Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

İncəsənət tarixinin şəfəqi

Son Yenilənmə : 2019-01-28 02:38:16
Baxış sayı : 2639

      Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi sənətşünaslıq doktoru Nəsir Rzayev  incəsənət tariximizin qədim dövrlərini araşdıran, təsviri sənət və mədəniyyətimizin tədqiqi, gələcək inkişafı üçün əlindən gələni əsirgəməyən mütəxəsislərdən sayılır.

  Nəsrulla İsmayıl oğlu Rzayev 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın elmi – bədii ictimaiyyəti onu incəsənətimizin fəal tədqiqatçısı kimi tanıyır.

  1946-cı ildə Nəsir Rzayev  Azərbaycan Dövlət Universitetində yenicə açılmış “İncəsənət şöbəsinə” daxil olur.Ailələrində incəsənətə meyl hələ ötən əsrdən başladığından onun məhz bu şöbəni seçməsi heç də təsadüfi deyildi. Babası Mirzə Fərəc dövrünün tanınmış tarzənlərindən biri olmuşdur. Onun yolunu davam etdirən Əməkdar İncəsənət xadimi istedadlı bəstəkar, gözəl mahnılar müəllifi Agabacı Rzayeva isəNəsir Rzayevin bacısı olmuşdur.

   N.Rzayevi incəsənət tarixinin qədim dövrləri  maraqlandırırdı.. Azərbaycanın qədim abidələri, xalq sənəti örnəklərini sevir və bu sahədə fəaliyyət göstərmək istəyirdi.Öz müəllimi professor Mikayıl Rəfili ilə bir sırada “Nizami” almanaxında məqalələr dərc etdirmişdir.

       1954 –cü ildə N.Rzayev Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutuna qəbul olunmuşdur və həmin institutda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. Onun tədqiqatçılıq bacarığı bu institutda şaxələnərək öz axarını tapmışdır. O, Azərbaycan sənətşünaslıgının çətin və işlənilməmiş sahəsi olan qədim dövrün incəsənətinin tarixini öyrənmək ilə məşğul olmuşdur. Sənətşünaslığımızın tarixində ilk dəfə olaraq keramik nümunələr ilə bədii metal və şüşə nümunələri arasındakı qarşılıqlı cəhətləri, oyma sənətinin mənşəyini və s.məsələləri araşdırmışdır.

      1962 – ci ildə Tibilisi Dövlət Universitetində “Qafqaz  Albaniyasının bədii keramikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.1968 – ci ildə isə “Qədim dövrlərdən XVIII əsrə qədərki Qafqaz Albaniyası incəsənəti” adlı doktorluq dissertasiyasını müdafiə edib sənətşünaslıq doktoru adına layiq görülmüşdür.

        Nadir Zamanov (sənətşünaslıq elmlər namizədi): N.Rzayevin elmi – puplisist əsərlərində qədim dövrlərin ideologiyası, tarixi nəzəri məsələləri və din tarixi ilə də maraqlanaraq təsviri (piktoqrafiya) mədəniyyətimizin eramızdan əvvəl dördüncü minillikdən başlandığını müəyyənləşdirmiş, xüsusən, Qobustan qaya təsvirlərinin ovçuluq təsərrüfatı ilə bağlılığını aşkara çıxarmışdır. Bütün bu  elmi nəzəri məsələlər onun 1974 – cü ildə Azərnəşr tərəfindən buraxılmış “Əsrlərin səsi” kitabında öz əksini tapmışdır.Kitabda islamdan əvvəlki dini  təsəvvürlər – animizm, totemizm  məsələləri araşdırılmış, onların tarixi dövrləri göstərilmişdir.

N.Rzayevin  1984 – cü ildə çapdan çıxmış  “Möcüzəli qərinələr” adlı kitabında təsviri sənətimizin mənşəyi məsələləri, qədim incəsənətimizin kökləri, qaynaqları araşdırılır, yazı mədəniyyətimizin qədim dövrləri tədqiq edilir. “Möcüzəli qərinələr” kitabının çapında ixtisar edilmiş “Azərbaycanda günəşə pərəstiş əqidəsi”, “Fonetik yazılarımızın tarixindən” hissələrinə 1992- ci ildə Azərnəşrdə çap olunmuş “Əcdadlarımızın izi ilə” kitabında rast gələ bilərik. “Azərbaycanda günəşə pərəstiş əqidəsi” bölümündə tunc dövrü mədəniyyətinin və incəsənətinin inkişaf etməsi, memarlıq tikililərinin, abidələrin yüksəliş dövrü kimi göstərilir. Günəşə pərəstiş əqidəsi tunc dövrünün əsas idealogiyalarından biri kimi özünü göstərmişdir.

       N.Rzayevin 1985 – ci ildə “Elm”  nəşriyyatında cap olunmuş “Qayalar danışır” adlı kitabı haqqında Azərbaycan Dövlət Tarix Muzeyinin qədim və orta əsrlər şöbəsinin müdiri, tarix elmləri namizədi Rauf Məmmədov bildirmişdir: “Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, sənətşünaslıq doktoru Nəsir Rzayevin “Qayalar danışır” adlı əsəri incəsənət və mədəniyyətimizin çox aktual mövzularından birinə Azərbaycanın qaya təsvirləri mədəniyyətinə həsr edilmişdir. Bu mövzu indiyə kimi dərindən və monoqrafik şəkildə bir sıra əlaqədar tarixi və sənətşünaslıq məsələləri ilə bağlı öyrənilmədiyindən istər ziyalılarımızın, istərsə də fəhlələrimizin qaya təsvirləri haqqında təsəvvürləri çox səthi və natamamdır. Nəsir Rzayev respublikamızda yeganə sənətşünasdır ki, qaya təsvirləri haqqında Akademiyanın əsərlərində, “Elm və həyat”, “Qobustan” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzeti səhifələrində dönə-dönə məqalələr çap etdirmiş, bu mədəniyyətin problemli  məsələlərini araşdırmışdır. "Qayalar danışır” əsərinin nəşri bu məsələnin həlli üçün ən yaxşı vasitə ola bilərdi...”

        Azərbaycan xalq tətbiqi incəsənəti xalqımızın zəngin yaradıcılıq xəzinəsinə çevrilmişdir.Tətbiqi incəsənətimizin bir çox sahələri: xalçaçılıq, şəbəkə, daş və ağac üzərində oyma, zərgərlik, misgərlik, keramika, bədii tikmə və s. araşdırmalar aparan N.Rzayev bu sahənin sənətkarlarını 1957- ci ildə qələmə aldığı “Xaıq tətbiqi incəsənət ustaları”  monoqrafiyası vasitəsilə xalqımıza çatdırmışdır : XIX əsrdə Muğanlı Əvəz Əli və Şuşalı Mir Möhsün Nəvvab kimi miniatura sənətkarları, Nuxa (Şəki) Xan sarayının divar rəsmlərini yaratmış Qarabağlı usta Qəmbər və Şamaxılı Qurban  Əli və Əli Qulu kimi xalq rəssamları, Bakının Hacı Əbdülbaği və Mir Yaqub kimi mahir şəbəkəçiləri, Nuxanın usta Ağabala, Ustakar Əbdülza, Məşədiəli, Kəblə Cabbar Əlizadə kimi təkəlduz ustaları milli təsviri incəsənətimizin zəngin xəzinəsinə çoxlu incilər əlavə etmişlər.

        N.Rzayev  qocaman şəbəkə sənətinin mahir ustası 95 yaşlı Əbdülhüseyn Mikayıl oğlu Babayev , təkəlduz ustası Abuzər Lətifov, bədii tikmə ustası Gülzar Əliyeva, kəsmə naxış ustası Əli Həmidoğlu  və b.  sənətkarların yaradıcılıq fəaliyyətlərini araşdıraraq xalqımıza təqdim etmişdir. Xalqımızın bədii ənənə və nəfis yaradıcılıq formalarını öz əsərlərində yaşatmış və inkişaf etdirmiş mahir ustaların adları incəsənət tariximizin səhifələrinə qızıl xətlə yazılmışdır.

      1990-cı idə “Elm”də çıxan “Zarya azerbaydjanskoqo iskusstva” (Azərbaycan incəsətinin şəfəqi”  adlı monoqrafiya rusdilli oxucuları qədim Azərbaycan incəsənətilə tanış etmək məqsədilə yazılmışdır. N.Rzayev bu əsərdə oxuculara Qobustanın qaya təsvirlərini, incəsənətimizdəki qədim türk ənənələrini, din və incəsənətin qarşılıqlı münasibətlərini ətraflı şəkildə catdırmışdır.

         “Elm” nəşriyyatında çapdan çıxmış üç cildlik “Azərbaycan incəsənəti tarixi” nin birinci cildinin baş redaktoru N.Rzayev olmuşdur.

         Bir insan kimi çox sadə və səmimi olan N.Rzayev çətin günlərində öz nisgilliyini mübariz əzmilə, elmi tapıntıları poetik axtarışları ilə özünü ovundurmağa çalışıb.Belə anların yadigarı olaraq bir sıra bayatılar, rübailər yazmışdır. Onlardan bir neçəsini qeyd edə bilərik :

                                Ağlaya – ağlaya gülmək istədim,

                                Dost tapıb dərdimi bölmək istədim,

                                Namərd körpüsünə dartanda fələk

                                Daşqın sel istədim, ölmək istədim.

 

                                Qəm yemə ay bağban, bağdan bar gedər,

                                Bir sənət qalandır, dövlət – var gedər,

                                Baxtın gətirməsə a dostum səndən

                                Dövran üz döndərər, küsüb yar gedər...

 

N.Rzayevin düşüncələri: “Bütün mədəniyyətlər üçün bünövrə olan milli mədəniyyət olmayan yerdə heç bir gəlmə mədəniyyət, sivilizasiya ola bilməz. Bizim dədə - babalarımız bizdən daha mədəni idilər. Onlar öz əcdadlarından qalmış ədəbi və bədii irsin qədrini bilir, onu göz bəbəyi kimi qoruyub saxlayırdılar. Bu mədəni zənginlik ilə də biz bu gün fəxr edirik. Bu bizim yox, dədə - babalarımızın xidmətidir.”

            Nəsir Rzayev 1998–ci ildə 79 yaşında vəfat etmişdir.

            Məqalədə 615 nömrəli fondun sənədlərindən istifadə edilmişdir.

 

Durna  AĞAYEVA

S.Mümtaz adına Dövlət Ədəbiyyat və

İncəsənət Arxivinin arxeoqrafı



Bugün: 548
Dünən: 881
Bu həftə: 3141
Son həftə: 5867
Bu Ay: 18839
Son Ay: 20754
Bu İl: 84140
Ümumi: 1104561
1104561