Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Tağıyevin maarifçilik fəaliyyətinin şanlı səhifəsi. Bakıda müsəlman qızlar üçün ilk dünyəvi məktəb necə yaradıldı?

Son Yenilənmə : 2021-03-10 22:46:05
Baxış sayı : 2100

Xalqımızın böyük oğlu H.Z.Tağıyevin adı - XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın görkəmli  mesenatı kimi tarixə düşmüşdür. Bakı qadın və qızlar üçün azərbaycan dilində ilk dünyavi məktəbin açılması  təhsil, maarif və mədəniyyət hamisi - H.Z.Tağıyevin adı ilə bağlıdır. Bu məktəbin əsası H.Z. Tağıyev tərəfindən 1898-1900-cü illərdə qoyularaq açılmışdır. Tarixi sənəd və mənbəələr təsdiq edir ki, Hacı Zeynaləbdin Tağıyevin elmə,  təhsilə və mədəniyyətin müxtəlif sahələrinə göstərdiyi hamilik əsil mesenatlıq nümunəsi olmuşdur. H.Z. Tağıyev Azərbaycanda  maarifçilik hərəkatına, elm və təhsilin yayılmasına kömək əli uzadan nadir iş adamlarından biri olmuşdur. H.Z. Tağıyevin özü elm və savad sahibi olmasa da xalqın maarifləndirilməsi və savadsızlığın aradan qaldırılması, ölkəmizdə elm və təhsilin yayılmasında  öz mesenatlığı ilə xalqımızın və bu yolda fədakarlıq edən ziyalıların köməyinə çatmışdır. Azərbaycanın ilk milli qəzeti olan “ Əkinçi”nin, müsəlman qızlar üçün Bakıda ilk dünyəvi məktəbin və digər təhsil ocaqlarının yaradılmasında və onların fəaliyyət göstərməsində H.Z.Tağıyevin böyük maliyyə dəstəyi olmuşdur. Onun mesenatlıq fəaliyyəti olduqca zəngin və çoxşaxəlidir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında” 11 mart 2020-ci il tarixdə imzaladığı  Sərəncamda H.Z.Tağıyev,  Azərbaycanda neft sənayesinin inkişafında xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadım kimi qimətləndirilir.

Bakıda qız və qadınlar üçün azərbaycan dilində ilk dünyəvi məktəbin açılması yolunda  H.Z.Tağıyevin göstərdiyi fədakarlığı əks etdirən tarixi mənbə və sənədlər  Azərbaycan Respublikasının Dövlət Arxivi və Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin müxtəlif fondlarında qayğı ilə qorunub saxlanılır. Həmin sənədlərə və digər mənbələrə əsaslanaraq hazırladığım bu məqaləni dəyərli oxucularımızın diqqətinə çatdırıram:

Bakı Quberniyası və Dağıstan Vilayəti xalq məktəbləri direktoru və  müfəttişı vəzifəsini icra edən A.S.Tixorjevskiy Qafqaz Tədris Dairəsi Qəyyumunun təklifi əsasında II Nikolayın  qarşıdan gələn  müqəddəs tacqoyma  mərasiminin qeyd edilməsi ilə əlaqədar  Bakı şəhərində müsəlman qızlar üçün Xalq Maarif Nazirliyinin bir sinifli və yaxud ikisinifli kursu üzrə məktəbin təsis edilməsinə pulun ayrılması və həmin məktəbə Alihəzrət Böyük knyaz Olqa Nikolayevnanın adının verilməsi məsələsi ilə bağlı 1896-cı il  martın 22-də 354 saylı məktubla tanınmış xeyriyyəçi H.Z. Tağıyevə müraciət etmişdir. Həmin məktubda o cümlədən qeyd edilirdi ki, “... xeyriyyəçiliyi ilə xalq təhsilinin kütlə arasında geniş yayılmasına göstərdiyi böyük dəstəyi ilə seçildiyinə görə Qafqaz Tədris Dairəsi Qəyyumunun təklifi əsasında bu məsələ ilə bağlı məhz ona müraciət edilir.” Məktubda həmçinin bildirilirdi ki, həmin  məktəbdə müsəlman ailəsinin tələblərinə cavab  verəcək  əl işləri və evdarlıq da tədris olunacaqdır. Əgər Bakıda müsəlman qadın məktəbinin açılmasına H.Z.Tağıyevin razılığı olarsa, həmin  məktəb İmperiya ərazisində müsəlman qızlar üçün ilk məktəb olacaqdır  və həmin məktəbə “Alihəzrət Böyük knyaz Olqa Nikolayevnanın adının verilməsinə dair onun yazacağı razılıq cavabının yubadılmadan Qafqaz Tədris Dairəsinin Qəyyumuna çatdırılması”  H.Z. Tağıyevdən xahiş edilirdi.

Yeri gəlmişkən qeyd edirik ki,  XIX əsrin ikinci yarısından etibarən Bakıda bir neçə qadın məktəbi, o cümlədən  müqəddəs Nina qadın məktəbi, Bakı  Mariyin  qadın  gimnaziyası fəaliyyət göstərirdi.  Lakin həmin məktəblərdə tədris yalnız rus dilində aparılırdı. Doğma Azərbaycan dilində  qız və qadınlar üçün hər hansı bir təhsil ocağı mövcud deyildi. Qadınların təhsilli olmasının vacibliyini yaxşı anlayan və bunu  ürəkdən arzulayan H.Z. Tağıyev azərbaycanlı qızların dünyəvi qadın təhsili ala bilməsi üçün müvafiq məktəbin açılması və həmin məktəbin saxlanılmasına görə 150.000 min rubl  ödəyəcəyi haqqında öz təklifini 1896-cı ilin aprelin 24-də Qafqaz Tədris Dairəsinə təqdim etmişdir. Onun tərəfindən belə bir təklif Xalq Maarif Nazirliyinə də təqdim edilmişdir. Bu barədə Qafqaz Tədris  Dairəsinnin Qəyyumu K.P. Yanovskinin H.Z. Tağıyevə  Tiflisdən yazdığı 29 aprel 1896-cı il tarixli 3499 saylı məktubunda qeyd edilirdi. Tarixi mənbələr təsdiq edir ki, Bakıda müsəlman qızlar üçün məktəbin yaradılması heç də asanlıqla başa gəlməmiş və bu iş xeyli  vaxt tələb etmişdir. Qafqaz Tədris Dairəsinin Qəyyumu K.Yanovski 1897-ci il aprelin 8-də H.Z.Tağıyevə  göndərdiyi məktubda qeyd edilirdi:” Əlahəzrət Hacı Zeynal Abdin. Mənim H.Z.Tağıyevin irəli sürdüyü şərtlər daxilində Bakı şəhərində rus-tatar qadın məktəbinin yaradılmasına Xalq Maarif Nazirliyi tərəfindən icazənin verilməsi haqqında xahişimin nəticəsi olaraq cənab Xalq Maarif Naziri  bildirdi ki, sizin təklif etdiyiniz aşağıdakı şərtlərlə Bakıda rus-tatar qadın məktəbinin yaradılmasına heç bir maneə yoxdur:

1. Qadın məktəbi- müsəlman ailələrinin tələblərinə uyğun olaraq əl işlərini və evdarlığı tədris edən əlavə şöbə də daxil olmaqla,  Qafqaz Tədris Dairəsinin birsinifli məktəb tipində olmalıdır.

2.Məktəbin nəzdində məktəbdə tərbiyə olunan ən azı 20 nəfər azərbaycanlı qız üçün nəzərdə tutulan pansion olmalıdır; ola bilsin ki, qəbul olunaraq pulsuz təhsil  alan,  ştatdan əlavə gəlib-gedən pansionçular da olsun.

3. Məktəbdə çalışan bütün tərbiyəçilərin və xidmətçilərin dini məzhəbi müsəlman olmalıdır.

4. Məktəbin Fəxri Qəyyumu – mətəbin təsisçisi Hacı Zeynalabdin Tağıyevdir, o, dünyasını dəyişdiyi halda- bu hüquq irsi halda onun böyük oğluna və böyüklük qaydasında onun nəslinə keçir.

5. Məktəbin Qəyyumluq Şurasına aşağıdakılar daxildir: Məktəbin fəxri qəyyumu; Bakı Şəhərinin başçısı; Quberniya Qazisi; Bakı quberniyası Xalq məktəbləri direktoru; Bakı Mariin qiz məktəbinin rəisi və fəxri müsəlmanlardan Bakı Şəhər Dumasına seçilmiş üç nəfər.

6. Qəyyumluq Şurası şagirdlərin təhsil və pansionun saxlanması haqqlarını müəyyən edir, məktəbin genişləndirilməsi və böyüməsinin qayğısına qalır; xidmətçilərə və kasıb şagirdlərə geyim və tədris vəsaitlərinin əldə edilməsi üçün vəsait ayırır;

7. Məktəbin və pansionun saxlanılması üçün Zeynal Abdin Tağıyevin yatırdığı kapitaldan daxil olan faizlərdən; könüllü ianələrdən, əgər təyin edimişdirsə Bakı şəhərinin büdcəsindən daxil olan vəsaitlərdən; konsertlərdən, qonaqlıqlardan və s.  daxil olmuş pullardan istifadə olunur.

Həmin məktubda həmçinin qeyd edilirdi ki, “ məktəbə Əlahəzrət İmperatrisa Aleksandra Fedorovnanın adının verilməsi haqqında xahişin yaxşı fikir kimi yuxarıya çatdırılması ianə ediləcək kapitalın hökumət tərəfindən zəmanət verilən kağızlarla Xalq Maarif  Nazirliyinin xüsusi vəsaitinə  köçürüldüyü haqqında  xəbərdarlıq məktubu alındıqdan sonra mümkün olcaqdır. Bunu sizə  xəbər edərək  xahiş edirəm ki, sonrakı addımlarınız  haqqında bizi məlumatlandırasınız”.

Qafqaz Tədris Dairəsinin Qəyyumu K. Yanovski Bakıda rus-tatar qadın məktəbinin yaradılmasına Xalq Maarif  Nazirliyi tərəfindən icazənin verilməsi  haqqında məlumatı  Tiflisdən yazdığı 7 may 1898-ci il tarixli 6542 saylı  məktubla Bakı quberniyası xalq məktəblərinin direktoru A.S. Tixorjevskiyə də çatdırmışdır. Həmin məktubda o cümlədən qeyd edilirdi ki, “Bakı Mariin məktəbinin fəxri qəyyumu, I gildiya tacir Hacı Zeynaləbdin Tağıyevin ianə etdiyi 185.000-lik vəsaitlə Bakıda qadın məktəbinin yaradılmasına və həmin məktəbə qarşıdan gələn  müqəddəs tacqoyma mərasimi ilə əlaqədar olaraq “Aleksandrinskoe” adının verilməsinə Xalq Maarif Nazirliyinin rəisinin məruzəsi əsasında məxfi müşavir Boqolepov tərəfindən icazə verilmişdir.” Həmin məktubda həmçinin İmperatrisa Aleksandra  Fedorovnanın  H.Z. Tağıyevə səxavətli hədiyyəsinə görə onun  səmimi təşəkkürünün bildirilməsini istədiyi bildirilirdi.  

Bakı quberniyası xalq məktəblərinin direktotu A.S.Tixorjevski 1898-ci il iyulun 18-də Bakıdan Qafqaz Tədris Dairəsinin Dəftərxanasına göndərdiyi məktubda bildirirdi ki, “cən.Tağıyev olmadığına görə onun rəisi K.A. Uriskiyə müraciət etmiş və o, bildirmişdi ki, cən. Tağıyev Dövlət Bankının Bakı filialında etdiyi ödənişlərin qəbzlərini də əlavə edərək məktəbə “Aleksandrinski” adının verilməsi xahişi ilə ulun 18-də müsəlman qadın məktəbinin nizamnaməsinin layihəsini Qəyyuma artıq  təqdim etmişdir. Nizamnamənin layihəsi təsdiq edildikdən sonra o, məktəb binasının tikilişinə başlayacaqdır.”

Bakıda yaradılacaq müsəlman qadın məktəbinin nizamnaməsinin layıhəsi 1898-ci il mayın 16-da təsdiq edilmişdir. Nizamnamənin layihəsi təsdiq edildikdən sonra H.Z. Tağıyev məktəb binasının layihəsinin işlənilməsini  polşalı arxitektor İozef Qoslavskiyə tapşırmışdı. Məktəbin binasının tikilişi iki il ərzində davam edərək 1900-cü ildə başa çatdırılmış və həmin bina 864 kvadrat sagen yer tutaraq H.Z.Tağıyevə 184.000 rubla başa gəlmişdir. Bakı qadın rus-müsəlman məktəbinin Qəyyumluq Şurasının sədri H.Z. Tağıyev 1900-cü il aprelin 23-də Bakı quberniyası xalq məktəblərinin direktoru A.S. Tixorjevskiyə məktub göndərərək “Onu İmperatrisa Aleksandra Fedorovnanın adını daşıyan rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının aprelin 24-də axşam saat 8-də onun evində keçiriləcək ilk iclasına dəvət etmişdir.” Qeyd edirik ki, Bakı Aleksandrinski rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının sıralarında Əli Mərdan bəy Topçubaşov, Həsən bəy Məlikov və A. Tixorjevski kimi görkəmli şəxslər də yer almışdılar. Məktəbə müsəlman qadın müəllimə və pedaqoqların işə qəbul edilməsi məsələləri  daim diqqət mərkəzində olmuşdur.

Bakı Aleksandrinski rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının sədri H.Z. Tağıyev Qəyyumluq Şurasının iyunun 25-də keçirilmiş iclasının qərarına əsasən aşağıda qeyd olunan şəxslərin, o cümlədən Tiflis müq. Nina qadın məktəbinin altı sinfini 8 iyul 1900-cü ildə bitirərək 810 saylı şəhadətnamə əldə etmiş Hənifə xanım Məlikova; Vilensk qadın gimnaziyasını bitirərək 299 saylı  attestat əldə etmiş Mariya Sulkeviç və 11 dekabr 1900-cü ildə Zaqafqaziya Sünni Mənəvi İdarəsi tərəfindən verilmiş 1490 saylı attestatla molla rütbəsinə layiq görülmüş Əsma Soltan xanım Məmməd Əmin Əfəndi qizının müvafiq vəzifələrə təsdiq edilməsi haqqında Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri direktoru A.S.Tixorjevskiyə məktubla müraciət etmişdir. Bakı Aleksandrinski rus-tatar qadın məktəbi 1901-ci il sentyabrin 15-də Zaqafqaziya Şiə təriqəti üzrə Quba qəza məhkəməsinin verdiyi şəhadətnaməyə əsasən Səkinə xanım Hacı Mirzə Heybət bəy qızı Axundovanın şəriət və tatar(azərbaycan) dili müəlliməsinin vəzifələrinin yerinə yetirilməsinə buraxılması haqqında qərar qəbul etmişdir. Bununla yanaşı Səkinə xanım Axundovaya Zaqafqaziya Şiə Təriqəti İdarəsindən şəhadətnamə təqdim edilənə qədər Şəriət və azərbaycan dili fənni üzrə  ikinci müəllimənin, həmçinin məktəbdə nəzarətçi vəzifələrinin icra edilməsi tapşırılmışdır.

          Dövrün tanınmış qadın müəllimələrindən sayılan Şəfiqə  xanım  Əfəndizadə   1901-ci  il  noyabrın  20-dən  etibarən  H. Z. Tağıyevin  müsəlman  qızlar  üçün  Bakı  şəhərində  açdığı  məktəbdə  azərbaycan  dili  fənnindən  dərs  deməyə  başlamışdır. Şəfiqə  xanım həmin  məktəbdə  1901-ci  il   noyabr  20-dən  1  sentyabr   1907-ci  ilə  qədər  azərbaycan  dilindən  dərs  demış,  sonra  isə ailə  vəziyyəti  ilə  əlaqədar  olaraq  xidməti  tərk etməyə məcbur olmuşdur. 1902-ci  ilin  məlumatına  görə  həmin dövrdə Məktəbin Qəyyumluq  Şurasının  sədri  H.Z. Tağıyev, şuranın  üzvləri  A.M.Topçubaşov, M. Latkina, H.b. Məlikov, S.V. Məlikova, S.A.Txorjevski    F.Vəzirovdan  ibarət  olmuşdur.  Məktəbin  Qəyyumluq  Şurasının  9  may  1902-ci  il  tarixli  qərarı  ilə  şuranın  sədr  müavini  H.Z.Tağıyevin  arvadı  S.V.Tağıyeva  seçilmişdir. H. Tağıyevin yorulmaz səyləri nəticəsində məktəbin  normal  fəaliyyətinin  təmin  edilməsi məqsədilə aktual sayılan müəllim  qıtlığı  məsələsini  qismən    olsa  həll  etmək mümkün  olmuşdur. H.Z.Tağıyev türk  dili  müəllimi  çatışmadığı  haqqında  qəzet  vasitəsi  ilə  müsəlman  müəllimələrə  müraciət  etmiş     bu  çağırışa  səslənən  Hənifə  xanım  Məlikova, Rəhilə  xanım  Terequlova, Məryəm  xanım  Culikeviç  Bakıya  gəlmişdilər. H. Z. Tağıyevin  maarifçilik  fəaliyyətinin  şanlı  səhifəsi  kimi  milli təhsil tariximizə daxil olan qız məktəbində  təhsil əvvəl dördillik idi, 2 ildən sonra beşillik, daha sonra isə  altıillik oldu. H.Z. Tağıyev, Bakıda  müsəlman qızlar  üçün  açdığı  məktəbin  nəzdində  ikiillik  pedaqoji  kürsların  acılmasına  da  nail  olmuşdur. Belə  ki, 1913-cü  il  fevralın  5-də  H.Z.Tağıyev Bakı  quberniyası    Dağıstan  vilayəti   xalq  məktəbləri  direktoruna  ərizə  ilə  müraciət etmişdir. Həmin  müraciətdə  qeyd  edilirdi: ” Mən, Romanovlar  səltənətinin  300  illiyi  kimi  qarşıdan  gələn fərəhli  hadisəni  rus  musəlmanlarının  öz  yurddaşları  ilə   yaxınlaşdırılmasına  xidmət edə biləcək  bir işlə  qeyd  etmək istəyirəm. Düşünürəm  ki, bu  işə  yaxşı  bir töhfə kimi  Bakı Aleksandriyski  qadın  rus-müsəlman  məktəbinin  nəzdində ikiillik  pedaqoji  kursların  açilması ola  bilər. Bu  məqsədlə  mən yüz  min  rubl  pul  ayırıram    xahiş  edirəm  ki,...hazırlanmış  nizamnamə  əsasında  İmperatrisa  Aleksandra  Fyodorovnanın  adını  daşıyacaq  ikiillik   kursların  açılmasına  icazə  verilsin.

        Bakı  Aleksandriyski  rus-müsəlman  qadın  məktəbi  nəzdində  ikiillik  pedaqoji  kursların  nizamnaməsinin  layihəsini, kurslarda  keçiriləcək  tatar (azərbaycan-müəl.) dili  fənninin proqramını, habelə  xərclər  smetasını    dərslərin  sayını əks  etdirən  cədvəli  əlavə  edirəm.”

        Aleksandriski  qadın  rus-müsəlman  məktəbinin  qəyyəmluq  şurasının  sədri  H. Z. Tağıyevə  1915-ci  il  aprelin  4-də  göndərilmiş 1201№li  məktubda  bildirilirdi  ki, Qafqaz  tədris  dairəsi  Popeçitelinn  10 aprel  1913-cü  il  tarixli, 8457№ li təklifi  ilə  müsəlman  qızlar  üçün  Aleksandriyski  məktəbinin  nəzdində  ikiillik kursların  açılmasına  icazə  vermişdir. Beləliklə, ibtidai  məktəbdə  müəllimələrin  hazırlanması  üçün  nəzərdə  tutulan  kurslar  açıldı.

       Qeyd  edirik  ki, Azərbaycanda  milli ziyalı  qadın təbəqəsinin  yaranmasında, maarifçilik tariximizdə dünyəvi  qadın  təhsilinin inkişafında, Azərbaycan qadınının dünyavi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin  əhəmiyyətli  xidmətləri  olmuşdur. Bu məktəbi  bitirən onlarla azərbaycanlı qızlar sonrakı  dövrlərdə, xüsusilə  müstəqillik  illərində  millətimizin  mədəni  tərəqqisində, Azərbaycan  Xalq Cümhuriyyətinin təhsil  siyasətinin  həyata  keçirilməsində  yaxından  iştirak  etmişdilər.

        Keçmiş  Rusiya  İmperiyasında  müsəlman  qızlar  üçün  ilk  dəfə  olaraq  H.Z.Tağıyev  tərəfindən  Bakıda  açılmış   məktəbin  fəaliyyəti  daşnak-bolşevik  dəstələri  tərəfindən  1918-ci  ilin  martında  azəbaycanlılara  qarşı  törədilmiş  Bakı  qırğını  zamanı  dayandlrılmışdır. Cümhuriyyət dövründə də bu  məktəbi bərpa etmək ümkün olmadı. Lakin bütün  bunlara  baxmayaraq  danınmaz  bir  faktdır  ki, hötən əsrin əvvəllərində yetişən ziyalı  azərbaycan qadınlarının böyük əksəriyyətini bu məktəbin  pedaqoqları    məzunları təşkil  etmişdir.

      Dövrünün  tanınmış  iri  sənayeçisi, məşhur  xeyriyyəçi-mesenat  H.Z. Tağıyevin ölkəmizdə  qadınların  təhsilə  cəlb  edilməsi, qadınlar  arasında  savadsızlığın və  geriliyin  aradan  qaldırılması  sahəsində gördüyü son dərəcə əhəmiyyətli işlər xalqımız tərəfindən heç vaxt unulmur, daim böyük hörmət və ehtiramla yad edilir.

Rafiq Səfərov

Milli Arxiv İdarəsinin baş məsləhətçisi

 

İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:

 

1.       Azərbaycan, qəz.2020-ci il, 11 mart.

2.       ARDTA, f.309, siy.1, iş 779, v. 6-6 (arxa üzü)

3.       ARDTA, f.309, siy.1, iş 780, v. 29—29 (arxa üzü)

4.       ARDTA, f.309, siy.1, iş 780, v. 46—46 (arxa üzü)

5.       Yenə orada

6.       ARDTA, f.309, siy.1, iş 780, v.50—50 (arxa üzü)

7.       Yenə orada

8.       ARDTA, f.309, siy.1, iş 780, v.50-50 (arxa üzü)

9.       ARDTA, f.309, siy.1, iş 780, v.56

10.   ARDTA, f.309, siy.1, iş 780, v.50-50 (arxa üzü)

11.   ARDTA, f.309, siy.1, iş 780, v.78a

12.   ARDTA, f.309, siy.1, iş 780, v.96-96 (arxa üzü)

13.   ARDTA, f.309, siy.1, iş 780, v.91-91 (arxa üzü)  

14.   ARDTA, f.309, siy.1, iş 780, v. 96-96 (arxa üzü)

15.   ГИААР,  ф.309, оп.1, д. 780, л. 108.

16.   ГИААР,  ф.309, оп.1, д. 938, л. 37-37 (об.)

17.   ГИААР,  ф.309, оп.1, д. 938, л. 2.



Bugün: 751
Dünən: 881
Bu həftə: 3344
Son həftə: 5867
Bu Ay: 19042
Son Ay: 20754
Bu İl: 84343
Ümumi: 1104764
1104764