Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə müəllim və pedaqoqların II qurultayı

Son Yenilənmə : 2018-11-16 02:05:09
Baxış sayı : 4015

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə (1918-1920-ci illər)  Xalq  Maarif  Nazirliyinin  təşəbbüsü  ilə  müəllim  və  pedaqoqların, təhsil  işçilərinin  iki  qurultayı  keçirilib. İlk  qurultay  1918-ci il dekabrın 13-dən  28-dək  olan  müddətdə Bakı şəhərində, 2-ci real məktəbin akt zalında baş tutub. İlk qurultayın milli təhsil tariximizdəki əhəmiyyətli rolu haqqında hazırladığım məqalə " Kaspi” qəzetinin 23 oktyabr 2018-ci il və 24 oktyabr 2018-ci il tarixli saylarında, həmçinin " Kaspi.az” saytında dərc edilmişdir.  

Müasir dövrdə  yetişməkdə  olan  nəsil,  xalqımızın  çoxəsrlik  zəngin  tarixini, o  cümlədən onun  ayrılmaz  tərkib  hissəsi  olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixini,   həmin  dövrün  məktəb  və  pedaqoji  fikir  tarixini  bilməlidir. Azərbaycan təhsilinin keçdiyi zəngin tarixi inkişaf yolunda Cümhuriyyət dövrü   xüsusi əhəmiyyət kəsb edir. Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyi Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpa edilməsi və onun dövlət dili elan olunması, məktəb-tədris işinin milli mənafelərə uyğun yenidən qurulması, doğma ana dilimizin ölkənin  təhsil, təlim-tərbiyə dilinə çevrilməsi, ana  dilində tədris proqramlarının və  dərsliklərin hazırlanması sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Hökumət hərc-mərclik və anarxiya dövründə, xüsusilə də 1918-ci ilin mart-may aylarında millətçi erməni-daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycanın  müxtəlif qəzalarında törətdikləri dəhşətli qırğınlar zamanı dağıdılmış və əmlakı talan edilmiş məktəblərin bərpası və yenilərinin tikilməsi üçün mühüm tədbirlərin həyata keçirilməsinə çalışmışdır. Bu məsələ müəllim və pedaqoqların Cümhuriyyət dövründə çağırılmış II qurultayında da müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. 

 Cümhuriyyət hökumətinin  2 avqust 1919-cu il tarixli sərəncamı ilə Bakı  şəhərində  avqustun  20-dən sentyabrın 1-dək müddətdə xalq  məktəb  müəllimlərinin qurultayının keçirilməsi qərara  alınmışdır. Bu məqsədlə  Xalq  Maarif Nazirliyinin sərəncamına 35 min 600 rubl məbləğində pul vəsaiti  ayrılmışdır. Xalq Maarif Naziri R.Kaplanov və Xalq Maarif  Nazirliyinin orta məktəblər üzrə  şöbəsinin müdiri A.Yusifbəyovanın imzası ilə orta məktəblərin müdirlərinə göndərilmiş 23 avqust 1919-cuil tarixli 7226 №-li məktubda qeyd edilirdi: "Respublikanın mədəni, etnoqrafik xüsusiyyətlərinə və dövrün tələblərinə uyğun olaraq orta təhsilin təşkili işində islahatların aparılması vaxtının  artıq çoxdan  çatdığını nəzərə alaraq, təklif edirəm ki, həmin məsələni tabeçiliyinizdə olan    məktəblərin pedaqoji şuralarında müzakirəyə çıxarasınız və hərtərəfli  müzakirələrdən  sonra  məsələ  ilə  bağlı öz təkliflərinizi sentyabrın 5-dən gec  olmayaraq təqdim edəsiniz. Yaxşı olardı ki, orta məktəb kurslarından hansı fənlərin  çıxarılmasının, hansının isə daxil edilməsinin mümkünlüyü və  proqramlarda  hansı  dəyişikliklərin edilməsi barədə məsələlərə aydınlıq gətirilsin.”

Respublikada tədris ocaqlarının milliləşdirilməsi ilə əlaqədar olaraq, məktəb  islahatlarının zəruriliyi gündəliyə çıxmışdı. Məktəb islahatının məqsədi - ölkədə  məktəb-tədris işini yeni şəraitə uyğunlaşdırmaq, onu milli dövlətçilik ideyaları  və  mənafelərinə yaxınlaşdırmaq, yeni nəsli  milli - tərbiyə  üzərində  yetişdirməkdən    ibarət  idi. Məktəb islahatı ilə bağlı əsaslı məsələləri hərtərəfli müzakirə etmək və lazımi təkliflər hazırlayaraq Hökumətə təqdim  etmək məqsədi ilə 1919-cu il avqustun 20-də Bakı real məktəbin akt zalında  Azərbaycan  müəllimlərinin II qurultayının təntənəli  açılışı  oldu. Qurultayda Respublikanın bütün bölgələrindən  olan məktəblərin nümayəndələri iştirak  edirdilər. Azərbaycan türk müəllimlərinin  qurultayında iştirak etməkdən ötrü məşhur müsəlman pedaqoqu və ədibi Mirzə Cəlal Yusifzadənin də Şuşadan Bakıya gəldiyi haqqında 22 avqust 1919-cu il  tarixli, 177 №li  "Azərbaycan” qəzetində (rus  dilində-R.S.) məlumat verilmişdir. Qurultayı türk (Azərbaycan-R.S.) müəllimlər birliyinin sədri Ağabəy İsrafilbəyov  açaraq, qısa nitqində  məqsəd və vəzifələr haqqında məlumat vermişdi. Qurultayı Parlamentin rəyasət heyəti adından sədrin kiçik müavini S.M.Qənizadə, Bakı şəhər idarəsi adından müəllim Əli Cabbar Orucəliyev, "Musavat” partiyası  parlament fraksiyası adından M.Ə.Rəsulzadə, sosialistlər fraksiyası adından  Ə.C.Pepinov, Xalq Maarif Nazirliyi adından  R.Kaplanov, ”Azərbaycan” qəzeti  redaksiyası adından P.Mürsəlzadə və digər şəxslər salamlayıblar.

Qurultayın avqustun 28-də keçirilmişi 13-cü iclasında Türk Müəllimlər İttifaqının  mərkəzi bürosuna seçkilər keçirilmişdir. Abdulla Şaiq, Əli Məmməd Mustafazadə, İdris Axundzadə, Rəsul bəy Tahirov, Ağa Əli Qasımov, Mustafa Mahmudov və  Hüseyn Əli Əliyev mərkəzi büroya üzv, Qurban İbrahimov, Hüseynzadə Məmməd  Qulu və Müseyib (soyadı  göstərilmir -R.S.) isə mərkəzi büroya namizəd  seçilmişdilər. Daha sonra günün aktual məsələləri üzrə müzakirələr aparılaraq bir  sıra qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarların birində qeyd edilirdi ki,  şəhadəti olmayanlar müəllimliyə qəbul edilməsin. Şəhadəti  olmayanların  müəllimliyə qəbul edilməməsı haqqında qərar, tədrisin səviyyəsinin  yüksəldilməsinə diqqətin artırıldığından xəbər verirdi. Cümhuriyyət dövründə   müəllim və pedaqoqların II qurultayında qəbul edilmiş digər qərarlarda qeyd  edilirdi ki, yoxsul şagirdləri olan məktəblərə pulsuz olaraq kitab və digər tədris  vəsaitlərinin ayrılması  hökumətdən  xahiş  edilsin. Bakıda və Gəncədə, habelə  digər yerlərdə kişi və qadın müəllim kursları və seminariyaları təşkil  edilsin. Məktəblərin  nəzdində  türk (Azərbaycan-R.S.) kitabxanaları açılsın və oradakı  kitabların sayı artırılsın. İbtidai məktəb müəllimlərinin maaşları orta  məktəb  müəllimlərinin maaşlarına bərabər tutulsun. 

Qurultayın avqustun 28-də axşam saat 5-də keçirilmiş 14-cü iclasında anarxiya  dövründə dağıdılmış məktəb binalarının təmiri və yenilərinin inşası, habelə  məktəb həyatının digər  məsələləri müzakirə edilmiş və müvafiq qərarlar qəbul  edilmişdir. Qərara alınmışdır ki, dağıdılmış məktəblərin yerləşdirilməsi  üçün  müvafiq bina və otaqlar ayrılsın, müəllimlərin maddi durumu yaxşılaşdırılsın. Bütün məktəblərdə şəriət  müəllimlərinin, habelə əl işləri üzrə müəllim və  müəllimələrin maaşları artırılsın.  Xəstə müəllimlər və onların ailələri pulsuz  müalicə edilsin və onlara maddi yardım  göstərilsin.

Hökumətdən nazirliyin nəzdində ibtidai  məktəblər  üçün proqramların hazırlanması üçün xüsusi komissiyanın yaradılması xahiş  edilmişdir. 

Qurultayda bir sıra natiqlər çıxış  etdikdən sonra  yekdilliklə aşağıdakı qətnamə qəbul edilmişdir: "Müstəqil  Azərbaycanın türk müəllim və müəllimələrinin birinci qurultayı hazırkı vaxt üzrə  məsələləri müzakirə edərək belə qərara  gəlir ki, xalq və onun rifahı  məsələsində  daim onunla qırılmaz təmasda olan müəllimlərin rolu böyükdür. Ona görə də, azərbaycanlı müəllimlər vətənin müstəqilliyi ideyasının möhkəmləndirilməsində, sağdan və yaxud soldan hər hansı bir təhlükə yarandığı halda, onun hüquqlarının bərpa edilməsi və qorunması yolunda vətən övladlarının canlarından keçməyə  hazır olması istiqamətində geniş xalq kütlələri arasında ciddi səylə işlər  aparmalıdırlar. Qurultay Azərbaycanın bütün  müəllimlərini bu işə  səsləyir”.  

Qurultayın yekunu olaraq Xalq Maarif Nazirliyinə təqdim edilmiş təkliflər  əsasında təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərsliklərin   nəşri üzrə komissiyalar  yaradıldı. 

Qurultay başa çatdıqdan sonra Xalq Maarif Nazirliyi yanında məktəb islahatı  komissiyası yaradıldı. 1919-cu il noyabrın 7-də Xalq  Maarif Nazirliyi yanında  yaradılan islahat komissiyasına nazir müavini H.Şahtaxtinski (sədr), Nurməmməd  bəy Şahsuvarov, Azad bəy Əmirov, Fətulla bəy Rzabəyov, Sultan Məcid  Qənizadə, Abdulla bəy Əfəndizadə, Sara xanım Xuramoviç, Əhməd bəy Pepinov, Xədicə xanım Ağayeva, Məhəmməd ağa Şahtaxtlı, Cabbar bəy Orucəliyev və Saleh bəy Vəkilov daxil idi. Komissiya  qarşısında,  növbəti  dərs  ilinin əvvəlinə kimi məktəb islahatı, o cümlədən təhsilin məzmunu ilə bağlı məsələlərin həlli üzrə proqramın hazırlamaq vəzifəsi qoyulmuşdu.  Orta məktəb  proqramlarının dəyişdirilməsi üzrə ayrı-ayrı fənn komissiyaları yaradılmışdı. Bu komissiyaların işinə  C.b.Rəfibəyovun sədrliyi altında  yaradılmış ümumi komissiya  rəhbərlik edirdi. Ölkənin gələcəyini təmin edə biləcək kadrlar hazırlamaq üçün müxtəlif tədris müəssisələri - ibtidai, orta məktəblər açılır, respublikada ali təhsilin təşkili üzrə qanun layihələri işlənib hazırlanır, müxtəlif  kurslar təşkil edilir, digər tərəfdən, dərsliklər və digər tədris vəsaitləri hazırlanaraq çap etdirilirdi.

Cümhuriyyətin təhsil siyasətində, dərsliklərin milli müəllimlər tərəfindən  hazırlanmasına xüsusi diqqət yetirilirdi. Milli dərsliklərin hazırlanmasında  Azərbaycan maarifi və ədəbiyyatının  görkəmli nümayəndələri Hüseyn  Cavid, Səməd bə Acalov, Mahmud bəy Mahmudbəyov, Rəşid bəy Əfəndizadə, Abdulla  bəy Əfəndizadə, Abdulla  Şaiq, Camo Cəbrayılbəyov, Ağabəy İrafilbəyov  və  başqaları yaxından iştirak edirdilər.

Fənn komissiyaları tərəfindən hazırlanmış bir sıra yeni dərsliklər hökumətin  ayırdığı vəsait hesabına, 1919-cu ildə nəşr edilərək tədris müəssisələrinin  istifadəsinə verilmişdi. Dərsliklərin bəziləri təkrar nəşr olunsa da, bir çoxu elə  həmin dövrdə yazılmışdı: Mahmud bəy Mahmudbəyov, "Türk əlifbası və ilk  qiraət” - 1918; Rəşid bəy Əfəndiyev, "Türk qiraəti” - 1918; Mahmud bəy Mahmudbəyov, Abbas Səhhət, "Yeni  məktəb” -1918; Qafur Rəşad Mirzəzadə, Məmməd  Axundov, "Rəhbəri-sərf” - 1918; Rasim Əhməd. "Sərfi-türki” - 1919; Abdulla bəy  Əfəndiyev, "Son türk  əlifbası” - 1919; Abdulla Şaiq, "Milli qiraət” - 1919; "Müntəxəbat. Türk ədiblərindən nümunələr” - 1919; Camo Cəbrayılbəyli, "Tarixi-təbii” - 1919; Hüseyn Cavid, Abdulla Şaiq, "Ədəbiyyat dərsləri” - 1919; Hacı Səlim Səyyah  Qasımzadə, Ağa Əli Qasımov, "Hesab məsələləri məcmuəsi” - 1919; Hacı Səməd bəy Əlizadə, "Rəhbəri cəbr” – 1919 və s. 

1920-ci ilin aprelində Azərbaycan Respublikası sovetləşdirildikdən bir qədər   sonra tərkibi Maarif  Xalq Komissarlığının İşlər İdarəsinin rəisi vəzifəsini  müvəqqəti olaraq icra edən Kondratyev, məktəb şöbəsinin nümayəndəsi A. Sübhanverdixanov, fəhlə-kəndli müfəttişliyinin nümayəndəsi Salayev; nəşriyyat  şöbəsinin  redaksiya  kollegiyasının  müdiri   İsa  Aşurbəyli, anbar müdiri Bakıxanov və  onun köməkçisi  Əliyevdən ibarət komissiya tərəfindən  Bakı şəhərinin Sahil küçəsində, Mir-Babayevin evində yerləşən Maarif Xalq  Komissarlığının  anbarının dörd  gözü  əvvəlcədən möhürləndikdən sonra, anbarın beşinci gözündə iyulun 12-dən 18-dək və 21-dən 23-dək olan müddətdə  yoxlamalar  aparılmışdır. Anbarın 5-ci gözündən 68 min 585 ədəd türk dərslikləri və kitabları, habelə məktəb ləvazimatı olan 1547  ədəd karandaş, 3538  ədəd - rəsm üçün xətsiz; 2012 ədəd - bir  xətli  sahəli və  sahəsiz, xətsiz  dəftərlər aşkar  edilmiş  və  protokol  tərtib  edilərək  götürülmüşdür. 

Qeyd  edək ki, Cümhuriyyət  dövründə Azərbaycan Hökuməti  türk dilində dərslik və kitabların əldə edilməsinə diqqət yetirməklə yanaşı azlıqda  olan  qeyri-müsəlman  xalqlarının  da  maraqlarını  nəzərə  alaraq, rus dilində     dərslik və kitabların əldə edilməsinə də böyük diqqət yetirirdi. Bu məqsədlə  Hökumətin  8 sentyabr 1919-cu il tarixli sərəncamı ilə Xalq Maarif  Nazirinin  sərəncamına  3 ay müddətinə tədavül kapitalı kimi 500 min rubl vəsait  ayrılmışdı. Təsadüfü deyildi  ki, aparılan yoxlamalar zamanı anbarda rus dilində  olan kitablar da aşkar edilmişdi. Cümhuriyyət dövründə çağırılmış türk müəllim və pedaqoqların, təhsil işçilərinin  II qurultayından 100  ilə yaxın bir müddət keçməsinə baxmayaraq,  bu  gün də  tədqiq  edilir, öyrənilir.  Cümhuriyyət dövründə müəllim və pedaqoqların  çağırılmış hər iki qurultaylarının materiallarından  tələbələrin  elmi-pedaqoji  biliyinin  artırılmasında  geniş  istifadə  edilir. Həmin qurultaylar milli təhsil  quruculuğu tariximizin şanlı səhifələrindən biri  kimi unudulmur.

Rafiq Səfərov

MAİ-nin baş məsləhətçisi



Bugün: 797
Dünən: 988
Bu həftə: 4378
Son həftə: 5867
Bu Ay: 20076
Son Ay: 20754
Bu İl: 85377
Ümumi: 1105798
1105798