Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT ARXİVİ (ARDA)

Son Yenilənmə : 2020-07-10 00:49:20
Baxış sayı : 23830

                                                                                                                                                                                                                                                                         

ƏLAQƏ

  • Ünvan:                 AZ1122, Bakı şəh., H. Zərdabi pr., 598
  • Telefon:               (+99412) 433 86 84
  • E-poçt:                 arda@milliarxiv.gov.az
  • Qəbul günləri:     Həftənin 1, 3, 5- ci günləri,                                         
  •                               Saat 10:00 –dan 17:00 - dək
  • Fasilə:                  Saat 13:00 - dan 14:00 – dək

 

 

 

RƏHBƏRLİK

 

  • Arxivin direktoru               SƏRDAROV EMİN MƏMMƏDAĞA OĞLU
  • Telefon:                               (+99412) 533 20 40
  •  
  • Arxivin direktor müavini    HACIYEVA SƏYYARƏ ALTAY QIZI
  • Telefon:                               (+99412) 433 70 24

                      

 

ARDA-nin qısa tarixi

 

Arxivdə 1.581 fond, 589.378 iş mühafizə edilir. Sənədlərin xronoloji dövr 1917 – 2011-ci illəri əhatə edir.

 

     Arxivin əsası Azərbaycan SSR Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 6 dekabr tarixli dekreti ilə qoyulmuşdur.

    “Azərbaycan SSR Mərkəzi arxiv idarəsi haqqında Əsasnamə”yə uyğun olaraq 1930-cu il aprelin 19-da həmin arxivin tarix-inqilab şöbəsi ləğv edilmiş və onun əsasında Oktyabr inqilabı arxivi yaradılmış, 1938-ci ildən arxiv Oktyabr inqilabı və sosializm quruculuğu Mərkəzi Dövlət Arxivi adlandırılmışdır. 1992-ci ildən Azərbaycan Respublikası Mərkəzi Dövlət Ən Yeni Tarix Arxivi, 1994-cü ildən isə Azərbaycan Respublikası Dövlət Arxivi adlanır.

    Arxivin ilk fondları Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin və Bakı kommunasının fəaliyyətini əks etdirən sənədlərdən ibarətdir. Burada Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətini əks etdirən sənədlər lazımınca mühafizə olunur. Parlamentin stenoqrafik hesabatları (dekabr 1918 - aprel 1920) cümhuriyyət hökumətinin qanunvericilik orqanının, demokratik şəraitdə xalqın əksəriyyətinin istək və arzularını nəzərə almaqla keçirdiyi müzakirələr, qəbul etdiyi qanunlar haqqında müfəssəl məlumat verir. Azərbaycan parlamentinin yaranması, hərbi məhkəmə, müxtəlif idarələrdə törədilən sui-istifadə hallarının istintaqı üzrə xüsusi təftiş istintaq komissiyasının yaradılması, Azərbaycan vətəndaşlığı, Bakı şəhərində dövlət universitetinin təsis edilməsi, Şuşada pulsuz xəstəxana, epidemiya ilə mübarizə və qaçqınlara tibbi yardım üçün 12 dəstənin təşkili, Azərbaycan Respublikasının Qərbi Avropada, Amerikada, Almaniyada və Sovet Rusiyasında diplomatik missiyalarının təsis edilməsi və s. xüsusilə maraqlıdır. Həmin fondlarda hökumətin daxili işlər, hərbi, dövlət nəzarəti, əmək, torpaq va dövlət əmlakı, ədliyyə, yollar, maliyyə, ticarət və sənaye nazirliklərinin sənədləri cəmləşmişdir. Bakı qubernatoru idarəsinin, Şuşa, Zəngəzur, Cavad və Cəbrayıl qəzaları müvəqqəti general-qubernatorluğunun, Bakı və Gəncə quberniyaları qəza rəisləri idarəsinin, Azərbaycan məhkəmə palatasının, Azərbaycan məhkəmə palatası prokuroru dəftərxanasının, Bakı dairə məhkəməsi prokuroru dəftər-xanasının, Bakı şəhər upravasının, Bakı polismeysterliyi idarəsinin, Gəncə torpaq və dövlət əmlak idarəsinin və s. fondları tədqiqatçılar arasında böyük maraq doğurur.

    Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadənin cümhuriyyət xarici işlər naziri M.Hacınskiyə məlumatı, Azərbaycan Respublikasının İstanbuldakı fövqəladə nümayəndəsi və səlahiyyətli naziri Ə.Topçubaşovun diplomatik söhbətləri haqqında qeydlər, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.Topçubaşovun konfransın sədri J.B.Klemensoya notası, Paris Sülh Konfransında Ə.Topçubaşovun Azərbaycanın müstəqilliyi, iqtisadiyyatı və etnik tərkibi haqqında memorandumlarının ABŞ prezidenti T.V.Vilsona təqdimatı, Gürcüstan Respublikası ilə Azərbaycan Respublikası arasında hərbi-müdafiə sazişi, Azərbaycan - Ermən istan konfransının iclas protokolları, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişı və s. çox əhəmiyyətlidir.

     Cümhuriyyət hökumətinin Daxili İşlər Nazirliyinin sənədləri toplanan fondda o dövrdə nazirliyin fəaliyyəti haqqında müəyyən təsəvvür yaranır. Nazirlik kabinetlə birlikdə 1918-ci il iyunun 16-da Tiflisdən Yelizavetpola (Gəncə), həmin il sentyabrın 16-da isə Bakıya köçüb. 23 ay ərzində nazirliyin bölmələri oğruların, əliəyrilərin, müftəxorların, cinayətkarların aşkara çıxarılıb zərərsizləşdirilməsi, respublikanın şəhər və kəndlərində sabitlik yaradılması sahəsində apardıqları işlər mühafizə vahidlərində öz əksini tapıb.

    Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri sübut edən xeyli sənəd də fondlarda saxlanılır: Bakı kommunası dövründə erməni silahlı dəstələrinin və bolşeviklərin Bakıda, Şamaxıda, Qubada və s. törətdikləri vəhşiliklər haqqında fövqəladə təhqiqat komissiyası üzvlərinin məruzələri, şahidlərin dindirilməsi haqqında protokollar, məhv edilmiş müsəlman kəndlərinin siyahısı, erməni silahlı dəstələri tərəfindən müsəlman əhalisinin məhv edilməsi barədə İrəvan quberniyası Vedibasar rayonu müvəkkilinin cümhuriyyət hökumətinin başçısı F. Xoyskiyə ərizəsi, Ararat Respublikası ordusunun, yerli ermənilərin və daşnak quldur dəstələrinin müsəlman əhalisi üzərində zorakılığı barədə Yeni Bayazid qəzasının 26 müsəlman kəndli əhalisinin Azərbaycan hökumətinə müraciətləri, Gəncə quberniyasının Zəngəzur qəzasında mütəşəkkil erməni silahlı dəstələrinin dinc kənd əhalisinə basqınları haqqında fövqəladə istintaq komissiyası üzvünün məruzəsi, Qars vilayəti və İrəvan quberniyasının müsəlman əhalisi üzərində Ermənistan hökumətinin vəhşilikləri barədə Qars vilayəti müsəlman milli şurası müvəkkilinin cümhuriyyət hökumətinin xarici işlər nazirinə memorandumu və s.

    Azərbaycan SSR-in yaranma və inkişafını işıqlandıran nadir sənədlər Azərbaycan İnqilab Komitəsinin fondlarında cəmləşmişdir. Burada İnqilab Komitəsi iclaslarının protokolları, dekretləri, qərarları və əmrləri, protokollara əlavələr, Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun xalq təsərrüfatının bərpası, mədəni inqilabın həyata keçirilməsi, xalqın maddi rifahının yüksəldilməsi məsələlərinə dair komissarlıqlarla idarələrlə, qəza inqilab komitələri ilə yazışmaları mühafizə olunur.

   Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin fondunda Sovetlərin 1921-1937-ci illərdə keçirilmiş bütün doqquz qurultayının sənədlərinin əsilləri, Azərbaycan Konstitusiyasının qəbulu tarixinə, Azərbaycan MİK-in bütün çağırışlar üzrə sessiyalarına və s. aid qiymətli sənədlər saxlanılır. Azərbaycan MİK Rəyasət heyəti iclaslarının protokolları və bunlara əlavə edilən materiallar bu ali hakimiyyət orqanının sovet, təsərrüfat quruculuğu və mədəni quruculuq sahəsindəki fəaliyyətini hərtərəfli səciyyələndirir.

   Azərbaycan SSR Ali Soveti fondunun sənədləri respublikada ali dövlət hakimiyyəti orqanının qanunvericilik fəaliyyətini əks etdirir. Burada Azərbaycan SSR-in qanunları və qanunvericiliyinin əsasları, onların araşdırılmasına, müzakirə və təsdiqinə dair sənədlər, Ali Sovetin sessiyalarının, onun rəyasət heyətinin, daimi komissiyalarının protokol və stenoqramları mühafizə edilir.

    Arxivin 20-ci ildən sonrakı dövrü əhatə edən fondlarında Azneftkomun yaradılması və neft sənayesinin milliləşdirilməsi haqqında dekret, 1921-1935-ci illərdə Azneft sisteminin təşkilində baş verən dəyişiklikləri əks etdirən çoxsaylı sənədlər, o cümlədən əmr və təlimatlar, əsasnamələr, Azneftin təsərrüfat hesabı ilə işə keçirilməsi, sahə müəssisələrinin yoxlanılması və direktiv orqanlarda müzakirəsi və s. barədə çoxlu sənəd saxlanılır. Azərbaycan neft sənayesinin, neftmaşınqayırma sənayesinin, sahənin elektrikləşdirilməsinin vəziyyəti və inkişafı məsələlərinin ittifaq orqanlarında müzakirəsi təhriri məruzələrdə, protokollarda, stenoqrafik hesabatlarda, planlarda öz əksini tapmışdır.

     Arxivdə geologiya, neft və qaz kəşfiyyatına dair xeyli sənəd var. O cümlədən Abşeronda neft ehtiyatı haqqında, Puta, Masazır, Bulaqşor, Ziyilniri, Sulutəpə, Novxanı, Quşxana, Netfçala, Fatmayi, Qaraçuxur, Qala, Pirsaat, Xıdırlı və s. yataqların kəşfi və istismara verilməsi barədə sənədlər diqqəti cəlb edir.

    Sonrakı illərdə, xüsusilə II Dünya müharibəsi illərində Azərbaycan neftçilərinin misilsiz qəhrəmanlığı, yeni qazma üsullarının tətbiqi, dənizdə neft hasilatı, neftayırma və neft kimyası zavodlarında yeni məhsulların buraxılması, Azərbaycan neftçilərinin yeni-yeni kəşfləri, onların beynəlxalq aləmdə tanınması, simpozium və konqreslərdə çıxışları, Bakı neftçilərinin düşmənin dəf edilməsinə səfərbər olması haqqında sahə həmkarlar ittifaqlarının arayışları, neft sənayesi işinin müharibə dövrünün tələblərinə uyğun olaraq yenidən qurulması, hərbi təyyarələrin, tankların buraxılması üçün vəsait toplanması barədə Azneftkombinat rəisinin əmri, 1941-ci il tapşırıqlarının yerinə yetirilməsi haqqında arayış, L.Şmidt (Səttərxan) adına zavodun yeni, mürəkkəb neft avadanlığı buraxılmasını mənimsəməsi, hospitallara hamilik, cəbhə ilə digər əlaqələr və s. barədə maraqlı sənədlər arxivdə qorunub saxlanmaqdadır.

     Respublika kənd təsərrüfatı, sovxozlar, tədarük, meşə təsərrüfatı xalq komissarlıqlarının (nazirliklərin), su təsərrüfatı idarəsinin, qəza Sovetləri icraiyyə komitələrinin torpaq şöbələrinin, pambıqçılıq ittifaqları trestlərinin, kənd təsərrüfatı kollektivləri ittifaqının, rayon ittifaqlarının, kredit və kənd təsərrüfatı kooperasiyası cəmiyyətlərinin fondlarındakı sənədlər Azərbaycanda kənd təsərrüfatının inkişaf tarixini əks etdirir. Burada kəndlərə göndərilən 25 mincilərin işi, zərbəçi kolxozçuların qurultayları, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı haqqında qiymətli məlumatlar toplanmışdır.

     Yollar və rabitə xalq komissarlıqlarının, habelə Azərbaycan Dəmir yolu İdarəsinin, Xəzər Gəmiçilik İdarəsinin və Hava donanmasının fondlarında respublikada nəqliyyat və rabitənin inkişafı məsələlərinə dair müxtəlif məlumatlar vardır.

    Tikinti və memarlıq tarixi haqqında məlumat almaq istəyənlər Azəbaycan SSR tikinti işləri üzrə Dövlət komitəsinin fondunu vərəqləyə bilərlər. Bu sənədlər respublikada əsaslı tikintini, o cümlədən sənaye, kənd təsərrüfatı və sosial-mədəniyyət obyektləri, memarlığın müasir inkişafını səciyyələndirir.

     Keçən əsrin 20-ci illərində Azərbaycanda sənayenin milliləşdirilməsi, bərpası və inkişafında müəyyən rolu olmuş Ali Xalq Təsərrüfatı Şurasının (AXTŞ) fondu (1920, 2 may – 1932, 29 mart) hökumətin iqtisadi siyasətini, onun idarə olunmasını özündə əks etdirən sənədlərlə zəngindir. 20-ci illərin axırlarında respublika sənayesinin xeyli hissəsi Şuraya tabe olan trestlər vasitəsilə idarə olunduğundan onların sənədləri mühüm əhəmiyyət kəsb edir: buraya “Azərsənayekombinat”, “Azəruntrest”, “Azərdövləttextikinti”, “Azərmetalsənaye”, “Azərpaltar”, “Azərdövlətmeşə”, “Azərbalıq”, “Azərtoxuculuq”, “Azərtütün”, “Azəripək”, “Biyan”, “Sement”, trestlərinin və səhmdar cəmiyyətlərin sənədləri daxildir.

    İctimai təşkilatların, xüsusilə onlardan ən kütləvi olan həmkarlar ittifaqlarının kompleks sənədləri, həmkarlar ittifaqı Azərbaycan və Bakı şuralarının, respublika komitələrinin fondları ilə təqdim olunur. Zəhmətkeşlərin sosializm yarışının meydana gəlməsi və inkişafı, Staxanov hərəkatı və əməyə yeni münasibətin digər formaları bu sənədlər vasitəsilə işıqlandırılmışdır.

    Arxivdə xeyli miqdarda şəxsi mənşəli fondlar da vardır. Bunlar Sovet İttifaqı qəhrəmanları M.Bağırovun, A.Vəzirovun, H.Hüseynovun, A.Quliyevin, M.Quliyevin, S.Kazımovun, X.Məmmədovun, Ə.Piriyevin; əmək qəhrəmanları Q.Əmirovun, F.Ağayevin, İ.Hüseynovun, U.Cavadovun, S.Qaziyevanın, S.Nağıyevin, A.Novruzovun, Azərbaycanın ilk təyyarəçi qadınları L.Məmmədbəyovanın, S.Nuriyevanın, Z.Seyidməmmədovanın və başqalarının şəxsi fondlarıdır.

    Dövlət Arxivində Azərbaycan tarixini öyrənmək üçün mənbə olan çox qiymətli sənədlər cəmlənmişdir. Azərbaycan Dövlət Arxivi hal-hazırda yeni, müasir qiymətli sənədlərin komplektləşdirilməsi işini səylə davam etdirir və müstəqil Azərbaycan Respublikasının tarixinə aid sənədlərlə daha da zənginləşir.



Bugün: 602
Dünən: 835
Bu həftə: 3879
Son həftə: 4759
Bu Ay: 13710
Son Ay: 20754
Bu İl: 79011
Ümumi: 1099432
1099432