Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-02-26 03:33:09
Baxış sayı : 3491

         Mahılarda yaşayan bəstəkar ömrü

 

 Ötən əsrdə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi“Ögey ana”, “Görüş”, “Bəxtiyar” filmləri müasir Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Hər dəfə bu filmləri seyr etdikcə İsmayılın və Kamilin mahnıları, neftçi Bəxtiyarın ifa etdiyi “Zübeydə”, “Bakı”, “Üzüyümün qaşı firuzədəndir” və digər mahnılar uzun müddət yaddaşlarımızdan silinmir.Bəs “Möcüzələr adası” filmindəkişanlı Bakı neftçilərinin fədakar əməyini tərənnüm edən “Neftçi mahnısı”nı dinləyib sevməyən varmı? Bu mahnılar indi də yeni tərtibatda müasir Azərbaycan dinləyicisinə təqdim olunur, sevilir. Dərin ideya məzmunu, əlvanlığı və melodiya gözəlliyi ilə diqqəti cəlb edən bütün bu mahnıların müəllifi isəötən əsrdə Azərbaycan bəstəkarlar pleyadasının görkəmli nümayəndələrindən olmuş Tofiq Quliyevdir.

         Tofiq Quliyev mahnı janrında yaratdığı şedevr əsərləri ilə sadəcə olaraq bu sahədəki ənənələri davam etdirməklə kifayətlənməmiş, eyni zamanda musiqisevərlərin çox sevdikləri bu janrı öz qəlbinin hərarəti ilə zənginləşdirmiş, yeni axtarışlardan, musiqi boyalarından cəsarətlə istifadə etmişdir. Buna görə də görkəmli bəstəkarın yaratdığı istənilən mahnı canlı obraz və əsl həyat lövhəsi kimi nəzərimizdə canlanır.

         Uşaqlıq illərindən Tofiqin ilk xatırladığı piano idi. Onun ixtisasca mühəndis-iqtisadçı olan atası musiqini çox sevir, fortepianoda çalmağı bacarırdı. O, ailənin ilki olan oğlu Tofiqin də pianoçu olmasını arzu edirdi. Tofiqin üç qardaşı və iki bacısı həvəslə musiqi müəlliminin rəhbərliyi altında saatlarla məşğul olsalar da, gələcək bəstəkar itaətkar olmaqdan qəti şəkildə imtina edir. O, cansıxıcı qammalarla məşğul olmaq istəmir, bütün məhdudiyyətlərdən kənar yazıb-yaratmaq, improvizə etmək istəyirdi.

         On yaşı olanda yeniyetmə Tofiq artıq özünün ilk mahnılarını bəstələməyə başlayır. 1931-ci ildə 14 yaşında ikən AsəfZeynallının tövsiyəsi ilə M.Ə.Sabirin “Uşaq və buz” şeirinə mahnı bəstələyir. Buna görə də məktəbi bitirdikdən sonra onun konservatoriyaya daxil olması gözlənilməz qarşılanmır. O eyni zamanda iki fakültədə - dirijorluq və fortepiano fakültələrində təhsil almağa başlayır.

         Üçüncü kursa keçərkən Tofiq Moskvaya - P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına oxumağa göndərilir. Lakin Tofiqin “itaətsizlik” göstərməsinə nədən olan uşaqlıq arzusu zaman-zaman qəlbində boy qaldırırdı. Tofiq  öz musiqisini bəstələməyə hər zaman cəhd edir, ancaq özünün yaradıcılıq məhsulunu dostlarının, tanışlarının mühakiməsinə vermirdi.

         1939-cu ildə Moskvada təhsilini dayandıraraq Bakıya dönən gənc musiqiçi Azərbaycanda  Amerika zəncilərinin musiqisi hesab edilən caz təşkil etməklə yenidən öz dostlarını təəccübləndirir. Həmin illərdə bu, çox riskli bir iş idi, sadəcə “caz” sözünün özü çoxlarını təşvişə salırdı. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli cazın yaranma tarixinin təməlini qoydu. Onun rəhbəri Tofiq Quliyevin adı musiqi tariximizə Azərbaycan estrada və caz musiqisinin banisi kimi yazıldı.

      Konservatoriyada təhsili başa vurmaq müharibədən sonraya qalır.

    1941-ci ildə Hitler Almaniyası ilə müharibənin başlanması gələcək bəstəkarın yaradıcılıq planlarına öz düzəlişlərini edir. Tofiq kiçik orkestr təşkil edərək onunla cəbhə bölgələrinigəzib dolanır, əsgərlər qarşısında çıxış edir. Məhz burada ilk dəfə bəstəkarın sərt və həyəcanlı “Yürüş mahnısı” səslənir. Burada ilk dəfə Tofiq hiss edir ki, onun musiqisi insanlar tərəfindən bəyənilir, qəlblərə hakim kəsilir.

      Tofiq Quliyev Moskva Konservatoriyasında təhsini başa vurduqdan sonra həmin konservatoriyada dirijorluq üzrə aspiranturanı da bitirir.

    Hələ Moskva Konservatoriyasında oxuyarkən dirijor-bəstəkar Tofiq Quliyevin adına o zamankı Sovetlər Birliyinin başkəndinin konsert afişalarında tez-tez rast gəlmək olardı. Onun adı görkəmli sovet ifaçılarının adı ilə birlikdə çəkilirdi. Tofiq bu konsertləri yüksək temperamentlə idarə etdiyi kimi, solistləri də pianoda məharətlə müşayiət edirdi.

    1954-cü ildə T.Quliyev Bakıya qayıtdıqdan sonra müxtəlif musiqi janr və formalarına müraciət edir. O, “Azərbaycan süitası”, simfonik rəqslər, fortepiano üçün variasiyalar, prelüdlər, nəfəsli çalğı alətləri ansamblı üçün pyeslər, romanslar və s. yazır. Lakin ilk bəstəkarlıq təcrübəsindən onun yaradıcılığında həmişə mahnı janrı mühüm yer tutmuşdur.

     1941-ci ildə ilk dəfə “Səbuhi” filminə musiqi bəstələmiş Tofiq Quliyev bütün yaradıcılığı boyu bu janra müraciət etmiş və 40-dan çox kinofilmin musiqisinin müəllifi olmuşdur. O, eyni zamandaonlarlaoperettanın da müəllifidir.

    Lakinbəstəkar özünün çox sevdiyi mahnı janrınabütün yaradıcılığı boyu sadiq qalmış, bu sahədə məhsuldar fəaliyyət göstərmişdir.200-dən artıq mahnı yazan Tofiq Quliyevin mahnılarında poetik obraz hər zaman ön planda olmuşdur.  O, publikanın mühakiməsinə verdiyi musiqilərində xalqımızın qədim və əbədiyaşar incəsənətinimüasir dünyaya münasibət prizmasından keçirərək ikisini bir arada birləşdirməyi bacarmışdır. Bəstəkar hər bir mahnısında melodik və ritmik xallarla dinləyicilərin qəlbini oxşayır. Bu mahnılar uydurma hisslərdən uzaq olub, cəlbedici və səmimidir.

     1966-cı ildə məşhur fransız bəstəkarı, şair və müğənnisi Fransis Lemark Bakıda qastroldaolarkən Tofiq Quliyevlə görüşür. Qonağı evinə dəvət edən Tofiq Quliyev öz əsərlərindən melodiyaları ona ifa edir. Bu melodiyalar fransalı qonağın o qədər xoşuna gəlir ki, F.Lemarkhəmin melodiyalara fransız dilində mətn yazmaq və onları fransalı dinləyicilərə təqdim etmək üçünözü ilə Fransaya aparmaq qərarına gəlir. Beləcə Tofiq Quliyevin altı mahnısı Xəzərin sahillərindən Senanın sularına qədər uzaq bir səfərə yollanır. Yarım ildən sonra isə bu mahnılar ikinci həyat qazanaraq və bu dəfə artıq fransız dilində vallarda vətənə qayıdır.

     İstedadlı bəstəkarın yaradıcılığında Azərbaycan xalq mahnı və melodiyalarını işləyib tərtib etmək və onları nota köçürmək işi də əhəmiyyətli yer tutur. Tofiq Quliyev bəstəkar Zakir Bağırovla birlikdə ilk dəfə 1936-cı ildə  “Rast”, “Dügah”, “Segah zabil”muğamlarını məşhur tarzən Mirzə Mənsur Mənsurovun ifasında nota yazmışdır. Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyov o vaxt yazırdı: “Muğamların nota yazılması Azərbaycanın musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.

      1990-cı ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və ömrünün sonuna kimi buvəzifədə çalışmışdır. Tofiq Quliyevin Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi illərdə respublikanın musiqi sənətinininkişafında mühüm rol oynayan musiqi festivalları, Ümumittifaq və respublika müsabiqələri, «Musiqi baharı», «Bakıpayızı» festivalları keçirilirdi. Bu tədbirlərdə Tofiq Quliyev həmişə münsiflər heyətinin üzvü, sədri olmuşdur.

    1998-ci ildə Tofiq Quliyev Azərbaycanın yüksək dərəcəli ordenlərindən biri - «İstiqlal ordeni» ilə təltif olunmuşdur. Səhhəti ilə əlaqədar xəstəxanada olan bəstəkara buordeni Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev şəxsən özü təqdim etmişdir.

      İllər ötür,  zaman, dövran dəyişir, yeni zövqlər, yeni tələblər meydana çıxır. Lakin Tofiq Quliyevin böyük ilham və yaradıcılıq eşqi ilə bəstələdiyi, Azərbaycan xalqının ən gözəl hiss və arzularını tərənnüm edən mahnıları hafizələrdən silinmir, yaddaşlarda əbədiməskən salır.  Bu ecazkar könül mahnıları ilə bərabər dahi bəstəkarda unudulmur, gözəl pianoçu, təkrarsız mahnıların müəllifi kimi daim xalqımızın qəlbində yaşayır.

         

Bu məqalə dahi bəstəkarın anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən 139 nömrəli fondun materialları əsasında hazırlanmışdır

 

Xatirə QƏDİROVA

ARDƏİA-nin aparıcı arxeoqrafı

 



Bugün: 324
Dünən: 676
Bu həftə: 2372
Son həftə: 4358
Bu Ay: 18502
Son Ay: 22161
Bu İl: 63049
Ümumi: 1083470
1083470