Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

AZƏRBAYCANDA ƏLİFBA İSLAHATINDA FƏRHAD AĞAZADƏNİN ROLU

Son Yenilənmə : 2020-08-31 01:33:55
Baxış sayı : 1858

Yazı, danışıq dilinin səssiz bəyanıdır. Bu mədəniyyətin nə az, nə çox 7000 il yaşı vardır. Zaman-zaman istər Şərqdə, istər Qərbdə insanlar yazı mədəniyyətini inkişaf etdirmək istiqamətində bir çox işlər görmüşlərBuna səbəb bəşər övladının yaratdığı yeni sivilizasiyanın bütün sferalarında görüləcək işlərdə, qurulacaq münasibətlərdə başlıca ünsiyyət vasitəsinin axtarışı olmuşdur.Ta qədim dövrlərdən yazı ustaları öz yaşadıqları sosial orqanizmlərin - cəmiyyətlərin anlaya biləcəyi işarələr qrupu - əlifbalar tərtib etmişlər. Tarix boyunca təkamül yolu keçmiş əlifbaların bəziləri güclənmiş, böyük coğrafiyalar fəth edərək öz “səltənətlərini” qurmuş, bəziləri zamanın təlatümündən keçərək bu günə gəlib çatmış və yaşamaqdadır, bəziləri isə ya unudulmuş, ya da şəkil dəyişdirərək ömrünü başqa əlifbalara vermişdir.

Azərbaycanda qədimdən müxtəlif yazı texnikaları işlənilsə də, ərəb istilasından sonra bu torpaqlarda yeni və uzunmüddətli yazı mexanizmi istifadə olunmağa başlandı. Təxminən on bir əsr ərzində ərəb əlifbası yerli yazı mədəniyyətində hakim rol oynadı. Hər nə qədər ərəb əlifbası türk dili üçün mükəmməl yazı texnikası olmasa da, bu əlifba ilə Azərbaycanda zəngin tarixi,elmi və mədəni əsərlər yaradılmışdır.

Rus-İran müharibələrinin nəticəsi olaraq Azərbaycanın şimal torpaqları Rusiyanın nəzarətinə keçdi.Buna baxmayaraq, Şimali Azərbaycan müsəlman Şərqinin bir parçası olduğu üçün yazı mədəniyyətindəki keçmiş üslub qorunub saxlandı.Əsrlərlə türkdilli coğrafiyada heç bir rəqib və alternativ tanımayan ərəb əlifbasının “taxtının” bir gün laxlayacağı,yazıdan azda olsa anlayışı olan o dövrinsanıüçün həqiqətdən uzaq bir nəsnə idi.

Türk maarifçilərinin XIX əsrin ortalarından başlatdıqları yeni əlifba davasının bayraqdarı Mirzə Fətəli Axundov oldu. Görkəmli mütəfəkkir zəngin bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı imperiyanın Qafqaz Canişinliyinin baş dəftərxanasında mülki işlər üzrə şərq dilləri mütərcimi də işləyirdi. İstər ədəbi fəaliyyətində, istərsə də dövlət qulluğu zamanı ərəb əlifbasından qaynaqlanan çatışmamazlıqları görür və yeni bir əlifbanın tərtib edilməsinin vacibliyini düşünürdü. İlk dövrdə ərəb əlifbasının islah etmək yolu ilə asanlaşdırmaq fikrində olan M.F.Axundov daha sonra bu əlifbanın bütünlüklə dəyişdirilməsi uğrunda çalışmağa başlayır. Bununla əlaqədar farsca bir kitabçadan ibarət layihə irəli sürür. 1863-cü ildə İstanbula gedərək, rus səfiri vasitəsilə dövrün sədrəzəmi Keçəcizadə Məhməd Fuad Paşaya həmin layihəni təqdim edir. Layihə sədrəzəmin əmri  ilə Osmanlı Elm Cəmiyyətində tədqiq olunur, hər xüsusda məqbul sayılır və bəyənilir. Hətta böyük mütəfəkkir bu işinə görə IV dərəcəli Məcidiyyə ordeni (Sultan Əbdülməcid xanın şərəfinə təsis edilmiş nişan) ilə təltif olunur. Ancaq yeni əlifbanın tətbiq olunması məqsədəuyğun hesab edilmir. Səbəb kimi ərəb əlifbasının bütün müsəlmanların müqəddəs kitabı olan Quranın əlifbası olması göstərilir.

Buna  baxmayaraq,  Mirzə Fətəli illərlə nüfuzlu osmanlı, iranlı və hindistanlı ziyalılar ilə etdiyi yazışmalarda ərəb əlifbasının təhsil sahəsində yaratdığı çətinlikləri, bu əlifbanın nöqsanlarını geniş şərh edir və yaxın gələcəkdə islam məmləkətlərinin Avropasayağı bir əlifbaya keçidinin vacibliyini sübut edirdi.O, türk-islam coğrafiyasında yaşayan əhalinin tez və asan yolla savadlanması üçün əlifba islahatı ilə bağlı daha iki layihə hazırlayaraq İstanbula və Tehrana göndərir. Lakinhər iki paytaxtın höküməti bu məsələyə etinasız yanaşır.

Böyük mütəfəkkirin vəfatından sonra da bu ideya Azərbaycan  ziyalıları nəzdində öz aktuallığını itirmir. Heç şübhə yoxdur ki, Mirzə Fətəli Axundovun əlifba davasının qızğın tərəfdarlarından biridə görkəmli pedaqoq Fərhad Ağazadə olmuşdur. O, eyni zamanda görkəmli publisist və mətbuat tarixçisi kimi də tanınmaqdadır. Ancaq biz bu yazıda onu bir pedaqoq, bir  metodist və  bir alovlu əlifba islahatçısı kimi xatırlamağa çalışacağıq.

Şərqli təxəllüsü ilə də tanınan Fərhad Rəhim oğlu Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Şəhər məktəbini bitirdikdən sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir (1897-1900). Gənc müəllim seminariyadan məzun olduqdan sonra Xaldan, Şuşa, Gorus, Gəncə və Bakı məktəblərində dərs demişdir.

Fərhad Ağazadəni hələ müəllimlik etdiyi illərdən dilimizin tədrisi problemləri düşündürməkdə idi. Bu səbəbdən də, görkəmli pedaqoq bir sıra dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak etməyi qərara alır.

            Fərhad.Ağazadə müxtəlif  illərdə  (1906-1929) illərdə bir   neçə   müəllim   ilə   müştərək   hazırladığı  səkkiz   dərsliyi   çap  etdirmiş, özünün   bir   çox  məqalələrində   ana   dilimizin   inkişafı   və   tədrisi   məsələlərinə   toxunaraq,  başlıca maneəni ərəb əlifbasının türk dilinə ahənglilik təşkil etməməsi nəticəsində doğma  sözlərin sıradan çıxmasında görürdü. O, 1923-cü ildə  “Türk dilini diriltmək və zənginləşdirmək yolları” (tükənəklər) məqaləsində yazırdı:

“Türkcənin  ərəbcədən  daha  zəngin  bir  dil  olduğunu  tarix  yazanlar  gələcəkdə  sübut  edəcəklər.

Hərgah  bu  günkü  türkcənin  dörddə  üçü  ərəbcədən  alınmışdırsa,  bunun  bir  çox  səbəbləri  vardır  ki,  

başlıcası  minlərcə  türk  sözlərinin  ərəb  hərflərinə  uydurulamaması  olmuşdur.  

Hər  kəlmənin  imlasında  az-çox   çətinlik   duyan   yazıçılar,   o  kəlməni

    atıb,  əvəzində  ərəbcəsini  meydana  fırlatmışlar.  Min  ildən  çoxdur  ki,  türkcənin  başına  böylə  oyunlar  gəlmişdir, 

 minlərcə  kəlmələrimiz  atılmış  və  unudulmuşdur,  dilimizdə  bundan  dolayı  kasıblaşmışdır” (ARDƏİA, f.515, s.1,sv.3).

Keçən əsrin əvvəllərində Qafqaz üçün mühüm hadisələrdən biridə Bakıda keçirilən müsəlman müəllimlərinin I və II qurultayları olmuşdu. Ardıcıl iki il (1906-1907) təşkil edilən bu elmi-pedaqoji yığıncaqda əsasən o dövr üçün aktual olan tədris problemləri, eləcə də müəllimlərin sosial məsələləri müzakirə predmeti idi. Hər iki qurultayın rəyasət heyətinin üzvü olan Fərhad Ağazadə xüsusilə əlifba islahatına gedilməsi, türk (Azərbaycan) dilinin məktəblərdə ikinci dil münasibəti görməsinə son qoyulması və bu fənnin dərs saatlarının artırılması məsələlərinin həllinə çalışırdı. Türk (Azərbaycan) dilinin mövqeyi I qurultayda (15-30 avqust 1906-cı il) geniş müzakirə olunaraq müəyyənləşdirilmiş və payına düşən dərs saatlarının sayı artırılmışdı.

Əlifba məsələsinə gəlincə, bu mövzu ilə bağlı qurultayda iştirak edən müəllimlər ümumi müsbət fikrə gələ bilmirdilər. Fərhad Ağazadə müəllim  həmkarları Süleyman Sani Axundov və Abdulla Əfəndizadə ilə birgə tərtib etdiyi yeni əlifba layihəsini II qurultay (25 avqust – 5 sentyabr 1907-ci il) iştirakçılarının müzakirəsinə vermişdi. Layihənin müzakirəsi zamanı Fərhad bəy, mövcud əlifbanın dil öyrənimində yaratdığı böyük əngəl və çətinlikləri sadalayır, bunun nəticəsində ortaya çıxan qüsur və nöqsanları yazı taxtasında bir-bir  izah edir və  qurultay  iştirakçılarından  millət üçün taleyüklü bir mövzu olan bu məsələnin müsbət həllini xahiş edirdi. İstedadlı pedaqoq,layihənin mövcud olan ərəb əlifbasının əsasında işlənilib hazırlandığı üçün heç bir ixtilafa səbəb olmayacağını və əsas məqsədin müsəlman balalarının asan şəkildə maariflənməsi olduğunu xüsusilə vurğulayırdı. Buna baxmayaraq, layihə qəbul olunmadı. Ancaq qərara alındı ki, Fərhad bəyə və digər bir müəllim həmkarına  həmin təkmilləşdirilmiş layihə əsasında əlifbanın tədris edilməsi icazə verilsin. Tədris müddəti başa çatdıqdan sonra şagirdlərin əlifbanı qavrama səviyyəsi xüsusi komissiya tərəfindən yoxlanılsın və nəticəsi mətbuatda işıqlandırılsın (ARDƏİA, f.515, s.1, sv.71).

Göründüyü kimi əlifba islahatında atılacaq əməli addımlara təkcə islam hökümətləri  yox, Rusiyanın bir çox müsəlman türk pedaqoqları da əngəl yaradırdılar. Hətta bunun gerçəkləşməsinə və səmərəli olacağına inanmayan ziyalılarımızda olmuşdur. Ancaq Fərhad Ağazadə bu məsələnin bir gün müsbət həllinə inanırdı.O, dilimizin inkişafını təkcə əlifba islahatında deyil, eyni zamanda xalqınöz doğma dilinə hörmət etməsində də görürdü.Görkəmli pedaqoq dostu Üzeyir Hacıbəyovun “Məktəb məsələsi” (“İrşad” qəzeti № 240, 1906-cı il) adlı məqaləsinə “Yüz il getdik, elə budurmu getdiyimiz?” (“İrşad” qəzeti № 244, 14.10.1906-cı il) adlı məqaləsi ilə ətraflı cavab verərək, doğma dilin bir millətin tərəqqisində nə kimi rol oynadığını izah etməyə çalışmışdır (ARDƏİA, f.515, s.1,sv.71).

Qeyd etmək lazımdır ki, əlifba islahatı Azərbaycandas ovet hakimiyyətinin ilk illərində öz müsbət həllini tapsada, bu sahədə ilk real addımlar məhz, demokratik respublika zamanında atılmışdı. Cümhuriyyətin elanından bir ay sonra müvəqqəti paytaxtı Gəncədə mühüm qərarlar alan milli hökümət dil məsələsinə də diqqət yetirmişdi. Nazirlər Şurası 27.06.1918-ci il tarixli qərar ilə Azərbaycan Respublikasının dövlət dilinin türk dili olduğunu, ancaq müvəqqəti olaraq hökümət idarələrində rus dilindən də istifadə edilməsinə icazə verildiyini bəyan etmişdi. Cümhuriyyət hökümətinin 28.08.1918-ci il tarixli qərarı ilə isə  türk (Azərbaycan) dilində savadlı milli kadrlar hazırlanması məqsədilə ölkədəki təhsil müəssisələri milliləşdirilmişdi. Əlavə olaraq, cümhuriyyət höküməti qısa zaman kəsiyində dil, tədris və təhsillə bağlı bir çox qərarlar qəbul etmişdi. Belə qərarlardan biridə, 1919-cu ildə xalq maarifi naziri yanında ərəb əlifbasının islahatı üzrə komissiyanın yaradılması haqqında olmuşdur. Fərhad Ağazadə bu komissiyanın üzvü olsa da, qeyri-müəyyən səbəblər üzündən komissiyanın iclaslarında iştirak edə bilməmişdi. Buna baxmayaraq, fəal əməkdaşlıq etdiyi dövlətin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetində yazdığı silsilə məqalələrlə komissiyada gedən müzakirələrə öz münasibətini bildirirdi. Komissiya gərgin keçən müzakirələrin sonunda Abdulla Əfəndizadənin layihəsini “Son türk əlifbası” adı ilə qəbul edərək, parlamentin təsdiqinə təqdim etsədə, Azərbaycanda baş verən bolşevik işğalı bu məsələnin reallaşmasına imkan vermədi. Bu əlifbanın cəmiyyətdə tətbiq olunmamasını Fərhad Ağazadə də bir yeni əlifba tərəfdarı kimi ürək ağrısı ilə qarşılamışdı.Təbii ki, bu məsələ bir müddət arxa plana keçdi.

Ancaq dünya türkləri artıq öz yazı mədəniyyətlərində yenilik etmənin astanasında idilər. Heç şübhə yoxdur ki, bu prosesə Azərbaycan türkləri öncüllük təşkil edirdilər. Öncədə qeyd etdiyimiz kimi, Azərbaycanda əlifba islahatının müsbət həlli respublikanın sovetləşməsindən sonra baş vermişdi. Məhz, Azərbaycanın yeni əlifba tərəfdarlarının təcrübələri ittifaqın digər türk-tatar vilayətlərində böyük marağa səbəb olmuşdu. Bu səbəbdən, 1926-cı ildə Azərbaycan Yeni Türk Əlifbası Komitəsinin təşkilatçılığı ilə Bakıda çağrılmış I Ümumittifaq Türkoloji Qurultayılatın əsaslı yeni türk əlifbasının qəbul edilməsi və türk dilçiliyi ilə bağlı bir sıra problemlərin həllinin geniş müzakirəsini aparmışdı.  Bu prosesin davamı olaraq 1927-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlunun başçılığı ilə Ümumittifaq Mərkəzi Yeni Türk Əlifbası Komitəsi yaradıldı. Komitənin işinə Sovet İttifaqının  görkəmli şərqşünasları və türkoloqlarıilə yanaşı görkəmli pedaqoq Fərhad Ağazadədə  cəlb edilmişdi.

Nəhayət, 11 oktyabr 1928-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin IV sessiyasının qərarı ilə respublika latın qrafikalı Azərbaycan əlifbasına keçdi. Respublika əhalisinin maariflənməsində başlıca amil olan əlifba islahatının həyata keçirilməsində bir çox milli ziyalılarımızla yanaşı təbii ki, görkəmli pedaqoq Fərhad Ağazadənin böyük və danılmaz xidmətləri olmuşdur.

Onun komitənin işində iştirakı barədə S.Ağamalıoğlu özünün 7 mart 1929-cu il tarixli rəyində yazırdı: “Yoldaş Fərhad Ağazadə yeni əlifbanın tətbiq olunmasında mühüm rol oynamışdır. Yeni əlifba islahatına dair keçirilən elə bir tədbir yoxdur ki, orada Fərhad Ağazadə yoldaş  iştirak  etməsin. İstər təşkilati işlərdə, istərsə də əlifbanın nəzəri problemlərinin müəyyənləşməsində Fərhad Ağazadənin xidmətləri əvəzsizdir” (ARDƏİA, f.515,s.1,sv.68).

1929-cu ilin yayında Mahaçqalada ÜMYTƏK-nin genişləndirilmiş rəyasət heyətinin iclaslarında iştirak edən Fərhad Ağazadə geri qayıdarkən  yolda qəflətən səhhəti pisləşir. Həkimlər onun qida borusunun daralmasından əziyyət çəkdiyini müəyyənləşdirirlər. Bakıda və Leninqradda müalicə olunan pedaqoq əməliyyata razılıq vermir və 1931-ci ilin yanvar ayının 4-də gözlərini əbədi olaraq yumur.

Sonda, bütün ömrünü millətinin maariflənməsinə həsr etmiş Fərhad Ağazadənin yeni əlifba ilə bağlı fikirləri ilə bitirmək istərdik. O deyirdi: “Dəfələrlə sübut edilmişdir ki, savadsızlığın ləğvi üçün ən asan öyrənişli bir əlifbaya ehtiyac var. Bu da türk əlifbasıdır. O, asan bir əlifbadır ki, bir-iki ayda öyrənilir. Siz traktor əvəzinə xışı, elektrik əvəzinə şamı ya çırağı təklif etməycəksiniz. Əminəm ki, asan əlifba əvəzinə çətin əlifbanı təklif etməzsiniz...”(ARDƏİA, f.515,s.1,sv71).

 

Cavid MƏMMƏDLİ

ARDƏİA-nın şöbə müdiri



Bugün: 719
Dünən: 871
Bu həftə: 3161
Son həftə: 4759
Bu Ay: 12992
Son Ay: 20754
Bu İl: 78293
Ümumi: 1098714
1098714