Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Qarabağlı müəllimlərin arxivləri

Son Yenilənmə : 2021-11-23 06:17:49
Baxış sayı : 716

“Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram,” – bu cümlələr böyük öndərimiz Heydər Əliyevə məxsusdur. Daha bir ulu şəxsiyyət Mustafa Kamal Atatürk müəllim peşəsi haqqında demişdir: “Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər”.

Kitaba, elmə dəyər verilən gündən müəllimlik peşəsi ən şərəfli peşələrdən biri sayılmışdır. Çünki, qədim yunan filosofu Sokratın sözləri ilə ifadə etsək “dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”.

XIX əsrdə rus işğalı dövründə kütləvi savadsızlıq baş alıb getdiyindən müəllim peşəsi ən zəruri, vacib, hər yerdə ehtiyac olan sənət növlərindən birinə çevrilmişdi. Tiflis ətrafındakı Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının 1879-cu ildə tatar (Azərbaycan) bölməsinin açılması yüzlərlə yurddaşımızın, o cümlədən onlarla Qarabağlı gənclərin müəllim sənətinə yiyələnməsinə şərait yaratdı. Bu fürsətdən yararlanan gələcəyin ziyalıları seminariyanı bitirib xalqının savadlanmasına öz böyük töhfələrini vermişlər.

Qarabağdan çıxan, adları təhsilimizin tarixinə düşən xeyli sayda müəllimlər olsa da, Azərbaycan Dövlət Tarix Arxivinin fondlarında təəssüf ki, yalnız dörd məşhur müəllimlə bağlı müəyyən sənədlər dövrümüzə qədər bizə gəlib çatmışdır.

Bunların içərisində müəllim peşəsində ən çox tanınanı – Azərbaycan maarifçisi, pedaqoq, ədəbiyyatşünas Firudin bəy Köçərlidir. O, 1885-ci ildə Qoridəki seminariyanı başa vurub işləmək üçün İrəvan gimnaziyasına təyinat alır. On il çalışdıqdan sonra 1895-ci ildə İrəvan şəhərini tərk edərək yenidən Qoriyə qayıdır. Burada müəllimlər seminariyasının “tatar şöbəsinin” Azərbaycan dili və şəriət müəllimi təyin edilir.

“Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi” fondunun saxlama vahidlərinin birində 1913-1922-ci illərə dair Zaqafqaziya müəllimlər seminariyasının kanduit jurnalında tatar şöbəsinin müəllimi F.Köçərlinin seminariyada növbətçi müəllim xidmətini aparanda şagirdlərin davranışları barədə qeydləri durur (f.797, siy.1, sax.vah.10, səh.4-16). Bu qeydlərdə onun bacarıqlı  pedaqoq kimi fikirləri, baxışları əks olunub.

 Firudin bəy Köçərli hələ1916-1917-ci illərdə müstəqil Azərbaycan seminariyasının yaradılmasına təşəbbüs göstərmiş, təkliflər vermişdir. 1918-ci ildə isə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması ilə Qori seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürüməsinə nail olmuşdur.

Seminariya köçürülərkən sərf edilən xərclər haqqında 1918-ci ilin dekabr ayına aid “Zaqafqaziya müəllimlər seminariyasının tatar şöbəsinin əmlakının Qoridən Qazax şəhərinə köçürülməsinə sərf edilən pulun  F.Köçərliyə göndərilmiş qəbzlərə Gəncə xəzinədarlığının xəzinə inspektorunun münasibəti” (f.797, siy.1, sax.vah.19, səh.1) və 1919-cu ilin mart ayında yazılmış “Qazax müəllimlər seminariyasının direktoru F.Köçərlinin Dövlət nəzarəti idarəsinin direktoruna  Zaqafqaziya müəllimlər seminariyasının keçmiş tatar şöbəsinin müstəqil müəllimlər seminariyasına çevrilməsi haqqında məlumatı” (f.797, siy.1, sax.vah.19, səh.3) sənədləri o möhtəşəm fəaliyyətin dəyərli sübutları kimi saxlanılmaqdadır.

Firudin bəy Köçərli Qazax Müəllimlər Seminariyasını sovet işğalınadək qorumuş və rəhbərlik etmişdir.

Qarabağdan olan şöhrətli müəllimlərdən biri də  - Azərbaycan dramaturqu, nasir, maarif xadimi Süleyman Sani Axundovdur. Süleyman bəy də 1894-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu olmuşdur. Həmin il Bakı şəhər 4-cü rus-tatar məktəbinə müəllim qəbul edilir. Yüksək pedaqoji fəaliyyətinə görə1905-ci ildən əvvəlcə 7-ci, daha sonra isə 4-cü rus-tatar məktəblərinin müdiri təyin edilir. O,  1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. “Bakı şəhər idarəsi” fondunun “Bakı şəhər idarəsi tədris şöbəsinin rus-tatar məktəbi müəllimi Süleyman bəy Axundovun xidməti şəxsi işi” (f.389, siy.8, sax.vah.1448 ) adlanan saxlama vahidi 1919-cu ilədək olan 23 illik müəllimlik dövrünü əhatə edir. Süleyman bəy Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da, təhsil və ədəbiyyat sahələrində müxtəlif vəzifələrə irəli çəkilmiş, ömrünün sonuna kimi şərəfli peşəsindən kənarlaşmamışdır. 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdı.

Əmək fəaliyyətinə müəllimliklə başlayan dahi Üzeyir Hacıbəylini də tanınmış qarabağlı müəllimlər sırasına aid etmək olar. 1904-cü ildə Qori seminariyasını bitirən Üzeyir bəy növbəti dörd il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olub. Bu illərlə bağlı Arxivimizdə “Hadrut kənd məktəbinin müəllimi Üzeyir bəy Hacıbəyovun xidməti şəxsi işi” (f.406, siy.2, sax.vah.107) və “Üzeyir bəy Hacıbəyovun rus-tatar məktəblərinin birində iş üçün Bakı şəhər dumasının tədris komissiyasına ərizəsi” (f.389, siy.8, sax.vah.1196, səh.104) adlı sənədlər qorunur.

O, 1905-ci ildə Bakıda əvvəlcə Bibiheybət məktəbində, daha sonra “Səadət” məktəbində dərs demişdir. Üzeyir bəy bu məktəblərdə Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dili fənnlərinin müəllimliyini edirdi.

Daha bir tanınmış qarabağlı müəllim görkəmli Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevdir. O, öncə Şuşa, ardınca Tiflis realnı məktəbini oxuyandan sonra 1891-1899-cu illərdə Peterburq Yol mühəndisləri İnstitutunda təhsil almışdır. Ali təhsilini alıb vətənə qayıdan gənc yazıçı bir müddət Şuşada yaşayır. 1901-ci ildə Bakıya gəlir. Əbdürrəhim bəy  şəhərdəki rus-tatar məktəblərinin birində Azərbaycan dili müəllimi işləmək istəyir. Azərbaycan Dövlət Tarix Arxivində qorunan “Bakı şəhər idarəsi” fonduna aid “Tədris komissiyasının fəaliyyəti haqqında” adlı saxlama vahidində onun şəhər tədris komissiyasının sədrinə yazdığı ərizə saxanılır (f.389, siy.6, sax.vah.134, vər.169). Bu ərizədə Əbdürrəhim bəy dil və ədəbiyyatla bağlı qabiliyyətini və Peterburqda aldığı təhsili vurğulayaraq məktəblərdə boş yer olarsa müəllim xidmətinə götürülməsini xahiş edir. Lakin, onu pedaqoji təhsili olmaması səbəbindən xidmətə qəbul etmirlər. Buna baxmayaraq, Bakıda yaşadığı illərdə “Nicat” cəmiyyətində işləyərkən bir müddət müəllim kimi  müəyyən kursların aparılmasında iştirak edir
Sovet hakimiyyəti qurulduqdan sonra da, 1921-ci ildən 1931-ci ilə qədər Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr оxuyur, gənc kadrlar hazırlığı işində fəal iştirakı ilə müəllimliyini davam etdirmişdir.

 

O zamanın qarabağlı müəllimlərindən danışarkən Mirzə Həsən Mirzə Qasım oğlu Əmirovu, Fərhad bəy Köçərlini, Müseyib İlyasovu,  Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanovu, Mir Fəttah Musəvini, Səfərəli bəy Vəlibəyovu və başqalarını xatırlamamaq haqsızlıq olardı. Təəssüf ki, təhsillə bağlı xatirələrdə, sənədlərdə onların  adları çəkilsə də, barələrində zamanımıza gəlib çatan müfəssəl arxiv materialları yoxdur. Bununla belə haqqında bəhs etdiyimiz bu qarabağlı müəllimlərin xidmətləri qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim hörmət və ehtiramla yad olunacaqlar.  

 

Rövşən Həsənli

ARDTA-nin şöbə müdiri



Bugün: 235
Dünən: 988
Bu həftə: 3816
Son həftə: 5867
Bu Ay: 19514
Son Ay: 20754
Bu İl: 84815
Ümumi: 1105236
1105236