Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan arxivçilərinə təbrik müraciəti

          1920-ci ilin dekabrın 6-da Azərbaycan İnqilab Komitəsi “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı nəzdində Mərkəzi dövlət arxivinin yaradılması haqqında” dekret imzalamaqla Azərbaycanda rəsmi olaraq arxiv işinin əsasını qoydu. Dekret ölkəmizdə arxiv işinin mərkəzləşdirilmiş qaydada təşkilinin prinsiplərini müəyyənləşdirməklə, xalqın milli sərvəti olan arxiv sənədlərinin toplanması, mühafizəsi, uçotu və istifadəsi işinin hüquqi əsaslarını müəyyən etdi. 

           Arxiv işinin 100 illik inkişaf tarixi Azərbaycan arxivləri və arxivçilərinin öz şərəfli əməkləri ilə xalqa və dövlətə xidmət dövrüdür. Bu dövrdə Azərbaycan arxivlərinin şəbəkəsi genişlənmiş, onun maddi-texniki bazası modernləşdirilərək müasir inkişaf səviyyəsinə çatmışdır. Arxivçilərimiz keçmişin çoxəsrlik sənəd irsinin mühafizəsinin təmin edilməsində, yeni dövrün qiymətli sənədlərini toplamaqla Milli arxiv fondunun zənginləşdirilməsində, xalqımızın tarixinə dair  materialları üzə çıxarmaqla cəmiyyətin sosial-mədəni inkişafında və maariflənməsində böyük əmək sərf etmişlər.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, arxiv quruculuğunun inkişafı tarixində də milli strategiyanın müəyyənləşdirilməsi və uğurlu şəkildə həyata keçirilməsi iki dahi şəxsiyyətin – ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

1999-cu ildə müstəqil Azərbaycanın dövlət idarəetmə sisteminin əsas atributlarından olan arxiv işinin tənzimlənməsi məqsədilə “Milli arxiv fondu haqqında” Qanun qəbul olunmuş, həmin ilin iyul ayının 27-də Prezident Heydər Əliyevin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Fərmanı ilə təsdiq edilmişdir. 2002-ci il 2 dekabr tarixində ulu öndərin imzaladığı “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında mərkəzi icra hakimiyyəti orqanı hüquqi statusunda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” dövlətin arxiv siyasətinin formalaşdırılması və həyata keçirilməsində Milli Arxiv İdarəsinin iştirakını, onun vəzifə, funksiya və səlahiyyətlərini müəyyən edən Əsasnamə təsdiq edilmişdir.

Arxiv sahəsi Prezident İlham Əliyevin də daimi diqqət mərkəzində olmuşdur. Ölkə başçımızınn xalqın mədəni-tarixi irsinin qorumasına göstərdyi diqqət və qayğının nəticəsi olaraq 2004-cü ildə Nazirlər Kabinetinin Qərarı ilə “Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının yaxşılaşdırılması, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə Proqram”ın təsdiq  edilməsi bu sahədə görülən işlərin sistemli xarakter almasını təmin etdi. Gəncə və Şəki kimi tarixi şəhərlərimizdə yeni arxiv binaları tikildi, Bakı şəhərində yerləşən Respublika dövlət arxivlərinin binaları əsaslı şəkildə təmir olundu. Prezidentimizin Bakı şəhəri Mətbuat prospektində dövlət arxivləri üçün uyğunlaşdırılmış yeni binanın acılışı mərasimində şəxşən iştirakı arxivçilərimizdə böyük sevinc və ruh yüksəkliyi yaratdı.

Azərbaycanda axiv quruculuğunun 100 illik yubileyi ilində Prezident İlham Əliyevin 12 fevral 2020-ci il tarixli 1815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” arxivçilərimiz qarşısında arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmini, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsilə bağlı böyük və məsuliyyətli vəzifələr qoymuşdur. Biz əminik ki, arxivçilər bu vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Azərbaycan arxivinin 100 illik yubileyi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Böyük Zəfərin bayram edildiyi  günlərə təsadüf edir. Azərbaycan arxivçiləri öz yubileylərini qeyd etməklə yanaşı, həm də xalqımıza Böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandını, rəşadətli Azərbaycan Ordusunu, qəhrəman əsgər və zabitlərimizi, bütün xalqımızı  təbrik edir.

Əziz arxivçilər!

         Sizi Vətən müharibəsində qazanılan şanlı Qələbəmiz və  100 illik yubileyimiz münasibətilə təbrik edir, şanlı tariximizin qorunması və gələcək nəsillərə çatdırılmasında vacib əhəmiyyət daşıyan arxiv işində hər birinizə uğurlar və cansağlığı arzulayırıq. 

               

                                                                Azərbaycan Respublikasının

                                                                Milli Arxiv İdarəsi

 


Bugün: 199
Dünən: 987
Bu həftə: 4463
Son həftə: 4759
Bu Ay: 14294
Son Ay: 20754
Bu İl: 79595
Ümumi: 1100016
1100016