Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Məmməd Səid Ordubadi yaradıcılığına kiçik baxış

Son Yenilənmə : 2022-04-05 03:45:48
Baxış sayı : 780

            Milli ədəbiyyatımızı “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən  şəhər” kimi tarixi romanlarla zənginləşdirmiş Məmməd Səid Ordubadinin bu il anadan olmasının 150 ili tamam olur.

            Şair Hacıağa Fəqirin ailəsində dünyaya göz açmış ədib təhsilini dördsinifli Ordubad şəhər və “Əxtər” məktəblərində almışdır. Ona ədəbiyyatı xüsusilə, şeiriyyəti sevməsində, eləcə də, dövrün dünyəvi elmlərinə yiyələnməsində, beynəlxalq ədəbi və elmi yeniliklərlə tanış olmasında müəllimləri Mirzə Baxşı və Məhəmməd Tağı Sidqinin mühüm rolları olmuşdur.

             M.S.Ordubadi çox kiçik yaşlarından atasını itirmiş, ailənin güzəranını təmin etmək üçün əmək fəaliyyətinə erkən başlamışdır. On dörd yaşında ikən Ordubadda ipək fabrikində işə düzəlmiş və cüzi maaşla həm işləmək, həm oxumaq məcburiyyətində qalmışdır.

            Yeniyetmə yaşlarından ədəbi yaradıcılığa başlamış Məmməd Səid Ordubadinin ilk əsəri 1904-cü ildə Tiflisdə çıxan “Şərqi-Rus” qəzetində çap edilmişdir. O, daha sonra qısa müddət ərzində “Molla Nəsrəddin” jurnalında, “Səda”, “Tərəqqi”, “İrşad”, “Həyat”, “İttifaq” kimi qəzetlərdə şeir və felyetonlarla çıxış etmişdir. 1907-ci ildə Culfaya köçən ədib “Hərdəmxəyal” adlı ilk şeir kitabını çap etdirmişdir.

            Görkəmli ədib öz ədəbi yaradıcılığında yaşadığı dövrün hakim feodal-patriarxal cəmiyyətinin pis və çürük olduğunu göstərməyə çalışır, kasıb və zəhmətkeş insanların əzilməsini kəskin tənqid edir, mövhumatı və cəhaləti yayanları qamçılayır, xalq kütlələrini elmə və maarifə çağırırdı. Bu cəhətdən, Ordubadinin 1905-ci ildə yazdığı “Qəflət” şeiri oxucu kütləsinin böyük marağına səbəb olmuşdu. Şeirdə Ordubadi xalqın mədəni vəziyyətindən danışır, milləti geridə qoyan, əzən, məhv etmək istəyən səbəbləri açıb göstərməyə çalışırdı. O əməkçi və yoxsul kütlələrin avamlığına, elmsiz, savadsız, cahil bir həyat yaşamasına dərindən acıyırdı. Şair,  

            “Hər bir işimiz getdi, qalıb qəlbdə həsrət,

            Avara qoyan bizləri qəflətdi, bu qəflət” – deyirdi.    

            1907-ci ildə yazmış olduğu “Vətən və Hürriyyət” şeiridə onun yaradıcılığının birinci dövrünü xarakterizə edən və onun yazıçılıq xüsusiyyətlərini göstərən əsərlərdəndir. M.S.Ordubadi şeirdə nifrət etdiyi zamanın qanun və qaydalarını dəyişdirən, cəmiyyəti yenidən quran qəhrəman axtarır.

            Bu dövrdə qələmə aldığı “Qanlı sənələr” əsəri isə Məmməd Səid Ordubadinin bacarıqlı publisist olmasının ən bariz göstəricisidir. Uzun illərin siyasi sınaqlarından keçmiş bu əsər bu gündə öz aktuallığını qorumaqdadır və çox güclü tarixi mənbələrdən biridir. 1905-1906-cı illərdə Azərbaycanda ermənilərin törətdiyi qanlı hadisələri özünün müşahidələri və 245 müxbir məktubu əsasında tarixi faktlara əsaslanaraq 1908-ci ildə qələmə almış yazıçı Bakı milyonçusu Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə Bakıda nəşr etdirmişdir.

            Görkəmli ədib 1912-ci ildən nəsrin müxtəlif janrlarında əsərlər yazmağa başlamışdır. Həmin ildə qələmə aldığı “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” dramı və “Rzaquluxan Firəngiməab və yaxud bədbəxt milyonçu” romanları haqqında bir az ətraflı danışmaq istərdik.

            “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” dram əsərində yazıçı ərəblərin keçmişdə İspaniyada necə hakimiyyət sürdüklərini və necə məğlub olduqlarını təsvir edir. Bu əsərində Ordubadi əsas diqqətini yenə də vətənin və millətin xoşbəxtliyinə, azadlığına, inkişaf etməsinə vermişdir. Əsərin qəhrəmanı Musa İspaniya kralı Ferdinandın əlində “vətən və millət” deyə can verir. Bu əsərindən sonra Ordubadi artıq mövzularını tarixin unudulmuş hadisələrindən, ərəblərdən, İspaniyadan alıb öz qəhrəmanlarını xəyalı və romantik boyalarla boyamır. Sonrakı əsərlərində Azərbaycan həyatına yanaşır, realistik hadisələrdən yazır. Öz zamanına qayıdıb xalqa yaxın və tanış olan adamları təsvir edir.

            “Rzaquluxan firəngiməab və yaxud bədbaxt milyonçu” romanında isə müəllif Şah İranındakı ictimai hadisələri, yeniliklə köhnəliyin mübarizəsini, mövhumatın xalq içərisindəki zəhərləyici təsirini göstərir. Əsərin qəhrəmanı “bədbəxt milyonçu” Rzaquluxan İranın Fransadakı səfirinin oğludur. O, Fransada tərbiyə almış və orada universitet bitirmişdir. Fransanın ictimai quruluşu, məişəti, mədəni həyatı onun çox xoşuna gəlir. Rzaquluxan qərara alırki, Fransadakı quruluşu, adət-ənənəni və mədəniyyəti İrana köçürməyincə öz vətəninə qayıtmasın. İrana dönəcəyi zaman o iranlıların yaşayışında aparacağı dəyişikliklərin planını qurur. Kişilərlə qadınlar arasında bərabərsizliyi aradan qaldırmaq, dəmiryolu çəkdirmək, mətbəə açdırmaq, qəzet buraxmaqla İranda mədəni yeniliklər etməyə çalışan Rzaquluxan özünü işdə çox aciz, çox passiv göstərir, çox düşünür, çox xəyal edir, amma az iş görür. O mübarizədən qorxur. Ordubadinin qəhrəmanı nəinki ictimai həyatda döyüşür, heç öz evində arvadının köhnə fikirləri ilə belə mübarizə apara bilmir.

            Rzaquluxanın arvadı Böyükxanım əsərdə İran qadınlarının ən avam, ən köhnəfikirli bir nümayəndəsi kimi göstərilir. Rzaquluxan hər tərəfdən cahil, köhnə adət düşkünü olan adamlarla əhatə edilmişdir. Hətta onun arvadı Böyükxanım belə ərinə düşmən olur.

              O, ərinin bütün mədəni fikirlərinə zidd gedir. Rzaquluxan qızını oxutdurmaq istəyir, ancaq arvadı qızını oxumaqdan ayırıb varlı bir adama satır. Özü kimi köhnə düşüncəli adamları başına yığıb Rzaquluxanla mübarizə aparır. Rzaquluxan öz ətrafında əmələ gəlmiş ziddiyyətlərlə mübarizə aparıb öz istədiklərinə nail ola bilmir. İranın o zamankı köhnə feodalizm qayda və qanunlarını dəyişdirib öz inkişaf planlarını həyata keçirə bilmir. Çünki çox aciz və çox bacarıqsızdır. Buna görə əsərin sonunda milyonçu Rzaquluxan öz fikirləri, öz planları ilə tək qalır, arzularını həyata keçirə bilməyir, dərd çəkir, ölür, arzularını da özü ilə məzara aparır.

            Başqa əsərlərinə nisbətən M.S.Ordubadinin bu romanı daha maraqlı, daha canlı, daha bədii və daha realistikdir. Bu əsərdəki mənfi tiplər xüsusilə Böyükxanım və Mirzə İbrahim ağa olduqca canlı və tam verilmişdir. Əsəri oxuyub qurtardıqdan sonra oxucularda köhnə adətlərə, cəhalətə, fanatizmə və mövhumata qarşı dərin bir nifrət hissi yaranır. Ordubadinin bu əsəri özünün bəzi çatışmayan nöqsani cəhətlərinə baxmayaraq, hələ o zamanlarda da onun bacarıqlı və istedadlı  bir yazıçı olduğunu açıq göstərirdi.

            I Dünya müharibəsi M.S.Ordubadinin dünyagörüşünə dərindən təsir etmiş hadisələrdən biri olmuşdur. Onda imperializmə qarşı olan nifrət daha da şiddətlənir. Buna səbəb, çar hökümətinin imperiya ərazisində yaşayan xalqlara və millətlərə verdiyi vədlərin quru söz və yalandan ibarət olması, imperialistlərin arasında gedən müharibəyə yüz minlərlə insanı zorla qırğına göndərməsi idi. Bu əhvali-ruhiyyə yazıçının bu dövrdə yazmış olduğu əsərlərində özünü aydın olaraq göstərməkdədir.

            Azərbaycanın sovetləşməsindən sonra dünyagörüşündə və bədii yaradıcılığında tam bir dönüş yaratmış Məmməd Səid Ordubadi dövri mətbuatda və ictimai həyatda daha çox aktivlik nümayiş etdirmişdir. Klassik Azərbaycan ədəbiyyatının söz ustadlari (Nizami, Füzuli, Vaqif, Sabir və başqaları) haqqında məqalələrin müəllifi olan görkəmli yazıçı “XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” adlı elmi-tədqiqat əsərini qələmə almış, “Koroğlu” (Ü.Hacıbəyov), “Nərgiz” (M.Maqomayev), “Nizami” (Ə.Bədəlbəyli) operalarına, “Beş manatlıq gəlin” (S.Rüstəmov), “Ürəkçalanlar” (F.Əmirov) musiqili komediyalarına libretto yazmış, rus ədəbiyyatının görkəmli nümayəndələri Aleksandr Puşkin (“Boris Qodunov”, “Baxçasaray fontanı”) və  Demyan Bednıdan (“Beş küçə”) tərcümələr etmişdir.

            Heç şübhə yoxdur ki, sadalananlar Azərbaycan ədəbiyyatında tarixi roman janrının qüdrətli yaradıcısı olmuş Məmməd Səid Ordubadinin yaradıcılığının zənginliyinin bir daha sübutudur.   

            Məqalənin hazırlanmasında S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 4 və 245 nömrəli fondların sənədlərindən istifadə edilmişdir.

 

            Esmira Məmmədova

        S.Mümtaz ad. Dövlət Ədəbiyyat

 

və İncəsənət Arxivinin böyük fond mühafizəçisi



Bugün: 268
Dünən: 988
Bu həftə: 3849
Son həftə: 5867
Bu Ay: 19547
Son Ay: 20754
Bu İl: 84848
Ümumi: 1105269
1105269