Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Bakı Dövlət Universitetinin yaranması: danışır arxiv sənədləri - BDU-nun 100 illiyinə həsr edilir

Son Yenilənmə : 2019-12-11 05:08:58
Baxış sayı : 3570

            XX əsrin əvvəllərində Azərbaycanda cəmi 5 ali məktəb fəaliyyət göstərirdi: Azərbaycan Dövlət Universiteti (1919), Ali Bədii Məktəb (1920), Ali Pedaqoji İnstitut (1921), “Əzizbəyov adına” Azərbaycan Politexnik İnstitutu (1921), Azərbaycan Dövlət Konservatoriyası (1922). Bu ali təhsil ocaqlarından 3-ü (Pedaqoji İnstitut, Konservatoriya, Ali Bədii Məktəb) xüsusi ixtisas verən müəssisələr idi. Bakı Dövlət Universiteti isə ölkədə yaradılan ilk ali təhsil müəssisəsi kimi bütün təhsil ocaqları arasında flaqman sayılırdı.


            Azərbaycanın ilk ali təhsil müəssisəsinin əsasının qoyulması tarixi maraqlı faktlarla zəngindir. Bu möhtəşəm hadisənin tarixini ən gözəl canlandıra biləcək insan isə təbii ki, yalnız onun qurucusu ola bilərdi: professor Vasiliy İvanoviç Razumovski.


            Bu böyük alimin adı tarixə şərəfli rəhbər, gözəl ənənələr yaradan ustad kimi düşüb. Fövqəladə bir qətiyyətlə bu əzəmətli işin əsasını qoyan insanı kollektiv haqlı olaraq, universitetin mənəvi atası adlandırırdı. Həqiqətən də V.İ.Razumovskinin qələmindən çıxan “Bakı şəhərində Universitetin əsasının qoyulması” adlı tarixi oçerk bu hadisə barədə ən gözəl və ən müfəssəl şəkildə yazılmış, olduqca zəngin təhlilə malik bir məqalədir. (Известия Бакинского Государственного Университета. № 2.Баку. 1922 г.)

            Lakin düşünürəm ki, o böyük hadisəyə bu günümüzdən üzü geriyə - 100 il əvvələ boylanaraq, sənədlərin şahidliyi ilə işıq salmaq bizim həm də mənəvi borcumuzdur. İlk növbədə qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti ölkənin həm də bu günə qədər üç fərqli dövrdə, üç fərqli tarixi şəraitdə fəaliyyət göstərməklə də tarixə düşən yeganə ali təhsil ocağıdır. Aparılan müqayisələr isə göstərir ki, onun tarixinin daha maraqlı dövrü məhz bünövrəsinə ilk daşların qoyulduğu vaxta təsadüf edir. Bu dövr həm də ona görə maraqlı idi ki, həmin vaxt Şimali Azərbaycan müstəqillik tarixi ilə şərəflənmişdi.

            Tarixə yeni-yeni qədəm qoyan gənc bir dövlətin onun özü qədər gənc olan universitetində yaranmasından cəmi üç il sonra, yəni 1922-ci ildə artıq 34 professor, 6 dosent, 2 privat-dosent fəaliyyət göstərirdi ki, onlardan 26 nəfəri Rusiya imperiyasının ayrı-ayrı təhsil müəssisələrindən dəvət edilmişdilər. Sonradan isə daha 7 professorun dəvət olunması nəticəsində heyət 41 nəfərə çatır və beləliklə, ən böyük professor heyətinə malik olmaqla, Bakı Dövlət Universiteti sovet Rusiyanın bütün digər universitetlərindən, hətta paytaxt universitetindən belə öndə olur.

            Universitetin 3 illik yubileyi (1922) münasibətilə “Bakı Dövlət Universitetinin xəbərləri”adlı məcmuənin 2-ci nömrəsi nəşr olunur. Nəşrin redaksiya kollegiyası universitetin professorları: L.Q.Qurviç, V.İ.İvanov, A.M. Levin və N.Papov idi. Həmin buraxılış prof. N.A.Papovun redaktorluğu ilə nəşr olunmuşdu.

            Bakı şəhərində yeni bir Universitetinin açılması Zaqafqaziyanın tarixində baş verən çox mühüm bir hadisə idi. 1919-cu ilin oktyabrında prof. N.A.Dubrovskinin ümumi tarixdən mühazirəsi gənc Universitetin divarları arasında oxunan ilk mühazirə kimi tarixə düşür. Bu gün Universitetin 100 illik yubileyi bizi bir anlıq dayanıb geriyə - keçilən və artıq bir əsrlik tarixə dönən yola nəzər salmağa məcbur edir.

            Onun yaradılmasına aparan yol isə “Bakı Dövlət Universitetinin xəbərləri” adlı yubiley buraxılışının 2-ci nömrəsində dərc olunan məlum məqalədə prof. V.N.Razumovskinin dilindən belə şərh edilirdi:

            “1917-ci ilin yazında, Rusiyada inqilabi çevirilişdən sonra mən, Qafqaz ordusuna cərrah təyin edildim və mayın əvvəllərində Tiflisə gəldim. Yay aylarında Qafqaz cəbhəsinə, Kiçik Asiya və Urmiyaarxası rayonlara bir-birinin ardınca iki səfər elədim. Payızdan etibarən, Tiflisdə Travmatalogiya institutunun təşkil edilməsiylə məşğul oldum. Baxmayaraq ki, həmin vaxt müharibə artıq başa çatmışdı, lakin qoşun hələ mənzilini tərk etməmişdi.

            Oktyabrda Tiflis Ali Qadın Kursunun tibb fakultəsinin dekanı, prof. E.A.Meyer (zooloq) mənim yanıma gəldi və məni digər üzvlərlə birlikdə tibb fakultəsinin layihəsini işləyib hazırlamasında iştirak üçün dəvət etdi. Deməliyəm ki, Tiflis Qadın Kursu yanında tibb fakultəsi hələ təşkil olunma ərəfəsində idi və cəmi 2 kursu vardı. Anatomiya, fiziologiya və histalogiya kimi vacib kafedraların kurslarında isə bir nəfər də olsun professor yox idi. Fiziologiya kafedrasına ilin ikinci yarısından professor Tsıtoviç gəlir; anatomiya və histalogiya kafedraları hələ də birləşdirilməmiş qalır; kafedralarda nominal olaraq moskvalı professorlar Karuzin və Oqnevin adı gedirdi. Lakin onlar hətta həmin il qastrola belə gəlməmişdilər (növbəti il qısa müddətə gəldilər). Fakultənin tərkibində olan müəllimlərdən həkim ixtisası olanlar prof. Malenyuk (tibbi kimya) və bir də anatomiya prozektorluğunda bir neçə gənc həkim (Ter-Akopov, Zamuxovski və s.) vardı; histologiyanı zooloq Yüzbaşev tədris edirdi. Fakultənin dekanı isə Tiflisin məşhur həkim-terapevti Arutyunov idi. Mən tibb fakultəsinin layihəsini işləyib-hazırlamaq üçün əvvəlcə fakültəyə xüsusi olaraq baş çəkdim, yanvar ayından isə məni professor seçdilər və müvəqqəti olaraq, anatomiyanın tədrisini öz öhdəmə götürdüm.

            Tibb fakultəsinin layihəsi “Universitet Komissiyası” adlandırılan qurumun təklifi ilə hazırlandı. Bu komissiyanın tarixi aşağıdakı kimi idi: 1917-ci il, yayın sonunda Tiflis Şəhər Duması Tiflis rus Universiteti üçün təcili surətdə layihə və smeta tutulmasını təklif edən Salazkindən (Rusiyanın Xalq Maarif naziri) teleqram alır. Qadın kursunun təbiətşünas və fizioloq professorlarından (Məlikov, Novaşik, Maksimov, Mişenko, Kazantsev, Lopatinskiy, Blaqovidov, Kişkov və başqaları) təşkil edilmiş kursun tərkibinə həkim Arutyunov da daxil edilmişdi; komissiyanın sədri isə prof. Məlikov idi. Mən də komissiyaya dəvət edildim. Tezliklə prof.Məlikov sədrlikdən imtina elədi və mən komissiyanın sədri seçildim. Komissiyanın tərkibinə bir neçə ictimai xadimlər də daxil edilmişdi: Qafqazda məşhur olan ictimai xadim, publisist, knyaz Q.M.Tumanov da onların içərisində idi. Komissiyanın iclasları onun məclisində baş tuturdu. Komissiyanın bir neçə ümumi məclisi toplanmış, ümumi əsasları işlənilib hazırlanmış və Universitetin layihə və smetasını təfsilatı ilə hazırlamaq üçün özünün 5 nəfərdən ibarət qrupunu yaratmışdı: 3 professor (Razumovskiy, Məlikov və Maksimov) və 2 ictimai xadim bu işlə məşğul idi.

 


            Əsasən, mən və prof. Maksimovun üzərinə düşən bu iş iki aydan artıq bir müddət aldı; prof. Məlikov isə başqa işə yönəlmişdi, həmin vaxt o, Tiflis Dövlət Universitetinin rektoru vəzifəsində çalışırdı. İşlərimizin yekunlaşdığı ərəfədə Qafqaz Rusiyadan ayrıldı və gürcü, erməni və türklərdən ibarət Zaqafqaziya Respublikası adlı bir hökumət yarandı. Xalq Maarif Naziri isə Bakılı Xan – Xoyski oldu. Biz həmin hökumətə müraciət edərək, Tiflisdə rus Universitetinin yaradılması üçün bizim işlərimizdən istifadə etmələrini təklif etdik. Nazir (Xan – Xoyski) bizi dinlədi, Qafqazda rus Universitetinin əsasının qoyulmasına rəğbətini bildirdi, lakin bununla belə, “Nə üçün Tiflisdə? Tiflisdə politexnik texnikumu, indi isə Tiflis Universiteti var... Bəlkə Bakıda Universitet təşkil etmək daha münasibdir?”,- deyə əlavə elədi.

            O, smeta ilə birlikdə bizim məlumat vərəqəmizi baxmaq üçün aldı və məsələ barədə Nazirlər Şurasına məruzə edəcəyini vəd etdi. Maliyyə nazirinin (Karçikyan) məsələyə münasibətinin əhəmiyyətini nəzərə alaraq, biz onun yanında olduq, o da bizi canıyananlıqla qarşıladı; bildirdi ki, hökumətin maliyyə imkanları zəif olsa da, universitet kimi vacib bir məsələ üçün vəsait tapılmalıdır.

            Bütün bunlar xüsusilə Qafqazda başdöndürən bir sürətlə dəyişən siyasi hadisələrin cərəyan etdiyi 1917-18-ci illin qışında baş verirdi. Bizim layihəmiz isə Zaqafqaziya Respublikası Hökuməti tərəfindən baxılmamış qaldı. Belə ki, həmin hökumət, Gürcüstan, Ermənistan və Azərbaycan adlı 3 müstəqil dövlətə parçalandı. Tiflisdə yaranmış yeni Gürcüstan hökuməti bütün diqqət və qayğısını öz gürcü Universitetinə yönəltsə də, biz rus Universiteti ilə bağlı ümidlərimizi itirmədik: orada artiq 10 ildən bəri 3 fakultəsi (təbiətşünaslıq, tarix-filologiya və yeni yaradılmış tibb) ilə mövcud olan Ali Qız Kursları artıq 1918-ci ildə Universitetə çevrildi.

            Başında Şura və xüsusi Qəyyum Komissiyasının dayandığı kursların maddi vəziyyəti çətinləşirdi. Tələbələrdən onsuz da yüksək ödəniş alınmasına baxmayaraq, qışda bu məbləğ daha da artırıldı. Lakin yığılan pullar heç şəxsi heyətin əmək haqqının ödənilməsinə də çatmırdı, laboratoriya, şəbəkənin genişləndirilməsi, 3-cü fakultənin (tibb) yaranması ilə bağlı məxaricdən isə danışmağa belə dəyməzdi.

Vəsait axtarmaq lazım gəlmişdi; Gürcüstan (Tiflis Şəhər Duması) kiçik bir məbləğ verirdi, Ermənistan hökumətinin verəcəyi vəsaitə ümid edilirdi, belə ki, müdavimlərin çoxu erməni idi, elə müəllim heyətinin tərkibində də erməni qrupu üstünlük təşkil edirdi. Son ümid isə Kursa (indi isə Universitetə) məxsus binanın girov qoyulmasına qalmışdı.

            1918-ci ilin payızında, artıq mən Universitet rektoru kimi bu işə daha yaxın olduğumdan (Kurs Universitetə çevirildikdən sonra mən rektor seçilmişdim), başa düşdüm ki, Gürcüstan hökumətinin himayədarlıq etdiyi gürcü Universiteti ilə yanaşı, rus Universitetini Tiflisdə saxlamaq mümkün olmayacaq. Yekatirinodar (Rusiya), İrəvan (Ermənistan) və Bakı (Azərbaycan) şəhərləri ilə danışıqlar başladı.

            Universitetin Bakıya köçürülməsi layihəsi ətrafında daha ciddi müzakirələr aparıldı və bundan sonra mən 1919-cu ilin əvvəllərində rus Universitetinin Tiflisdən Bakıya köçürülməsi, yaxşı bina verilməsi, maddi təchizat və s. təkliflərlə Azərbaycandan Tiflisə - Xalq Maarif Naziri Həmid bəy Şahtaxtinskinin yanına gəldim. Müəllimlərin əhval-ruhiyyəsi Bakıya köçməkdən yana idi. Xüsusilə, həkim və filoloqların (tarix-filologiya fakultəsinin dekanı N.A.Dubrovski idi); təbiət fakultəsi isə parçalandı – Məlikov və tanınmış alim, botanik Navaşinin (onların hər ikisi həm də Tiflis Universitetində xidmət göstərirdi) də qoşulduqları kiçik müəllimlərdən ibarət qrup Universitetin Tiflisdə qalması tərəfdarı idi; digər, daha yığcam qrup (bu qrup sonradan politexnik texnikumunun təşkil olunduğu Yekatirinodara keçdi) isə Tiflisdə qalmağı mümkünsüz hesab edirdi.

            1919-cu ilin əvvəlində Zaqafqaziya Universitetinə yenidən professor seçilmiş A.M.Levin Bakıdan Tiflisə gəldi və müəllimlər məclisini Bakıda açılacaq Universitetin perspektivləri (bina məsələsi, hökumət, cəmiyyətin əhval-ruhiyyəsi və s.) ilə tanış elədi. Məruzədən aydın olurdu ki, Bakıda Universitetin açılması üçün münbit şərait və vəsait mövcuddur. Ayrı-ayrı qruplar və müəllimlərlə aparılan danışıqladan sonra vəziyyəti başa düşdüm və artıq universitetin Bakıya köçürülməsi bağlı Şuraya rəsmi müraciət təqdim etdim. Əksəriyyət razı olsa da, kiçik bir qrup (xüsusilə, ermənilər) hələ də Tiflisdə qalmağa ümid edirdilər (ola bilsin ki, universitetin Ermənistana köçürüləcəyinə güvənirdilər).

            Yeri gəlmişkən, Universitetin əmlakı Bakıya köçürülə bilməzdi (əmlak Popeçitel Şurasına məxsus idi və universitet bağlandığı təqdirdə şəhərdə qalırdı). Nəticədə kəskin mübahisələrin aparıldığı məclis Zaqafqaziya Universitetinin gələcək taleyi ilə bağlı məsələni həll etmək üçün 8-10 nəfərdən ibarət komissiya (tələbələrin iştirakı ilə) ayırır. Komissiya Universitetin xüsusilə, maliyyə vəziyyəti ilə bağlı çoxtərəfli məsələlərin müzakirə olunduğu bir neçə iclas keçirir: köçürülmənin əleyhinə olanlar xərclərin minimuma endirilməsini təklif edirlər; təhsil haqqını artırmaqla universitetin Tiflisdə qalmalı olduğunu sübut eləməyə çalışırdılar; bu fikri daha çox müəllimlər (Zavriyev və Yüzbaşev) dəstəkləyirdi.

            Mənim üçün bir həkim kimi aydın idi ki, bu yolla işi güc-bəla ilə başa vurmaq olardı, ən başlıcası isə o idi ki, universitetdə tədrisin ciddi şəkildə aparılması mümkün olmayacaqdı. İlk növbədə birinci kursların tələbə-həkimlərindən pul yığıb, (onlar ümumi tələbələrin üçdə ikisini təşkil edirdi) verdik; bu yığım digər fakültələrin xərclərini örtürdü. Bununla belə, tibb fakultəsinin ilk 2 kursu, xüsusilə, yeni açılmış 3-cü kurs olduqca aşağı səviyyədə təchiz olunmuşdu: 3-cü kursun erməni xəstəxanasının baraklarında təşkil olunmuş binasının cihaz, laboratoriya avadanlıqları, mebel və s. təchizatı çox pis uyğunlaşdırılmışdı; gürcü hökumətinin tələbilə anatomiya prozekturası qışın ortasında Mixaylovski xəstəxanasından çıxarılaraq, tamamilə yarasız olan erməni xəstəxanasına köçürülmüşdü; hətta arakəsmə və primitiv mebel də yox idi; ilk 2 kursun digər kafedraları da bina və laboratoriya baxımından olduqca pis qurulmuşdu; məhdud sayda mikroskoplar fakültədən kafedraya, kafedradan-kafedraya gəzib-dolaşırdı. Bununla belə, payızda tibb fakultəsinin 7-8 kafedradan ibarət 4-cü kursunun açılması nəzərdə tutulurdu: Hətta Universitetə məxsus binanın satılması hesabına belə örtülməsi mümkün olmayacaq nəhəng xərclər (bunu mən Saratov Universitetinin təşkilindən bilirdim) tələb olunurdu.

            Maddi iflasın yanına, bir də gürcü və rus Zaqafqaziya universitetlərinin müəllimlərinin iştirakı ilə keçirilən şəhər idarəsinin iclasında aydınlaşmış məsələ də əlavə olunur: 4-cü kurs üçün klinikanın açıldığı erməni xəstəxanasının bütünlüklə Gürcüstan Universitetinin tədrisindən kənarlaşması. Bu məsələ Şəhər Upravasının Zaqafqaziyanın gürcü və rus universitetləri müəllimlərinin də iştirakı ilə keçirilən iclasında xüsusilə aydınlaşdı.

            İki çıxış yolu qalırdı: ya başqa şəhərə köçmək, ya da tibb fakultəsini rüşeym halında qoymaq və yalnız yetərsiz təşkil olunmuş vəziyyətdə olan, çox zəif təchiz edilmiş 1-ci kursu saxlamaq. Həmin vaxt tibb fakultəsinin kifayət qədər ciddi şəxsi heyəti (Levin, Şirokoqorov, Tsitoviç, Oşman, Malenyuk, Arutyunov və s.), bir neçə yaxşı assistenti və hər halda, tibb fakultəsinin təşkil olunması üçün yetərli yığcam nüvəsi vardı.

            Komissiyada Zaqafqaziya Universitetinin taleyi həll edilərkən, qətiyyətlə əmin olduq ki, Kursun (universitet olmazdan əvvəlki) şəhərlə bağladığı müqaviləyə görə, biz başqa şəhərə köçərkən universitetə məxsus əmlakı özümüzlə apara bilmərik. Komissiya qəti bir qərara gələ bilmədi, lakin irəliyə doğru bir addım atdı və 3 üzvünü (Dubrovski, İşkov, Tsitoviç) hökumətlə danışıqlar aparmaq, binaya baxış və s. üçün Bakıya ezam etdi. Komissiya ilə birlikdə tələbələrin təmsilçisi də ora yollandı.

Danışıqların nəticəsi faydalı oldu: Azərbaycan Hökumətinin (Yusifbəyov başda olmaqla) Bakıda Universitetin olması ilə bağlı ciddi münasibəti bizə aydın oldu. Cəmiyyətin bütün siniflərinin, o cümlədən, fəhlələrin də (onlarla da danışıqlar aparıldı) əhval-ruhiyyəsi Bakıda təcili şəkildə Universitetin açılmasından yana idi. Azərbaycan Hökumətinin özünün Universiteti olması ilə bağlı qərarı o qədər ciddi idi ki, hətta rus Zaqafqaziya Universiteti ora köçürülməsə belə, Bakıda Universitet olacağı bəlli idi: müddət isə 1 may tarixdən olmaqla qətiləşdirildi.

            Bəs tələbələrin münasibəti necə idi? Universitetin əsasnaməsini bəyan elədiyim ümumtələbə yığıncağında bir neçə cərəyan özünü büruzə verdi: İrəvanın lehinə səslər vardı, Tiflisdə qalmasını istəyənlər olsa da, daha böyük qrup, xüsusilə, Tiflisdə qalmağın mümkünsüzlüyünü başa düşən həkimlər Bakının tərəfində idi.

        Əlbəttə, Universitet köçürülərkən, başqa bir şəhərə daşınaraq orada tələbələrlə birlikdə yerləşmənin bütün çətinlikləri zamanı, xüsusilə, şəhərlərin indiki izdihamlı vaxtında belə bir ağır vəziyyətin şahidi ola bilmədim. Çünki həmin vaxt müharibə səbəbindən Kiyev Universitetinin müvəqqəti köçürüldüyü Saratovda idim. Buna görə də biz Azərbaycan hökuməti ilə qabaqcadan aparılan danışıqlarda tələbələrin yaşaması üçün yataqxana təminatı ilə bağlı əvvəlcədən şərt kəsmişdik.

            Erməni xadimlər də öz hökumətləri ilə danışıqlar aparmaq üçün İrəvana getmişdilər. Mənə də təklif eləmişdilər ki, İrəvanda Universitetin təşkil edilməsi məsələsinin məsuliyyətini qeyri-rəsmi öz öhdəmə götürüm. Məndə olan məlumatlara görə, müharibə İrəvanı iflasa və aclığa uğratmışdı, yaxın zamanlarda orada Universitetin əsasının qoyulması üçün əlverişli şəraitin olacağı mümkün görünmürdü. Xüsusilə, orada yaxşı klinik müəssisə tələb edən fakultə açmaq da mümkün deyildi. Bu fikirləri mən ciddi bir erməni xadimi olan və Ermənistanda Universitet açılmasını dəstəkləyən D.X.Zavriyevə də bildirdim; həmçinin, ona xəbər verdim ki, tibb fakultəsinin professoru da İrəvana getməkdən qəti imtina edir. Onsuz da Ermənistan tərəfdən qəti bir cavab gəlməmişdi, hətta Gürcüstanın verdiyi qədər cüzi miqdarda olan vəsaiti Ermənistandan ala bilmədik.

            Aprelin sonunda (1919) mən, Azərbaycan hökuməti tərəfindən Bakıda Universitetin təşkil olunmasını və təşkilat komissiyası yaratmağı öz öhdəmə götürməklə bağlı rəsmi təklif aldım. Bu barədə gələn teleqramın mətni belə idi:

            “Tiflis, Zaqafqaziya Universitetinin rektoru, prof. Razumovskiyə.

            Azərbaycan Respublikası Hökumətinin 8 aprel tarixli qərarıyla Xalq Maarif Nazirliyinə tapşırılır ki, 1919-20-ci tədris ilinin əvvəlindən Bakıda Universitet açılsın. Əlahəzrət, Sizdən xahiş edirik, Zaqafqaziya Universiteti nümayəndələrinin keçmiş maarif naziri (Yusifbəyov) ilə danışıqları əsnasında qeyd olunmuş şərtlər daxilində Bakı şəhərində təsis edilməkdə olan Universitetin təşkil olunması işini öz üzərinizə götürəsiniz. Razılaşacağınız təqdirdə, Sizin gəlişinizi gözləyirəm. Xalq Maarif Nazirliyinin rəhbəri Şahtaxtinski”.

            Eyni vaxtda mən prof. A.M.Levindən də teleqram aldım: “Əgər gəlməyə razısınızsa, Nazirlik təşkilat komissiyasını da sizinlə birlikdə dəvət edir. Tələsmək lazımdır. Levin”.

            Tezliklə cavab verilməliydi. Yoldaşlarla danışıqlardan sonra, mən Zaqafqaziya Universitetinin rektorluğunu üzərimdən atdım və Bakıya razılıqla bağlı teleqram göndərdim. Elə həmin saatdan etibarən komissiya tərtibinə başladım. Filoloqlardan Dubrovskiy (tarix-filologiya fakultəsinin dekanı) və İşkovu, həkimlərdən Levin və Tsitoviçi komissiyaya dəvət etdim. Təbiyyatçılardan heç kimi dəvət eləmədim, çünki yuxarıda göstərdiyim kimi onlar danışıqların nəticəsini gözləmədən Yekaterinodara (politexnikuma) getmişdilər. Onlardan bəziləri getməzdən öncə bildirmişdilər ki, əgər Universitet açılarsa, onda oraya keçə bilərlər. Bu isə mənə Bakıda tarix-filologiya və tibbdən sonra, yaxın gələcəkdə təbiyyat fakultəsi də açmağa ümid verirdi.

            Alim heyətinin Bakı və Yekaterinodara keçməsi qərara alındıqdan sonra, gürcü mühitində Gürcüstanın taleyi ilə bağlı təşviş hiss olunurdu. Gürcü müəllimlərin sayca az olduğu Universitetdə rus alimləri də çalışırdılar. Hətta Gürcüstanın Xalq Maarif naziri (Ramişvili) bizi çağıraraq Gürcüstanda qalmağa inandırmaq istədi. Lakin bununla belə bildirdi ki, bu, müvəqqəti olacaq – Gürcüstan öz elm xadimlərini tapana qədər.

            Belə bir açıq münasibət məni bir daha inandırdı ki, Universitet və professor heyətinin daha etibarlı bir vəziyyətə güvənə biləcəkləri yerdə - Bakıda yeni Universitet təşkil etməklə bağlı doğru hərəkət edirəm.

            Məni hər şeydən çox tələbə gənclərin taleyi narahat edirdi. Tələbələr arasında həkimlər çox idilər, bu isə artıq məni Bakıda tərkibində bir deyil, bir neçə kursun olacağı Tibb fakultəsini açmaqla vəzifələndirirdi. Bakıya gedərkən tələbələrin məni yola salmaqları, ötürməkləri (ünvanlarla, çiçəklərlə və s.) məni inandırdı ki, mənim davranışım tələbələrin maraqları ilə üst-üstə düşür. Belə görünürdü ki, Tiflisin həkim mühiti də Bakıda yeni tibb fakultəsinin açılmasını bəyənir: getməzdən bir neçə gün əvvəl mən Qafqaz Tibb Cəmiyyətinin (Tiflis) sədrindən cəmiyyətin fəxri üzvü seçilməyimlə bağlı məktub da aldım.

            Tərəddüd etmədən və xoş ümidlərlə S.N.Dubrovski ilə birlikdə Bakıya köçdük. Professor A.M.Levin artıq Bakıda idi. Komissiya üzvləri L.A.İşkov və İ.S.Tsıtoviç Tiflisdə qalmışdılar, biz onların vasitəçiliyi ilə Tiflisdə bir sıra sifarişlər etmək və kitablar almaq niyyətində idik: bu plan yola düşməzdən qabaq mənim Tiflisdəki evimdə keçirdiyim xüsusi yığıncaqda tərtib olunmuşdu.

            Bakıya gələn kimi, elə həmin saatda üçlükdə (mən, Dubrovskiy, Levin) Universitetin köçürülməsi təklif olunan binaya baxdıqdan sonra, Nazirlər Şurasının sədri Yusifbəyovun yanına getdik və nazirliklərdən, parlament və Bakı şəhərindən nümayəndələrin də üzvlük hüququ ilə bizim komissiyamıza cəlb olunmasının vacibliyini bildirdik. Yusifbəyov razılaşdı və 4-cü şəxs neft sənayeçiləri qurultayından qatıldı. Doğrudur, həmin təmsilçi bizə qatılmaqla güman edilirdi ki, bu nəhəng və varlı təşkilat Universitetə hər hansı bir maliyyə yardımı edəcək, lakin ümidlərimiz özünü doğrultmadı; Universitet onlardan heç nə almadı, hətta biz onların kitabxanasından müvəqqəti olsa belə, istifadə edə bilmədik. Bundan başqa Bakının müalicə müəssisələrindən də 3 nəfər (Ter-Mikaelyans, Məlik bəy Sultanov və Giides) məşvərətçi səslə dəvət edildi.

            Belə əhəmiyyətli və məsuliyyətli iş üçün Komissiyaya katib tapmaq da vacib idi. Bu baxımdan, komissiyamızın bəxti gətirmişdi: Bakıda, Əkinçilik Nazirliyində təhsilli bir hüquqşünas İ.A.Babuşkin (vaxtilə Kazan Universitetində çalışmışdı) vardı. Bir qədər tərəddüddən sonra o, qarşıda duran nəhəng işlərlə bir araya gəlməsi mümkün olmayacağı üçün əvvəlki xidmətini tərk edərək, katiblik vəzifəsinin icrasına razılaşdı. Komissiyaya parlamentin binasında (Nikolayev küçəsində) 2 otaq ayrıldı və balaca bir dəftərxana (2 nəfər mirzə ) verildi...Universitetin necə çətinliklə və böyük zəhmət hesabına yaradılmasından bəhs edən professor Vasiliy İvanoviç Razumovski daha sonra yazır:-...İlk iclas müvəqqəti olaraq Xalq Maarif naziri vəzifəsini icra edən İsa bəy Hacınskinin sədrliyi ilə keçdi. Komissiyanın qarşısında aşağıdakı məsələlər dayanırdı:

            1) Təcili surətdə Universitetin layihə, smeta və Nizamnaməsi işlənib-hazırlanaraq, Parlamentə təqdim edilsin;

            2) Universitet üçün ayrılmış bina payıza qədər uyğunlaşdırılıb, təchiz edilsin;
            3) Mebel, cihazlar, laboratoriya ləvazimatları, kitab və digərləri yay ərzində hazırlansın və payızda artıq Universitet açılsın.

            Olduqca cəld, qeyri-adi bir gərginliklə işləmək lazım gəlirdi. İşlərin bütün ağırlığı isə 4 nəfərin (Mən, Dubrovski, Levin, Babuşkin) üzərinə düşürdü. Ədalətlə demək lazımdır ki, komissiyanın digər üzvləri də sifarişlərin verilməsində, yoxlamalar və s. işlərdə heç də az zəhmət çəkmirdilər. Xüsusilə, baş həkimlər və şəhər təmsilçisi, upravanın üzvü Cəfərov bizim ən çalışqan əməkdaşlarımız idi.

            Kimyaçı L.Q. Qurviç, zooloq K.N.Derjavin və əczaçılıq magistri İ.K.Qolberq də Komissiyaya cəlb edilmişdilər. Gündəlik məsələlər belə nizamlanırdı: Komissiyanın iclasları, ardınca yoxlamalar, sifarişlər, podratçılarla danışıqlar, götürülən sifarişlər. Həmçinin, əlbəttə ki, mənzillərdə aparılan hazırlıq işləri. Xüsusilə, zehni gərginlik tələb edən işləri – məsələn, nizamnamənin layihəsinin tərtib olunması, məruzə qeydləri və s. kimi işləri görmək üçün sübh tezdən oyanmaq və isti düşənədək (səhər saat 6-dan 10-a qədər) çalışmaq lazım gəlirdi. Bundan sonra isə komissiyanın iclaslarına yollanırdıq. Axşamlar adətən elə yorulurduq ki, gecə işlərinə gücümüz qalmırdı: hələ gün ərzində tez-tez bir neçə yerə (nazirliyə, şəhərdəki müxtəlif laboratoriyalara, Universitetin binasına, yataqxanaya, sifariş arxasınca və s.) piyada getmək lazım gəlirdi; nəqliyyat vasitəmiz yox idi, bahalı faytonçulara sarı isə nadir hallarda qaçardıq.

            Təfərrüfata keçirəm. Hər şeydən əvvəl, komissiyanın özünün işləməsi üçün əsas qaydalar (təlimat) hazırlandı və təcili surətdə Nazirlər Şurası tərəfindən təsdiq edildi; bununla belə, xərclər (sifarişlər, bazarlıq, avadanlıq, tikinti və s.) üçün komissiyanın sərəncamına xəzinənin depozitindən cəmi 1 milyon vəsait ayrıldı. Smeta mövcud pula üyğun olaraq, 2 fakultə – tarix-filologiya (1 kurs) və tibb (3 kurs) üçün işlənildi. Laboratoriya və klinik kafedraların smetası daha böyük iş tələb edirdi: Hər kafedra üçün siyahı (təsərrüfat və xüsusi inventarlar) tərtib eləmək lazım idi; qiymətlərin, eyni zamanda, kursun sürətlə yüksəldiyi və dəyişdiyi vaxtda, xarici firmaların kataloqu üzrə obyektlərin dəyərləndirilməsi, əlbəttə, yalnız təxmini mümkün ola bilərdi.

            Laboratoriya və tibbi inventarların yerində əldə edilməsi, şübhəsiz ki, çox az hallarda mümkün olurdu. Bəzi şeylər Tiflisdən alınmışdı. Dərhal podratçılarla auditoriya və laboratoriya mebellərinin müəyyən müddət içərisində hazırlanması və çatdırılması ilə bağlı müqavilələr ( notarial) bağlanılmışdı: obyektlər tapşırıq üzrə və təsvirlər əsasında hazırlanırdı. Bakıdakı mövcud laboratoriyalardan heç olmasa, az miqdarda hazır laboratoriya vasitələri (məsələn, həmin laboratoriyaların anbarlarında istifadəsiz qalan texnika) almaq cəhdi nəticə vermədi.

            Fiziologiya üçün bəzi şeyləri Tiflisdən, oradakı komissiya üzvü prof. Tsitoviçin sifarişi üzrə aldıq. Tiflisdəki laboratoriyanı (Qurviç tərəfindən baxılmış) almaq cəhdi uğursuz oldu: Gürcüstan hökuməti laboratoriya obyektlərinin Bakıya daşınmasına icazə vermədi.

            Təcili işlərdən biri də binanın uyğunlaşdırılması məsələsi idi. Hökumət 2 yaxşı bina vermişdi: Kommersiya uçilişi və gimnaziya binaları. İlk il üçün bizə ikinci binanın yalnız bir hissəsi lazım idi. Kommersiya uçilişinə tarix-filologiya fakultəsi və kafedraların böyük bir hissəsinin (kabinet və laboratoriyalarla birlikdə), tibb fakultəsinin 2 kursunun yerləşdirilməsi nəzərdə tutulurdu; gimnaziyaya isə 3-cü kursun laboratoriyası və klinikalar. Binalar nəinki uyğunlaşdırılmamışdı, hətta hələ də zəbt olunmuş vəziyyətdə idi: Kommersiya üçilişi ingilislər və onların anbarları, gimnaziya isə pedaqoji kurslar və gimnaziya müəssisələri tərəfindən.

            Nazirlərlə dəfələrlə aparılan danışıqlar, müəssisələrlə gedən şəxsi danışıqlar kömək etmirdi; böyük səylərlə, Hökumət tərəfindən göstərilən təzyiqlərdən sonra binaları yalnız avqust ayında azad edə bildik. Lakin onu da demək lazımdır ki, Bakı mühitində binaların boşaldılması çətinliklə baş tutdu: çıxarılan idarələri yerləşdirmək üçün uyğun yerlər tapmaq çətin idi. İngilislərə gəldikdə isə, onlar elə ilk görüşdən Universitetə kömək elədilər və hətta bir neçə əşya da qoyub getdilər.

Beləliklə, əsas binaların uyğunlaşdırılması və təchızatı işinin başlaması yayın axırlarında ancaq mümkün oldu. Lakin çöl-bayır işləri təxirə salınmadan, yayın əvvəlində başladı: Kommersiya uçilişinin camaşirxanasının yarımçıq qalmış tikintisi başa çatdırıldı, arakəsmələr, sobalar qoyuldu, su, elektrik çəkildi və s. Bina anatomiya məşğələləri (prozektor və preparat otağı) üçün uyğunlaşdırıldı; yandakı yarıuçuq anbarda meyitxana quruldu. Bununla da payızda anatomiya məşğələlərini başlamaq imkanını təmin elədi. İşlərin qaydaya salınması və təchizat işinə prozektor Cor bəy Urusovun (iyulda xidmətə dəvət olunmuşdu) köməyi az olmadı.

            Kimya laboratoriyası ilə iş çətin oldu; əsas binanın təchizatının tezliklə başa gəlməsinə ümid etmək (dediyim kimi, bina hələ boşaldılmamışdı) mümkünsüz idi; buna görə də başlanğıc üçün Kommersiya uçilişinə qonşu olan bir neçə otaq, neft tədqiqi laboratoriyası birtəhər düzəldildi; hətta bu hökumət müəssisəsinin özünü belə almaq çətinliksiz başa gəlmədi. Yenidənqurma və təchizat işlərinin bir hissəsi təsərrüfat üsulu ilə, bir hissəsi podratçılar vasitəsilə həyata keçirildi; bu işdə də nazirliyin memarı Vasilyevin iştirakı ilə xüsusi smeta tutmaq lazım gəldi.

            Bizim kiçik dəftərxanamızla da iş asan olmadı: iclasların gündəlik protokol və yazışmalarının tərtibi (protokollar baxılma və təsdiq üçün xalq maarif nazirinə göndərilirdi), smeta yazışmaları, layihələr, müqavilələr, müxtəlif idarələrlə əlaqələr – bütün bu nəhəng işlər bizim sərəncamımızda olan belə kiçik bir dəftərxanada aparılırdı. Yalnız Babuşkinin enerjisi və iş qabiliyyəti hesabına işlər ləngimədən gedirdi; o, bizə danışıqlar və müqavilələr zamanı hüquq məsləhətçisi kimi də xeyir verirdi.

            Mən qaz cihazlarının qurulması və kitabxana haqqında ayrıca danışmaq istəyirəm. Bakıda qazı yerdən də (qaz zavodu olmadan) əldə etmək mümkündür: texniklərin bizə təqdim etdikləri layihənin həyata keçə bilməsi yalnız bir neçə aydan sonra mümkün olardı. Müharibə zamanının gətirdiyi ədavət də işin uzanmasına təhlükə yaradırdı, qaz isə payızda artıq bizə lazım idi. Buna görə də qərara alındı ki, qazolin aparatları qoyulsun və gec də olsa, həmin aparatların qoyulması icra edildi.

            Kitab işinə keçirəm. Tarix-filologiya fakultəsi üçün Dubrovski (Bakıda) və İşkov (Tiflisdə) çalışırdılar; onların sayəsində qaneedici kitab kolleksiyası tərtib etmək, bir neçə şəxsi kitabxana almaq mümkün oldu, az olsa da, hər halda, əldə edildi. Tibb ilə bağlı vəziyyət isə pis idi. Doğrudur, Balaxanıda ( şəhər kənarında) Neft Sənayeçiləri Qurultayına məxsus olan xəstəxananın yaxşı kitabxanası vardı və yalnız bir neçə həkimə xidmət göstərirdi ki, onların da bəziləri Bakıda yaşayırdı; lakin bütün cəhdlərə baxmayaraq, həmin kitabxananı ala bilmədik, hətta ondan müvəqqəti istifadə etmək də mümkün olmadı; biz (mən və Levin) bir neçə dəfə əsas başçının – faktiki olaraq neftsənayesinin sahibinin yanında olduq: Qurultay sədrinə, müdirə kənardan (bu işdə bizə həkim B.K.Finkelşteyn köməklik etdi) təsir etməyə cəhd göstərdik, lakin uğursuz oldu. Bakıda isə Universitetə xidmət göstərə biləcək başqa tibb kitabxanası yox idi; professor Levinin yaxşı şəxsi kitabxanası vardı, məndə isə heç o da yox idi. Belə ki, bir neçə il əvvəl mən öz kitabxanamı Saratov Universitetinə bağışlamışdım.

            Ümumiyyətlə, yay ərzində istər kitab, istərsə də müxtəlif laboratoriya və tibbi ləvazimatlardan əldə edilənlər olduqca az idi: cəmi 8 mikroskop. Elə ilk vaxtdan biz, əldə edilməsi vacib olan cihaz, kitab, alət, material və s. alınması üçün hökumət qarşısında hər hansı bir xarici ölkəyə ezamiyyət məsələsini qoyduq; prof. Tsitoviçin ezam edilməsi nəzərdə tutulurdu. Baxmayaraq ki, Hökumət işin vacibliyini dərk edirdi, lakin nə qədər ki, Universitet və onun smetası Parlament tərəfindən qəbil edilməmişdi, Hökumət xarici ölkədən satınalma üçün vəsait buraxmağa hüququ olmadığını düşünürdü. Universitet üçün ayrılmış binaya münasibətdə də Hökumət qətiyyətsiz davranırdı, bu isə fəaliyyət göstərməkdə bizim əl-qolumuzu bağlayırdı.

            Bax, buna görədə bizim işimiz ilk növbədə smetanın, layihənin və Universitet nizamnaməsinin təcili surətdə tərtib edilib, Parlamentin müzakirəsinə verilməsinə istiqamətlənmişdi. Olduqca gərgin çalışmaqla bir aydan qısa müddətdə bu böyük işi, hətta Universitet Nizamnaməsini tam şəkildə hazırlayaraq, başa çatdıra bildik.

            Nizamnamə haqqında bir neçə söz deməliyəm. Hələ Tiflis Zaqafqaziya Universitetində bizim Zaqafqaziya Universiteti üçün Nizamnamə (sonradan Şura tərəfindən qəbul edilmişdi) tərtib etmiş olan bir neçə nəfərdən (Maksimov, Zavriyev, Arutyunov, Yüzbaşev) ibarət komissiyamız vardı. Universitetin Nizamnaməsini işləyib-hazırlamaq üzrə bir neçə müxtəlif komissiyada (Kazan, Saratov, Petroqrad) işlədiyimdən, mənim davamlı akademik təcrübəm ( professor, dekan və rektor kimi) əsasında belə nəticəyə gəldim ki, daha məqbul olanı Universitetə az-çox muxtariyyət verən Nizamnamədir. Hökumətin Rektor (nazir tərəfindən təyin edilən) üzərindən Universitetə nəzarəti başlıca olaraq maliyyə hissəsinə nəzarətdən (bölüşdürülməsindən çox, nə qədər düzgün xərclənməsi baxımından) asılıdır. Alman nümunəsi üzrə - tədrisdə tam azadlıq (Sehr – und Lerntreiheit). Tərəfimdən tərtib edilmiş Nizamnamə layihəsinin eskizi də məhz həmin əsaslarla hazırlanmışdı və biz üçümüz (mən, Dubrovskiy və Levin) əvvəlcədən Levinin mənzilində müzakirə etdikdən sonra onu komissiyadan da keçirmişdik.

            Həmin Nizamnamənin bir neçə zəruri xüsusiyyətlərini göstərirəm: Rektor, Şura, İdarə (təsərrüfat hissəsi), Fakultələr. Əsas işlər Şuraya məxsusdur: idarəçilik, bütün seçilənlərin təsdiq edilməsi (dekanlar da daxil olmaqla), müdiriyyətin ( və Rektorun) seçilməsi, tədrisə və ümumi işlərin gedişinə nəzarət. Professorlar müsabiqə əsasında seçilir.

            Rektor diskresion hakimiyyətə malikdir, lakin bütün fövqəladə sərəncamlar barədə ən yaxın iclaslarda İdarə və Şuraya məlumat verir. Tələbələr İdarə, Şura və Fakultələrdə məşvərətçi səslə iştirak edir; tələbələrin iştirakı təfsilatı ilə işlənilməmişdir, lakin tələbələrin bir neçə məsələnin həllində həlledici səs hüququnda iştirakının mümkün olması nəzərdə tutulur. Məsələn, inzibati heyətin seçilməsində və onların səlahiyyətləriylə bağlı digər məsələlərdə.

            Səlahiyyətlilik prinsipi Nizamnamədə bütün seçkilərin əsasını təşkil edir: Məsələn, professoru yalnız professorlar və bir neçə kiçik (elmi stajı olan) müəllim seçir; yalnız bir elmi dərəcə saxlanılır. Dövlət imtahanlarının (Hökumətlə razılaşdırılmış proqram üzrə) keçirilməsi hüququ Universitetə məxsusdur. Kafedralara xarici alimlərin dəvəti və s. – bunlar Nizamnamənin mövcud vacib cizgiləriydi.

            Nizamnamə bir ilə qədər fəaliyyət göstərdi və Bakı Dövlət Universiteti də öz elmi – tədris həyatına onun əsasında başladı. Bizim Nizamnaməni rus universitetlərinin əvvəlki Nizamnamələrindən (1863 və 1884 – cü il) fərqli edən cəhət ondan ibarət idi ki, fakultələrin və şuranın tərkibinə müəyyən səlahiyyətlilik qorunmaqla, məlum məhdudiyyətlərlə kiçik müəllimlər (assistentlər, laborantlar və b.) salınmışdı; professorlar tərəfindən dosent rütbəsi saxlanılmışdı; professorların ordinar və ekstraordinar bölgüsü ləğv edilmişdi; yerli mühitə uyğun olaraq, müvəqqəti müəllim adı (boş qalmış kafedralar üçün) daxil edilmişdi.

            Universitetin açılması barədə xüsusi olaraq qanun layihəsi tərtib edildi: açılış intizamı, Universitet orqanlarının formalaşdırılması, vəsaitin buraxılması, tələbələrin qəbul qaydası və ilaxır.

            Başlanğıcda biz Universitet qanununun təməlində seçkili əsasların olmasını irəli sürmək istəyirdik: Akademik qrupdan 5 və digər qrupdan 4 üzvdən ibarət təşkil edilmiş Universitet komissiyası ilk rektoru və dekanları seçir: 2 fakultə üçün 10 nəfərdən çox olmamaq şərtilə professorları dəvət edir; sonra isə tərkibini seçkili əsaslarla artırmaq hüququnda olan Şura və Fakultələr təşkil olunub, formalaşdırılır. Eyni zamanda, Universitetin rektor və dekanlardan ibarət İdarəsi təşkil olunur ki, Universitetin açılması ilə təşkilat komissiyası funksiyasını öz üzərlərinə alan sonuncuların (dekanların) həmin funksiya üzrə fəaliyyəti bitir. Universitetin qanun layihəsinə ətraflı tərtib edilmiş smeta və universitet Nizamnaməsi yanında, həm də izahat vərəqəsi əlavə edilərək, Nazirlər Şurasının müzakirəsinə və Parlamentə təqdim edilmişdi.

            Bax, elə bu yerdə də qanunvericilik süründürməçiliyi başladı. Xalq Maarif Nazirliyinin rəhbərliyinə yenicə seçilmiş nazir – çox çalışqan və ziyalı bir şəxs olan Rəşid xan Kaplanov sənədləri ləngitmədi. Lakin Nazirlər Şurasında iş uzun müddət qaldı və yalnız iyunun axırında Parlamentə ötürüldü. Universitet işi parlament komissiyasından keçdiyi zaman isə əsl süründürməçilk başladı. Biz, əlbəttə işi sürətləndirmək üçün əlimizdən gələn hər şeyi edirdik: Parlamentin rəyasət heyəti, komissiya sədri ilə, Parlamentin ayrı-ayrı üzvləriylə danışıqlar aparır, inadla inandırmağa çalışır və göstərirdik ki, bu ləngimə Universitet məsələsinə bütünlüklə iflas təhlükəsi yaradır, belə gedərsə, məsələ Universitetin Bakıya köçürülməsi vaxtı iş uzandığında Tiflisdə təbiyyatçılarlə baş verdiyi kimi olacaq və professorların çoxu başqa universitetlərə gedəcəklər.

            Lakin ümumiyyətlə, bizim çabalarımız, ərizələrimiz, izahatlarımız zəif təsir göstərirdi. Artıq birinci komissiyada (maliyyə) bir sıra çəkişmələr və hətta ayrı-ayrı üzvlər tərəfindən müqavimətlə rastlaşdıq.

Sonuncu vəziyyət aydınlaşdırmağı təlb edir. Bunu söyləmək nə qədər kədərli olsa da, inandırım ki, cəmiyyətdə və Parlamentdə bəziləri Bakıda Universitet açmağın əleyhinə idi. Təəssüf ki, bu cərəyan təkcə qara, fanatik elementlərin sırasında deyildi, həm də özlərini “ziyalı” adlandıranlar arasında da vardı. Başlanğıcda bu axın aydın olmayan, zəif cəhdlər formasında idi. Lakin sonra təşkilatlandı: dövri mətbuatda Universitet əleyhinə ədavətli məqalələr dərc olundu. Universitet əleyhinə çıxışların (bəzən üstüörtülü, bəzən açıq-aşkar) aparıldığı hansısa iclaslar keçirildi və hətta Hökumətin tərkibində olan bəzi çox nüfuzlu simalar uğur qazanırdılar, baxmayaraq ki, bizim dostlarımız – gənc ziyalılar onlara müxalifətdə dayanırdılar.

            Universitet əleyhinə olan dəlillərdən biri belə idi ki, Azərbaycan üçün öz Universitetini yaratmağın yerinə, seçilmiş gənc adamları təhsil almaq üçün Qərbi Avropaya göndərmək daha yaxşı olar. Universitetin yerli əhəmiyyəti, bütün diyar üçün mədəniyyət ocağı olması, əlavə olaraq, həm də yalnız seçilmiş (himayədarları olan) bəxtəvərlərə deyil, əksinə, bütün maariflənmək istəyənlərə xidmət göstərə biləcəyi barədə danışmaq ya unudulmuşdu, ya da bilərəkdən bu barədə susurdular... Hər halda, biz daha çox əmin olurduq ki, işin Parlamentdə ləngidilməsi təsadüfü deyil, kimlərinsə tərəfindən yönəldilir.

Belə düşünməyə əsas vardı ki, parlamentdəki universitet məsələsini irəli sürmüş Yusifbəyovun da mənsub olduğu ən mötəbər partiyanın (Müsavat) bəzi nüfuzlu üzvləri gizli müqavimət göstərirdilər. Bu, Universitet üçün çalışan və siyasi konyukturlardan və nüfuzlu insanların şəxsi münasibətlərindən başı çıxmayan biz komissiya üzvləri üçün ən çətin dövr idi. Bizim heç bir tərəddüdsüz zəhmət çəkib, inandığımız iş tükdən asılı qalmışdı...

            Bəs nə etməli? Hökumətlə, parlament üzvləri ilə danışıqlar başladı və burada biz Universitetin və maarifçiliyin həqiqi dostlarını tapdıq. Onların başında hər kəsdən öndə türk yazıçısı, Parlamentin nüfuzlu üzvü olan Rəsulzadə, onun ardınca isə Parlament sədri doktor Ağayev və katıb Pepinov, həmçinin, Parlamentin sosialist qrupu, xüsusilə, S.A.Ağamalov gəlirdi; çalışqan bir insan olan Camal bəyin də köməyi az olmadı. Qanunvericilik təklifləri komissiyasının fəxri sədri Vonsoviçi də böyük minnətdarlıqla xatırlayıram. O, maliyyə komissiyasinin uzunmüddətli ləngitməsindən sonra, işi tez bir vaxtda öz komissiyasından keçirdi.

            Müsavat partiyasındakı fikir ayrılığı iş komissiyadan parlamentin ümumi yığıncağına keçənə qədər davam etdi; Universitetin Müsavat partiyasından olan gizli və aşkar düşmənləri partiyanın qərarına tabe olmalı idilər. Bu, Rəsulzadənin sayəsində, onun səyi və onlara qarşı göstərdiyi ziyalı yanaşma nəticəsində mümkün oldu. İki partiyan (Müsavat və sosialist) bizim tərəfimizdə olması artıq parlamentdə böyük səs üstünlüyünü təmin edirdi.

            Sağ təmayüllü digər partiyalar daha bizim üçün qorxulu deyildi, xüsusən, onların bəzi üzvlərilə şəxsi söhbət zamanı əmin oldum ki, aralarında Bakıda Universitet açılmasına dəstək göstərənlər də var. Başlanğıcda bütün bu partiya və siyasi münasibətlər mənim üçün qaranlıq bir meşə kimi idi; sonradan yavaş-yavaş onları təhlil edib, anlaya bildim. Bu istiqamətdə mənə N.A.Dubrovski çox kömək oldu. O, bir tarixçi və təcrübəli publisist (Tiflisdə qəzet redaktoru işləmişdi) kimi mürəkkəb siyasi münasibətlərdən yaxşı baş çıxarırdı. Həmçinin, A.M.Levinin də bu işdə mənə yardımı dəydi; o artıq 4 il idi ki, Bakıda yaşayırdı və burada mövcud olan partiyalar və şəxsi münasibətlərə yaxşı bələd idi.

            Nəhayət, məsələ Parlamentin ümumi yığıncağına daxil oldu. Biz yığıncaqda iştirak elədik. Lojada oturmuşduq. Böyük bir Parlament günü idi... Qeyri-adi insan axını vardı; çoxlu Bakı ziyalısı gəlmişdi. Universitetin alovlu dostları sırasında olan Mehdi bəy Hacınskinin məruzəsindən sonra xalq maarif nazirinin nitqi (Universitetin diyar üçün vacibliyini inandırıcı şəkildə sübut edən, gözəl bir nitq) gəlir; ardınca müxtəlif partiyaların təmsilçiləri çıxış edir. Rəsulzadənin aydın və obrazlı nitqi dərin təəssürat hissi qoyur. Vansoviçin də qısa, lakin məzmunlu nitqini qeyd etməliyəm. Çıxışlar türk və rus dillərində aparılırdı: onların stenoqrafiyası götürülür və sonra qəzetdə çap edilirdi.

            Maddələr üzrə oxunuşa keçdikdə bəzi Parlament üzvləri maliyyə tərəfindən çatışmazlıqlar olduğunu göstərərək, işin yenidən Universitet Komissiyasına qaytarılmasını təklif elədilər ki, bu da əlbəttə, işin pozulması demək idi. Bu məqamda maarif nazirinin təklifilə mənə söz verildi və aydınlıq gətirməli oldum: qeyd etdim ki, smetada göstərilən yalnız yekunlaşdırılmış rəqəmlər, hesablamalardır. Lakin onlar müfəssəl şəkildə əsaslandırılmışdır; təkcə fakultələr üzrə deyil, həm də hər bir kafedra üzrə lazım olan obyektlərin siyahısı tutulmuş, qiymətlər, hesablar və s. müəyyənləşdirilmişdir; bütün bu smeta materialları bizim dəftərxanamızda saxlanılır və maraqlananlar əmin ola bilərlər ki, göstərilən məbləğ ən ciddi şəkildə əsaslandırılmışdır.

            Yeri gəlmişkən mən, Universitetin maarif ocağı kimi əhəmiyyəti barədə də bir neçə kəlmə danışdım. Görünüşdə mənim izahatım Parlamenti qane eləmişdi. Səsvermədə smeta keçdi. Nizamnamə maddələr üzrə oxunuşda keçirilərkən, Universitetin muxtariyyətliyi məsələsinə hücumlar oldu, lakin müzakirələrdən sonra nizamnamədə cüzi dəyişikliklərlə qəbul edildi. Bakı üçün ən məşhur gün isə 3-cü, sonuncu oxunuşdan sonra Nizamnamənin parlament tərəfindən təsdiq edildiyi gün oldu.

            Bu 1 sentyabr günü (dəqiq desək, axşamı) idi və həmin gün Universitet haqqında qanun sonuncu redaksiyada kütlənin gurultulu alqışlarıyla qəbul edildi. Azərbaycan öz ali təhsil ocağını qazandı. Türk xalqının tarixində yeni, parlaq bir səhifə yazıldı. Avropanın sərhədlərinin o tayında, Asiyada yeni bir çıraq yandı. Biz bu böyük tarixi hadisənin iştirakçıları kimi özümüzü xoşbəxt sayırdıq. Çoxlu təbriklər oldu, hamı bayram əhval-ruhiyyəsində idi. Belə günlər həyat boyu unudulmur!

            Elə həmin gün komissiya üzvü L.A.İşkov Tiflisdən teleqramla geri çağırıldı, rektor və dekanların seçkisinə başlanıldı. Mən yekdilliklə rektor seçildim, tarix-filologiya fakultəsinin dekanı N.A.Dubrovskiy, tibbin dekanı isə İ.İ.Şirokoqorov, onun olmadığı müddətdə isə müvəqqəti olaraq əvəz etmək üçün A.M.Levin təyin edildilər. Elə həmin saatda ilk professorlar və müəllimlər dəvət edildi, fakultələr, Şura və İdarə formalaşdırıldı; tələbələrin qəbulu haqqında elan verildi (yerli türklərə bəzi imtiyazlar verməklə). İndi bizim üzərimizə imkan daxilində tez bir zamanda məşğələlərə başlamaq vəzifəsi düşmüşdü. Lakin bu məsələdə 2 çətinlik vardı. Birincisi, müəllim heyətinin sayı olduqca az idi; Bakıya hətta Tiflisdən belə köçüb – gəlmək çox çətin idi və kafedraların heç də hamısı təyin olunmamışdı. Bu xüsusilə, tibb fakul-təsi və onun 3 kursuna aid idi. Baxmayaraq ki, fakultənin yuxarıda deyildiyi kimi, necə deyərlər, hələ Zaqafqaziya Universiteti zamanından yaxşı yığcam nüvəsi vardı.

            Nazir və professor yoldaşlarla aparılan danışıqladan sonra mən və prof. N.A.Dubrovskiy cənub universitetlərindən müəllim tapmaq ümidiylə Rusiyaya yola düşdük. İkinci çətinliyimiz isə kafedraların, xüsusilə, laboratoriyanın qənaətbəxş dərəcədə təchiz olunmaması idi. Lazımi obyektlərin və kitabların alınması üçün doktor B.K.Finkelşteyn (Tsitoviçin əvəzinə, o, Rostova köçməsi ilə bağlı komissiya üzvlüyündən istefa vermişdi) Qərbi Avropaya ezam edildi. Ona ləvazimat və kitabların siyahısı verilmişdi. Demək olar ki, biz eyni vaxtda, sentyabrın ilk günlərində yola düşdük: mən və N.A.Dubrovskiy Şimali Qafqaza, B.K.Finkelşteyn isə Batumdan Qərbi Avropaya.



Bugün: 153
Dünən: 881
Bu həftə: 2746
Son həftə: 5867
Bu Ay: 18444
Son Ay: 20754
Bu İl: 83745
Ümumi: 1104166
1104166