Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-03-05 23:45:21
Baxış sayı : 4944

 Milli təhsil  tariximizdə  izi qalan  tədris  ocaqları: Qori  və  İrəvan  müəllimlər  seminariyalarının  milli  təhsil  tariximizdəki   yeri   və  rolu  haqqında.

 

Bu məqalə, Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan Müəllimi” qəzetinin

“Azərbaycan  Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata  keçirilməsi ilə  bağlı  

Təhsil  Nazirliyinin  2016-cı  il  üçün  tədbirlər  planına  uyğun  olaraq

“Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda elan  etdiyi 

yazı  müsabiqəsinə  təqdim  edilmək   üçün  hazırlanmışdır.

 

Zaqafqaziya  Müəllimlər  Seminariyasının   tatar (Azərbaycan-R.S.)  şöbəsi  və  İrəvan  müəllimlər  Seminariyasının  Azərbaycanda  xalq  maarifinin,  məktəb-təhsil  işinin   yayılmasında, mədəniyyətin  və  ictimai-pedaqoji  fikrin  inkişafında   mühüm  tarixi  xidməti  və  rolu  olmuşdur. Tariximizin, o cümlədən  milli  təhsil  tariximizin  hər bir  səhifəsinə  böyük  hörmət  və  ehtiram  əlaməti  olaraq  Azərbaycan  Respublikasının  Dövlət  Arxivi, Dövlət Tarix  Arxivi  və  Dövlət  Ədəbiyyat  və  İncəsənət  Arxivinin  müvafiq  fondlarında , eləcə də  Milli  Arxiv  İdarəsinin  Elmi-məlumat  kitabxasında  saxlanan   tarixi  sənədlər  və  digər  mənbələr  əsasında  Qori və  İrəvan  müəllimlər    seminariyalarının  milli  təhsil  tariximizdəki  yeri  və  rolu  haqqında  hazırladığım  bu  məqaləni   qiymətləndirmək  üçün  tanınmış pedaqoq, alim  və  mütəxəssislərdən  ibarət  münsiflər  heyətinə  təqdim  edirəm.

Məşhur rus pedaqoqu K.D.Uşinskinin layihəsi əsasında yaradılmış Qori  və  İrəvan Seminariyalarının çar hökuməti tərəfindən mürtəce  məqsədlərlə  açılmasına  baxmayaraq bu tədris  ocaqlarının Azərbaycanda  xalq  məktəbi və  maarifinin  inkişafında  müstəsna  xidməti  olmuşdur. Bu seminariyaları bitirmiş  məzunların  böyük  əksəriyyəti  Azərbaycanın  ucqar  qəza  və kəndlərinə  gedərək  orada  pedaqoji  fəaliyyət  göstərmiş, xalq  kütlələri  arasında  savad  yayaraq  onları  cəhalətin, geriliyin  əsarətindən  qurtarmağa  çalışmışdılar.

Tarixdən  məlumdur  ki, keçmiş çar Rusiyasında   müsəlmanlara  ilk vaxtlarda  müəllim  seminariyalarında   təhsil  almaq  hüququ  verilmirdi. Bu hüququn  əldə  edilməsi  heç  də asanlıqla  başa  gəlməmişdir. Xalqımızın  mütərəqqi  ziyalıları milli  ayrıseçkiliyə  qarşı  və  müsəlmanlara  seminariyalarda təhsil almaq  hüququnun  verilməsi  uğrunda  mübarizə   aparmışdılar. Qeyd  edirik  ki, çar hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər  tutaraq “ özgə” xalqların  təhsil  və  maarif  işlərinə  demək  olar  ki, qayğı göstərmirdi.Çar hakimiyyəti  xalqların savadlandırılmasını   onların  milli  oyanışında, özünü dərk və azadlıq  yolunda   əsas şərtlərdən  biri  hesab  etdiyinə  görə  məzlum  xalqların, o cümlədən  müsəlman  xalqlarıın  dünyəvi  təhsil  almasına imkan  yaratmaq  istəmirdi.  Çar hakimiyyətinin  ucqarlardakı,  o cümlədən  Azərbaycandakı  təhsil  sistemi  çarizmin  imperiya  ərazisində  yürütdüyü   müstəmləkəçilik   və  hakim  millətçilik    siyasətinin  bariz  təzahürü  idi. Lakin bütün  bunlara  baxmayaraq,  Azərbaycanın  tərəqqipərvər  ziyalıları   mövcud  vəziyyətlə  barışmır, millətin  gələcək  taleyini düşünür, vətən   övladlarının dünyəvi  məktəblərdə  təhsil  almaq  hüququ  uğründa  mübarızəyə  başlayaraq  “ biz  öz  dilimizdə  oxuyub    dilimizi, milliyyətimizi  bilmək  istəyrik” deyə  təhsil  sistemində  müsəlmanlara  qarşı  həyata  keçirilən  milli  ayrıseçkilik  siyasətinə  qarşı  etiraz  səslərini  ucaldırdılar.   

XIX əsrin  II yarısında Azərbaycanda  milli  şüurun  oyanması  və  formalaşmasında, maarifçilik  hərəkatının  yaranmasında  H.Zərdabi  və  onun ”Əkinçi” qəzetinin  böyük  xidmətləri olmuşdur. Köhnə həyat tərzinin dəyişdirilməsi yolunda xalqın  maariflənməsinin  xüsusi  əhəmiyyət  kəsb  etdiyini yaxşı  dərk  etmiş  H.Zərdabi  və  digər  mütərəqqi   maarifpərvər  ziyalılarımız  bu  yolda  daim  yorulmadan çalışmışdılar.

XIX  əsrin  sonlarında Azərbaycanda  kapitalist  münasibətləri  surətlə  inkişaf  etməyə  başlamışdı. Kapitalizm  münasibətlərinin  inkişafı  cəmiyyətin  sosial  strukturunda  müəyyən dəyişikliklərə  gətirib  çıxartmış  və yeni  sinif  olan  çoxmillətli  burjuaziya  və  proletariat  formalaşırdı. Həmin  dövrdə  Azərbaycanda  müsəlman  müəllim  kadrlarına  böyük ehtiyac duyulurdu. Lakin müəllim  kadrlarına  olan  tələbatların  ödənilməsi  üçün  təkcə Azərbaycanda  deyil, ümumiyyətlə  bütün  Cənubi  Qafqaz  bölgəsində  pedaqoji  kadrlar  hazırlayan   xüsusi  bir  tədris  müəssisəsi  yox  idi. Qafqaz  bölgəsində  dövlət  məktəbləri  üçün  müəllim  kadrlarını  hazırlayan  ilk  təhsil  ocağı  Qafqazda xristianlığı  bərpa  edən  cəmiyyət  tərəfindən 1866-cı  ildə  Tiflis  şəhərində  yaradıldı.  Tiflis şəhərində əsası qoyulan Aleksandrovski  müəllimlər  məktəbində  şəhər  məktəbləri  üçün  müəllim  kadrlar  hazırlanırdı. 1872-cü  ildə  həmin  məktəb   Aleksandrovski  Müəllimlər İnstitutuna  çevrildi. Lakin  müsəlmanlar bu  instituta qəbul  edilmirdi. Aleksandrovski  Müəllimlər  institutuna  müsəlman  olmayan  digər millətlərin  nü­mayəndələrinin qəbul  olunmağa   hüquqları vardır. Qeyd  edirik  ki, 1872-ci ilin  əsasnaməsinə  görə  müsəlmanlara   ali-ibtidai  və  şəhər  mək­təb­lə­rin­də ştatlı müəllim  vəzifəsini  tutmaq  hüququ da verilmirdi. Çar  hakimiyyətinin yürütdüyü  hakim  millətçilik və  milli  ayrıseçkilik  siyasətinin  nəticəsi  idi  ki,  təhsildən  uzaqlaşdırılan  azərbaycanlıların  nəinki  müəllimlər  institutunu  bi­tirmiş , hətta  adi  ibtidai  mək­təblərdə belə dərs keçən  müəllim  kadrları  demək  olar  ki, yox  idi. 1875-ci  ildə  təsdiq  edilmiş  və 1917-ci  ilə  qədər  qüvvədə   olmuş  “Xalq  maarif  nazirliyinin  müəllim   seminariyaları  üçün təlimat”ına  əsasən  müəllimlər  seminariyasına  pravoslav  dininə  məxsus  bütün  təbəqələrdən  olan, tərbiyəli  davranışı  haqqında  rəy  təqdim  etmiş, 5-6 il  ibtidai  məktəbdə  oxumuş  və  iki  sinifli  ali-ibtidai  məktəbin  proqramı  üzrə  qəbul  imtahanlarını  müvəffəqiyyətlə  başa  vuraraq  16  yaşa  çatmış  şəxslər  qəbul  edilirdi.   

Yalnız  zamanın  tələbi  ilə  Qafqaz  tədris  idarəsinin  rəh­bərliyi  tərəfindən  ali-ibtidai  məktəblərdə  dərs  deyə biləcək  müsəlman  müəllimlərin sayını artırmaqdan ötrü  müəllim  seminariyalarını  bitirmiş  müsəlmanlar  üçün  qısa­müd­dət­li  kurslar açıldı.  Müsəlmanlara da ali-ibtidai  mək­təblərdə  ştatlı  müəllim  yerlərinin  verilməsinə başlandı.  Müsəlmanlara  Aleksandrovski   mü­əl­limlər institutuna daxil olmaq   hüququ   verildi.

XIX əsrin  70-ci  illərindən  başlayaraq   Rusiya  İmperiyasının  bir  sıra  bölgələrində, o cümlədən  Cənubi Qaqazda kənd məktəbləri üçün müəllim kadrları hazırlayan müəllim  seminariyaları  meydana  gəldi. Əsasən  zemstvalar  tərəfindən   yaradılan  müəllimlər  seminariyaları öz işlərini  dahi  rus pedaqoqu  Konstantin  Dmitrieviç  Uşinski  tərəfindən  işlənib  hazırlanmış  “Müəllimlər  seminariyasının  layihəsi”  əsasında  qururdular. Çar  hakimiyyəti  seminariyaların  zemstvalar  tərəfindən  açılmasını  müxtəlif  yollarla  dayandırmağa  çalışsa  da, buna  nail ola  bilmədi. Mütləqiyyət  seminariyaların  yaradılması   prosesini  öz  nəzarəti  altına  almaqdan  ötrü  1870-ci  ildə  “Müəllimlər  seminariyası  haqqında  Əsasnamə”ni  təsdiq  etdi. Həmin  əsasnaməyə  görə  müəllim  seminariyaları   zemstvalar  tərəfindən  deyil, hökumət  tərəfindən  yaradılmalı  idi.

Zaqafqaziya  Müəllimlər  Seminariyası  Rusiya  İmperatoru  II Aleksandrın  08  aprel  1875-ci  il  tarixli  fərmanı  ilə  təsis  edildi. Qori  şəhərində  bütün  Cənubi  Qafqaz  üzrə  təşkil edilmiş  Zaqafqaziya  Müəllimlər  Seminariyası  dövrün  qabaqcıl  Seminariyalarından biri sayılırdı. Həmin  Seminariya  haqqında  əsasnamənin  1-ci  bəndində göstərilirdi ki,: ” Zaqafqaziya Müəllimlər Seminariyasının  məqsədi – özünü  ibtidai  məktəblərdə  müəllimlik  fəaliyyətinə  həsr  etmək  istəyən  gənclərə   pedaqoji  təhsil  verməkdir.” Əsasnamənin  1-ci bəndinin  qeyd  hissəsində  yazılmışdı  ki, ” Müsəlmanlar  üçün  xüsusi  məktəb  açılanadək, müsəlmanlara Zaqafqaziya  Müəllimlər  Seminariyasına  və  onun nəzdindəki  ibtidai  məktəblərə  daxil  olmağa  icazə  verilir.”  Lakin  Zaqafqaziya  Müəllimlər  Seminariyasında    və  onun  nəzdində  yaradılmış  üç  ibtidai – rus, gürcü, erməni  məktəblərində  təhsilin  rus  dilində   aparılması  və  həmin  məktəblərdə  Azərbaycan  dilini  bilən  müəllimlərin  demək  olar  ki, olmaması  azərbaycanlı  gənclərin  bu  məktəblərə  cəlb  olunması  işini ləngidirdi.

XIX əsrin  sonu  XX əsrin  əvvəllərində  Azərbaycan kəndlərində  mövcud  olan  və  açılması  nəzərdə  tutulan  məktəblərin müsəlman  azərbaycanlı  müəllim  kadrlarla  təmin  edilməsinə  böyük  tələbat  var  idi. Zamanın  tələbi, eləcə  də   müsəlmanlara  qarşı  edilən milli  ayrıseçkiliyə qarşı  mütərəqqi  ziyalılarımızın   yüksələn   etiraz  səsləri  çar  hökumətini  “Müəllimlər  seminariyaları  haqqında  təlimat”ın  tələblərindən  kənara  çıxmağa  məcbur  etdi. Beləliklə, Seminariyalarda  təkcə  “ pravoslavlar”ın  deyil, müsəlmanların da  təhsil  almasına  icazə verildi.  .

Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər  və  xalqımızın  mütərəqqi  ziyalılarının  maarif- təhsil işi uğrunda  mübarizəsinin  nəticəsi  olaraq  Zaqafqaziyanın  müsəlman  əhalisi  üçün  Zaqafqaziya   Müəllimlər  Seminariyası  nəzdində  tatar  (Azərbaycan-R.S.) bölməsinin  yaradılmasına  Qafqaz   canişini tərəfindən razılıq  verildi. Qori müəllimlər  seminariyasının məzunu  olmuş, sonralar  isə  məşhur  pedaqoq, dövrünün  görkəmli  dövlət   xadimi  kimi  yetişmiş  xalqımızın  böyük  oğlu  N.Nərimanov   1906-cı  ildə  yazdığı   məqaləsində  qeyd  edirdi: ” Rusiya  baş  qaldırıb  yüz  illərlə  ixtiyarını  itirmiş, indi  zor  ilə  hərəkət  edən  millətlərə  yavaş-yavaş  ixtiyar  verir. Hər  millətin  öz  ana  dili  uşaqları  üçün  vacib  olub  məktəblərdə  oxunur. Bizim  camaat  bunları  görüb  yenə  də  lal  və  kar  qalmış, axırda  dövlət  özü  qafqazlılar  üçün  ümumi  qanun  düzəldib  dedi: qeyri  millətlərə  verilən  ixtiyar  siz  müsəlmanlara  da  verilir. Bacarırsınız  isə  siz  də  öz  başınıza  çarə  qılınız. Bu  fikirlə  türk  dilini  müsəlman  müəllimlərinə  vacib  bildi,  qəza  şəriyəti  də  bunu  vacib  bildi...Lakin  kəndi  xahişiləmi?  Xeyr, zəmanə  tələb  etdi. Ana  dilini  bu  vaxtadək  lazım  bilməyib  onun  yox  olmasına  çalışan  dövləti  bir  qanlı  hürriyyət  indi  vadar  edir  ki, ana  dilini  qeyri  dillər  kimi  uşaqlara  vacib  bilsin...”  

Zəmanənin tələbi  ilə  Zaqafqaziya  Müəllimlər  Seminariyasının  nəzdində  ayrıca yaradılmış  tatar ( Azərbaycan-R.S.) şöbəsi  1879-cu  il  sentyabrın  23-də  Qori  şəhərində  fəaliyyətə  başladı. Zaqafqaziya  Müəllimlər  Seminariyası  nəzdində  tatar (Azərbaycan-R.S.) şöbəsinin  fəaliyyəti   Dövlət  Şürasının  13  may  1880-cı  il  tarixli  qərarı  ilə rəsmiləşdirildi. Azərbaycanlı  müsəlman  müəllim  kadrların  hazırlanması  kimi  tarixi  missiya  bu  şöbənin  üzərinə  düşdü. Azərbaycan  şöbəsinin  1880-cı  il  mayın  13-də  təsdiq  edilmiş  əsasnaməsinə  görə  bu  şöbənin  məqsədi  Cənubi  Qafqazın  Azərbaycan  kəndlərindəki  ibtidai  məktəblər  üçün  bilikli  və  bacarıqlı  müəllimlər  hazırlamaqdan  ibarət  idi. Seminariyanı  1881-ci  ildə  bitirmiş  məzunlardan  yalniz üç nəfəri-Teymur  bəy  Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov  (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görüldülər. Azərbaycan  şöbəsinin  inspektoru  A. Çernyayevski   Səfərəli bəy Vəlibəyovu  dərs demək üçün seminariyada saxladı.T.Bayraməlibəyov Qori Seminariyasını bitirdikdən sonra Lənkəranda rus məktəbində dərs deməyə başladı.O, həmçinin  XIX əsrin  80-ci  illərinin  sonlarından başlayaraq 1916-cı ilədək  müntəzəm olaraq o zaman Bakıda rus dilində çıxan  və  mütərəqqi  ziyalılarımızın  tribunasına  çevrilmiş “Kaspi”  qəzetində  Lənkəran  bölgə müxbiri kimi  fəaliyyət  göstərmişdi. Həmin  dövrdə “Kaspi” qəzetində Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, H.Zərdabi  və digərləri ilə yanaşı T.b. Bayraməlibəyov  da  tez-tez  müxtəlif  məsələlərlə  bağlı  çıxış etmişdir.  

Zaqafqaziya   Müəllimlər  Seminariyasının  Azərbaycan   şöbəsinin  ilk  buraxılışı  1882-ci ilə təsadüf edilir. Şöbənin kursunu ilk  olaraq bitirmiş 10  nəfər müsəlman  gənc Azərbaycanın məktəb  tarixində azərbaycanlı  müəllimlərin  ilkin  dəstəsi olaraq  pedaqoji  cəbhədə  fəaliyyətə  başlamışdı. 1882-ci ildə  şöbənin  kurslarını  bitirmiş şəxslərin  sıralarında  Həşim bəy Nərimanbəyov, Rəşid bəy Əfəndiyev, Məmməd  bəy  Əfəndiyev   və  başqaları  var  idi. Məzunların  sayca  az  olmasına  baxmayaraq,  onlar Zaqafqaziyanın Azərbaycan kəndlərində dünyəvi məktəblərin  açılmasında  və  fəaliyyət göstərməsində mühüm rol oynamışdılar.  

Zaqafqaziya  Müəllimlər  Seminariyasının  Azərbaycan  şöbəsinin  təşkili  ana  dilində  sövti  üsullu  ilk  dərsliyin  meydana  gəlməsinə  şərait  yaratdı. 1882-ci  ildə  ilk  dəfə   nəşr  edilən  A.O.Çernyayevskinin  “Vətən  dili”(I hissə)  və  S. Vəlibəyovla  birlikdə  hazırlanaraq  1888-ci  ildə  dərc  olunan  həmin  dərsliyin II hissəsinin  işıq  üzü  görməsi  feodalizm  dövründən  qalmış  doqmatik  və  sxolastika  ilə  bağlı  olan  və  uzun  müddət  davam  edən höccələmə( əbcəd-çərəkə) usuluna ilk və  böyük  zərbə  idi. Həmin  Seminariyanın  məzunu  sonralar  ədəbiyyatşünas  alim, pedaqoq  və  maarifçi  F. Köçərlinin  sözləri  ilə  desək, bötöv  islam  aləmində, türk-tatar  dilli  xalqlar  içərisində sövti  üsullu dərs  demək  və  dərslik  tərtib  etmək  təşəbbüsü  ilk  dəfə  Azərbaycanda  ortaya  çıxmış və  Azərbaycan  məktəblərində  tətbiq  olunmuşdur. Bu  Azərbaycan  məktəb  tarixində  mühüm  pedaqoji hadisə  idi. Sonrakı  illərdə  dəfələrlə  çap  edilən  “Vətən  dili” uzun  müddət   Azərbaycan  məktəblərində  ana  dili  dərsliyi  kimi  istifadə  olunmuş  və  inqilabdan  əvvəlki  Azərbaycan  ziyalılarının  bütöv  bir  nəsli “Vətən  dili”   kitabından  faydalanmışdır. Ən başlıcası isə bu dərslik  Azərbaycan  dilinin  gələcək  inkişafına, ana dilində yeni-yeni dərsliklərin tərtib  edilməsinə  güclü  təkan  vermişdi. R. Əfəndiyevin  “ Uşaq  bağçası” və “ Bəsirət- ül-ətfal”, N.Nərimanovun “ Türk Azərbaycan dilinin  müxtəsər sərf-nəhvi”,Ü.Hacıbəyovun “Hesab məsələləri” və “Lüğəti”,M. Mahmudbəyovun  “ Türk  əlifbası  və  ilk  qiraət”i, başqa  müəllimlərlə  birlikdə  “İkinci  il”,  “Üçüncü  il”,  “İmlamız”dan  başlamış,  Ə. Y. Seyidovla  H. K. Sanılının  “Əlifba”sı da  daxil  olmaqla,  ana  dilində  yazılan  dərslik  və  dərs  vəsaitləri  “Vətən dili”nin  layiqli  davamçıları  olmuşdur.  

Azərbaycan xalqının azadlıq hərəkatının yekunu kimi 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqil dövlət elan edilməsi və Azərbaycan Xalq  Cümhuriyyətinin  yaradılması haqqında qərar qəbul etdi. Yarandığı ilk gündən etibarən Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirdi. Çünki əvvəlki dövrlərdə çarizm xalqın oyanmaqda olan milli mənlik və siyasi şüurunun qarşısını almaq məqsədilə xalq maarifi işini uzun illər məhdud çərçivədə saxlamış,zorla ruslaşdırma siyasəti yeritmiş, təhsil əsasən rus diində aparılmış, milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllər törətmişdir ki, bu da öz növbəsində geniş müsəlman əhalisində hökumət məktəblərinə  qarşı inamsız münasibət yaratmışdı.Yürüdülmüş bu cür siyasət müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdu. Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi vacib bir məsələ kimi hökumətin qarşısında dururdu. Zaqafqaziya Müəllimlər Seminariyasının tatar(Azərbaycan-R.S.) bölməsinin Qazaxa köçürülməsi məqsədilə Azərbaycan hökumətinin 22 iyun 1918-ci il tarixli qərarı ilə bölmənin keçmiş inspektoru F.Köçərlinin sərəncamına 5 min rubl pul ayrılır. Azərbaycan bölməsi müstəqil seminariyaya çevrilərək Qazaxa köçürülür və burada fəaliyyətini davam etdirir. Xalq Maarif Naziri N.b. Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39 №li əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru  Firudun bəy Köçərli 1918-ci il oktyabrın 1-dən Qazax Müəllimlər Seminariyasının direktoru  təyin  edilmişdir. Qazax Müəllimlər Seminariyasının açılışı 1918-ci il noyabrın 10-da keçirilmiş və bu təhsil ocağında dərslər həmin gündən etibarən başlamışdır.

Qori seminariyası mövcüd olduğu 40 il müddətində Azərbaycan məktəbi üçün 250-ə yaxın müəllim - Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Hacıbala Süleymanov, Osman Əfəndiyev, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov, Şıxlinskilər və b. hazırlamışdır ki, onlar da öz növbəsində Azərbaycan Milli maarifçilik hərəkatının inkişafında müstəsna rol oynamışlar.

Azərbaycanın  təhsil  tarixində  əhəmiyyətli  rol  oynamış   təhsil  müəssisələrindən  biri  də İrəvan  Müəllimlər  Seminariyası  olmuşdur. İrəvan  Müəllimlər  Seminariyası  “Kytaisi  və  İrəvan   quberniyalarında  müəlllimlər  seminariyalarının  təşkil   edilməsi  haqqında ” Rusiya  İmperiyasının  Dövlət  Şürasının  20  oktyabr  1880-cı  il  tarixli  qərarına  uyğun  olaraq  yaradılmışdır. Üç  maddə  və  qətnamədən  ibarət  olan  həmin  qərarda  qeyd  edilirdi: ...”1) İmperiyada  Müəllimlər  Seminariyası  və  Zaqafqaziya  Müəllimlər  Seminariyası  haqqında  Əsasnamələr  əsasında  Kytaisi  və  İrəvan   quberniyalarının  hər  birində  bir  Müəllimlər   Seminariyası  açılsın...3) Ştatların  layihələri  üzrə  Seminariyaların  saxlanması  üçün-Kutaisi  Seminariyasına-27.800  rubl, İrəvan  Seminariyasına  28.350  rubl, yekun  olaraq   isə  Zaqafqaziya  diyarının  yerli  büdcəsinə  ildə   əlli  altı  min  yüz  əlli  rubl  keçirilsin...”.

 İrəvan  Müəllimlər  Seminariyasının  təntənəli  açılışı  1881-ci  il  noyabrın  8-də  həyata  keçirilmişdi.  İrəvan  müəllimlər  seminariyasında  digər  elmi-fənnlərlə  yanaşı  Azərbaycan  dili  fənni  və  şəriət  dərslərinin  tədris  edilməsi  üçün  seminariyanın  ştat  cədvəlində müvafiq  ştat vahidi   nəzərdə  tutulmuşdu. İrəvan müəllimlər seminariyasının  nəzdində  Azərbaycan  şöbəsinin  yaradılması  haqqında  tarixi  mənbələrdə hər  hansı  bir  məlumat  aşkar  edilməmişdi. Tarixi  mənbələrdə  seminariyanın  ştat  cədvəlində  müsəlman  dini  üzrə  şəriət  dərsləri  və  Azərbaycan  dili  fənninin  tədris  edilməsi  üçün  müvafiq  ştat  vahidinin  ayrıldığı  barədə  məlumatlar  vardır. İnqilabdan  əvvəlki   Qafqazın  ən  qiymətli  sorğu  nəşrlərindən  biri  olan  və  Tiflisdə, Qafqaz  Canişinin  Baş  İdarəsinin  nəzdində  dərc  edilmiş  və  Qafqaza aid  statistik, sorğu  və  adres  məlumatları  toplanmış “Кавказский  Календарь”-da  dərc  olunmuş məlumatlara  görə  Axund  Məmməd  Bağır  Qazızadə  1883-cü  ildən  başlayaraq  uzun  illər  ərzində  İrəvan  müəllimlər  seminariyasında  Azərbaycan  dili  fənnini  və  şəriət  dərslərini  tədris  etmişdir.

Qeyd  edirik  ki, Qafqazın  ayrı-ayrı   yerlərində, o  cümlədən  Kubanda   və  Kutaisi  quberniyasında  açılmış seminariyalardan  fərqli olaraq, İrəvan  müəllimlər  seminariyasında  Azərbaycan  dilinin  və  şəriətin  tədris  edilməsi   heç  də təsadüfü deyildi. Çünki, bu seminariya xalqımızın tarixən qədim  torpaqlarından  sayılan İrəvan   mahalında  yaradılmışdı. Həmin  mahalda  yaşayan  əhalinin  əksəriyyətini  azərbaycan  türkləri,  müsəlmanlar  təşkil  edirdi. Seminariyada  Azərbaycan  dilinin  və  şəriətin  tədris  edilməsi   dövrün   tələbi   idi. Təhsil  almaq  üçün  seminariyaya  gəlmiş   azərbaycanlı  müsəlman  gənclər  ilk  pedaqoji  təhsillərini   seminariyada  aldıqdan  sonra  həyat  fəaliyyətlərini   azərbaycanlıların  yaşadığı  kəndlərdə  ibtidai  məktəblərin  yaradılması  işinə  və  yaxud   mövcud  olan  ibtidai  kənd  məktəblərində  müəllimlik  peşəsinə  həsr  edərək  xalq  kütlələri  arasında  elm  və  maarifin  yayılması  və   savadsızlığın  aradan  qaldırılması  işində  yaxından  iştirak  etmişdilər.

İrəvan Seminariyasının  çar  hökuməti  tərəfindən mürtəce məqsədlərlə  açılmasına  baxmayaraq, bu  təhsil  ocağı  mövcud  olduğu  37  il  ərzində  öz  fəaliyyəti  ilə  Cənubi  Qafqazda, o cümlədən  Azərbaycanda  xalq  məktəbi  və  təhsilin, mədəni- maarif  işinin  inkişaf  etdirilməsində  əhəmiyyətli  rol   oynamışdır.

1881-ci  ildə  İrəvan  mahalında  seminariyanın  açılmasından  savayı  daha  iki  mühüm  hadisə  baş  vermiş, İrəvan  mahalında İrəvan  gimnaziyası  və  yeni  tipli   Uluxanlı  məktəbi  də yaradılmışdır. Qori müəllimlər  seminariyasının  məzunu  F.Köçərli  1885-ci  ilin  iyun  ayında  İrəvan  gimnaziyasına  Azərbaycan  dili  və  şəriyət  müəllimi  təyin  edilmişdir.O, bu  tədris  ocağında  10  il  müddətində  pedaqoji  fəaliyyətini  davam  etdirmişdir. Qori  müəllimlər  seminariyasının  digər  məzunu  Cəlil  Məmmədquluzadə  1887-ci  ildə  Qori  seminariyasını  bitirdikdən  sonra  İrəvan  və  Yelizavetpol  xalq  məktəbləri  direktorluğunda  yerləşən  Uluxanlı  məktəbinə müəllim  təyin  edilib  və  ilk  dərsini  həmin  məktəbdə  demişdir.

 Azərbaycanda ibtidai kənd məktəblərinin  yaradılması  işində  Qori  müəllimlər  seminariyasının  məzunları  ilə  yanaşı  İrəvan  müəllimlər  seminariyasını  bitirmiş   məzunlar  da  yaxından  iştirak  etmişdilər. İlk  pedaqoji  təhsilini  həmin  seminariyada  almış  bir  sıra  azərbaycanlı  gənclər  sonralar  təhsillərini  Rusiya  və  Avropanın  müxtəlif  ali  təhsil  ocaqlarında  davam  etdirərək  təhsillərini  başa  vurduqdan  sonra  vətəninə - Azərbaycana  qayıtmış  və  ölkəmizdə  elm, mədəni -  maarif  işlərinin, habelə  iqtisadiyyatın  müxtəlif  sahələrinin  inkişaf  etdirilməsində  yaxından  iştirak  etmişdilər. Xalqımızın  bir  sıra  tanınmış nümayəndələri, maarif  fədailəri - Həmid  bəy  Şahtaxtinski, Haşım  bəy  Nərimanbəyov, Haşım  bəy  Vəzirov, Tağı  bəy  Səfiyev,  Vahid  Musabəyov, Fərrux  Ağakişibəyov, İbadulla  Muğanlinski, Ş.Mahmudbəyov, C.Məmmədov  və  başqaları  vaxtilə  ilk  pedaqoji  təhsillərini  İrəvan  müəllimlər  seminariyasında  almışdılar.  

Milli  təhsil  tariximizdə  Qori  və  İrəvan  müəllimlər  seminariyasının  olduqca  əhəmiyyətli  rolu  danınmazdır.  1898-ci  ildən  1902-ci  ilədək  İrəvan  müəllimlər  seminariyasının  direktoru  vəzifəsini  tutmuş  Mixail  Alekseyeviç  Miropiyev  1903-cü  ildə  Zaqafqaziya  Müəllimlər Seminariyasına   yeni  direktor  təyin  edilərkən   dekabr  ayında  Qori  şəhərinə  gələrək  seminariyanın  şəxsi  heyəti  və  yetirmələri  qarşısında  çıxış  etmişdir. M.A. Miropiyev  öz  çıxışında  Zaqafqaziya  Müəllimlər  Seminariyasının  fəaliyyəinə  yüksək  qiymət  vermişdir. O, Seminariyanın  1900-cu  ildə  Parisdə  keçirilən  müəllimlər  seminariyasının  ümumdünya  sərgisində   layiqincə  iştirak  etdiyini, seminariyaların   Qafqaz  yubiley  sərgisində  isə  yüksək  mükafata  layiq  görüldüyünü  bildirərək  seminariyaya  onun  kiçik  baçısı - İrəvan  Müəllimlər  Seminariyasından   təbriklər  gətirdiyini  qeyd  etmişdir. M.A. Miropiyev  İrəvan  Müəllimlər  Seminariyasını Oori   Müəllimlər  Seminariyasının  kiçik   bacısı  adlandırmışdı.  İrəvan  müəllimlər  seminariyası  1881-ci  ilin  noyabr  ayından  1918-ci  ilin  avqust  ayınadək – 37  il  ərzində  fəaliyyət  göstərmişdir. Fəaliyyətdə  olduğu  37  il ərzində seminariyanı  bitirmiş azərbaycanlı  məzunlar  məşhur  Qori  müəllimlər  seminariyasını  bitirmiş  azərbaycanlı  məzunlarla  yanaşı  Azərbaycanda  və  Zaqafqaziyanın  bir  çox  Azərbaycan  kəndlərində  dünyəvi  məktəblərin  açılması, geniş xalq kütlələri arasında maarifin yayılması işində yaxından  iştirak  etmişdilər. Əhalisinin əksəriyyəti  azərbaycan  türklərindən  ibarət  olan  İrəvan  mahalında  eyni bir vaxtda-1881-ci  ildə fəaliyyətə  başlamış  İrəvan  müəllimlər  seminariyası, İrəvan  gimnaziyası və  Uluxanlı  məktəbi  eyni  vaxtda-1918- ci  ilin  avqustunda  bağlanmışdır.

Qeyd  edirik  ki, XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  ibtidai  məktəblər  üçün  azərbaycanlı  müəllimlər  əsasən  Qori  və  İrəvan  seminariyalarında  hazırlanırdı. Lakin  bu  təhsil  ocaqları Azərbaycan  dili  müəllimi  hazırlamırdılar. Həmin dövrdə  Azərbaycan  dili  müəllimlərinin  hazırlanmasında  sistemsizlik  hökm  sürürdü. 1905-1907-ci  illərdə  Azərbaycan  dili  müəllimlərinin  hazırlanması  o  dövrdə  fəaliyyət  göstərən  mədəni-maarif  cəmiyyətlərinin  açdıqları  kurslarda; Bakı  quberniyası  və  Dağıstan  vilayətinin  xalq  məktəbləri  müdriyyətinin  kurslarında; Yelizavetpol   mədrəsəsində, habelə  Tağıyevin  qız  məktəbində, həmçinin  1915-ci  ildə  açılmış  qadın  pedaqoji  kurslarında  həyata  keçirilirdi.

Azərbaycanda xalq maa­rifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk  pedaqoji  təhsillərini  Qori  və  İrəvan  müəllimlər seminariyasında almışdılar. Azərbaycanda pedaqogika elminin yayılması və inkişaf  etdirilməsi, xalq maarifinin bütöv bir dövrü  məhz Qori  və  İrəvan müəllimlər seminariyasının  məzunlarının fəaliyyəti ilə bağlı olmuşdur. Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq təhsili, maarifi və mədəniyyətinin inkişaf etdirilməsində təhsilin milli köklər üzərində yenidən qurulmasında, məktəb islahatlarının aparılmasında, anadilli məktəblərin yaradılmasında, ana dili dərsliklərin hazırlanmasında vaxtilə  Qori və  İrəvan  Seminariyalarını  bitirmiş məzunlar   yaxından iştirak etmiş, Azərbaycanda təhsilin, maarifin və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan  çalışmışdılar.

Azər­bay­can­da xalq maarifi və məktəbinin, pedaqoji fikir tarixinin tanınmış tədqiqatçısı aka­de­mik H.Əhmədov  qeyd edir ki,:”M.V.Lomonosov adına Moskva Dövlət Uni­versitetinin məzunları Rusiyada elm, mədəniyyət və incəsənətin inkişafında hansı xid­­mətləri göstərmişdilərsə,Qori Müəllimlər Seminariyasının məzunları da Azər­bay­can  üçün  həmin  xidmətləri  göstərmişlər.”.

Qori  və  İrəvan  seminariyasının  məzunlarının  xalqımız  qarşısındakı  tarixi  xidmətlərini  unutmamışdır. Həmin  təhsil  ocaqlarının milli  təhsil  tariximizdəki  yeri   və  rolu   bu  gün  də  öyrənilir, tədqiq  edilir, gənc   nəslin, tələbələrin  elmi-pedaqoji  biliyinin  artırılmasında  istifadə  edilir.

 

                                                                                                                                                                                                         Rafiq  Səfərov

                                                                                                                                               Milli  Arxiv İdarəsinin baş  məsləhətçisi

                                                                                                                                                                     

                     

                               İstifadə  edilmiş  ədəbiyyat  və  mənbələrin  siyahısı:

 

1. ARDTA,f.398.siy.1.iş.136.v.1-2(arxa üzü) 

2. Полное   собрание  Законов  Российской  Империи.(ПСЗРИ) Собрание  второе.Том. L.(50).Отделение  первое  1875. Санк Петербург -1877.л.339-340.

3. Xəbərlər( Pedaqoji  və psixoloji  elmlər  seriyası).2009-сu  il.№2.səh.92.

4. Полное   собрание  Законов  Российской  Империи.(ПСЗРИ) Собрание  второе.Том. LV- .(55).Отделение  первое  c 19 февраля  1880 по 28 февраля 1881г . Санк Петербург -1884.л.234.

5. ARDƏİA,f.527.siy.1.iş.170.

 6. H.M. Əhmədov “Şərəfli  yol”. Xəbərlər( Pedaqoji  və psixoloji  elmlər  seriyası).2009-сu  il.№2.səh.12-2

7. Zaqafqaziya  Seymminin  müsəlman  fraksiyası  və  Azərbaycan  Milli  Şurası  iclaslarının  protokolları.Bakı.2006.səh.126-127.

8.  ARDA.f.895.siy.3.iş.201.v.10. 13. .

ARDA.f.2898.siy.1.iş.1.v.3.

Азербайджанская  Демократическая  Республика (1918-1920).Законодательные акты.Баку.1998.с.190.

9. Азербайджан.1918. 16 октября.№11.

10. Полное  собрание  Законов  Российской  Империи. Собрание  второе. Том. LV-(55).c630. Отделениe  первое.C 19 февраля 1880 по  28  февраля  1881г.Санкт-Петербург. с.630.

11.Там же. с.234.

12. Полное  собрание  Законов  Российской  Империи. Собрание  второе. Том. LV-(55). Отделениe  второе.  c.476

13.“Кавказский  Календарь”-за 1882-1896гг.               

14 .Кавказский  Календарь”-за 1897--1902гг

15 . Кавказский  Календарь”-за 1903--1908гг

16. Кавказский  Календарь”-за 1914--1917гг

17.  Azərbaycan  tarixi. 5-ci  cild.Bakı-2001.səh.201.

 

Məqalə "Azərbaycan müəllimi" qəzetinin 14 yanvar 2017-ci il tarixli 01(8717) li sayında dərc edilmişdir. 

 


Bugün: 605
Dünən: 859
Bu həftə: 3512
Son həftə: 4358
Bu Ay: 19642
Son Ay: 22161
Bu İl: 64189
Ümumi: 1084610
1084610