Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Milli Arxiv İdarəsində olmuşdur

18 mart 2021-ci il tarixində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli  səfiri Viktor Sederkenyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuş və İdarənin rəisi Əsgər Rəsulov ilə görüşmüşdür.

Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı İdarənin rəisi Əsgər Rəsulov Macarıstanın hər zaman Azərbaycanın haqq işinə dəstək verdiyini qeyd edərək 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan arxivçiləri adından səfir Viktor Sederkenyiyə öz minnətdarlığını bildirmişdir. Səfir Viktor Sederkenyi işğaldan azad olunmuş torpaqlarda tezliklə sülh və dinc yaşayışın təmin olunacağına, vaxtilə həmin ərazilərdən qovulmuş insanların öz ata-baba torpaqlarına qayıdacaqlarına  və orada firavan yaşayacaqlarına əminliyini bildirmişdir.

Daha sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxivi arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur.

Qonağa Milli Arxiv İdarəsinin fəaliyyəti barədə məlumat verilərək bildirilmişdir ki, İdarə bir sıra beynəlxalq və regional qurumlar çərçivəsində xarici ölkə arxivləri ilə əlaqənin qurulmasında maraqlıdır. Bu istiqamətdə Macarıstan arxivləri ilə qarşılıqlı əlaqələrin qurulması önəmlidir. Qonağa həmçinin Dövlət Arxivlərində mühafizə edilən sənədlər barədə qısa məlumat verilmişdir.  

Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin müvafiq strukturlarının gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdir.

Görüşdə həmçinin arxiv işi üzrə konkret sahələrdə əməkdaşlığın perspektivləri, beynəlxalq tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi və Səfirliyin ikinci katibi, Mədəniyyət və təhsil məsələləri üzrə diplomat Mihay Qruber Dövlət Ədəbiyyat və İncəsənət Arxivində və Dövlət Kino-Foto Sənədləri Arxivində sənədlərin saxlanılması şəraiti ilə yaxından tanış olmuşlar.


Bugün: 376
Dünən: 511
Bu həftə: 2886
Son həftə: 3785
Bu Ay: 8358
Son Ay: 13418
Bu İl: 46327
Ümumi: 473256
473256