Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Heydər Əliyev və Azərbaycanda arxiv işi

Son Yenilənmə : 2023-05-10 02:05:48
Baxış sayı : 797

Tarix keçmişlə bağlı həqiqətlərin öyrənilməsində faktoloji vasitədir. Tarixin özünü yaradan isə cəmiyyətin inkişafını təmin edən hərəkətverici qüvvələr, uzaqgörən ideya və düşüncələri ilə tarix yazan dahi şəxsiyyətlərdir. Bəşəriyyətin təkamülünə töhfələr verən müdrik insanlar öz müstəsna xidmətləri ilə mənsub olduqları xalqın  yaddaşında əbədilik qazanır, millətin şərəf, ləyaqət və mərdlik simvoluna çevrilirlər. Azərbaycan xalqı da nəsillərin yaddaşında əbədi həkk olan, öz xalqı və dövləti üçün böyük dəyərlər yaradan, təkcə yaşadığı dövrlə məhdudlaşmayan, dünya mədəniyyəti, siyasəti və ədəbiyyatında öz məxsusi yerləri olan görkəmli şəxsiyyətlər yetişdirmişdir. Xalqımızın belə dühalarından biri XX əsr tariximizin ən parlaq siması, sağlığında əfsanələşən, mənəvi əbədiyaşarlıq qazanmış Heydər Əliyevdir. Azərbaycan tarixinin son 55 ilə yaxın dövrü müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndərin adı ilə qoşa çəkilir. Məhz Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanın intibahının sağlam təməli qoyulmuş, ölkəmiz bütün sahələrdə böyük və şərəfli inkişaf yolu keçmişdir.

Ümummilli lider tarixi proseslərə təsir göstərmək gücünə qadir şəxsiyyət kimi xalqı və dövləti üçün misilsiz işlər görmüşdür. Onun elmin, iqtisadiyyatın, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı ilə bağlı fəaliyyəti ölkəmizə rəhbərlik etdiyi dövrdə öz bəhrəsini vermiş, Azərbaycan xalqının rifahına, dövlətimizin və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmişdir. Heydər  Əliyev müstəqil Azərbaycan dövlətinin varlığına, dayanıqlı və dinamik inkişafına, dövlətçiliyimizin sağlam bünövrə və özüllər üstündə qurulması və möhkəmlənməsinə, ərazi bütövlüyümüzün və milli təhlükəsizliyimizin təminatına xidmət edən siyasi, hüquqi, iqtisadi islahatların müəllifi və hamisi olmuşdur. Heydər Əliyev respublikamızın həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət, mədəni irsin qorunması sahəsində də böyük uğurlara imza atmışdır. Azərbaycan xalqının mədəni-tarixi dəyərlərinə, mədəni irsinə layiqli qiymət verilməsi, onun inkişafı üçün şəraitin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, hər zaman vurğulayırdı ki, xalqın mədəni irsi, mənəvi dəyərləri onun milli-siyasi varlığının əsasını təşkil edir. Ulu öndər milli varlıq, milli mövcudluq məsələsini hakimiyyətdə olduğu bütün dövrlərdə özünün həyat amalına çevirmiş, milli irsimizin himayədarı olmuş, mədəniyyətimizin daha geniş coğrafiyada tanınmasına bütün varlığı ilə çalışmışdır. Dövlət idarəçiliyində zəngin təcrübəsi və siyasi uazqgörənliyi ilə müstəqil Azərbaycan dövlətinin uğurlu ikişaf strategiyasını müəyyən edən Heydər Əliyev xalqımızın milli-mənəvi sərvəti olan mədəni irsin, tarixi yaddaşın etibarlı qorunmasında arxivlərin rolu və əhəmiyyətini yüksək qiymətləndirmiş, arxivləri dövlət idarəetmə sisteminin mühüm elementi hesab etmişdir.

H.Əliyev haqqında yazılan çoxsaylı kitab və məqalələrdə qeyd olunduğu kimi, o, öz əmək fəaliyyətinə SSRİ kimi nəhəng bir dövlətin Xalq Daxili İşlər Komissarlığında başlamışdır. Xalq arasında NKVD adlandırılan bu strukturun tərkibində sonradan müstəqil qurumlara çevrilmiş  Daxili İşlər Nazirliyi və Dövlət Təlükəsizlik Xidmətləri fəaliyyət göstərirdi. SSR Ali Sovetinin 1936-cı il 16 tarixli  qərarı ilə SSRİ-nin, o cümlədən, İttifaq respublikalarının Mərkəzi Arxiv İdarələri Xalq Daxili İşlər Komissarlığının tabeliyinə verilir və arxiv sənədlərindən dövrün siyasi və ideoloji əsaslarına uyğun istifadə olunmağa başlanılır. Arxiv sənədlərindən  ölkənin milli təhlükəsizliyi, kəşfiyyat və əks-kəşfiyyat məqsədləri üçün geniş istifadə edildiyi bir dövrdə SSRİ-nin cənub sərhədlərində AzSSR Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında Arxiv İdarəsi rəisinin müavini vəzifəsinə rus dilini mükəmməl bilən gənc azərbaycanlı kadrın - Heydər Əliyevin gətirilməsi onun bu mühüm strukturda işləmək üçün tələb edilən bütün şəxsi keyfiyyətlərə (dərin savad, yüksək intellekt, prinsipiallıq və təşəbbüskarlıq) malik olması idi. Müharibə illərində SSRİ üçün mühüm əhəmiyyət kəsb edən İranla dövlət sərhədində Dövlət Təhlükəsizlik Xidmətində əməliyyatçı kimi əmək fəaliyyətini davam etdirən gənc H.Əliyev sonralar Azərbaycanın uğurlu inkişaf tarixini yazan və bilavasitə rəhbərlik edən dahi şəxsiyyətə çevriləcəkdi.

Ulu öndər öz qeydlərində arxiv rəhbərliyi kimi strateji vəzifədən başqa işə getmək istəmədiyini, lakin dövlət işçilərinin təkidi və yaxınlarının məsləhəti ilə belə bir qərar verdiyini bildirmişdi. Tarix təsdiq etdi ki, müdrik şəxsin verdiyi bütün qərarlar kimi, bu qərar da Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik uğurlu seçim olmuşdur. Dövlət təhlükəsizlik orqanlarının milli kadrlarla əvəzlənməsində, xalqımızın müqəddəratı ilə bağlı taleyüklü məsələlərin həllində, müstəqil Azərbaycan dövlətinin quruculuğunda H.Əliyev xalqımız üçün misli görünməyən xidmətlər göstərmişdir. Fəaliyyətinin bu şərəfli dövrü ona Azərbaycan xalqının qədimdən gələn tarixi köklərini, mədəni irsini dərindən öyrənməyə imkan yaratmışdır. Fəaliyyətinin bu şərəfli dövrü ona Azərbaycan xalqının qədimdən gələn tarixi  köklərinin, mədəni irsinin dərindən öyrənilməsinə imkan yaratmışdır.

Azərbaycan qədim dövlətçilik tarixinə malik olmaqla yanaşı, həm də zəngin mədəni irsə malik ölkə kimi tanınır. Xalqımız dünyanın mədəni-siyasi tarixinə öz misilsiz töhfələrini vermişdir. Mədəni irs təkcə gördüyümüz və toxunduğumuz maddi  olan əşyalarla bitmir. Mədəni irs həm də qorunması gərəkən və gələcək nəsillərə ötürməli olan dəyərlər toplusudur. Bu dəyərlər toplusuna xalqın hafizəsi və yazılı yaddaşının etibarlı saxlanc yeri olan  arxivlər və arxiv sənədləri də daxildir. Ümummilli lider Heydər Əliyevin arxiv sənədlərini Azərbaycan xalqının əvəzsiz mənəvi sərvəti hesab edərək, arxiv sənədlərini xalqımızın tarixini əks etdirən yeganə mənbə, tariximizi təhrif edənlərin qarşısının alınması üçün çox mühüm vasitə hesab edirdi. Milli tariximizə və mədəniyyətə son dərəcə dərindən bələd olan Ulu öndər arxiv işinin mükəmməl bilicisi olaraq qeyd edirdi ki, xalqın tarixi ilk mənbələr və arxiv sənədləri əsasında yazıldıqda daha dəqiq, daha mükəmməl və inandırıcı olur. Bu yığcam və sərrast ifadə edilmiş fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin xalqımızın tarixinə və bu tarixin yazılmasına ciddi münasibətinin göstəricisidir. Həqiqətən də, xalq öz keçmişini bilməyəndə, gələcəyini də qura bilmir. Keçmiş isə, ilk növbədə, yaddaşlarda yaşayır. Yazılı (kağız əsaslı və rəqəmsal), görüntülü (kino-foto) və səsli (fono) arxiv sənədləri isə xalqın milli-faktoloji yaddaşı, maddi-mənəvi sərvətidir. Mükəmməl arxivi olan xalqın etibarlı qorunan tarixi mirası var deməkdir. Arxiv sənədləri bu baxımdan xalqın öz tarixini öyrənmək, dərk etmək, ondan faydalanmaq və ibrət dərsi götürmək üçün əvəzsiz mənbələrdir.

Daima yeni sənədlərlə zənginləşən arxiv fondları Azərbaycan tarixinin müxtəlif mərhələlərinin araşdırılmasında elmi-tədqiqat bazasıdır, cəmiyyətin və dövlətin tərəqqisinə xidmət edən bir sənəd  məbədidir. Əsas odur ki, həmin tarixi mənbələrdən millətin və dövlətin maraqları üçün qərəzsiz istifadə edə biləsən. Tarixi qərəzsiz edən dövlət arxivlərində daimi, etibarlı mühafizə edilən və  təkzib olunması mümkünsüz arxiv sənədləridir. Yüksək liderlik keyfiyyətlərinə, siyasi bacarıq və bəsirətə, zəngin dövlətçilik və idarəçilik  təcrübəsinə malik Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, humanitar elmlərin, o cümlədən, tarix elminin inkişafına xüsusi qayğı ilə yanaşmış, arxiv sənədlərinin əvəzsiz qiymətli mənbə olduğunu nəzərə alaraq, bu sahəyə böyük diqqət yetirmişdir.

Bu gün 102 yaşlı Azərbaycan arxivləri xalqımızın dövlətçilik tarixinin, onun sosial-mədəni inkişafının öyrənilməsi üçün zəngin mənbəşünaslıq bazasına malik xəzinədir. Xalqın milli yaddaşının qorunduğu və onun hafizəsinin formalaşdırdığı bu zəngin sənəd xəzinəsi həmişə dövlətlərin diqqət mərkəzində olmuş, onun ələ keçirilməsi uğrunda mübarizə aparılmışdır. Tarixi keçmişimiz barədə bilgi verən çoxsaylı   arxiv sənədləri təsdiq edir ki, vətən torpaqlarımıza göz dikmiş yadelli qüvvələr təkcə ölkəmizin maddi resurslarını istismar etməklə kifayətlənməmiş, həm də mədəni sərvətlərimizə göz dikmiş, onları qarət etmişlər. İmkan düşdükcə, bu qədim diyarın mədəni-tarixi sərvətlərini, qiymətli sənədlərini, əlyazmalarını, bədii-estetik siqləti ilə seçilən sənəd əsərlərini (xalça, zərgərlik nümunələri) və digər mədəni sərvətlərini talan edərək öz ölkələrinə aparmışlar. Xalqımıza məxsus milli-mədəni sərvətlərin, o cümlədən, arxiv sənədlərinin tarixi faktlardan və elmi dəlillərdən uzaq saxta metod və qondarma üsullarla özününküləşdirilməsinə cəhdlər edilmişdir. Lakin Azərbaycan xalqı tarixin burulğanından şərəflə çıxmış və dahi şəxsiyyətlərin ideya və məfkurəsindəki əzmkarlıq sayəsində öz varlığını, milli kimliyini, dövlətini və dövlətçiliyini qorumaqla dünya ölkələri sırasında layiqli yerini tutmuşdur.

XX əsrdə imperiya  müstəmləkəçiliyindən xilas olan qüdrətli Azərbaycan xalqı Şərqdə ilk Demokratik Respublikanın qurucusu oldu. Milli dəyərlər əsasında qurulan Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ölkəmizdə arxiv sənədlərinin sistemli şəkildə toplanılması, mühafizəsi, istifadəsi və arxeoqrafik cəhətdən işlənilməsi işinin əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti xarici işlər nazirinin 13 oktyabr 1919-cu il tarixli 59 nömrəli əmri ilə Xarici İşlər Nazirliyi yanında “Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair” arxiv sənədlərinin toplanması məqsədilə Xüsusi Komissiya yaradıldı. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyanın topladığı materiallar 1918-ci ilin əvvəllərində erməni vandalları tərəfindən xalqımıza qarşı törədilən soyqırımın və vəhşiliklərin nəticələrinin öyrənilməsi, beynəlxalq səviyyədə ifşa edilməsi və siyasi-hüquqi qiymət verilməsində əvəzedilməz tarixi mənbə oldu. Lakin Cümhuriyyət Hökumətinin süqutu ilə milli ruh, mədəni və mənəvi intibah yolunda atılan addımların davam etdirilməsi mümkün olmadı. Yeni dövr ölkənin ictimai münasibətlər sisteminə yeni düzən gətirdi.  Milli-tarixi ənənələrdən qaynaqlanan ictimai münasibətlər sistemi sovet ideoloji sistemi ilə əvəz olundu. Yeni dövrdə ölkədə digər sahələrdə olduğu kimi, arxiv işinin təşkilində də yeni yanaşmalar tətbiq edildi. Azərbaycan İnqilab Komitəsi 6 dekabr 1920-ci ildə respublikamızda Vahid dövlət arxiv fondunun təkili və Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında dekret imzaladı. Azərbaycan xalqının mədəni sərvəti olan arxiv sənədləri tədricən İttifaq orqanlarının nəzarəti altına keçdi.

XX əsrin 60-cı illərin sonundan etibarən Azərbaycanın siyasi həyatında yeni bir mərhələ başlandı. Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin, onun dövlətçiliyinin formalaşdırılması missiyasını öz üzərinə götürdü. Həmin illərdən başlayaraq Azərbaycan malik olduğu bütün intellektual və insan potensialı, təbii resursları, milli-mənəvi dəyərləri ilə tərəqqi və inkişaf mərhələsinə qədəm qoydu. Tarix təsdiq etdi ki, o dövrlərdə Ulu öndər tərəfindən irəli sürülən düşüncə və ideyalar XX əsrin sonlarında milli məfkurəmizin yüksəlişinə və müstəqil dövlət quruculuğuna möhkəm əsaslar yaratdı.

Vətən tarixinin hər bir səhifəsini, xalqın adət-ənənələrini, minilliklərin soraqçısı olan mədəni irsini müqəddəs hesab edən Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndər ölkədə arxiv işinin müasir tələblərə uyğun yenidən qurulmasına və inkişafına da öz layiqli töhfələrini vermişdir. Azərbaycan  xalqının tarixini, mədəniyyətini dərindən bilən, bütün varlığı ilə ona bağlı olan Ümummilli lider yaxşı bilirdi ki, hər bir xalqın tarixi ilk mənbələr və arxiv sənədləri əsasında yazıldıqda daha dəqiq, daha mükəmməl və inandırıcı olur. Xalqın milli-siyasi varlığının qorunmasında mədəni irsin və onun etibarlı saxlanc yeri olan arxivlərin rolunu yüksək qiymətləndirən Heydər Əliyev 1969-cu il iyulun 14-də siyasi rəhbərliyə gəldiyi ilk gündən Azərbaycan xalqı və dövləti üçün misilsiz işlər gördü, ölkəmizin İttifaq miqyasında qüdrətli dövlətə çevirmək üçün bütün sahələrədə olduğu kimi, arxiv iş sahəsinə də xüsusi qayğı və diqqətlə yanaşdı. Hakimiyyətə gəlişindən cəmi iki həftə sonra keçirilən Mərkəzi Komitənin iclasında respublikamızda arxivlərin məsələsini müzakirəyə çıxararaq arxiv işinin yaxşılaşdırılması haqqında təxirəsalınmaz tədbirlərin görülməsi tapşırıqlarını verdi. Ulu öndərin göstəriş və tapşırıqlarına uyğun olaraq Azərbaycan SSR Nazirlər Sovetinin  8 aprel 1970-ci və 23 aprel 1973-cü illərdə qəbul etdiyi “Azərbaycan SSR-də arxiv işinin vəziyyəti və yaxşılaşdırılması tədbirləri haqqında” və “Azərbaycan SSR-də arxiv işinin gələcək inkişafına dair tədbirlər haqqında” qərarlar ölkəmizdə arxiv işinin inkişafında xüsusi rol oynamışdır. Qərarlarda dövlət orqanlarında, nazirliklərdə və idarələrdə, rayon (şəhər) icraiyyə komitələrində arxiv işinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, həmin qurumlarda arxiv işi sahəsində elmi, təşkilatı-metodiki rəhbərliyin yüksəldilməsi, daimi saxlanılma müddətli sənədlərin dövlət mühafizəsinə təhvil verilməsi üçün hazırlanması işinin təşkilindəki qüsurların aradan qaldırılması tapşırılır. Eyni zamanda,  Az.SSR Sənaye Tikinti Nazirliyinə Bakıda Mərkəzi dövlət arxivləri üçün yeni binanın tikintisi işinin başa çatdırılması, Dövlət Plan Komitəsinə dövlət arxivlərinin müasir avadanlıqlarla təchiz edilməsi, Dövlət Mətbuat komitəsinə arxivlər tərəfindən hazırlanmış elmi nəşrlərin, sənəd məcmuələrinin maneəsiz çap edilməsi, yerlərdə sənədlərin saxlanması xərclərinin azaldılması məqsədilə birləşmiş arxivlərin yaradılması, habelə nazirliklərdə, idarə və müəssisələrdə arxiv müdiri, arxivarus  ştatlarının yaradılması və həmin vəzifələrə tarix-arxiv ixtisası üzrə təhsil almış kadrların cəlb edilməsi kimi mühüm tapşırıqlar verilir. Sözügedən qərarda Azərbaycan Dövlət Universitetində arxivşünaslıq və yardımçı tarix fənni üzrə kafedranın yaradılması məsələsinə baxılması tapşırılır. Ölkədə arxiv şəbəkəsinin genişlənməsi və işinin artması səbəbilə Nazirlər Soveti yanında Arxiv İdarəsinin Baş Arxiv İdarəsi kimi yenidən təşkili, idarənin strukturunda xüsusi nəzarət müfəttişliyinin yaradılması, o cümlədən, xarici ölkələrin arxivlərində saxlanılan Azərbaycanla bağlı sənədlərin aşkar edilməsi sahəsində işin səmərəli təşkili üçün Xarici İşlər Nazirliyinə və Elmlər Akademiyasına məsələnin öyrənilməsi tapşırılmışdır. Xüsusi qiymətli sənədlərin sığorta fondunun yaradılması üçün dövlət arxivlərinə zəruri avadanlıqlar verilmişdir.  Bütün qeyd olunanlar siyasi hakimiyyətə yenicə gəlmiş Ulu öndərin ölkədə arxiv işinin təşkili məsələlərinə son dərəcə həssaslıqla yanaşdığını bir daha təsdiq edir. Ulu öndərin tapşırığı ilə 1969/1970-ci dərs ilindən başlayaraq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində tarixçi-arxivçi ixtisası qrupları təşkil edildi, Bakı maliyyə-kredit texnikumunda təhsilli arxivçilərin hazırlanılmasına başlanıldı. Ulu öndərin təşəbbüsü ilə 1979-cu ildən  Moskva Tarix-Arxiv İnstitutunda ixtisas artırmaya, əlavə təhsilə arxivçi kadrların cəlb edilməsinə start verildi, həmçinin SSRİ Dövlət Texniki-Peşə Komitəsi ilə razılaşdırmaqla arxiv sənədlərinin bərpası və mikrofilmləşdirilməsi üzrə yerli kadrların hazırlanması məsələsinə baxıldı. Ulu öndərin rəhbərliyi ilə 1969-1982-ci illərdə  ölkəmizdə  altı dövlət arxivi, Dövlət Arxivinin 15 filialı və 44 rayon dövlət arxivi olmaqla dövlət arxiv xidməti şəbəkəsi yenidən quruldu. Naxçıvan Muxtar Respublikası və DQMV-nin arxiv idarələrinin strukturu və əsasnamələri təsdiq edildi. Bütövlükdə arxivlərin kadr potensialının möhkəmləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi. 1982-ci ilin oktyabrında Partiya Tarixi Arxivinin 60 illik yubileyi tədbirində iştirak edən Ulu öndər Heydər Əliyev Azərbaycanda tarix elminin təşəkkülü və inkişafında alimlərin və arxivçilərin əməyinə yüksək qiymət verərək deyirdi: ”Biz arxivləri toplayan və mühafizə edən, tarix elminin təməlini qoyan, onu qurub yaradan, Azərbaycan xalqının səadəti uğrunda aparılan mübarizəsinin misilsiz sənədlərini sətir-sətir toplayan fədakar alimlərə, sadə təvazökar arxivçilərə böyük ehtiramımızı və səmimi minnətdarlığımızı ifadə edirik”. Bu, Heydər Əliyevin alimlərin və arxivçilərin məsuliyyətli əməyinə verdiyi böyük qiymət idi.

Xatırladaq ki, SSRİ dövründə Azərbaycanın arxiv fondu İttifaq dövlət arxiv fondunun tərkib hissəsi idi və onun üzərində mülkiyyət hüququ mərkəzi hökumətə məxsusdu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin arxivlərində mühafizə olunan sənədlər üzərində mülkiyyət hüququ dövlətimizə keçdi və xalqımız mədəni-tarixi sərvətimizin ayrılmaz hissəsi olan arxiv sənədlərinin tamhüqulu sahibinə çevrildi.

1982-1987-ci illərdə SSRİ kimi nəhəng dövlətin rəhbər strukturlarında Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyətini davam etdirən Heydər Əliyev dövlətin bir çox mühüm sahələrinə, o cümlədən, arxiv sahəsinə nəzarət etmiş və arxivçiləri daim diqqət mərkəzində saxlamışdır. Heydər Əliyev SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin 21 noyabr 1983-cü ildə keçirilən genişləndirilmiş kollegiya iclasında iştirak və çıxış etmişdir. Ulu öndər dərin məzmunlu nitqi ilə bütün zalda və rəyasət heyətində əyləşənləri yaxşı mənada heyrətləndirə bilmiş, bu sahənin mükəmməl bilicisi olduğunu, arxiv işinə dərindən bələdliyini bir daha sübut etmiş, ölkənin inkişafında arxivlərin tarixi rolunu və arxivçilərin misilsiz əməyini yüksək qiymətləndirmişdir. H.Əliyev ölkənin dinamik inkişafında dövlət arxiv xidmətinin, arxiv sənədlərinin müstəsna elmi və siyasi əhəmiyyətə malik olduğunu xüsusi olaraq vurğulamış, tarixin yazılı abidəsi olan arxiv sənədlərinin qorunmasının dövlət və xalq üçün vacibliyini qeyd etmişdir: “Arxiv işi dönub qalmış, dəyişməz deyil, daimi inkişaf edən, təkmilləşən, dövlətin inkişafına, sosial-siyasi qərarların qəbuluna, xalqın milli ənənələrinə uyğun vətənpərvərlik ruhunda tərbiyələnməsinə xidmət edən mühüm fəaliyyət sahəsidir. Dövlət arxivlərimizdə öz işini bilən və sevən fədakar insanlar çalışırlar və onlar öz fəaliyyətləri ilə daimi dövlətin maraqlarını qoruyurlar. Dövlət arxivləri cəmiyyətdə məsuliyyətli və şərəfli vəzifəni yerinə yetirməklə ciddi olaraq dövlətin maraqlarının qorunmasını təmin etməlidirlər”.

Göründüyü kimi, dövlət idarəçiliyində arxiv işinin əhəmiyyətinə yüksək qiymət verən Ulu öndər xüsusilə dövlətin çoxşaxəli iqtisadi, siyasi, sosial, mədəni sahələrdə qərarların qəbulunda arxiv sənədlərinin müstəsna əhəmiyyətini, arxiv sənədlərindən geniş və məqsədəyönlü istifadənin arxiv təşkilatlarının vəzifəsi olduğuna diqqəti yönəldir, ölkədə arxiv işinə yüksək həssaslıqla yanaşmağı vacib sayırdı. Heydər Əliyev kimi fenomenal biliyə malik dahi şəxsin cəmiyyətin inkişafında arxivlərin rolunun bu cür yüksək qiymətləndirilməsi, onun nə dərəcədə milli məfkurəyə və tarixi keçmişə  bağlı olduğunu bir daha sübut edirdi.

XX əsrin sonlarında SSRİ-nin süqutu ilə postsovet məkanında baş verən hadisələr, yeni yaranan müstəqil dövlətdəki sosial-siyasi təlatümlər, idarəetmədə qeyri-stabillik, iqtisadi tənəzzül müstəqillik ideyalarınınn möhkəmləndirilməsi və qorunmasını təmin edə biləcək siyasi liderə ehtiyac yaradırdı. Məhz Heydər Əliyev kimi fenomenal şəxsiyyət müstəqilliyimizin əbədiliyini təmin edə bilərdi. Azərbaycan xalqı bu tarixi missiyanı məhz Heydər Əliyev kimi dahi şəxsiyyətə etibar etdi. Ümummilli lider öz dühası ilə Azərbaycanı öz müstəqilliyini itirmək kimi real təhlükədən xilas etməklə ölkədə siyasi sabitliyi təmin etdi, iqtisadi tənəzzülü cilovladı, sosial-iqtisadi islahatlar həyata keçirməklə müstəqil dövlətin əsaslarını möhkəmləndirdi.

Bu dövrdə ölkənin bütün sahələrində olduğu kimi, arxiv işinin təşkilində də fərqli və yeni yanaşmaların tətbiqi labüd idi. İttifaq tabeliyində olan arxiv fondlarında saxlanılan, eləcə də müxtəlif ölkələrin arxivlərində qalmış və xalqımızın dövlətçilik tarixinin müxtəlif mərhələlərini əks etdirən qiymətli sənədlərin, onların nüsxə və surətlərinin ölkəmizə gətirilməsi istiqamətində tədbirlər görülməsini zəruri edirdi. Bütün çətinlik və problemləri görən  Heydər Əliyev Azərbaycan xalqının milli-tarixi yaddaşının bərpası və formalaşdırılmasında misilsiz rolu olan mədəniyyət sərvətlərimizin, dilimizin, adət-ənənələrimizin qorunması məsələsini özünün həyat amalına çevirmişdi. Tarixi  keçmişimizlə bağlı həqiqətlərin araşdırılması, öyrənilməsi və düzgün elmi nəticələrin əldə edilməsi üçün qiymətli sənədlərin saxlandığı arxivlərə həmişə yüksək dəyər verən Ulu öndər AMEA-da alimlərlə görüşlərinin birində yeni tarixi şəraitdə fundamental elmi-tarixi tədqiqatların aparılmasında arxiv sənədlərinin əvəzsiz tarixi mənbə olduğunu bir daha vurğulayaraq deyirdi: “Arxiv işlərinə gərək çox ciddi fikir verək, bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Yeni ictimai-siyasi reallıqlar ölkənin digər sahələrində olduğu kimi, arxiv işi sahəsində də yeni qanunvericilik aktlarının və normativ sənədlərin hazırlanmasına və qəbuluna ciddi ehtiyac yaratmışdı. Müstəqil Azərbaycan cəmiyyətinin formalaşdırılması və inkişafı vəzifələrini uğurla yerinə yetirən, onun memarı və qurucusu olan Ulu öndər, dövlət idarəetmə sisteminin əsas atributlarından olan milli arxivlərin və arxiv işinin yeni dövrün çağırışlarına uyğun inkişafına dəstək və istiqamət verdi. Arxiv xidmətinin dövlətin və vətəndaşların qanuni maraqlarının qorunmasına xidmət edən dövlət orqanı kimi formalaşdırılmasında, bu sahənin fəaliyyətini təmin edən normativ hüquqi bazanın yaradılmasında, dövlət arxivlərinin maddi-texniki təminatının möhkəmləndirilməsində, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasında son dərəcə mühüm fərman və sərəncamlara imza atdı. Ümummilli lider müasir dövrdə hakimiyyətin idarəetmə mexanizmlərindən biri olaraq arxivlərin əhəmiyyətini təkcə keçmişlə bağlı sənədlərin toplanması, mühafizəsi və istifadəsində deyil, həm də böyüməkdə olan nəslin bilik səviyyəsinin yüksəldilməsində, maariflənməsində, mədəniyyət və davranışın formalaşdırılmasında iştirakında görürdü. Bu səbəbdən o, dövlətin və millətin gələcəyinin onun arxivlərə olan münasibətindən asılı olduğunu, arxiv işinə xüsusi qayğı ilə yanaşılmasının və hər zaman ciddi fikir verilməsinin  labüdlüyünü dəfələrlə vurğulayırdı.

Heydər Əliyev arxiv işinin nəzəri və praktik əsaslarının mükəmməl bilicisi kimi dövlət idarəetmə sistemində arxivlərə yüksək qiymət verməklə, həm də onun inkişafına böyük töhfələr vermişdir. Onun bilavasitə rəhbərliyi ilə arxiv işinin yeni  dövrün tələblərinə uyğunlaşdırılmasına start verilmiş, ölkəmizdə ilk dəfə 90-cı illərin sonunda arxiv işi sahəsində fəaliyyəti tənzimləyən “Mili arxiv fondu haqqında” Qanun qəbul edilmişdir. Azərbaycan Respublikasında arxiv işinin tənzimlənməsi sahəsində qəbul edilən bu ilk qanunvericilik aktına Milli arxiv fondu anlayışının, milli arxiv fondunun strukturu, milli arxiv fonduna daxil olan sənədlərin təsnifatı, milli arxiv fondunun formalaşdırma mənbələri olan qurumların əhatə dairəsi, arxiv işçilərinin sosial müdafiəsi kimi mühüm müddəaların daxil edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və rəhbəriyi ilə hazırlanmış bu Qanun respublikamızda arxiv quruculuğunun gələcək istiqamətlərini, arxiv işinin planlı şəkildə inkişaf strategiyasını müəyyənləşdirmişdir. “Milli arxiv fondu haqqında” Qanun ölkəmizdə arxiv fondlarının formalaşdırılması, daimi mühafizəsi və arxivlərin fəaliyyəti ilə bağlı münasibətlərin tənzimlənməsinin hüquqi əsasını yaratmışdır. Qanun müstəqillik illərində respublikamızın dövlət arxivlərində qiymətli sənədlərin intensiv və müntəzəm olaraq cəmləşdirilməsinə, arxiv sənədlərindən siyasi, elmi, iqtisadi və mədəni-maarifçilik məqsədləri üçün geniş istifadəsinə yeni imkanlar açmışdır. Belə ki, uzun illər bağlı qalmış sənədlərdən elmi-tədqiqat məqsədləri üçün istifadənin əlçatanlığı təmin edildi. Xalqımızın  əvəzsiz mənəvi sərvəti olan arxivlərə müraciət edənlərin sayı dəfələrlə artdı, arxiv sənədlərindən istifadə etməklə dövlət hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların, vətəndaşların gündəlik retro informasiyaya olan tələbatının ödənilməsinin operativliyi və şəffaflığı təmin edildi, respublikamızın, o cümlədən, xarici ölkələrin alimlərinə öz elmi tədqiqatlarında arxivlərimizdə mühafizə edilən sənədlərdən daha geniş istifadə imkanı yaradıldı, on minlərlə vətəndaşın sosial-hüquq xarakterli sorğularının cavablandırılmasında yaradılan suni və bürokratik maneələr aradan qaldırıldı. Bütün  bünlar arxiv sənəd və məlumatlarına olan marağın xeyli artması ilə nəticələndi. Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin böyük hamisi olan Heydər Əliyev tərəfindən təsdiq edilən “Milli arxiv fondu haqqında” Qanun ölkəmizdə arxiv işinin inkişafı ilə bağlı bütün məsələləri əhatə etməklə, həm də onun gələcək strateji inkişaf istiqamətlərini müəyyən etdi.  Azərbaycan xalqının tarixinin ilk mənbələr əsasında öyrənilməsində arxivlərin rolunu və Milli arxiv fondunun müstəsna əhəmiyyətini nəzərə alan Heydər Əliyev bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə 2002-ci ilin dekabrın 2-də imzaladığı 816 №-li Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında mərkəzi icra hakimiyyəti orqanı statusunda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini yaradıldı. Fərman  respublikamızda arxiv işinin təkmilləşdirilməsində yeni perspektivlər açmaqla, həm də dövlət arxivlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni töhfələr verdi. Fərmanda  arxivlərin və arxiv sənədlərinin dövlət hakimiyyəti orqanlarının, idarə və müəssisələrin informasiyaya olan tələbatının ödənilməsində, respublikamızın və xarici ölkələrin alimləri tərəfindən elmi tədqiqatların aparılmasında, monoqrafiya və dərsliklərin yazılmasında, radio-televiziya verilişlərinin hazırlanmasında, arxivlərə müraciət edən yerli və xarici ölkə vətəndaşlarının sosial-hüquq xarakterli sorğularının təmin edilməsində müstəsna əhəmiyyəti bir daha vurğulandı. Eyni zamanda, ölkənin elmi-mədəni inkişafında arxivlərin rolu və yeri müəyyən edildi, dövlət arxiv xidməti strukturunun yenidən qurulması, onların maddi-texniki təchizatının möhkəmləndirilməsi məqsədilə müvafiq qurumlara konkret tapşırıqlar verildi. Ölkədə arxiv işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi səlahiyyəti yeni yaradılmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə verildi. Ulu öndər 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”ni təsdiq etdi. Əsasnamədə dövlətin arxiv siyasətinin formalaşdırılması və həyata keçirilməsində Milli Arxiv İdarəsinin iştirakı, onun vəzifələri, funksiyaları, səlahiyyətləri müəyyən edildi. Heydər Əliyev Milli Arxiv İdarəsinin rəhbərini şəxsən qəbul edərək görüşdü, ölkədə arxiv işinin yeni siyasi reallıqlara uyğun inkişaf etdirilməsi, onun strateji hədəfləri və arxiv işinin cəmiyyətin sosial-siyasi və mədəni həyatında rolunun artırılması, bu sahənin texnoloji yeniliklərə uyğun modernləşdirilməsi ilə bağlı mühüm və konkret tapşırıqları verdi.

Ulu öndərin bilavasitə rəhbərliyi ilə ölkədə arxiv işi sahəsindəki normativ-hüquqi bazanın formalaşdırılması, idarəetmənin təkmilləşdirilməsi, arxiv sənədlərinin etibarlı mühafizəsi, komplektləşdirilməsi, qeydiyyatı onlardan elmi tədqiqat məqsədilə istifadə işində uğurlu nəticələrin əldə edilməsini təmin etdi. Dövlət arxivlərinə intensiv olaraq yeni sənədlər daxil olmağa, onlardan siyasi, elmi, tarixi və mədəni məqsədlər üçün daha geniş istifadə edilməyə başlanıldı. Ulu öndərin rəhbərliyi ilə hazırlanmış yeni normativ hüquqi sənədlər uzun illər istifadəsinə məhdudiyyət qoyulmuş arxiv sənədlərinin tədqiqatçılar üçün açılmasına hüquqi əsas yaratdı. Elmi tədqiqatlar üçün bağlı qalmış sənədlərdən istifadə etməklə alimlərimiz yüzlərlə elmi məqalə və monoqrafiya yazdılar.

Arxivçilərimiz Heydər Əliyevin “AXC-nin 80 illik yubileyinin qeyd edilməsi haqqında” və Prezident İlham Əliyevin “AXC-nin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamlarına uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin stenoqramları, Cümhuriyyətin iqtisadi siyasəti, təhsil siyasəti, ordu quruculuğuna dair arxiv materialları əsasında çoxcildli sənəd məcmuələri hazırladı, Cümhuriyyət Ensiklopediyası, deportasiya tarixi, repressiya qurbanı olmuş görkəmli dövlət, elm, ədəbiyyat və incəsənət xadimlərinin həyat və fəaliyyətləri barədə elmi nəşrlər, sənəd topluları və məqalələr çap etdirməklə elmi dövriyyəyə tamamən yeni, qatı açılmamış sənədlər gətirdilər.

Fərmanın imzalanmasından keçən 20 ildə Milli Arxiv İdarəsi arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən və ona nəzərət edən dövlət orqanı olaraq ölkəmizdə arxiv işinin müasir tələblərə uyğun qurulmasına, onun sənəd bazasının zəngilləşməsinə, Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsi, səmərəli istifadə olunması, bu sahədə yeni texnoloji nailiyyətlərin tətbiqi istiqamətində yeni  nəticələr əldə etmişdir. Son iyirmi ildə Dövlət arxiv xidməti təşkilatlarında mühafizə olunan sənədlərin həcmi və  mühafizəxanaların tutumu dəfələrlə artmış, respublikamızın dövlət arxivlərində arxiv sənədlərinin mühafizəsi üçün müasir tələblərə cavab verən mühafizəxanalar sistemi yaradılmışdır. Arxiv sənədlərindən dövlətin və vətəndaşların maraqlarının təmin edilməsində, elmi-tədqiqatların aparılmasında məqsədəyönlü istifadə edilir.   Arxiv işinin təşkilinin norma və prinsiplərini müəyyən edən normativ-hüquqi və metodiki sənədlər hazırlanır, sahə üzrə qanunvericilik aktlarının təkmilləşdirilməsi, kadr hazırlığı sahəsində mühüm işlər aparılır.

Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirdi. Bu gün respublikamızda bütün sahələrdəki dayanıqlı sosial-iqtisadi inkişaf və uğurlar, ictimai-siyasi sabitlik və dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin, eləcə də Ulu öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik keyfiyyətlərinin, öz xalqına qəlbən bağlılığının, milli dövlətçilik fəlsəfəsinə, azərbaycançılıq ideologiyasına və bütün demokratik ənənələrə sadiqliyinin bəhrəsidir. Ulu öndərin arxiv işinə diqqət və qayğısının layiqli davamçısı, xalqımızın tarixi keçmişinin öyrənilməsini və dövlət müstəqilliyimizin təbliğini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dövlət arxivlərinin maddi-texniki təminatının yaxşılaşdırılmasına xüsusi diqqətlə yanaşmış, 2008-ci ildə əsaslı təmir edilərək dövlət arxivlərinə təhvil verilmiş yeni binanın açılışında şəxsən iştirak etməklə arxiv sahəsinə olan diqqətini bir daha təsdiq etmiş oldu. Bu çoxmərtəbəli arxiv binası Milli arxiv fonduna yeni sənədlərin qəbuluna və onun məlumat bazasının genişləməsinə əlavə imkanlar yaratdı.

Prezident İlham Əliyevin 12 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Proqram ölkmizdə arxiv işinin inkişafında yeni perspektivlər açdı. İlk növbədə, bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması tapşırıldı. Həmçinin xarici ölkələrdə saxlanılan Azərbaycanla bağlı sənədlərin ölkəmizə gətirilməsi, arxiv işinin İKT tətbiq etməklə modernləşdirilməsi, Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsi, informasiya axtarışı imkanlarının genişləndirilməsi və istifadəsi imkanlarının artırılması məqsədilə zəruri addımlar atılması tapşırıldı, bu sahədə konkret icraçılar müəyyən edildi. Arxiv sənədlərinin saxlanması şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Arxivi filiallarına, rayon, şəhər dövlət arxivlərinə yeni arxiv binalarının tikilməsi, yaxud arxivlərin uyğunlaşdırılmış yeni binalara köçürülməsi məsələsi qarşıya qoyuldu.

Bu gün respublikamızın arxiv xidməti təşkilatları Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların icrası üçün səylə çalışırlar. Ölkəmizdə arxiv işinin inkişafına xidmət edən qanunvericilik aktları beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilir, yeni normativ-hüquqi sənədlər qəbul edilir. Prezident İlham Əliyevin 18 avqust 2022-ci il tarixli 1812 və 1813 nömrəli Fərmanları ilə təsdiq edilmiş “Milli arxiv fondu haqqında” Qanunda, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Əsasnaməsi”ndə və digər əlaqəli qanunvericilik aktlarında edilmiş dəyişiklilər ölkəmizdə arxiv işinin müasir dövrün tələblərinə uyğun inkişafına normativ-hüquqi əsas yaratdı. Qanunvericilikdə edilən dəyişikliklər dövlət arxiv xidməti təşkilatlarının ictimai həyatda rolunun artmasına, arxiv sənədləri üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsinə, arxiv sənədlərinin mühafizəsi və istifadə olunması işinin effektiv təşkilinə, Milli arxiv fondu sənədlərinin qeydiyyatı sisteminin təkmilləşməsinə, arxivçilərin sosial təminatının yaxşılaşdırılmasına, arxiv sənədlərinin mühafizəsinə dövlət nəzarətinin artırılmasına imkan yaradacaqdır.

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızda arxiv işi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də, İKT tətbiq etməklə arxiv işinin avtomatlaşdırılması, arxiv sənədlərinin rəqəmsallaşdırılması və elektron daşıyıcılara köçürülməsidir. Hazırda Milli Arxiv İdarəsində yaradılan Elektron arxiv məlumat sistemi (EAMS) vətəndaşların arxiv materiallarına əlçatranlığına və operativ məlumat əldə olunmasına xidmət edir. EAMS dövlət arxivlərimizdə mühafizə olunan arxiv fondlarının tərkibi və həcmi  barədə onlayn formatda məlumatların əldə edilməsinə imkan verir. Milli arxiv fondunun tərkibinə daxil olan 10 mindən artıq arxiv fondu haqqında müfəssəl məlumatlardan ibarət bu dövlət informasıya resursu daimi yeni sənədlər barədə bilgilərlə zənginləşdirilir və əhatə dairəsi genişlənir. Dövlət arxiv xidməti təşkilatlarında Milli arxiv fondu sənədlərinin xüsusi proqram təminatı əsasında rəqəmsallaşdırılması işləri həyata keçirilir. Bu gün daha intensiv istifadə olunan fondlar üzrə 3 milyondan artıq arxiv sənədinin elektron nüsxəsi yaradılmışdır. Arxiv sənədlərinin rəqəmsallaşdırılması sahəsində görülən işlər müxtəlif məlumat daşıyıcılarının orijinallarının kənar təsirlərdən qorunmasına, məlumatın  itirilməsi riskinin azaldılmasına, çoxmilyonlu və universal məlumat kütləsi arasından tələb olunanın daha operativ axtarışına və məsafədən istifadəsinə imkan yaradacaqdır.

Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə xarici ölkələrin arxiv təşkilatları ilə əməkdaşlıq çərçivəsində həmin ölkələrin arxivlərində saxlanılan Azərbaycanla bağlı sənədlərin siyahılarının alınması və surətlərinin ölkəmizə gətirilməsi istiqamətində müntəzəm işlər aparılır. Son illərdə Türkiyə Respublikasının Osmanlı Arxivindən, Rusiya Federasiyası və Qazaxıstan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivlərindən Vətən tarixi ilə bağlı minlərlə arxiv sənədi ölkəmizə gətirilmiş və onların arxiv qaydalarına uyğun təsviri və dövlət qeydiyyatı tamamlanmışdır.

Respublikamızda Dövlət Arxivinin filialları üçün yeni arxiv binalarının tikintisi, mövcud arxiv binalarının əsaslı təmiri və yenidən qurulması, rayon (şəhər) dövlət arxivlərinin uyğunlaşdırılmış yeni binalara yerləşdirilməsi istiqamətində müvafiq nazirlik, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlarla işlər aparılır.

Hal-hazırda bilavasitə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində sənədlərin istifadə edilmək məqsədilə qəbulunu, daimi mühafizəsini, uçotunu həyata keçirən, onların istifadəsini təşkil edən və hər il təxminən 50 minə yaxın vətəndaşın müxtəlif xarakterli sorğularına cavab verən 6 dövlət arxivi (Azərbaycan Respublikası Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Dövlət Elm və Texnika Sənədləri Arxivi, Dövlət Kino-Foto Sənədləri Arxivi, Dövlət Səs Yazıları Arxivi), eləcə də Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, 57 rayon (şəhər) dövlət arxivi fəaliyyət göstərir. Bu arxivlərdə 15000-dən artıq fond, 3,7 milyona yaxın saxlama vahidi, 650 milyon vərəqdən artıq kağız əsaslı, 450 minə yaxın kino-foto və fono-video sənəd mühafizə olunur.

Dövlət arxiv xidməti təşkilatları həm də sahə üzrə ixtisaslaşmış kadr potensialına malik elmi təşkilatdır. Xalqımızın milli sərvəti olan arxiv sənədləri ilə gündəlik təmasda olan əməkdaşlarımız bu zəngin məlumat bazasından istifadə edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qalib ordumuzun şücaəti ilə 44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizə erməni vandalları tərəfindən vurulmuş ziyanın qiymətləndirilməsi işində əhəmiyyətli olan arxiv sənədlərinin aşkarlanması və seçilməsində, müxtəlif dövlət qurumlarının sorğularının vaxtında cavablandırılmasında fəal iştirak edirlər. İşğal altında ikən və hərbi münaqişə zamanı dağıdılmış, məhv edilmiş rayonlarımızın, tarixi, mədəni və dini abidələrimizin bərpası, eləcə də elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafı üçün arxiv sənədlərindən hərtərəfli istifadəni təmin edirlər. Arxiv işçiləri təkcə dövlətin mötəbər və unversal informasiya resursu olan arxiv sənədlərinin qorunması ilə məşğul olmurlar, onlar həm də aidiyyəti dövlət orqanlarına müxtəlif qərarların qəbulunda əhəmiyyətli olan arxiv məlumatlarının çatdırılmasında, ictimaiyyətin keçmişlə bağlı məlumatlandırılmasında, vətəndaşlarımızın qanuni hüquq və maraqlarının qorunması və sosial-hüquq xarakterli sorğularının cavablandırılmasında yaxından iştirak edirlər. Respublikamızın arxivçiləri əsası Ulu öndər tərəfindən qoyulmuş müstəqil Azərbaycanda arxiv işinin yeni çağırışlara uyğun inkişafı və uğurlu gələcəyi üçün hər zaman olduğu kimi, bu gün də yüksək əzmkarlıq, şərəf və məsuliyyətlə xidmət edirlər.

Əsgər Rəsulov

Milli Arxiv İdarəsinin rəisi, filologiya elmləri doktoru, professor

Həsən Həsənov

Milli Arxiv İdarəsi rəisinin müavini

 

 



Bugün: 430
Dünən: 947
Bu həftə: 3432
Son həftə: 7045
Bu Ay: 2507
Son Ay: 25580
Bu İl: 215325
Ümumi: 1235746
1235746