Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Qara qızılın kəşfiyyatçısı - Seyid Rza

Son Yenilənmə : 2022-04-11 09:58:06
Baxış sayı : 213

            Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor, respublikanın və keçmiş SSRİ-nin əməkdar ixtiraçısı, fəxri neftçi Mir Kərim oğlu Seyid-Rzatanınmış peşəkar neftçi, görkəmli alim və pedaqoq, içtimai xadim, istehsalatın və elmin bacarıqlı təşkilatçılarından biridir.

            M.K.Seyid-Rza 12 yanvar 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə 132 nömrəli məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakultəsinə daxil olmuşdur. Buranı 1946-cı ildə fərqlənmə diplomu ilə bitirib, daş-mədən mühəndisi ixtisasına yiyələnmişdir. O, institutda təhsil almaqla yanaşı 1943-1946-cı illərdə Azərbaycan Elmlər Akademiyasının laborant vəzifəsində işləmişdir.

            İnstitutu bitirdikdən sonra istehsalatda – Turbin Qazma Trestinin şərq idarəsində mühəndis, sahə rəisi, istehsalat-texniki şöbənin rəisi və baş mühəndis vəzifələrində çalışmışdır.

            1943-cü ildə gənc mühəndisin rəhbərliyi ilə bu idarə Köhnə Bilgəh burnunda 800 metrdən artıq əyintisi və 2550 m dərinliyi olan quyu qazmışdır ki, bu da o dövr üçün dünya rekordu kimi qiymətləndirilirdi.

            O, 1949-1950-ci illərdə idarənin baş mühəndisi kimi yeni açılmış Kürkən-dəniz yatağında istismar qazmasına rəhbərlik etmiş, 50-ci illərin əvvəllərində Dənizdə İstismar Quyularının Qazılması İdarəsində baş mühəndis vəzifəsində işləmişdir. Sonralar Neft Daşları yatağının kəşf edilməsi və burada istismar quyularının qazılmasının təşkil olunması ilə əlaqədar Seyid-Rza Neft Daşları Qazma İdarəsində baş mühəndis kimi məsul bir vəzifəyə irəli çəkilmişdir.

            Dənizdə Neft və Qazçıxarma üzrə baş idarəyə qazma şöbəsinin rəisi, Azərbaycan Neft Nazirliyi Qazma İdarəsinə istehsalat şöbəsinin rəis müavini vəzifələrində tanınmış neftçi alim neft sənayesinin inkişafı üçün nəzəri və təcrübi biliklərini tətbiq etməklə yüksək məhsuldarlığa nail olmuşdur.

            1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutuna baş mühəndis, direktor müavini təyin olunanda da, o, burada qazma işlərinin yenidən qurulması və genişləndirilməsi ilə məşğul olur.

            M.K.Seyid-Rza 1959-cu ildə Azərneft Birliyinin rəis müavini vəzifəsinə irəli çəkilir. O zamanlar dənizdə və quruda neft istehsalı ilə məşqul olan Azərneft Birliyində ildə bir milyon metr qazma işləri aparılır və 16,0 milyon ton neft çıxarılırdı.

            Kürkən-dəniz, Neft Daşları, Bahar, Səngəçal-dəniz, Kürsənki, Kürovdağ, Qarabağlı, Mişovdağ, Muradxanlı və başqa yataqların kəşfində professor Seyid-Rza bilavasitə iştirak etmişdir.

            Məsul vəzifələrdə işlədiyi dövrlərdə onu neftçıxarmanın aktual nəzəri və praktiki problemləri daim maraqlandırmış və onların həlli üçün fundamental elmlərin ixtiraçılarından məharətlə istifadə etmişdir. Onun ilk çap əsəri 1955-ci ildə işıq üzü görmüşdür.

            1961-ci ildən M.K.Seyid-Rza Azərbaycan Elmi-Tədqiqat Neft Qazma İnstitutunda direktorun birinci müavini, 1977-ci ildən 1992-ci ilə qədər isə orada direktor vəzifəsində müvəffəqiyyətlə çalışmışdır.Az.NSETLİ-də direktor olduğu on ildə 267 ixtiraya müəllif şəhadətnaməsinin alınmasına və onların çox hissəsinin istehsalatda tətbiq edilməsinə səbəb olmuşdur.M.K.Seyid-Rzanın ilk axtarışları turbin və maili qazma üsulları texnalogiyasının təkmilləşdirilməsi olmuşdur. Aparılmış tədqiqatlar Neft Daşları yatağında qrifonların və kəmərarxası qəzahürlərin əmələ gəlməsi səbəblərinin öyrənilməsinə və sonralar bu nəticələrin Azərneft, Krasnodarneft və Türkmənneft birliklərinin bir sıra yataqlarında faktiki materiallar əsasında təsbit edilmişdir.

            “Neft və qaz quyularının qazılması zamanı qrifonların əmələ gəlməsi” monoqrafiyası müəllifin bu sahədə uzun illər apardığı fundamental tədqiqatların nəticəsi kimi çox qiymətlidir. Məhs bu əsərdə müəllif ilk dəfə olaraq qazma zamanı hidroyarılmanın mümkünlüyü halda mülahizə söyləmişdir. Bu işlərin əsasında yazdığı dissertasiya işini o, 1958-ci ildə müvəffəqiyyətlə müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.

            Məlumdur ki, 60-cı illərdə keçmiş İttifaqda, o cümlədən xüsusilə Azərbaycanda mürəkkəb geoloji şəraitdə 4000-5000 metr və daha çox dərinlikli quyuların qazılmasına başlanmışdı. O zaman mövcud olan konstruksiyalar 4000 metr dərinliyində artıq quyuların normal qazılmasını təmin etmirdi.M.K.Seyid-Rzanın bilavasitə rəhbərliyi və iştirakı ilə “Azərneftkəşfiyyat” trestinin mühəndisləri ilə birlikdə quyu gövdəsinin hazırlanmasının yeni üsulu təklif edilmişdir. Sonralar bu üsuldan keçmiş Sovetlər İttifaqının əksər rayonlarında istifadə edilmişdir. Balta ilə kəmər arasında məsafənin az olması “gizli” kəmərlərin buraxılması ilə əlaqədar olaraq onların yuyulması və sementlənməsi və bu zaman qazma məhlulunun udulması məsələlərinin həllinə qətirib çıxarmışdır.

            Seyid-Rza öz yetişdirmələri ilə birlikdə çoxsaylı praktiki materialların araşdırılması əsasında hidravlik yarılma təzyiqi qradiyentinin təyini üsulunu təklif etmişdir. Sonralar müəllif akademik A.X.Mirzəcanzadə və başqaları ilə birlikdə mürəkkəb şəraitdə neft və qaz quyularının qazılmasının hidrodinamiki əsaslarını işləmiş və sənayedə tətbiq etmişdir.

            Professor M.K.Seyid-Rza “Quyuların 7000 m dərinliyə qədər qazılması zamanı məsamə və lay təzyiqlərinin və anomal yüksək lay təzyiqli (AYLT) zonaların geoloji və geofiziki məlumatlar əsasında təyin olunmasının kompleks texnologiyası üzrə rəhbərsənədinin müəlliflərindən biridir.

            Görkəmli alimin rəhbərliyi ilə Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda, Tacikistanda və Özbəkistanda qazma texnologiyasının təkmilləşdirilməsinə dair bir sıra tədqiqatlar aparılmış, neft sənayesinin inkişafındakı rolu keçmiş İttifaqda dərc edilmiş bir çox kitabça, elmi və publisistik məqalələrdə öz əksini tapmışdır.

            Seyid-Rzaneft kəşfiyyatı və onun istehsalı Sahəsində bilik və səylərini xarici ölkələrdə ləyaqətlə təmsil edən alimlərdən olmuşdur. O neft və qaz quyularının qazılması üzrə beynəlxalq konqres və müşavirələrin (Macarıstan 1965), qaz konqresinin (Hamburq 1967), VIII Ümumdünya neft konqresinin iştirakçısı kimi ölkəmizi ləyaqətlə təmsil etmişdir.

Alim harada olursa-olsun Azərbaycan elminin nüfuzunu möhkəmlənməsində, xarici ölkələrin alimləri ilə yaradıcılıq əlaqələrinin yaradılması işində bütün imkanlardan istifadə etmişdir.20 kitab və monoqrafiyanın, o cümlədən 220-dən artıq elmi əsərin və 62 ixtiranın müəllifidir, onun rəhbərliyi ilə 43 texniki elmlər namizədi və elmlər doktoru yetişdirilmişdir.

            M.K.Seyid-Rzanın çoxillik məhsuldar istehsalat, elmi təşkilatı və içtimai fəaliyyəti zamanında dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ən yüksək orden və medallara, fəxri fərmanlara layiq görülmüşdür.

            Azərbaycanda neft kəşfiyyatının mahir bilicisi, geoloq-neftçi alim 1995-ci ildə Bakıda vəfat etmişdir.

Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivində (ARDETSA) onun zəngin fondu yaradılmışdır. Cəsarətlə demək olar ki, ölkəmizdə neft-qaz Sənayesinin inkişafında şöhrətli alimin xidmətləri bu gün də özünü göstərməkdədir.

Fond 144,siyahı 1,saxlama vahidi 233,243

 

Zinyət Vəliyeva,

Dövlət Elm və Texnika

 

Sənədləri Arxivinin aparıcı arxeoqrafı



Bugün: 530
Dünən: 671
Bu həftə: 5186
Son həftə: 4607
Bu Ay: 17726
Son Ay: 20494
Bu İl: 118548
Ümumi: 776231
776231