Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-05-24 22:21:56
Baxış sayı : 5115

Tarixi yaddaş: XX əsrdə bəşər tarixinin qanlı və acınacaqlı səhifələrdən biri-

31 mart soyqırımı 

XX əsrdə azgın erməni-daşnak-bolşevik silahlı qüvvələri və onların havadarları tərəfindən azərbaycanlıların kütləvi qırğınlara və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması XX əsrin bəşər tarixinə qanlı və acınacaqlı səhifələrdən biri kimi yazılmışdır. Bu soyqırım Azərbaycan xalqının və onun dövlətçiliyinin tarixində baş vermiş ən faciəli hadisələrdən biri kimi xalqımızın tarixi  yaddaşına həkk olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”Sərəncamda qeyd edilirdi:” Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.  

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.”

Arxiv sənəd və materiallarında, eləcə də digət tarixi mənbələrdəki məlumatlara əsaslanaraq qeyd  edirik ki, 1917-ci  ilin  noyabrında  Bakıda  hakimiyyəti  ələ  keçirmiş  və  tərkibi  əsasən  ermənilərdən  ibarət  olan ”Bakı  Kommunası” adı  altında  yaradılmış  birinci  “bolşevik”  hökuməti  tərəfindən  “əksinqilabçı  ünsürlərlə  mübarizə” şüarı altında ölkəmizin müxtəlif bölgələrinə erməni-daşnak silahlı cəza  dəstələri göndərilmişdir. S.Şaumyan  və G.Karqanovun rəhbərliyi altında Azrbaycanın  müxtəlif  bölgələrinə göndərilmiş  həmin  silahlı  dəstələr  1918-ci il martın 30, 31 və   aprelin  1-də  Bakıda, 1918-ci ilin mart-may aylarında Bakı quberniyasının  Şamaxı, Göyçay,Ərəş və Quba qəzalarının  kəndlərində, habelə Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı insanlığa sığmayan kütləvi qanlı qırğınlar törətmiş, minlərlə günahsız, dinc  əhalini qətlə yetirmişdilər. Həmin qırğınlar T.Əmiryan, H. Amazasp, C.Lalayev və digər cinayətkar erməni-daşnak “hərbçi”lərinin başçılığı  altında həyata keçirilmişdir. Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi  erməni-daşnak-bolşevik  qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı misli  görünməmiş soyqırımı həyata keçirərək yalnız Bakıda böyük maddi  ziyanlarla yanaşı 11 min nəfərdən artıq insanı qətlə yetirmişdilər. Quba qəzasında  S. Şaumyanın xüsusi səlahiyyətlər verdiyi H.Amazaspın başçılığı altında 122  müsəlman kəndi dağıdılmış, Azərbaycanın minlərlə dinc əhalisi məhv edilmişdir. Tarixi sənədlər təsdiq edir ki, Azərbaycanlıların soyqırımı Bakı və Gəncə  quberniyalarında, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda və Azərbaycanın  digər bölgələrində xüsusi qəddarlıqla həyata  keçirilmişdir. Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86  kəndi Bakı Sovetinin bolşevik-erməni-daşnak silahlı dəstələri tərəfindən  dağıdılmışdır. Şamaxı qəzasının təkcə 53 kəndində ermənilər tərəfindən  8027 nəfər azərbaycanlı  qətlə  yetirmişdi  ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Şamaxıda  yerli əhaliyə dəyən maddi ziyan o dövrün qiymətləri ilə bir milyard rubldan çox olmuşdur. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan «Cümə məscidi» yandırılmışdır.  Azərbaycanlıların kütləvi surətdə qırğına  və  repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması XX əsrin bəşər tarixinə qanlı, faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu soyqırım Azərbaycan xalqının və  onun dövlətçiliyinin tarixində baş vermiş ən faciəli hadisələrdən biri kimi xalqımızın tarixi yaddaşına həkk olmuşdur.

Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti  tərəfindən 1918-ci ilin  mart hadisələrinin araşdırılmasına xüsusi  diqqət  yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin    Zaqafqaziyada dinc müsəlman əhalisinə qarşı törətdikləri zorakılığın təhqiq  edilməsi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat  Komissiyasının  yaradılması haqqında qərar qəbul etmişdir. Azərbaycanlılara qarşı törədilmiş  zorakılıqların təhqiq edilməsi məqsədilə hələ 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılmış Fövqəladə İstintaq Komissiyası  Zaqafqaziyada müsəlmanlara qarşı millətçi  erməni-daşnak  qüvvələri  tərəfindən  törədilmiş zorakılıqların, o cümlədən Bakı qırğınının demək olar ki, tam sənəd bazasını yaratmışdır. Cümhuriyyət dövründə iki dəfə - 1919 və 1920-ci illərdə mart  ayının 31-i ümummilli matəm günü  kimi  qeyd  edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti  H.Əliyevin  1998-ci  il  fevralın  26-da  imzaladığı fərmanda qeyd edilirdi ki. : “Əslində bu, azərbaycanlılara qarşı  yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına inkan vermədi...Azərbaycan Xalq Cumhuriyyətinin varisi  kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət  vermək  borcunu  tarixin hökmü kimi qəbul edir. ”

Bakı Sovetinin mandatı altında  erməni-daşnak silahlı  cəza   dəstələrinin törətdiyi insanlığa sığmayan qanlı cinayətlərə beynalxalq aləmdə    lazımi hüquqi qiymət verilmədi. Cəzasız qalmış cinayətkar qüvvələr XX əsrin sonlarında xalqımıza qarşı yenə də terror və soyqırımı törətdilər. Cinayətkar  erməni quldur qüvvələri və onların havadarları bu dəfə xüsusilə Xocalıda misli  görünməmiş dəhşətli qırğınlar  törətdilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni quldur qüvvələri keçmiş Sovet Ordusunun  366-cı alayının birbaşa köməkliyi ilə Xocalı şəhərinin dinc əhalisınə vəhşicəsinə divan tutdular. Cinayətkar erməni separatistləri və onların havadarları 10 min əhalisi olan bu  şəhəri vəhşicəsinə gülləbaran etdi, həyata  keçirdikləri  soyqırım  nəticəsində şəhərin 613 nəfər dinc əhalisi vəhşicəsinə qətlə yetirildi ki, onlardan da 63 nəfəri  uşaq,106  qadın, 70 nəfər qocalar  olmuş, 150 nəfər itkin  düşmüşdür. Səkkiz ailə büstbütün məhv edilmişdir. 76-sı usaq  olmaqla 487 nəfər yaralanmışdır. 1275   nəfər girov götürülmüşdür. Dövlətin və vətəndaşların şəxsi əmlakına 5 mlrd. manat  ( 01.01.19192-ci ilə olan qiymətlərlə) ziyan vurulmuşdur. 1992-ci il fevralın 29-da Respublikamızda üç gün müddətində ümummilli matəm elan edildi. Xocalı faciəsi Qarabağda elan olunmamış müharibənin qanlı  salnaməsinə yazılmış, xalqımızın tarixi yaddaşına qanlı faciə kimi həkk olunmuşdur.

Azərbaycan Respublikası 1991-ci ildə yenidən müstəqillik qazandıqdan sonra xalqımızdan uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş tarixi həqiqətlər, təhrif edilmiş hadisələr açılmağa və öyrənilməyə başlandı.. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindəndir. Separatist erməni-daşnak millətçiləri və onların havadarlarının vəhşiliklərini özündə əks etdirən tarixi sənədlər məlum səbəblər ucbatından üzun  müddət“əksinqilabi burjua-mülkədar”damğası altında gizli saxlanılmış, mahiyyətcə millətimizə qarşı törədilmiş soyqırımı olan mart qırğını  Azərbaycanda vətəndaş müharibəsi kimi qələmə verilmişdir. Tarixi sənədlər  təsdiq edir ki, həmin qırğınlar Azərbaycanda sovet hakimiyyətinin qurulması adı  altında tərkibi əsasən ermənilərdən ibarət olan “erməni-daşnak- bolşevuk” silahlı  dəstələri tərəfindən xalğımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri olmuşdur. Bolşevik cildinə girmiş millətçi erməni-daşnak qüvvələrinin azərbaycanlılara   qarşı həyata keçirdikləri soyqırım siyasətini özündə əks etdirən sənədlərin elmi surətdə  araşdırılması istiqamətində artıq hazırki dövrdə Respublikamızın bir sıra tarixçi-alimləri  tərəfindən müəyyən  mühüm işlər görülmüş, bir neçə elmi işlər yazılmış, kitablar dərc edilmişdir. Son iki yüz ilə yaxın müddət ərzində erməni millətçiləri və onların havadarları  tərəfindən xalqımıza qarşı həyata keçirilmiş soyqırım və təcavüz siyasəti Milli  Arxiv Idarəsinin rəisi, tarix elmləri doktoru, tanınmış tədqiqatçı-alim  Ataxan Paşayev tərəfindən arxiv sənəd və materialları əsasında ətraflı təddiq olunmuş, dövrü mətbuatda və elmi-publisistik jurnallarda çoxsaylı məqalələr dərc edilmiş, radio və televiziya verilişləri vasitəsilə ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırım və deportasiyalarla  bağlı sənədlər haqqında  məlumatlar geniş ictimaiyyətə çatdırılmışdır.  “Azərbaycan sənədlərində erməni məsələsi (1918-1920)” adlı 712 səhifəlik sənədlər toplusu  A. Paşayev  tərəfindən yazılmış geniş müqəddimə ilə Türkiyədə böyük tirajla çap olunmuşdur. Son iki yüz ilə yaxın bir  müddətdə erməni millətçilərinin xalqımıza qarşı yürütdükləri təcavüz və  soyqırım  siyasətinin mahiyyətini təkcə ölkəmizdə deyil, həmçinin ölkəmizdən kənarda öyrənilməsi, eləcə də dünya ictimaiyyətinə çatdırılması sahəsində  arxiv  sənəd  və  materialları əsasında  hazırlanmış  sənəd topluları böyük əhəmiyyət kəsb edir. Ölkəmizin əmizin digər tədqiqatçı-alimi, tarix elmləri doktoru, professor, AMEA –nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi. Solmaz  Rüstəmova-Tohidinin  azğın erməni-daşnak millətçi qüvvələri və onların havafarları tərəfindən həm Bakı, həm də Qubada törətdikləri qırğınlar haqqında hazırladığı mükəmməl akademik toplu da işıq üzü görmüşdür. Azərbaycan Respublikasının  Dövlət  Arxivlərində saxlanılan  Arxiv sənəd və materialları və digər tarixi mənbələr  təsdiq  edir ki, XIX əsrin sonlarından bu günədək  olan tarixi müddətin bir sıra mərhələlərində Azərbaycan xalqı ən ağır qırğınlara, işgəncələrə, soyqırıma məruz qalmışdır. Xalqımıza qarşı  erməni-daşnak qüvvələri və onların  havadarları tərəfindən törədilmiş qırğınlar, soyqırım  siyasəti tarixin ayrı-ayrı dövrlərində - 1905-1907; 1918-1920;1948-1953  və  1988-ci  ildən  bu  günədək  olan  müddətlərdə  təkrarən  həyata keçirilmişdir. Rusiya imperiyasının şovinist qüvvələrinin himayədarlığı altında erməni-daşnak  millətçi qüvvələrinin xalqımıza qarşı törətdikləri dəhşətli qırğınların və soyqırımın kökündə erməni-daşnak  millətçi qüvvələrinin Azərbaycana qarşı əsassız olaraq irəli sürdükləri torqaq  iddiası olmuşdur.Tarixi zaman göstərir ki, eməni-daşnak millətçi qüvvələri torpaq  iddiasından əlçəkmək istəmir və bu iddianı vaxtaşırı olaraq irəli sürür, milli qırğınlar, qanlı faciələr törədirlər. Məqsəd Azərbaycanı zəiflədərək  parçalamaq və onun tarixi əraziləri hesabına öz  ərazilərini genişləndirərək ikinci erməni dövlətini  yaratmaqdır. Hazırki dövrdə artıq 30-cu ildir ki, Azərbaycan xalqının beşiyi sayılan Qarabağda millətçi erməni-daşnak qüvvələrinin törətdikləri faciəvi  hadisələr davam etməkdədir. Azərbaycanlılara qarşı törədilən qırğınlar, misli  görünməmiş  Xocalı soyqırımı son iki əsr ərzində süni surətdə yaradılmış Dağlıq Qarabağ “problem”i ətrafında cərəyan etməkdə davam  edir. Təcavüzkar  erməni-daşnak qüvvələri tərəfindən Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları və bu cəfəng ideyanın həyata keçirmək cəhdləri artıq uzun  müddətdir ki, cənubi Qafqazda qanlı  fəlakətlərə yol açmaqda davam edir.

Tarixi mənbələr təsdiq edir ki, XIX əsrin 90-cı illərindən etibarən  siyasi məqsədlərlə erməni məsələsinin Cənubi Qafqaza köçürülməsi və onun ardınca ”Daşnaksütyun” partiyasının gələcəkdə yaratmaq  istədiyi Ermənistan muxtariyyəti üçün ərazilərin əldə edilməsi  üçün öz  məqsədli prooqramları ilə bu yerlərə soxulması bütün Zaqafqaziyanın həyatına milli düşmənçilik və  ədavət  toxummlarını  səpdi.Daşnakların bu yerlərdə göründükləri ilk vaxtlardan etibarən terror aktları törədilməyə  başlandı. Çar Rusiyasının XIX əsr  və  XX-ci əsrin  əvvəllərində həyata keçirdiyi köçürülmə siyasəti nəticəsində ermənilər Cənubi Qafqazda, o cümlədən Azərbaycanın ərazilərində yerləşdirildikdən sonra özlərinin əsil simalarını göstərməyə başladılar.Tarixi sənəd və mənbələr təsdiq edir ki, ermənilərin köçürülərək yerləşdirildiyi ərazilərdən biri olan Qarabağ Azərbaycan xalqının əzəli və əbədi torpağıdır, onun tarixi beşiyidir. Rusiya İmperiyası ilə  İran  arasında  bağlanmış  Gülüstan (12 oktyabr 1813-ci il.) və Türkmənçay (10 fevral 1828-ci il.)  müqavillələri  kimi tarixi sənədlər, habelə xanlığın Rusiyanın hakimiyyəti altıına keçməsi haqqında 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının generalı Pavel Sisianovun imzaladıqları Kürəkçay traktatı əyani surətdə  təsdiq edir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmiş və həmin tarixi sənədlərin heç birində erməni malikanələri və onların Rusiya  təbəəliyinə keçməsi haqqında heç işarə belə olmamışdır. 1805-ci ilin mayında bağlanılmış Kürəkçay müqavilə əsasında Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra impeiya tərəfindən erməni ailələri geosiyasi məqsədlərlə mərhələ-mərhələ İran və Türkiyədən köçürülərək Qarabağda, Yelizavetpol (Gəncə-R.S.) və İrəvan quberniyaları ərazilərində yerləşdirildi və bununla da süni surətdə yaradılmış “problem”in əsası qoyuldu. Nə qədər ki, çar hakimiyyəti tərəfindən ermənilər geosiyasi məqsədlərlə İran və Türkiyədən kütləvi surətdə  köçürülərək  Qarabağda yerləşdirilməmişdilər, Azərbaycanın bu  tarixi ərazisində milli  zəmində hər hansı  bir  “problem”  və  ya  münaqışə  yaşanmamışdır. Bu yerlərə ermənilərin ilk növbədə geosiyasi məqsədlərlə yerləşdirildiyi bir sıra tarixi mənbələrdə də öz əksini tapmışdır. Məsələn,  Qafqazdakı  rus  qoşunlarının komandanı 22 may 1805-ci il tarixli 19№li raportunda qeyd edirdi  ki, coğrafi mövqeyinə görə Qarabağ nəinki Azərbaycanın, hətta İranın da daravazası  sayılır və ona görə də bu əyalətin öz əlimizdə saxlanmasına və  möhkəmləndirilməsinə  xüsusi  diqqət  yetirilməlidir. 1805-ci il mayın 14-də  imzalanmış Kürəkçay müqaviləsi bu vəzifənin yerinə yetirilməsinə əlverişli şərait yaratmış oldu və həmin dövrdən etibarən Rusiya impeiyası tərəfindən ələ keçirilmiş Azərbaycan torpaqlarına kütləvi surətdə  ermənilərin  köçürüllməsinə  başlandı.

XIX əsrin əvvəllərindən başlanan köçürülmə prosesləri bir sıra tarixi mənbələrdə, o cümlədən S.N.Qlinka, N.İ.Şavrov, A.S.Qriboyedov, V.L.Veliçko., S.P.Zelinski və başqalarının əsərlərində və digər tarixi mənbələrdə öz əksini  tapmışdır. Çar Rusiyasın ınmüvafiq dövlət qurumları tərəfindən ermənilər Azərbaycanın Qarabağına və digər bölgələrinə köçürülərkən Azərbaycan xalqını  bu proseslərin uzun müddətli olmayacağınainandırmağaçalışmışdılar.Köçürülmə planının hazırlanmasında və həyata  keçirilməsində xüsusi rolu olmuş A.S.Qriboyedov yazırdı:”Müsəlmanları düşdükləri indiki sıxıntılarla barışdırmaqdan ötrü biz kifayət qədər düşünürdük ki, vəziyyəti onlara necə təlqin edək ki, müsəlmanları(Azərbaycanlıları-R.S.) üzləşdikləri  bu sıxıntıların üzün müddətli olmayacağına və ermənilərin həmin torpaqları həmişəlik zəbt etmək istəyəcəklərinə inandıra bilək.” Xalqımıza verilən vədlərin onların həqiqi niyyətlərindən uzaq olduğunu tarix bir daha subut etdi. Əslində köçürülmə prosesləri qısa müddətli olmadı, əksinə uzun müddət davam etdirilərək demək olarki, dayanıqlı xarakter aldı. İran və Türkiyədən köçürülən ermənilərin Azərbaycanda yerləşdirilməsi siyasəti hətta Azərbaycan sovetləşdirildikdən sonra da davam etdirildi. Arxiv sənəd və materialları və digər tarixi mənbələr təsdiq  edir ki, kənardan gətirilən ermənilərin Azərbaycan torpaqlarında yeləşdirilməsi  prosesi hətta Azərbaycanlıların əzəli türk torpaqlarında  yaradılmış və  sonralar Ermənistan adlandırılan  ərazilərdən qovulduqları vaxtlar da  davam  etdirilmişdi. Bu proseslər Azərbaycan Respublikasının Dövlət Arxivində mühahizə edilən bir  sıra fondlarda, o cümlədən 675№ li “Şamxor Qəza İcraiyyə Komitəsrnin Daxili idarəetmə idarəsi” fondunda saxlanılan 1920-1926-cı illər üzrə  arxiv  sənədlərində də öz əksini tapmışdır. Məsələn, həmin fonda aşkar edilmiş Şamxor (Şəmkir-R.S.) Qəza  icraiyyə  Komitəsi tərəfindən Şamxor qəzasına köçürülmüş  ermənilərə  1921-ci  ildə  verilmiş vəsiqənin mətnini rus dilindən dilimizə tərcümə etmədən olduğu  kimi  qeyd edirəm: “Дано сие тов. Абгар Осипову со семейством в том, что они  действительно беженцы Турецкой подданные уроженцы гор.Вана и  временно  проживают  в  гор. Анненфельд (ныне  Шамкир-Р.С.), а потому 

уездисполком просит должностных лиц  оказывать им как  беженцам  всякое  содействие». Bu sənəddə  açıq-aşkar  qeyd  edilir  ki,  “  Bu, Abqar Osipov və  onun  ailəsinə ona görə verilir ki, onlar  həqiqətən  qaçqındırlar,Türkiyə  vətədaşıdırlar,Van  əhlidirlər, müvəqqəti  olaraq  Annenfeld ( Şəmkir-R.S.)  şəhərində yaşayırlar, ona görə də qəza icraiyyə komitəsi vəzifəli  şəxslərdən xahiş edir ki, qaçqın  olan həmin  şəxslərə hər cür yardım göstərsinlər.” Şamxor Qəza İcraiyyə Komitəsinin 9 aprel 1924-cü  il tarixli digər məlumatında qeyd edilirdi: “Qəza İcraiyyə Komitəsinin daxili idarəetmə  şöbəsi bildirir ki, Şamxor qəzasının  Dağlıq  zolağında aprelin 6-da güclü qar yağmış, gecə buz bağlamış, Ermənistanla sərhədin Gədəbəy  məntəqəsində Yeni Bəyazidə  gedən yolda 15 nəfər qaçqın həlak  olmuşdur. Həlak  olanlar müsəlmanlardır.”

Arxiv sənədlərindəki məlumatlara əsasən Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  23  noyabr  1922-ci  il  tarıxli  iclasında  qaçqınlar  barədə  məsələyə  baxılaraq qaçqınların sayı haqqında məlumatların Az MİK-ə təqdim edilməsi Qəza icraiyyə komitələrinə  tapşırılmışdır. Himayə etmə və  sosial-təminat üzrə Xalq Komissarlığının Şamxor (Şəmkir-R.S.) qəzası üzrə müvəkkilinin qaçqınlar haqqında 1923-cü ildə AzMİK-ə təqdim  etdiyi  məlumatda aşağıdakılar qeyd edilmişdi:

 

Kəndlərin  adları

Evlərin sayı

Adamların  sayı

Milliyəti

Çardağlı 

54

193

erməni

Barım

-

39

erməni

Georgiyevski

-

116

erməni

Badakənd

-

50

erməni

 

Himayə  etmə  və  sosial  təminat  üzrə  Xalq  Komissarlığının   Şamxor  qəzası  üzrə müvəkkilinin aclıq  çəkən  qaçqınlar haqqında məlumatından:

 

Kəndlərin  adı

Qaçqınların  sayı

Acından  ölənlər

Milli mənsubiyyəti

Geniş kənd

        200

         -

Türklər (Azərb.-R.S.)

 Cirdahan                      

          25

         -                  

Türklər

 Kövlər

        200

         10

 Türklər

Aşağı Ayıblı

        250

           1

 Türklər

Vüqarlı

        150

           2

 Türklər

 

Şamxor qəza icraiyyə komitəsinin AzMİK-ə təqdim etdiyi məlumatlara    əsaslanaraq qeyd edirik ki, həmin dövrdə Azərbaycana həm başqa ölkələrdən  qaçqın düşmüş ermənilər, həm də əzəli türk torpaqlarında yaradılmış Ermənistandan,  öz dədə-baba yurdlarından zor gücü ilə qovularaq qaçqın düşmüş Azərbaycan türkləri  qəbul edilərək məskunlaşdırılırdı. Lakin cədvəllərdən göründüyü kimi Azəbaycanda yerləşdirilmiş erməni qaçqınlar arasında acından ölüm hadisəsi qeydə alınmadığı halda,  Azərbaycanda yerləşdirilmiş Azərbaycan türkləri arasında 13 nəfərin acından öldüyü qeyd olunmuşdu. Həmin məlumatlar bir daha  təsdiq edir ki, Azərbaycanda ermənilərə qarşı ayrı seçkilik edilməmiş və  onlara yaşayış üçün azərbaycanlıların özlərindən də yaxşı şərait yaradılmış və qayğı  göstərilmişdir. Azərbaycanın tarixi  torpaqlarına  köçürülərək  yerlərini  möhkəmləndirmiş və sonralar Azərbaycan türklərinin torpaqlarında yaradılmış Ermənistan  adlı Respublikanın ərazisini Azərbaycan dövlətinin əraziləri hesabına genişləndirməyə can atan “mədəni”  və  “dinc” ermənilər artıq neçə  onilliklərdir ki, Dağlıq Qarabağı Ermənistana  birləşdirməkdən ötrü ən iyrənc üsullara əl atırlar.

Təcavüzkar erməni-daşnak millətçiləri cəfənc xülyalarını həyata keçirmək məqsədilə vaxtı ilə onlara çörək və sığınacaq vermiş Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin dinc əhalisinə qarşı iblisanə qəddarlıqla qırğınlar  törədirlər. 1919-cu  ildə  Gəncə  qubernatoru İbrahim ağa Vəkilovun  Azərbaycan  Respubikasının Xarici İşlər nazirinə göndərdiyi məruzəsində erməni  millətçilərinin qəddarlığı haqqında qeyd edirdi:”...bütün  Avropaya  öz  mədəniliyi    barədə car  çəkən, bununla yanaşı müdafıyəsiz dinc əhaliyə qarşı vəhşilərin bütün  üsullarını tətbiq edən belə bir millətin XX əsrdə  mövcud olmasına inanmaq  iştəmirsən. Onların vəhşiliklərinin hədii-hüdudu yoxdur, onların qarşısında orta  əsrlərin  zülmətli faciələri solğun görünür... “

XX əsrdən başlayaraq erməni daşnakları əsassız olaraq Azərbaycana qarşı  ərazi iddiaları irəli sürürlər. Hazırki dövrdə təcəvüzkar erməni millətciləri və onların havadarlarının “xalqların öz müqəddaratını təyin etmək” şüarı altında Azərbaycan Respublikasının  ərazisini  parçalamaq cəhdləri daşnaklar tərəfindən yürüdülən və  perspekti  olmayan köhnə, iyrənc və perspektifi olmayan siyasətin davamıdır. Ermənistanın hakim qüvvələri  Azəbaycana qarşı irəli sürdükləri ərazi iddialarının əsassız olduğunu və onun iflasa uğradığını görən kimi dünya ictimaiyyətinin fikrini azdırmaq məqsədilə elan edirlər ki, artıq onların Azərbaycana qarşı ərazi  iddiaları yoxdur və Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verməyə, xalqımızın  qədim yurdlarından biri olan Qarabağı Azərbaycanla qarşı-qarşıya  qoymağa çalışırlar ki, bu da  erməni millətçillərinin  növbəti  cəfəngiyyatıdır. Çünki, Qarabağ Azərbaycan xalqının tarixi beşiyidir, əzəli  və  əbədi torpağıdır. Qarabağı Azərbaycanla qarşı-qarşıya qoymaq cəhdləri ermənilər  tərəfindən hələ 100 il bundan əvvəl 1918-1920-ci illərdə də edilmiş və əlbəttə ki, heç bir müvəffəqiyyətə nail ola  bilməmişlər. 21(8) oktyabr 1918-ci il tarixli 14№li “Azərbaycan” qəzeti yazırdı:”...ermənilər müsəlmanları qışda Qarabağ respublikasını tanımağa məcbur  etmək istədilər. Ermənilər qurultay çağırdılar... həmin  qurultayda ermənilərin əsil siyası siması üzə çıxdı. Qurultayın çağırılmasına qədər olan müddətdə ermənilərin təntənə ilə elan etdikləri sosializm, qardaşlıq, ədalət kimi şüarları unutdular. Səhnədə yalnız daşnakların dar millətçiliyi qaldı. Sırf daşnaklardan  ibarət hökumət yaradıldı və onlar yalnız Andranik və Şahnazarovun gəlişini  gözləyirdilər ki, müsəlmanlara güc tədbiq etməklə özlərinə tabe etsinlər.” Lakin   Azərbaycan hökuməti erməni millətçilərinin bu niyyətlərini alt-üst etdi.  1919-cu  ilin yayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəti mövqeyi və  məqsədyönlü siyasəti nəticəsində Respublikanın Qarabağda suveren hüquqları  bərpa  edildi. Parisdə olan Azərbaycan nümayəndələrinə göndərilən məlumatda qeyd  edilirdi:   ” Qarabağ adlandırılan məsələ qəti şəkildə həll  edildi...7-ci erməni  qurultayında  Qarabağ errmənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq haqqında generall-qubernator Xosrov bəy Sultanovla sazış bağladılar.”

Tarix onun ibrət dərslərindən düzğün nəticə  çıxarmayanları  heç  vaxt  bağışlamayıbdır. Azərbaycana qarşı işğalçılıq müharibəsi  aparan, dərin sosial- iqtisadi və mənəvi  böhran  yaşayan  Ermənistan Azərbaycan Respublikasına qarşı yürütdükləri işğalçı siyasətindən əl çəkməlidir. Gec də  olsa, separatçı erməni-daşnak qüvvələri Qarabağda törətdikləri özbaşınalıqlara son  qoymalı və  birdəfəlik dərk etməlidirlər ki, əzəl və əbəd türk torpağı olan Dağlıq Qarabağda  ikinci erməni dövləti yaradılmasına Azərbaycan xalqı  heç vaxt  imkan  verməyəcəkdir. 

Mütərəqqi  dünya  ictimaiyyəti  dirçəlməkdə  olan  və  Qarabağda, xüsusilə də Xocalıda nümayiş etdirilmiş erməni faşizminin inkişafına  yol verməməli,  mütərəqqi bəşəriyyətin birgə səyi  ilə  dirçəlməkdə  olan  erməni  faşizminin   qarşısı  alınmalıdır. 

Azərbaycan  Respublikasının  müvaiq  dövlət  və  qeyri-dövlət  qurumları, o  cümlədən  qeyri-hökumət  təşkilatları  Ermənistan-Azərbaycan-Dağlıq  Qarabağ  münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa  edilməsi üzrə fəaliyyətlərini daha da  gücləndirməlidirlər. Birləşmiş  Millətlər  Təşkilatı  Xocalı  soyqırımını  tanımalı  və  qanlı  təcavüz  aktına  hüquqi  qiymət  verməlidir. Vaxt gələcək separatçı  erməni-daşnak  qüvvələri  Azərbaycan  xalqına  qarşı törətdikləri  terror və soyqırıma  görə  mütləq Beynəlxalq Məhkəmə qarçısında cavab  verəcək və  layiq olduqları cəzalarını alacaqlar. Bu  günün  çox  da uzaqda olmadığına  inanırıq.

Fotolar Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivindəndir.

 

Rafiq Səfərov

                  Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin

                                   Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi

 

                  İstifadə  edilmiş  ədəbiyyat  və  mənbələrin  siyahısı:

1.A.Ə.Paşayev:”XIX-XX əsrlərdə  ermənilərin  azərbaycanlılarar  qarşı  törətdikləri   soyqırımları  və  deportasiyalar(arxiv  sənəd  və  materialları  əsasında).Avtoreferat.Bakı.2007.s.34.

2 A.Paşayev.”Erməni  təcavüzü  tarixi  sənədlərdə”.Mart  qırğınına  həsr  olunmuş  elmi-praktik  konfrandakı  məruzəsi;

Akademik  Z.M.Bünyadovun  redaktəsi  ilə”Azərbaycan  tarixi  sənədlər  və  nəşrlər  üzrə.”Bakı.1990.s.184.

3.Tarix  elmləri  doktoru  Cəmil  Həsənli  ilə  müsahibə:Arxiv  sənədlərində  1918-ci  il  qırğını.

Facebook Twitter Google VK


Bugün: 389
Dünən: 859
Bu həftə: 3296
Son həftə: 4358
Bu Ay: 19426
Son Ay: 22161
Bu İl: 63973
Ümumi: 1084394
1084394