Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Firudin bəy Köçərlinin fəaliyyəti arxiv sənədlərində

Son Yenilənmə : 2023-01-25 03:55:18
Baxış sayı : 594

Firudin bəy Köçərlini mən on bir yaşımdan tanıyıram. 1976-cı ildə Səməd Vurğunun təntənəli 70 illiyi qeyd ediləndə şair haqqında danışılan xatirələrdən biri də, onun nənəsi ilə birgə Qazax seminariyasına gedib oxumaq arzusunu Firudin bəyə bildirməsi idi. Həmin xatirəni mətbuatdan oxuduğum vaxtdan bəri, o, xalqın görkəmli ziyalılarından, məşhur müəllimlərindən biri kimi yaddaşımda həmişəlik qalmışdır.

Pedaqoji fikrin böyük nümayəndəsi, Azərbaycan dilinin öyrənilməsinə dəyərli töhfə vermiş pedaqoq və alim, ədəbiyyatşünas, publisist, bir çox dərsliklərin müəllifi, Azərbaycan ədəbiyyatı tarixinin banisi 160 il əvvəl – 26 yanvar 1863-cü ildə mədəniyyət incimiz Şuşa şəhərində dünyaya gəlib. On beş yaşınadək dörd il mədrəsədə, iki il Şuşadakı rus məktəbində ilk təhsilini alıb. 1878-ci ildə Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplayan Aleksey Çernyayevski onu özü ilə Qoriyə aparır. O. daha yeddi il ərzində buradakı seminariyada təhsilini təkmilləşdirir.

1885-ci ildə seminariyanı bitirib İrəvan gimnaziyasına təyinat alır. Gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris edərkən əldə etdiyi müvəffəqiyyətlərə görə dəfələrlə mükafatlandırılır. On ildən sonra İrəvanı tərk edib yenidən Qoriyə qayıdır. Qoridə Zaqafqaziya müəllimlər seminariyasının “tatar dili” şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin olunur. İyirmi üç ilə yaxın müddətdə -1918-ci ilə qədər burada pedaqoji fəaliyyətini davam etdirir.

Azərbaycan Dövlət Tarix Arxivində qorunan “Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi” fonduna aid saxlama vahidlərinin birində, 1913-1922-ci illər üçün Zaqafqaziya müəllimlər seminariyasının kanduit jurnalında Firudin bəyin seminariyada növbətçi müəllim xidmətini aparan zaman 1917-ci ilə qədəryazdığı qeydlər onun bacarıqlı pedaqoqluq qabiliyyətini hərtərəfli əks etdirir (f.797, siy1, sax.vah.10, səh.4-34).

Seminariyada Firudin bəyin ana dili ilə yanaşı şəriətdən də dərs deməsi onun həm də yaşadığı ərazidə müsəlman əhalisi içərisində nüfuz və hötmətə nail olmasına səbəb olmuşdu. Dövlət Tarix Arxivində mühafizə edilən “Zaqafqaziya şiə ruhaniyyə idarəsi” fondunun “Zaqafqaziya şiə ruhani idarəsinə Köçərlinin üzv təyin edilməsi haqqında Zaqafqaziya Komitəsinin münasibəti” adlı saxlama vahidindəki bir sənəd də bu yöndə diqqəti cəlb edir (f.290, siy.2, sax.vah.3845, səh.1). Xüsusi Zaqafqaziya Komitəsi sədrinin Zaqafqaziya Şeyxülislamı və Zaqafqaziya Şiə İdarəsinə göndərdiyi məktubda Firudin bəy Köçərlinin idarə heyətinin üzvlüyünə seçilməsində hiss ediləcək məmnunluq ifadə edilir: “Müsəlman ruhaniləri vəzifələrinə seçkilər başlayana qədər Zaqafqaziya müəllimlər seminariyasının şəriət və tatar dili müəllimi Firudin bəy Köçərli tərəfimdən Zaqafaqziya Şiə Ruhani İdarəsinin üzvlüyünə dəvət edilib”.

Firudin bəy Köçərli hələ 1916-1917-ci illərdə müstəqil Azərbaycan seminariyasının yaradılmasına təşəbbüs göstərmiş, təkliflər vermişdir. Nəhyayət 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması ilə arzusuna çatmış, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsinə nail olmuşdur.

Görkəmli maarifçinin tərəqqipərvər fəaliyyətini “Seminariyanın Azərbaycan şöbəsinin müstəqil müəllimlər seminariyasına çevrilməsi haqqında” iş vahidində də görmək mümkündür. Buradakı xidməti yazışma xarakterli dörd sənəd bilavasitə onun adı ilə bağlıdır. Birinci sənəd seminariya köçürülərkən sərf edilən xərclər haqqında 28 dekabr 1918-ci ildə yazılan “Zaqafqaziya müəllimlər seminariyasının tatar şöbəsinin əmlakının Qoridən Qazax şəhərinə köçürülməsinə xərclənən pulun F.Köçərliyə göndərilmiş qəbzlərə Gəncə xəzinədarlığının xəzinə mühasibinin münasibəti” adlanır (f.797, siy.1, sax.vah.19, səh.1).

İkinci sənəd 02 mart 1919-cu ildə yazılmış, bir daha köçürülmədə xərclənən vəsaitlərə dair maarif nazirinin Firudin bəyə məktubudur(f.797, siy.1, sax.vah.19, səh.2). Məktubda seminariyanın köçürülməsinə ayrılmış beş min rublun xərclənmə məsələləri barədə nazirin göstərişləri çatdırılır.

19 mart 1919-cu il tarixli üçüncü sənəd isə Qazax müəllimlər  seminariyasının direktoru F.Köçərlinin Dövlət nəzarəti idarəsinin direktoruna Zaqafqaziya müəllimlər seminariyasının keçmiş tatar şöbəsinin müstəqil müəllimlər seminariyasına çevrilməsi ilə bağlı görülmüş işlərlə əlaqədar yığcam məlumatıdır (f.797, siy.1, sax.vah.19, səh.3).

Elə həmin ayda, 27 mart 1919-cu ildə maarif nazirinin seminariyanın gələcək vəzifələri haqqında Firudin bəyə ünvanlanan məktubu (f.797,siy.1, sax.vah.19, səh.4)bu cümlələr ilə bitir: ”Yetişən çətinlikləri tam hazırlıqlı qarşılamanız arzu olunandır. Ona görə də, sizdən və sizin seminariyanın pedaqoji heyətindən xahişim qarşınızdakı ciddi işlərə tələsmədən və düşünərək hazırlaşmağınızdır”.
            Üstündən bir əsrdən çox vaxt keçsə də qeyd edilən sənədlər möhtəşəm çalışmaların dəyərli sübutları kimi saxlanılmaqdadır.

Bütün ömrünü xalqının savadlanmasına həsr edən böyük pedaqoq yazırdı: “Hər bir xalqın maddi yoxsulluğu, iqtisad düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır”.

F.Köçərli seminariyadan sonra Qazaxda ilk uşaq evi açır. 1918-ci il 28 May tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, İstiqlal bəyannaməsini imzalayanlardan biri olmaqla tanınmış ictimai xadim Firudin bəy 1919-cu ilin01 fevralından Müsavat partiyasının Qazax şöbəsinə sədr seçilir.

Müsavatçı olması səbəbindən Gəncə üsyanı yatırıldıqdan sonra, 1920-ci ilin mayında mənfur erməni daşnaklarının təşəbbüsü və Qazax İnqilab Komitəsinin təqdimatı ilə həbs edilir, ardınca məhkəməsiz haqqında güllələnmə qərarı çıxarılaraq əvəzsiz alimin həyatına son qoyulur. Onun öldürülməsindən kədərlənən və elmi-ictimai fəaliyyətini yüksək qiymətləndirən Məhəmməd Əmin Rəsulzadə belə yazmışdır: “Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə yeganə məşğul bulunan qiymətli bir mühərir, alim və müəllim idi”.

Ədibin ölümündən sonra kitabları dəfələrlə nəşr edilmiş, həyat və fəaliyyətinə dair çoxlu məqalələr, kitablar, dissertasiyalar yazılmışdır. 1967-ci ildən Respublika Uşaq Kitabxanası onun adını daşıyır.

Şübhəsiz ki, maarif və mədəniyyət tariximizdə silinməz iz buraxan Firudin bəy Köçərlinin xidmətlərini və xatirəsini Azərbaycan xalqı heç zaman unutmayacaqdır.

Rövşən Həsənli

 

Dövlət Tarix Arxivinin şöbə müdiri



Bugün: 271
Dünən: 676
Bu həftə: 2319
Son həftə: 4358
Bu Ay: 18449
Son Ay: 22161
Bu İl: 62996
Ümumi: 1083417
1083417