Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Müstəqilliyimizə imza atanlardan biri - Cavad bəy Məlikyeqanov

Son Yenilənmə : 2022-01-27 06:29:35
Baxış sayı : 967

          Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında Tiflis şəhərində keçirilmiş 28 may 1918-ci il tarixdə Həsən bəy Ağayevin sədrliyi ilə AzərbaycanMilli Şurasının 28 üzvünün iştirak etdiyi həmin iclasda Azərbaycanın İstiqlal bəyənnaməsi qəbul edildi. Həmin İstiqlal bəyənnaməsini Həsən bəy Ağayev, Fətəlixan Xoyski, Nəsib bəy Yusifbəyli, Cəmo bəy Hacınski, Nəriman bəy Nərimanbəyov, Mustafa Mahmudov, Şəfi bəy Rüstəmbəyli, Cavad bəy Məlikyeqanov imzaladılar. Zaqafqaziya seymi müsəlman fraksiyasının və Azərbaycan Milli Şuranın protokollarına imza atan bir çox şəxslərin sonrakı həyatı haqqında müəyyən bilgiyə malik olsam da, Xalq Cümhuriyyətinin Həmkarlar İttifaqı Təşkilatının yaradıcısı, görkəmli ictimai xadim Cavad bəy Məlikyeqanovun sonrakı dövrlərdəki həyatı haqqında yetərincə məlumatlı deyildim.

       Repressiyaya məruz qalmış insanlar haqqında XDİK-də (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə Arxivində) məlumat topladığım zaman, Cavad bəyin istintaq işi qarşıma gətirilənə qədər bu şəxs barəsində hər hansı bir sənədlə üzləşəcəyimə əmin deyildim. 

       Bu təsadüfə sevinsəm də, lakin vərəqləri çevirdikcə həyəcanımın durmadan artdığını hiss edirdim. Vaxtilə repressiyaya məruz qalmış insanlar haqqında nəşr etdirdiyim  kitabdakı ah-nalələri bir daha “eşitməmək” üçün bu mövzudan uzaq olmaq qərarına gəlmişdim. Lakin bir tərəfdən oxucuların təkidli müraciətləri, digər tərəfdən də repressiyaya məruz qalmış şəxlərin ruhu məni rahat buraxmırdı. Onlar bu mövzunu davam etdirib sona çatdırmağı məndən “tələb” edirdilər...

       Xalq Daxili İşlər Komissarlığının (XDİK) 779 saylı istintaq anketindən tanış oluruq ki, Cavad bəy Rza bəy oğlu Məlikyeqanov  1888-ci ilin yanvar ayında Şuşada anadan olmuşdur (Azərbaycan Dövlət Tarix Arxivində saxlanan 1886-cı ilin “Zahirdən görünən siyahıyaalınma” kitabında Cavad bəy Rza bəy oğlunun üç yaşı olduğu  qeyd olunur. Bu tarixi sənədi əsas tutaraq Cavad bəyin 1883-cü ildə doğulduğu qənaətinə gəlirik ––A.K.).

            Türk, ali təhsilli, evli, texniki universiteti bitirmiş, Məlikyeqanov Cavad bəy Rza bəy oğlu 1909-cu ildə “Müsavat”ın üzvü olub. Balaxanıda –– Şibayevin mədənində işləyib. 

       Həyat yoldaşı: –– Məryəm 24 yaşında. 

       Qızı: Tamara –– 7 yaşında məktəbli, Əzizə –– 2 aylıq (7 yaşlı Tamara Cavad bəyin birinci, Əzizə isə həqiqətdə adı Azarə olan, ikinci nigahdandır––A.K.) 

            C.Məlikyeqanov 21 iyun 1923-cü il tarixdə 230 saylı  orderlə növbəti dəfə həbs edilir və  40 gündən sonra yenidən azad edilir. Bu barədə №PR 1806 saylı arayışda oxuyuruq:

            “3700 saylı istintaq işi ilə əlaqədar Məlikyeqanov Cavad bəy Rza bəy oğlu haqqında istintaqla əlaqədar iş dayandırılsın və 29 iyul 1923-cü il tarixdən mühafizə üzərindən götürülsün”.

            Ağır, əzablı yollar keçmiş, Azərbaycanda müstəqilliyin qurulmasında xidmətləri olmuş Cavad bəy Məlikyeqanov vətənimiz “sapı özümüzdən olan baltalar”ın xəyanəti nəticəsində düşmən əlinə keçdikdən sonra, ona qarşı olan təqiblər durmadan davam edirdi. Bu illər ərzində heç bir maddi sübut göstərilmədən o, dəfələrlə həbs edilmişdi.

       Qeyd edək ki, Cavad bəy ilk dəfə 1909-cu ildə inqilabi fəaliyyətinə görə Bakı general-qubernatoru  R.Martınovun əmrilə həbs olunub. Həbsdən qayıtdıqdan sonra Cavad bəy doğma kəndinə gedir və Baxşəli bəy Məlik–Aslanovun qızı Rəna xanımla ailə həyatı qurur. Oğlu Ənvər, qızı Tamara dünyaya gəlir. Lakin tale Cavad bəydən bir müddət “üz çevirir”. Onun iki yaşlı oğlu Ənvər, sonra isə gənc həyat yoldaşı Rəna xanım vaxtsız dünyasını dəyişir. Bu ayrılığa dözə bilməyən Cavad bəy yeganə qalmış qızını anası Mina xanımın yanında qoyub, yenidən Bakıya qayıdır və burada miyonçu Şibayevin mədənlərində işləməyə başlayır. 1917-ci ildə M.Ə.Rəsulzadənin məsləhəti ilə “Müsavat” partiyasının üzvlüyünə qəbul edilir. Qeyd edək ki, sonralar C.Məlikyeqanov uzun müddət “Müsavat” partiyasının lideri M.Ə.Rəsulzadənin Azərbaycanda yaşayan  ailəsinə kömək göstərmişdir.

       Bolşeviklər hakimiyyəti ələ keçirdikdən qısa müddət ərzində Cavad bəy yenidən həbs edilir, lakin ay yarım saxlandıqdan sonra ittiham sübuta yetirilmədiyindən onu azad etməyə məcbur olurlar. Növbəti dəfə Cavad bəy 19 sentyabr 1920-ci ildə komissar Nersesovun əmri ilə nəzarət altına alınır və bir neçə ay saxlandıqdan sonra 1921-ci ilin əvvəllərində  həbsdən azad edilir.

       Dövlət çevrilişi ilə hakimiyyəti zəbt etmiş bolşeviklər tərəfindən C.Məlikyeqanov 6 dəfə həbs olunmuşdur.

       Bu müddət ərzində yalnız 1923-cü ildə Cavad bəyin adına 779  saylı istintaq anketi yazılıb:

       Cavad bəy Rza bəy oğlu Məlikyeqanovun istintaq materiallarını nəzərdən keçirərkən məlum olur ki, o, Azərbaycan Fövqəladə Komissarlığı tərəfindən verilən orderə əsasən həbs edilib. Ona qarşı həbs qəti imkan tədbiri seçilməsinə “Müsavat” partiyasının üzvü və həmçinin, bir qrup qeyri-leqal təşkilatlarla əlbir olmaqda günahlandırılması səbəb olub.

            Hələ növbəti həbsdən öncə bir çox şəxslər kimi Cavad bəy Məlikyeqanovun da adı xüsusi göstərişlə məhbuslar tərəfindən məcburi olaraq hallandırılırdı. Onun əleyhinə sənədlər toplanılırdı. Həmçinin agenturanın 09.06.1923-cü il tarixli məlumatına görə bolşevik hökumətinin Cavad bəy Məlikyeqanovu günahlandırmaqda  məqsədi onun keçmiş müsavatçı kimi 1919-cu ildə Lənkəranda general-qubernator olması idi.

            1888-ci (1883 –– A.K.) ildə Şuşa uyezdinin (qəzası-A.K.) Tuğ kəndində anadan olmuş Cavad bəy Məlikyeqanov həbs olunana qədər iqtisadiyyat fakültəsində oxumuş və Əmək Komissarlığında birja rəisinin müavini vəzifəsində işləmişdir.

            Ailə tərkibində həyat yoldaşı Məryəm Bayraməlibəyova, iki qızı Tamara 7 yaş, Əzizə iki aylıq (Azarə olmalıdır ––A.K.) uşaqdan ibarətdir. Sənəti çilingər, 1909-cu ildən “Müsavat”ın üzvü, həbs olunan zaman isə bitərəf olmuşdur.

       C.Məlikyeqanov 1909-cu ildə, həmçinin 1920-1922-ci illərdə Azərbaycan Fövqəladə  Komissarlığı tərəfindən həbs edilir. Onun yazılı izahatından məlum olur ki, 1920-ci ilin may ayından –– Xüsusi İdarə tərəfindən “Müsavat” partiyasının keçmiş üzvü kimi saxlanılsa da, lakin işində cinayət tətkibi olmadığından həbsdən azad edilir. Protokollarda da heç bir şahid ifadələrinə rast gəlinmir.

       Azərbaycan Fövqəladə Komissarlığının əməkdaşlarından Şahverdiyanın, Qamayakın imzaları ilə tərtib edilən  izahat 10.07.1923-cü il tarixli qovluğun 12-ci səhifəsinin aşağı  hissəsinə tikilir.

       Xatırladaq ki, Mir Cəfər Bağırov 1923-cü ildə  Azərbaycan  Fövqəladə  komissarı  olanda Cavad bəy Məlikyeqanovu təqib etmişdir.

       C.Məlikyeqanova qarşı bu qədər uzun müddətli təqiblər, əsassız həbslər olmasına baxmayaraq  o, bir çox məsul vəzifələrdə çalışmışdı. Çünki yeni  qurulmuş  dövlətin nümayəndələri Cavad bəy kimi kadrlara ehtiyacı olduğundan bir müddət onlardan “istifadə” etmişlər. O, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə  Lənkəranda idarə rəisi, general-qubernator, Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında işləmişdi. Respublika Əmək Xalq Komissarlığında  qaçqınlar şöbəsinin, neft məhsulları satışı idarəsinin rəisi və digər dövlət idarələrində məsul vəzifələrdə çalışmışdır. Çox təəssüf ki, ona özünün bilik və bacarığını lazımi qədər istifadə etməyə imkan verilməmiş və o hər addımda təqiblərlə üzləşmişdir.

       Bu azmış kimi M.C.Bağırov 1933-cü ildə Respublikanın  rəhbəri təyin olunandan sonra  –– 1937-ci ildə Cavad bəyin həyat yoldaşı Məryəm xanımı həbs etdirmiş, qardaşı Bəhram bəy Rza bəy oğlu Məlikyeqanov da onun “fəaliyyətinin” qurbanı olmuşdur.

       Respublikanın rəhbəri M.C.Bağırov tərəfindən belə amansız təqiblərə məruz qalmasında Məlikyeqanovlar  hansı suçun sahibi idilər?   

       Sovet dövləti və partiya xadimi, Baş Təhlükəsizlik komissarı, Sovet İttifaqı marşalı, nəhayət SSRİ-də repressiyalara başçılıq edənlərdən biri olmuş Lavrenti Pavloviç Beriya 1919-cu ildə daşnak A.İ.Mikoyanın tapşırığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə komitəsində əks-inqilabçılara qarşı kəşfiyyat aparıb. Bu barədə öz xatirələrində yazır ki, o doğrudan da partiyanın tapşırığı ilə müsavata qarşı əks-kəşfiyyatda olmuşdur. 1921-ci ilin aprel ayında isə L.Beriya Azərbaycan SSR-də Xalq Komissarlar Sovetinin nəzdində olan Fövqəladə Komissiyasına müavin təyin edilir. M.C.Bağırov isə artıq Fövqəladə Komissiyanın sədri vəzifəsində çalışırdı. 1937-ci ilin avqust ayının 5-də SSRİ XDİK-in qərarı hazırlanır. Həmin qərara 3 nəfər –– Yejov, Mikoyan, Stalin qol çəkirlər. Qərarda yazılıb ki, müsavatçılar, ittihadçılar, sosialist-demokratlar, hümmətçilər, güllələnməlidir. O dövrdə “vətən xainləri”ni, “əks-inqilabçılar”ı, “xariclə əlaqələri olanlar”ı tapıb üzə çıxartmaq bir çox müttəfiq respublikaların rəhbərləri üçün adi hal almışdır. Həmin partiyaların üzvləri ya güllələnir, ya Rusiyanın insan ayağı dəyməyən şaxtalı çöllərinə sürgünə göndərilir, ən yaxşı halda isə vətəndən didərgin salınırdı.

       Həmin qərarı rəhbər tutaraq M.C.Bağırov nəinki rəqiblərini, hətta onu yaxından tanıyan, hər hansı bir sirrini bilən dostlarını belə sevməz, imkan düşdükcə onlarla haqq-hesab çəkərdi.

       C.Məlikyeqanov hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lənkəranda işləyərkən Azərbaycanın ilk folklorşünas alimi, maarifpərvər Teymur bəy  Bayraməlibəyovla tanış olur. O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Naziri təyin olunması ilə əlaqədar ailəsi ilə Bakıya köçür. Cavad Məlikyeqanov 1923-cü ildə müqəddəs “Nina” məktəbini qızıl medalla bitirmiş, sonralar  bir çox məsul vəzifələrdə çalışmış, Teymur bəyin qızı Məryəm xanımla ailə həyatı qurmuşdu.Onun əvvəlki izdivacdan1916-cı ildə doğulmuş Tamara, ikinci dəfə həyat qurduğu Məryəm xanımdan 1923-cü ildə Əzizə, 1929-cu ildə isə Asiman adlı iki qızı olmuşdur.  Xoşbəxt günlər bu ailə üçün çox sürmür.  Cavad  bəy həbs ediləndən sonra nəinki həyat yoldaşı Məryəm xanım, hətta bütün ailə üzvləri  təqiblərlə üzləşirlər.

       Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin təhlükəsizlik üzrə əməkdaşı A.Quliyev tərəfindən təqdim olunan 10 iyun 1930-cu il tarixli qərarda bildirilir ki, Cavad bəy Rza bəy oğlu Məlikyeqanov vaxtilə qeyri-leqal antisovet qrup ilə sıx əlaqə yaratmış, həmin təşkilatla birgə fəaliyyətdə olmuşdu. Ona görə də o, Azərbaycan SSR cinayət məcəllisinin müxtəlif  maddələri ilə təqsirli  bilinmişdi.

“Sovet dövlətinə qarşı fəaliyyət göstərən bir qrupla və əks-inqilabi təşkilatla bilavasitə əlaqədə olduğuna görə Cavad bəy Rza bəy oğlu Məlikyeqanov Azərbaycan SSR Cinayət Məcəlləsinin 66, 72-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin nəzərinə çatdırılsın”.

 Əməliyatçı: Quliyev                                                                                                                                                                                                                    şöbə  rəisi:    Borşev              

     Az. DSİ-nin rəisi: Nevernov

 

       Artıq 11 fevral 1930-cu ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsi tərəfindən Cavad bəy Məlikyeqanovun evində axtarış aparılması və onun həbs edilməsi üçün 129 saylı order yazılır. Bundan sonra təhlükəsizlik üzrə müstəntiq A.Quliyevin aşağıdakı təqdimatı XDİK-in rəhbərliyinə ünvanlanır:

       Mən, A.Quliyev əməliyyatçı kimi Cavad bəy Məlikyeqanov haqqında kifayət qədər materiallar toplamış, dindirilərkən hazırki quruluşa qarşı təşkilatlanaraq antisovet fəaliyyət apardığını müəyyən etmiş və nəticədə o Azərbaycan SSR c/m-nin 73-cü maddəsi ilə təqsirli bilirəm.

       Daha sonra həmin ildə XDİK tərəfindən C.Məlikyeqanovun adına tərtib olunmuş 407 saylı anketdə oxuyuruq:

            Məlikyeqanov Cavad bəy Rzabəyoviç 1888-ci ildə (1883 –– A.K.) Şuşada anadan olmuşdu. Ali təhsillidir, texniki universiteti bitirmişdir. Azərbaycan SSR vətəndaşı, türk, bəy nəslindən, yaşı 42-dir (47 yaş ––A.K.)

       Həyat  yoldaşı: –– Məryambəyim 30 yaşında, müəllimə (1898-ci ildə anadan olub –– A.K.)

       qızı –– Tamara 14 yaş, məktəbli

       qızı –– Əzizə (Azarə –– A.K.) 7 yaş, məktəbli

       iş yeri –– Balaxanıda, Şibayev mədənində.

            C.Məlikyeqanov 1917-1920-ci illərdə parlamentə seçilib, 1920-1927-ci illərdə Əmək Komissarlığında, 1927-ci ildə həbs olunana qədər Bakı İcra Komissarlığı idarəsində rəis müavini işləyib. 08.02.1930-cu il tarixdə Bakıda Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilsə də, lakin onun həbs olunma tarixi nədənsə 14 fevral 1930-cu il kimi göstərilib.

       Sənədlərlə tanış olanda biz daha bir qanunsuzluqla üzləşməli olduq. Bu da Cavad bəyin hansı partiyanın üzvü olmasına münasibət idi.

       Azərbaycan Siyasi Idarəsinin müstəntiqi Quliyevin 06.04.1930-cu ildə Cavad bəylə apardığı dindirilmə protokolunu nəzərdən keçiririk:

       Məlikyeqanov Cavad bəy Rza bəy oğlu 1888-ci (1883 ––A.K.) ildə Şuşa rayonunun Tuğ kəndində (Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində) anadan olub. Türk, azərbaycanlı, yaşadığı ünvan: Bakı, Köhnə poçt küçəsi (Ostrovski, sonra isə S.Tağızadə –– A. K.) 80. İşlədiyi yer BAKTOP-da (Bakı sənaye texnikumu) idarə rəisi, təhsili ali-orta, evlidir, mənsubiyyəti qulluqçu.

       1914-cü ilə qədər Balaxanıda fəhlə, 1914-cü ildən Oktyabr inqilabına qədər neft istismarı üzrə böyük “prikazçik” işləmişdi. Vətəndaş müharibəsi illərində Bakı Soveti İdarə Heyətinin, Bakı şəhər “Müsavat” partiyasının üzvü, Lənkəran uyezdində (qəza) xüsusi göstərişlə idarə rəisi, bir müddət sonra isə general-qubernator vəzifəsinə təyin edilib.

       Daha sonra isə 1930-cu ildə –– sonuncu dəfə həbs edilən Cavad bəy Məlikyeqanovun ittihamnaməsi aşağıdakı şəkildə tərtib edilir:

       1882-ci ildə (1883 –– A.K.) Azərbaycan SSR, Şuşa şəhərində anadan olmuş, türk. 1002 saylı istintaq işi ilə təqsirli bilinən Məlikyeqanov Cavad bəy Rza bəy oğlu, qulluqçu, təhsili ali-orta, 1912-ci ildən (1917 – A.K.) keçmiş “Müsavat” partiyası parlamentinin, Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvüdir.  Xüsusi olaraq Müsavat hökuməti tərəfindən Lənkəran uyezdində (qəza) qeyri-leqal fəaliyyətinə və Sovet dövlətinə qarşı antisovet təşkilatlara kömək göstərməklə yanaşı, bir çox cinayətə yol verdiyinə görə, Azərbaycan SSR Cinayət Məcəlləsinin 72 və 66-cı maddələri ilə təqsirli bilinərək 08.02.1930-cu ildə həbs olunur.

       “Mən, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Şərq şöbəsinin səlahiyyətçisi A.Quliyev Məlikyeqanov Cavad  bəy Rza bəy oğlunun 1002 saylı istintaq işi ilə tanış olub, bu qənaətə gəldim”.

       A.Quliyev belə qənaətə gəlir ki, C.Məlikyeqanov haqqında ciddi tədbir görülməlidir. Bu iddiaya görə də Azərbaycan SSR  üzrə  “antisovet  ünsürlərin aradan qaldırılması  məqsədilə” bu ilin fevral ayında  Azərbaycan DSİ-nin (Dövlət Siyasi İdarəsi) materialları əsasında C.Məlikyeqanov həbs edilir. Azərbaycan DSİ-nin materiallarından “məlum olur” ki, C.Məlikyeqanov uzun müddət müsavatçılarla əlaqədə olmuş, bu qanunsuz təşkilatın işində əsas rol oynamışdır. O, Müsavatın məsləhətçisi kimi bir çoxlarını  bu qanunsuz təşkilatın təsiri altında saxlamaq istəyib. Məlum olub ki, C.Məlikyeqanov 1920-ci ilə qədər “Müsavat” partiyasının qurucularından biri kimi tanınmış, qabaqcıl və öndə gedən partiya işçisi olmuşdur. O, “Müsavat” partiyasının  aktiv fəaliyyəti dövründə Azərbaycanda sovetləşmədən sonra bir neçə dəfə həbs edilmişdi.

       C.Məlikyeqanov “Müsavat”ın “Münsif” təşkilatının işi ilə əlaqədar təqsirli bilinərək istintaqa cəlb edilir. O,bu partiyanın köhnə bir üzvü kimi bir çox müsavatçılarla vaxtaşırı əlaqədə saxlamışdır.

       İstintaqda Müsavatın “Münsif” təşkilatının üzvlərindən Rzayev dindirilərkən qeyd edir ki, onların ən fəal üzvlərindən biri olan Böyükağa Axundov Məlikyeqanovla yaxın əlaqədə olduğu üçün həmin təşkilatın rəhbərləri haqqında məlumata malik idi. Təşkilatın hal-hazırki rəhbər işçiləri Böyükağa Axundovun vaxtaşarı yanına gedər, BAKTOP-da xidmət edən, həmin idarənin rəis müavini Məlikyeqanov da “Münsif”lə əlaqədə olurdu. Rzayev “Münsif” təşkilatının işi ilə bağlı günahlandırılan Böyükağa Axundovun Məlikyeqanovla əlaqədə olduğunu gizlətmir. Eyni zamanda Cavad Məlikyeqanovun “Münsif” təşkilatının üzvü olduğunu da etiraf edir.

       Arxivdə saxlanılan başqa bir sənəddə göstərilir ki, C.Məlikyeqanovun  “Müsavat”  təçkilatının  nəinki Azərbaycanın daxilində, hətta xaricdəki fəaliyyəti, orada olan mühacirlərin müxtəlif sənədlərlə təmin olunmasında fəal iştirakı agenturaya məlum idi. Sənədlərdən həmçinin məlumdur ki, o, müsavatçı mühacirləri şəxsən tanıyırdı, onun xaricdə nəşr olanan ədəbiyyatlarından xəbəri var idi və onların yayılmasında xüsusi təşəbbüs göstərirdi.

       Bundan əlavə istintaqın və agenturanın əlində olan məlumata görə, QPU – DSİ (Dövlət Siyasi İdarəsi) müəyyən edib ki, əks-inqilabi təşkilatda günahkar bilinən C.Məlikyeqanov və inqilabi xarakterli təşkilatın rəhbəri Kudayev öz xidməti vəzifələrindən istifadə edərək onlara hər cürə köməkliklər göstərmiş və həmçinin Kabardin əks-inqilabi təşkilatın fəaliyyətindən də xəbərdar olmuşlar.

       İstintaq materiallarından bir daha aydın olur ki, Kudayevin BAKTOP-da ağac emalı vəzifəsində işləməsinə zəmanəti məhz C.Məlikyeqanov vermişdi. C.Məlikyeqanov iki dəfə Kudayevlə birlikdə Şimali Qafqazdan 7-8 km aralı Murtuzo inqilabi hərəkat rayonuna səfər etmiş və kənddə qardaşının evində qalmış və kabardinlərlə görüşüb söhbət aparmışdır. Yuxarıda göstərilənlərdən bir daha aydın olur ki, C.Məlikyeqanovun etdiyi əməllər öz-özlüyündə cinayətini təsdiq edir.        

       Dövlət Siyasi İdarəsinin şərq şöbəsinin səlahiyyətçisinin bu nəticəyə gəlməsinin nəticəsi idi ki, C.Məlikyeqanov 10 iyul 1930-cu il tarixli istintaqında fikrini  aşağı-dakı şəkildə bildirməli olur:

       Mən özümün siyasi görüşlərimdən sonra əminliklə prinsip və baxışlarımı aşağıdakı şəkildə bölüşürəm:

       1.ÜİK(b)Partiyasının XII qurultayında həyata keçməyən milli məsələlərə aid suallara Azərbaycan idarələrində türkçülük 72 faiz.

       2.Kənd təsərrüfatında kollektivləşmədə metod və sürətə qarşıyam.

       3.Müəyyən müddətə qədər xırda mülkiyyətçiliyin saxlanılmasına tərəfdaram.

       4.Azərbaycan türk millətlərinin köçürülməsi. Azərbaycan türk kəndlilərinin RSFSR-in başqa vilayətlərinə köçürülməsinin əleyhinəyəm.

       Uzun, cansıxıcı dindirilmələr, işgəncələrdən sonra C.Məlikyeqanovun işində cinayət tərkibinin kifayət qədər sübut olmadığı müəyyənləşmiş və onun 1002 saylı istintaq işi dayandırılmış, Azərbaycan Dövlət Siyasi İdarəsinin əməkdaşlarının birgə iclasında qərara alınmışdı:

       Arayış: Müqəssir Az.DSİ-nin həbs evində saxlanılır. Maddi sübut olmadığı üçün 17.07.1930-cu il tarixdə işə xüsusi iclasda baxılsın.

       Sual olunur əgər C.Məlikyeqanovun təqsiri barəsində kifayət qədər maddi sübut yoxsa, nə səbəbdən arayışa o, “müqəssir” kimi daxil edilir. C.Məlikyeqanovun işində təqsirini sübut edəcək dəlil yoxsa, onu həbsdən azad etmək əvəzinə, nə səbəbdən “müqəssir”in işi yenidən xüsusi iclasa göndərilir.

       Yenidən işi xüsusi idarəyə göndərməkdə məqsəd etdikləri “səhvlərə” bəraət qazandırmaqla yanaşı, bolşeviklərin ziyalılara qarşı “Səlib yürüşü”nü gücləndirmək  idi. Məhz bunun nəticəsi idi ki, istintaq işində heç bir maddi sübutun olmamasına baxmayaraq beş il müddətinə azadlıqdan məhrum edilən C.Məlikyeqanovun haqqındakı 23 oktyabr 1930-cu il tarixli qərara iki ay yarımdan sonra ––Dövlət Siyasi İdarəsi “humanistlik” göstərərək, 8 yanvar 1931-ci ildə kollegiyanın qərarı ilə işə yenidən baxmış və 10 il müddətinə azadlıqdan məhrum edərək Kareliyanın Keme şəhərinə sürgün etmişdir.

       Bundan sonra da Cavad bəyin ailəsinə qarşı hücumlar səngimək bilmir. İlk növbədə həyat yoldaşı Məryəm xanıma qarşı haqsızlıqlar davam edir. O, 1931-ci ildə universitetin hüquq fakültəsini müvəffəqiyyətlə bitirib işləməsinə baxmayaraq, ona qarşı təqiblər  üzündən işlədiyi idarədən çıxıb, yenidən müəllimlik peşəsinə qayıtmalı olmuşdur.

            Məryəm xanım ona və ailəsinə qarşı törədilən bu haqsızlığa dözməyərək 1937-ci ildə Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininə məktub yazmalı olur. Təhlühəsizlik Xidmətinin sənədlərində  qeyd edilir ki, Məktuba müsbət cavab gözləmək ümidi ilə yaşayan Məryəm xanım 14 noyabr 1937-ci il tarixdə Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən evində axtarış aparılması və həbs edilməsi üçün yazılmış 2677 saylı orderlə, Bayıl həbsxanasına salınır.

            Məqalədə müəllif Məryəm xanımın həbs müddətini 15 oktyabr qeyd edir.

            Sonralar Məryəm xanımın 3 qızı taleyin çətinliklərinə baxmayaraq ali təhsil almış və müxtəlif peşələrə sahib olmuşlar.

 

Məhbusun anketindən

 

            Bayraməlibəyova, o həmçinin Məlikyeqanova Məryəm Teymur bəy qızı 22 dekabr 1892-ci (1898-ci ildə  – A.K.) ildə Azərbaycan SSR Lənkəran şəhərində anadan olmuşdu.

       Yaşadığı ünvan Bakı şəhəri, Poçt küçəsi ev 68 (Ostrovski, S.Tağızadə ––A.K.). Qulluqçu ailəsindəndir. 18 nömrəli məktəbdə müəllim işləyir. Atası Teymur bəy Bayaməlibəyov xalq müəllimi olub.

       Məryəm Məlikyeqanova 1922-ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən 1 aylıq istintaqda saxlanılıb. 14 noyabr 1937-ci ildə Azərbaycan SSR XDİK  tərəfindən həbs edilib.

       Az.XDİK idarəsinin III şöbə, VII bölmənin rəisi, baş təhlükəsizlik leytenantı Markaryanın xidməti qeydlərində bildirilir ki, vətəndaş Bayraməlibəyovadan həmçinin Məlikyeqanova Məryəm xanımdan 5X7=35 rub. həcmində 7 qızıl yarım imperial götürülüb.

 

7 dekabr 1937-ci il tarixli ittihamnamədən:

 

       Bakı istintaq qrupunun əməkdaşı Patkin tərəfindən tərtib edilmiş, Markaryan tərəfindən təsdiq edilmiş Bayraməlibəyova –– Məlikyeqanova Məryəm xanım Teymur qızının 86, 92 saylı işi ilə əlaqədar bildirilir ki, o, 1922-ci ildə “Müsavat” partiyasında gizli fəaliyyətinə görə təhlükəsizlik idarəsi tərəfindən (Fövqəladə Komissarlıq) həbs edilmişdir. O, “Müsavat” partiyasının fəal üzvü kimi həbs edilənə qədər bu təşkilatda çalışmışdır.

       Bayraməlibəyova Məryəm xanım “Müsavat” partiyasının ən köhnə üzvü kimi həbs edilənə qədər əks-inqilabi fəaliyyəti aşağıdakılardır:

       “1919-cu ildə Lənkəranda yerli qadınları “Müsavat” təşkilatına cəlb edirdi. 1921-ci ildə onun təşəbbüsü ilə Masallı və Lənkəran rayonlarında gizli olaraq əks-inqilabi “Müsavat” təşkilatı yaranmış, lakin 1927-ci ildə ləğv edilmişdir. Həbs olunana qədər böhtan dolu fikirlərlə sistemli şəkildə Sovet hökumətinə qarşı çıxış edirdi. 15 noyabr 1937-ci ildən Bakı Bayıl həbsxanasında saxlanılır”.

            Sonradan Məryəm xanım Məlikyeqanova Arxangelskiyə sürgün edilir. Burada iki gözü tutulur. Bir müddət Moskvada məhbusların xəstəxanasında müalicə olunur. Sonra Qazaxstana yollayırlar. 1948-ci ildə 10 illik həbs cəzasını çəkəndən sonra Bakıya qayıdır. Lakin iki gözündən kor olmasına baxmayaraq Bakıda Lenin prospektində (indiki Azadlıq) ata evində yaşamağa qoymurlar və o, Gəncədə məskunlaşmağa məcbur olur.

            Məryəm xanımın qızı Taliyə xanım Tibb institutunu bitirdikdən sonra təyinatı o zaman bağlı şəhər sayılan Daşkəsənə verilir. Orda Fərrux adlı bir mühəndislə tanış olur və onunla ailə həyatı qurur. Lipetskinin Voronej vilayətinə işləməyə gedən Fərrux müəllim Məryəm xanımı  özləri ilə aparmağı Taliyə xanıma məsləhət bilir.

       1956-cı ildə Azərbaycan SSR Ali Məhkəməsi üzrə məhkəmə kollegiyasından İmanov, Quliyev, Musayev və prokuror Hacıyevin imzası ilə Məryəm xanım Bayraməlibəyovaya –– Məlukyeqanovaya, həmin ildə də həyat yoldaşı Cavad bəy Rza oğlu Məlikyeqanova Kareliya MSSR Ali Məhkəməsi tərəfindən bəraət verilir.

       Məryəm xanım bəraət alandan sonra Bakıya gəlir və ömrünün sonuna qədər övladlarının yanında yaşayır və 1987–ci ildə 89 yaşında dünyasını dəyişir.

 

       Sonda bir məqamı da qeyd etmək istərdim. Cavad bəyin kiçik qızı Asiman xanım atası haqqında məlumat almaq üçün Azərbaycan SSR prokuroruna müraciət edir. Respublika prokurorunun müavini İ.İsmayılov tərəfindən imzalanmış cavab məktubunda məhkəmənin Cavad bəyə qarşı ölüm hökmü çıxarıldığını və ona 09.12.1937-ci ildə “güllələnmə” verildiyini bildirilmiş, həmçinin Cavad bəy Məlikyeqanovun uyuduğu yerin “Ayı dağı”(Medvejnıy Qora) olduğu da iddia edilmişdir.

 

Aslan Qasımlı (Aslan Kənan)

Dövlət Tarix Arxivinin direktoru 



Bugün: 586
Dünən: 890
Bu həftə: 2298
Son həftə: 5867
Bu Ay: 17996
Son Ay: 20754
Bu İl: 83297
Ümumi: 1103718
1103718