Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan sovet romanının banisi - Əbülhəsən Ələkbərzadə

Son Yenilənmə : 2021-10-06 08:04:33
Baxış sayı : 1128

             XX əsrdə görkəmli bir nasir kimi tanınmış, ötən əsrdə Azərbaycan sovet romanının yaxşı nümunələrini yaratmış Ələkbərzadə Əbülhəsənin yaradıcılığı Azərbaycan ədəbiyyatının təşəkkülü, inkişafı və yüksəlişi ilə qırılmaz tellərlə bağlıdır. 40 ildən artıq bədii yaradıcılığı ilə cəmiyyətə xidmət etmiş nasir bu müddətdə, hər şeydən əvvəl, həqiqəti yazan, həmişə tərəqqi meyllərini, müasirliyi müdafiə edən bir yazıçı kimi tanınmışdır.

            Görkəmli yazıçımız Əbülhəsən xalq həyatı, xalq taleyi ilə möhkəm bağlı olan sənətkarlardan olmuşdur. Onun bütün hekayə, povest və romanlarını bir-birinin ardınca düzmüş olsaq, xalqımızın təxminən 40 illik ictimai həyatının çox xarakterik, tipik lövhələri gözümüzün önündə canlanar.

            Zəngin yaradıcılıq yolu keçmiş Ə.Əbülhəsən 1925-ci ildən orta məktəblərdə müəllimlik etmiş, eyni zamanda bədii yaradıcılıqla da məşğul olmuşdur. Əbülhəsənin şeirləri onun ilk qələm təcrübələri idi.

            İlk hekayələrini yazanda Əbülhəsən 20-21 yaşında olub. Onun yaradıcılığının gəncliyi ötən əsrin 20-ci illərinin ikinci yarısında, Azərbaycanın siyasi-ictimai həyatının ən mürəkkəb, ziddiyyətli bir dövrünə, ölkənin sosialistləşmə prosesinin iqtisadi həyatda, məişətdə və şüurlarda yaratdığı böyük təbəddülatlar dövrünə təsadüf etmişdir.

            1927-ci ildə “Maarif və mədəniyyət” jurnalında Əbülhəsənin “Sofi” adlı hekayəsi çıxır. Bu hekayə ilə o ədəbiyyatımızda dini mistikaya qarşı aparılan çoxəsrlik mübarizənin davamçısı kimi nəsrə qədəm qoyur. “Sofi” hekayəsi yazıçının ilk görkəmli əsəri kimi diqqəti cəlb etdi və Əbülhəsən bundan sonra müntəzəm olaraq hekayə və oçerklərlə çıxış etməyə başladı.

            1930-cu ildə 24 yaşında ikən Əbülhəsən “Yoxuşlar” romanını nəşr etdirdi. “Yoxuşlar” kollektiv təsərrüfat uğrunda mübarizənin müəyyən dövrünü, 1929-1930-cu illərin kəndini əks etdirən bir əsər, Azərbaycan sovet nəsrinin ilk romanı idi. Yazıçının özünün etirafına görə, kollektivləşmə dövründə mühəndis qardaşı Mehdi ilə birlikdə Qarabağa getməsi təsadüfi olsa da, orada kollektivləşmə zamanı adamların nə kimi çətinliklərə rast gəldiklərini öz gözləri ilə görməsi  həmin hadisələri təsvir etməkdən ötrü irihəcmli əsərlər yazmaq, o dövrün tarixini bədii şəkildə əks etdirmək zərurəti yaratdı. Romanın adına gəldikdə isə yazıçı əsəri çapa verəndən bir neçə ay qabaq Şuşada, Çanaqqalada olmuş, “Yoxuşlar”dan üzü yuxarı qalxan at-arabanı, qız-gəlini, yoldan keçənlərin əzab-əziyyətini görüb romana bu adı vermişdir (f.25, siy.3, s.v.55, vər.17).  “Yoxuşlar”dakı Qumru yeni şəraitin yetişdirdiyi ağıllı, savadlı, sarsılmaz iradəli Azərbaycan qızlarından biri idi.

            “Yoxuşlar”dan üç il sonra Əbülhəsən “Dünya qopur” romanını nəşr etdirdi. Burada yazıçı Sovet hakimiyyətinin ilk aylarındakı həyatı qələmə almışdır.  Məzmun etibarilə “Yoxuşlar” və “Dünya qopur” eyni bir tarixi dövrün romanı, bir əsərin iki hissəsi idi. “Dünya qopur” romanında yazıçının doğulduğu və gənclik illərini keçirdiyi Basqal kəndinin, onun zəhmətkeş şarbaflarının - kələğayı toxuyanlarının təsviri əsas götürülsə də, müəllifin qələmə aldığı kənd və orada yaşayan insanlar inqilabın ilk aylarında Azərbaycan kəndlərində baş verən hadisələrin ümumiləşmiş, geniş bədii mənzərəsini verir. Yeni cəmiyyət qurmağa çalışan insanların surətləri “Dünya qopur” romanında əsas yer tutur. Müəllif inqilabi hərəkatın müxtəlif sinif və təbəqələrin əhval-ruhiyyəsində əmələ gətirdiyi dəyişikliyi sosialist görüşlü bir realist sənətkar kimi tədqiq edir, nəticələrini göstərirdi.

            Hitler Almaniyasının keçmiş SSRİ-yə hücumunun birinci günündən Əbülhəsən cəbhəyə gedir, müxtəlif millətlərdən olan döyüşçülərlə Sevastopolun müdafiəsində iştirak edir. Sovet adamlarının, o cümlədən azərbaycanlı döyüşçülərin faşistlərə qarşı necə qəhrəmanlıqla vuruşduqlarını, insanların mənəvi aləminə müharibənin necə təsir etdiyini görür. O, müharibəni həm bir döyüşçü, həm də bir sənətkar kimi yaşayır. 1942-ci ilin mart ayında xalq şairi Səməd Vurğuna yazdığı açıq məktubunda bu haqda deyirdi:

            “Əzizim Səməd! Cəbhə həyatına aid hədsiz yazılarım və qeydlərim var. İki ay müddətində bir neçə döyüşlərdə iştirak etmişəm, iki dəfə yüngül yaralanmışam” (f.25, siy.3, s.v.55, vər.12).

            Müharibə illərində “Atalar və oğullar”, “Yaralı”, “Oxu, bülbülüm, oxu”, “Görüş yeri” və s. hekayələrini yazır. Bu əsərlərdə təsvir edilən hərb səhnələri və məhəbbətlə yaradılmış igid döyüşçü surətləri müəllifin gördüyü hadisələrdir, müəlliflə bir səngərdə vuruşan fədakar silah dostlarıdır.

            Qələbədən sonra müharibə haqqında bilavasitə döyüş səhnələrini göstərən ilk Azərbaycan romanını da “Dostluq qalası” adı ilə Əbülhəsən yaratdı.

            1941-1945-ci illər müharibəsi yeni bitdiyi üçün bu mövzuda əsərlər,  demək olar ki, yazılmamışdı. Hadisələrə doğru-düzgün qiymət verilməsi, müharibənin obyektiv dəyərləndirilməsi üçün aradan zaman məsafəsi keçməli idi. Bu məsələdə də Əbülhəsən müasirlərini qabaqlayaraq müharibə haqqında ilk irihəcmli əsər yaratmış oldu. 

            1946-cı ildə yazıçının qəhrəman Sevastopola həsr etdiyi dörd cildlik romanın I və II kitabları Bakıda “Müharibə adı ilə nəşr edilir. Moskvada ruscaya tərcümə ediləndə isə adını “Dostluq qalası” qoymaq məsləhət görülür. “”Dostluq qalası” adı bəziləri kimi, mənə də birtəhər gəldi. Lakin fikirləşib gördük ki, “Dostluq qalası” adı yaxşı tapılıb”, deyə müəllif müsahibələrinin birində qeyd edir  (f.25, siy.3, s.v.55, vər.2).

            Romanda müəllif Azərbaycan xalqının faşist cəlladları ilə savaşdakı qəhrəmanlıq mübarizəsini, qələbəyə olan inamını göstərmiş, yadda qalan obrazlar silsiləsi yaratmışdır. Yazıçı təsvir etdiyi hadisələri Sevastopolun müdafiəsi fonunda vermiş, müharibə həyatını göstərən rəngarəng lövhələr yaratmışdır:

            “Sevastopolda daş da, torpaq da döyüşür, güllə atırdı. Təzə çiçəklənən akasiya, yasəmən, qızılgül ağacları Sevastopolda alışıb yandıqları halda, yenə çiçəklənirdilər. Quşlar gündüz bu mücahid şəhərdə dəhşətdən lal olub susurdularsa da, axşam yenə civiltiyə başlayırdılar” (f.25, siy.3, s.v.55, vər.19).

            Romanda səsləndirilmiş  bir çox fikirlər bugünkü günümüzdə də aktualdır.  Romanın qəhrəmanlarının birinin dili ilə deyilir ki, “Xalqı daimi eləyən, daimi yaşadan da, ölməyə qoymayan da sənsən, mənəm, o biridir... Xoşbəxt o xalqdır ki, onun daimi həyatını, ölməzliyini təmin etmək üçün kifayət qədər başlı, cəsur, fədakar və bacarıqlı oğulları vardır” (f.25, siy.3, s.v.55, vər.18). “Dostluq qalası” əsəri, hər şeydən əvvəl, belə cəsur, fədakar oğulların və qızların romanı idi.

            Əbülhəsənin daha sonrakı illərdə nəşr etdirdiyi “Tamaşa qarının nəvələri”, “Tərs adamlar” kimi məzmunlu povestlərində və bir sıra başqa hekayələrində gənc nəslin  vətənpərvərlik, insanpərvərlik, əməyə məhəbbət və yüksək əxlaqilik ruhunda tərbiyəsi məsələsi başlıca mövzu idi.   

            Əbülhəsənin “ZİS-101” adlı romanının da olduğu deyilir ki, onu da yazıçının mübahisə zəminində məhv etdiyi söylənilir. Yazıçı özü bu barədə belə deyir: “Bir gün onu “İnqilab və mədəniyyət” jurnalının redaktoru Məmməd Arifə verdim. Arif oxuyub öz fikirlərini bildirdi. Yaxşı cəhətləri ilə yanaşı, nöqsanlarını da göstərdi. Sonra başqaları da əsəri oxudular. Romanın son hissələri haqqında mübahisə qopdu. Mən də onları düzəltmək istəmədim. Elə bildim ki, bu qeyri-mümkündür. Cırıb atdım” (f.25, siy.3, s.v.55, vər.13).

            Əbülhəsən Ələkbərzadə klassik yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığını çox sevirmiş. Onunla şəxsən bir neçə dəfə görüşən Əbülhəsən Ə.Haqverdiyevin “Marallarım” əsərini dahiyanə əsər adlandırırdı.

            Zamanında roman janrında böyük müvəffəqiyyətlər qazanmış, adı da, şöhrəti də, həyat idealı da bu janrla bağlı olmuş Əbülhəsənin adı Azərbaycan ədəbiyyatında yaxşı bir romançı kimi qalacaqdır.

Məqalənin hazırlanmasında  ARDƏİA-nin 25 və 217 №-li fondların sənədlərindən istifadə edilmişdir.

                                                                                                 

Xatirə QƏDİROVA

S.Mümtaz adına Dövlət Ədəbiyyat və

İncəsənət Arxivinin aparıcı arxeoqrafı 



Bugün: 515
Dünən: 859
Bu həftə: 3422
Son həftə: 4358
Bu Ay: 19552
Son Ay: 22161
Bu İl: 64099
Ümumi: 1084520
1084520