Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

16 yaşlı gənc müəllimin taleyi

Son Yenilənmə : 2023-05-12 09:04:51
Baxış sayı : 454

H.Z.Tağıyevin Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki oğlan və qızlar üçün birsinifli ibtidai məktəbinin tatar(Azərbaycan dili və şəriət müəlliməsi) Törə Məşədi Rəsul qızı Zamanovanın pedaqoji fəaliyyəti  haqqında bəzi qeydlər.  

Azərbaycanın təhsil tarixində müəyyən rolu və xidməti olmuş, lakin haqqında bu günədək heç bir məlumat dərc edilməyən növbəti qadın pedaqoqlardın biri də Törə Məşədi Rəsul qızı Zamanovadır. Pedaqoq Törə Məşədi Rəsul qızı Zamanova  haqqında nə ensiklopediyalarda, nə də ki, digər kütləvi nəşrlərdə, hətta internet saytlarında, vikipediyada hər hansı bir məlumat aşkar etmək mümkün deyildir. Bu qadın pedaqoqun fəaliyyəti bu günədək öyrənilməmiş və cəmiyyətimizə tanıdılmamışdır. Düşünürəm ki,  Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, məktəb-təhsil işinin yayılmasında rolu və xidməti olmuş pedaqoqların fəaliyyəti öyrənilərək cəmiyyətimizə tanıdılmalıdır. Pedaqoq Törə Məşədi Rəsul qızı Zamanova  Azərbaycanda neft sənayesinin inkişafında xidmətləri olmuş  böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadım H.Z.Tağıyevin Bakı şəhərində təsis etdiyi  Aleksandrinski, eləcədə Mariyin məktəbinin kurslarını bitirmişdir. Xatırladıram ki,  Azərbaycanda  milli ziyalı  qadın təbəqəsinin  yaranmasında, dünyəvi  qadın  təhsilinin inkişafında, Azərbaycan qadınının dünyavi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin  əhəmiyyətli  xidmətləri  olmuşdur. Bu məktəbi  bitirmiş onlarla azərbaycanlı qızlar, o cümlədən Səidə xanım Şeyxzadə , Mina xanım Aslanova, Musabəyova Ayna, Sultanova Fatma, Bayraməlibəyova Maral, Axundova Xeyransa, Axundova Sona, Nərimanova Nabat  və  onlarca digər qadın-pedaqoqlar  sonrakı  dövrlərdə, xüsusilə  müstəqillik  illərində  millətimizin  mədəni  tərəqqisində, Azərbaycan  Xalq Cümhuriyyətinin təhsil  siyasətinin  həyata  keçirilməsində  yaxından  iştirak  etmişdilər.

 H.Z.Tağıyevin müsəlman qızlar üçün təsis etdiyi Aleksandrinski qadın məktəbinin , həmçinin Mariyin  məktəbinin  kurslarını bitirmiş  Törə xanım Zamanova 1915-ci il sentyabrın  1-də Hacı Zeynalabdin Tağıyevə  ərizə ilə müraciət edərək ona fabrika nəzdində təsis edilmiş həmin məktəbdə tatar(Azərbaycan dili) müəlliməsi  vakant  yerinin  verilməsini xahiş etmişdir. Törə xanım Zamanova eyni məzmunlu ərizə ilə 1915-ci il sentyabrın  1-də həmçinin  Bakı quberniyası və Dağıstan Vilayətinin   xalq məktəbləri müfəttişinə də müraciət   etmişdir.

Törə  xanım  Zamanova  istər H.Z. Tağıyevə, istərsə də  Bakı quberniyası və Dağıstan Vilayətinin  xalq məktəbləri müfəttişinə ünvanladığı  ərizələrində  sənədlərinin Aleksandrinski məktəbinin dəftərxanasında olduğunu qeyd edirdi. Törə xanım Zamanovanın H.Z. Tağıyevə ünvanladığı ərizəsinin dərkənarında  məktəbin müdirəsi  Vera  Stefanovskaya tərəfindən aşağıdakılar qeyd edilmişdir:” Hacı göstəriş vermişdir ki, Törə  Zamanova tatar (Azərbaycan dili) müəlliməsi kimi qəbul edilsin” Daha sonra məktəbin müdirəsi  Vera  Stefanovskayanın 3 sentyabr 1915-ci il tarixdə  Törə xanım Zamanovaya ünvanladığı  məktubda qeyd edilirdi:” Lütfkar məlikə, məlumat verirəm ki, siz  sentyabrın 1-dən etibarən  Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki birsinifli məktəbə tatar  azərbaycan dili və şəriət müəlliməsinin vəzifələrini  icra edən təyin edilirsiniz. Təxirə  salınmadan  qulluq  yerinə  gəlməyinizi  təklif  edirəm.”

Müvafiq arxiv sənədlərində təəssüflər olsun  ki, Törə Zamanovanın avtobioqrafik məlumatları  aşkar edilməmişdir. Ona görə də onun avtobiaqrafiyası haqqında hər hansı bir məlumat vermək  çətindir. Lakin Törə xanım Zamanovanın  doğum tarixini Bakı Quberniyası və Dağıstan vilayətinin  Xalq Məktəbləri Direktorunun  Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qəniyevə 22 sentyabr  1915-ci il tarixdə göndərdiyi məktubla təqribən  müəyyən etmək mümkündür. Belə ki, həmin məktubda  Bakı Quberniyası və Dağıstan vilayətinin  Xalq Məktəbləri Direktoru qeyd edirdi:” Aleksandrinski  məktəbinin  kurslarını  bitirmiş Zamanova mənim yanımda olarkən bildirmişdi ki, onun heç on altı yaşı yoxdur.Buna görə də o müəllimə vəzifəsini icra edən təyin edilə bilməz və yalnız  məktəbdə dərslərə ezam edilə bilər. Bunu sizə  binagüzarlıq üçün bildirirəm.”

 Törə xanım Zamanovanın  döğum tarixini təsdiq edən və yaxud bu barədə  məlumat verən  digər hər hansı  bir sənəd yoxdursa, bu məlumata əsaslanaraq qeyd etmək olar ki, Törə xanım təxminən 1899-1900-cü illərdə anadan olmuşdur. Bakı quberniyası və Dağıstan Vilayətinin   xalq məktəbləri müfəttişinin H.Z.Tağıyevin fabrikasının nəzdindəki məktəbin müdirinə göndərdiyi 3 sentyabr 1915-ci il tarixli məktubda Törə xanım Zamanovanın Bakı Aleksandrinski və Mariyin məktəblərinin kurslarını bitirdiyi haqqında məlumat qeyd edilmişdir.

Xalq Maarif  Nazirliyinin  Xalq  Maarifi Departamenti hərbi xidmətə çağırılanların əvəz edilməsinə dair  görüləcək tədbirlər  haqqında hazırladığı sirkulyarı 1915-ci il  sentyabrın 11-də  Xalq məktəblərinin direktorlarına göndərmişdir. Həmin  sirkulyarda  o cümlədən qeyd edilirdi:”... əvvəllər ibtidai məktəblərdən hərbiyəyə  çağırılanların böyük əksəriyyətinin  hərbi hissələrdə saxlanılması, həmçinin  hərbi  xidmətə yeni könüllü kontingentinin  cəlb edilməsi  məktəblərin  doğru fəaliyyətini təmin etmək üçün  bizdən hərbiyəyə  çağırılanları  əvəz edə biləcək  hazırlıqlı şəxslərin axtarıb tapılması və  onların əvəz edilməsi işlərinə  qayğı ilə yanaşılmasını tələb edir.Yuxarıda qeyd olunanları nəzərə alaraq Departament sizlərdən xahiş edir ki, hərbi xidmətə çağırılanları və könüllərin yeni kontingentini əvəz edə biləcək şəxslərin  işə cəlb edilməsi işinə diqqəti artırasınız.”

Çox güman ki, Xalq Maarif  Nazirliyinin  Xalq  Maarifi Departamentinin  hərbi xidmətə çağırılanların əvəz edilməsi üzrə görüləcək tədbirlər  haqqında sirkulyarın tələblərinin  yerinə yetirilməsi məqsədilə Törə xanımın 16 yaşı  olmasına baxmayaraq məktəbə müəllimə kimi qəbul edilmişdir.Arxiv materialları təsdiq edir ki,  Lifli maddələrin emalı səhmdar cəmiyyəti nəzdindəki birsinifli məktəbdə  tatar-  (Azərbaycan dili)  və şəriət müəlliməsi vəzifəsində 11 sentyabr 1910-cu ildən 1 sentyabr  1915-ci ilədək Rza bəy Lətifbəyov olmuşdur. Rza bəy Lətifbəyov  işdən azad olunması haqqında   5 sentyabr  1915-ci il tarixli ərizəsinə uyğun olaraq işdən azad edilmişdir. Onun yerinə 1 sentyabr 1915-ci ildən etibarən Törə xanım Zamanova təyin edilmişdir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                Tarixdən  məlumdur ki, Rusiya İmperiyasının ictimai- siyasi həyatı  1917-ci ildə baş vermiş müxtəlif çevriliş və inqilablarla müşaiyət olunmuşdur.  Fevralın 27-də  paytaxt Petroqradda baş vermiş fevral demokratik inqilabı fevralın 28-də inqilabın qələbəsi  ilə nəticələndi. Bunula yanaşı Rusiyanın  siyasi  həyatındakı  təlatümlər  bitməyib davam edirdi. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevirilişi baş verdi. Rusiyanın  paytaxtında baş vermiş inqilabi çevriliş  Bakıya da təsirsiz ötüşmədi.  Bakıda 1917-ci ilin martından - 1918-ci il iyulun 31-dək hakimiyyət orqanı olmuş Bakı sovetinin 25 aprel 1918-ci il tarixli  qərarı ilə Bakı Soveti Xalq Komissarlığı tərkibində Xalq Maarif Komissarlığı yaradıldı. Bununla da  Azərbaycanda məktəb işinin inkişafı, məktəb şəbəkəsinin genişləndirilməsi və s. məktəb-təhsil məsələləri Xalq Maarif Komissarlığının qarşısında duran məsələlərdən biri sayıldı.

H.Z.Tağıyevin Fabrikası nəzdindəki məktəbin müəlliməsi Törə Zamanova 14/27 may  1918-ci il tarixdə Bakı Soveti  tərkibindəki  Xalq Maarif Komissarlığına ərizə ilə müraciət  etdi. Onun həmin  ərizəsində qeyd edilirdi:” 1916-cı ildən etibarən mən Tağıyevin məktəbində müəlliməyəm.Komissariatın əmrinə əsaslanaraq bildirirəm ki, mən bundan sonra da həmin məktəbdə müəllimə olaraq qalıb işləmək istəyirəm. Xahiş edirəm məni adı çəkilən məktəbə müəllimə vəzifəsinə qəbul edəsiniz. Mənim bütün sənədlərim Xalq Məktəbləri Direksiyasındadır. Cari ildə mən heç yerə getməmişəm və getməyəcəyəm, Tağıyevin fabriki  nəzdindəki öz evimdə qalacam.  Əmrə uyğun olaraq məndən partiyadan vəsiqə tələb edilir ki, bunu da mən təqdim edə bilməyəcəyəm, çünki, heç bir siyasi partiyada işləməmişəm." 

H.Z. Tağıyevin toxuma-əyirmə fabriki nəzdində yaradılmış məktəb həm oğlan, həm də qız uşaqları üçün nəzərdə tutulmuşdur. Həmin məktəbdə fabrikada çalışan fəhlələrin hər iki cinsdən olan  övladları,həmçinin Əhmədli və Zığ kəndlərindən gələn uşaqlar təhsil alırdılar. Arxiv sənədləri təsdiq edir ki, H.Z. Tağıyevin fabriki nəzdində yaşlılar üçün də axşam kursları  açılmışdır. H.Z. Tağıyevin Lifli maddələrin emalı Qafqaz  səhmdar cəmiyyətinin direktoru 1916-cı il  yanvarın 18-də Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qəniyevə  ərizə ilə müraciət edərək xalq məktəblərinin proqramları üzrə məktəbin binasında fəhlələr üçün axşam məşğələlərinin açılmasını xahiş etmişdir. Bakı Quberniyası və Dağıstan vilayətinin Xalq Məktəbləri Direktorunun 1916-cı il fevralın 25-də Xalq Məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M. Qəniyevə  göndərdiyi 2093 saylı məktubda qeyd edilirdi ki, həmin məşğələlərdə  pedaqoji fəaliyyəti  şəhər məktəbinin kursunu bitirmiş Abdullayev Mir Məcid tərəfindən həyata keçiriləcəkdir. Gələn tədris ilindən etibarən isə yaşlılarla məşğələlərin aparılması üçün daha münasib şəxsin axtarəb tapılması mənim tərəfimdən təklif edilmişdir. Həmin dövrdə fabrika nəzdindəki məktəbin müdirəsi xanım M.Reyn  olmuşdur.

Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, ölkəmizdə təhsilin  və məktəb işinin inkişaf etdirilməsində rolu və xidməti olmuş hər bir müəllim və pedaqoqun zəhmətləri xalqımız tərəfindən unudulmur və daim yüksək qiymətləndirilir. Törə xanım Zamanovanın da ölkəmizdə savadsızlığın aradan qaldırılmasında, uşaqların təhsil ocağı olan məktəblərə cəlb edilməsində və onlara dünyavi təhsil verilməsindəki xidmətləri böyük hörmət və ehtiramla bu gün də anılır. Zəngin arxiv materialları içərisindən  Törə xanım Zamanovanın  pedaqoji fəaliyyətini əks etdirən sənədlərin araşdırılaraq tapəlması və həmin sənədlər    əsasında onun pedaqoji fəaliyyətinə dair bu məqalənin yazılması onun xatirəsinə hörmət və ehtiramla yanaşılmasının bariz nümunəsi kimi qəbul etmək mümkündür.

 

                 İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏRİN SİYAHISI:

ARDTA,f.309,siy.4.iş.378.v.1

 ARDTA,f.309,siy.4.iş.378.v.2

ARDTA,f.309,siy.4.iş.378.v.1;2.

ARDTA,f.309,siy.4.iş.378.v.1

Yenə orada

ARDTA,f.309,siy.4.iş.378.v.7

ARDTA,f.309,siy.4.iş.378.v.6

ARDTA,f.309,siy.1.iş.814.v.32

ARDTA,f.309,siy.4.iş.378.v.6

ARDTA,f.309,siy.4.iş.378.v.3

ARDTA,f.309,siy.1.iş.814.v.38

Yenə orada

 

Rafiq Səfərov

Milli Arxiv İdarəsinin

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin baş məsləhətçisi

 

 



Bugün: 491
Dünən: 676
Bu həftə: 2539
Son həftə: 4358
Bu Ay: 18669
Son Ay: 22161
Bu İl: 63216
Ümumi: 1083637
1083637