Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Qaçmış əsirlər haqqında çar polisinin "narahatlığı"...

Son Yenilənmə : 2022-04-12 06:02:03
Baxış sayı : 225

Bakı polisinin 1915-ci ildə Nargin (Böyük Zirə) adasından qaçan türk əsirlərinin axtarışına dair Dövlət Tarix Arxivində aşkar olunmuş sənədlə bağlı “Milli hisslərimizi oyadan “ölüm adası” adlı məqalənin davamı olaraq həmin dövrün sənədləri içərisində əsirlərin qaçışına dair digər məlumatların, sənədlərin axtarışı davam etdirilmişdir.  Bakı şəhər Qradonaçalnikliyinin Axtarış polisinə aid “Məxfi şöbə üzrə müxtəlif adamların və əşyaların axtarışları haqqında” saxlama vahidində (f.498, siy.1, sax.vah.1038) türk əsirlərinin qaçışı mövzusundan bəhs edən maraqlı bir neçə məxfi məktublar aşkar edilmişdir.

Həmin məktublara əsasən Vilen (Vilnüs) Dairə Məhkəməsinin xüsusi vacib işlər üzrə məhkəmə müstəntiqinin 30 mart 1916-cı ildə dustaqlara dair  Bakı şəhər polis idarəsinə göndərdiyi məxfi mülahizələrlə tanışlıq Nargin əsirləri haqqında bildiklərimizin daha da zənginləşməsinə kömək edəcək. Sənəddə deyilir ki, 1916-cı ilin 01 yanvarında Unqen (Moldaviyada şəhər) yaxınlığında İrkutsk şəhərindən əsirlikdən qaçan, özünü türk süvarisinin kapitanı Mustafa Zəkəriyyə adlandıran naməlum cavan adam saxlanılmışdır. Saxlanılan türk sorğu-sual edilərkən ifadə vermişdir ki, İrkutsk şəhərindəki hospitalda olan əsir zabitlər içərisində türk piyada poruçiki, onunla yoldaşlıq münasibəti saxlayan İbrahim Fikri də vardı: “Fikri mənə danışırdı ki, əsir düşəndən sonra ilk vaxtlar, Bakıda lazaretdə (həbi xəstəxana) yatırdı. Bakıda müsəlman komitəsi vardı, o komitənin köməyi nəticəsində xeyli türk və alman zabitləri rus əsirliyindən qaçıblar. Fikrinin sözünə görə ümid edirmiş ki, adı çəkilən komitənin iştirakı ilə o da, qaçsın. Sağalmağını gözləyib.Lakin, əsir zabitlərin Bakıdan çoxsaylı qaçışları Bakı polisinin diqqətini cəlb etdiyindən lazaretdəki zabitlərlə kənar şəxslərin əvvəllər icazə verdiyi görüşmək imkanını bir müddət sonra qadağan etdilər. Həmçinin əsir zabitlərin Bakıdan çıxarılıb Bakı ətrafındakı lazaretlərə köçürülməyini də ləğv ediblər. Bakı müsəlman komitəsinin varlığı haqqında əvvəllər də eşitmişdim. Penza lazaretində olanda bir türk zabiti gəlmişdi, rus malından yaxşı forması və bahalı yol əşyaları vardı. Türk ordusu zabitlərinin əksəriyyətinin varlı olmadığı halda bahalı əşyaların əsir zabitdə olması məni təəccübləndirdi və mən bu haqda yanımda olan türk zabiti İbrahimə danışdım. O, mənə izah etdi ki, heç şübhəsiz gördüyün zabit Bakıdan gəlib. Bakıda əsir türk zabitlərini paltar və pulla təmin edən müsəlman komitəsi var. Sonralar rastlaşanda mənə bunu bahalı əşyaları ilə təəccübləndirən həmin zabit də təsdiqlədi. Mənə danışdı ki, Bakı tacirləri əlliyə yaxın türk əskər və zabitlərini geyimlə tam təmin ediblər.”

Məhkəmə müstəntiqi məxfi məlumatda ardınca yazır: “cənab ədliyyə nazirinin orderi ilə türk, alman avstriyalı hərbi əsirlərin imperiyanın müxtəlif yerlərində qaçışını təşkil edən komitələrin yaradılmaları haqqında təhqiqatın aparılması mənə tapşırılıb. Verilmiş ifadəyə əsaslanıb Mustafa Zəkəriyyənin söylədiklərinin doğruluğunu yoxlamağı xahiş edirəm. Birincisi, xəbər verin ki, Bakı şəhərində türk, avstriyalı, alman əsir zabitlərinin qaçışlarının təşkili və yerli tacirlərdən  ibarət müsəlman komitəsinin bu işlə məşğul olması haqqında idarənin fəaliyyətində məlumat varmı? Belə məlumatlar necə və hansı mənbələrdən alınır? İkincisi, bu məlumatlarla əlaqədar 1914-1915-ci illərdə Bakı lazaretlərinə rəhbərlik edənləri sorğulamağı xahiş edirəm. Dost olmayan orduların əsir zabitlərinin müalicəsində iştirak edən, həm də lazaretin ümumi xidmətlərində çalışan digər şəxslərdən əsirlərin qaçma hadisələri haqqında məlumatlar toplanılsın. Qaçanların adı, soyadı aydınlığı ilə, rütbəsi, xidməti vəziyyəti, qaçma vaxtları, şəraiti, həyata keçməsinə dair fərdi mülahizələr, yerli əhalidən hərbi əsir zabitlərin hospitallarda yanlarına daha çox gələnlər, qaçmaq üçün onlara paltar, əşyalarla, pulla kömək edənlər də nəzərə alınsınlar.Üçüncüsü, eyni zamanda xahiş edirəm ki, aydınlaşdırarsız ki, 1914-cü ilin axırları və 1915-ci ilin birinci yarısında Bakı lazaretlərində əsir zabit İbrahim Fikri hansı vaxtdan nə vaxtadək olub və yerli sakinlərdən onunla görüşdə kimlər iştirak edib? Dördüncüsü, həqiqətənmi1914-1915-ci illərdə bu hadisələr haqqında Bakıdakı hakimiyyətə müraciət edilib, onların diqqətinə çatdırılıbmı? Həqiqətənmi, qaçışların qarşısı alınmayıb, lazaretlərdə olan əsir zabitlərlə kənar şəxslərin görüşləri qadağan olunmayıb? Əgər hərbi əsir zabitlərin qaçışları haqqında yazışmalar varsa, xahiş edirəm həmin yazışmalar haqqında arayışlar verəsiniz”.

Məhkəmə müstəntiqinin məxfi göstərişlərinə cavab olaraq 1915-ci ilin 10-16 may tarixlərində 4-cü və 16-cı lazaretlərin və Bakı hərbi hospitalının baş həkimlərindən Axtarış Polisinə göndərilən izahatlar günahsız məsum insanların ifadələrinə bənzəyir. Bildirilir ki, türk süvari poruçiki İbrahim Fikri adlı əsir müalicədə olmayıb, lazaretlərdən heç vaxt qaçışlar baş verməyib. Əsirlərə başçəkmə xanım Hacıyeva və cənab Səfər Əliyevdən başqa heç kimə icazə verilməyib. Onlar da, ancaq qənd və papiros paylayıblar.

Bakı hərbi hospitalının baş həkiminin məktubu daha maraqlıdır. O da, lazaret həkimləri kimi and-aman edir ki, hospitalda İbrahim Fikri adlı əsir müalicə almayıb və hospitaldan qaçış hadisəsi olmamışdır. Etiraf edilir ki, 1915-ci ildə müsəlman xeyriyyə cəmiyyəti əsrlərə bəzi köməkliklər edib. “Hərbi əsirlərin düşərgəsi Nargin adasında, şəhərdən 12 verst aralıda yerləşir. Ada ilə şəhər arasında rabitə barkaslarla aparılır. Kənar şəxslərin adaya girmək imkanları yoxdur. Adada əsirlər fərqli, böyük azadlıqdan yararlanırlar”

Baş həkim ardınca yazır: ”Bulvarda gəzişən türk zabitləri və hətta əskərlərini bir neçə dəfəgörmək özümə  nəsib olub. 1915-ci ilin son günləri və yaxud avqustun əvvəllərində keçirilən tatar bayramı günündə zabit şərəfi andı ilə şəhər sahilinə buraxılmış 8 nəfər zabit bu adlarla: kapitan Suhl İzət, kapitan Torsun Fərəc bəy, Yusuf İbrahim Əfəndi, Yaqub Mustafa Əfəndi, Hüseyn Hilmi Əfəndi, Şükri Şaban, Fikri Şakir, Ziya Əfəndi qaçışlar törədərək adaya qayıtmamışlar. Bu qaçış haqqında Axtarış Polisi həftədən çox keçəndən sonra məlumat verdi. Deyilənə görə qaçanlar fars pasportları, paltarları ilə təmin edilib və fars torpaqlarına yola salınıblar.Əsirlər üzərində rəsmi himayədarlığı Müsəlman Xeyriyyə Cəmiyyəti öz üzərinə götürüb. Cəmiyyət üzvləri əvvəllər lazaretlərə gəlmişdilər, lakin qaçış törədildikdən sonra əsirlərlə əlqə onlara qadağan edildi və Nargin adasından sahilə əsirləri buraxmadılar. Qaçışı kim təşkil edib və kim qaçanları pasportlarla təmin edib aydınlaşmamış qalmışdır”.

Baş həkimin son cümlələrində sətiraltı kinayəli məna gizlənib: qaçış niyə həftədən çox gizlədilib və üstündən bir il keçsə də, niyə təşkilatçılar hələ də müəyyən edilməyib? Əlbəttə, bu da dolayısı ilə çar polisinin yüksək səviyyədə rüşvətə bulaşmasına, yararsız fəaliyyətinə bir işarədir.

Bütün bu izahatlarla kifayətlənməyən Axtarış Polisi əlavə olaraq Zığda yerləşən müvəqqəti lazaretdən də ifadə tələb etmişdir. Polisin sorgusuna yazılan 27 may 1916-cı il tarixli cavab məktubunda müvəqqəti lazaretin baş həkimi həmkarlarından fərqli səmimi etiraflarla seçilir: “Lazaret 15 iyun 1915-ci ildə formalaşıb. Türk əsir zabit İbrahim Fikri lazaretə gəlməyib və burada karantində olmayıb. Lazaretdən əsir zabitlərin qaçma halları baş verməyib. 1915-ci il avqust ayında Zığda olan karantinə əsir türk zabitlərinin birinci partiyası daxil olub. Həmin zabitlərin sözlərinə görə Bakı tacirləri Ağabala Quliyev, Ağahüseyn Tağıyev və Bakı taciri İsrafil Hacıyevin arvadı – Sona xanım onlara bəzi himayədarlıq və pul yardımları göstəriblər. Belə ki, Nargin adasında məişətlərinə görəhər zabitə aylıq 15 manat pul veriblər. Zığdakı türk zabitlərinin görüşünə adları çəkilənlərdən ayrı heç bir kənar şəxslər buraxılmayıb”.

Beləliklə, göründüyü kimi çar məhkəməsinin müstəntiqi yönlü ifadələr ala bilməməsi səbəbindən güman ki, təhqiqatını başa çatdıra bilməmişdir. Alınmış izahatlarda yerli tacirlərdən təşkil olunmuş Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin insanlıq naminə etdiyi danılmaz fəaliyyəti, tarixi xidmətləri əsaslı sübutlarla təsdiqlənir.

Həmin isti qayğının, xoş münasibətin nəticəsi idi ki, üç il sonra – 1918-ci ilin payızında Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün türk əsgəri min nəfərdən çox şəhid verdi və Anadolu türkləri ilə əbədi qardaşlığın sarsılmaz bünövrəsini qoydu.

 

 

Rövşən Həsənli

 

Dövlət Tarix Arxivinin şöbə müdiri



Bugün: 596
Dünən: 671
Bu həftə: 5252
Son həftə: 4607
Bu Ay: 17792
Son Ay: 20494
Bu İl: 118614
Ümumi: 776297
776297