Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Var millətimin xətti bu imzalar içində

Son Yenilənmə : 2022-10-20 07:53:29
Baxış sayı : 674

Manaf Süleymanov Böyük Qafqaz sıra dağlarının zirvəsində yerləşən qədim Lahıcda doğulmuşdu. Qocaman yazıçının uşaqlıq illəri Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrə təsadüf edirdi. O, qəsəbəyə asayişin qorunması üçün göndərilmiş iyirmi nəfərlik kiçik türk hərbi birliyini gördükdə qəlbində hərbçi olmaq arzusu yaranır. Ancaq atası Fərəcullah kişi buna qəti etiraz edərək onu mühəndis görmək istədiyini bildirir. Əslində onun taleyinə hərbçi olmaq da yazılmamışdı. II dünya hərbinin şiddətli döyüşlərinin getdiyi günlərdə - 1942-ci ilin qışında yenicə elmlər namizədi adı almış Manaf Süleymanov hərbi xidmətə çağrılır və Xankəndindəki komandirlər məktəbinə göndərilir. Ancaq savadlı neft mühəndisi arxa cəbhədə daha yararlı olacağı nəzərə alınaraq komissiya tərəfindən geri qaytarılır və bununla da bu mövzuya nöqtə qoyulur.

Manaf Süleymanov dağ-mədən mühəndisi olaraq neft-qaz sahəsində bir çox vəzifələrdə çalışmış, geoloji axtarış ekspedisiyalarının işində fəal iştirak etmişdi. İşində hər zaman bir mühəndis və bir alim olaraq sözünə inanılmış, etibar edilmişdi.

 Hələ tələbəlik illərindən Manaf Süleymanovun qəlbində ədəbiyyata qarşı bir məhəbbət və hörmət hissi vardı. Böyük müəlliflərin əsərlərini  mütaliə etməyi çox sevirdi. Hər daim sadə və zəhmətkeş insanların həyatını düşünən gənc alim, onların fədakar əməyini bədii dildə oxuculara çatdırmağı çox istəyirdi.

Onun ədəbiyyata gəlişinə Mehdi Hüseynlə tanışlıq böyük təkan verdi. Məhz, görkəmli yazıçı və tənqidçi gənc neft alimini inandırdı ki, onun ədəbi istedadı var və o ilk əsərini neftçilərə həsr etməlidir.  1947-ci ildə “Yerin sirri” povestini yazdı. Daha sonra romana çevrilən əsər ilk dəfə Mehdi Hüseynin baş redaktor olduğu “İnqilab və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalının bir neçə nömrəsində dərc olundu.

“Yerin sirri” romanı istər ittifaqda, istərsə də ittifaqdan kənarda geniş oxucu rəğbəti qazandı. Azərbaycanda dəfələrlə çap olunan roman Moskva, Berlin, Praqa, Buxarest və digər sosialist paytaxtlarında çap olundu. Çox maraqlıdır ki, Sovet İttifaqı ilə soyuq münasibətlərə baxmayaraq, bizim üçün doğma olan qardaş Türkiyədə də bu əsər çap olunmuşdu. 1955-ci ildə Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsi tərəfindən “Türk ləhcələrindən örnəklər” seriyası ilə kitab halında nəşr edilmişdi (ARDƏİA, f.636, s.2, sv.115, v.2).

“Yerin sirri” romanı yazıçının bu səpkidə yazdığı əsərlərin ilki idi. Daha sonra “Fırtına”, “Zirvələrdə”, “Dalğalar qoynunda” romanları oxucuların ixtiyarına verildi. Dağ-mədən işçilərinin həyatından bəhs edən bu romanlar uzun illərin müşahidələrinin və gərgin axtarışların məhsulları idi.

Qocaman pedaqoq, professor Bayram Tahirbəyov Manaf Süleymanovun ədəbi yaradıcılığı barədə deyirdi: “Elə yazıçılar var ki, bütün ömürləri boyu ancaq bir mövzuya müraciət edirlər. Manaf Süleymanovun da qələminə ən çox yatan mövzu fəhlə həyatıdır, qurub-yaradan əmək adamlarının ömrü-günüdür”.

Qeyd etmək lazımdır ki, Manaf Süleymanov ədəbi yaradıcılığa böyük nəsr əsərləri ilə gəlsədə, sonrakı ədəbi fəaliyyətində bədii-publisistik janra daha çox üstünlük vermiş, ömrünün sonuna kimi bu janrda yazıb-yaratmışdır. Bu silsilədən “Lahıc”, “Neft milyonçusu”, “Şərqdə ilk demokratik cümhuriyyət” və “Şagirdlik illərim” kitablarının adlarını sadalamaq olar. Ancaq “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” onun bu səpkidə yazdığı ilk əsər idi.

 Keçən əsrin səksəninci illərinin sonlarında respublika mədəni həyatına səs salan bu kitab qədim Bakıda XIX əsrin ortalarından sovet hakimiyyətinin qurulmasına qədər olan bir dövrdə baş verən mədəni-maarif və xeyriyyə işlərindən bəhs edirdi. Əsər bir xatirat üslubunda qələmə alınmışdı. Kitabın da adından göründüyü kimi qocaman yazıçı uşaqlıq illərindən tutmuş ta ixtiyar yaşına kimi olan dövrü-həyatında bu şəhərlə bağlı eşitdiklərini, oxuduqlarını, gördüklərini və təbii ki, araşdırdıqlarını qələmə almışdı. Kitabın ərsəyə gəlməsi üçün illərlə faktlar toplamış, arxiv sənədlərinin tozunu udmuş, çoxlu maneələr görmüşdü. Əsər öncə “Qoca rəssamın xatirələri” adı altında yazılmış, daha sonra bildiyimiz o məşhur adını almışdı. İlk dəfə 1984-cü ildə “Azərbaycan” jurnalında dərc olunmuş xatirat, böyük rəğbət və maraqla qarşılanır və 1987-ci ildə kitab halında işıq üzü görür. Oxucuların masaüstü kitabına çevrilmiş bu əsəri daha da təkmilləşdirmək qərarına gələn müəllif kitab üzərində yenidən işləyərək, əlavələr edir və 1989-cu ildə yenidən çap etdirir.

Kitabı vərəqlədikcə və oxuduqca Bakının bir əsr öncəki həyatı gözlərinin önündə canlanır. Şəhərin köhnə məhəllələri, hay-küylü bazarları, izdihamlı mərkəzi küçələri, sürətlə inkişaf edən neft sənayesi, bu dövrdə formalaşmış milli burjuaziya haqqında maraqlı məlumatlar əldə etmək imkanı yaranır. Bundan əlavə, I dünya hərbinin getdiyi o illərdə şəhərdə və ətrafında milli-siyasi zəmində baş verən hadisələr oxucuya ilk dəfə mümkün olduğunca bütün həqiqətləri ilə çatdırılır. Heç də təsadüfi deyildir ki, kitab o illərdə gedən siyasi proseslərdə də Azərbaycan cəmiyyətinin milli oyanışına böyük təsir göstərmişdi. Əgər Manaf Süleymanovun bütün yaradıcılığını bir kəlmə ilə ifadə etsək, heç şübhəsiz ki, bu əsəri müəllifin “şah əsəri” hesab etmək olar.

 Əlbəttə ki, Manaf müəllimdən xeyli öncə bu şəhərin qədimliyindən, gözəlliyindən və sirlərindən zaman-zaman səyyahlar, salnaməçilər, tarixçilər öz əsərlərində dönə-dönə bəhs etmiş və hətta əsərlər belə həsr etmişlər. Manaf Süleymanov bu missiyanı yaxın keçmişimizdə öz üzərinə götürmüş zəngin yaradıcılığa malik bir qələm ustadı idi. Qocaman yazıçı romantik şair Məhəmməd Hadinin məşhur bir beytindən ilhamlanaraq və cavab olaraq əsərin bütün məğzini bir misra ilə ifadə edirdi: “Var millətimin xətti bu imzalar içində...”

Məqalə Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 636 nömrəli fondun sənədləri əsasında hazırlanmışdır.    

 

 

Cavid MƏMMƏDLİ

Salman Mümtaz adına Dövlət 

Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri



Bugün: 588
Dünən: 835
Bu həftə: 3865
Son həftə: 4759
Bu Ay: 13696
Son Ay: 20754
Bu İl: 78997
Ümumi: 1099418
1099418