Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Neft sənayesinin inkişafına töhfələr verən alim – Mirkazım Məmmədov

Son Yenilənmə : 2022-04-05 06:27:49
Baxış sayı : 182

Tanınmış geoloq-neftçi alim, Lenin mükafatı laureatı, geologiya-mineralogiya elmləri namizədi Mirkazım Mirəhəd oğlu Məmmədov 1911-ci il dekabr ayının 6-da Bakının Ramana qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Mirkazım M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakultəsinə daxil olmuş, bu ali təhsil ocağını 1936-ci ildə bitirmişdir. Özünün əmək və istehsalat fəaliyyətinə “Əzizbəyovneft” idarəsində başlamışdır: trestin kəşfiyyat bürosunda texnik-geoloq kimi çalışqan gənc mütəxəssis sonralar mühəndis-geoloq, neft ustası,trest rəisinin sənaye üzrə müavini, istismar üzrə baş geoloq vəzifələrini tutmuşdur.

Mirkazım müəllim istehsalatda əldə etdiyi zəngin təcrübə onun  elmə həvəsini daha da artırmış, bununla əlaqədar olaraq 1938-ci ildən etibarən Azərbaycan SSR Elmlər Akademiyasının filialında kiçik elmi işçi, Kuybışev adına Azərbaycan Elmi Tədqiqat İnsititutunda elmi işçi kimi çalışmışdır. Bu dövrdə o, elmi-tədqiqat işlərini vacib və məsuliyyətli bir sahəyə – neft laylarının modelləşdirilməsi, neft yataqlarının hidrodinamik hesabatlarını aparmağa yönəltmişdir.

1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində M.Məmmədov könüllü olaraq ordu sıralarına yazılaraq ön cəbhəyə yollanmışdır: Ukrayna cəbhəsində vuruşan Mirkazım Leninqradın müdafiəsinin iştirakçısı olmuş,döyüş xidmətlərinə görə medallarla, “ Qızıl Ulduz” ordeni ilə mükafatlandırılmışdır.

Müharibə başa çatdıqdan sonra ordu sıralarından tərxis olunan Mirkazım yenidən sevdiyi peşəyə qayıdır, bütün bilik və bacarığını Azərbaycanda neft sənayesinin inkişafına həsr edir.

1946-cı ildə Mirkazım Məmmədov “Kirovabadneft” trestinə, sonra “Azneft” İstehsalat Birliyinə baş geoloqun müavini təyin olunur. 1953-cü ildən 1959-cu ilin dekabrına kimi M.Məmmədov keçmiş Azərbaycan SSR Neft Sənayesi Nazirliyində əvvəlcə Geoloji İdarədə neft yataqlarının işlənib hazırlanması şöbəsinin rəisi, sonra isə Geoloji İdarənin rəis müavini olmuşdur.1960-cı ilin fevralından onun “Lenin” ordenli “ Azneft “ İstehsalat Birliyinə Baş geoloqun müavini təyin edirlər.

1965-ci ilin noyabrında Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi yaranır ki,tanınmış geoloq-neftçini bu nazirliyin Geologiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin edirlər. 1970-ci ilin avqustuna kimi o, bu məsul vəzifədə şərəflə işləmiş, yenidən “Azneftmaş” İstehsalat Birliyinin neft və qaz yataqlarının işlənməsi şöbəsinə rəis göndərilmişdir.

Uzun müddət neft sənayesi sahəsində çalışan Mirkazım Məmmədov özünü yüksək səviyyəli neft mütəxəssisi kimi göstərmiş, neft-qaz yataqlarının aşkarlanıb tapılması istiqamətində peşəkar kəşfiyyatçı-geoloq kimi tanınmışdır. M.Məmmədov elə mütəxəssislərdən hesab olunmuşdur ki, həm istehsalatda, həm də elmi-tədqiqat işlərində paralel olaraq eyni zamanda çalışmış, özünü hərtərəfli alim-geoloq kimi göstərmişdir. Bu cəhətlərinə  görə Azərbaycan neftçiləri arasında  M.Məmmədovun xüsusi hörməti və nüfuzu olmuşdur.Əfsanəvi “ Neft Daşları”nın tədqiqi aparılan geoloji-mühəndis kəşfiyyat işlərində bilavasitə iştirak edən M.Məmmədov bu zəngin neft və qaz ehtiyyatlarına malik arxipelaqın açılmasında iştirakçı olmuş, 1961-ci ildə neft sənayesində xidmətlərinə görə Lenin mükafatı alanların sırasında öncüllərdən biri olmuşdur. M.Məmmədov bunlarla yanaşı neft və qaz yataqlarının tapılmasında, istifadəyə verilməsində müstəsna xidmətlərə malik olmuşdur. Quruda və dənizdə aşkarlanan yataqların Qaradağ, Kürovdağ, Qarabağlı, ”Zırya”, “Darvin”, “Qum adası”nın istismara verilməsi onun adı ilə bağlıdır. Bütövlükdə M.Məmmədov ömrünün sonuna kimi bütün bilik və bacarığını, təcrübəsini Azərbaycanda neft-qaz kəşfiyyatınin keyfiyyətinin yüksəldilməsinə,yeni yataqların axtarılmasına həsr etmiş, bu sahədə yeni mütəxəssislərin yetişdirilməsinə çalışmışdır.

Mirkazım müəllim biliyinin artması üçün hər zaman elmi axtarışlarda   olmuşdur. 1967-ci ilin noyabrında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsi almışdır.

1974-cü ildən başlayaraq o, Azərbaycan Dövlət Neft Sənayesinin Elmi-Tədqiqat və Layihə İnstitutunun “köhnə” neft yataqlarının işlənməsini layihələndirilməsinə rəhbərlik etmisdir. Uzun müddət elmi-tədqiqat işləri apararaq  Kürdağı neftli-qazlı rayonunda yataqlar üçün geniş proqramlı layihələrin  işlənməsinin texnoloji sxemlərinə və layihələrinin tərtibinə rəhbərlik edərək, yataqların elmi əsaslarla işlənməsinə müəllif nəzarətini həyata keçirmişdir.

M.Məmmədovun  bütün elmi fəaliyyəti neft və qaz istehsalının tələbləri ilə sıx surətdə bağlıdır. O, neft hasilatının səviyyəsinin qaldırılması və yataqların işlənmə texnologiyasının yaxşılaşması ilə olan çoxlu ixtira və səmərələşdirmə təkliflərinin müəllifidir. Eyni zamanda qeyd etmək lazımdır ki, onun 90-a qədər elmi işi var və onların 46-sı məqalə və 2 monoqrafiya şəklində dərc edilib.

Vətən və xalq onun gərgin istehsalat və elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət verib və o SSRİ-nin fəxri neftçisi və Azərbaycan Respublikasının əməkdar mühəndisi kimi adlara layiq görülüb.

Məmmədov Mirkazım Mirəhəd oğlu 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. Alimin elmi məqalələri və yerinə yetirdiyi tədqiqat işləri indiki gənclər üçün bir örnəkdir.

Məqalənin hazırlanmasında ARDETSA-da Məmmədov Mirkazım Mirəhəd oğluna aid qorunub saxlanılan şəxsi fonddan (fond 116, siyahı 1,saxlama vahidi 2,4,11,12,14,15)  istifadə edilmişdir.

          

         Rəna Namazova

  Dövlət Elm və Texnika Sənədləri Arxivinin

 

mütəxəssis  arxeoqrafı



Bugün: 602
Dünən: 671
Bu həftə: 5258
Son həftə: 4607
Bu Ay: 17798
Son Ay: 20494
Bu İl: 118620
Ümumi: 776303
776303