Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Dənizdə neft hasilatının işlədilməsində Ələkbər Süleymanovun rolu

Son Yenilənmə : 2018-07-18 20:56:25
Baxış sayı : 4137

 

 Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində saxlanılan şəxsi fondlar arasında neft-qaz sənayesinin inkişafında, yeni neft yataqlarının aşkar edilməsində mühüm xidmətləri olmuş görkəmli alim Ələkbər Süleymanova məxsus sənədlər diqqəti cəlb edir. Onun həm təşkilatçılıq, həm də elmi fəaliyyətini təsdiq edən sənədlər çox vacib əhəmiyyətə malikdir.

Ələkbər Bağır oğlu Süleymanov-texnika elmləri doktoru, Azərbaycanın əməkdar mühəndisi, Dövlət Mükafatları Laureatıdır.

Ələkbər Süleymanov 31 dekabr 1916-cı ildə Ermənistanın Qafan rayonunun Qatar kəndində şaxtaçı ailəsində anadan olmuşdur. Hələ yeddi yaşında olarkən onun ailə başçıları 1923-cü ildə atasının xəstəliyi ilə əlaqədar Bakı şəhərinə köçmək məcburiyyətində qalmışdılar. 1924-cü ildə atasının vəfatından sonra ailənin bütün yükü anası Sara xanımın üzərinə düşür. Ə.Süleymanov 1933-cü ildə yeddillik məktəbi qurtardıqdan sonra Balaxanı neft texnikumuna daxil olur və 1937-ci ildə oranı bitirir.

Ə.Süleymanov əmək fəaliyyətinə “Kaqanoviçneft”(indiki “Suraxanıneft”) trestində operator vəzifəsində başlayır və 1940-cı ilə qədər mədən müdiri vəzifəsinə kimi davam edir.

Böyük Vətən Müharibəsi illərində o, ardıcıl olaraq mədən müdiri, trest rəisi vəzifələrində çalışır və 1944-1951-ci illərdə “Kirovneft” trestinin (indiki “Binəqədineft”) baş mühəndisi vəzifəsinə təyin olunur.

Alman faşistləri ilə mübarizədə əməyinə görə Ələkbər Süleymanov orden və medallarla təltif edilir: 1944-cü ildə “Şərəfli əməyə görə”, 1945-ci ildə “1941-1945-ci il Böyük Vətən Müharibəsində şərəfli xidmətlərə görə”, 1946-cı ildə “Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunur.

1950-ci ildə dərinlik nasos ştanqı ilə istismar üsulunun köklü şəkildə yenidən qurulmasına görə o, III dərəcəli Stalin mükafatı laureatı adına layiq görülür.

 Hələ müharibədən qabaqki illərdə o bir qrup mühəndis neftçi ilə birlikdə kiçik diametrli neft quyularının istismarına dair kompleks üsul hazırlamışdır. Bu üsul yalnız sabiq Sovetlər birliyində deyil, onun hüdudlarından kənarda da sənayedə geniş tətbiq olunurdu.Ələkbər Süleymanov  ölkədə ilk dəfə olaraq kiçik diametrli və çoxcərgəli neft quyuları istismarının real vəziyyətini müəyyən etdi. Bu çox mühüm xidmətlərinə görə Ə.Süleymanov II dərəcəli Stalin mükafatı laureatı adına layiq görülür.

1951-ci ildən 1953-cü ilə kimi Ələkbər Süleymanov Neft Sənaye Akademiyasının və eyni zamanda akademik Qubkin adına Moskva neft institutunun dinləyicisi olur və öz peşə ixtisasını daha da təkmilləşdirir. 1953-cü ildə o, “Orconikidzeneft” neft mədənləri idarəsinə müdir vəzifəsinə təyin olunur. Elə bu dövrdə də onun təşkilatçılıq və rəhbərlik istedadı daha geniş üzə çıxır və sabiq Sovetlər İttifaqında geniş şöhrət qazanır.

1954-cü ildə Ə.Süleymanov tərəfindən neft istehsal proseslərinin avtomatlaşdırılmasının texnoloji əsasları işlənib hazırlanır və bu üsuldan Azərbaycanın neft hasilatı rayonlarında, həmçinin Türkmənistanda və Saxalində də geniş tətbiq olunur.Bütün bu kimi xidmətlərinə görə 1959-cu ildə “Azneft” birliyi rəisinin birinci müavini-baş mühəndis vəzifəsinə təyin olunur.

Ə.Süleymanov 1962-ci ildən 1965-ci ilə kimi “Azneft” birliyinin rəisi vəzifəsində çalışır, sonra isə o, Azərbaycan neftçıxarma sənayesinin nazir müavini vəzifəsinə təyin edilir.

1960-cı ildə Ə.Süleymanov “Kiçik diametrli neft quyularının istismarının texnikası və texnologiyası” mövzusunda namizədlik dissertasiyası, 1964-cü ildə isə “Kiçik diametrli neft və qaz yataqlarının tədqiq edilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

Ə.Süleymanovun elmi kadrların hazırlanması sahəsində xidmətləri də danılmazdır. Onun  elmi rəhbərliyi ilə 13 namizədlik və 5 doktorluq dissertasiyası müdafiə olunmuşdur. 1966-cı ildə o, həm də ADNA-da “Neft və qaz yataqlarınınn istismarı” kafedrasının professoru kimi fəaliyyət göstərmişdir.

1967-1971-ci illərdə Ə.Süleymanov Respublikanın Ali Sovetinin, 1974-79-cu illərdə isə SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

1970-ci ilin iyulunda Neftçıxarma Sənaye Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq, Ə,Süleymanov “Azneft” birliyinin rəisi təyin olunur. 1972-ci ildə o, “Xəzərdənizneft” birliyinin rəisi, daha sonra isə 1976-cı ildən 1978-ci ilə qədər “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsində, 1980-ci ildən isə o, “Dənizneftqazlayihə” DETLİ-də elmi işlər üzrə müdir müavini işləmişdir.

Sənədlərdən öyrənirik ki, 70-ci illərdə respublika rəhbərliyinin əsas diqqət mərkəzində neft və qaz hasilatının yüksəldilməsi problemi dururdu. O dövrdə Azərbaycan KP MK-nın birinci katibi işləyən H.Əliyevin neftçilərə əsas diqqəti və uzaqgörən siyasətinin nəticəsi olaraq respublikamızda yeni, səmərəli yataqların aşkar edilməsi, quruda və eləcə də dənizdə neft və qaz hasilatının yüksəldilməsinə ciddi fikir verilirdi. Neft istehsalının artması isə istehsalın başqa sahələrinin inkişafına da şərait yaradırdı.

Ə.Süleymanovun bilavasitə və fəal iştirakı ilə quruda və dənizdə bir çox iri neft-qaz yataqları aşkar edildi: Zirə, Mişovdağ, Qarabağlı, Muradxanlı, Qum-dəniz, Bahar, Bulla-dəniz, Cənub-1, Cənub-2 və Günəşli. Onun 1976-cı ildə Günəşli strukturunda 1№li platformanın hazırlanmasında, tikilməsində böyük rolu olmuşdur. Bu işlər Günəşli yatağının aşkar edilməsini, eləcə də neft hasilatının yüksəldilməsini təmin edirdi. Bu son dərəcə əhəmiyyətli işlərinə görə bir qrup neft mütəxəssisləri ilə birlikdə Ə.Süleymanova da 1990-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı təqdim edildi. Demək olarki, bu yataq indinin özündə də Respublikada neft hasilatının 60-70%-ni təmin edir. Bu yatağın aşkar edilməsindən sonra dəniz dərinliklərinin öyrənilməsini daha da intensivləşdirmək üçün güclü elmi-istehsal bazası yaradıldı. Bu işlərin nəticəsi olaraq daha sonralar dənizin 100-300 m dərinliyində iri neft-qaz yataqlarının aşkar edilməsi xeyli surətləndi- “Çıraq”, “Azəri”, “Kəpəz” kimi nəhəng neft-qaz yataqları istismara verildi.

70-ci illərin sonunda Ə.Süleymanovu əsaslı araşdırma işləri tələb edən neft-qaz hasilatının problemləri son dərəcə maraqlandırırdı. Bu dövrdə Ə.Süleymanov tez-tez Azərbaycan SSR Elmlər Akademiyasının elmi iclaslarında iştirak edir, eləcə də problemlərin çıxış yolunu və həlli məsələsini ön plana çəkirdi.

Ə.Süleymanov tez-tez görkəmli alim, neft elminin banilərindən biri olan Azad Mirzəcanzadə ilə məsləhətləşirdi. Axı Azad Mirzəcanzadənin elmi rəhbərliyi ilə Süleymanov namizədlik və doktorluq dissertasiyasını müdafiə etmişdir.

Ə.Süleymanov 200-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, 150 ixtiranın və Azərbaycan Respublikasının 12 patentinin müəllifidir. Bu ixtiralar və patentlər hər il ölkəyə böyük iqtisadi səmərə gətirir.

Ə.Süleymanov 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun elmi fəaliyyəti yalnız ölkəmizdə deyil, eləcədə dünya neft-qaz sənayesinin inkişafında çox mühüm əhəmiyyət kəsb etmişdir.

Bu səbəbdən də Ə.Süleymanov zəmanəmizin görkəmli neftçi alimlərindən biri kimi neft-qaz yataqlarının mənimsənilməsində misilsiz xidmətlərinə görə dəfələrlə orden və medallarla təltif olunmuş, 4 dəfə dövlət mükafatına layiq görülmüşdür.

Bu gün biz onun neft-qaz elmi sahəsində qazandığı müvəffəqiyyətlərin, yazdığı əsərlərin, səmərələşdirici ixtiraların, kəşflərin nə qədər əhəmiyyət kəsb etdiyini bir daha dərk edirik. Onun məhsuldar elmi-praktiki əməyi, zəngin, hərtərəfli təcrübəsi və həyati müdrikliyinin nəticəsidir ki, hazırda  dənizdə neft-qaz axtarışı və kəşfiyyatı düzgün istiqamətləndirilmiş, yeni zəngin neft-qaz yataqları kəşf olunmuş, neft hasilatının artırılmasına nail olunmuşdur.

 Məqalənin hazırlanmasında Dövlət Elm və Texnika Sənədləri Arxivinin 147 nömrəli fondunda mühafizə olunan sənədlərindən istifadə edilmişdir.

 

Kəmalə İsgəndərova

ARDETSA - nin arxeoqrafı

 

 

 

 

 

 



Bugün: 776
Dünən: 988
Bu həftə: 4357
Son həftə: 5867
Bu Ay: 20055
Son Ay: 20754
Bu İl: 85356
Ümumi: 1105777
1105777