Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Musiqi qanadlarında ötən ömür

Son Yenilənmə : 2019-03-27 23:46:28
Baxış sayı : 2869

Şərq mədəniyyəti estetik təfəkkürünün inkişafında mühüm rol oynayan Azərbaycan qadınlarının musiqi tərənnümündə də iştirakı geniş olmuşdur. XII-XIII əsrə aid ərəb, türk, rus, Avropa mənbələrində azərbaycanlı qadınların mədəniyyətimizin digər sahələri ilə yanaşı musiqi sahəsindəki fəaliyyətindən bəhs olunur. Belə məlumatlara sonrakı dövrlərdə də tarixlərdə daimi rast gəlirik. Belə Azərbaycan qadınlarından XI əsrin rubai ustası Məhsəti Gəncəvini, ilk qadın bəstəkarımız Ədilə Hüseynzadəni, müğənnilərimiz Səltənət Qacarini, Fatma Mehrəliyevanı, Həqiqət Rzayevanı, Cahan Talışınskayanı və başqalarını göstərmək olar.

        Azərbaycan mədəniyyəti və musiqi sənətinin inkişafında mühüm yerlərdən birini tutan qadınlarımızdan biri də Ceyran Haşımovadır.

Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində musiqiçi ailəsində dünyaya gəlmişdir. Ceyran Haşımovanın musiqiyə hədsiz məhəbbəti atası Əsəd Cəfərovdan miras qalmışdı. Onun atası Əsəd Cəfərov tarda və qarmonda gözəl ifalar edərmiş. Hüseynağa Sarabskidən dərs almış Əsəd Cəfərov bir çox rayon teatrlarında aktyor, rejissor kimi fəaliyyət göstərmişdir. Ömür gün yoldaşı Zübeydəni (Ceyran xanımın anası) gözəl səsi olduğuna görə özünə tərəf müqabili seçmiş və o, da teatrlarda aktrisa kimi çalışmışdı. Valideynlərindən qalan sənətə olan məhəbbəti sayəsində Ceyran xanım hələ kiçik yaşlarından atasından tar çalmağı öyrənmişdir. O, hələ oxuduğu Bakı şəhəri 132 saylı orta məktəbdə daim bütün mədəni tədbirlərdə iştirak etmiş, həm tarda ifa etmiş həm də oxumuşdur. Ceyran xanım 1952-ci ildə Asəf Zeynallı adına müsiqi məktəbinin tar sinifinı daxil olmuşdur. O, istedadı, çalışqanlığı ilə başqalarından seçildiyinə  görə oxuduğu illərdə ona məktəbində dərs deməyə təklif etmişdirlər. 1958-ci ildə Asəf Zeyallı adına musiqi məktəbini  fərqlənmə diplomu ilə bitirdikdən sonra məktəbdə müəllim kimi saxlanmışdır. 20 il həmin məktəbdə dərs demişdir. Sonra Səid Rüstəmovun dəvəti ilə xalq çalğı alətləri orkestrində fəalliyyətə başlamışdır. Həmin il Moskvada keçirilən Azərbaycan incəsənəti günlərində orkestrlə birlikdə böyük uğurla çıxışlar etmişdi.

            Hələ Asəf Zeynallı  adına musiqi məktəbində dərs deyən zaman qəlbində yüksək yaradıcılıq qabliyyəti olan Ceyran xanım ətrafında olan gənc qızları toplayıb ansambl yaratmaq fikri olduğunu söyləyir. Bu arzuyla o, 8 mart 1964-cü ildə ansambl yaradır. Qızların razılığı ilə ansambla “Lalə” qızlar ansamblı adı verilir. Ansambl ilk dəfə 8 mart 1966-ci ildə qadınlara hədiyyə olaraq televiziyada çıxış etmişdir. Ansamblın heyətində səkkiz qız və bir oğlan (nağara ifa edən tapılmadığına görə) olmaqla solist  Suğra İbrahimovanın iştirakı ilə “Xızı dağları” mahnısı oxunmuşdur. Sonradan 6 ay axtarışdan sonra nağara ifaçısı Esmira Cəfərzadəni ansamblın üzvülüyünə qəbul etmişlər. Ceyran Haşımovanın rəhbərliyi vaxtı ansamblın sayəsində Nəzakət Məmmədova, Raziyə Şirinova, Nisə Qasımova, Mahrux Muradova, Kəmalə Rəhimli, Firuzə İbadova, Ruhəngiz  Allahverdiyeva, Sevda Qurbanova, Xalidə Gözəl, Dilşad Muxtarova, aşıq Ulduz Quliyeva, aşıq Solmaz Kosayeva və bir çox müğənnilər səhnəyə gəlmiş və məhşur olmuşlar. Bu gənclərin yetişdirilməsində böyük rolu olan Ceyran Haşımovanın xidməti xalq arasında dastanlara çevrilmişdir.

Azəri yurdumun qız balaları,                                                                                              

Dindirir kamanı dindirir tarı.

Bizim Ceyran xanım çıxsın səhnəyə,

Gəlsin arxasınca qızlar qatarı.

Hər qız tər çiçək bir solmaz nərgiz,

Qalxsın Təranənin təranələri,

Oxusun Nəzakət xoş nəğmələri,

Raziyə oxusun yenə şikəstə,

Mahrux dilə gəlsin qoy Arza üstə ,

Ulduz ulduz kimi parlasın bu gün,

Səsi şəlalə tək çağlasın bu gün.

Səslənsin nağara, Esmira çalsın,

Xoş xalq ritmləri göyə ucalsın.

Nailə kanonu gətirsin dilə,

Sevinc qarmonunu qaldırsın zilə.

Qədim musiqini salaraq yada,

Zəhra qəlb səsini qoy qatsın uda.

A dostlar, açılsın nəğmə süfrəmiz,

Bizim Naxçıvana xoş gəlmisiniz.

“Lalə” lər! Baharın müjdəsisiniz,

Bizim Naxçıvana xoş gəlmisiniz.

 

 Ansambl fəaliyyət göstərdiyi dövrlərdə Azərbaycanın bir çox rayonlarında konsertlər verərək gənclərlə bərabər Rubabə Muradova, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Mirzə Babayev, Flora Kərimova, İlhamə Quliyeva və başqa dahi sənətkarları müşayət etmişdilər. “Lalə” qızlar ansamblı Ceyran xanımın rəhbərliyi ilə Çexoslovakiya, Rumuniyada, Özbəkistanda, Türkiyədə və bir çox ölkələrdə qastrollarda olub. Ansambl sərhəd zonalarında , cəbhə xəttində, 1993-cü ildə Tərtər bölgəsində, 1994-cü ildə Ağdam və Fizuli bölgələrində hərbçilər qarşısında konsertlər vermişlər.

           Ceyran xanım musiqi məktəbində dərs deyə deyə “Lalə” qızlar ansamblına rəhbərlik etməklə bərabər, 1971–ci ildə Səid Rüstəmovun sinifində oxumaqla Konservatoriyanı bitirmişdir. Onun ailəsi müsiqicilərdən ibarətdir. Həyat yoldaşı Mirhaşım Haşımov da Asəf Zeynallı adına musiqi məktəbində skripka dərsi deyib. 5 iyun 1971-ci ildə anadan olmuş yeganə övladı Rəşad Haşımovda valideynlərinin yolu ilə getmiş, Asəf Zeynallı müsiqi məktəbini bitirib, caz diplomu almışdır. Gənc cazmen fəaliyyətinin ilk anlarından özünü tanıtmağa başladı. O, “Rast” qrupunun bədii rəhbəri, ŞHK–nun musiqi rəhbəridir. 2006-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist” fərxi adına layıq görülmüşdür.

            Musiqi sahəsində böyük rolu olan Ceyran Haşımovanın əməyi ölkə rəhbərliyi tərəfindən daim ehtiramla qarşılanmışdır. Belə ki, Ceyran xanım 1985 –ci ildə “əmək veteranı” medalı, 1987–ci ildə “Əməkdar artist” fəxri  adı, 2003-cü ildə “Prezident təqaüdçüsü”, 2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri” nişanı və 2006–ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

             Qeyd edim ki, bu il Ceyran Haşımovanın 85  illik, “Lalə” qızlar ansamblının isə 55 illik yubileyi qeyd olunur.

             

             Məqalənin hazırlanmasında 812 nömrəli fondun sənədlərindən istifadə olunmuşdur.

 

                                                              Nərgiz MƏMMƏDOVA

S.Mümtaz adına Dövlət Ədəbiyyat və

İncəsənət Arxivinin əməkdaşı



Bugün: 427
Dünən: 987
Bu həftə: 4691
Son həftə: 4759
Bu Ay: 14522
Son Ay: 20754
Bu İl: 79823
Ümumi: 1100244
1100244