Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi - 50 il

 

5 APREL AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏS YAZILARI ARXİVİNİN YARADILMASININ 50 İLLİK YUBİLEYİ GÜNÜDÜR. 

 

BU MÜNASİBƏTLƏ AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ ARXİV İDARƏSİNİN RƏHBƏRLİYİ VƏ ƏMƏKDAŞLARI DÖVLƏT SƏS YAZILARI ARXİVİNİN ƏMƏKDAŞLARINI ƏLAMƏTDAR GÜN MÜNASİBƏTİLƏ TƏBRİK EDİR, ONLARA MƏSULİYYƏTLİ VƏ ŞƏRƏFLİ PEŞƏLƏRİNDƏ UĞURLAR ARZULAYIR. 

 

Azərbaycan Respublikası Dövlət Səs yazıları Arxivi 5 aprel 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. 

 

       Arxiv  Respublika Milli  Arxiv  İdarəsinin  tərkibində  fəaliyyət  göstərən  6  dövlət  arxivləri  arasında  ən  gəncidir. Bu  il 50  illiyini  qeyd  etdiyimiz  arxiv  Müstəqil  Dövlətlər Birliyi məkanında  ikinci arxivdir.       

(Birinci  belə  arxiv  1967– ci  ildə  Rusiyada  təşkil  edilib). Digərlərindən fərqli  olaraq  bizim  arxivin  istər sənədlərinin qeyri - ənənəviliyi  və  istərsədə  şifahi  tarix  kimi  özünəməxsus xarakterik    xüsusiyyəti  var. Ümumiyyətlə, arxivlərin  hamısı  həmişə  eyni  məqsədə xidmət  edib. Tarixi  sənədlərin, stenoqramların, daş  kitabələrin, qayaüstü  təsvirlərin, əlyazmaların, kitabların, mətbuat  orqanlarının, müəyyən  əşyaların , kolleksiyaların ... qorunmasınan  , mühafizə edilərək  gələcək  nəslə  çatdırılmasına  çalışılıb .  Səs  Yazıları  Arxivinin  qarşısında  duran  əsas məqsəd  isə  Vətənimizin ictimayi – siyasi , tarixi , elm  və  mədəniyyətini  özündə  əks  etdirən  bədii və sənədli  audio – video  sənədləri , habelə , dövlət , siyasi və  ictimai xadimlərinin  çıxışlarının müxtəlif  səs  və  video  daşıyıcılarında  olan yazıları , müharibə  və  əmək  veteranlarının , elm  və  incəsənət  xadimlərinin  ölkəmizə  gələn yüksək vəzifəli xarici  qonaqların  səs  və  video  yazılarını  toplayıb  onların  dövlət  mühafizəsini  təmin  etmək  kimi  vacib vəzifə qoyulub .  

     Arxivin  ən  qədim  sənədi  XIX - əsrin  II – yarısına  aiddir . Bərk  sıxılmış deşikli kartondan  olan  bu  val “ Herafon ”  adlı  cihazda  səsləndirilir .  Valın  kənarında  rus  dilində  mürəkkəblə  Ştrausun  “  Qaraçı  Baronu ” və “  Mazurka  - polka”  sözləri  qeyd  edilib . Bu  sənədin  qiyməti  təkcə  onun  yaşında  deyil . Həmin  yazı  dahi  mütəfəkkir , Azərbaycan  dramaturgiyasının  banisi  Mirzə  Fətəli  Axundzadənin  dəst – xəttidir .  Bu , böyük  ədibin  dünya  mədəniyyəti ilə  yaxından  maraqlanmasına canlı  sübutdur . bu  nadir  val  Şəki   şəhərindən , dramaturqun  Ev -  Muzeyindən  gətirilmişdir.

   İlk  axtarışlar  arxiv  əməkdaşları  üçün  gözlənildiyindən  də  uğurlu  oldu  və  qısa  müddət  ərzində  Azərbaycan  musiqi  xəzinəsinin  inciləri sayılan  xeyli  miqdarda  qrammofon  valları  əldə  edildi . Onlar  ötən  əsrin əvvəllərində  dünyanın  müxtəlif  səsyazma  şirkətləri  - Riqa  şəhərində   fəaliyyət  göstərən  məşhur  “  Qrammofon” ,  Parisin – “  Pete”  qardaşları ,   Varşava  şəhərindəki fəaliyyət göstərən “ Sport – Rekord” , habelə , Kiyevin “  Ekstrafon”, Tbilisinin  “ Monarx – Rekord” , Bakının “ Qrammofon  - Rekord”  və  başqa   Səsyazma  şirkətləri  tərəfindən  istehsal edilmiş  qrammofon  vallarıdır ki , onlarda  Azərbaycan musiqisinin  korifeyləri  Cabbar  Qarayağdıoğlu , Məşədi  Məmməd  Fərzəliyev , Keçəçioğlu  Məhəmməd , Ələsgər  Abdullayev (  Şəkili  Ələsgər ) ,  Məcid  Behbudov  (  dünya  şöhrətli  müğənni  Rəşid  Behbudovun  atası  )  , Seyid  Şuşunski , Musa  Şuşinski , Mirzə  Güllər  xanım , İslam  Abdullayev  (  Segah  İslam  )  , qəribə  talehli  xanəndə  Seyid  Mirbabayev , Zabul  Qasım , Məşədi  Hilal  Zeynalov , Zülfü  Adıgözəlov , Xan  Şuşinski . Həmid  və  Əsgər  Malıbəyli   qardaşları , məşhur  tarzənlərdən  Şirin  Axundov     (  Səlyanlı Şirin  ) , Mirzə  Fərəc , Qurban  Pirimov , Mənsur  Mənsurov ,  Cəmil  Əmirov (  bəstəkar  Fikrət   Əmirovun  atası  ) və  bir  çox  başqalarının  ifasında  muğam , mahnı  və  el  havaları  əbədiləşib . Sayı  1500 - ə   qədər  olan  belə  sənət  inciləri  arxivin “ Qızıl  fondu”  nun  əsasını  təşkil  edir .  Qeyd  edək  ki , həmin  valların  hamısı  1901 – 1914 – cü  illər  arasında  yazılıb .

    Arxivin  əməkdaşları uzun  illərdən  bəri  unudulmuş  bir  çox  sənətkarların sorağına  düşərək onlardan  yadigar  qalan  sənət  incilərini  tapıb  üzə  çıxarıblar .

Məşhur  xanəndə  Mirzə  Güllər  xanım , xanəndə  Aslan  , Musa  Səfərov , Qasım  Abdullayev , Məşədi  Qafar , səsi  ilk  vala  yazılanlardan biri  Əbdülqədir  Cabbarov ( Qədir  bala ) , o  zamanlar  üçün  nadir  peşə  sayılan qarmonçalan  Məmmədtağı  və  başqaları  belə  sənətkarlardandır. Belə  tapıntılar  arxivin  fondlarını  zənginləşdirdiyi kimi   mədəniyyət  tariximizin  araşdırılmasında  da   xüsusi  əhəmiyyət  kəsb  edir . Dini  ehkamların  höküm  sürdüyü  bir  zamanda  böyük  cəsarət  nümunəsi  göstərən  qadın  xanəndə  Mirzə  Güllər  xanımın taleyinə  diqqət  yetirək . Zamanəsinin  haqsızlıqları  gənc  qızı  doğma  Cavad  kəndindən  , ata  evindən  qaçmağa  məcbur  edir . Əyninə  kişi  paltarı  geyərək , el  şənliklərində , Mirzə  Güllər  adı  ilə   , sönməz  bir  eşqlə  oxuyan  bu  sənət  fədaisinin  səsi  sonralar  Şirvan  , Gəncə , İrəvan  və  başqa  iri  şəhərlərdən gəlir . Artıq  xeyli  məşhur  olan  Mirzə  Güllər  xanımı  Kiyevə  dəvət  edilərək  “  Monark – Rekord”    Səsyazma  Cəmiyyəti  1914 – cü  ildə  onun  ifasında  “  Mirzə  Hüseyn  Segahı” , “  Bayatı – Kürd” , “  Bayatı  Şiraz”  muğamlarını , “  Yeri , dam  üstə  yeri” və  başqa  el  havalarını  qrammofon  valına  yazmışdır . Təəssüflər olsun  ki , axtarışlarımız  zamanı  onun  yalnız  bir  valını  tapa  bildik . Lakin  axtarışlar  zamanı  onu  şənliklərdə , toyda – mağarda  görənlərin  bir  neçəsi  ilə  söhbətləşdik  və  xeyli  məlumat  əldə  etdik  . Sonralar  alim – yazıçı mərhum Əzizə  Cəfərzadə  xanəndənin  keşmə - keşli  həyatından  bəhs  edən  “  Bir  səsin  faciəsi”  romanını yazdı .

      1910 – cu  ildən  sazəndə dəstələrinin  vala yazdırdığı  “ Vağzalı ” , “ Mirzəyi ” ,“ Tərəkəmə ” ,“ Əskərani ” , Uzundərə ” kimi  oyun havaları , xanəndələrdən  Cabbar Qarayağdıoğlu , Keçəçioğlu  Məhəmməd   və  Məşədi  Məmməd  Fərzəliyevin “  Gülə - gülə” ,“ Eşq atəşi” , “ Vətən şərqisi” ,  “ Mən  bir  Türkəm” ,“  Tello”  və  başqa  xalq  mahnılarını xorla  birlikdə  oxuyub  vala  yazdıqmışlar . Maraqlıdır  ki , həmin  səsyazma  şirkətlərivallarla  bərabər  onların  katoloqlarını  da  kitabça  şəklində  çap  edib  yayırdılar . əldə  edilmiş  bu  katoloqlar istifadə  üçün  sanballı  məlumat  mənbəyiolduğu  kimi , həmin  valların  axtarılıb  tapılmasında  da  xüsusi  əhəmiyyət  kəsb  edir .

       Arxivin   fondlarında   çox  maraqlı  bir  val  da  mühafizə  edilir . Həmin  vala  “  Vağzalı  ” və  “  Mirzəyi  ”  rəqs  havaları  yazılıb . Həmin  rəqs  havalarını  Varşavanın  “  Sport  - Rekord  ”  səsyazma  şirkətinin  avropalı  əməkdaşları  ifa  edərək  vala  yazdırmışlar . 1910 – cu  ildə  buraxılan  bu  val  musiqimizin  Avropada  da   xüsusi  maraq  doğurduğunu  bir  daha  sübut  edir.

        Ölkəmizin  ictimayi – siyasi  və  iqtisadi  həyatını  əks  etdirən  fondda minlərlə  xüsusi    qiymətli   fono  və  video  yazıları  arasında  görkəmli  siyasətçi  və  dövlət  xadimi  Heydər  Əlirzaoğlu Əliyevin  həyatını  və  fəaliyyətini  əks  etdirən  fono -  video sənədlər  tam  toplanılaraq  arxivin  xüsusilə  qiymətli  fondunda  mühafizə  edilir .  İnamla  deyə  bilərik ki , arxiv sənədləri  arasında H . Ə . Əliyevin fəaliyyətinə  dair   fono – video  sənədlər  arxivin  ən  iri  fondudur . Onların  ümumi  səslənmə  müddəti  700  saatdan  artıqdır .

        O  dövrün  mühüm  hadisələrindən  biri  də  səhnə  əsərlərinin  qrammofon  valına  yazılması  olub . Belə  ki , 1914 – cü  ildə  Varşavanın  “  Sport – Rekord”  şirkəti  Zülfüqar  Hacıbəylinin  “  Əlli  yaşında  cavan  ”  və  “  Evlikən  subay ”  əsərlərindən  parçaları  görkəmli  səhnə  ustası  Hacıağa  Abbasovun  ifasında vala  yazmışlar . Müəllifin  “  Əlli  yaşında  Cavan  ”  əsəri   beş ,  “  Evlikən  subay  ”  əsəri isə  iki  valdan  ibarətdir və arxivin  nadir   - fono  sənədləri  kimi  qorunubsaxlanılır .  Maraqlıdır  ki , burada  xalq  artisti  Hacıağa  Abbasovla  barəbər əsərin  müəllifi  Zülfüqar  Hacıbəyli  də  iştirak  edib .

        Azərbaycan  teatr  tarixi  və onun  ilk  yaradıcılarına  dair səs  və  video  yazıları  arxiv  fondlarında  xüsusi  yer  tutur . Burada  Abbas Mirzə  Şərifzadə , Hüseynqulu  Sarabski , Dadaş  Şaraplı , Mirzağa  Əliyev , Şövkət  Məmmədova  , Ələsgər  Ələkbərov , Sidqi  Ruhulla , Fatma  Qədri , Ağadadaş  Qurbanov , Üfvi  Rəcəb , Hökümə  Qurbanova , Kazım Ziya  , Hacıağa  Abbasov , Ağasadıq Gəraybəyli  və  daha  neçə - neçə ölməz  sənətkarlarımızın  səsi  , coşğun  səhnə  fəaliyyətləri  arxivin  nadir incilərindəndir . Həmin  sənət  fədailərinin  çıxışları , oynadığı  rollarla  bərabər , onların  həyat  və  yaradıcılığı , səhnə  fəaliyyəti və yubiley təntənələrinə  dair  küllü  miqdarda dəyərli  səs  və  video  yazıları  toplanılıb  saxlanılması  incəsənət  tariximizin  tədqiqi  üçün  sanballı  imkanlar  yaradır .

        Arxivdə  mühafizə  edilən xeyli  miqdarda  səs  və  video  yazılarında  ölkəmizin  mədəni  irsinin ən  yaxşı  nümunələri  toplanılıb . Bu  sənədlər  arasında  bəstəkarlardan Üzeyir  bəy Hacıbəylinin  , Qara  Qarayevin , Fikrət  Əmirovun , Cahangir  Cahangirovun , Süleyman  Ələsgərovun  , Əfrasiyab  Bədəlbəylinin , Ağabacı  Rzayevanın , Şəfiqə  Axundovanın , ifaçılardan – Rəşid  Behbudovun , Müslüm Maqamayevin  , Bülbülün ,Yaqub Məmmədovun , Şövkət  Ələkbərovanın , Rübabə  Muradovanın , Lütviyar  İmanovun , Yavər Kələntərlinin  , Zeynəb  Xanlarovanın , Fatma  Mehrəliyevanın , Sara  Qədimovanın ,  mahir  muğam  ustaları – Hacıbaba  Hüseynovun ,  Əlibaba  Məmmədovun , Arif  Babayevin , Canəli  Əkbərovun , Alim  Qasımovun , Əbülfət  Əliyevin , Qulu  Əsgərovun  , habelə  ustad  tarzən  Bəhram  Mansurovun , xalq  artisti  Habil  Əliyevin ,  qaboy  çalan  Kamil  Cəlilovun , mahir  qarmon  ifaçısı  Zakir Mirzəyevin  , görkəmli caz  ustası  Vaqif  Mustafazadənin , bir  sözlə , Azərbaycanın  tanınmış  bəstəkar , musiqiçi və  ifaçılarının  canlı  səsləri , həyat  və  yaradıcılıqlarından  ibarət  zəngin  fono  və video  yazıları   xüsusi  dəyərə  malikdir .

         Bunlardan  başqa  , dünya  klassik  bəstəkarlarından və  ifaçılarından  Pyotr  Çaykovski , Sergey  Raxmaninov , Cüzeppe Verdi , Jorc  Bize , Enrike  Karuzo , Fyodr Şalyapin və  digərlərinin  yaradıcılıqları  qrammofon  vallarında   və  lent  yazılarında  öz  əksini  tapıb .

        Arxivin fondlarında  “  Ədəbiyyat  ”  bölməsi  daha  zəngindir . Bu  fono – video  yazılarında  Süleyman  Rüstəmin , Məmməd  Rahimin , Mirzə İbrahimovun , İsmayıl  Şıxlının , Nəbi  Xəzrinin , Mehdi  Hüseynin , Əliağa  Vahidin , Bəxtiyar  Vahabzadənin , Əliağa  Kürçaylının , Hafiz  Baxışın , Mirvarid  Dilbazinin , Rəsul  Rzanın , Nigar  Rəfibəylinin ,  Şəhriyarın və  bir çox  başqa  yazarların  canlı  səs  və  yaradıcılıqlarından  bəhs  edən  fono – video  yazıları  nadir  sənət  incilərindəndir .

       Xüsusi  bir  qayğı  ilə  mühafizə  edilən  digər  fond  Nizami  Gəncəvi  , Məhəmməd  Füzuli , Əfzələddin  Xaqani , İmadəddin  Nəsimi  və  digər  dahi  söz sərratlarının  irsidir . Azərbaycan  xalqına  nur  çeşməsi  təki  çağlayan  , tükənməz  və  möhtəşəm  sənət  xəzinəsi   yadigar  qoymuş  klassiklərimizin  həyat  və  yaradıcılıqları ilə  bağlı bölmə belə  fono  sənədlərlə  zəngindir . Saz – söz   ustadlarımız , alimlər , sənətkarlar  onların  insanları  ofsunlayan poeziyasının  sirlərindən  zaman – zaman  söhbət  açmışlar .

       Türkiyənin  tərəqqipərvər şairi  Nazim  Hikmət 1960 – cı  ildə  Cəfər  Cabbarlının  evində  təşkil  edilmiş  xatirə  gecəsində  çıxış  etmiş  və  ədəbi  Azərbaycan  yazarlarının peyğəmbəri  adlandırmışdır . Onunla  bərabər  Süleyman  Rüstəm , Cəfər  Cəfərov ,  Rəsul  Rza , Sabit Rəhman  və  başqaları  da  məclisdə  iştirak etmiş , qısa  ömrün dolğun  yaradıcılığından  geniş  söhbət  açmışdır . Və  Nazim  Hikmət  sonda  özünün “  Ceviz  ağacı  ”  və “ Kərəm kimi ”  şeirlərini  söyləmişdir . Belə  bir lent  yazısı  böyük  şəxsiyyətlərdən  qalan  qiymətli  yadigardır . Tədbiri  yazıçı Seyfəddin  Dağlı lentə  alıb , arxivimizə  bağışlamışdır .

        Xalq  şairi  Səməd  Vurğun , onun həyat  və  yaradıcılığı  ilə  bağlı  200- dən  artıq fono  sənəd xüsusilə  dəyərlidir . Şairin  ifasında özünün  yazdığı  şeir  və  poemalardan  parçalar , müxtəlif  tədbirlərdəki  çıxışlarının  lent yazıları  və  xüsusilə  1954 – cü  ildə  Moskvada  yazıçıların II  Ümumittifaq  qurultayında        “  Sovet  poeziyası ”  haqqında  hamını  heyran  qoyan  , 20 ili  əhatə  edən geniş  və  parlaq  məruzəsinin  lent  yazısı  uzun  axtarışdan  sonra  1976- cı  ildə Moskva  şəhərindən  tapılaraq  arxivə  gətirilmişdir .

      12 may , 1956 – cı  il . Həmin  gün  M . F . Axundov  adına  Opera  və  Balet  Teatrının  binasında  böyük  təntənə  vardı . Yubiley  gecəsinə qocalar , cavanlar , şairin  sənət  dostları , dövlət  nümayəndələri , xarici  qonaqlar  və  poeziya  vurğunları  gəlmişdilər . Yalnız   yubilyarın  özü  gözə  dəymirdi , amansız  xəstəlik  şairi  yatağa  salmışdı . Təsəlli  olaraq  intizarlı  baxışlar  yalnız  onun  səhnə  arxasında asılan  iri  portretinə  tikilmişdi ...

      Yubiley  gecəsində  Azərbaycanın   , Rusiyanın  və  digər  respublikaların   , xarici  ölkələrin  görkəmli  şair  və  yazıçıları Səməd  Vurğun  yaradıcılığından  geniş  söhbətlət  açmış  və  şairə  həsr  etdikləri şeirlərini  oxumuşlar . Şair  isə  yalnız  radio vasitəsilə yubiley iştirakçılarına müraciət  etmişdir .

       Təssüflər  olsun  ki , həqiqi  təntənəli  beynəlmiləl  məclisə  dönmüş  həmin  gecə  o  zamankı  dövrü  mətbuatda  lazımı  dərəcədə  öz  əksini  tapmamışdır . Səməd  Vurğun yaradıcılığının  tədqiqatçıları  , xüsusən müasir  ədəbiyyatşünaslar bu  çıxışlardan  xəbərsiz  qalmışlar . Xoşbəxtçilikdən  həmin  tədbirin  lent  yazıları  əldə  edilmiş  və  hazırda  arxivin  ən  qiymətli  sənədlərindən  biri  kimi  arxivin   fondlarında  qorunmaqdadır .

        Dahi Üzeyir bəyin  dili  ilə desək  “  Xalq  musiqisinin ən  yaxşı  ifaçıları  aşıqlardır . Onlar doğru olaraq musiqi sənətkarları  hesab  olunurlar . Musiqi sənətimizin  örnəyi , mədəniyyətimizin  əzəli  ulu  ozanların  sinəsində  dillənən  telli  sazdan başlayır . Say  2000 mindən artıq  olan  aşıq  yaradıcılığı  fondunda  aşıqlarımış Azərbaycan , onun  dilbər  guşələrinin tərənnümü , gözəllikdən , məhəbbətdən , el qəhrəmanlarından söz  açan  dastanları  və  ifaları arxivin  fondları  arasında  layiqli  yer  tutur .  Ötən  əsrin  otuzuncu  illərin  məşhur  aşıqları  Qurbanəlinin , Əsəd  Rzayevin , aşıq  Mirzə  Bayramovun , aşıq  Fətullanın , aşıq  Şəmşirin , sonrakı  illərdə  aşıqlardan  Əkbər  Cəfərovun , Mikayıl  Azaflının , Hüseyn  Saraclının  , Əhməd  Sadaxlının , Mahmud  Məmmədovun , Məhəmməd  Sadaxlının , Pənah  Pənahovun , aşıq  Kamandarın , aşıq  Əmrah Gülməmmədovun və  bir  çox  başqa el  sənətkarlarının  ifa  etdikləri  aşıq  mahnıları , saz  havalarının  lent yazıları , qrammofon  valları  və  video  yazıları  qiymətli  sənət  incilərindəndir . Bu  möhtəşəm  xəzinədə  xalqımızın qəhrəmanlıq  səlnaməsi  olan  “ Koroğlu”  dastanının  bütün  qolları  aşıqlarımızın  ifasında  bir  neçə  qrammofon  vallarında  əbədiləşib .

          Bu  bölmədə  çox  maraqlı  bir  val  da  mühafizə  edilir . Həmin  vala  kiçik  yaşlı  aşıqlar  Kazım  Abdullayev və  Allahverdi   Əliyevin  ifasında  aşıq mahnıları yazılmışdır . Xeyli araşdırmadan  sonra  müəyyən  edilmişdir ki , 11  və  13  yaşlı  Allahverdi ilə  Kazım  1938 – ci  ildə  Moskvada  keçirilmiş  Azərbaycan  Ədəbiyyatı  və  İncəsənəti  Ongünlüyünün iştirakçısı  olmuş  və  o , vaxt səsləri  yazılmışdır .

      Arxivin  ötən  əsrin  otuzuncu  illərinə  dair  fono  sənədləri  xüsusilə  maraqlıdır . Bunların  arasında 1938 – ci  ildə Moskva  şəhərində  keçirilmiş  Azərbaycan  Ədəbiyyatı  və  İncəsənəti  Ongünlüyünün  sənədləri  xüsusilə  dəyərlidir . Burada keçirilən  tədbirlər  böyük  maraq  doğurmuş  “  Ümumittifaq  Melodiya  ”  səsyazma  şirkəti  Azərbaycanın  incəsənət  ustalarının çoxunun  ifalarını  qrammofon  valına  yazmışlar . İkinci  Dünya  müharibəsinin  başlanması  və  digər  səbəblərdən  həmin  vallar  “  sınaq” nüsxəsi  halında  şirkətin  anbarında  qalmış və  sonradan  unudulmuşdur . Ötən  əsrin  70 – ci  illərin  də  tərəfimizdən  həmin  qrammofon  valları  aşkar  edilərək  arxivə  gətirilmişdir . Yaxşı  vəziyyətdə  qalmış  həmin  valların  sayı  800 - ə qədərdir  və  dəyərinə  görə  arxivin  nadir  sənədləri  sırasındadır .

      Arxivin  fondlarında  İkinci  Dünya  müharibəsində  xalqımızın  şanlı  oğul  və  qızlarının  alman   faşizminə  qarşı  ön  cəbhədə  və  arxada  apardıqları mübarizə  fono  sənədlərdə  təsbit  olunub . Burada azərbaycanlı  Sovet  İttifaqı  qəhrəmanlarının , müharibə  veteranlarının  ,  partizanların , arxa  cəbhədə  çalışan  əmək  veteranlarının  çıxışları , xatirələri , habelə  tarixi  qələbəyə həsr  olunmuş  müxtəlif  tədbirlərin  audio  - video  yazıları  cəmlənib . Bu  sənədlər  arasında  Azərbaycan  bəstəkarlarının və  incəsənət  ustalarının  müharibə  dövrünə  dair fono  və  video  yazıları  daha  çoxluq  təşkil  edir . İyirminci  yüzilliyin  70 – ci  illərində  arxivin  əməkdaşları  təşəbbüs  göstərərək  azərbaycanlı  Sovet  İttifaqı  Qəhrəmanlarının  bir  çoxları  ilə  görüşmüş  və  onların  müharibə  barəsindəki təəssüratlarını , xatirələrini , döyüş   yollarını  lentə  almışlar  və  nəticədə çox  maraqlı  və  qiymətli  bir  fond  alınıb .

      Arxivin  müharibədən sonrakı  fono  və  video  sənədlərində əsasən  ölkədə  bərpa  işləri , xalq  təsərrüfatının   , elmin , məddəniyyətin  inkişafı öz  əksini  tapıb . Bunlarla  yanaşı  arxivdə  dövlət və  içtimai  xadimlərin  çıxışları , müsahibələr , görkəmli  alimlərin , mədəniyyət  xadimlərinin  müxtəlif  tarixi  hadisələrin  iştirakçılarının  çıxışlarının  səs  və  video  yazıları  da  mühafizə  edilir .

      Arxivin  fono  sənədləri  arasında  Cənubi  Azərbaycan  və Türkiyə  Cümhuriyyətinin  mədəni - ədəbi  mühitinə  dair  mühafizə  edilən  xeyli  miqdarda  qiymətli  səs  yazıları  mühüm  əhəmiyyət  kəsb  edir . Bu  sənədlər  arasında  ilk  nəzər -  diqqəti  cəlb edən  “  Şərqin  görkəmli  şairi  Məhəmmədhüseyn   Şəhriyarın  səsi  yazılmış lentlərdir . Lentlərin  birində  xalq  şairi Məmməd  Rahimin  şeir  dili  ilə  ona  yazdığı  açıq  məktubu  və şairin  ona  cavabı  yazılmışdır . Ömrü  boyu  Bakını  görmək  və  dostları  ilə  görüşmək  arzusu  ilə  yaşayan  ulu  şair  göz  yaşlarını həmin  məktublara  qataraq  hıçqırtı  ilə  oxuyaraq  lentə yazdırmış  və  bizlərə  ərmağan  etmişdir . Bu  çox  dəyərli  və  çox  da  kədərli  bir  canlı  sənəddir . Şairin  şəxsi  fondunda  belə  nümunələr  xeyli  miqdardadır .

       Fondda  şərqin  digər  bir  məşhur sənətkarları  muğam  ustası  Əbdülhəsən  Azər İqbal  Soltanın  lent  yazılarıda  xüsusi  maraq  doğurur . Bir  lentə  ustad  100  münasibətilə  təşkil  edilmiş  yubiley mərasimində  20  dəqiqə “  Bayatı – İsfahan” muğamını  böyük  bir  şövqlə  ifa  etmişdir .

      Fondlarda  eyni  zamanda  Cənubi  Azərbaycanın  xanəndə  və  musiqiçilərinin  ötən  yüzilliyin  əvvələrində  buraxılmış  qrammofon  valları  o  dövrün  musiqi  həyatı  barədə  təssəvvür yaradır .  Onlardan  Rzaquluxan  , Tahirxan , Bağırxan , və  başqalarının  qrammofon  valları  fondun  dəyərli  sənədlərindəndir . Arxivdə digər  fono  sənədlərlə yanaşı  Güney Azərbaycanın  və  Türkiyə  aşıqlarının da  xeyli  audio – video  yazıları  qorunur . Aşıq  Dehqan , aşıq  Qəşəm , aşıq  Rəhim , aşıq  Həsən  Qəəffari , aşıq  Mahmud  Cahangiri , aşıq  Məmmədlinin  və  bir  çox  sənətkarların   çal – çağırları , onların könül  oxşayan  səsləri  böyük  məhəbbətlə  mühafizə  edilir .

         Həmin  fondlar  arasında  gözoxşayan , çox  gözəl tərtib  edilmiş  fono  albom  Türkiyə  Cümhuriyyətinin  qurucusu , ulu  “  Atatürkün  sevdiyi  şərqilər ”  səsli  albomudur . Burada  onun  sevdiyi  mahnılar və onların  mətnləri  yazılıb . Albomun  üzərində  isə  böyük  sərkərdənin  şəxsi  qılıncı  və  onun  üzərində  ağ  göyərçin  həkk  olunub . Qəhrəmanlıq  və  sülh rəmzi daşıyan bu tərtibat  fono  alboma  xüsusi gözəllik  verir  və  onu dahada  əzəmətli  edir .

      Son  illərin  məlum  hadisələri ilə əlaqədar  olaraq , “  Qanlı  Yanvar  ”  , “  Köçkünlər” , “  Qarabağ  hadisələri”  kimi  fondlar  da  yaradılıb.  Artıq  tarixə  çevrilmiş  qondarma  “  dağlıq  Qarabağ”  problemlərinin  ciddiliyini  nəzərə  alan  arxivin  əməkdaşları , havadarlarının  köməyilə  erməni  daşnaqları  tərəfindən  öz  ata  - baba torpaqlarından  vəhşicəsinə  qovulan azərbaycanlıların  ah – naləsi , onların ittihamları , həttda , uşaq  hıçqırtısını  belə , lentə  alıblar . 1973 – cü  ildə  DQMV – nin  50 – illiyinə  həsr  edilmiş  təntənəli  yığıncağın  lent  yazısına  qulaq  assaq , Dağlıq  Qarabağın  qədim  Azərbayvan  torpağı  olduğunu  və  ermənilər  buraya  köçüb  gələndən  sonra  xöşbəxt yaşadıqlarını  onların  öz dilindən eşidirik .

      Azərbaycan  Respublikası   Dövlət  Səs  Yazıları  Arxivi  öz  profilinə  görə  ölkəmizdə yeganə  elmi – metodiki  mərkəzdir . Əməkdaşlarımız  son  illər “  Fono  sənədlərlə  işləyən  idarə  və  təşkilatların  əsas  iş qaydaları” , “  Video  sənədlərlə  işləmə  metodikası”  adlı   təlimat  , “  Əsas  iş  növləri  və  onlara  sərf  olunan  vaxt  norması”  və s . kimi  metodiki  vəsaitlər  hazırlamış  və  onları  gündəlik  işlərində  tədbiq  edirlər . Arxivin  əməkdaşlarıistər  idarə  və  təşkilatlarda , istərsə də  ayrı – ayrı   şəxslərdə  saxlanılan fono  və  video  yazılarının  müntəzəm  olaraq  qayğısına  qalır , onlara  metodiki və  texniki  köməklik  göstərir , dəyərli  məsləhətlər  verir . Belə tədbirlər bir tərəfdən  harada  və  kimdə  saxlanılmasından  aslı  olmayaraq audio – video yazılarına  nəzarət  edilir , digər  tərəfdən  isə onların  tədricən  dövlət  mühavizəsinə  qəbul  edilməsinə  imkan  yaradır  .

       Arxivə  qəbul  edilən  qiymətli  sənədlər  arasında böyük Niyazinin fonotekası  xüsusi  diqqət  çəkir .  Görkəmli  dirijor  - bəstəkarın  şəxsi  fondunda  140 – dan artıq  qiymətli  fonosənədlər  cəmlənib . Burada  maestronun  müxtəlif  ölkələrdəki konsertlərinin  , söhbətlərinin  , onunla  aparılan  müsahibələrin , radio  və televiziya  verilişlərinin  , əsərlərinin  lent  yazıları , bir  sıra görkəmli  xarici  ölkə  musiqiçilərinin Niyaziyə  avtoqrafa  bağışladığı  vallar ,  həmçinin ötən  yüzilliyin  əvvəllərində  buraxılmış  10 – dan artıq nadir  qrammofon  valları  arxivin  nadir sənədlərindəndir .

         Arxivdə  sənədlərin  dövlət  mühavizəsinə  qəbulu  , elmi – texniki  cəhətdən işlənməsi , onların  bərpası  və mühavizəsinin  təmin  edilməsi  ilə  yanaşı , onlardan hərtərəfli istifadənin  təşkili də  arxivin  fəaliyyətinin  mühüm  sahəsini  təşkil  edir . Səs  yazıları  qiymətli  tarixi  mənbə , geniş  dinləyici  kütləsinə  təsiretmə  dərəcəsinə  görə  əvəzsiz təbliğat  materialıdır .  Səs  yazılarına tələbat gündən – günə artır və  onlardan  istifadə  genişlənir . Arxivin audio – video materiallarından radio və televiziya  verilişlərində   kinofilmlərin çəkilişində , müxtəlif  yığıncaq  və bayram  tədbirlərində , xatirə  və yaradıcılıq   gecələrində , elmi işlərdə , muzey  sərgilərində və sairə tədbirlərində  istifadə edilir .

     Arxiv  materialları  əsasında  əməkdaşlarımızın  təşəbbüsü  ilə  hazırladıqları  məlumatlar  xüsusilə  əhəmiyyətlidir . Onlar  əlamətdar  günlər  ərəfəsində  müəyyən  tarixi  hadisəni  və ya yubiley  materiallarını  əks  etdirən  fono – video sənədləri  araşdırıb  məlumatlar  toplusu  hazırlayır və  maraqlanan  tərəflərə  təqdim  edirlər . Ayrı – ayrı   mövzuları  üzrə  digər  sənədlərin siyahıları  da  hazırlanır ki , bu da istifadəni  xeyli  asanlaşdırır .

      Milli Arxiv  idarəsi  tərəfindən arxivə  müasir  tələblərə  cavab  verən  avadanlıqların  alınması  və  əməkdaşlarımızın  həmin  avadanlıqların  istismar  metodlarını  mənimsəməsinin  nəticəsidir  ki , istər  fondlarda  mühafizə  edilən və  istərsə  də  ayrı – ayrı  təşkilatlardan və  şəxslərdən dövlət  mühavizəsinə  qəbul  edilən  audio – video sənədlərin  rəqəmsallaşdırılması  işi  mütəmadi  olaraq  davam  etdirilir . Məqsədimiz  yaxın  illər  ərzində  arxivdə  mühafizə  edilən  sənədlərin  tamamilə  rəqəmsal  sistemə  keçirilməsidir . 2008 – ci  ildə  arxivləri  üçün  dövlət  qayğısının  və  diqqətinin  parlaq  təcəssümü  olan  xoş  bir  olay  üz  verdi .

        Ölkə  Prezidenti  İlham  Əliyev  daha  səmərəli  və  məhsuldar  çalışmağımız   üçün  Milli  Arxiv  İdarəsinə  çoxmərtəbəli  və  möhtəşəm  bir  binanın  açılışını  etdi . İndi  burada  istər  sənədlərin  mühafizəsi  və  istərsə də  əməkdaşların  fəaliyyəti  üçün  gözəl  şərait  yaradılıb .

       Arxivin  fondlarını  yeni  sənədlər  hesabına zənginləşdirmək  işin birtərəfidir .

Əsas  və  vacib məsələ  isə onların  mühafizəsini  təmin  etməkdir .  Əgər  qoruyub  saxlaya  bilmirsənsə  onu  toplamağın  heç  bir  mənası  yoxdur . Elə  bu  məqsədlə də  sənədlərin  mühafizəsi  yönündə  bir  sıra  təxirəsalınmaz  tədbirlər  həyata  keçirilir . Bunlardan  ən  vacibi  tabeçiliyində  olduğumuz  Milli  Arxiv  İdarəsinin  maliyyə  dəstəyilə  fono – video  sənədlərin  xüsusi  praqramla  rəqəmsal  formata  keçirilməsidir . Fərəhlə qeyd  etməliyik  ki , Respublika  arxiv  sistemində  ilk  olaraq  bu  çox  gərəkli  işə  biz  başlamışıq  və  hazırda  arxivdə  mühafizə  edilən 50  minə  qədər fono  sənədin və 20 – mindən artıq  video  süjetin  40 % - ə qədəri  artıq  rəqəmsal  formatda   CD  və DVD  disklərinə  köçürülüb və  bu iş müntəzəm  olaraq  davam  etdirilir . Məqsədimiz  yaxın  bir  neçə  il  ərzində  tam  elektron  arxiv  yaratmaqdır .

       Bildiyimiz  kimi  , lazer disklərində  bir  ölməzlik  var . Daha  uzaq , on  illərə körpü  yarada  bilmək  , bu  günümüzün  canlı  xronikasını  əbədiləşdirmək  üçün  Azərbaycan  Respublikası  Dövlət  Səs   Yazıları  Arxivi  əməkdaşları  Vətənimizin  bütün  sahələrini  əks  etdirən  fono  və  video  sənədləri  böyük  ruh  yüksəkliyi  ilə  toplayaraq  zamanın  səsini  nəfəsini  olduğu  kimi gələcək  nəsilə  çatdırmaqdan  ötrü  əzimlə çalışırlar .

 

                                                                                                                                  Həsənxan   Mədətov ,

                                                                                                                      Azərbaycan   Respublikası   Dövlət 

                                                                                                                      Səs  Yazıları Arxivinin Direktoru  –

                                                                                                                         Əməkdar   mədəniyyət   işçisi                                     

 


Bugün: 282
Dünən: 987
Bu həftə: 4546
Son həftə: 4759
Bu Ay: 14377
Son Ay: 20754
Bu İl: 79678
Ümumi: 1100099
1100099