Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-02-27 03:01:21
Baxış sayı : 3464

   Dünyada səsim qaldı...                                                      

                                  Böyük xanəndə Seyid Mirbabayevin 150 illiyinə

 

                mirbabayev1XIX əsrin sonu, XX əsrin əvvəllərinin ən görkəmli simalarından biri də mədəniyyət tariximizdə iz buraxmış görkəmli xanəndə Seyid Mirbabayevdir. Bakı musiqi məclislərinin təşkilatçısı və rəhbəri olmuş Məşədi Məliyin təşkil etdiyi “Musiqi salonu” Bakı musiqiçilərinin bütöv bir nəslini yetişdirmişdi. Məşədi Məliyin oğlanları Məşədi Süleyman və Mirzə Mənsur öz nəslinin musiqi irsini qoruyub-saxlamış şəxslərdir. Azərbaycanda ifçılıq sənətinin inkişafında  xüsusi xidmətləri olmuş Məşədi Məliyin təsis etdiyi Bakı musiqi məclislərində Sadıqcan, Hacı Hüsü, Mirzə Fərəc, Ağa Kərim Salik, Əli Zühab, Baladadaş, Bülbülcan, Seyid Şuşinski, İslam Abdullayev, kamança çalan Mirzə Səttar kimi adları dillər əzbəri olmuş musiqi xadimləri ilə yanaşı Seyid Mirbabayev də çıxış edərdi.  

      Seyid Mir Tağı oğlu Mirbabayev1867-ci ildə Bakıda mərsiyəxan ailəsində anadan olub. Atası qatı dindar idi. Seyidin gözəl səsi olduğundan atası və qardaşı kimi o da mərsiyəxanlıqla məşğul olurdı. Bir müddət sonra mərsiyəxanlıqdan uzaqlaşıb xalq məclislərində iştirak edir. Artıq o, keçən əsrin əvvəllərində Bakıda göstərilən teatr tamaşalarının fasilələrində bir müğənni kimi çıxış edirdi. Seyid tez bir zamanda nəinki Bakıda, hətta bütün Qafqazda, Orta və Yaxın Şərqdə muğam ifaçısı kimi məşhurlaşır. Şəhərin milyonçuları xanəndəni bir-birlərinin bəhsinə şənliklərinə dəvət edirdilər. Xüsusilə də xanənin Fransanın “Pate” firması tərəfindən bir neçə mahnısı vala köçürüləndən sonra müştəriləri daha da artmış, məclislərində xanəndənin iştirakı üçün mübahisələr daha da qızışmışdı.  Bu hadisədən sonra şöhrət düşkünü olan milyonçular tərəfindən dəvətlərin ardı-arası kəsilmirdi. Belə məclislərdən biri də 1910-cu ildə Bakı milyonerlərindən biri olan Suraxanı milyonçusu Şıx Əlbəndə oğlu Balayevin yeganə oğlunun toy məclisinə dəvət olunan Seyid Mirbabayev tarzən Salyanlı Şirin ilə birlikdə həmin məclisdə iştirak edir. Xanəndə toyun bəy tərifi yerində xələt vermək üçün bəyin dayısına üzünü tutur. O da öz növbəsində pul əvəzinə, Sabunçuda həyət sahəsində qazdırdığı fantanın xərcini üzərinə götürməklə xanəndəyə bağışladığını bəyan edir. Həmin bəxşişdən bir müddət sonra gözlənilmədən həmin həyətdə olan neft quyusu bir neçə yerdən  fontan vurur. Nəticədə xanəndə Seyid, olur milyonçu Seyid Mirbabayev.  

Zəngin var-dövlətə sahib olan Seyid şəhərdə mülk almaq üçün elin ağsaqqalı sayılan Hacı Zeynalabdin Tağıyevin yanına məsləhətə gedir. Onun sənətinin vurğunu olan Hacı özünün yaşadığı mülk və anasının evindən başqa bütün mülkləri ona peşkəş verməyə hazır olduğunu bildirir. Seyid Hacının bu iltifatını yüksək qiymətləndirir və o başqa bir mülk almaq istədiyini bildirir.

Hacı Zeynalabdin Tağıyev bir qədər özlüyündə  götür-qoy etdikdən sonra:

 - Seyid, gəl sənə məktub verim, get Tiflisə. Müflisləşmiş erməni milyonçusu Aramyan dəniz kənarındakı mülkünü satmaq istəyirdi. Bildiyimə görə elə də baha vermir. Çox qəşəng memarlıq üslubunda tikilib. Mənim mülkümdən heç də geri qalmaz. Evim hazır olanadək mən də o mülkdə yaşamışam. Sonra da Ağa Musa neçə illər elə mənim yaşadığım otaqlarda yaşayıb.

- Nə deyirəm, Hacı, məsləhət gördüyün kimi edərəm, – deyə cavab verir.

Hacının məsləhət gördüyü mülk indiki Azərbaycan Dövlət Neft Şirkəti meydanında yerləşən binadır.Seyid Mirbabayevin mülk almaq üçün H.Z.Tağıyev tərəfindən məsləhət bilindiyi  bina Bakı şəhərində qədim tikililər arasında öz əzəməti və gözəlliyi ilə  xüsusi diqqət şəkir.

Qeyd edək ki, binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunub və ayın sonlarında tikintisinə başlanılıb. Mənbələrdə göstərilir ki, Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı.mirbabayev Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılırdı.

       Bəzi mənbələrdə mülkün tanınmış milyonçu Seyid Mirbabayevə məxsus olduğu bildirilsə də, lakin tikilinin ilkin sahibi haqqında dəqiq məlumat yoxdur.

       Qeyd edilir ki, bu mülk Tiflisdə yaşayan bir müflisləşmiş iş adamının olub. Hacı xəzinədarı Mir Həbibə  məsləhət görür ki, Seyidlə gedib mülkü almaqda ona yardımçı olsun. Həm də ona Qori Seminariyasını hamiliyə götürməsini də məsləhət bilir.

       Hacının adından gəldikləri üçün Aramyan onları üç gün mehmanxanada qonaq saxlayır. Gəlişlərinin səbəbini bildikdən sonra ev sahibi onlara mülkü satacağı qiymətdən xeyli aşağı təklif edir. Sövdələşmə baş tutandan sonra  mülkü satan şəxs Hacının xəzinədarına  pul bəxşiş edir. O gündən sonra mülk milyonçu Seyid Mirbabayevin şərəfinə adlandırılır.

        Seyid Hacının hər bir məsləhətini ehtiramla qəbul edirdi. Hacının məsləhəti ilə Qori Seminariyasının hamiliyini üzərinə götürmək xəbəri Tiflis şəhərində sevinclə qarşılanır. Qəzetlər Bakı  milyonçusunun bu addımını yüksək qiymətləndirərək yazırdı: “Varşavada səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndələrdən biri, təsadüf nəticəsində neft milyonçusu olan Seyid Mirbabayev elmin tərəqqisi naminə yüksək məbləğdə Qori Seminariyasına ianə verdi...” O, bu elanı məqbul saysa da, lakin “xanəndə” sözü Seyidi dilxor edir. Artıq oxumağı özünə ar bilir. Vaxtilə yazdırdığı səs yazılarını təcili olaraq ayrı-ayrı şəxslərdən alıb məhv etməyi qərara alır. Onun bu hərəkəti sənətinin vurğunu Hacı Zeynalabdın Tağıyevi yamanca sarsıdır. Hətta Hacı özünü saxlaya bilməyib deyirdi:

– Əşşi, belə şey olar, bülbülləri geridə qoyan səsi ilə fəxr etmək əvəzinə, xəcalət çəkir? Ağa Musa, Vallah, bunun başı xarab olub. Heyf o səsdən. Daha oxumayacağı bəs deyilmiş kimi, hələ Varşavada səsi yazılmış qrammofon vallarını da satışdan yığışdırıb.

Bundan sonra Seyid Mirbabayev  neft sahəsində məşhurlaşmağa başlayır. 1912-ci ildə o, neftlə zəngin 3 böyük sahə alır və onun  hasilatına başlayır. Seyidin 70 nəfər işçidən ibarət kontoru 18 buruqdan ildə 150000 barrel neft hasil edirdi.

     Keçən əsrdə qanuni hökumət devriləndən sonra başqa milyonçular kimi Seyid Mirbabayev də vəzindən yüngül, qiymətdən ağır nəyi vardısa götürüb, Bakını tərk edir. O bir müddət Fransanın paytaxtı Paris şəhərində yaşayır. Ləl-cəvahirat həvəskarı olan Seyid özü ilə gətirdiyi bu qiymətli qaş-daşlarla güzaranını keçirirdi. Bir müddət sonra gətirdiyi sərvəti əlindən çıxan Seyid bir daşın üstündə oturub keçmiş günlərini şirin bir xatirə kimi yadına salır. Bu xatirələr işığında onu ən çox düşündürən və peşmançılığını bildirən, vaxtilə el ağsaqqalı, müdrik insan olan Hacının ona etdiyi vəsiyyətə xilaf çıxması idi: “Bala səsindən muğayat ol! Bu səs hər bir insana müyəssər olmayan Allah vergisidir. Sənə Ulu Tanrı tərəfindən bəxş edilən peyğəmbərimiz Davudun səsidir. Bu səsi heç bir var-dövlətlə ala bilmədiyin kimi, heç bir var-dövlətə də uyub onu əldən vermə!  Onu qorumağa çalış!”

Seyid Hacının peyğəmbərcəsinə dediyi sözləri xatırladıqca vicdan əzabı çəkirdi. Tutduğu işə peşman olsa da keçmişi heç cür geriyə qaytarmaq olmayacağı aydın idi. Hansı səbəbdən etdiyi isə heç cür ona aydın deyildi.

Keçən əsrin 30-cu illərində Parisdən Tehrana gələn Seyid Mirbabayev burada bakılıların çayxanasında xanəndəlik edir və 1953-cü ildə 83 yaşında vəfat edir.

Haşiyə: Son zamanlar Seyid Mirbabayev haqqında həqiqətdən uzaq olan bir əhvalat xanəndə haqqında yazılarda eyniliklə təkrarlanır. Bu əhvalatı ilk dəfə ortaya gətirən isə yanılmıramsa Azərbaycan bəstəkarı, xalq artisti Cahangir Cahangirovun Seyidin həyatına həsr etdiyi “Xanəndənin taleyi” operası idi.

“Xanəndənin taleyi” operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevinacı taleyindən bəhs edir. Var-dövlət içində həyat sürmək xatirinə qürbət ölkəyə gətirdiyi ləl-cəvahiratını göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış yeganə sınıq qrammofon valı qalmışdı. Operada xanəndənin bu yadigarı onun məhv olmuş həyatının rəmzi kimi düşünülür. Lakin ondan sonra Seyid Mirbabayev haqqında yazılan məqələ müəllifləri fikri başqa səmtə yönəldir və həmin hadisəni reallıq kimi təqdim edirlər.

Qeyd edilir ki, Parisdə yaşayarkən var-dövlətı əlindən çıxan Seyid səfil vəziyyətdə küçələri gəzirmiş. Bu zaman “Patte” firmasının bir elanına gözü sataşır. Şirkət Azərbaycan musiqiçilərin inqilaba qədər səs yazılarını yüksək qiymətə aldığını bildirir. Seyid bir anlıq özünü itirir. Düşünmədən evə gəlir. Göz bəbəyi kimi qoruduğu yeganə valı götürüb şirkətə gəlir. Şirkətin sahibi ilə razılığa gələndən sonra gələcəkdə yenidən varlanacağı ümidi ilə sinəsində saxladığı valı şirkətin işçisinə vermək istəyəndə həyəcandan əli titrəyir və valı salıb sındırır. Bu zaman elə bil Seyidin gözləri hədəqəsindən çıxır. Qəlbində dəhşətli inilti qopur. Nə edəcəyini bilməyir. Heç bir söz deməyib əlləri ilə başını qucaqlayıb yerə çökür. Bu böyük xanəndənin sınmış son ümidi idi.

Həmin məqalələrdə göstərilir ki, Seyid Mirbabayev milyonçu olarkən səsi yazılmış valları bir neçə qat baha qiymətə alıb məhv edirmiş. Bununla da Seyidin dövrümüzə heç bir səs yazısı gəlib çıxmadığını iddia edirlər.

Təxminən belə şəkildə biz Seyid Mirbabayev haqqında müxtəlif şəxslərin mətbuatda yazılarına rast gəlirik.

Lakin qeyd edək ki, həmin yazıların heç bir elmi əsası yoxdur. Xatırladaq ki, Seyid Mirbabayevin səsi 1906-1910-cu illərdə dünyanın bir çox şirkətləri tərəfindən vallara köçürülüb. Həmin səs yazıları hal-hazırda Respublika Dövlət Səs Yazıları Arxivində Seyidin ifasında “Mahur”, “Küçələrə su səpmişəm”, “Aşiran”, “Əraq”, “Hicaz”, “Simayi-şəms” və sair qrammofon valları keçən əsirdən bu günümüzə çatmış ən qiymətli  səs yazılarındandır. 

 

                                                                                                                                                                               Aslan Qasımlı

                                                                                                                          S.Mümtaz adına  Dövlət Ədəbiyyat 

                                                                                                                           İncəsənət Arxivinin direktor müavini



Bugün: 262
Dünən: 859
Bu həftə: 3169
Son həftə: 4358
Bu Ay: 19299
Son Ay: 22161
Bu İl: 63846
Ümumi: 1084267
1084267