyük ehtiramla yad ediləcəkdir.

            Allah rəhmət eləsin!

                                                Həsən Həsənov  

Azərbaycan Respublikası

Milli Arxiv İdarəsi rəisinin müavini

 

          

                                    


Bugün: 484
Dünən: 881
Bu həftə: 3077
Son həftə: 5867
Bu Ay: 18775
Son Ay: 20754
Bu İl: 84076
Ümumi: 1104497
1104497