Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Arxiv sənədlərində yaşayan tarix - Ceyhun Hacıbəyli

Son Yenilənmə : 2022-03-01 03:32:24
Baxış sayı : 1855

İyirmi üç aylıq cümhuriyyət hökümətinin yaddaşlara yazılmış ən önəmli  hadisələrindən biri də, Versal sülh konfransında Azərbaycanın dövlət müstəqilliyinin qalib dövlətlər tərəfindən de-fakto tanınması idi. Bu tarixi hadisə 11 yanvar 1920-ci ildə baş verdi. Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin sülh konfransında dövlət müstəqilliyinin tanınması görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin böyük zəhməti və gərgin əməyi sayəsində reallaşmışdı. Lakin düz üç aydan sonra bolşeviklər xalqların özmüqəddəratlarını təyinetmə haqlarını çeynəyərək şimaldan Bakıya daxil oldular və bu vaxtacan qazanılmış bütün nailiyyətlərin üzərindən xətt çəkdilər.

Ötən il anadan olmasının 130 illiyi tamam olmuş görkəmli ictimai xadim, istiqlalçı ziyalı Ceyhun Hacıbəylinin də həmin müqəddəs missiyanın gerçəkləşməsində böyük xidmətləri olmuşdur. Onun nümayəndə heyətində əsas vəzifəsi informasiya və təbliğat məsələləri ilə məşğul olmaq, eləcə də Fransa mətbuatı və ictimaiyyəti ilə əlaqələr yaratmaq idi. Vəzifəsinin öhdəsindən bacarıqla gələn Ceyhun bəy çox təəssüf ki, 1920-ci ilin baharında baş vermiş o məşum aprel hadisələrdən sonra bir daha doğma vətəninə dönmədən bütün həyatını Paris şəhəri ilə bağlamaq məcburiyyətində qaldı.

            Daima ürəyi vətən eşqi ilə döyünən Ceyhun Hacıbəyli mühacirətdə keçirdiyi 42 il ərzində fəaliyyətini əsas etibarilə, Azərbaycanın istiqlalı uğrunda ideoloji mübarizəyə həsr etdi. Parisdə vəfat etmiş və orada dəfn olunmuş istiqlal mücahidi ömrünün sonuna qədər öz məfkurəsi uğrunda savaşdı: qəzet və jurnal nəşr etdi, Fransa, Britaniya və Almaniya mətbuatında kəskin tənqidi yazılarla çıxış etdi, “Azadlıq” radiostansiyasının Azərbaycan redaksiyasının yaradılmasında və fəaliyyətində böyük köməkliklər göstərdi, Avropada olan Azərbaycan siyasi mühacirətinin təşkilatlanmasında böyük işlər gördü və sovet rejimi haqqında fransız dilində bədii və publisistik əsərlər qələmə aldı. Bura, 1925-ci ildə böyük qardaşı, dahi bəstəkar Üzeyir bəyin “Arşın mal alan” operettasını fransız dilinə tərcümə edərək Parisin “Femina” teatrında tamaşaya qoymasını da daxil etsək, deyə bilərik ki, Ceyhun Hacıbəylinin öz ölkəsinin tanıdılması üçün edə bilməyəcəyi elə bir nəsnə yox idi.

            Nəhayət, illər sonra Ceyhun Hacıbəylinin mübarizə dolu həyatını əks etdirən sənədlər doğma vətəninə gətirildi. Sənədlərin fondlaşdırılmasının kiçik bir tarixçəsi var. Bu işdə uzun müddət BMT-nin təhsil, elm və mədəniyyət üzrə katibliyində (UNESCO) çalışmış mərhum diplomat Ramiz Abutalıbovun böyük zəhmətini qeyd etməliyik. Məhz, onun səyləri nəticəsində Ceyhun bəyin şəxsi arxivinin bir hissəsi 1990-cı ilin payızında Bakıya gətirilərək Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə (indiki S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi) təhvil verildi. Fondun ilk siyahısı Ceyhun Hacıbəylinin anadan olmasının 100 illik yubileyinə təsadüf edirdi (1991). Bu hadisə Azərbaycan arxivçilərinin görkəmli ictimai xadimin doğum gününə ən böyük hədiyyəsi idi.

Sonrakı illərdə də yeni sənədlərin fonda cəlb olunması işi davam etdirildi. Hələ keçən əsrin 50-ci illərində amerikalı tarixçi Riçard Payps Ceyhun Hacıbəyli ilə Parisdə görüş zamanı onun şəxsi arxivinin qorunması üçün ABŞ-ın Harvard şəhərinə köçürülməsi barədə razılığa gəlmişdilər. Ceyhun bəyin vəfatından sonra onun şəxsi arxivindəki sənədlərin yarısı Harvard Universitetinin “Uidner” kitabxanasına köçürülmüş və təxminən qırx ilə yaxın burada işlənmədən saxlanılmışdır. 2000-ci ildə Massaçusets Universitetinin professoru Odri Almştadt həmin sənədlərin kserosurətlərini və eləcə də, görkəmli xadimin oğlu Timuçin Hacıbəyli əsasən məktublardan ibarət olan sənədləri daimi mühafizə üçün S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil vermişlər. Bu sənədlər əsasında daha iki fond siyahısı tərtib olunmuşdur. Tarix etibarilə, 1853-2000-ci illəri əhatə edən fond sənədləri bu gün 457 saxlama vahidində saxlanılmaqdadır. Bura fonda daxil olan 343 ədəd kitab, jurnal və digər dövri mətbu nəşrləri də əlavə etsək fondun nə qədər maraqlı və zəngin olduğunu təxmin edə bilərik (ARDƏİA, f.649,s.2,sv.24).

Kiçik bir haşiyəyə çıxaraq onu da qeyd edək ki, məhz, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin təşəbbüsü ilə sənədlərlə birgə gətirilən Ceyhun bəyə məxsus bəzi şəxsi əşyalarda (avtomat qələm, eynək qabı və s.) 2001-ci ildə Üzeyir Hacıbəylinin ev muzeyinə təqdim edilmişdir. 

Fond sənədlərini xarakterizə etdiyimiz zaman birmənalı şəkildə demək olar ki, Ceyhun bəy ilə bağlı hər bir arxiv sənədi qiymətlidir, böyük maraq kəsb etməkdədir və fond təşkil olunandan bəri tədqiqatçıların elmi əsərlərində və məqalələrində Ceyhun bəyin dahi istiqlalçı portretinin canlandırılmasında başlıca mənbələrdən biri olmuşdur.

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Ceyhun Hacıbəylinin keçdiyi ömür yolu barədə materiallar təkcə sözügedən 649 nömrəli fondda mühafizə olunan arxiv sənədləri ilə kifayətlənmir, digər fondlarda da onun haqqında çoxlu qiymətli sənədlər saxlanılmaqdadır.

Bu kiçik yazıda Ceyhun Hacıbəyli ilə bağlı həmin sənədlərdən ikisi ilə oxucuları da tanış etmək istərdik. Ceyhun bəyi Fransa oxucusuna tanıtdıran “Qarabağ dialekti və folkloru” adlı monoqrafiyasını hələ cümhuriyyətin elanından xeyli əvvəl yazmağa başlamış, üzərində dönə-dönə işləmiş, topladığı yeni materiallarla zənginləşdirmiş və təkmilləşdirmişdir. Monoqrafiya məşhur rus türkoloqu, akademik V.V.Radlovun xahişilə, onun planlaşdırdığı “Türk-tatar dialektləri kolleksiyası” adlı xüsusi nəşr üçün yazılmışdır. Tanınmış rus şərqşünası, professor A.N.Samoyloviç isə bu tədqiqat işi haqqında təqdiredici məqalə ilə çıxış etmişdir. Çox təəssüf ki, I dünya hərbindən sonra Azərbaycanda ictimai-siyasi mühütin milli münasibətlər zəminində gərginləşməsi və nəhayət, respublikanın zorla sovetləşdirilməsi bir çox vacib elmi-mədəni layihələrə mane olduğu kimi bu tədqiqat əsərinin də işıq üzü görməsinə imkan verməmişdir (ARDƏİA, f.386,s.4,sv.110).

Qeyd edək ki, tədqiqat əsəri əvvəlcə rus dilində yazılmış, dialektik və etnoqrafik nümunələri isə kiril əlifbası ilə hazırlanmışdır. Lakin Ceyhun bəy əsərin fransız elmi ictimaiyyətinə təqdim olunması üçün onu yenidən işləmiş və bütün nümunələri fransız transkripsiyasına keçirmişdir. Otuz üç bölmədən ibarət olan əsərdə xalq arasında dolaşan müxtəlif folklor nümunələri toplanıb təsnif edilmişdir. Monoqrafiya Qarabağın adət-ənənələrini öyrənmək istəyən əcnəbi tədqiqatçılar üçün çox qiymətli və zəngin bir məxəzdir. Onu da qeyd etmək lazımdır ki, əsərdə mövzu ilə bağlı elə səciyyəvi, ümumiləşdirilmiş məlumatlar mövcuddur ki, həmin məlumatları ilk dəfə bu cür sistemli şəkildə məhz Ceyhun Hacıbəyli tərəfindən işlənib hazırlanmışdır. Əsər 1933-cü ildə Parisdə nəşr olunan “Asiya” jurnalının xüsusi buraxılışı olaraq fransız dilində çap olunmuşdur (ARDƏİA, f.649, s.1,sv.14).

Digər sənəd isə bir təziyə məktubudur. 1954-cü ilin noyabrında keçmiş Azərbaycan legionunun lideri, Azərbaycan Milli Birlik Məclisinin sədri, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının redaktoru Əbdürrəhman Fətəlibəyli Münhendə xaincəsinə qətlə yetirildi. Bu qanlı hadisə Azərbaycan siyasi mühacirətini dərindən sarsıtdı. Həmin faciəli hadisə ilə bağlı Azərbaycan Milli Birlik Məclisinin idarə heyətinin üzvü və təşkilatın mətbu orqanı “Azərbaycan” jurnalının redaktoru Ceyhun Hacıbəyli çoxlu başsağlığı məktubları almaqda idi. Bir məktubda Ankaradan, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadədən gəlmişdi.

 

 

 

 

 

 

Məktubda deyilirdi:  

Əziz və möhtərəm Ceyhun bəy. 

Münihdən alınan xəbər buradakı vətənsevərin dərin təəssürlərini mucib oldu. Mərhum Əbdürrəhman Fətəlibəylinin uğradığı fəci aqibət hər kəsdə sinsi düşmənə qarşı nifrət və ədavəti dahada qüvvətləndirməkdədir. Azərbaycan istiqlaliyyətiçilərin duyduqları acıya tərcüman olmaq, mərhumun ən yaxın məsai arxadaşları, Azərbaycan qrupunun bir təmsilçisi olmanız hasəbilə Sizə ən səmimi təəssürlərimi bildirir, candan təziyət edərim.

Yürüdülən çətin mücadilədə sinsi düşmənə qarşı ayıq olmaq şərtdir. Mücadilə nəhai zəfərə qədər davam ediləcəkdir.

Sayqılarımla, M.Ə.Rəsulzadə.

Ankara 6.XII.954

 (ARDƏİA, f.648,siy.7,sv.50)

Bu sənəd haqqında haşiyə çıxaraq onu deyə bilərik ki, məktub müəllifinin özü də ağır xəstə idi və nə acı ki, bu məktubun qələmə alınmasından düz üç ay sonra – 6 mart 1955-ci ildə Haqqın rəhmətinə qovuşdu.

Tariximizin şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyəti artıq 30 ildən çoxdur ki, araşdırma mövzusu olaraq öz aktuallığını qorumaqdadır. Şübhəsiz ki, bu mövzunu daha maraqlı və zəngin edən cümhuriyyətçi vətənsevər ziyalılarımızın keşməkeşli və mücadilə dolu bioqrafiyalarıdır.

Son illər Ceyhun Hacıbəyli irsinin tanıdılmasında bir çox işlər görülmüşdür – dövri mətbuatda məqalələr dərc edilmiş, elmi əsərlər çap olunmuşdur. Mühacirət mətbuatımızın tanınmış tədqiqatçısı, filologiya elmlər doktoru Abid Tahirlinin 2019-cu ildə çapdan çıxmış “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” monoqrafiyasını görkəmli ədib haqqında yazılmış sonuncu sanballı əsər olaraq göstərə bilərik. Monoqrafiyada çoxşaxəli ədəbi irsə sahib olan Ceyhun Hacıbəylinin yaradıcılığı janrına, ideyasına, məzmununa, üslubuna görə dərindən təhlil edilir, tutarlı elmi-nəzəri qənaətlər irəli sürülür. Şübhəsiz ki, istiqlalçı ədibin ədəbi irsi bundan sonra da tədqiq və təbliğ ediləcəkdir.

Cümhuriyyətçi vətənsevər ziyalılarımızdan biri olan Ceyhun Hacıbəyli 30 ildən artıqdır ki, öz doğma vətənindədir – təbii ki, arxiv sənədlərində yaşayan tarixi ilə...

Məqalənin hazırlanmasında S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 386, 648 və 649 nömrəli fondların sənədlərindən istifadə olunmuşdur.

 

                                                                                 Cavid MƏMMƏDLİ

                                                                                 S.Mümtaz adına ARDƏİA-nın

                                                                                 Sənədlərin nəşri və istifadəsi

                                                                                 şöbəsinin müdiri

 

 

 

 

 

 

 

 

 



Bugün: 55
Dünən: 890
Bu həftə: 1767
Son həftə: 5867
Bu Ay: 17465
Son Ay: 20754
Bu İl: 82766
Ümumi: 1103187
1103187