Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Xocalı soyqırımının 30 illiyi münasibətilə anım tədbiri keçirilmişdir

         Xocalı Soyqırımının 30 illiyinə həsr olunan anım tədbirində Milli Arxiv İdarəsinin rəhbərliyi, İdarə aparatının şöbə müdirləri, Respublika dövlət arxivlərinin direktor və direktor müavinləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə İdarənin rəisi Əsgər Rəsulov  açıq elan etdi. Xocalı soyqırımı zamanı həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.  Daha sonra Əsgər Rəsulov həmin dövrün tarixi, ictimai-siyasi vəziyyəti barədə məlumat verərək bildirdi ki, ermənilər Qafqaza köçürüldükləri gündən başlayaraq son iki əsrə yaxın müddətdə siyasi və hərbi havadarlarının köməkliyi ilə dövlət səviyyəsində mifik “böyük Ermənistan” dövləti yaratmaq ideyasını həyata keçirmək məqsədilə tarixi Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı qanlı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi ağlasığmaz cinayətlər törədiblər. Həmin cinayətlərin ən dəhşətlilərindən biri də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin nizami hərbi birləşmələrinin və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin yerlə yeksan edilməsi və dinc əhalinin amansız soyqırıma məruz qoyulması olmuşdur. Sözügedən soyqırım zamanı  613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın və 70-i qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. Ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. Xocalıların lokal müqavimətinə baxmayaraq, erməni vandallarının cinayətlərinin qarşısını almaq mümkün olmadı.

Bütün beynəlxalq hüquq normalarının pozulduğu Xocalı soyqırımına hüquqi qiymətin verilməsi prosesi isə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra aparılıb.

Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımını bir çox ölkələr parlament səviyyəsində qətliam kimi tanıdıqlarını elan ediblər.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası və həmin kampaniya çərçivəsində görülən işlər xüsusi vurğulanmalıdır.

BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan – Azərbaycan arasında olan münaqişə beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun tarixi Qələbəsi ilə həllini tapdı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, Şanlı Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.

44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarını azad edən Azərbaycan xalqı milli maraqlarını təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Qələbə ilə Azərbaycan tarixinin şərəfli səhifəsinin, yeni qəhrəmanlıq salnaməsinin müəllifi oldu. Bu Qələbə ilə Xocalı şəhidlərinin ruhları təsəlli tapdı. Soyqırımı qurbanlarının qanı yerdə qalmadı, döyüş meydanında Rəşadətli Azərbaycan Ordusu tərəfindən onların qisası alındı.

Natiq çıxışında qeyd etmişdir ki, bu il də Xocalı soyqırımının qurbanları böyük izdihamla yad edilməkdədir. Bununla əlaqədar olaraq, dövlətimizin başçısı İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında 2022-ci il yanvarın 28-də imzaladığı Sərəncamı ilə tədbirlər planının hazırlanılıb həyata keçirilməsi tapşırılıb. Sərəncamda, həmçinin qeyd edilib ki, Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Dövlətimizin başçısı tərəfindən imzalanan Sərəncamda Xocalı soyqırımına hüquqi qiymətin verilməsi və bu dəhşətli faciəni törədənlərin öz layiqli cəzalarını alacaqları da əksini tapıb.

            Daha sonra İdarə rəisinin müavini Həsən Həsənov Dövlət Arxivlərinin 2021-ci ildəki fəaliyyətinə dair qısa məruzə ilə çıxış etmiş, cari məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.

 


Bugün: 426
Dünən: 987
Bu həftə: 4690
Son həftə: 4759
Bu Ay: 14521
Son Ay: 20754
Bu İl: 79822
Ümumi: 1100243
1100243