Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Mənəvi sərvət

Son Yenilənmə : 2019-10-11 04:22:07
Baxış sayı : 3014

Zaman-zaman əsrlərin, nəsillərin yaddaşından bir səs gəlir, Saz səsi! Həzin-həzin süzülüb, dalğa-dalğa yayılır ətrafa. Ulu qayalardan qopub gələn qədim və ilahi bu avaz ürəkləri nurla doldurur, yaddaşlarda durulur, ruhlara hopur. Nədənsə kövrəlirik bu sehrli, sirli səsə...

                    Min illərdi yaşayır saz,                                                                                                             Könülləri oxşayır saz.

                    O bəstəkar, o şair saz,

                     Nə sehrli bir alətdi?!

                     Dinlə çalan Ədalətdi...

 

                     Nakam eşqə hönkür-hönkür,

                     Saz ağlayıb qan-yaş tökür.

                     Sazsız-sözsüz keçən ömür,

                     Ömür deyil, zəlalətdi!

                     Dinlə, çalan Ədalətdi... 

Yazılı ədəbiyyatımızın əsasını təşkil edən, ondan qabaq yaranan, şifahi xalq ədəbiyaytının nümunəsi olan “saz sənəti” Azərbaycan xalqının estetik zövqünün kamilləşməsində, inkişafında mühüm rol oynamışdır. Bu sənət şifahi xalq ədəbiyyatını əsrlərin yaddaşına yaza-yaza bizə gətirib çıxarıb. Belə ki, ilk ustadlarımız olan ozanlar, aşıqlar həm söz qoşub, həm hava bəstələyib, həm də mahnı oxuyub, el-el, oba-oba, oymaq-oymaq gəzib, dünənimizin nəfəsini bu günə daşımışlar. Doğma irsimizə bu cür qayğı və məhəbbət aşıq musiqisinin çoxəsrli ömür yaşamasına səbəb olmuşdur.

XX əsrin sonları, XXI əsrin əvvəli peşəkar ifaçılıq sənəti Vurğun elinin gözəl sənətkarı Aşıq Ədalət Nəsibovda qol-budaq atır. Ömrümüzə, günümüzə Abbas Tufarqanlının, Ələsgərin səsini, harayını gətirən Aşıq Ədalət, əsasını Aşıq Əmrah və Aşıq Kamandarın qoyduğu yeni saz məktəbini yüksək zirvələrə qaldırmışdır. Üç teldən on iki telə çatana kimi uzun inkişaf yolu keçən saza ustad sənətkar  xallar, güllər vuraraq öz sazını – “Qara sazı” yaratmışdır.

Simlərin, pərdələrin artırılması onun kəşfidir,   onun nəaliyyətidir. Aşıq heç bir havanı olduğu kimi, mövcud çərçivədə ifa etmir, kökünə, mayasına dəymədən səsdən daş-qaş, ərmağanlar, incilər yaradırdı. Bu səbəbdən də havalar son dərəcə şirinləşirdi. Ustadın improvizəsi nəticəsində "Ruhani", "Yanıq Kərəmi", "Sarıtel", "Cəlili" və s. baxımsız qalmış havalar cilalanmış, zənginləşmişdir. Aşıq əsrlərdən bəri lal qalmış səsləri tapır, simləri dilə gətirir, sehrli bir qüvvə ilə insanın qəlbini ovsunlayır, ruhlara musiqi ilə toxunurdu. 

Aşıq Ədalətin saz havaları içərisində "Yanıq Kərəmi" xüsusilə qeyd etmək lazımdır. Bu ifa təkrarsızdır. "Yanıq Kərəmi" adicə musiqi parçası, saz havası deyil, epik bir əsərdir. Aşıq əsərin poetik xüsusiyyətlərini duyduğundan bu el havasını böyük ustalıqla ifa edir. Belə əzəmətli ifa, ağa, bəy havası “Yanıq Kərəmi” yalnız Aşıq Ədalətin səhnəsində baş verir.

Ötüb keçən, unudulmağa qovuşan illərin əlindən aldığı saz onun dostuna, sirdaşına çevrilmişdir. O, sazı əlinə alanda varlığını unudurdu, gözlərini yumaraq qızıl barmaqları ilə pərdələri, simləri gəzir, pərdələrdəki çalarları, səsləri axtarıb tapır, sazı müğənni kimi dilləndirir, oxutdururdu. Onun qəlbləri titrədən, könülləri fəth edən, insanın bütün kədər qüssəsini unutduran, həm də kövrəldən çalğısı dinləyicisini öz ağuşuna alıb sənət aləminin zirvələrinə aparır. Daha ritmik, daha oynaq pərdələrdə ifa etdiyi havaları isə insan varlığına hakim kəsilərək onu təmizləyir, saflaşdırır.

Yönünü müəyyənləşdirmək fərdi üslubunu tapmaq hər aşığa qismət olmur. Bu xoşbəxtlik Aşıq Ədalətə nəsib olmuşdur. O, soy-kökümüzdən şirə çəkən, qırılmaz tellərlə südə-sümüyə bağlanan saz sənətini zirvələrə qaldırdı, örnək səviyyədə gələcək nəsillərə ötürdü. Ədalətin yaratdığı poeziya saz adlı sərrafdan süzülüb xalqa təqdim olundu. Mənəvi sərvət kimi!

                          Ötəcək əsrlər, keçəcək illər,

                          Bu sənət sönməyən şan-şöhrətindir.

                          Bir zaman deyəcək gələn nəsillər,

                          Gördüyün “Qara saz” Ədalətindir.

Ədalət Nəsibovun sənədləri 7 noyabr 2018-ci ildə oğlu Hekayət Nəsibov tərəfindən Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilmişdi. 815 saylı fondda mühafizə olunan sənədlər 52 saxlama vahidindən ibarətdir. Məqalənin hazırlanmasında bu fondun sənədlərindən istifadə olunmuşdur.

 

 Ruhiyyə NURİYEVA

 Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin aparıcı arxeoqrafı



Bugün: 406
Dünən: 676
Bu həftə: 2454
Son həftə: 4358
Bu Ay: 18584
Son Ay: 22161
Bu İl: 63131
Ümumi: 1083552
1083552