Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Erməni məkrinin qurbanı - Xankəndi Pedoqoji İnstitutunun tarixi haqqında

Son Yenilənmə : 2023-03-30 04:58:56
Baxış sayı : 530

Azərbaycanda Ali Pedaqoji İnstitut Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 1921-ci il avqustun 26-da imzaladığı 66 saylı dekretlə yaradılmışdır. Həmin dekretdə qeyd edilirdi ki, respublikanı vahid əmək məktəbi ideyasını həyata keçirə biləcək yüksəkixtisaslı maarif işçiləri ilə təmin etmək məqsədilə Azərbaycan SSR Xalq Komissarları Soveti qərara alır: "Bu ilin sentyabrın 1-dən etibarən Bakı şəhərində dövlət dili olan türk dilində xüsusi olaraq II dərəcəli məktəblər üçün müəllimlər hazırlayacaq ilk Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edilsin. Dekret dərc edildikdən sonra institutun təşkilinə başlansın".
Ali Pedaqoji İnstitutun Nizamnaməsi Azərbaycan Xalq Maarif Komissarlığı Kollegiyası tərəfindən 13 iyun 1921-ci ildə təsdiq edilmişdir. Nizamnamədə bildirilirdi ki, yeni yaranmış institutun vəzifəsi orta məktəblərdə Azərbaycan dilində dərs deyən ixtisaslı müəllimlər hazırlamaqdır. Xalq Maarif Komissarlığı tərəfindən institutun rəhbərliyi və müəllimləri aşağıdakı tərkibdə təsdiq olunmuşdur: İnstitutun direktoru - Fətulla bəy Rzabəyov; direktor müavini - Həbib bəy Mahmudbəyov; dil-ədəbiyyat müəllimi - Abdulla Şaiq Talıbzadə; fizika-riyaziyyat müəllimi - Məmməd Əfəndiyev; psixologiya və ruhaniyyat müəllimi - Həmid bəy Şahtaxtinski; kimya müəllimi - Sadiq Hüseynov; coğrafiya müəllimi - Qafur Rəşad; rus dili müəllimi - V.Pismennaya. 


            Arxiv sənəd və materialları təsdiq edir ki, Ali Pedaqoji İnstitutun bünövrəsinin qoyulmasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) ölkəmizdə məktəb-təhsil işinin təşkilində və onun yenidən qurulmasında xidmətləri olmuş müəllim və pedaqoqların, maarif fədailərinin yaxından iştirakı olmuşdur. Azərbaycanda Ali Pedaqoji İnstitutun yaradılması asanlıqla başa gəlməmişdir. Bu təhsil ocağının yaradılması uğrunda xalqımızın qabaqcıl, mütərəqqi ziyalıları, ictimai-siyasi xadimləri uzun müddət ərzində mübarizə aparmışlar. Onu da xatırladaq ki, 1918-ci ilə qədər Azərbaycanda orta məktəblərdə tədris doğma ana dilində aparılmırdı. Azərbaycan dilinin tədrisi, hətta ölkənin yerli əhalisi üçün də mütləq hesab edilmirdi. Bu az imiş kimi o dövrün çar hakimiyyəti tərəfindən müəyyən edilmiş qaydalara görə orta məktəblərdə ştatda olan müəllim vəzifəsinə ali təhsil almış şəxslər qəbul edildiyi halda ali təhsili və bu haqda diplomları olan azərbaycanlılar müsəlman olduqlarına görə həmin tədris müəssisələrində dərs deməyə buraxılmırdılar. 


            1921-ci ildə Bakıda ilk Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edildikdən sonra tariximizin sonrakı dövrlərində Azərbaycanın pedaqoji kadrlara olan ehtiyacını ödəmək üçün 1968-1969-cu tədris ilində Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı yaradıldı. Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 28 noyabr 1973-cü ildə bu şəhərdə Pedaqoji İnstitutun yaradılması haqqında Nazirlər Sovetinin sədri Ə.İbrahimov və Nazirlər Sovetinin İşlər müdiri C.Tatlıyevin imzası ilə 377 saylı qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilirdi:
            1. Respublikanın Dağlıq Qarabağ Muxtar Vilayətini və respublikanın ona yaxın rayonlarını ixtisaslı müəllim kadrları ilə təmin etmək məqsədilə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinə vəzifə olaraq tapşırılsın:


            a) V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Xankəndi Pedaqoji İnstitutu təşkil etsin və burada tələbələrin təlimi rus, Azərbaycan və erməni dillərində aparılsın;
            b) yeni açılan institutda normal təlim prosesinin aparılmasını təmin edən lazımi tədbirlər görsün.
            2. DQMV Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin belə bir məlumatı nəzərə alınsın ki, o, Pedaqoji İnstitutun fəaliyyətini genişləndirmək üçün lazımi şərait yaradan əlavə sahə ayırmışdır.


            3. Azərbaycan SSR Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi ilə birlikdə, respublikanın 1974-cü il büdcəsində Pedaqoji İnstitutun təşkili ilə əlaqədar xərclər smetasını nəzərdən keçirsin və bütün başqa məsələləri həll etsin, institutun inkişafı üçün lazımi vəsait nəzərdə tutsun.


            Xankəndidə Pedaqoji İnstitutun yaradılması haqqında Azərbaycan SSR Nazirlər Sovetinin qəbul etdiyi həmin qərarın layihəsi 1973-cü il noyabrın 19-da Azərbaycan KP MK Bürosunda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilmiş iclasında baxılmış və layihə bəyənilmişdir. Beləliklə, 1969-cu tədris ilində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı artıq 1973-cü ildən etibarən filial kimi deyil, müstəqil ali təhsil ocağı kimi fəaliyyət göstərməyə başlamışdır. İşğala qədər həmin institutda Azərbaycan və erməni sektoru fəaliyyət göstərirdi. İnstitut təşkil edilərkən burada üç dildə - Azərbaycan, rus və erməni dillərində ali pedaqoji təhsilli kadr hazırlığına başlanılmışdır. Lakin fəaliyyətə başlamasından 19 il keçdikdən sonra erməni-daşnak millətçiləri tərəfindən Xankəndi şəhərində törədilən məlum özbaşınalıq və qanunsuzluqların ilk zərbələrindən biri məhz bu ali təhsil ocağının kollektivinə dəymişdir. Azğınlaşmış millətçi erməni-daşnak qüvvələri tərəfindən Qarabağda milli münasibətlərin qızışdırılması nəticəsində 1988-ci il mayın 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk etməyə məcbur oldular. Bununla da, Xankəndi Pedaqoji İnstitutu özünün köçkünlük həyatını yaşamağa başladı. Moskvadakı mərkəzi hakimiyyət tərəfindən isə erməni millətçilərinin bu cür qanunsuz və dağıdıcı fəaliyyətinin qarşısının alınmasına dair heç bir səy göstərilmədi. Əksinə, 1973-cü ildə Xankəndi Pedaqoji İnstitutunun yaranması haqqında qərarı Azərbaycanın Nazirlər Soveti verdiyi halda, bu institutun sonrakı fəaliyyəti ilə əlaqədar SSRİ Nazirlər Soveti tərəfindən çox yanlış və müəmmalı qərarlar qəbul edilməyə başlandı. Belə ki, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov tərəfindən 1988-ci ilin oktyabr ayında Xankəndi Pedaqoji İnstitutunun iki il müddətinə bağlanması haqqında qərar imzalandı. Həmin qərarda institutun Azərbaycan şöbəsinin Gəncəyə, erməni şöbəsinin isə Ermənistanın rayonlarına köçürülməsi əks olunurdu. Bu qərarın verilməsi ilə ermənilər xislətlərinə uyğun olaraq növbəti hiyləgərliklərə əl atdılar. Onların əsas məqsədi Xankəndi şəhərindən azərbaycanlıları, institutun azərbaycanlı kollektivini uzaqlaşdırmaq idi ki, buna da nail ola bildilər. Beləliklə,1988-ci ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirdi. Ermənilər nail olduqları qərarın özlərinə aid olan bəndlərinə əməl etməyərək təhsillərini Xankəndi şəhərində davam etdirdilər.
Gəncədə birillik fəaliyyətdən sonra institutun müəllim və tələbələri respublika rəhbərliyi və müvafiq qurumları qarşısında Xankəndi Pedaqoji İnstitutunun Qarabağ ərazisində, Şuşada fəaliyyətini davam etdirməsi ilə bağlı təşəbbüs qaldırdılar. Həmin təklif qəbul olunaraq institutun Şuşa şəhərində fəaliyyət göstərməsinə razılıq verildi. İnstitut üçün Şuşada yer ayrıldı, onun maddi-texniki bazasının yaradılmasına Nazirlər Soveti tərəfindən lazım olan vəsaitin ayrılması haqqında qərar verildi.


            Lakin təəssüflər olsun ki, bu məsələdə müvafiq qurumlar tərəfindən növbəti bir yanlışlığa yol verildi. Həmin institut Şuşada Xankəndi Pedaqoji İnstitutu kimi deyil, Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı kimi fəalliyyət göstərməyə başladı. Bununla da Xankəndi Pedaqoji İnstitutunun adının üstündən sanki xətt çəkildi, Azərbaycan tərəfi rəsmi olaraq bu təhsil ocağını ləğv etdi. Ermənilər Xankəndi Pedaqoji İnstitutunun adını dəyişib, Artsax Dövlət Universiteti qoyduğu halda, bizim müvafiq təşkilatlar müstəqil institutu filiala çevirib, Xankəndi sözünü onun qarşısından götürdülər. 
Xankəndi Pedaqoji İnstitutu enişli-yoxuşlu yollar keçmiş, hətta filiala çevrildikdən sonra da Şuşada fəaliyyəti mümkünsüz olmuşdur. Şuşanın işğalından sonra növbəti məkanda, Ağcabədidə fəaliyyət göstərmişdir.

 
            Güman edirik ki, işğaldan azad olunmuş ərazilər abadlaşdırıldıqdan sonra Qarabağımızın Xankəndi şəhərində Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti bərpa olunacaqdır.

 

Rafiq Səfərov

Milli Arxiv İdarəsinin

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin baş məsləhətçisi

 

 

         



Bugün: 304
Dünən: 773
Bu həftə: 1077
Son həftə: 4759
Bu Ay: 10908
Son Ay: 20754
Bu İl: 76209
Ümumi: 1096630
1096630