Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

İdeyalarına qurban getmiş görkəmli Azərbaycan filosofu

Son Yenilənmə : 2019-01-04 02:15:35
Baxış sayı : 3384

            Heydər Hüseynov Azərbaycanda tarix və fəlsəfə elminin inkişafına böyük töhfələr vermiş,Azərbaycan tərcümə məktəbinin əsasını qoyanlardan, ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorlarından biri olmuşdur. Heydər Hüseynov həmçinin AMEA-nın Fəlsəfə İnstitutunun, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının yaradıcılarından hesab edilir.

            Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun ailəsində anadan olmuşdur. Böyük qardaşı 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirildikdən sonra ailələri Batuma, Stavropola, ən sonda isə Bakıya köçür.

            O, 1927-1931-ci illərdə Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, daha sonra Azərbaycan Dövlət Universitetinin ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirmişdir.

            Gələcəyin dahi filosof alimi hələ gənc yaşlarında ikən poeziyaya maraq göstərmiş, dövri mətbuatda Heydər Hüseynzadə imzası ilə şeirlər çap etdirmişdir. 1928-1931-ci illərdə onun “Gənc işçi”, “İnqilab və Mədəniyyət”, “Qızıl əsgər” və digər qəzetlərdə “28 aprel”, “Atəşgah”, “Zərbəçi döyüşçülərə” və s. şeirləri işıq üzü görmüşdür. O, Zaqafqaziya Federasiyasının 10 illiyi münasibətilə yazdığı “Zəngi” şeirində isə doğulduğu mahaldakı – İrəvandakı Zəngi  çayını təsvir edir:

                                Aylar, illər boyu aşar, daşarsan

                                İçində  çınqıllar oynaşar, Zəngi!

                                Qayalar üstündən yel tək aşarsan

                                Qoynunda köpüklər qaynaşar, Zəngi!

            Əmək fəaliyyətinə kitabxanaçı kimi başlayan Heydər Hüseynov SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifələrinə qədər yüksəlmişdir.

            Heydər Hüseynov100-dən çox elmi məqalənin müəllifidir. Onun tədqiqat obyektləri olan şəxsiyyətlər isə çox müxtəlifdir. Bəhmənyar, Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov,Səməd Vurğun,Rusiya elm və fikir adamlarından dahi soydaşımız Mirzə Kazım bəy, Çernışevski, Mendeleyev, Radişşev və digərlərinin ictimai, fəlsəfi və elmi görüşləri Heydər Hüseynov tərəfindən ətraflı tədqiq  edilmişdir. Axundovu Azərbaycanın ilk materialist filosofu adlandıran alim dahi mütəfəkkirin fəlsəfəsində materiya, məkan, zaman,səbəbiyyət problemlərini araşdırmış,onu mübariz ateist kimi təsvir etmiş, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini də “M.F.Axundovun fəlsəfi görüşləri” adlı dissertasiya işini müdafiə edərək almışdır.  O, 1944-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmiş, həmin il professor elmi adınıalmışdır.

            “Marksizm-leninizm fəlsəfəsini öyrənin” deyən alim elm və fəlsəfədə Marks-Engels-Lenin-Stalin partiyalılığının yorulmaz tərənnümçüsü idi. Marksizm-leninizm nəzəriyyəsiniardıcıl olaraq dinə qarşı mübarizə aparmağın prinsip və metodlarını göstərən yeganə inqilabi nəzəriyyə adlandıran ailm daxilən inanclı insan idi.  Sonralar övladlarına deyərmiş ki, komsomol katibi işləyəndə gizlində oruc tuta-tuta ateizmi təbliğ edirmiş.

            O dövrün əksər ziyalıları kimi Heydər Hüseynov da sosializmi bütün insanlıq tarixinin o vaxta  qədər tanımadığı yüksək inkişaf,yaradıcılıq,geniş xalq kütlələrinin yeni cəmiyyət quruculuğu işində yaxından və aktiv iştirakına, ictimai və şəxsi həyatda irəliyə doğru atılan addımlara geniş imkanlar yaradan bir epoxa kimi təbliğ edir, sosializm ilə kommunizm arasında keçilməz bir divar olmadığını yazırdı.

            Stalini marksizm-leninizm nəzəriyyəsinin banilərindən biri kimi qəbul edən H.Hüseynov onu Leninlə birlikdə yeni tipli partiyanın - bolşevik partiyasının yaradıcılarindan biri hesab edir,  Stalin “dühasının qüdrəti”ni, “polad məntiqi”ni, elmi nəticələrini onun həyat və fəaliyyətinə dair yazdığı bir çox məqalələrdə təqdir edirdi.     

             Müasir oxucular Heydər Hüseynovun fəlsəfi dünyagörüşünü qəbul etməsələr də onun fəlsəfəsi özünəməxsusluğu ilə seçilir.Alimin əsərlərində xalqımızın tarixinə, mədəniyyətinə, ədəbiyyatına dərin sevgi, türkçülük ab-havası hiss edilməkdədir. Fəlsəfə fikrimizim rüşeymlərinin Zərdüşt nəzəriyyəsindətəmsil olunduğunu söyləyən alim qədim Azərbaycanda yüksək maddi mədəniyyətlə yanaşı,  xalqın elmi-fəlsəfi təfəkkürünün də çox inkişaf etdiyini bildirirdi. Ədəbiyyatımıza isə öz səhifələrində xalqımızın bütün tarix boyu yaratdığı yüksək bəşəri ideyaları, fəlsəfi fikirləri, elmi prinsipləri hifz etmiş, nəsillərdən-nəsillərə ən böyük bir hədiyyə olaraq təqdim etmiş elm kimi baxırdı. “Buna görə də ədəbiyyatımız xalqımızın fəxridir” – deyirdi.

            Faşizmin tüğyan etdiyi illərdəHeydər Hüseynov faşizm əleyhinə bir çox elmi məqalələr yazmış, dövri mətbuatda Azərbaycan alimlərinin hərbi dövrün tələblərinə uyğun olaraq  xalq təsərrüfatı, tibbi elmi-tədqiqat, geologiya, neft-kimya, energetika və s. sahələrdə gördükləri işlər barədə hesabat xarakterli yazılarla çıxış etmişdir.S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində İ.V.Stalinin şəxsən Heydər Hüseynova göndərdiyi 27.04.1943-cü il tarixli teleqramı mühafizə edilməkdədir. Teleqramda Stalin Heydər Hüseynova salamlarını çatdıraraq, ona zirehli avtomobil və tank qüvvələrinə göstərdiyi qayğıya görə Qırmızı Ordunun təşəkkürünü bildirir.

            Heydər Hüseynov 1948-ci ildə “Tam Azərbaycan-rus lüğəti”nin yaradılmasına görə İkinci dərəcəli Stalin mükafatına layiq görülür. Həmin dövrdə Heydər Hüseynov 733 səhifəlik “XIX əsrdə Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı fundamental əsər yazır və 1950-ci ilin mart ayında Üçüncü dərəcəli Stalin mükafatı alır. Filosofun ölümünə də məhz sonuncu adı çəkilən əsəri səbəb olur.

             Bu əsərin yazılmasında məqsəd Azərbaycan fəlsəfə tarixinin əsaslarının sistemli şəkildə hazırlanmasından ibarət idi.  Kitab çap olunandan sonra dostu Səməd Vurğun kitabın bir nüsxəsini SSRİ Yazıçılar İttifaqının baş katibi, Stalin mükafatları üzrə komissiyanın sədri Aleksandr Fadeyevə göndərir. Əsər tezliklə yüksək mükafata təqdim olunur.

            Artıq Heydər Hüseynov yaradıcılıq şöhrətinin zirvəsində idi. Onun bu şöhrətini həzm edə bilməyənlər Heydər Hüseynovu Mircəfər Bağırovun gözündən salmağa çalışırdılar.Əsərin bir neçə səhifəsi onun düşmənlərinin əlinə bəhanə vermiş olur. Belə ki, əsərin Mirzə Kazımbəylə bağlı olan hissəsində SSRİ  “əleyhinə” olan “dəlillər” aşkara çıxarılır. Heydər Hüseynovun tarixi faktlara əsaslanıb Şeyx Şamili milli qəhrəman, xalq azadlıq hərəkatının rəhbəri kimi təqdim etməsi Mircəfər Bağırovun qəzəbinə səbəb olur.

            Mircəfər Bağırov 1950-ci il fevralın 14-dən 15-nə keçən gecə Heydər Hüseynovu yanına çağıraraq ondan yanlış düşündüyünü, mətbuatda Şeyx Şamilin türk və ingilis casusu olduğunu söyləməsini tələb edir, lakin o, buna razı olmur. Bəzi mənbələr M.Bağırovun ondan xəbərsiz kitab yazıldığını, üstəlik mükafata da layiq görüldüyünü bilib qəzəbləndiyini də qeyd edirlər.

            1950-ci ilin mayında Kommunist Partiyası Mərkəzi Komitəsinin büro iclasında Heydər Hüseynovsərt tənqid olunur. Onun 19-cu əsrdə Qafqaz fəlsəfi fikrinə dair tədqiqat işi müridizmin təbliği, sufizmin bəyənilməsi kimi qəbul edilir. Qeyd olunur ki, kitabda İmam Şamil mütərəqqi və demokratik bir lider, həmçinin azadlıq fenomeni kimi göstərilir ki, bu da marksist ideyalara ziddir, “Şamil millətçi hərəkatın nümayəndəsi idi və türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən şəxs olub”. Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsatətini qaldırır və vəsatət təmin edilir.

            Burada qeyd etmək lazımdır ki, Heydər Hüseynov aldığı hər iki Stalin mükafatını uşaq evlərinə və müharibə əlillərinin hesabınakeçirmişdi.

            H.Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir. Dövlət orqanları və bəzi həmkarları tərəfindən əsassız təqiblərə məruz qalan və həbs ediləcəyini duyan H.Hüseynov çıxış yolunu intiharda görür.  Böyük alim 1950-ci ilin avqustunda damarlarını doğrayır, lakin akademik Topçubaşov onu ölümdən xilas edir. Bir neçə gün sonra isə özünü asaraq intihar edir.

            Stalin vəfat edəndən sonra bəraət alan alim 1958-ci ildə Fəxri xiyabanda dəfn edilir.

            Məqalədə 514 nömrəli fondun  sənədlərindən istifadə edilmişdir.

 

 

Xatirə QƏDİROVA

                                                                   S.Mümtaz adına Dövlət Ədəbiyyat və

                         İncəsənət Arxivinin aparıcı arxeoqrafı  



Bugün: 449
Dünən: 676
Bu həftə: 2497
Son həftə: 4358
Bu Ay: 18627
Son Ay: 22161
Bu İl: 63174
Ümumi: 1083595
1083595