Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-02-27 03:38:31
Baxış sayı : 4205

Nəğmələri ilə ürəkləri fəth edən sənətkar - SƏİD RÜSTƏMOV

 

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Səid Rüstəmovun adı musiqisevərlərə yaxşı tanışdır. Ömründə bəstəkarın mahnılarından ən azı birini dinləmiş şəxs sanki bu nəğmənin sehrinə düşərək ondan qurtula bilmir.

Gözəl, axıcı melodiyaları ilə seçilən bu mahnılar onu dinləyən hər kəsin qəlbinə yol tapmağa, insan hisslərinə hakim kəsilməyə qadirdir. Bəstəkarın "Anamın laylası", “Alagöz”, “Maralım, gəl”, “Qurban adına”, “Bənövşə”, “Haralısan” və onlarla digər mahnılarını xatırlamaq kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin olduğunu dərk edək.

Səid  Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də indi Ermənistan ərazisi olan tarixi yurdumuzda – İrəvanda anadan olub. Burada kiçik bir haşiyəyə çıxaraq söyləyək ki, bəstəkarın qızı Rəna Rüstəmova  xatirələrində qeyd edir  ki, ”... atam İrəvanı xatırlayanda yanğılı həsrət ahları çəkirdi. O şəhəri ölənə qədər İrəvan deyə andı. Heç rəsmi çıxışlarında da bir dəfə olsun “Yerevan” demədi”. 

1918-ci ildə İrəvanda baş verən erməni vəhşilikləri zamanı Səidgil qaçqın düşüb Türkiyəyə getsələr də az vaxtdan sonra yenidən İrəvana qayıdırlar. Türkiyədən döndükdən sonra evlərini dağılmış görüb, 1919-cu ildə Gəncəyə köçürlər. Ailə burada da çox qalmayıb Ağdaşda məskunlaşır. Əzab-əziyyətli günlərə baxmayaraq musiqi adlı sirli bir dünyanın sehri get-gedə yeniyetmə Səidi özünə daha çox çəkirdi.

1923-cü ildə Rüstəmovlar ailəsi Bakıya köçür. Səid Müəllimlər seminariyasına daxil olur. Həmin məktəbdə musiqi dərsləri keçirilirdi. Səidin musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. O, Səidi Üzeyir Hacıbəyovun yanına aparır.Səidi xeyli sorğu-sual edən dahi bəstəkar  sonda deyir ki, bu oğlanı notda mənim, muğamatda Mirzə Mansurun sinfinə yazın.  S.Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur.

            Səid Rüstəmov musiqi sənətinə ilk dəfə tarzən kimi gəlmiş, bu sənətin sirlərini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovdan və tarzən Mansur Mansurovdan mənimsəmişdir.

Müəllimlər Seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı yaxşı bilməsi, bu sahədə müəyyən təcrübəyə malik olması sayəsində Səid Rüstəmov musiqi məktəbləri üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən biri, ilk “Tar məktəbi” dərs vəsaitinin müəllifi kimi də tanınıb məşhurlaşır.

1931-ci ildə dahi Üzeyir bəyin təşkil etdiyi ilk notlu Xalq çalğı alətləri orkestri Səid Rüstəmovun yaradıcılığında xüsusi rol oynayır. Üzeyir bəy Səidi orkestrə həm tarzən, həm də konsertmeyster təyin edir. Gənc Səid burada dünya klassiklərinin əsərləri ilə tanış olur, özü də bu üslubda əsərlər yazmağa başlayır. Bəstəkarın “Bayatı-Kürd” fantaziyası bu əsərlərdəndir. O, 1935-ci ildən ömrünün sonuna qədər orkestrin bədii rəhbəri və baş dirijoru olub.

1938-ci ildə S.Rüstəmov Moskvada keçirilən ilk incəsənət dekadasına həmin orkestrlə gedir. Dekadaya “Arşın mal alan” musiqili komediyasını orkestr üçün köçürən S.Rüstəmov Moskvadan qayıtdıqdan sonra  “Əməkdar incəsənət xadimi” fəxri adına və ilk dəfə  “Şərəf nişanı” ordeninə layiq görülür. S.Rüstəmov, həmçinin, 1957-ci ildə Xalq çalğı alətləri orkestrlərinin Ümumittifaq baxışında Qızıl medal qazanmışdı.

Qeyd etmək lazımdır ki, ilk dəfə aşıq musiqi nümunələrini də məhz S.Rüstəmov nota köçürmüşdü. Daha sonra 1938-ci ildə o, ustad xanəndə Cabbar Qaryağdıoğlunun ifasından 50 xalq mahnısını da nota salmışdır. Bundan əlavə “100 xalq mahnısı” məcmuəsi, bir neçə mahnı və rəqslərin orkestr üçün işlənməsi də məhz S.Rüstəmov yaradıcılığına aiddir.

S.Rüstəmov 20-yə yaxın tamaşaya musiqi yazmışdır. Onun pyeslərə yazdığı gözəl mahnı parçaları səsləndiyi gündən etibarən müstəqil şəkildə həyata vəsiqə alır və tez bir zamanda xalq arasında yayılırdı.

Lakin bəstəkarın yaradıcılığında mahnı janrı xüsusi yer tutur. Mübaliğəsiz söyləmək olar ki, Səid Rüstəmov professional musiqi tariximizə əsl mahnı ustadı kimi daxil olmuşdur. Geniş dinləyici auditoriyası tərəfindən sevilən “Alagöz”, “Qurban adına”, “Bənövşə”, “Haradasan”  və digər mahnıları bəstəkara ümumxalq məhəbbəti qazandırmışdı. Bəstəkar post-sovet məkanında insanların əməyindən bəhs edən kütləvi mahnılara daha çox diqqət yetirirdi. Bu cəhətdən “Sürəyya”, “Sumqayıt”, “Komsomol”, “Mən sülhə səs verirəm” mahnıları yarandığı gündən dillər əzbəri olmuşdu. Onun “Sürəyya”, “Mən sülhə səs verirəm”, “Sumqayıt” mahnıları Dövlət mükafatına layiq görülmüşdü.

      O illər S.Rüstəmovun gözəl musiqisi Azərbaycanın hər yerində səslənirdi. Bu mahnıların şöhrəti respublikamızın hüdudlarından uzaqlara da yayılmışdı. S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanan arxiv sənədlərindən məlum olur ki, o zaman Rəşid Behbudovun ifasında “Sürəyya” mahnısı SSRİ-nin müxtəlif şəhərlərində çox populyar imiş. Hətta Krasnodar diyarından Azərbaycan dilini bilməyən Lidiya Moqilina adlı rus qızı mahnının ifaçısı Rəşid Behbudova məktub yazaraq özünün və rəfiqələrinin görkəmli sənətkarın ifasında səslənən “Sürəyya”, “Azərbaycan” mahnılarını çox bəyəndiklərini, mahnının melodiyasına məftun olduqlarını, lakin sözlərini bilmədiklərini yazır və R.Behbudovdan “Sürəyya” və “Azərbaycan” mahnılarının sözlərini istəyir. R.Behbudov da həmin məktubu S.Rüstəmova yollayaraq arxasında rus dilində kiçik qeyd yazır: “Əziz Səid! Bu da sənə mahnın “Sürəyya”nın necə sevildiyinə dair sənəd. Mahnı dünya efirində uçur.”

         S.Rüstəmovun Azərbaycanda musiqili komediya janrının inkişafı sahəsində də mühüm rolu olmuşdur. O, müasir mövzuda yazılmış ilk musiqili komediyaların –“Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” komediyalarının müəllifidir.

         Milli musiqi xəzinəmizə gözəl incilər bəxş edən Xalq artisti, Dövlət mükafatı laureatı, professor S.Rüstəmovun geniş yaradıcılıq fəaliyyətinə onun ictimai xadim kimi xidmətləri də daxildir. Dahi Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsi 1949-1953-cü illərdə məhz S.Rüstəmova həvalə olunmuşdu.

       Yorulmaz sənət fədaisi, alovlu vətənpərvər Səid Əli oğlu Rüstəmovun geniş fəaliyyəti, gərgin əməyi layiqincə qiymətləndirilmişdir. O, 1938-ci ildə Əməkdar İncəsənət xadimi, 1957-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Üç dəfə Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunmuşdur.

           Milli musiqi mədəniyyətimizin inkişafı naminə əzmlə çalışmış Səid Rüstəmovun gözəl musiqisi xalqımızın qəlbində daim yaşayacaq. Hazırda Azərbaycan Dövlət Televiziya və Radiosunun  Xalq çalğı alətləri orkestri Səid Rüstəmovun adını daşıyır.

      Məqalənin hazırlanmasında Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən 136 nömrəli fondun  sənədlərindən istifadə edilmişdir.

           

 Xatirə QƏDİROVA

ARDƏİA-nın

              aparıcı arxeoqrafı 



Bugün: 441
Dünən: 881
Bu həftə: 3034
Son həftə: 5867
Bu Ay: 18732
Son Ay: 20754
Bu İl: 84033
Ümumi: 1104454
1104454