Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

“Nəşr-maarif” Cəmiyyətinin Azərbaycan təhsilində rolu

Son Yenilənmə : 2018-12-28 06:10:19
Baxış sayı : 324

        XX əsrin ilk illərində Azərbaycanın ictimai-siyasi həyatında baş verən dəyişikliklər maarif sahəsində də öz təsirini göstərirdi. Azərbaycanda milli idealogiyanın formalaşmasında, xalq maarifinin inkişafında mədəniyyət xadimlərinin böyük xidmətləri olmuşdur. 1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın ictimai-siyasi həyatında yeni bir dövr başlandı. Ziyalılar tərəfindən bir sıra xeyriyyə cəmiyyətləri, o cümlədən, “Nəşr-maarif” fəaliyyət göstərməyə başladı. Bu cəmiyyətin əsas məqsədi elm və maarifi yaymaq, xalqın təhsil almasına olan təlabatı ödəmək idi. Bunu da qeyd etmək lazımdır ki,  Azərbaycan xalqının mənəvi dünyagörüşündə və mədəni tərəqqisində “Nəşr-maarif”- in xidməti ölçülməzdir. Cəmiyyət öz məqsədini həyata keçirmək üçün öz ətrafina iri sahibkarlar, pedaqoqlar, həkimlər, mühəndislər və s. toplamışdır.  Bu görkəmli ziyalılar savadsızlıqları aradan qaldırmaq üçün bütün insanları səfərbər etmişdirlər.

            1906-cı il  noyabrın 10-da Bakı Dumasında “Nəşri-maarif və ya nəşri-savad və maarif”-  adlı cəmiyyətin açılışı olmuşdur. Azərbaycanda xüsusən Bakı şəhərində müsəlmanlar arasında təhsilin yayılmasında maarif cəmiyyəti olan “Nəşr-maarif” cəmiyyətinin olduqca böyük xidmətləri olmuşdur. Bakı quberniyasında bir sıra məktəblər açmışdır. Bu açılan məktəblərin əsas məqsədi kütləvi hal alan savadsızlığı, cahilliyi  ləğv etmək idi. Bu cəmiyyətə dövlətlə yanaşı sənaye və ticarət burjuaziyası da maddi yardım göstərirdi. Maddi yardım göstərən əsas şəxslərin çoxunu Bakı varlıları və ziyalıları həmçinin də cəmiyyətin fəxri üzvləri olan: H.Z.Tağıyev, M.Muxtarov, Ə.Ağayev, İ.Aşurbəyov, M. Sadıqov, Ş.Əsədullayev, M.Nağıev, A.Tağıyev, Y.Dadaşov və s. idilər.

            Bakı şəhərinin eyni zamanda bütün Qafqazın icimai həyatını izləyən hər bir kəsə doğma diyarın maariflənməsi işində “Nəşri maarif” cəmiyyətinin rolu məlumdur. Cəmiyyətə sədri  H.Z.Tağıyev, katib isə Ə.İ.Cəfərov seçilmişdi. Mövcud olduğu 8 il ərzində bu cəmiyyət kənd müsəlman kütlələri arasında maarifin yayılması işində böyük əmək sərf etmişdir. Xeyriyyə məqsədilə təşkil edilmiş bu məktəblərin əsas tərkibini pulsuz təhsil alan yoxsul və yetim uşaqlar təşkil edirdilər.

            Cəmiyyət yarandığı ildən 5-6 il öncə  bir çox müsəlman kəndlərində təkcə “məktəb” adının çəkilməsi belə əhalini həyəcana gətirir, molların və onların əlaltılarının isə qəzəbinə səbəb olurdu. Cahil rühanilər tərəfindən qızışdırılan avam kəndli məktəb açmağı təklif edən hər bir kəsdən ehtiyatlanaraq, taun xəstəliyinə tutulmuş bir adam kimi üzündən kənara itələyir, məktəbə şeytan əməli kimi baxırdı. Belə bir vaxtda isə “Nəşr-maarif” cəmiyyəti fəaliyyətə başladı. Bu cəmiyyət maarifin bütün faydasını xalqın şüuruna yeritmək və uşaqları məktəblərə göndərmək arzusu oyatmaq üçün çalışmışdır.  Maarifə laqeyd yanaşan bu avam xalqın şüurunu oyatmaq işində cəmiyyətdən yüksək bacarıq və ədəb eyni zamanda qızğın sevgi tələb olunurdu. Bu yolda Nəşri-Maarif cəmiyyətinin xadimləri çoxlu maneə və çətinliklər olmasına baxmayaraq, parlaq nəticələr əldə etmişlər. Fəaliyyətinin başlanğıcında cəmiyyət müsəlmanlar arasında maarifin o qədər də yaxşı yayılmadığı Bakı şəhərini əhatə edirdi. Rus-tatar məktəblərindən başqa, Bakıda müsəlman uşaqlarının az-çox düzgün təhsil ala biləcəyi bir məktəb yox idi. Əhalinin ehtiyaclarını ödəmək üçün təkcə rus-tatar məktəbləri kifayət deyildi. Rayonlarda da məktəblər fəaliyyət göstəriridi. Lakin bu məktəblərlər hansı vəziyyətdə idi təsəvvürə belə gətirmək olmur. Uşaqlar uzun illər dərslərdə gecikir və nəinki ibtidai məktəblərin proqramlarına, hətta bir qayda olaraq tədrisə daxil edilən fənlər barədə heç bir anlayışları olmurdu. Bunu nəzərə alaraq cəmiyyətin idarəsi  1907-ci ildə şəhərin müsəlman əhalisinin yaşadığı üç əsas mərkəzdə məktəblər açır: Hacı Banu məscidinin nəznində 85 şagirdin təhsil aldığı 2 sinifli məktəb, o birisi şəhərin aşağı hissəsində Hacı İmaməli məscidinin nəznində 181 şagirdin təhsil aldığı 4 sinifli məktəb, üçüncü isə şəhərin dağlıq hissəsində Təzə Pir məscidinin nəznindəki 35 şagirdin təhsil aldığı 2 sinifli məktəblər idi. Həmin dövrdə bu məktəblər əhalinin müəyyən rəğbətini qazanmış məktəblər idi. 1907-1911-ci illər ərzində bu məktəblərdə 275 şagird məzun oldu. Ümumiyyətlə“Nəşr-maarif” cəmiyyətinin bütün məktəblərində olduğu kimi  bu məktəblərdə də təlim yeni üsulla və pulsuz  həyata keçirilirdi.

            Cəmiyyətin büdcəsi daimi üzvlərin üzvlük haqqlarından, dövlətdən ayrılan puldan, bağışlanan birdəfəlik ianələrdən, hər il keçirilən müsəlman gecələrindən əldə olunan gəlirlə müəyyən olunurdu. Ümumilikdə təşkil olunan 8 müsəlman gecəsindən büdcəyə 5612 rubl daxil edilmişdir. Büdcənin artımı hesabına cəmiyyət hər il öz fəaliyyətini gücləndirirdi. Bakı şəhər İdarəsindən razılıq alınandan sonra H.Z.Tağıyevin rəhbərliyi ilə müxtəlif teatr tamaşaları, xeyriyyə tədbirləri, konsertlər təşkil olunurdu. Həmin konsertlərdə bir sıra varlı təbəqənin nümayəndələri, xarici konsulluqlar, quberniya rəhbərləri iştirak edir həmçinin maddi yardım göstəriridilər. Vaxtaşırı üzvlük haqları  cəmiyyətin toxunulmaz kapitalının yaranmasına dəlalət verirdi. İanə verənlərin ianələri də məbləğ şəklində kassaya daxil edilirdi. Kapital yığıldıqda dövlət tərəfindən müəyyənləşmiş qiymətli vauçerə çevrilir və dövlətin əmanət kassasında və ya bankında saxlanılırdı. Cəmiyyətin carı xərcləri cəmiyyətə daxil olan faizlərdən və digər məbləğlərdən xərclənirdi.

                İdarə və rəhbərlik ümümi iclaslarda cəmiyyətin ümumi fəaliyyəti və gəlirləri barədə hesabat verirdi. Hesabatlar daha sonra qəzetlərdə və cəmiyyətin mətbəəsində nəşr olunurdu. Hətta cəmiyyət 1914-cü ildə Rusiyanın cənubunda baş verən qasırğadan əziyyət çəkən insanlara 1000 rubl dəyərində maddi yardım göstərmişdir. Buna görə də Komitetin sədri qrafinya Boronçova Daşnakovadan təşəkkür məktubu almışdır.

              Cəmiyyətin idarə etmə işləri cəmiyyətin ümumi iclası tərəfindən həyata keçirilirdi: Üzvlərin ümumi iclası 3 halda çağırılırdı: adi halda, fövqaladə halda və ləğv iclaslar.

            Şəhərdə yeni-yeni  məktəblərin açmaq üçün cəmiyyətə maddi vəsait lazım idi. 1911-ci ilin ikinci yarısından sonra cəmiyyətin köməyinə Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəbləri gəlir. Razılığa əsasən hər komplektə görə Dövlət cəmiyyətə hər il 700 rubl ödəməyi öhdəsinə götürdü. Razılıqdan dərhal sonra cəmiyyət yaxın kəndlərdə məktəblərin açılması ilə bağlı işlərə başladı. 1912-ci ilə artıq hökümətlə razılığa gələn Şəhər İdarəsi Bakı şəhərinin bütün məktəbyaşlı uşaqlarına ibtidai təhsil vermək vəzifəsini öz üzərinə götürdü. Buna görə də şəhərdə məscidlərin nəznindəki məktəblərini saxlamağı vacib bilmədi və bu təhsil müəssisələrini böyük ehtiyac hiss olunan kəndlərə köçürməyi məqsədəuyğun hesab elədi. İdarə 3 məktəbdən birinci məktəbi iki şöbənin tərkibində Bakı şəhəri öznüidarənin  ixtiyarına verdi və bununla şəhərdə bir rus-tatar məktəbini artıraraq qalan üçuncü şöbəni cəmiyyətin Keşlə məktəbinə köçürdü. Maarifin əhali arasında yayılması işinin xeyri üçün “Nəşri maarif” cəmiyyətinin idarəsi və Bakı Dağıstan müdriyyəti arasında müqavilə bağlanmışdır. Bu müqaviləyə görə cəmiyyətin məktəbləri Bakı-Dağıstan Xalq məktəbləri müdriyyəti ümumi idarəetməsinə keçir, məktəblərin ehtiyacları üçün müəyyən olunmuş vəsait əvvəlcə 500 manat sonra isə popeçitel N.F.Rudolfun qayğıkeşliyi sayəsində hər bir komplektə 700 manat ayrılır.

              Bundan sonra cəmiyyətin bütün fəaliyyəti kəndlərə yönəldi. Bakıya yaxın kəndlərdən sonra tədricən uzaq kəndlərdə sakinlərə indiyə  qədər qorxulu bir röya kimi gələn məktəblər açılır. Beləliklə, «Nəşr-maarif! cəmiyyəti  Bakının 14 kəndində (Bilgəh, Balaxanı, Zabrat, Bül-Bülə, Qala, Hövsan, Keşlə, Ramana, Suraxanı, Şağan, Buzovna Binə  və s.) 35 koplektdən ibarət 16 ibtidai məktəb aça bildi. Bu məktəblərdə 1913-cü ildə 594, 1914-cü ildə 927, 1915-ci ildə 1211 nəfər kəndli uşağı oxuyurdu. 1918-ci ilə qədər cəmiyyət 21 məktəb açmağa nail olmuşdur. Təhsil alan uşaqların sayı ildən ilə artırdı. Büyük əhəmiyyət kəsb edən bir faktı da qeyd etmək lazımdır ki, bu uşaqların içərisində Balaxanıda dördsinifli və Zabratda ikisinifli qız məktəbində oxuyan 130 yaxın kəndli qızı vardı.

            Cəmiyyət yeni məktəblər açmaqla bərabər mövcud məktəblərə də maddi yardım göstərir, uşaqları dərs vəsaitləri hətta paltarla təmin edir. “Nəşr-maarif” cəmiyyətinin üzvləri kəndlərə gedərək orada kənd cəmiyyətləri ilə razılığa gəlirdilər. Kəndlərdə məktəblərin açılmasına görə bütün zəhmət, bütün təşəbbüs və bütün məsuliyyət, əlbəttə, “Nəşr –maarif” cəmiyyətinin üzərinə düşürdü. Məktəblərin açılmasının xeyrinə təşviqatın aparılması, torpaq sahələrinin ayrılması, materialın verilməsi, binaların axtarılıb tapılması, dərs vəsaitlərinin alınması, məktəblərdə məşğələlərin normal gedişatına görə əhali və lazımı hökümət nümayəndələri qarşısında cavbdehlik daşınması kimi bütün bu ağır və məsuliyyətli vəzifələr müdiriyyətin heç bir iştirakı olmadan yalnız cəmiyyət tərəfindən yerinə yetirilirdi. Bir çox hallarda kəndlilər cəmiyyətə bu işdə kömək etmək məqsədi ilə bəzi xərcləri öz üzərlərinə götürürdülər. Məs: məktəbləri isıqla, su və istiliklə təmin edirdilər. Təhsil pulsuz həyata keçirilir cəmiyyət ənənəvi olaraq hər il şagirdləri dəftərlərlə, kitablarla, dərsliklərlə karandaşlarla, çernillə təmin edir hətta  kasıb şagırdlərə təqaüd formasında yardım edilirdi. Məktəblərdə ana dili, rus dili, fars dili, hesab, coğrafiya, tarix, gigiena və s. dərslər keçirilirdi.

            Məktəblərin dərs vəsaitləri ilə təchizatını qaydaya salınması məqsədi ilə cəmiyyətin gördüyü tədbirləri görməməzlikdən gəlmək olmur. Əvvəlki illərdə məktəb ləvazımatları müxtəlif mətbəələr və firmalardan əldə olunurdu. Bu da müəllim və şagirdlər üçün bir çox çətinliklər törədirdi.  Belə ki, bəzi kitablar cildli bəziləri cildsiz nəşr olunurdu. Kitablar müxtəlif mətbəələrdən alındığı üçün bəzi problemlər yarandıqda müəllimlər şəhərə bir neçə dəfə gedib-gəlməli olurdular. Bütün bu kimi məsələləri həll etmək üçün cəmiyyət şəhərdə məktəb ləvazimatları və tədris materiallarının saxlanılması üçün anbar açır. Həmin dövrdə fəaliyyət göstərən bütün şəhər və kəndlərdəki məktəblərdə ehtiyac yaranan vəsaitlər anbardakı ehtiyat vəsaitlər tərəfindən ödənilirdi. Bununla da böyük bir nöqsan aradan qalxır və vaxta xeyli qənaət edilmiş olunurdu.

              01 may 1914-cü il tarixində “Nəşri-Marif” cəmiyyətinin rəhbərliyi ilə Bakı şəhəri Alekseyevski uçilişinin müəllimləri təhsil alan şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün imtahanlar təşkil edirdi. İmtahandan keçənlərə şəhadətnamələr təqdim edilirdi.

             Cəmiyyət təkcə şagirdlərin deyil müəllimlərində bilik və təcrübəsini artırmaq məqsədilə onları Xalq məktəbi müdirliyinin Şamaxı şəhərində təşkil etdiyi Qurultaya ezam edirdi. Həmçinin müəllimlərin yol və gündəlik xərclərini qarşılayırdı.

            Xalq arasında böyük rəğbət  qazanmış  cəmiyyətin nüfuzunu Bakı-Dağıstan Xalq məktəbləri müdriyyəti yüksək qiymətləndirmişdir. Müdriyyət rus və azərbaycan dillərində təhsilin yayılmasında böyük işlər görmüş cəmiyyətə öz dərin minnətdarlığını bildirmişdir. Cəmiyyət müdiriyyət tərəfindən böyük etibar qazanmışdır. Bu cəmiyyət xalqın nəzərindəki nüfuzu sayəsində müsəlman mühitinə gözlənildiyindən də böyük nailiyyətlər bəxş etmişdir.

            Lakin cəmiyyət başa düşürdü ki, təhsil işinin düzgün təşkili üçün təkcə məktəblərin olması kifayət deyil, hazırlıqlı müəllim kontingentinin olması da vacibdir. O dövrdə bu cəhətdən böyük məhdudlluq hiss olunurdu. İnstitut və seminariya təhsilli müəllimlər çox az idi. Onların bütün mövcud heyəti şəxsi təhsil müəssisələrindəki nisbətən yaxşı xidmət şərtləri olan şəhər və nazir məktəblərində işləyirdilər.

          Cəmiyyət öz fəliyyətinin lap əvvəllərindən bunu yadında saxlamış və müəllim hazırlığına başlamışdır. “Darülmüəllim” adlı müsəlman müəllim seminariyasının proqramıni işləyib hazırlamışdır. 1907-ci ilin əvvələrində idarə təcrübəli bir pedaqoqu Məhəmməd Cövdət bəyi direktor vəzifəsinə dəvət edərək faktiki olaraq seminarıyanın açılışını etdi. Proqrama görə seminariya əsas siniflərdən və onların nəzdində ibtidai məktəblərdən ibarət idi. “Darülmüəllim”in həmçinin oğlanlar üçün olan qrupu da açılır və müəllimlik fəaliyyəti ilə məşğul olmaq üçün bir sıra təcrübəli pedaqoqlarla yanaşı İstanbuldan Bakıya Məhəmməd Cövdət bəy, türk dilinin tədrisi üçün isə Qafur ağa Mirzəzadə dəvət olunur.

             Təəssüf ki, bu xeyirxah təşəbbüs az müddət davam etdi. “Darülmüəllim”in cəmi üç il fəaliyyət göstərdi. Cəmiyyətin vəsaitinin azlığı bu işi dayandırmağa məcbur etdi. Amma onun belə qısa ömrü cəmiyyətə olduqca çox fayda gətirdi. Birincisi, nümunəvi sürətdə təşkil edilmiş dərslərdə yaxsı təhsil almış müəllim yetişdirdi, ikincisi, ən əsası da bu, idarəyə müvəqqəti müəllimlər kursları açmaq imkanı verdi və 3 il ərzində 28 təcrübəli müəllim yetişdirdi. Cəmiyyətin məzun etdiyi müəllimlərin çoxu “Nəşri-maarif” cəmiyyətinin eyni zamanda “Səadət” və başqa məktəblərdə dərs deyirdilər. Məzunlara şəhadətnamələri cəmiyyətin sədri H.Z.Tağıyev, müavinlər M.Hacıyev və İ.Aşurbəyov təqdim edirdilər. 

               Cəmiyyət 1912-ci il 6 iyun tarixində yenidən məktubla Qafqaz Təhsil dairəsinə müraciət edərək, Bakı şəhərində öz hesabına 10 həftəlik müddətdə davam edən, ölkənin bir sıra məktəblərində təhsil alan, müəllimlik peşəsinə özünü həsr etmək istəyən tələbələr üçün müxtəlif pedaqoji kurslar açmaq istəyini bildirir. Cəmiyyət ərizədə müraciət edərək bildirir ki, həmin dövrdə müxtəlif kəndlərdə dərs deyən müəllimlər müəllimlik yaş həddinə uyğun olmayan yaşda olan gənclərdən ibarət idi. Düzdür, onlar bəzi kursları bitirsələr də təlim-tədris işini yüksək səviyyədə bilmirdilər. Lakin belə olsa da cəmiyyət daima bu müəllimlərin qayğısına qalmış onların müvafiq adı almaları üçün çalışmışdır. Bu kurslar yalnız cəmiyyətin məktəblərində dərs deyən müəllimlər üçün deyil həmçinin kursda keçiriləcək proqramları dinləmək  arzusunda olan 31 may 1872-ci ildə Bakı şəhərində şəhər kurslarını bitirən çox saylı tələbələr üçün çox gözəl vasitə idi. 

            Dövlət tərəfindən ayrılan vəsait cəmiyyətin kassasına daxil olaraq onun qalan bütün gəlirləri kimi “Nəşri-maarif” cəmiyyətinin illik smetasına uyğun surətdə məktəblərin bütün ehtiyaclarının təmin olunmasına sərf edilirdi.

            1911-ci ilin aprel ayından Xalq məktəblərinin direktoru cəmiyyəti xəbərdar edir ki, Xalq Maarif Nazirliyinin departamentinin sərəncamına əsasən məktəb ehtiyacları üçün onun tərəfindən ayrılan məbləğdən müəllimlərə məvacibi Bakı-Dağıstan Xalq məktəbləri müdriyyəti  özü verəcək. Dövlətin iştirakı isə yalnız cəmiyyətə lazımı qanun və qaydalarnan tənzimlənmiş müəyyən qədər maddi kömək gostərməkdən ibarət olacaq. Cəmiyyətə ayrılan məbləğ məlum hədd çərçivəsində idi. Bu hal cəmiyyətin və onun işçilərinin qarşılıqlı münasibətlərinə olduqca mənfi təsir edirdi. Cəmiyyətin səlahiyyətlərinin və hüquqularının bu çür parçalanması əhali arasında maarifin yayılmasına mənfi təsir edərək cəmiyyətin akademik həyatına nifaq salırdı.

            1917-ci ildən başlayaraq cəmiyyət mövcud məktəbləri təmin etmək üçün sıxıntılı dövrünə başlayır. “Nəşri-maarif” cəmiyyətinin idarəsi əsaslandırılmış ərizəsində cəmiyyətin və Bakı-Dağıstan Xalq məktəbləri müdriyyəti ilə qarşılıqlı münasibətlərinə lüzümsuz anlaşılmazlıq və fikir ayrılığı gətirən bir sıra faktlar göstəriridi. 1917-ci ildə Nəşri-Maarif Cəmiyyətinin Qafqaz Təhsil Dairəsinin komissarı Həmid bəy Şaxtaxtinskiyə məktubunda belə deyilir: “Şəxsi söhbət zamanı sizə bildirmişdim ki, “Nəşr-Maarif” cəmiyyəti məktəbləri təmin etmək üçün maddi cəhətdən sıxıntılı dövrün yaşayır. Bunun üçün Sizə Komissariyata xahiş ərizəsi ilə müraciət edərək Qafqaz Təhsil Dairəsindən cəmiyyətə məktəbləri saxlanılması üçün vəsaitin ayrılması haqda xahiş edirik. Əks təqdirdə  cəmiyyət  öz məktəblərini bağlamaq məcburiyyətində qalacaq”. Bu cür müraciətlərlə cəmiyyət bir çox instansiyalara, fiziki şəxslərə müraciət etməsinə baxmayaraq dövlətdən heç bir dəstək ala bilməyən cəmiyyət fəaliyyətini çox təəssüf ki, 1918-ci ildə bağlamaq məcburiyyətində qalır.

     Cəmiyyət qısa müddət ərzində Azərbaycanda maarifçilik idealarının yayılması, milli münasibətlərin formalaşdırılması və dəyərləndirilməsində, pedaqoji kadrların hazırlanmasında son dərəcə rol oynamış, çox əhəmiyyətli və məhsuldar fəaliyyət göstərmişdir.

 

                                                                                                                                                                                                      Əhmədova Zərifə

                                                                                              Dövlət Tarix Arxivinin

                                                                                                                                                                                                     Aparıcı arxeoqrafı       

 



Bugün: 18
Dünən: 420
Bu həftə: 18
Son həftə: 2036
Bu Ay: 6126
Son Ay: 11881
Bu İl: 95555
Ümumi: 208174
208174