Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Vətən və hürriyyət aşiqi - Abbas Səhhət

Son Yenilənmə : 2018-07-09 21:25:19
Baxış sayı : 3532

 

Bir xalqı çökdürmək üçün onu silahla, topla-tüfənglə 

                                     qırmağa ehtiyac yoxdur. Daha rahat yol var - savadsızlıq. 

                                     Bütün addımlar cəmiyyətin savadsız olması üçün atılarsa,

                                   təhsil pula çevrilərsə savadsızlıq çoxalar, mütaliə azalar.  

                                    Zəkalı, ziyalı insanlara hörmət və rəğbət azalar. Lazımsız

  yersiz zarafatlara gülüş çoxalar və ehtiyac artar.

Abbas Səhhət

 

            Doğrudan da,bir millət olaraq tarixən çox zaman bizim böyük problemlərimizin kökündə həm də biliksizlik, savadsızlıq və təhsilsizlikdayanmışdır. Hətta bu gün də gündəlik həyatımızda qarşılaşdığımız naqisliklərin çoxunu, o cümlədən rəngarəng formalarda təzahür edən nadanlıqları, həm də elmsizlik və biliksizlik yaradır. Yuxarıda qeyd etdiyimiz, bu günümüzlə belə səsləşən dahiyanə sözlərin müəllifi isə XX əsrin mürəkkəb tarixi və ictimai-siyasi şəraitində bütün zəkasını və enerjisini doğma xalqının maariflənməsinə, mədəni tərəqqisinə, mənəvi və fiziki sağlamlığı uğrunda mübarizəyə həsr etmiş Azərbaycan ədəbiyyatının sayılıb-seçilən simalarından olan, ölümündən 100 il ötməsinə baxmayaraq xalqımız tərəfindən bu gün də sevgi və hörmətlə anılanAbbas Səhhətdir.İstadadlı şair, poetik tərcümələr, elmi-publisistik məqalələr müəllifi olan Abbas Səhhət həm də bütün qüvvəsini yaşadığı şəhərdə əhalinin sağlamlığı və savadlanması yolunda sərf edən fədakar həkim və  yorulmaz müəllim kimi tanınırdı.

            Abbasqulu Molla Əlabbas oğlu Mehdizadə-Səhhət 1874-cü ildə Azərbaycanın qədim mədəni-siyasi mərkəzlərindən olan Şamaxı şəhərində doğulmuş, ilk təhsilini mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir. Yeniyetməlik dövründə Şamaxıda bədii yaradıcılığın sirlərini, əruz qaydalarını öyrənən Səhhət təhsilini artırmaq, elmini dərinləşdirmək üçün o zaman Şərqin dini-mədəni mərkəzlərindən sayılan Məşhəd şəhərinə gedir. Az müddət burada mədrəsədə oxuduqdan sonra buradakı təhsil onu qane etmədiyi üçün Tehrana köçür və Tehran darülfünununun tibb şöbəsinə daxil olur. 1900-cu ildə buranı həkim diplomu ilə bitirən A.Səhhət bir müddət savadlı həkim kimi türkdilli Qaşqay tayfaları içində çalışır. Lakin orada çox qala bilməyib 1901-ci ildə doğma yurdu Şamaxıya qayıdır. Tehran darülfünunun diplomu ilə Rusiya torpağında həkimlik etməyə ixtiyarı olmadığı üçün işsiz və tənha qalan Səhhətin ilk evliliyi də uğursuz alınır. İkinci dəfə evlənən Səhhətin həyatında bu dönəmdən etibarən yeni mərhələ başlayır. Şair tənhalığa son qoyur, şeir məclisləri düzəldir, tamaşalar hazırlayır. Səhhətin geniş ədəbi-ictimai, müəllimlik  fəalyyəti də bu zamandan başlayır. O, Şamaxıda açılan gimnaziyada Azərbaycan dili müəllimi təyin edilir.Eyni zamanda xalqını dərin məhəbbətlə sevən şair həkim kimi həmvətənlərinin fiziki sağlamlığı üçün də bacardığını edir, ona müraciət edən hər kəsə böyük qayğı ilə yanaşır, hətta yoxsul xəstələrə öz pulu ilə dərman alır.

            Lakin Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalmışdır. Mürəkkəb, keşməkeşli şəraitdə şairözü-ozünü vətən, millət üçün faydalı işər görməyə səsləyir:

Qalx, oyan, cürət elə, rəd kimi fəryad et!

Bu fəlakətdə qalan millətinə imdad et!

Vətən uğrunda gərək şəxs fədakar olsun,

Belə mövsümdə yatan kimsələrə ar olsun!

Səhhət yoxsulluğun və mədəni geriliyin, hətta əsarətdə qalıb kölə kimi yaşamağın da başlıca səbəbini elmsizlikdə və maarifsizlikdə görürdü. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir.

Şair azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü:

A hürriyyət! A münfərid əməlim!

İştə sənsən səadəti bəşərin.

Könlümdəki ən istəkli gözəlim,

Rəfahəti, fəlahəti bəşərin.

Səhhətin azadlıq eşqi onun vətənə, yurda məhəbbət duyğuları ilə vəhdət təşkil edir. “Şişə çəksəz də diriykən ətimi, Atmaram mən vətənü millətimi” deyən şair vətən yolunda “can isar etməyə” hazır olan fədakar bir vətən aşiqidir:

Ey vətən, getmə ki, əldən gedəriz!

Biləriz fərz sənin xidmətini!

Nəqdi-can eşqinə isar edəriz,

İstəriz vəzi-fəlah heyətini!

Vətəninin ecazkar gözəlliyini, füsunkar təbiətini böyük şövqlə tərif edən şair şeirlərində məmləkətinə dərin məhəbbət hissləri aşılayır:

Gözəl torpaq, gözəl ölkə, gözəl yer!

Dünya üzrə bimisli bibədəl yer!

Bu cür gözəl məmləkəti kim sevməz?..

A.Səhhət dövrünün bir sıra ziyalı insanları, o cümlədən o dövrdə Şamaxıda yaşayıb-yaratmış ziyalı insan, pedaqoq Cəmo Cəbrayılbəyli ilə dostluq münasibətlərində olmuşdur. Cəmo Cəbrayılbəyli yazırdı ki, Şamaxıda gimnaziyadadərs deyərkən Abbas Səhhət “öz dərslərində rusca təhsil alan şagirdləri o dərəcədə maraqlandırmışdı ki, dəfələrlə müraciət edib dərsdənxaric vaxtlarda da onu dinləmək, onun şirin nitqini, gözəl şeirlərini eşitmək istəyirdilər”.

S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində A.Səhhətin öz dəsti-xətti ilə ərəb qrafikasında dostu Cəmo Cəbrayılbəyliyə yazdığı, 9 mart 1915-ci il tarixi ilə qeyd olunmuş mənzum məktubu qorunub saxlanılır.

Ey sevgili yavərim Cəmo bəy!

İstəkli bəradərim Cəmo bəy! -

misraları ilə başlayan şeirdə şair dostunu qış fəslinin bitməsi, təzə ilin başlanması münasibətilə təbrik edir. Sərt, şaxtalı qışın, şiddətli küləklərin, acı boranların, tutqun, qara, qəliz dumanların təbiətə, torpağa, ağaclara, çiçəklərə, bağ-bostana vurduğu ziyanları poetik dillə qələmə alanA.Səhhət Novruzun, baharın gəlişini böyük müjdə ilə xəbər verir. “Novruz böyük rəşadət etdi, Qış ordusunu vurub dağıtdı” deyən şair şeirin sonunda dostuna müraciətlə yazır:

Yaz gəldi, necə qış oldu bərbad,

Sən də olasan cahanda dilşad!

Var bircə təvəqqöüm də səndən:

“Əhbabə salam eylə məndən”.

Cəmi 3 il sonra, 1918-ci ildə erməni vəhşiliyindən qurtarmaq üçün Sabirabada, oradan da Gəncəyə köçən şair yatalaq xəstəliyindən dünyasını dəyişir.Onun işıqlı amalları isə daim qəlblərdə yaşayır və sevgi ilə anılır.

Məqalənin yazılmasında Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən 307 və 555 nömrəli fondların sənədlərindən istifadə edilmişdir. 

 

 

Xatirə Qədirova

                            S.Mümtaz adına ARDƏİA-nın

                                                             aparıcı arxeoqrafı

 



Bugün: 310
Dünən: 859
Bu həftə: 3217
Son həftə: 4358
Bu Ay: 19347
Son Ay: 22161
Bu İl: 63894
Ümumi: 1084315
1084315